Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunmuş XII Qəbələ Musiqi Festivalı
    Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Musiqi Akademiyasının dəstəyi ilə keçirilən, xarici və yerli musiqiçilərin rəğbətini qazanan, gözəl ənənəyə çevrilən festival bu dəfə iyulun 31-dən avqustun 4-dək reallaşacaq. Bu il də festival əlamətdar hadisəyə həsr olunub. Məlum olduğu kimi, 2021-ci il Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyi qeyd olunur. Yubileyin keçirilməsi ilə bağlı  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 26 may 2021-ci il tarixində sərəncam imzalayıb. Bununla bağlı respublikamızın bir çox bölgələrində, musiqi-tədris ocaqlarında müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. Qəbələ Musiqi Festivalının bu il keçirilmə məqsədi də məhz bu tarixi hadisədir. Musiqi ictimaiyyəti arasında böyük rəğbətlə qarşılanan Qəbələ Musiqi Festivalının proqramı bu il də çox zəngindir. Musiqisevərlər 5 gün davam edəcək festivalda bir çox musiqi kollektivlərinin maraqlı konsert proqramından zövq alacaqlar. Həmçinin festivalda klassik musiqi ilə yanaşı, muğam, vokal, kamera musiqisi axşamları da təşkil olunub. Festivalın bədii rəhbəri SSRİ və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli; icraçı direktoru Azərbaycan Respublikasının Əməkdar artisti Səbinə Əsədova, festivalın koordinaroru və bukletin tərtibatçısı Azərbaycan Dövlət Akademik Filarmoniyasının quruluşçu rejissoru, musiqişünas Ayla Kərimova-Zəkəriyyə; festivalın təşkilat komitəsinin üzvləri: Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, pedaqoji elmlər namizədi, professor Nərminə Quliyeva; Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının beynəlxalq əlaqələr, ictimai əlaqələr və sosial məsələlər üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova; Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktor müavini Afət Mikayılov; festivalın aparıcıları: Xalq artisti, professor Zəhra Quliyeva, Əməkdar artist Oleq Əmirbəyovdur.  İlk olaraq iyulun 31-də 17.00-da  Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin konserti keçiriləcək. Heydər Əliyev Konqres Mərkəzində baş tutacaq konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları çıxış edəcəklər. XII Qəbələ Musiqi Festivalının təntənəli açılışı 31 iyul 21.00-da açıq səhnədə (Qafqaz Resort) Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi orkestrinin ifası ilə baş tutacaq. Açılışda bədii rəhbər və baş hərbi dirijor Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi Hərbi Orkestr Xidmətinin rəisi, Xalq artisti, general-mayor Yusif Axundzadə, Orkestr rəisi, Əməkdar incəsənət xadimi, polkovnik-leytenant Rüfət Axundzadə və hərbi dirijor baş leytenant Elnur Qurbanovun rəhbərliyi altında Arslan Növrəsli (tar), Aynur İsgəndərli (vokal), Kənan Qədimov (vokal), Gülnar Qüdrətli (xanəndə), Namiq Qurbanov (zurna, balaban), Anar Hüseynovun (nağara) ifası dinləniləcək. 1 avqust 17.00-da Heydər Əliyev Konqres Mərkəzində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin konserti keçiriləcək. 1 avqust 21.00-da Heydər Əliyev Konqres Mərkəzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin “Bakı Kamera orkestri“nin konserti baş tutacaq. Bədii rəhbər: SSRİ və Azərbaycanın Xalq artisti Fərhad Bədəlbəylidir. Baş dirijor: Əməkdar artist Fuad İbrahimov, dirijor: Cavad Tağızadədir. Solistlər: Xalq artistləri: Murad Adıgözəlzadə (piano), Murad Hüseynov (piano), Yeganə Axundova (piano), Əməkdar artistlər: İlham Nəzərov (vokal), Rövşən Quliyev (truba), Əziz Pənahdır (qoboy). 