Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Keşikçidağda Tunc dövrünə aid böyük kurqanlar tapılıb

    Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi” adlı layihə həyata keçirilir.

    Report-un Qərb Mərkəzinin məlumatına görə, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarının iştirakı ilə qoruq ərazisində yerləşən Sarıyoxuş dərəsi adlanan yerdə 2 kurqanda arxeoloji qazıntılar aparılır.

    Dövlət Xidmətinin Mədəni irsin qorunması şöbəsinin müdiri Ruslan Ənvərli və digər əməkdaşları qoruqda həyata keçirilən layihənin gedişi ilə tanış olublar.

    Layihə haqqında məlumat verən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquliyev ərazidə ötən ilin dekabr ayından 2021-ci ilin fevral ayına qədər aparılmış arxeoloji xilasetmə və arxeoloji kəşfiyyat işlərində ərazidə yerləşən kurqanların qeydə alındığını, GPS koordinatlarının götürüldüyünü bildirib.

    AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, arxeoloq Pərviz Qasımov aparılan arxeoloji işlər haqqında məlumat verib. Bildirib ki, ərazidə yerləşən çoxsaylı kurqanlardan ikisi tədqiq olunub.
    İlkin tədqiqatlar zamanı dəfn kamerasında Son Tunc və İlk Dəmir dövründə mövcud olmuş Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti üçün xarakterik olan qara cilalı, üzəri naxışlı bir neçə küp, tuncdan qılınc, dəvə gözü daşından (obsidian) və çaxmaq daşından ox ucluqları, ülgüclər, tuncdan hazırlanmış geyim aksessuarları tapılıb.

    Kurqanların birində həmçinin qədim Şərqdə geniş yayılmış silinirik möhür və dövrünün yüksək statuslu şəxsinə məxsus olduğu ehtimal olunan müxtəlif heyvanların qalıqlarının yer aldığı qurbangah aşkar olunub.

    Mətbuata açıqlama verən Mədəni irsin qorunması şöbəsinin müdiri Ruslan Ənvərli həyata keçirilən layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, kurqanlardan aşkar olunmuş üzvü tapıntılardan götürülmüş nümunələrin radiokarbon analizindən sonra dəfn yerlərinin əhatə etdiyi tarixi dövr tam dəqiqləşəcək. Eyni zamanda kurqanların qorunması üçün də müvafiq işlər həyata keçiriləcək.

    İyunun 15-dən başlayan layihədə qoruğun əməkdaşları ilə yanaşı könüllülər də yaxından iştirak edirlər.

    Layihənin fəal iştirakçılarına Dövlət Xidmətinin sertifikatları təqdim olunub.

  • “Rəssamın onlayn emalatxanası” mövzusunda vebinar keçirilib

    Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Art management” layihəsi çərçivəsində “Rəssamın onlayn emalatxanası” mövzusunda vebinar keçirilib.

    AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində reallaşan təlim multimedia və performans rəssamı Vüsal Rəhim tərəfindən aparılıb.

    Layihəni Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı (www.azgallery.az), feysbuk və instaqram sosial media hesabları vasitəsilə izləmək mümkündür.

