Özbəkistanda tanınmış şair Xasiyyət Rüstəmin Azərbaycanın Vətən müharibəsindən bəhs edən “44 gün” kitabı özbək və Azərbaycan dillərində çap olunub.
AZƏRTAC xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap olunan kitabın ədəbi məsləhətçiləri Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və şair-tərcüməçi Fəhriyardır.
Kitabın tərcüməçiləri Rəhmət Babacan, İntiqam Yaşar və Elşan Əzimdir.
Topluda Azərbaycana həsr olunan “Adı Lalə idi o qızın” poeması, “Rahatsız keçən 44 gün” əsəri, “Yuxuma girir Qarabağ” gündəliyi çap olunub.
Topluda həmçinin Xasiyyət Rüstəm haqqında Qənirə Paşayevanın, professor Ramiz Əskərin, şair Əkbər Qoşalının, şair Afaq Şıxlının, həmçinin Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun və yazıçı Eluca Atalının fikirlərinə də yer ayrılıb.
Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Türkiyənin Bursa şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfrans çərçivəsində daha iki panel keçirilib.
AZƏRTAC xəbər verir ki, Bursa Uludağ Universitetinin (BUU) professoru Hatice Şahinin sədrliyi ilə keçirilən paneldə özabəkistanlı alim Erkin Nuriddinov, azərbaycanlı alimlər Bayram Apoyev, Şəfa Qurbanova və başqaları, BUU-nun dosenti Erdem Özdemir sədrlik etdiyi növbəti paneldə isə azərbaycanlı alimlər Xədicə Hüseynova, Bibixanım İbadova, Əlimuxtar Muxtarov, Sərxan Cəfərov, Özbəkistandan dosent Dildor Nuriddinova və digərlərinin çıxışları dinlənilib.
Çıxışlarda Nizami Gəncəvinin “Xəmsə”si bəşəriyyətin elmi, ədəbi, mənəvi abidəsi kimi dəyərləndirilib. Vurğulanıb ki, böyük Azərbaycan şairinin əsərləri dünya ədəbiyyatında misilsiz bir xəzinədir. Azərbaycanda “Nizami Gəncəvi İli” çərçivəsində görülən işlərdən, o cümlədən şairin əsərlərinin başqa dillərə tərcüməsi və çeşidli nəşrlərinin xüsusi əhəmiyyətindən bəhs olunub.
Nizami Gəncəvi həyata və yaradıcılığı üzərində səmərəli müzakirələr aparan alimlər vurğulayıblar ki, Gəncəvi beynəlxalq aləmdə təkcə nadir yaradıcılıq üslubu ilə seçilən şair kimi deyil, filosof və mütəfəkkir kimi tanıtdırılmalıdır. Qeyd olunub ki, məhz son illər görülən görülən işlərin böyük nəticəsi olaraq dünyanın ayrı-ayrı ölkələrində Nizami Gəncəvinin həyat və yaradıcılığı mövzusunda elmi tədqiqatlar sürətlə artmaqdadır.
Qeyd edək ki, Bursa konfransı Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Nizami Gəncəvi İli” çərçivəsində görülən tədbirlərin davamı olaraq təşkil edilib.
Konfrnas çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən Nizami Gəncəvinin əsərlərinə həsr edilən rəsm əsərləri, o cümlədən Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən özbək dilində nəşr olunmuş Nizami Gəncəvinin küliyyatı, eləcə də Türkiyədə fəaliyyət göstərən “Zengin Yayıncılık” nəşriyyatının Nizami Gəncəvinin kitabları daxil olmaqla nəşrləri, həmçinin TÜRKSOY-un nəşrləri sərgilənir.
İspaniya paytaxtındakı tarixi obyektləri gələcəkdə baş verə biləcək dəyişikliklərdən qorumaq məqsədilə yeddi il ərzində aparılmış intensiv işdən sonra Madriddəki “Paseo del Prado” bulvarı və “Retiro” parkı UNESCO-nun Ümumdünya İrsi Obyektlərinin Siyahısına daxil edilib.
AZƏRTAC xəbər verir ki, İspaniya UNESCO-nun Ümumdünya İrsi Obyektlərinin Siyahısına daxil edilmiş obyektlərin sayına görə dünyada üçüncü ölkədir.
