Peşəkar və həvəskar fotoqraflar arasında “Memarlıq fotoqrafiyası mükafatları 2021” fotomüsabiqəsi elan olunub.
AZƏRTAC xəbər verir ki, müsabiqə 6 kateqoriya üzrə keçiriləcək.
Bütün işlər “Photocrowd” onlayn platforması üzərindən təqdim edilməlidir. Müsabiqədə iştirak etmək ödənişlidir. İştirakçılar bir şəkil üçün 8, 6 şəkil üçün 30, 36 şəkil üçün 72 funt sterlinq ödəməlidir. Qaliblərə pul mükafatı veriləcək.
Müsabiqə haqqında ətraflı məlumat almaq və müraciət etmək üçün
https://www.photocrowd.com/photo-competitions/photography-awards/apa-2021/#header linkindən istifadə edə bilərsiniz.
Həvəskar rejissor və videooperatorlar arasında “Chiayi beynəlxalq üç dəqiqəlik video” müsabiqəsi elan olunub.
AZƏRTAC xəbər verir ki, videolar üçün tələb olunan xronometraj 3 dəqiqədən artıq olmamalıdır.
İştirakçılar mövzu seçimində sərbəstdirlər. Müsabiqə bir neçə nominasiya üzrə keçiriləcək. Birinci yerin qalibinə 10 min ABŞ dolları məbləğində pul mükafatı veriləcək.
Müsabiqə haqqında ətraflı məlumat almaq və müraciət etmək üçün https://filmfreeway.com/2021ThreeMinutesVideoCompetition linkinə daxil ola bilərsiniz.
Türkiyənin Anadolu agentliyi Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən “Alov qüllələri” kompleksindən FOTOSESSİYA yayıb.
AZƏRTAC xəbər verir ki, paytaxt Bakının müxtəlif səmtlərindən çəkilmiş orijinal fotolarda “Alov qüllələri”nin əzəməti, şəhərin füsunkar gözəlliyi, mavi Xəzər sahilinin göz oxşayan gecə mənzərələri tərənnüm olunur.
FOTOSESSİYA-da təqdim olunan fotoların alt yazısını mətni belədir: “Azərbaycanın paytaxtı Bakının məşhur tikililərindən və memarlıq simvollarından olan “Alov qüllələri” işıqlandırıldıqda füsunkar gözəllik yaradır. Bakının demək olar ki, hər yerindən görünən “Alov qüllələri” şəhərə gələn turistlərin də diqqətini çəkir.”
22 iyul - Milli Mətbuat Gününə həsr olunmuş “Dahi ziyalımız Həsən bəy Zərdabi...” adlı virtual sərgi Dövlət Tarix Arxivində mühafizə edilən sənədlər əsasında hazırlanıb.
Milli Arxiv İdarəsindən AZƏRTAC-a bildirilib ki, sərgidə görkəmli ictimai xadim, publisist, Azərbaycan dilində ilk qəzetin yaradıcısı, uzun illər Bakı şəhər Dumasının üzvü olmuş ziyalımız Həsən bəy Zərdabinin ictimai sahədə fəaliyyətinə aid olan sənədlərdən bir qismi nümayiş etdirilir. Sözügedən sənədlərdə Həsən bəy Zərdabinin azərbaycanlılar arasında təhsilin, maarifçiliyin geniş vüsət alması üçün həyata keçirdiyi tədbirlər, ana dilində qəzetin açılmasına icazə verilməsi üçün dövrün hakimiyyət orqanlarına müraciətləri, həmçinin Duma üzvü kimi fəaliyyəti və s. əks olunub.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar baş idarəsinin müdiri, Türkiyə Milli Kitabxanasının direktoru Ali Odabaşın rəhbərlik heyəti nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində İçərişəhəri ziyarət edib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AZƏRTAC-a bildirilib ki, qonaqlar Şirvanşahlar Sarayı Kompleksi və Qız qalası ilə tanış olub, onlara abidələrin tarixi və memarlıq xüsusiyyətləri barədə geniş məlumat verilib. Xüsusən Şirvan şahlarının iqamətgahı ilə maraqlanan ziyarətçilər abidənin hər bir özəlliyinə diqqət yetirib, qədim şəhərdən xoş təəssüratla ayrılıblar.
“Qarabağa kitabla gedək” layihəsi çərçivəsində Türkiyənin “İLESAM” təşkilatı tərəfindən toplanmış kitablar arasında Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin (İLESAM) rəhbəri Mehmet Nuri Parmaksızın Ankarada nəşr olunmuş “Qaranlıqda bir işıq” (A Light in the Darkness) adlı kitabı da yer alıb.
