Azərbaycanın mədəniyyət naziri Anar Kərimov iyulun 15-də Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin kitabxana və nəşriyyat işi üzrə əməkdaşlarından ibarət nümayəndə heyətini qəbul edib.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Kitab dövriyyəsi və nəşriyyatla iş şöbəsinin müdiri Akif Marifli, Milli Kitabxananın direktoru Kərim Tahirov, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və yayımlar baş idarəsinin müdiri, Türkiyə Milli Kitabxanasının direktoru Ali Odabaş, Kitabxanalar və yayımlar baş idarəsində müdir müavini Taner Beyoğlu, bölmə rəhbəri Ahmet Aldemir, mədəniyyət və turizm məsələləri üzrə mütəxəssis Fatih Özdemir və digər rəsmilər iştirak ediblər.
Nazir qonaqları salamlayaraq Türkiyə ilə Azərbaycan arasında mövcud olan yüksək səviyyəli əlaqələrdən söz açıb, dostluq və qardaşlıq münasibətlərinin mədəniyyət sahəsində əməkdaşlıqda da ön planda olduğunu vurğulayıb. Anar Kərimov ölkələrimizin mədəni əlaqələrinin gündən-günə inkişaf edərək genişlənməsindən məmnunluğunu ifadə edib.
Görüşdə iki ölkənin kitabxanaları arasında həyata keçirilən informasiya, təcrübə, kitab mübadiləsinin böyük əhəmiyyət kəsb etdiyi bildirilib.
Ali Odabaş görüşə görə təşəkkür edərək, bundan sonra da ölkəmizlə birgə layihələrin, eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində işlərin davam etdiriləcəyinə əminliyini vurğulayıb.
Eyni zamanda, görüşdə TEDA proqramı üzrə əməkdaşlıq, KOHA sisteminin öyrənilməsi, onun təcrübəsi əsasında yeni milli sistemin yaradılması və ölkəmizdə tətbiqi imkanları, Türkiyənin xalq kitabxanaları ilə Azərbaycanın mərkəzləşdirilmiş kitabxana sistemləri arasında təcrübə mübadiləsinin aparılması, həmçinin Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına Türkiyənin aparıcı nəşriyyatlarının cəlb edilməsi məsələləri müzakirə edilib.
Teatr Xadimləri İttifaqında “Mədəniyyətimiz–Tariximiz” silsiləsindən Azərbaycan mədəniyyətinin görkəmli simalarından biri Əbdürrəhim bəy Haqverdiyevə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, görkəmli ziyalılar, sənət adamları və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə ittifaqın sədr müavini, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov açaraq Ə.Haqverdiyevin keçdiyi şərəfli ömür yolu, onun milli mədəniyyətimizə bəxş etdiiyi dəyərli sənət inciləri barədə danışıb.
“2020-ci il Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illik yubiley ili idi. Bu əlamətdar tarixlə əlaqədar Prezident İlham Əliyevin 31 yanvar 2020-ci ildə imzaladığı Sərəncam çərçivəsində bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulsa da, təəssüf ki, mövcud pandemiya şəraitində teatrlarımız bundan bəhrələnə bilmədi. Ötən il Əbdürrəhim bəyin əsərlərinə yenidən səhnə həyatı verilməsi imkanı olmasa da, onun yaradıcılığı bütün zamanlarda öz aktuallığını qoruyub saxlaya bilib və öz yüksək qiymətini alıb. Əbdürrəhim bəyin adı UNESKO-nun 2020-2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilib. Bu, onun yaradıcılığına verilən yüksək qiymətin aydın təzahürüdür”,-deyə Hacı İsmayılov vurğulayıb.
Tədbirdə Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Allahverdi Məmmədli Ə.Haqverdiyevin yaradıcılığını ətraflı təhlil edib, Əməkdar artist, rejissor Nicat Kazımov yazıçının əsərlərinin teatr sənətimizin inkişafındakı rolundan və quruluş verdiyi “Pəri Cadu” tamaşasından danışıb.
Tədbirdə Ə.Haqverdiyevin əsərlərindən ibarət foto və videogörüntülər nümayiş olunub.
Ə.Haqverdiyevin nəticəsi Eldar Məlik Abbas tədbirin təşkilatçılarına və iştirakçılarına dərin minnətdarlığını bildirib. Tədbir görkəmli alim Mir Cəlal Paşayevin Əbdürəhim bəy Haqverdiyev haqqında fikirləri ilə yekunlaşıb.
Britaniyalı şahzadə Qarri Meqanın həyat yoldaşı Markl Meqan işçi adı “Pearl” olan animasiya filminin icraçı prodüseri olacaq.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə “Archewell” ictimai təşkilatının açıqlamasında bildirilib.
Qeyd olunub ki, “Netflix” platformasında nümayiş olunacaq çoxhissəli film 12 yaşlı fərasətli qızcığazın macəralarından bəhs edir. Məlumatda bildirilib ki, əsas personajın canlandırdığı obraz tarixi bir şəxsiyyətdən ilhamlanaraq götürülüb.
“Pearl adlı qəhrəman bir çox yaşıdları kimi, həyatın hər gün onun qarşısında yaratdığı çətinliklərin öhdəsindən gəlməyə çalışır. “Archewell” ictimai təşkilatının prodüserlik gücü və “Netflix” platformasının bu animasiya serialı üzərində çalışması məni çox həyacanlandırır”, - deyə məlumatda qeyd olunub.
Prezident İlham Əliyevin yanvarın 14-də Füzuli rayonuna səfəri zamanı təməli qoyulan və Füzuli rayonundan başlayaraq Şuşa şəhərinə qədər uzanan I texniki dərəcəli magistral avtomobil yolu boyunca tunellərin inşasına start verilib.
