Çinin Fucou şəhərində UNESCO-nun Dünya İrs Komitəsinin 44-cü geniş sessiyası işə başlayıb.
AZƏRTAC xəbər verir ki, UNESCO-nun Çin hökumətiilə birgə təşkil etdiyi sessiya təşkilatın tarixində ilk dəfə olaraq videokonfrans formatında keçirilir. Cədvəl üzrə ötən il keçirilməli olan 44-cü sessiya COVID-19 pandemiyası səbəbindən bu ilə təxirə salınıb. Sessiya 2020 və 2021–ci illəri əhatə etdiyindən uzadılaraq 15 gün davam edəcək. Tədbirin gedişində Dünya Mədəni İrs Siyahısına düşmək üçün 45 yeni müraciətə baxılacaq, habelə artıq siyahıda olan obyektlərin vəziyyəti haqqında 258 hesabat təqdim olunacaq. Sessiya çərçivəsində onlayn görüşlər, seminarlar, sərgilər təşkil ediləcək.
Qeyd edək ki, UNESCO-nun Dünya İrs Komitəsinin 44-cü sessiyasının Çində keçirilməsi barədə qərar komitənin 2019-cu ildə Bakıda keçirilmiş 43-cü sessiyasında qəbul olunub.
Dünya Mədəni İrs Siyahısı UNESCO-nun Dünya Mədəni və Təbii İrsinin Qorunmasına dair 1972-ci il konvensiyası əsasında yaradılıb. Sözügedən konvensiya Dünya Mədəni İrs Siyahısına qəbul olunmaq üçün təbii və ya mədəni yerlərin növünü müəyyənləşdirir və müstəsna universal dəyərə malik olan abidə və məkanlar bu ümumbəşəri irs elan edilməyə layiq görülür. Bu siyahıya hazırda 1121 obyekt daxildir ki, onların 869 mədəni, 213-ü təbiət, 39-u isə qarışıq abidədir.
Azərbaycandan həmin siyahıya “Şirvanşahlar Sarayı və Qız Qalası ilə birlikdə İçəri şəhər”, “Qobustan Qaya Sənəti Mədəni Landşaftı” və “Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi” daxildir.
Hazırda palçıq vulkanlarına geopark statusu verilməsi və onların UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsi üçün işlər aparılır. Bundan başqa, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın və milli memarlığımızın incilərindən hesab olunan Xudafərin körpülərinin də Dünya Mədəni İrs Siyahısına daxil edilməsi ilə bağlı təkliflər var və bu istiqamətdə işlərə başlanılıb.
İyulun 16-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi (İLESAM) tərəfindən toplanmış 10 min nüsxə kitabın təqdimetmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə həyata keçirdiyi “Qarabağa kitabla gedək” layihəsi çərçivəsində reallaşıb. Təqdim olunan kitablar Qarabağda fəaliyyəti bərpa ediləcək kitabxanaların fonduna veriləcək.
Tədbirdə çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov bildirib ki, Prezident İlham Əliyev Füzuliyə səfər edəndən sonra biz kitabtoplama kampaniyasına başlamağı qərara aldıq. Məqsəd Prezidentə dəstək olmaq və işğaldan azad edilən torpaqlarda kitabxanaları bərpa etmək idi. Bu kampaniyaya ilk olaraq Azərbaycan Yazıçılar Birliyi qoşulub, sonradan Xalq yazıçısı Elçin Əfəndiyev kitabxanaya 500 kitab hədiyyə edib. Bu gün isə “İLESAM” təşkilatının kitabxanaya 10 min itab bağışladığını diqqətə çatdıran K.Tahirov deyib: “Bizim “İLESAM” təşkilatı ilə əməkdaşlığımız 2017-ci ildə başlayıb. Ümid edirəm yaxın gələcəkdə topladığımız kitabları Qarabağdakı kitabxanaların fondlarına təqdim edəcəyik”.