2 avqust 17.00-da Heydər Əliyev Konqres Mərkəzində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimlərinin konserti keçiriləcək. 2 avqust  21.00-da açıq səhnədə (Qafqaz Resort) “Zəfər muğam kompozisiyası“ adlı Muğam Axşamı keçiriləcək. Xalq artistləri: Mənsum İbrahimov (xanəndə),  Elçin Həşimov (tar), Əməkdar artistlər: Təyyar Bayramov (xanəndə), Elnur Əhmədov (kamança), daha sonra Gülzar Fərəcova (xanəndə), Günay İmamverdiyeva (xanəndə), Kənan Bayramlı (xanəndə), Ceyhun Qurbanov (sintezator), Siyavuş Kərimov (nağara)  ifa edəcəklər. 3 avqust 17.00-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimlərinin konserti baş tutacaq: Xalq artistləri: Murad Adıgözəlzadə (piano), Ülviyyə Hacıbəyova (piano), Elnarə Dadaşova (piano), Gülnaz İsmayılova (vokal), Əvəz Abdulla (vokal), Əməkdar artist: Fəridə Məmmədova (vokal), Əməkdar incəsənət xadimi: Ceyhun Allahverdiyev (piano), Beynəlxalq müsabiqələr laureatı: Nərmin Nəcəfli (piano) çıxış edəcəklər. 3 avqust 21.00-da isə açıq səhnədə Bədii rəhbər və baş dirijor Xalq artisti Rauf Abdullayevin rəhbərlik etdiyi Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşaiyəti, Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Əməkdar artist, istedadlı violin ifaçısı Elvin Qəniyevin konserti baş tutacaq.   4 avqust 17.00-da  Konqres Mərkəzində  Respublika və Beynəlxalq müsabiqələr laureatı Eldəniz Ələkbərzadənin ifasında “Fortepiano musiqisi axşamı” keçiriləcək. XII Qəbələ Musiqi Festivalının təntənəli bağlanışı 4 avqust 21.00-da açıq səhnədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin  müşayiətilə - Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu altında tamaşaçılara “Viva opera” adlı konsert proqramı təqdim olunacaq. Solistlər - Xalq artistləri: Gülnaz İsmayılova, Samir Cəfərov, Əvəz Abdulla, Əməkdar artistlər: Fəridə Məmmədova, Səbinə Əsədova, respublika və beynəlxalq müsabiqələr laureatları: Elmina Həsənova, Adil Axundov, Mahir Tağızadə, Atəş Qarayevdir.    
  • Musiqili Teatrın işıqçısı, şəhid Əliağa Məmmədovun xatirə lövhəsinin açılışı olub
    Azərbaycan Dövlət Akademik Musiqili Teatrının işıqçısı, Vətən müharibəsi şəhidi Əliağa Məmmədovun anım günündə ona həsr edilən xatirə lövhəsinin açılışı olub. Dövlət himninin səsləndirilməsi ilə başlanan mərasimdə Vətən uğrunda canlarından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Anım tədbirində Xalq artisti Fatma Mahmudova, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı və teatrın digər əməkdaşları Əliağanın nurlu xatirəsindən söhbət açıblar. Mərasimdə Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin əsgər yoldaşları, ailə üzvləri, media nümayəndələri və digər qonaqlar da iştirak ediblər. Əliağa Eldəniz oğlu Məmmədov 26 iyul 2001-ci ildə Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində anadan olub.  Milli Qəhrəman Nazim İsmayılov adına 80 saylı tam orta məktəbi bitirdikdən sonra özünü idman sahəsində sınayıb, cüdo üzrə müxtəlif yarışlarda çıxışları ona medallar və sertifikatlar qazandırıb. Peşə təhsili alandan sonra Azərbaycan Dövlət Akademik Musiqili Teatrında işıqçı kimi fəaliyyətə başlayıb. Elə hərbi xidmətə də çalışdığı doğma teatrdan yola düşüb. Teatrın səhnəsini işıqlandıran gənc Vətən qarşısında müqəddəs borcunu da layiqincə yerinə yetirib.  2020-ci ilin 44 günlük Vətən müharibəsinin ilk günlərindən qəhrəmancasına vuruşur. Oktyabrın 6-da ağır döyüşlərin birində Əliağa tabor komandirinin həyatını öz canı bahasına xilas edir və şəhidlik zirvəsinə ucalır.
  • Bursada keçirilən konsertdə Qarabağ zəfəri tərənnüm edilib

    Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Türkiyənin Bursa şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfrans çərçivəsində bədii proqram təqdim edilib.

    AZƏRTAC xəbər verir ki, Bursa Uludağ Universitetində (BUU) reallaşan konsertdə Qarabağ zəfərinə, Azərbaycana, Vətənimizin gözəlliyinə, eləcə də Azərbaycan-Türkiyə qardaşlığına, türk dünyasının birliyinə həsr olunan ifalar alqışlarla qarşılanıb.

    Proqramdan sonra çıxış edən Azərbaycan Milli Məclisinin deputatı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın həqiqi üzvü, akademik Rəfael Hüseynov və Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu 44 günlük Vətən müharibəsi nəticəsində qazanılan böyük qələbədən və türk dünyasının birliyindən bəhs ediblər. Əminliklə ifadə olunub ki, bütün sahələrdə böyük zəfərlər xalqlarımızı, ölkələrimizi və dövlətlərimizi təqib edəcək.

  • Bursa şəhərində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş rəsm sərgisi

    Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Türkiyənin Bursa şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi münasibətilə təşkil olunmuş beynəlxalq konfrans çərçivəsində dahi şairin yaradıcılığına ithaf edilmiş rəsm və kitab sərgisi böyük maraqla qarşılanıb.

    AZƏRTAC Bursa Uludağ Universitetində (BUU) Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən şairin əsərləri əsasında hazırlanmış rəsm sərgisi və Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən özbək dilində nəşr olunmuş əsərlərindən ibarət kitab sərgisindən fotosessiyanı təqdim edir.

  • “ART könüllü” proqramı davam edir

    “YARAT” Müasir İncəsənət Məkanı “ART könüllü” proqramını uğurla davam etdirir.

    AZƏRTAC xəbər verir ki, proqram müxtəlif layihələrdə iştirak etməklə yanaşı, təsviri incəsənət, teatr, kino, musiqi və digər sahələr üzrə təcrübə qazanmaq üçün əlverişli imkan yaradır.

    Təcrübə dövrü 3 ay olan proqramın iş qrafiki həftədə 2 dəfə olmaqla, 4 saat çəkir.

  • Heykəllər, abidələr şəhəri

    Şuşanın küçə, park, bağ və meydanlarını bir çox heykəltəraşlıq nümunələri bəzəyirdi. Həmin heykəl, büst və abidələr şəhərin ayrı-ayrı yerlərinə xüsusi gözəllik, dərin məzmun verir, ucaldıldığı ərazinin özünəməxsus koloritini tamamlayaraq yaraşığını daha da artırır, şəhərin gözəlliyinin müəyyənləşməsində təbii şəraitlə bərabər böyük rol oynayırdılar. Şuşada görkəmli şəxsiyyətlərin tuncdan tökülmüş, ya da qranitdən yonulmuş həcmcə böyük sənət əsərləri vardı.

