Sabirin heykəli... Nərimanovun heykəli... Bakıda bu heykəlləri görməyən, bu heykəllərin qarşısında dayanıb onlara tamaşa etməyən tək-tək adam olar. Görürük, tamaşa edirik, amma çox vaxt onları yaradanın kim olduğunun fərqinə varmırıq. Bu bənzərsiz sənət əsərlərinin müəllifi Cəlal Qaryağdıdır.
AZƏRTAC xəbər verir ki, bu gün tanınmış heykəltəraş, Xalq rəssamı Cəlal Qaryağdının anadan olmasından 106 il ötür.
Cəlal Qaryağdı 1915-ci il iyulun 15-də Şuşa şəhərində anadan olub. Şuşanın məşhur Qaryağdılar nəslinin nümayəndəsi, böyük xanəndə Cabbar Qaryağdıoğlunun qardaşı oğludur. Erkən yaşlarında ata-anasını itirib, onu xalası ilə nənəsi böyüdüb. 1927-ci ildə Cəlal Bakıya gəlib. Burada Rəssamlıq məktəbinə qəbul olunur. Sonra təhsilini Tbilisi Rəssamlıq Akademiyasında (1932-1935) davam etdirir, lakin maddi imkansızlıq ucbatından təhsilini yarımçıq qoyaraq Bakıya qayıdır. Ötən əsrin 30-cu illərində qəzetlərdə rəssam, həm də Rəssamlıq məktəbində müəllim olaraq çalışır. 40-cı illərdə heykəltəraşlıq əsərlərini yaratmağa başlayır.
Gəncliyi müharibə illərinə təsadüf etdiyindən, bu, yaradıcılığında da öz izlərini qoyub. Bir neçə əsərinin adını çəkmək kifayətdir. Təyyarəçi Adil Quliyevin büstü, tank qoşunları general-mayoru Həzi Aslanovun, snayper Ziba Qəniyevanın portretləri. Cəlal Qaryağdının müəllifi olduğu digər portretlər – Bülbül, Rəşid Behbudov, Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Niyazi kimi məşhur insanların silsilə portretləri zamanında böyük maraqla qarşılanmışdı.
Qaryağdı yaradıcılığında Mirzə Ələkbər Sabirin abidəsi xüsusi yer tutur. Bunun maraqlı bir tarixçəsi var. 1920-ci illərdə indi gördüyümüz heykəlin yerində Sabirin betondan hazırlanmış heykəli qoyulmuşdu. Müəllifi Y.Keylixıs olan bu abidə çox keçmədən ovulub tökülməyə başlayır və texniki cəhətdən yararsız vəziyyətə düşür. Onun yenisi ilə əvəzlənməsi Cəlal Qaryağdıya həvalə olunur. Beton heykəl 1958-ci ildə indi gördüyünüz heykəllə əvəzlənir.
Cəlal Qaryağdı yaradıcılığının nişanələrinə təkcə Bakıda deyil, respublikanın müxtəlif şəhər və rayonlarında da rast gəlmək olar. Şair Səməd Vurğunun Qazaxda, kimyaçı alim Yusif Məmmədəliyevin Ordubadda ucaldılmış abidələri bu qəbildəndir. Səməd Vurğunun Fəxri xiyabandakı məzarüstü abidəsinin müəllifi də Cəlal Qaryağdıdır.
C.Qaryağdı heykəltəraşlığın müxtəlif janrlarında – monumental heykəl, portret, büst, qorelyef, barelyef və s. bir-birindən maraqlı əsərlər yaradıb. Görkəmli tişə ustasının yaradıcılığının səciyyəvi xüsusiyyətləri kimi, obrazların mahiranə plastik həllini, kompozisiya bitkinliyini, yaradıcılıq manerasının genişliyini, surətlərin fərdi xarakterlərinin ustalıqla açılmasını, heykəltəraşın özünə qarşı yaradıcılıq tələbkarlığını və s. xüsusiyyətləri qeyd etmək olar.
Heykəltəraş 1954-cü ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 1960-cı ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb.
Görkəmli sənətkar 2001-ci ildə vəfat edib.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası, Nəsimi rayon Gənclər və İdman idarəsi, Azərbaycan İstiqlal Muzeyinin təşəbbüsü və birgə təşkilatçılığı ilə Tovuz döyüşlərinin ildönümünə həsr olunmuş “Tarix yazan qəhrəmanlar” adlı onlayn tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə milli ordunun zabitləri, gizir, əsgər anaları və müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçular iştirak ediblər.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev Tovuz döyüşləri ilə bağlı öz fikirlərini bölüşüblər.