Mədəniyyət naziri Anar Kərimov Türkiyənin Azərbaycana olan isti münasibətindən söz açıb. Bildirib ki, qardaş ölkə həm müharibə dövründə, həm də dağıdılmış şəhərlərin yenidən qurulmasında, tarixi-mədəni abidələrin bərpa edilməsində dəstəyini əsirgəmir. Qarabağda 900 kitabxananın dağıdıldığını deyən nazir bildirib ki, bu, ən çox ziyan çəkən abidələrimizdir. O, qeyd edib ki, ölkə rəhbərinin çağırışına qoşulmaq üçün Mədəniyyət Nazirliyi bu dəfə “Qarabağa kitabla gedək” layihəsinə başlayıb. “Hər bir vətəndaş bu layihəyə qoşularaq özü ilə kitab gətirə bilər. Artıq bir çox ziyalılarımız bundan əvvəlki kitabtoplama kampaniyasında iştirak edib. Qardaş Türkiyənin kitabxanaya verdiyi kitablar bizim üçün böyük hadisədir”, - deyə nazir vurğulayıb.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar bildirib ki, Türkiyə-Azərbaycan sevgisi yolunda nəsil-nəsil insanlar mübarizəyə qalxıb. Ancaq sovetlər birliyi dövründə bu sevgi divar arxasında qalsa da, buna etiraz edən insanlar araya çəkilən səddi aşırıb, nəticədə qardaş Türkiyə ilə sərhədlər açılıb. Yazıçı hər zaman Türkiyənin bizim tərəfimizdə olduğuna inamını ifadə edib.
Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı deyib: “Bu gün bizim Milli Kitabxanaya kitab hədiyyə etməyimiz Türkiyənin Azərbaycanla olan sıx əlaqələrinin daha bir göstəricisidir. Bu əməkdaşlığı möhkəmləndirmək üçün kitab ən gözəl vasitədir”.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva 44 günlük Vətən müharibədən sonra bütün türkdilli ölkələrdən təbrik məktubu aldığını söyləyib. Bildirib ki, Azərbaycan mədəniyyətinin beşiyi olan Qarabağ bir çox musiqiçi, yazıçı və ziyalıların vətənidir.
“İLESAM”ın rəhbəri Mehmet Nuri Parmaksız bildirib ki, əgər təmsil etdiyi təşkilatı dəstəkləyən qurumlar olmasaydı belə bir tədbiri keçirmək mümkün olmazdı. Qeyd edib ki, “İLESAM”ı dünyanın aparıcı qurumları dəstəkləyir. Təşkilat nəinki türkdilli ölkələrə, eyni zamanda bütün müsəlman dünyasına kitablar hədiyyə edir.
Təşkilat rəhbəri, həmçinin Azərbaycandan da Türkiyəyə kitab aparmaq istədiyini bildirib. O qeyd edib ki, türkiyəli oxucular Azərbaycanı daha yaxından tanımaq üçün qardaş ölkənin tarixini bilməli və yazıçılarını oxumalıdırlar.
Çıxışın sonunda Mehmet Nuri Parmaksız mədəniyyət naziri Anar Kərimova “Alim, şair, yazar və sənətçilər ensiklopediyası” kitabını hədiyyə edib.
Tədbirin sonunda iştirakçılar Milli Kitabxanaya hədiyyə olunan kitabların sərgisi ilə tanış olublar.
Portuqaliya pasportu “Henley Passport Index” şirkətinin reytinqində altıncı mövqedədir. Reytinq viza almaq zərurəti baxımından 199 pasport üçün 227 istiqamətin əlçatanlığını müqayisə edir.
AZƏRTAC xəbər verir ki, Portuqaliya qrupuna İsveç, Fransa, Niderland və İrlandiya daxildir. Bu ölkələrin pasportları 188 təyinat məntəqəsinə vizasız girişə imkan verir.
Siyahıda birinci yerdə 193 təyinat məntəqəsi ilə Yaponiyadır. İkinci yeri Sinqapur (192), üçüncü yeri isə Cənubi Koreya və Almaniya (191) tutur.
Avropa ölkələri İtaliya, Finlandiya, İspaniya və Lüksemburq 190 təyinat məntəqəsi ilə dördüncü yerdədir. Sonrakı yerləri Danimarka və Avstriya (189) bölüşürlər.
