Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Şuşaya həsr olunmuş poster sərgiyə əsərlərin qəbulu sona çatıb

    “Şuşa Azərbaycanın mədəniyyət şəhəridir” adlı beynəlxalq poster sərgisinə əsərlərin qəbulu başa çatıb. Sərgi “Kreativ Azərbaycan”, “PosterİM”, “Worldwide Graphic Designers”, “Calanca Biennale 2021”, “RİNC Red İnternacional De Creadores Visuales” qurumlarının birgə əməkdaşlığı ilə təşkil edilir.

    AZƏRTAC xəbər verir ki, layihənin rəhbəri, “PosterİM” şirkətinin təsisçisi Tərlan Hacı Şəmiyevdir. Onun sözlərinə görə, beynəlxalq münsiflərdən ibarət sərginin məqsədi Şuşanın mədəni irsini, memarlığını, xarıbülbül simvolunu dünyaya tanıtmaqdır. İyulun 15-dək sərgiyə 30-dan çox ölkədən iştirakçı əsər göndərib. Beynəlxalq və yerli münsiflər tərəfindən qiymətləndirilən işlərdən 108 poster sərgidə iştirak üçün seçilib.

    Layihə rəhbəri qeyd etdi ki, münsiflər heyətinə ABŞ-ın Suffolk, Cənubi Koreyanın Namseul universitetlərinin dizayn üzrə professorları, eləcə də Azərbaycan, Türkiyə, İndoneziya, Yaponiya və digər ölkələrdən dizaynerlər daxildir. Sərgi avqustun 2-də Ankara Musiqi və Gözəl Sənətlər Universitetində açılacaq və onlayn yayımlanacaq.

    Seçilmiş müəlliflərə iştirakçı sertifikatı veriləcək və onlar birbaşa beynəlxalq poster festivalına iştirak vəsiqəsi qazanacaqlar.

  • İstanbulda “Diaspor - Beynəlxalq Qısametrajlı Film Festivalı” keçiriləcək

    Bu il 27-29 avqustda İstanbul şəhərində “Diaspor - Beynəlxalq Qısametrajlı Film Festivalı” keçiriləcək.

    Bu barədə  Report-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

    Festival Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin, Mədəniyyət və Turizm Nazirliyinin, Türkiyə Radio Televiziya Qurumunun (TRT) dəstəyi, Boğaziçi Kültür və Sənət Vəqfinin təşkilatçılığı ilə gerçəkləşdiriləcək.

    Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin yaydığı məlumata əsasən, ilk dəfə təşkil olunan festival kinonun, incəsənətin cəmiyyətləri birləşdirən gücünün ortaya qoyulması, eləcə də Türkiyənin və diaspor icmalarının yerləşdiyi ölkələrin mədəni və bədii həyatında perspektiv imkanların yaradılması məqsədi daşıyır.

    Müsabiqənin şərtlərinə görə, müəlliflər festivala ölkələrindəki diaspor cəmiyyətlərinin həyatını real və bədii şəkildə təsvir edən qısametrajlı filmlər təqdim etməlidirlər. Ekran əsərləri multikulturalizm, birgə yaşayışın müxtəlif təzahürləri, mədəni qarşılıqlı təsir, sosial tolerantlıq, miqrasiya kimi mövzuları əhatə etməlidir.

    Filmlər bu ilin 30 iyul tarixinə kimi https://www.diasporafilmfestival.com/basvuru-formu elektron ünvanına göndərilməlidir. Qalib filmlər müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaq.