    Uzun illərdən bəri Qarabağda yetişən nadir tarixi şəxsiyyətlər, ailələr, nəsillər, şəcərələr, konkret tarixi hadisələr, eləcə də qədim diyar barədə etnoqrafik tədqiqatlar aparan Vasif Quliyev AZƏRTAC-ın müxbirinə deyib: “Onlardan biri də şəhərin şimal-şərq hissəsində böyük şair Molla Pənah Vaqifin Cıdır düzündə ucaldılmış məqbərəsi idi. Hələ 1940-cı ilin yayında Azərbaycan SSR Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsi Şuşada Vaqifin qətlə yetirildiyi yerdə böyük şairin abidəsinin qoyulması üçün tədbirlərə başlamışdı. Abidənin pyedestalının 5 metr hündürlüyündə olan qırmızı qranitdən, onun üzərində 8 metr hündürlüyündə ağ mərmərdən kitab şəklində bir lövhə və kitabın içərisində Vaqifin barelyefi qoyulması qərara alınmışdı. Gənc memar Fərəcovun layihəsi əsasında tikilməsi nəzərdə tutulan abidənin ümumi hündürlüyü 13 metr olacağı planlaşdırılmışdı. Barelyefin hazırlanması isə gənc heykəltəraş Cəlal Qaryağdıya həvalə edilmişdi. Heykəlin qoyulması üçün 94 min 266 manat, o cümlədən tikinti dəyəri 86 min 454 manat, barelyef üçün 78 min manat, qalan vəsaitin isə digər xərclər üçün xərclənəcəyi nəzərə tutulmuşdu. Parkın salınması üçün Cıdır düzündə 7 hektarlıq ərazi ayrılmışdı. 1944-cü ilin yayınadək burada bağ, başqa sözlə mədəniyyət parkı salınmalı, Vaqifin məzarı olan sahənin ətrafı abadlaşdırılmalı idi. Lakin həmin dövrdə hələ davam edən repressiya illəri, Böyük Vətən müharibəsinin başlaması, müharibədən sonra bərpa-quruculuq işləri və maliyyə vəsaitinin çatışmaması üzündən abidənin qoyulması işləri başa çatdırılmadı”.

    Tədqiqatçı-jurnalist böyük şairin xatirəsinə məqbərənin 1982-ci il yanvarın 14-də ucaldıldığını xatırlayaraq deyib: “Bu əzəmətli monumental əsərin müəllifləri akademik Əbdülvahab Salamzadə, respublikanın Əməkdar memarı, memarlıq namizədi Eduard Kanukov, respublikanın Əməkdar rəssamı, heykəltəraş Albert Mustafayevdir. Hər üç sənətkar Azərbaycanda və bir sıra yaxın Şərq ölkələrində geniş yayılmış tarixi-memarlıq üçün ənənəvi olan qüllə məqbərələrin kompozisiya formasını yenidən, böyük yaradıcılıqla işləmişlər. Qüllənin planında kvadrat formalı 20 metr hündürlüyü olan tikinti elə bil qayadan qalxaraq ətraf mənzərəyə harmonik şəkildə uyğunlaşmışdır. Memorial tikintinin arxitektura kompozisiyası özlüyündə aydın, tarazlaşdırılmış və mərkəzləşdirilmiş həcm kimi təqdim olunmaqla iki hissədən - kəsik piramida formasında xüsusi möhkəmlik və monumental görünüşlü aşağı, dinamik olaraq yuxarıyacan olan pilonlu dördkünc qüllə olan yuxarı hissədən ibarətdir.

    Zəngin təbii sərvəti olan Qarabağ torpağı inşaatçılara və memarlara davamlı və gözəl material vermişdir. Monumental divarlara və dördkünc qüllənin pilonlarına qırmızıya çalan çəhrayı mərmərdən üz çəkilmişdir, içərinin bəzəyi isə açıq boz mərmərlə və rəsmlə həyata keçirilmişdir.

    Memorial zalın mərkəzində əsas girəcəkdə, Vaqifin qəbri üstündə tünd yaşıl rəngli qranitdən düzbucaqlı sarkofaq qoyulmuş, zalın içərisində isə qarşı tərəfdəki divarda stela üzərində şairin ağ mərmərdən heykəltəraşın yaratdığı portret yerləşmişdir.