Portuqaliya qrupunun ardınca Belçika, Yeni Zelandiya, İsveçrə, Böyük Britaniya və ABŞ gəlir.
Son yerlərdə 29 istiqamətə malik Suriya (114-cü yer), 28 istiqamətə malik İraq (115-ci yer) və 26 istiqamətə malik Əfqanıstan qərarlaşıb.
“Henley & Partners” şirkətinin Baş direktoru Yurq Şteffen qeyd edir ki, pandemiya beynəlxalq səyahətlərə qoyulan müxtəlif məhdudiyyətlər ucbatından premium-klass pasportlarının nüfuzunu zəiflədib.
Eyfel qülləsi 9 ay bağlı qaldıqdan sonra yenidən ziyarətçiləri qəbul edir.
AZƏRTAC xəbər verir ki, COVID-19 epidemiyası ilə bağlı yeni sanitar qaydalara görə, qüllə artıq əvvəlki gündəlik ziyarətçilərinin yarısını və ya 13 000 ziyarətçi qəbul edəcək. Qüllənin 350 işçisi bu günü səbirsizliklə gözləyirdi.
Fransada mədəniyyət və əyləcə mərkəzlərində olduğu kimi iyulun 21-dən Eyfel qülləsinə qalxmaq üçün də sanitar sənəd tələb olunacaq.
Artıq 9 aydır bağlı qalan Eyfel qülləsi 2014-cü ildə 7 milyon, 2019-cu ildə isə 6.2 milyon ziyarətçi qəbul edib. Eyfel qülləsinin iyunun 1-də açılmış bilet kassasının cari ilin avqust ayının sonunadək 70 min bilet satdığı bildirilir.
“Azərxalça” ASC qələbə mövzusunda hazırlanmış “Zəfər” kolleksiyası üçün “Ən yaxşı xalça” müsabiqəsi elan edib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, “Zəfər” kolleksiyasının bir parçası olmaq, qələbəyə həsr olunmuş əsərləri paylaşmaq və “Azərxalça” ASC-də çalışmaq istəyən bütün gənclər müsabiqəyə dəvət olunur.
“Azərxalça” ASC ölkəmizin Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbəni özünün “Zəfər” kolleksiyası ilə qeyd edəcək. Kolleksiyanın hazırlanması isə gənclərə həvalə olunacaq.
Müsabiqədə iştirak etmək istəyənlər creative@azerxalca.az eleketron ünvanına portfolio (15 foto) və “Zəfər” kolleksiyasına aid eskizləri (3 foto) göndərməlidirlər.
Son qeydiyyat tarixi avqustun 8-də başa çatan müsabiqəyə 21-35 yaşarası insanlar qatıla bilər.
Müsabiqədə qeyd olunmuş yaş aralığına aid rəssamlar, dizaynerlər, xalçaçı rəssamlar və s. iştirak edə bilərlər. Seçilmiş 20 nəfər ən yaxşı müsabiqə iştirakçısının işlərini münsiflər heyəti müəyyən edəcək. Seçilmiş gənclər bir ay ərzində “Azərxalça” ASC emalatxanalarında həm yerli, həm də xarici mütəxəssislər tərəfindən təlimə cəlb olunacaqlar.
Təlimlərdə ən yaxşı nəticə göstərmiş üç gənc müsabiqənin sonunda mükafatlandırılacaq. Birinci yerin sahibi “Azərxalça” ASC-də rəsmi işə başlayacaq. Digər iki gənc müəsissə ilə daimi əməkdaşlıq edəcək.
Təlim iştirakçılarının ən bəyənilən eskizləri “Zəfər” kolleksiyasının hazırlanmasında istifadə oluncaq.
İyulun 16-da Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin ikinci mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış 8 namizəd İctimai Şuranın üzvü seçilib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva İtaliyanın nüfuzlu, mədəniyyət və sosial məsələlər üzrə analitik xəbər agentliyi olan “Lo Spessore”ya dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə bağlı müsahibə verib.