  • Media nümayəndələri və onların ailə üzvləri üçün “Açıq qapı” günləri
    Mədəniyyət Nazirliyinin təşəbbüsünə əsasən 22-25 iyul tarixlərində Milli Mətbuat Günü münasibətilə Azərbaycan xalqının zəngin mədəni irsi və qədim tarixi ilə yaxından tanış olmaq məqsədi ilə media nümayəndələri və onların birinci dərəcəli ailə üzvləri (valideynlər, həyat yoldaşı, bacı-qardaş və övladları) üçün Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərə giriş sərbəst olacaq. Muzeylərin fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun həyata keçiriləcək.
  • Mədəniyyət naziri Anar Kərimovun Milli Mətbuat və Jurnalistika Günü münasibətilə müraciəti
    22 iyul hər bir azərbaycanlının taleyində olduqca önəmli tarixdir. Azərbaycanda  milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasının 146 ili tamam olur. Çünki məhz 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni, parlaq səhifə açılıb. Tarix boyu xalqımızın böyük mütəfəkkirlərinin, ədiblərinin, dövlət xadimlərinin fəaliyyətində milli məfkurənin təbliği, dilimizin, mədəni dəyərlərimizin qorunması kimi ali dəyərlər  hər zaman özünü göstərib. Bu cəhətləri ömür yoluna sığdıran aydınlarımızdan biri də vətənpərvər ziyalı, təbiətşünas-alim Həsən bəy Zərdabidir. 146 il əvvəl 22 iyul tarixində Həsən bəy Zərdabi  min bir əzab-əziyyətdən sonra ana dilində ilk qəzetin çapına müvəffəq olmuşdu. 1875-ci ilin 22 iyul tarixindən 1877-ci ilin 29 sentyabr tarixinə qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr edilib. Bu müddət ərzində qəzetin 56 nömrəsi işıq üzü görüb. Sevindirici haldır ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əkinçi“ qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.  Müstəqil Azərbaycanın memarı, Ümummilli lider Heydər Əliyev fəaliyyəti boyu mehriban dost münasibətilə jurnalistlərin də dərin sevgisini, güvənini qazanmışdı. Ulu öndərin bu ənənəsi bu gün  Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısı mütəmadi olaraq çıxışlarında, jurnalist ictimaiyyəti ilə görüşlərində  mətbuat nümayəndələrinin söz azadlığının vacibliyini, onların fəaliyyətlərini diqqət mərkəzində saxladığını bildirir. Jurnalistlərin təklif və problemləri ilə yaxından maraqlanır.  Təsadüfi deyil ki, mətbuat nümayəndələri cənab Prezidentimizi  jurnalistlərin dostu adlandırırlar.  Buna misal olaraq 44 günlük Vətən müharibəsi və şanlı qələbəmizdən sonrakı dövrü xatırlatmaq istərdim. Ön cəbhədə Ali Baş Komandanın rəhbərlik etdiyi şücaətli Ordumuz, arxa cəbhədə, informasiya mübarizəsində isə zəhmətkeş jurnalistlərimiz mərdliklə vuruşmasaydı, dəmir yumruq kimi birləşib, həmrəylik nümayiş etdirməsəydi, dünya ictimaiyyətinə haqq səsimizi çatdırmaq da mümkün olmayacaqdı. İşğaldan azad edilmiş doğma torpaqlarımızda vəzifə borcunu yerinə yetirərkən, şəhidlik zirvəsinə ucalan jurnalistlərimiz Məhərrəm İbrahimov və Sirac Abışov kimi qəhrəmanlarımız sadalananların bariz nümunəsidir. Bu bir daha sübut edir ki, peşəmizdən asılı olmayaraq hər birimiz müqəddəs Azərbaycanın müsəlləh əsgəriyik. Əkinçi zəhməti, biləyinin gücü, qəlbinin hərarəti ilə milli mətbuatımızın inkişafı, sağlam gələcəyi, bölgədə sülh və təhlükəsizlik naminə informasiya toxumları səpən Zərdabi davamçılarını Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin bütün əməkdaşları adından ürəkdən təbrik edirik. Nazirliyimizin bütün yeniliklərini, layihə və  struktur fəaliyyətlərini qərəzsiz işıqlandırdığınıza görə  hər birinizə ürəkdən təşəkkür edirik. Sizinlə daha sıx, məhsuldar əməkdaşlığımızı davam etdirmək üçün öhdəmizə düşən vəzifəni bundan sonra da yerinə yetirəcəyimizə əmin ola bilərsiniz. Bir daha milli mətbuat ailəsinin üzvlərini ürəkdən təbrik edir, Bütöv Azərbaycanın hər bir nöqtəsindən sədanızın  eşidilməyini arzulayıram. Anar Kərimov
  • ABŞ-da görkəmli bəstəkar Tofiq Quliyevin “Qaytağı” əsərindən ibarət kitablar nəşr olunub

    Bakı Amerika–Azərbaycan Musiqi Fondunun rəhbəri Cəmilə Cavadova-Spitzberqin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ABŞ-da ilk dəfə olaraq bəstəkar Tofiq Quliyevin fortepiano üçün işlədiyi "Qaytağı" əsərindən ibarət kitablar çap olunub.

    Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, nəşrin baş redaktoru ABŞ-ın Massaçusets ştatında yaşayan tanınmış piano ifaçısı, Azərbaycanın Əməkdar artisti Emil Əfrasiyabdır. Kitabı nəşrə Cəmilə Cavadova-Spitzberq hazırlayıb. Kitablardan biri pianoda solo ifa, digəri bir pianoda 4 əllə ifa, üçüncüsü isə iki pianoda ifa üçün nəzərdə tutulub.

    Qeyd edək ki, görkəmli Azərbaycan bəstəkarı, milli caz və estrada musiqisinin banilərindən olan Tofiq Quliyev fortepiano üçün bir sıra xalq rəqslərini işləyib. Onlardan biri də "Qaytağı" əsəridir. Əsər melodik cəhətdən son dərəcə yeyin və dinamik olan eyniadlı "Qaytağı" Azərbaycan xalq rəqsi əsasında bəstələnib. Bu virtuoz əsərin fortepianoda ilk ifaçısı görkəmli pianoçu, Azərbaycanın Xalq artisti Fərhad Bədəlbəyli olub.