İspaniya paytaxtının mərkəzində yerləşən üç zolaqdan ibarət “Paseo del Prado” bulvarı məşhur Prado muzeyinin yerləşdiyi məkandır. “Paseo del Prado” bulvarından başlanan “Retiro” parkı isə bu şəhərdə ən çox ziyarət edilən yerlərdən biridir. Bu park XVII əsrdə Kral IV Filipin sarayı və bağları üçün salınıb.
Madriddəki bu obyektlərə fəxri beynəlxalq status veriləndən dərhal sonra İspaniyanın Baş naziri Pedro Sançes öz Twitter səhifəsində yazıb: “Paytaxt məkanının layiq olduğu bu etimad bizim tarixi, bədii və mədəni irsimizi möhkəmlədir”.
Yəmənli jurnalist Əbdül Həmid Əl-Kibi “Əl Hərir” informasiya portalında “Bakı: Mədəniyyət, turizm və gözəlliklər şəhəri” sərlövhəli məqalə ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin hakimiyyəti dövründə simasını heyrətamiz şəkildə dəyişən, daha da gözəlləşən Bakının dünyanın ən ecazkar şəhərlərindən biri olduğu qeyd olunur. Müəllif yazır ki, Xəzərin sahillərində yerləşən bu möhtəşəm şəhər son illər turistlərin ən çox sevdiyi məkana çevrilib. Burada müasir göydələnlər qədim memarlıq ənənələri ilə valehedici sintez yaradır.
Məqalədə ərəbdilli oxuculara Bakının simasını dəyişən və şəhərə gözəllik verən “Alov qüllələri” kompleksi, dünya memarlığının incilərindən biri olan Heydər Əliyev Mərkəzinin binası, Xalça Muzeyi, Azərbaycan Milli Tarix Muzeyi, teatrlar, qədim abidələr haqqında məlumat verilir. Həmçinin diqqətə çatdırılır ki, Azərbaycan paytaxtı orta əsrlərdə Böyük İpək Yolunun üzərində ən mühüm şəhərlərdən biri olub.
Müəllif Bakıda fəaliyyət göstərən sənaye müəssisələri, o cümlədən Bakı Gəmiqayırma Zavodu və neft-kimya təsisləri, aparıcı institutlar və elmi mərkəzlər, universitetlər haqqında da məlumat verir.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi ilə görülən tədbirlərin davamı olaraq Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Türkiyənin Bursa şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfransın açılışı olub. İyulun 30-dək davam edəcək beynəlxalq konfrans bir neçə paneldən ibarətdir.
AZƏRTAC xəbər verir ki, dünyanın altı ölkəsini təmsil edən yetmişdən çox nümayəndənin, o cümlədən görkəmli ədəbiyyatçıların və Nizamişünas tədqiqatçıların iştirakı ilə keçirilən mərasimdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Konfransın açılışında Bursa Uludağ Universitetinin (UU) rektoru Saim Kılavuz, Bursa Böyükşəhər bələdiyyəsinin sədri Alinur Aktaş, Azərbaycan Milli Məclisinin deputatı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rəfael Hüseynov, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, professor Aygün Attar, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş icraçı direktoru Elnur Əliyev, Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı, Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlunun çıxışları dinlənilib.
Çıxışlarda dahi şairin həyat və fəaliyyəti, nadir yaradıcılıq üslubunun dünya ədəbiyyatına bəxş etdiyi dəyərlər ətrafında fikir və mülahizələr iştirakçılara çatdırılıb.
Azərbaycanda 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi təkcə Nizami Gəncəvinin yaradıcılığına və şəxsiyyətinə deyil, ümumilikdə ədəbiyyata, fikir adamlarına, görkəmli şəxsiyyətlərə verilən qiymət kimi dəyərləndirilib.
