İyulun 16-da Bakı Fotoqrafiya Evində Rəssamlar və Filatelistlər İttifaqının üzvü, kolleksiyaçı Bəhruz Hüseynzadənin təqdimatında rus dilində “Azərbaycanda fotoqrafiyanın 170 illik tarixi” adlı mühazirə təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, mühazirə zamanı fotoqrafiya tarixinin müstəqil tədqiqatçısı olan B.Hüseynzadə tərəfindən Azərbaycanda fotoqrafiya sənətinin 170 illik tarixi ilə bağlı maraqlı faktlar, şəxsi kolleksiyasına daxil olan, bu günə qədər heç yerdə nümayiş edilməyən unikal fotoşəkillər və neqativlər haqqında açıqlamalar və slayd-şou formatında nümayişlər təqdim olunacaq.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ötən həftə baş tutan geniş iclasında Milli Kino Mükafatı ilə bağlı məsələyə də baxılıb.
İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev AZƏRTAC-a açıqlamasında bildirib ki, qurumun İdarə Heyətinin yekdil qərarına görə tanınmış kinooperator, Əməkdar incəsənət xadimi Rafael Qənbərov Milli Kino Mükafatına layiq görülüb. Mükafatın məbləği 2 min manatdır.
Mükafat 2 avqust Milli Kino Günündə təqdim ediləcək.
Qeyd edək ki, Milli Kino Mükafatı 2012-ci ildən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin qərarı ilə təsis edilib və Azərbaycanda ən yüksək kino mükafatıdır.
UNESCO, ICCROM və Çin Xalq Respublikası tərəfindən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 44-cü sessiyası çərçivəsində 4-cü Abidələr Menecer Forumu keçirilib. “Dünya irsinin idarə olunması – Dəyişikliklərə və davamlılığa hazır olma” mövzusunda onlayn qaydada keçirilən forumda dünyanın müxtəlif ölkələrindən 100-ə qədər abidə meneceri, o cümlədən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elsevər Məmmədov iştirak edib.
“İçərişəhər” Qoruq İdarəsindən AZƏRTAC-a bildirilib ki, forumda E.Məmmədov İçərişəhərin ümumdünya irs abidəsi kimi idarə olunması və görülən işlərə dair təqdimatla çıxış edib.
İyulun 14-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Dövlət Miqrasiya Xidməti və “For Azerbaijan” Beynəlxalq Təşkilatı tərəfindən şəhid övladları üçün təşkil olunmuş “Qaliblər düşərgəsi”nin iştirakçılarını “Yanardağ” qoruğunda qonaq qəbul edib.
AZƏRTAC xəbər verir ki, agentlik sədri bu barədə rəsmi feysbuk hesabında paylaşım edib.
Paylaşımda belə qeyd olunur: “Uşaqların dünyagörüşünün formalaşmasına müsbət təsir edən, onların bilik və bacarıqlarını inkişaf etdirən bu cür layihələrin keçirilməsi çox önəmlidir. “Qaliblər”imizlə görüşdə onlarda söhbət elədik, oynadıq, birlikdə əyləndik. İnanıram ki, dünənki gün uşaqların yaddaşında həmişə xoş və maraqlı xatirələrlə qalacaq. Vətən müharibəsində şanlı Zəfəri bizə yaşadan şəhidlərimizin övladları bizə əmanətdir. Onların qayğısına qalmaq hamımızın borcudur. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Azərbaycanın böyük xeyriyyəçisi, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin "İçərişəhər" metrostansiyasının yaxınlığında qoyulacaq heykəlinin ərazisi hasarlanır və hazırlıq işlərinə başlanılır.
Report-un əməkdaşları həmin ərazidə olub.
Ərazidə heykəlin qoyulması üçün qazıntı və fundament qoyulması işlərinə başlanacağı gözlənilir.
Ötən ildən hazır olan heykəlin ucaldılması pandemiya səbəbindən ertələnmişdi.