  • Televiziya kanalları ilə əməkdaşlığa dair işçi qrupunun ilk iclası keçirildi
    23 iyul 2021-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin Televiziya kanalları ilə əməkdaşlığına dair işçi qrupunun ilk iclası keçirildi. İclasda AzTV, İctimai TV, Real TV, Xəzər TV, ARB, ATV, CBC TV və Space TV kanallarının nümayəndələri iştirak etdilər. Çıxış edən Mədəniyyət Nazirliyinin aparat rəhbəri Vasif Eyvazzadə  televiziya işçilərini salamlamaqdan məmnunluğunu bildirdi.  V. Eyvazzadə Cənab Prezidentin gənclərin maarifləndirilməsi, dilimizin zənginliyinin, saflığının qorunması ilə bağlı tapşırıqlarını diqqətə çatdıraraq, televiziya kanalları ilə əməkdaşlıqda bu məqamları rəhbər tutmağın vacibliyindən söz açdı. 16 fevral 2021-ci il tarixində Mədəniyyət naziri Anar Kərimovun Azərbaycanın televiziya kanallarının rəhbərləri ilə görüşünü xatırladaraq, birgə sıx əməkdaşlığın əhəmiyyətini vurğuladı.  V. Eyvazzadə interaktiv müzakirə şəklində davam edən iclasda mədəniyyətin müxtəlif sahələrinin, xüsusilə kino, incəsənət, memarlıq irsimizin təbliğatının vacibliyindən danışdı. Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə dilimizin, adət-ənənələrimizin  gələcək nəsillərə ötürülməsində televiziyanın əvəzsiz rolundan bəhs etdi. İclasda iştirak edən televiziya əməkdaşları Mədəniyyət Nazirliyi ilə əməkdaşlıqdan məmnunluqlarını bildirdilər. Bu əməkdaşlığı dərinləşdirmək üçün hədəf qruplarının yaradılması və birgə layihələrin hər bir televiziyanın öz auditoriyası ilə uzlaşdırması kimi mühüm məsələlər müzakirə olundu.   Sonda iş planı və yol xəritəsi müəyyən olundu.   
  • Anar Kərimov məşhur fotojurnalist Reza Deqati ilə görüşüb
    Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov iyulun 23-də Fransada yaşayan dünya şöhrətli azərbaycanlı fotojurnalist Reza Deqati ilə görüşüb. Görüş zamanı R.Deqati Azərbaycanın işğaldan azad edilmiş torpaqlarına səfəri haqqında danışaraq Vətən müharibəsində çəkdiyi fotoşəkilləri, şahidi olduğu dəhşətli mənzərələri bölüşdü. R.Deqati bildirdi ki, Azərbaycanın tarixi və mədəni irsinə qarşı törədilən təcavüzləri öz fotoları ilə beynəlxalq ictimaiyyətə çatdıraraq, yaşanmış hadisələri, xalqımızın çəkdiyi ağrı-acını öz əsərlərində canlandırmağa müvəffəq olub. Nazir Anar Kərimov R. Deqatiyə Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də obyektiv qiymət verilməsi tətbiqində  əvəzsiz xidmətlərinə görə təşəkkürünü bildirdi.  
  • “Su və rəng ahəngi-2021” akvarel sərgisi çərçivəsində müzakirə keçirilib

    Beynəlxalq Suluboya Cəmiyyəti (İWS Globe) Azərbaycandakı nümayəndəliyi olan “IWS Azerbaijan”ın və Xətai Sənət Mərkəzinin nəzdində açılmış “IWS Baku Khatai Art Gallery”nin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə iyulun 23-də “Su və rəng ahəngi-2021” akvarel sərgisi çərçivəsində müzakirə keçirilib.

    AZƏRTAC xəbər verir ki, müzakirə akvarel sənətinin bugünkü inkişafı, Azərbaycan rəssamlarının əsərlərində yer verdiyi bu texnikanın tətbiqinə, qədim ənənələrə malik sahənin inkişaf tendensiyalarına və ölkəmizdə keçirilən akvarel sərgisinin əhəmiyyətinə həsr olunub.

    Qeyd edək ki, ölkəmizdə Azərbaycan rəssamlarının yüksək bədii dəyərə malik yeni akvarel əsərlərinin üzə çıxarılması, nümayişi, bu sənətin gələcək inkişafı üçün stimul yaradılması məqsədilə rəssamlar arasında akvarel müsabiqələri və sərgilərin təşkil edilməsi həmin sahədə çalışan insanların da böyük marağına səbəb olur.

    Müzakirə Xətai Sənət Mərkəzində təşkil olunub.

  • TRT əməkdaşının Azərbaycan publisistikası ilə bağlı əsəri Ankarada nəşr olunub

    TRT-nin “Türkiyənin səsi” radiosunun əməkdaşı – aparıcı və tərcüməçi Sevda Mirzənin “1985-1997-ci illərdə Azərbaycan publisistikasının inkişaf meyilləri” əsəri Ankarada nəşr olunub.