Çıxışlarda diqqətə çatdırılıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı rəşadətli Qələbə sayəsində ərazi bütövlüyümüzün bərpasının regionda yaratdığı situasiyanın mədəniyyətimizin, eləcə də zəngin ədəbiyyatımızın, tarixi şəxsiyyətlərimizin təbliği və inkişafı üçün də yeni bir mərhələ yaranıb. Bu fürsət və şansdan məharətlə istifadə edilməsi bütün türk dünyası üçün səmərəli nəticələr verəcək, dünyada ədəbiyyatın və tarixi şəxsiyyətlərin qarşılıqlı tanınmasına böyük töhfə olacaqdır. Qazanılmış böyük tarixi Zəfər belə tədbirlərin keçirilməsinə xüsusi əzəmət verir.
“Nizami Gəncəvi İli” çərçivəsində görülən işlər, o cümlədən əsərlərinin müxtəlif dillərdə nəşri barədə geniş məlumat verilib.
Çıxışçılar böyük filosof, mütəfəkkir və ədib kimi dünya xalqlarının sevimlisinə çevrilən Nizami Gəncəvinin zəngin mənalı həyat və fəaliyyəti, əsərlərinin dünya dillərinə tərcüməsi və yayılması, səhnələşdirilməsi və filmlərin çəkilməsi mövzuları təhlil olunacaq.
Qeyd edək ki, konfrans çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən Nizami Gəncəvinin əsərləri əsasında çəkilmiş rəsm əsərlərindən ibarət sərginin açılışı olub. Sərgi iyulun 30-dək ziyarətçiləri qəbul edəcək.
Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş Bursa beynəlxalq konfransının keçirilməsinə Bursa Böyükşəhər Bələdiyyəsi, Bursa Uludağ Universiteti, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və digər qurumlar tərəfindən dəstək verilib.
Respublika Gənclər Kitabxanası Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” şüarını rəhbər tutaraq, 8 noyabr - Zəfər Gününə həsr olunmuş esse müsabiqəsinə start verib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, müsabiqənin təşkilində əsas məqsəd yeniyetmə və gənclərdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, Vətənimizin suverenliyi uğrunda canından keçən və bununla da adını qalib Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazan qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsindən və onların böyüməkdə olan gəncliyimizə nümunə kimi təqdim olunmasında ibarətdir.
Müsabiqədə iştirak etmək istəyən 16-35 yaşarası gənclər noyabrın 1-dək öz esse nümunələrini ryl.az@mail.ru ünvanına təqdim etməlidirlər. Dəyərli izləyicilər müəllifi olduqları esseləri kitabxananın instaqram və feysbuk səhifələrində izləyə biləcəklər.
Qalib onlayn səs çoxluğu əsasında (“Bəyənmə” sayına görə) müəyyən ediləcək. Qalib iki nəfər seçiləcək və kitabxana tərəfindən diplom və kitab hədiyyəsi ilə mükafatlandırılacaq. Bundan əlavə, kitabxana gələcəkdə toplanan esse nümunələri əsasında böyük həcmli elektron bazanın da yaradılmasını planlaşdırır. Müsabiqənin şərtlərinə əsasən Azərbaycanımızın bütövlüyü, Qarabağ uğrunda gedən müharibədə iştirak edən igid oğullarımız haqqında esse nümunələri, qəhrəmanlar haqqında tarixi faktları və onların həqiqi foto görüntülərini əks etdirməli, yazılmış esselərdə mətn aydın və səlis ifadə edilməli, essenin həcmi 10 səhifədən çox olmamalıdır.
Müsabiqəsinin şərtləri ilə kitabxananın instaqram və feysbuk səhifələrindən daha geniş tanış ola bilərsiniz.
Onun əsərləri özünəməxsusluğu ilə diqqəti cəlb edir. Hər yaratdığı əsərdə gənc rəssam Ramil Əhmədovun fitri istedadı, bədii təxəyyülü, rənglərə xüsusi münasibəti özünü göstərir. Onun əsərləri bir daha sübut edir ki, fiziki məhdudiyyətli insanlar cəmiyyətdə heç də digər yaşıdlarından geri qalmır, əksinə daha çox həyata bağlanaraq, öz xəyal və arzularını gerçəkləşdirməyə can atır.
AZƏRTAC xəbər verir ki, daim axtarışda olan Ramil Əhmədov 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmizə öz töhfəsini verməyə çalışıb.