Xatırladaq ki, ötən il martın 1-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüş keçirilmişdi. Həmin görüşdə əməkdar artist Bəhram Bağırzadə tərəfindən Hacı Zeynalabdin Tağıyevin Bakıda heykəlinin ucaldılması barədə təklif səsləndirilmişdi.
Daha sonra Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan etmişdi. Xalq rəssamı Xanlar Əhmədovun layihəsi qalib olmuşdu.
Bu gün “İrs” silsiləsi çərçivəsində nəşr edilən “Salam, Azərbaycan!” və “Şəki - gözəlliyin sehri” adlı kitabların təqdimat mərasimi keçirilib.
Report xəbər verir ki, tədbirdə mədəniyyət naziri Anar Kərimov və ictimaiyyət nümayəndələri iştirak edib.
Anar Kərimov bildirib ki, bu layihə Azərbaycan mədəniyyətini nəinki ölkədə, eləcə də bütün dünyada tanıdılmasına xidmət edir: "Bu kitabda Azərbaycanın təbiəti, mədəniyyəti, gözəlliyi əks olunub. Bu kitabın beynəlxalq səviyyədə tanıdılması istiqamətində uğurlu layihədir. Ümid edirik ki, xaricdəki insanlar bu kitablardan ilhamlanaraq ölkəmiz haqqında daha dolğun məlumat alacaq və yaxından tanış olmaq istəyəcəklər. Kitabların hazırlanması, məlumatların yoxlanılması böyük əziyyətdir, ona görə nəşrlərin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdaram".
Qeyd edək ki, "Irs" silsiləsi çərçivəsində hazırlanan “Salam, Azərbaycan!” və “Şəki - gözəlliyin sehri” adlı kitablar mədəni irsimizin müxtəlif sahələrini əks etdirən və indiyədək hazırlanmış silsilə kitabların davamı kimi qiymətləndirilir.
İyulun 16-da Həştərxanda “Rus mədəniyyəti beynəlxalq məkanda (xaricdəki rus dili və mədəniyyəti mərkəzlərinin iş təcrübəsi)” mövzusunda onlayn görüş keçiriləcək.
Həştərxan vilayəti Mədəniyyət və Turizm Nazirliyinin, habelə Həştərxan vilayəti Beynəlxalq Əlaqələr Agentliyinin dəstəyi ilə N.K.Krupskaya adına vilayət elmi kitabxanasında keçiriləcək görüşün təşkilatçıları “Xəzər-Avrasiya” Beynəlxalq və İctimai-Siyasi Araşdırmalar Mərkəzi və Rusiya Gənclər Hökumətləri Assosiasiyasıdır.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, təşkilatçıların fikrincə, bu onlayn diskussiyanın məqsədi Xəzəryanı ölkələrdə, MDB-də və uzaq xarici ölkələrdə təhsil və mədəni əlaqələri inkişaf etdirmək, xaricdə rus dili və mədəniyyəti mühitini dəstəkləməkdir.
Onlayn görüşün gündəliyində aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulur: beynəlxalq humanitar məkanda rus mədəniyyətinin və rus dilinin yeri; xaricdə rus dili: tendensiyalar, çağırışlar və artım nöqtələri; xaricdə rus mədəniyyətinin dəstəkləməsinin səmərəli vasitələri; rus dili və mədəniyyəti mərkəzlərinin və rus icmalarının iş təcrübəsi.
Gözlənildiyinə görə, onlayn görüşdə Rusiya tərəfdən Həştərxan vilayətinin mədəniyyət və turizm naziri Olqa Prokofyeva, Həştərxan vilayəti Beynəlxalq Əlaqələr Agentliyinin rəhbərinin müavini İlya Toropitsın, N.K.Krupskaya adına Vilayət Elmi Kitabxanasının direktoru Svetlana Qanina, Rusiya Gənclər Hökumətləri Assosiasiyasının Beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Rinat Qubaydullayev, Həştərxan vilayəti Strateji Təşəbbüslər Agentliyinin nümayəndəsi, İmperator Fələstin Pravoslav Cəmiyyətinin regional bölməsinin sədri Aleksandr Solovyov iştirak edəcək.