    AZƏRTAC xəbər verir ki, Avrasiya Yazıçılar Birliyi (AYB) tərəfindən nəşr olunan əsər Türkiyənin məşhur “BENGÜ” yayın evi tərəfindən oxuculara təqdim olunub.

    Əsər 1985-1997-ci illər Azərbaycan publisistikası zamanını real, ən düzgün, ört-basdırsız olduğu kimi, səmimi və salnamələr şəklində əks etdirərək dövrün media mənzərəsini yaradıb. Bu dövrün publisistikasında, başda Birinci Qarabağ müharibəsi olmaqla vəziyyətdən doğan güclü vətəndaş mövqeyi və mövzu zənginliyi vardır, hisslər və sözlər həm ağıl, həm emosiya, həm də pafosla ifadə olunur.

    Müəllif “Azərbaycan mətbuatına kiçik töhfə” adlandırdığı bu kitabla bağlı fikirlərini belə bölüşür: “XX əsrin 90-cı illərində, demək olar ki, Azərbaycanın bütün yazıçı, şair, jurnalist və politoloqları hadisələri təhlil edən yazılarla çıxış edirdilər. Heç kim baş verənlərə laqeyd qala bilmirdi.

    Sözügedən kitabda kütləvi informasiya vasitələrinin (KİV) bütün sahələrində - qəzet, jurnal, radio və televiziyada publisist çıxışları ilə yaddaşlarda dərin izlər buraxan adların kiçik bir hissəsi yer alır. Bu tədqiqat əsəri dövrün publisistikasının ümumi mənzərəsini göz önünə gətirir.

    1985-1997-ci illərin ən fəal, ən oxunaqlı və əllərdə gəzən qəzet və jurnalları əsasında işlənən bu monoqrafiya kiçik fəsillərə ayrılır.

    Qeyd edək ki, “1985-1997-ci illərdə Azərbaycan publisistikasının inkişaf meyilləri” kitabı Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin məzunu olmuş Sevda Mirzənin magistr diplom müdafiəsi elmi işidir. Elmi rəhbəri professor və şair, mərhum Famil Mehdi (1934-2003) olub.

  • Professional təhsilli ilk azərbaycanlı qadın rəssam

    Bu gün Xalq rəssamı Maral Rəhmanzadənin anadan olmasının 105 ili tamam olur

    Professional rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın, Dövlət mükafatı laureatı Maral Rəhmanzadə müasir milli rəngkarlıq məktəbinin inkişafında yüksək xidmətləri olan sənətkardır.

    AZƏRTAC xəbər verir ki, bu gün tanınmış rəssamın anadan olmasından 105 il ötür.

    Maral Rəhmanzadə 1916-cı il iyulun 23-də Mərdəkan kəndində zərgər ailəsində anadan olub. Rəssam bacı və qardaşları ilə birlikdə yaradıcı mühitdə tərbiyə alıb. Onun boya-başa çatdığı ailədə Azərbaycan incəsənətinin qədim ənənələri qayğı ilə qorunur, nəsildən-nəslə ötürülürdü.

    1930-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumuna daxil olan Maral Rəhmanzadə daha sonra təhsilini V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda davam etdirib. İnstitutu bitirdikdən sonra Moskvada “Xudojestvennaya literatura” nəşriyyatında işə düzəlib. 1941-ci ildə rəssamın atası “xalq düşməni” elan olunub, altı aydan sonra Daşkənd həbsxanasında vəfat edib. M.Rəhmanzadə Bakıya qayıdaraq yaradıcılıq fəaliyyətini davam etdirib.

    Rəssamın “Bizim Xəzərdə”, “Azərbaycan qadınları”, “Doğma Vətənim”, “Sumqayıt–Rustavi” və digər əsərləri dünyanın müxtəlif ölkələrində 50-dən çox sərgidə nümayiş olunub. O, əsərlərində doğma diyarın misilsiz gözəlliyini – əzəmətli Naxçıvan dağlarını, bol bəhrəli Quba bağlarını, qədim Lənkəran meşələrini, dağların qoynunda gizlənən Xınalıq kəndini tərənnüm edib.