AZƏRTAC xəbər verir ki, portalın əməkdaşı, jurnalist Domeniko Letizia yazının əvvəlində Azərbaycan haqqında məlumat verib. O, 2021-ci ilin Prezident İlham Əliyev tərəfindən “Nizami Gəncəvi İli” elan olunduğunu bildirib. Qeyd edib ki, dünyaca məşhur şairin ölkədə və dünyada silsilə yubiley tədbirləri keçirilməkdədir. Domeniko Letizia yazıda şairin yaradıcılığının təbliği üçün bu vaxta qədər dövlət səviyyəsində görülən işlərdən də bəhs edib.
Domeniko Letizia Nizami Gəncəvi yaradıcılığının müasir dövrdə yeni nəsillər üzərində təsir gücünü anlamaq üçün Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadan müsahibə götürdüklərini yazıb.
Günay Əfəndiyeva jurnalistin Nizami Gəncəvi ədəbi irsi, onun multikultural dəyərlər baxımından önəmi, müasir oxucu üçün Nizami yaradıcılığının əhəmiyyəti və müxtəlif incəsənət sahələrinin inkişafına təsiri haqqında suallarını cavablandırıb.
Fondun prezidenti müsahibəsində Nizami Gəncəvinin yaradıcılığının ədəbi və coğrafi sərhədlərə sığmadığını vurğulayıb. O, Höte, Erix From, Lui Araqon kimi məşhur avropalı alim və ədəbiyyatşünasların dahi Azərbaycan şairi və mütəfəkkirinin yaradıcılığını yüksək qiymətləndirdiklərini bildirib. Jurnalistin Nizami yaradıcılığında multikultural dəyərlərlə bağlı sualına cavabında Fondun prezidenti dahi şairin öz dövrünü 800-900 il qabaqladığını qeyd edib. Bildirib ki, Nizami Gəncəvi Azərbaycan şairi olduğu qədər bəşəri şairdir. “Yeddi Gözəl” poemasından misallar gətirən Günay Əfəndiyeva şairin bütün millətləri eyni dərəcədə sevməyi aşıladığını bildirib. O qeyd edib ki, dahi şairin “Xəmsə”si bütövlükdə humanizm və miltikulturalizm konsepsiyasıdır. Fondun prezidenti Nizami Gəncəvinin özündən sonra böyük bir ədəbi məktəb yaratdığını diqqətə çatdırıb. Günay Əfəndiyeva Nizami yaradıcılığının həm öz dövründə, həm də müasir dövrdə müxtəlif sənət sahələrinin – klassik musiqinin, rəssamlığın, miniatür sənətinin inkişafına böyük töhfə verdiyini də bildirib.
Onu hamı sevirdi. Şövqlə ifa etdiyi “Liman”, “Saçlarına gül düzüm”, “Sən uzaq, yaşıl ada”, “Kimlər gəldi, kimlər getdi”, “Kəpənək”, “Zəfəran”, “Çay” və yüzlərlə belə mahnılarla hər kəsin qəlbini ovsunlayır, yaddaşlara əbədi həkk olunurdu.
Xalq artisti, “Şöhrət” ordenli, bir çox mükafatların laureatı, Azərbaycan estradasının banilərindən olan Mirzə Babayevin anadan olmasından 108 il ötür.
Hər dəfə M.Babayevin sənət dünyası haqqında fikirləşəndə adama elə gəlir ki, o, ifa etdiyi mahnının musiqisini də, sözlərini də özü yazıb. Sənətkarın özünəməxsus üslubu - ifa zamanı bəzən pıçıltı ilə dediyi sözlər belə dinləyicinin bütün varlığına hopur.
Mirzə Babayevin ömür kitabını vərəqlədikcə gözlərimiz qarşısında xalqımızın musiqi tarixinin unudulmaz bir dövrü canlanır. Görkəmli estrada ifaçısının Tofiq Quliyev, Emin Sabitoğlu, Rauf Hacıyev və digər bəstəkarlarla birgə yaratdığı mahnılar musiqi mədəniyyətimizin parlaq incilərindəndir. Onun repertuarında xarici ölkə xalqlarının mahnıları da yer tapmışdı.