AZƏRTAC xəbər verir ki, türk və ingilis dillərində çapdan çıxmış kitaba hər iki dildə Azərbaycan yazıçısı, filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirli “Ön söz” yazıb. Kitab 2000 nüsxə ilə nəşr edilib və toplanan şeirləri də ingiliscəyə K.Nəzirli çevirib.
Bunu M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında İLESAM tərəfindən Azərbaycana gətirilmiş kitabların təqdimetmə mərasimində təşkilatın sədri, türk şairi və filosofu Mehmet Nuri Parmaksız söyləyib.
“Qaranlıqda bir işıq” Mehmet Nurinin fəlsəfi şeirlər toplusudur, məzmun və forma etibarıyla böyük Ruminin coşqu və sevgi dolu şeirlərini, bir qədər də Şəms Təbrizinin ruhunu xatırladır. Kitaba toplanmış “Oyan, ey insan, oyan”, “Sükut quşu”, “Pərdə”, “Ruzgar”, “Gecəni gündüzə boyayıram”, “Açılacam dünyaya”, “Ölümün içindəki ölüm”, “Göz yaşlarıyla yuyulan xəyal” və s. şeirlər qoca Şərqin dahi şairlərindən sayılan Mövlana Cəlaləddin Ruminin məsnəvi, rübai və qəzəllərindəki dərin fəlsəfi fikirlərin və mənəvi-əxlaqi dəyərlərin daha anlaşıqlı başa düşülməsinə kömək edir. “Allaha çatacaq çox yol var, mən bunlardan Eşqi seçdim” deyən Mövlananın ruhuna sadiq qalan Mehmet bəy öz əsərlərində Allaha sevgini anlatmağa çalışır, insanları bu ilahi varlığa yaxınlaşmağa səsləyir. Böyük qüdrət sahibinə olan eşq onun yaratdığı hər şeyə sevgiylə, qayğıyla yanaşmağı tələb edir, kamil insan bunu anlamalıdır. Kitabda toplanan şeirlərin əsas məğzi də bundan ibarətdir”, - deyə kitabın tərcüməçisi və “Ön söz” müəllifi Kamran Nəzirli bildirib.
“Qaranlıqda bir işıq” ofset üsulu ilə Türkiyənin Əfsun Nəşriyyat və Yayın Evində nəşr edilib. Kitabın redaktoru H. Ömer Ünal, naşir və baş redaktoru Arif Dəmirbaş, baş kordinatoru Nelihan Gürsoydur.
Bu il Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasından 50 il ötür. Cəmşid Naxçıvanski adına Hərbi Lisey Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəxsi təşəbbüsü və bilavasitə rəhbərliyi ilə yaradılıb. Ulu Öndərin daim qayğı ilə yanaşdığı və xüsusi diqqət yetirdiyi bu tədris ocağı ötən müddət ərzində respublikamızda milli peşəkar hərbçi kadrların hazırlanması sahəsində müstəsna xidmətlər göstərmiş, cəmiyyətdə hərbi peşənin nüfuzunun yüksəlməsində və taleyini hərb sənətinə həsr edən gənclərin sayının davamlı artmasında əhəmiyyətli rol oynamışdır. Liseyin yetirmələri müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin formalaşdırılması və möhkəmləndirilməsi işinə dəyərli töhfələr verib, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərdə həmişə ön cəbhədə yer alıblar. Onlar böyük rəşadət nümayiş etdirərək “Vətən Müharibəsi Qəhrəmanı” və “Azərbaycanın Milli Qəhrəmanı” adlarına layiq görülüb, orden və medallarla təltif olunublar. Hərbi liseyin məzunları Vətən qarşısında vəzifə borclarını bu gün də şərəflə yerinə yetirirlər. Hazırda Silahlı Qüvvələrimizdəki zabitlərin əksəriyyəti məhz Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarıdır.
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasının 50 illik yubileyi münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən eyniadlı elektron virtual sərgi hazırlanıb.
AZƏRTAC xəbər verir ki, virtual sərgidə C.Naxçıvanski adına Hərbi Lisey haqqında rəsmi sənəd, fotolar, kitablar və məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər
http://anl.az/el/vsb/Cemsid_Naxcivanski_adina_Herbi_Lisey_50/index.htm linkindən istifadə edə bilərlər.