    M.Rəhmanzadə əsərlərində qadın bədəninin gözəlliyini qabardan milli geyimləri təsvir etməyi daha çox sevirdi. Tablolarındakı kənd qızları yaraşıqlı və şəndir. Zərgər qızı Maral Rəhmanzadə milli libasları böyük sevgi və bacarıqla zərgərlik məmulatı ilə tamamlayırdı. O, qadın obrazlarını “Odlar Yurdunun qızları”, “Üç çiçək” və “Mənim bacılarım” əsərlərində canlandırıb.

    İstedadlı rəssam kitab qrafikası sahəsində də geniş fəaliyyət göstərib, bədii əsərlərə illüstrasiyalar çəkib. M.S.Ordubadinin “Qılınc və qələm”, M.F.Axundzadənin “Aldanmış kəvakib”, A.Puşkinin “Yevgeni Onegin” və M.Lermontovun “Zəmanəmizin qəhrəmanı” əsərlərinə illüstrasiyaların müəllifidir. M.Rəhmanzadə səfər etdiyi xarici ölkələrin həyatından silsilə qravürlər yaradıb.

    Əsərləri xarici ölkələrdə incəsənət sərgilərində (İngiltərə, Fransa, İtaliya, Yaponiya, Avstraliya, Belçika, Suriya, Livan və s.) nümayiş etdirilib. Dəfələrlə Moskvada, Bakıda və Azərbaycanın digər şəhərlərində, eləcə də Şri-Lankada (1958), Kubada (1964) və İranda (1991) fərdi sərgiləri açılıb. “Azərbaycan neft ölkəsidir”, “Bizim Xəzərdə” və “Avtoportret” tabloları rəssamın ən məşhur əsərləridir.

    M.Rəhmanzadə milli təsviri sənətin inkişafındakı böyük xidmətlərinə görə bir çox orden və medallara, o cümlədən “Şöhrət” ordeninə layiq görülüb.

    Rəssam 2008-ci il martın 18-də vəfat edib.

  • “Rəssamın onlayn emalatxanası” mövzusunda vebinar keçiriləcək

    Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə iyulun 25-də saat 20:00-da “Art management” layihəsi çərçivəsində “Rəssamın onlayn emalatxanası” mövzusunda vebinar keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində reallaşacaq təlim multimedia və performans rəssamı Vüsal Rəhim tərəfindən aparılacaq.

    “Zoom” tətbiqi vasitəsilə keçiriləcək treninqdə dinləyici qismində iştirak etmək istəyən şəxslərdən qeydiyyat üçün “Art management” başlığını qeyd etməklə (artmanagementadrq@gmail.com) elektron-poçt ünvanına müraciət etmələri xahiş olunur.

    Layihəni Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı (www.azgallery.az), feysbuk və instaqram sosial media hesabları vasitəsilə izləmək mümkündür.

  • Heydər Əliyev Mərkəzində yeni sərgi: “Nizaminin süjet və obrazları”

    İyulun 22-də Heydər Əliyev Mərkəzində “Nizaminin süjet və obrazları” adlı sərgi açılıb.

    AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi ilə birgə təşkil etdiyi sərgi dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.

    Açılış mərasimində çıxış edən Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin sərgi tərtibatçısı Kyuna Kazakova bildirib ki, sərgi bu ilin mart ayında Moskvada nümayiş olunub. İndi isə Rusiyanın 4 muzeyi tərəfindən həmin sərgiyə təqdim edilən eksponatlar Bakıya gətirilib. Sərgidə Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi, Rusiya Dövlət Ermitaj Muzeyi, A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyi, A.N.Radişev adına Saratov Dövlət Rəssamlıq Muzeyinin kolleksiyalarından istifadə olunub: “Biz çox şadıq ki, sərgi nəhayət Bakıda keçirilir. Bizim tərəfdaşımız olan Heydər Əliyev Mərkəzi bu sərgiyə peşəkarlıqla yanaşıb. Ümid edirəm sentyabrın 26-na kimi davam edəcək sərgi mədəniyyət xadimlərinin, Bakını ziyarət edən qonaqların və eyni zamanda bütün vətəndaşların zövqünü oxşayacaq”.