    İnteryerdə fəza tikintisi özünəməxsus və orijinallıqla düşünülmüşdür və ciddi arxitektonikalıdır və artıq klassik üslubları yoxdur. Daxili boşluğun belə sadə tərtib edilməsi bütün diqqəti əsas ekspozisiyaya fokuslaşdırmağa - şairin sarkofaqında və heykəltəraşın portretində cəmləşdirməyə maksimum imkan verir. Sarkofaq şairin axırıncı dayanacağının simvolu, barelyefi isə nəsillər üçün abidə portretidir. Zövqlə seçilmiş rənglər qamması interyerə təntənəli görkəm verir, abidə zalının açıq, boz mərmər divarlar fonunda tünd yaşıl sarkofaqın düzgün həndəsi həcmi və Vaqifin dümağ portreti çox gözəl görünür. Böyük ilham və incəliklə işlənmiş barelyef dahi vətəndaş, təmiz qəlbli, müdrik və səmimi bir insanın görkəmini uğurla əks etdirir.

    Yastı örtüklü kvadrat mərkəzi binanın planında kompozisiya həllinin özəyini təşkil edir. Bu, həqiqətən də müəlliflərin düşündüyü kimi təkcə Vaqifin dəfn yeri deyil, eyni zamanda saysız-hesabsız xarici qonaqların, onun poeziyasının minlərlə pərəstişkarının istədikləri vaxt gəlib yad etdikləri xatirə abidəsidir. Elə bu zamandan Şuşanın müasir memarlığına xalqın müqəddəs bir yer saydığı Vaqifin əzəmətli mavzoleyi daxil olmuşdur.

    Məqbərənin memarlıq üslubu tikintinin funksional təyinatının şəhər tikintisi kompozisiyasında yerini yenidən göstərir. Sözsüz ki, bu yeni memorialtikinti adi və burda yenilik xalq mədəniyyətinin qədim ənənələri ilə üzvi surətdə birləşdirilmişdir. Memorial abidənin bütün həcmində yüksək memarlıq keyfiyyətləri öz əksini tapmışdır”.

    Həmsöhbətimiz şəhərdəki digər heykəl və abidələr barədə danışaraq deyib: “Anadan olmasının 100 illiyi münasibətilə vətəni Şuşada qoyulmuş Üzeyir Hacıbəyovun əzəmətli və monumental abidənin müəllifi, Azərbaycanın Dövlət mükafatı laureatı, heykəltəraş Əhməd Salikovdur. Hündürlüyü 8 metr olan abidə bəstəkarın doğulduğu evin qarşısında – Xan qızı Natəvanın bağında qoyulmuşdur. Üzeyir bəy ayaq üstə müdrik çağında təsvir edilmişdir. İlk növbədə, abidənin kompozisiyası diqqəti cəlb edir. Bağa girəndə göz önündə dahi bir insanın dərin düşüncələrə dalmış obrazı canlanır. Müəllif əsas diqqəti heykəlin mənəvi məzmununa yönəldərək Üzeyir Hacibəyovun daxili gözəlliyini, ölməz obrazını, əzəmətli simasını mənalı şəkildə əks etdirmişdir. Mülayim təbiətli bəstəkarın xarakterinin açılmasında əsas rolu onun baxışları oynayır. Müəllif musiqi dahisinin yaradıcılıq duyğularını, psixoloji anlarını məharətlə və dolğunluqla verə bilmişdir. Yaratmaq eşqi ilə xəyala dalmış bəstəkar sanki özünün yüksək yaradıcılıq anında dərin fikrə getmiş, bütün diqqəti yeni bir əsər üzərində cəmlənmişdir. Onun baxışı və duruşu da sanki başdan-ayağa bir musiqidir. Heykələ tamaşa etdikcə elə bil Üzeyir musiqisini dinləyir, onun əfsanəvi qəhrəmanlarının sözlərini eşidirik. Bəstəkarın simasında xeyirxahlıq, təvazökarlıq və müdrikliyin izləri də görünür və bu da onun xarakterini tamamlayır. Bütün bunlar heykəltəraşın təxəyyülündən gəlmiş və abidəyə hopmuşdur. Ümumiyyətlə, heykəlin romantik ruhu dərin və emosional təsir bağışlayır. Abidənin 1985-ci ildə təntənəli açılışı respublikanın mədəni və mənəvi həyatında mühüm bir hadisəyə çevrilmiş, Azərbaycan heykəltəraşlığının son illərdəki uğurlarından biri kimi qiymətləndirilmişdir.