Report bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Yeni layihəyə əsasən, çətin relyefə malik olan ərazilərdə, dolaylarda inşa ediləcək körpü və tunellər hesabına yolun uzunluğu 84.6 km təşkil edəcək. Bundan başqa yeni trassa üzrə müxtəlif səviyyəli yol qovşaqlarının inşası da nəzərdə tutulub.
Dövlət başçısının iyunun 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində təməlini qoyduğu tunel də daxil olmaqla yol boyu ümumilikdə 7 tunel tikilir. İnşasına başlanılan tunellərin ümumi uzunluğu təqribən 6,3 km olacaq.
Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm studiyası” MMC-də Azərbaycan xalça sənətinin inkişafında, bu dəyərli irsin gələcək nəsillərə ötürülməsində müstəsna rolu olan Əməkdar mədəniyyət işçisi Zəhra Əliyevaya həsr olunmuş “Həyatın ilmələri” sənədli filmi istehsalata buraxılıb.
Studiyadan AZƏRTAC-a bildirilib ki, filmin çəkilişləri Bakı şəhərində, Zəhra Əliyevanın evində, Azərbaycan Milli Xalça Muzeyində, eləcə də İsmayıllı və Xızı rayonlarında aparılıb.
Film qəhrəmanın danışdığı həyat hekayəsinə əsaslanır. Filmdə qocaman sənətkar Zəhra Əliyevanın əvəzsiz təcrübəsi, yaradıcılıqla zəngin həyat yolu maraqlı rənglər və ekran həlli ilə tamaşaçıya çatdırılacaqdır. “Həyatın ilmələri”ndə, həmçinin arxiv materiallara istinad edərək unudulmaz xalçaçı rəssam Lətif Kərimov, eləcə də Cəfər Muciri və Kamil Əliyev kimi dəyərli xalçaçı rəssamlar haqqında maraqlı xatirələr xüsusi yer alacaq. Filmin çəkilişləri davam etdirilir.
Filmin ssenari müəllifi Əməkdar mədəniyyət işçisi Şirin Məlikova, rejissoru Mübariz Nağıyev, operatoru Fahir İmamquliyev, icraçı prodüseri Azad Axundov, prodüseri Əməkdar mədəniyyət işçisi Nazim Hüseynovdur.
Beynəlxalq Suluboya Cəmiyyətinin (İWS Globe) Azərbaycandakı nümayəndəliyi olan “İWS Azerbaijan”ın və Xətai Sənət Mərkəzinin nəzdində açılmış “İWS Baku Khatai Art Gallery”nin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə Xətai Sənət Mərkəzində “Su və rəng ahəngi” adlı akvarel sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov sərginin əhəmiyyətindən danışıb və akvarel sərgisi üçün işıq üzü görən kataloqu sənətsevərlərə təqdim edib.
Tədbirdə çıxış edən Azərbaycan Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov akvarel texnikasının rəssamlıqda rolundan bəhs edib və son vaxtlar keçirilən akvarel tədbirlərinin qənaətbəxş olduğunu bildirib. Sənətşünas Ziyadxan Əliyev akvarelin əsl Şərq - Azərbaycan sənəti olduğunu qeyd edib. Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin sədri Xasay Mirzəyev cəmiyyətin ölkəmizdəki fəaliyyətindən danışıb. Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov tədbir iştirakçılarını salamlayaraq Xətai Akvarel Qalereyasının qapılarının hər zaman akvarelistlərin üzünə açıq olduğunu bildirib.
Sərgidə 51 iştirakçının 100-ə qədər əsəri təqdim olunub.
Teatr Xadimləri İttifaqında “Mədəniyyətimiz–Tariximiz” silsiləsindən Azərbaycan mədəniyyətinin görkəmli simalarından biri Əbdürrəhim bəy Haqverdiyevə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, görkəmli ziyalılar, sənət adamları və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə ittifaqın sədr müavini, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov açaraq Ə.Haqverdiyevin keçdiyi şərəfli ömür yolu, onun milli mədəniyyətimizə bəxş etdiyi dəyərli sənət inciləri barədə danışıb.
“2020-ci il Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illik yubiley ili idi. Bu əlamətdar tarixlə əlaqədar Prezident İlham Əliyevin 31 yanvar 2020-ci ildə imzaladığı Sərəncam çərçivəsində bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulsa da, təəssüf ki, mövcud pandemiya şəraitində teatrlarımız bundan bəhrələnə bilmədi. Ötən il Əbdürrəhim bəyin əsərlərinə yenidən səhnə həyatı verilməsi imkanı olmasa da, onun yaradıcılığı bütün zamanlarda öz aktuallığını qoruyub saxlaya bilib və öz yüksək qiymətini alıb. Əbdürrəhim bəyin adı UNESCO-nun 2020-2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilib. Bu, onun yaradıcılığına verilən yüksək qiymətin aydın təzahürüdür”,-deyə Hacı İsmayılov vurğulayıb.
Tədbirdə Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Allahverdi Məmmədli Ə.Haqverdiyevin yaradıcılığını ətraflı təhlil edib, Əməkdar artist, rejissor Nicat Kazımov yazıçının əsərlərinin teatr sənətimizin inkişafındakı rolundan və quruluş verdiyi “Pəri Cadu” tamaşasından danışıb.
Tədbirdə Ə.Haqverdiyevin əsərlərindən ibarət foto və videogörüntülər nümayiş olunub.
Ə.Haqverdiyevin nəticəsi Eldar Məlik Abbas tədbirin təşkilatçılarına və iştirakçılarına dərin minnətdarlığını bildirib. Tədbir görkəmli alim Mir Cəlal Paşayevin Əbdürəhim bəy Haqverdiyev haqqında fikirləri ilə yekunlaşıb.