    Sonra iştirakçılar sərgi ilə tanış olublar.

    Dahi Azərbaycan şairi Nizami Gəncəvi gələcək nəsillərə “Xəmsə” adlanan poetik əsərlər toplusunu miras qoyub gedib. Buraya beş müstəqil poema daxildir - “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi Gözəl” və “İskəndərnamə”. Sərgidə nümayiş etdirilən eksponatlar Nizami Gəncəvinin illüstrasiya ənənəsini təqdim edir. Ekspozisiyadakı əlyazma, xalça, keramika və kətan üzərində təsvir edilən qəhrəmanları izləməklə tamaşaçı şairin ədəbi dünyasına səyahət etmək imkanı qazanır. Bununla da ziyarətçilər dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs, nəfəs gətirmiş Nizaminin yaradıcılığı ilə tanış olurlar. Həmin sənət nümunələri həm də Nizami Gəncəvi yaradıcılığının təsviri incəsənətə göstərdiyi sərhədsiz təsirini əks etdirir.

    Nizami Gəncəvinin poemalarında rast gəlinən süjetlər onun əsərlərinin özünəməxsus “vizit kartına” çevrilib. Məsələn, bunlara Şirinin bulaqda çimdiyi məşhur səhnə və ya öküzü qüllənin başına daşıyan Bəhram Gurun sevgilisinə həsr edilmiş təsvirləri aid edilə bilər. Ekspozisiyadakı ən qədim eksponat isə XIII əsrin əvvəlinə aid gildən hazırlanan, üzərində “Xosrov və Şirin” poemasından səhnələrin təsvir olunduğu qabdır.

    Ekspozisiyada Azərbaycan, Rusiya, İran, Özbəkistan təsviri incəsənət ustalarının əsərləri nümayiş olunub. Rəssamlardan Ravil Xəlilovun, Rəşid İsmayılovun, Sergey Biqosun qrafik işləri Nizami yaradıcılığının müasir qavranılma mərhələsi üçün xarakterik olan iki əks tendensiyanı təsvir edir. Bir tərəfdən, ənənəvi mövzuların seçimi tanınmış ikonoqrafiyaya müraciətə gətirib çıxarır, digər tərəfdən, təsvir edilən süjet dairəsinin genişləndirilməsinə cəhd müşahidə edilir. Buna müvafiq olaraq yeni kompozisiya şəkilləri meydana gəlir. Bu baxımdan Nikolay Rerixin “İsgəndər və dərviş” adlı kətan üzərindəki əsəri xüsusi qeyd oluna bilər.

    Qeyd edək ki, sentyabrın 26-dək davam edəcək sərgidə 50-dən çox eksponat nümayiş edilir. Sərgilənən eksponatların əksəriyyəti ilk dəfə tamaşaçılara təqdim olunur.

  • “Azərbaycan ədibləri” seriyasından növbəti kitab işıq üzü görüb

    Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli Kitabxanasının “Azərbaycan ədibləri” seriyasından tərtib etdiyi “Seyran Səxavət” adlı biblioqrafik kitab işıq üzü görüb.

    AZƏRTAC xəbər verir ki, kitab şair, nasir, tərcüməçi Seyran Səxavətə həsr edilmiş ilk biblioqrafiyadır.

    Göstəricidə yazıçının kitabları, dövrü mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş əsərləri, həyat və yaradıcılığını əks etdirən materiallar əhatə olunub.

    Biblioqrafiya ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

    Kitabın tərtibçiləri Xeyransa Abbasova, Gülbahar Misirova, elmi redaktoru professor Kərim Tahirov, redaktoru isə Elnur Nəciyevdir.