    “Kommunarlar parkı” 1977-ci ildə şəhərin yuxarı hissəsində 26 Bakı komissarlarının xatirəsinə salınmış müasir memarlıq ansamblı idi. Şəhərin baş memarı Tofiq Zeynalovun orijinal layihəsi əsasında tikilmişdi. Park şuşalıların və şəhərə gələn qonaqların əsl istirahət guşələrindən birinə çevrilmişdi. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində həlak olan şuşalıların xatirəsinə ucaldılmış “Gözü yolda qalanlar” abidəsinin müəllifi də Tofiq Zeynalov idi.

    Ümumiyyətlə, müxtəlif illərdə Xan qızı Natəvanın, Nəriman Nərimanovun, Üzeyir Hacıbəyovun, Bülbülün, Mir Həsən Vəzirovun Şuşanın gözəgəlimli guşələrində qoyulmuş büstləri şəhərin memarlıq aləminin bəzəyinə çevrilmişdi”.

  • Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin fəaliyyətinə həsr olunan brifinq keçirilib

    Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) sədri Firdovsi Hüseynov bu ölkənin İnformasiya və Kütləvi Kommunikasiya Agentliyində təşkilatın fəaliyyətinə həsr olunan brifinq keçirib.

    AZƏRTAC xəbər verir ki, F.Hüseynov brifinqdə mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə RAMMM-dən başqa Səmərqənd, Buxara, Nəvai və Daşkənd vilayətlərində də Azərbaycan mədəniyyət mərkəzləri fəaliyyət göstərir. “Regionlardakı Azərbaycan mədəniyyət mərkəzləri ilə də müntəzəm olaraq əlaqə saxlayırıq. Ölkədə Özbəkistan vətəndaşı olan 40 min 847 azərbaycanlı yaşayır. Onlar müxtəlif sahələrdə çalışır və ölkənin dirçəldilməsinə öz töhfələrini verirlər. Son illərdə 40-dan çox soydaşımıza Özbəkistanın yüksək dövlət mükafatları verilib”, - deyə F.Hüseynov bildirib.

    Mərkəzin sədri deyib ki, zaman-zaman Özbəkistanda tanınmış azərbaycanlılar yaşayıb. Dörd əsr bundan əvvəl Buxarada yaşayan Yusif Qarabaği, özbək ədəbiyyatının klassikinə çevrilən tanınmış şair və dramaturq Maqsud Şeyxzadə, Səmərqənddə yaşayan soydaşımız, görkəmli pedaqoq, ədəbiyyatşünas, ictimai xadim və tərcüməçi Seyid Rza Əlizadə, şair İxtiyar Rza, rəssam Yusif Hüseynov və bir çox başqalarının adlarını çəkmək olar.

    Sonra F.Hüseynov Mərkəzin təşəbbüsü ilə keçirilən tədbirlər haqqında söhbət açıb.

  • İçərişəhərlə tanışlıq türkiyəli qonaqlarda zəngin təəssürat yaradıb

    Türkiyənin Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti İçərişəhərlə tanış olub.

    AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvlərinə UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan abadlaşdırma və bərpa işləri barədə məlumat verilib. Qeyd edilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi-memarlıq abidələri var və bunlar dövlət tərəfindən qorunur.

    Orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şirvanşahlar saray kompleksi ilə başlanan tanışlıq zamanı nümayəndə heyətinin üzvlərinə məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. Abidə Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.

    İçərişəhərlə tanışlıq nümayəndə heyətində zəngin təəssürat yaradıb.