Tədbirdə spikerlər qismində Azərbaycan, Qazaxıstan, Özbəkistan, Serbiya, İspaniya, Türkiyə və Mərakeşin rus dili və mədəniyyəti mərkəzlərinin rəhbərləri də iştirak edəcəklər.
Tədbirdə iştirak etmək üçün sifarişlər caspian-eurasia@yandex.ru elektron poçtu qəbul edilir.
“YARAT” Müasir İncəsənət Mərkəzində təşkil edilən "Özünsən!" adlı sərgi davam edir.
AZƏRTAC xəbər verir ki, rəssam Rəşad Ələkbərovun eksperiment çərçivəsindən kənara çıxmış multidistiplinar fərdi sərgisi olan sərginin iş rejimi çərşənbə axşamı və bazar günü saat 12:00-dan 22:00-dəkdir.
Sərgi, rəssam yaradıcılığında müxtəlif materiallarla yeni təcrübə olmaqla yanaşı, onun praktikasını yeni və gözlənilməz tərzdə təqdim edir. İmmersiv layihədə rəssamın “YARAT”ın sifarişi ilə hazırladığı yeni heykəl və instalyasiyaları nümayiş olunur.
Sərgi rəssamın tamaşaçı ilə səssiz, lakin düşünməyə vadar edən bir dialoqudur. Bu dialoqun baş tutmasının əsas açar elementi labirintdir. O, insanı həqiqətə-özünüdərketməyə aparan yol simvolu kimi hərəkət, yenilənmə və yeni doğuluş ideyasından çıxış edir. "Makqaffin effekti"ni nəzərdə tutaraq, rəssam labirint kontekstindən çıxış edir və əşyanın/hadisənin deyil, prosesin/yolun önəmli olduğunu vurğulayır. Alleqoriya və metaforalar dili ilə danışan instalyasiyalar insan varlığının ən dərin qatlarına baş vuraraq, ikimənalı fikirləri üzə çıxarır. Bu anlayışdan qaynaqlanaraq, rəssamın bəşəriyyət və cəmiyyət, yaranış və varlıq, yaddaş və xatirə, etiqad, siyasi strukturlar, kitç mədəniyyətinə əsaslanan müraciəti və onun istinadlarının əsas ünvanı məhz insanın özüdür.
Sərgi, labirint mövzusunun adaptasiyasından daha çox, onun transformasiyası və ideyasının genişləndirilməsini əks etdirir. Bu "səyahətdə" müxtəlif "alətlərdən" istifadə edərək, rəssam keçmiş və baş verən proseslərdən danışır. Labirintin əsas obrazlarından biri, Krit çarı Minosun qızı – Ariadnanın qırmızı sapına istinadən, rəssam labirint boyunca yönəldici mesajlar yazır. Bu mesajlar sərgidə olan əsərlərin başa düşülməsində köməkçi vasitə və layihə konseptinə tabe olmaq fikirləri kimi səsləndirilir. Avropa dəyərlərini mədəni və mənəvi prizmadan açıqlayaraq, rəssam Şərq fəlsəfi fikri və mifologiyası ilə kəsişən paralellər qurur. Avtobioqrafik elementlərin mövcud olduğu əsərlərdə, rəssam xatirə və yaddaş mövzusuna toxunur. Bu leytmotivi təşkil edən komponentlərə uşaqlıq oyunlarından tutmuş, postsovet ölkəsinin məişətinə qədər olan fraqmentlər aiddir. Yığılmamış pazlın hissələri kimi bu fraqmentlər bütün labirint boyunca səpələnib. "Mən burada olmuşam" kəlməsi isə Ələkbərovun Venesiya Biennalesindəki layihəsini xatırladaraq, həm də lokal xarakterli submədəniyyətlərə istinadıdır.
Sərginin kuratoru Fərəh Ələkbərlidir.