Ramil Əhmədov 1981-ci ilin fevralın 2-də Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində anadan olub. 17 yaşında onun qeyri-adi istedadını görən bir qonşusunun tövsiyəsi və köməkliyi ilə rəssamlıq sənətinə başlayıb. Bu çətin yolda ona ailəsi də böyük dəstək olub. Birinci qrup əlil olan rəssam fiziki məhdudiyyətlərinə baxmayaraq indiyə qədər qarşılaşdığı bütün çətinliklərin öhdəsindən gəlməyi bacarıb. Bu illər ərzində 550-dən çox əsər yaradıb. Azərbaycanda keçirilən bir çox müsabiqələrdə qalib olub. Türkiyənin Antalya, Kapadokya, Mersin və Ankara şəhərlərində yaradıcılıq sərgiləri təşkil edilib. Ümumilikdə isə onun əsərləri 12 fərdi, 46 ümumi olmaqla 58 sərgidə nümayiş etdirilib. Ramil Əhmədov əsasən mənzərə, portret, natürmort və tematik-çoxfiqurlu janrlarda şəkillər çəkməyə üstünlük verir. Onun əsərlərinə baxdıqca, sanki tamaşaçı Ramil Əhmədovun işıqlı könül dünyasına səyahət edir, onun xəyal və fikirlərinin məhsulu ilə tanış olur. Onun rəsmlərindəki canlılıq insanı düşünməyə vadar edir. Ramil Əhmədov tanınmış şəxslərin də portretlərini yaratmağı və onlara hədiyyə etməyi çox sevir. Rəssam 44 günlük Vətən müharibəsindən ilhamlanaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin portretini yaradıb. Ramil Əhmədov bu portreti yaratdığı ən dəyərli əsəri hesab edir.
Beynəlxalq Suluboya Cəmiyyəti (İWS Globe) Azərbaycandakı nümayəndəliyi olan “IWS Azerbaijan”ın və Xətai Sənət Mərkəzinin nəzdində açılmış “IWS Baku Khatai Art Gallery”nin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə “Su və rəng ahəngi-2021” akvarel sərgisi çərçivəsində müzakirə keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımovun moderatorluğu ilə keçirilən müzakirədə akvarel sənətinin bugünkü inkişafından, Azərbaycan rəssamlarının zaman-zaman işləməyə üstünlük verdiyi bu texnikanın tətbiqindən, qədim ənənələrə malik sahənin inkişaf tendensiyalarından və ölkəmizdə keçirilən akvarel sərgisinin əhəmiyyətindən danışılıb.
Tədbirdə Xətai Sənət Mərkəzinin rəhbəri Zahid Əvəzov, Beynəlxalq Suluboya Cəmiyyətinin (İWS Globe) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, rəssam, akvarelçi Xasay Mirzəyev, Əməkdar incəsənət xadimi, sənətşünas Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Ziyadxan Əliyev, Beynəlxalq Suluboya Cəmiyyətinin (İWS Globe) Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Səbinə İskəndərova, sənətşünas Anar İskəndərov, akvarelçi rəssamlar Cəlal Ağayev, Əbdüləmi Əliyev, İntiqam Cəfərov, Pərviz Əliyev, Rəfael Əliyev çıxış edərək, Azərbaycan rəssamlarının yüksək bədii dəyərə malik yeni akvarel əsərlərinin üzə çıxarılması, nümayişi, bu sənətin gələcək inkişafı üçün stimul yaradılması məqsədilə təkliflər irəli sürüblər.
Beynəlxalq Suluboya Cəmiyyətinin (İWS Globe) təsisçisi və prezidenti türkiyəli rəssamı Atanur Doğan onlayn qaydada müzakirələrə qatılıb, dünyada və Türkiyədə bu sahədə görülən işlərə dair məlumat verib, Azərbaycanda belə tədbirlərin keçirilməsinin zəruriliyini və əhəmiyyətini qeyd edib.
Qeyd edək ki, müzakirələrdən sonra səsləndirilən təkliflərin qiymətləndirilməsi, təhlili nəticəsində gələcəkdə akvarel sənətinin inkişafı və rəssamlarımızın tanıdılması ilə bağlı tədbirlərin ardıcıl surətdə davam etdirilməsi, ustad dərslərinin, vebinarların keçirilməsi və digər işlərin görülməsi qərara alınıb.