  • Fransa jurnalında tanınmış yazıçı Əli İldırımoğlunun romanı haqqında resenziya dərc edilib

    Fransanın “Boojum” ədəbi nəşrində tanınmış yazıçı və publisist Əli İldırımoğlunun “Mənim rəncbər atam” romanı haqqında resenziya dərc edilib.

    AZƏRTAC xəbər verir ki, müəllifi Loik di Stefano olan yazıda qeyd edilir ki, tanınmış Azərbaycan yazıçı-publisisti Əli İldırımoğlu 1927-ci ildə anadan olub. Əmək fəaliyyətinə müəllim kimi başlayan Ə.İldırımoğlu sonra jurnalistika sahəsində çalışıb. Bu sahədə tez bir zamanda məşhurlaşan jurnalist Vətənə bağlılığı ilə nümunə göstərib. O, Azərbaycan Respublikasının “Şöhrət” ordeninə layiq görülüb. Onun hekayələri, romanları, yüzlərlə məqaləsi rus, fars və türk dillərinə tərcümə edilib.

    Yazıda qeyd olunur ki, Ə.İldırımoğlunun maraqlı əsərlərindən biri də “Mənim rəncbər atam” romanıdır. Bu əsər yazıçı üçün pərəstiş etdiyi rəncbər atasına hörmət rəmzidir. Roman olduqca maraqlı avtobioqrafik ölçüyə malikdir. Əsər oxucunu 1920-ci illərə, Azərbaycanın paytaxtından çox-çox uzaqlarda kiçik bir kəndin gündəlik həyatına qərq edir. Süjet xətti o vaxt əkinçi ailəsində dünyaya göz açan müəllifin baxışlarını əks etdirir. O, beş yaşında olarkən anası dünyasını dəyişir. Kədərli uşaqlıq illəri, romantik gənclik və yetkinlik dövrü barədə xatirələrini oxucularla bölüşür. Bu əsər bütöv bir ömrün acılı, şirinli salnaməsidir. Əsərdə Birinci Qarabağ müharibəsinin ağrı-acılarından, Ermənistanın işğalçılıq siyasətindən də bəhs olunub. Yazıda qeyd olunur ki, “Mənim rəncbər atam” əsəri oxucunu tamamilə fərqli bir dünyaya, məkana və zamana aparır. Ancaq hər şeydən əvvəl, bu kitab ata məhəbbətini əks etdirən gözəl əsərdir.

    Loik di Stefano vurğulayır ki, 90 yaşlı azərbaycanlı yazıçı atasına ithaf etdiyi əsəri ilə insanda kövrək hisslər yaradır.

  • Tanınmış jurnalist Şamil Şahməmmədov vəfat edib

    Azərbaycan mətbuatına ağır itki üz verib. Peşəkar milli jurnalistikamızın tanınmış nümayəndəsi, Əməkdar mədəniyyət işçisi, "Şöhrət" ordenli, Prezident təqaüdçüsü Şamil Məmməd oğlu Şahməmmədov ömrünün 86-cı ilində əbədiyyətə qovuşub.

    AZƏRTAC xəbər verir ki, sayılıb-seçilən jurnalistlərimizdən olan, mənalı ömür yolu keçən Şamil Şahməmmədovun mətbuat sahəsində yarım əsrə çatan ciddi və fədakar fəaliyyəti çağdaş media işçiləri üçün sözün əsl mənasında örnəkdir. Müxtəlif janrlarda saysız-hesabsız yazıları illər boyu onun imzasını peşəkar qələm sahibi kimi tanıdıb. Həmkarları Şamil müəllimi mətbuatımızın yorulmaz, tələbkar, təəssübkeş təşkilatçılarından biri, milli jurnalistika məktəbinin yüksək nailiyyətlər əldə etmiş yetirməsi kimi dəyərləndirirlər.