  • Azərbaycan Teatr Xadimləri İttifaqında bir qrup jurnalist fəxri fərmanla təltif edilib

    Milli Mətbuat Günü münasibətilə bir sıra jurnalistlərə Azərbaycan Teatr Xadimləri İttifaqının fəxri fərmanları təqdim olunub.

    AZƏRTAC xəbər verir ki, tədbirdə ittifaqın sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri, Xalq artisti Azərpaşa Nemətov çıxış edərək jurnalistləri Milli Mətbuat Günü münasibətilə təbrik edib.

    Azərbaycan mediasının həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdiyini söyləyən Xalq artisti onların Azərbaycanın böyük Zəfərinin müjdəçisi olduğunu söyləyib. Bildirib ki, hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfəsini verdiyi kimi, postmüharibə dövründə də bu işi uğurla davam etdirməkdədir.

    Sonra mükafatlandırma mərasimi keçirilib. 

     

  • Media nümayəndələri və onların ailə üzvləri üçün “Açıq qapı” günü

    Mədəniyyət naziri Anar Kərimovun qərarına əsasən 22 iyul tarixində Milli Mətbuat Günü münasibətilə Azərbaycan xalqının zəngin mədəni irsi və qədim tarixi ilə yaxından tanış olmaq məqsədilə media nümayəndələri və onların ailə üzvləri üçün nazirliyin tabeliyində fəaliyyət göstərən muzeylərə giriş sərbəst olacaq.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, muzeylərin fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun həyata keçiriləcək.

  • Milli Kitabxanada Milli Mətbuat Gününə adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim edilib

    22 iyul – Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır.

    Azərbaycanda maarifçilik hərəkatının formalaşmasında əsas rol oynamış “Əkinçi”nin əsas məqsədi fanatizmi, cəhaləti aradan qaldırmaq, xalqı elmə, maarifə, tərəqqiyə çağırmaq, onun elmi-mədəni səviyyəsini yüksəltmək olmuşdur.

    Azərbaycanda Milli Mətbuat Günü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “22 İyul – Milli Mətbuat Günü” adlı virtual sərgi hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Azərbaycan Milli Mətbuatının inkişafına dair rəsmi sənədlər, mətbuat və jurnalistikamızın inkişaf tarixini əks etdirən kitab və məqalələr nümayiş olunur.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/22_iyul/index.html linkindən istifadə edə bilərlər.

  • 75-ci Kann Film Festivalının vaxtı müəyyənləşib

    75-ci Kann Film Festivalı 2022-ci ildə mayın 17-dən 28-dək keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, bu haqda festivalın tviter hesabında məlumat verilib.

    Qeyd edək ki, 74-cü Kann Film Festivalının “Qızıl Palma” mükafatına 37 yaşlı fransız rejissor və ssenaristi Culia Dükurnonun “Titan” filmi layiq görülüb. O, 28 ildən sonra yeni zelandiyalı Ceyn Kamyondan (Jane Campion) sonra bu mükafatı qazanan 2-ci qadın rejissordur. Ceyn Kamyon bu mükafata “Pianino dərsi” filminə görə layiq görülmüşdür. 74-cü Kann Film Festivalının münsiflər heyətinə amerikalı rejissor Spike Lee sədrlik edib.

  • Tanınmış mədəniyyət xadimi Zemfira Babayeva vəfat edib

    Əməkdar mədəniyyət işçisi, Yeni Azərbaycan Partiyasının üzvü, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Zemfira Babayeva uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

    AZƏRTAC xəbər verir ki, 1954-cü il noyabrın 17-də Bakıda anadan olan Zemfira Babayeva, uzun illər “Azərbaycanfilm” kinostudiyasında müxtəlif vəzifələrdə çalışıb. Sonralar fəaliyyətinə Azərbaycan Kinematoqrafçılar İttifaqında davam edib.

    Ömrünün 47 ilini Azərbaycan kinosuna həsr edən Zemfira xanım, bu sahədə bir çox uğurlu layihələrin gerçəkləşməsində yaxından iştirak edib. Fransada Azərbaycan Kinosu Günləri (2001-ci il) , İsveçrə Kinosu Günləri (Bakı, 2003-cü il), dahi bəstəkar Qara Qarayevin 90-illik yubileyinə həsr olunmuş açıqca və CD diskin nəşri, Beynəlxalq Uşaq Filmləri Festivalı (2007-ci il, Bakı), “Fokus” kino jurnalının nəşri, UNESCO-nun sifarişi ilə “İlahi səda” sənədli filmi (2011-ci il), Mədəniyyət Nazirliyinin sifarişi ilə “Şəbəkə” qısa metrajlı filmi onun uğurlu layihələrindəndir.

    Qeyd edək ki, onun fəaliyyəti sadəcə kino ilə məhdudlaşmırdı, eyni zamanda, Azərbaycan teatrının inkişafında da yaxından iştirak edirdi. 2013-cü ildən Bakı Bələdiyyə Teatrının truppa müdiri kimi çalışıb və teatrın son illərdə qazandığı uğurlarda ciddi rol oynayıb.