Mirzə Əbdülcabbar oğlu Babayev 1913-cü il iyulun 16-da Bakıda, ziyalı ailəsində dünyaya göz açıb. O, 1935-1940-cı illərdə M.Əzizbəyov adına Sənaye İnstitutunun Memarlıq fakültəsində oxuyub. Böyük Vətən müharibəsini başlanması onun gələcək həyatını büsbütün dəyişdi, cəbhəyə getdi, bir çox döyüşlərdə igidliklər göstərdi. Musiqiyə böyük marağı onu 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına gətirdi. 1953-cü ildə Konservatoriya təhsilini başa vuran istedadlı müğənni vokal sənətinin incəliklərinə yiyələnərək ürəyəyatımlı səsi, gözəl ifa tərzi, dərin musiqi duyumu və yüksək səhnə mədəniyyəti ilə qısa müddətdə tamaşaçıların böyük rəğbətini qazandı.
Müğənni 30-dan artıq filmdə rol alıb. O, müxtəlif illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin estrada orkestrində, Azərbaycan Dövlət Filarmoniyasında, Azərbaycan Dövlət Konsert Birliyində çalışıb. Görkəmli estrada müğənnisi dünyanın bir çox ölkələrində yüksək ifaçılıq məharəti ilə Azərbaycanın musiqi sənətinin təbliğatçısı kimi çıxış edib, milli estrada musiqimizi çox-çox yüksəklərə qaldırıb.
Mirzə Babayevin aktyor kimi müxtəlif rolları yüksək peşəkarlıqla ifa etməsi və bənzərsiz səsi ilə kino tariximizin qızıl səhifələrini yazıb. “Kölgələr sürünür”, “Qaraca qız”, “Sən niyə susursan”, “Dəli Kür”, “Dərviş Parisi partladır”, “Qorxma, mən səninləyəm”, “Bəyin oğurlanması” filmlərindəki epizodik rolları tamaşaçının yaddaşına əbədi həkk olunub. Onun bənzərsiz ifası obrazların daha qüvvətli alınmasına əhəmiyyətli dərəcədə təsir göstərib. “O olmasın, bu olsun” filmində Məşədi İbadın mahnılarını Mirzə Babayev oxuyub. Yaxud “Onu bağışlamaq olarmı?” filmində Tərlanın mahnısı hər birimizin qəlbindədir.
Ensiklopedik biliyə malik olan Mirzə Babayevin fəaliyyətində, şübhəsiz, əsas yeri müğənnilik tutur. Çox məhsuldar yaradıcılığa malik sənətkarın 1998-2002-ci illərdə 3 diski çıxıb, 1999-cu ildə isə Heydər Əliyev Sarayında solo konserti olub.
Mirzə Babayev 2003-cü il yanvarın 13-də, ömrünün 90-cı ilində dünyasını dəyişib.
Onun milli musiqi mədəniyyəti sahəsindəki xidmətləri yüksək qiymətləndirilib, Vətənin ən yüksək fəxri adlarına layiq görülüb, bir sıra orden və medallarla təltif olub.
İllər, qərinələr keçəcək, lakin unudulmaz estrada ulduzu Mirzə Babayevin zəngin musiqi irsinin şölələri heç vaxt sönməyəcək. Bu böyük sənətkarın yaradıcılığından bir məktəb olaraq neçə-neçə nəsillər bəhrələnəcək.
Gürcüstanın populyar “Axali saunce” (“Yeni xəzinə”) ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan şairi Vaqif Bayatlı Odərin gürcü dilinə tərcümə olunmuş “Dünya söndükcə, sən görünürsən, ilahi” şeirinə və şairin yaradıcılığı haqqında məlumata səhifə ayırıb.
Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, şeirin tərcümə müəllifi şair-tərcüməçi İmir Məmmədlidir.
Qeyd edək ki, Gürcüstan Mədəniyyət Nazirliyi tərəfindən maliyyələşdirilən portal, əsasən dünya ədəbiyyatının yayını üzrə fəaliyyət göstərir. Oxucular portal vasitəsilə Çarlz Dikkens, Vladimir Mayakovski, Velimir Xlebnikov, Harold Pinter, Rolan Bart, Olqa Tokarçuk, İtalo Kalvino kimi dünya ədiblərinin əsərlərinin elektron versiyası ilə tanış olurlar.