    Şamil Şahməmmədov fəal jurnalist yaradıcılığı ilə ötən əsrin 50-ci illərində Bakı Dövlət Universitetinin jurnalistika şöbəsinin tələbəsi ikən məşğul olmağa başlayıb. Dördüncü kurs tələbəsi olmasına baxmayaraq, yeni yaradılan paytaxt qəzeti "Bakı"nın redaksiyasında işə götürülüb. Burada Şamil Şahməmmədov milli jurnalistikamızın görkəmli simalarından olan Nəsir İmanquliyevin rəhbərliyi ilə zəngin təcrübə məktəbi keçib. Jurnalistika sahəsindəki 45 illik fəaliyyətinin 32 ilini “Bakı” və “Baku” qəzetlərinin redaksiyasında keçirən istedadlı qələm sahibi burada müxbirlikdən baş redaktor vəzifəsinədək yüksəlib. Sonradan “Kommunist” qəzetində (indiki Xalq qəzeti) baş redaktor müavini, uzun müddət AZƏRTAC-da baş direktorun müavini və baş direktor vəzifələrində çalışıb.

    Ş.Şahməmmədovun həmkarları onun haqqında xatirələrini bölüşüblər.

    Müxtəlif redaksiyalarda onunla çiyin-çiyinə çalışan həmkarları vurğulayırlar ki, Şamil Şahməmmədov gənc jurnalistlər üçün əsl məktəb idi. O, jurnalistikanın sirlərini dərindən bilməklə yanaşı, onu gənc həmkarlarına öyrətməkdən də yorulmurdu. Hazırladıqları yazılarda onun dəst-xətti özünü göstərirdi. Peşəsinə məsuliyyəti, jurnalistika sənətinə qəlbən bağlılığı, yazdığı mövzulara dərindən bələdliyi onu daim həmkarlarına da, oxuculara da sevdirirdi. Bunun nəticəsi idi ki, peşəkar jurnalistin yazdıqları həyatın bir parçası kimi canlı təsir bağışlayırdı. Böyük həyat məktəbi keçən ustad sənətkarla hər söhbət olduqca maraqlı və unudulmaz idi. İndi onun haqqında keçmiş zamanda danışmaq çətin olsa da, Şamil müəllim həmkarları və dostları üçün həmişə canlı olaraq qalacaqdır.

    Xatırlamaq yerinə düşər ki, ötən əsrin 60-70-ci illərinin Bakısında ən möhtəşəm obyektlərindən olan metro, funikulyor, Yaşıl Teatr, Mərkəzi Univermağın inşası barədə ilk reportajları məhz Şamil Şahməmmədov yazıb. Onun Bakı şin zavodunun tikintisindən və Suraxanı neftçilərinin fəaliyyətindən bəhs edən oçerkləri Yazıçılar İttifaqının “Azərbaycan” ədəbi-bədii jurnalında dərc olunub.

    Azərbaycan futbolundan yazmaq, onun inkişafına kömək edən təhlillər aparmaq peşəkar jurnalist kimi Şamil Şahməmmədovu daim düşündürüb. Onun iyirmi il ərzində “idman jurnalisti” kimi “Kommunist”, “Ədəbiyyat və incəsənət”, Moskvanın, Kiyevin axşam qəzetlərində, habelə “Ulduz” jurnalında onlarla futbol icmalı dərc olunub. “İşıq” nəşriyyatında onun “Neftçi” futbol komandasından bəhs edən “Neftçi” kitabı işıq üzü görüb. Şamil Şahməmmədov həm də ədəbi-bədii tərcümələri ilə oxucuların diqqətini cəlb edib.

    Jurnalistin ömrü yazdığı məqalələrdə, kitablarda yaşayır. Unudulmaz həmkarımız Şamil Şahməmmədovun hazırladığı və uzun illər mütəmadi olaraq dövri mətbuatda çap edilən yazıları ona əbədiyaşarlıq qazandırıb. Hər dəfə bu yazıları oxuyanda tanınmış qələm sahibinin unudulmaz siması, yüksək sənətkarlıq keyfiyyəti bir daha gözlərimiz önündə canlanacaq və xatirəsini yaşadacaqdır.

    Allah rəhmət eləsin!