Tovuz döyüşləri ərəfəsində mərmi partlayışı zamanı həlak olan mülki vətəndaş Tovuz rayonu Ağdam kənd sakini Əziz Əzizovun qızı Zərnişan Əzizova və Tovuz döyüşləri şahidi Vüqar Quluyev bildiriblər ki, Tovuz döyüşləri xalqın qəlbində olan vətənpərvərlik hissinin, Vətənə, torpağa olan sevgisinin yenidən dirçəlməsinə səbəb olub və bizim böyük zəfərə olan yolumuzu aydınladıb.
Rusiyanın tanınmış “Zemlyane” qrupunun klassik heyəti bu vaxta qədər qrupda fəaliyyət göstərmiş ifaçılarla bərabər müştərək konsert proqramı üzərində işləyəcək.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə kollektivin bədii rəhbəri və eks zərbçisi Vladimir Kiselyov məlumat verib.
“Təssüflər olsun ki, özlərini “Zemlyane” qrupunun musiqiçiləri adlandıran “Leytenant Şmidtin övladları” həddindən artıq çoxdur. Konsert proqramına yalnız bu brend altında son 10 il ərzində çıxış etmiş ifaçılar daxil ediləcək. Biz rok qruplarını bir daha düşünməyə çağırırıq, onların özlərini belə adlandırmağa haqqı çatırmı? Tək dostum İqorun bizim üçün yazıdığı mahnılar konsertin müddətini 2 saata qədər artırmağa kifayət edir”, - deyə V.Kiselyov bildirib.
Qeyd edək ki, “Zemlyane” qrupu özünün pik nöqtəsinə ötən əsrin 80-ci illərində çatıb. O zamanlar qrup, sovet estrada səhnəsində ilk dəfə olaraq rok musiqisi ifa edənlərdən biri idi. “Arzuna inan”, “Yer, məni bağışla”, “Kaskadyorlar”, “Evin qarşısındakı çəmənlik” kompozisiyaları indi kollektivin vizit kartına çevrilib.
İyulun 15-də Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin kitabxana və nəşriyyat işi üzrə mütəxəssislərindən və Türkiyə Milli Kitabxanasının direktorundan ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər. Daha sonra Milli Kitabxanada olan qonaqlar “Heydər Əliyev guşəsi”, “Beynəlxalq Əməkdaşlıq zalı”, “Nadir kitablar və kitabxana muzeyi”, sərgi zalı, kitabxana fondu ilə tanış olublar.
Sonra Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Milli Kitabxananın birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi və Yunus Əmrə: ortaq dəyərlərimiz” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlayıb. Onları Milli Kitabxanada görməyindən məmnun olduğunu bildirib. Direktor çıxışı zamanı bu ilin ölkə prezidenti İlham Əliyev tərəfindən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə “Nizami Gəncəvi İli” elan edilməsinin əhəmiyyətindən danışıb.
Direktor qeyd edib ki, Yunus Əmrənin Türkiyə-Anadolu ədəbiyyatı tarixində olduğu kimi, Azərbaycan poeziyasının inkişafında da özünəməxsus yeri vardır. Yunus Əmrə məhz qədim ozan şerimizin yetişdirdiyi kamil sənətkar, aşıq-ozan olub, zəmanəsinin və sonrakı dövrlərdəki aşıq poeziyasının inkişafında mühüm rol oynamış şəxsiyyətdir.
Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli bildirib ki, istər Nizami Gəncəvi, istərsə də Yunus Əmrə türk dünyasının, ədəbiyyatının görkəmli simalarındandır.
AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli məruzə ilə çıxış edib. Məruzəsinə Füzulidən beyt ilə başlayan akademik bildirib ki, həm Nizami Gəncəvi, həm də Yunus Əmrə türk dünyasının dahi mütəfəkkirlərindəndir. XII əsrdə yaşamış Nizami, XIII əsrdə yaşamış Yunus Əmrə yaradıcılığında ortaq cəhətlər vardır. Belə ki, hər iki şairin yaradıcılığında tanrıya dərin məhəbbət, insan sevgisi, eləcə də kamil insan mövzusu mühüm əhəmiyyət kəsb edir. Onların əsərlərinin əsas motivində kamil insan durur. Hər iki şair türkləri mərd, cəsur, insanpərvər şəxs kimi tərənnüm ediblər. Teymur Kərimli onu da qeyd edib ki, Nizami Gəncəvi ilə Yunus Əmrə yaradıcılığının əsas fərqli xüsusiyyəti ondan ibarət idi ki, Nizami farsca, Yunus Əmrə isə türk dilində yazıb yaratmışdır. Lakin Nizaminin əsərlərinin farsca olması onu bizdən uzaqlaşdırmır, onun əsərlərində türkçülük, insanpərvərlik, türk ideyaları hiss olunur. Həmçinin o, bildirib ki, Nizami Gəncəvi türkcə düşünüb farsca yazan şairlərimizdən biridir.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar baş idarəsinin müdiri, Türkiyə Milli Kitabxanasının direktoru Əli Odabaş çıxış edərək qardaş Azərbaycanda, eləcə də Milli Kitabxanada olmalarından şad olduqlarını bildirib. O qeyd edib ki, bu il Azərbaycanda Nizami Gəncəvinin anadan olmasının 880 illik münasibətilə “Nizami Gəncəvi İli”, Türkiyədə isə Yunus Əmrənin vəfatının 700 illiyi münasibətilə “Yunus Əmrə İli” elan olunub. Hər iki şair türk millətinin, türk dünyasının görkəmli şəxslərindəndir. O bildirib ki, türk dünyasının Dərviş Yunus Əmrə adlandırdığı Yunus Əmrə yaradıcılığında saf ana dilində yazdığı şeirlər daha ön planda olub.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşı Afət Kazımbəyli çıxış edərək bildirib ki, türk dünyasının hər iki mütəfəkkiri öz yaradıcılıqlarını bizlərə miras buraxıblar. Azərbaycanda “Nizami Gəncəvi İli”, Türkiyədə “Yunus Əmrə İli”nin qeyd olunması hər iki ölkə başçısının mədəniyyətə, ədəbiyyata verdiyi önəmin bir hissəsidir. O bildirib ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu da bir sıra layihələr həyata keçirib. Bunlardan biri də Üç Ozan layihəsidir ki, həmin layihə də Yunus Əmrə, Aşıq Ələsgər və M.Cumabayevi əhatə edir.
Tədbirin sonunda Azərbaycan Milli Kitabxanasının Kitabxana-informasiya xidməti və beynəlxalq əlaqələr üzrə direktor müavini Ədibə İsmayılova “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi”, “Yunus Əmrə” adlı virtual sərgiləri və “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” adlı elektron məlumat bazasını qonaqlara təqdim edib.
Daha sonra Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemləri, Beynəlxalq Kitab Eyniləşdirmə Standartları (İSBN, İSSN və s.) təcrübə mübadiləsi ilə əlaqədar işgüzar görüş keçirilib. Görüş zamanı qonaqlar Türkiyə kitabxanaları, tətbiq olunan avtomatlaşdırma sistemləri, yaradılan yeni formalı kitabxanalar barədə öz təcrübələrindən danışıblar. Həmçinin, Mədəniyyət Nazirliyinin, Milli Kitabxananın əməkdaşları və Türkiyəli qonaqlar İSBN, İSSN Beynəlxalq Standart nömrələri barədə fikir mübadiləsi aparıblar.
Türkiyəli qonaqlar “Dünya mirası İstanbul”, “Osmanlı resim sanatı” və xüsusi suveniri Milli Kitabxanaya hədiyyə ediblər.
İyulun 15 də “Azərkitab” Kitab Təbliğatı Mərkəzində "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin təqdimatı keçirilib.
"Dədə Ələsgər Ocağı" İctimai Birliyinin sədri Xətai Ələsgərov qurumun fəaliyyətinin əsas məqsədlərindən danışdı. Bildirdi ki, Aşıq Ələsgər irsini və aşıq sənətinin təbliği, gənc nəslin milli ruhda tərbiyə olunması üçün milli dəyərlərimizin təbliği, beynəlxalq analoji qurumlarla əlaqələrin qurulması qarşıya qoyulan əsas vəzifələrdəndir.
Tədbirdə Aşıqlar birliyinin sədri Məhərrəm Qasımlı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əziz Ələkbərli, Milli Məclisinin deputatı Məlahət İbrahimqızı, Ələsgərşünas alim Fəxrəddin Salim, filologoya elmlər namizədi, əməkdar mədəniyyət işçisi Elxan Məmmədli, Ələsgər tədqiqatçısı, Nağdəli Zamanov, Dədə Ələsgərin nəticəsi Şamama Ələsgərli, Dədə Ələsgər Ocağı ictimai birliyinin humanitar məsələlər üzrə sədr müşaviri Güllü Eldar Tomarlı, Səməd Vurğun poeziya evinin rəhbəri Zərəngiz Mansurova, sənətşünas aşıq Fəzail Miskinli çıxış edərək Dədə Ələsgər irsinin araşdırılmasında Azərbaycan Respublikası prezidenti Cənab İlham Əliyevin 18 fevral 2021 ci il sərəncamının böyük əhəmiyyətinin olduğunu vurğuladılar. Qurumun fəaliyyətində uğurlar arzuladılar.
Sonda "Dədə Ələsgər Ocağı" ictimai birliyinin sədri Xətai Ələsgərov gələn qonaqlara və Aşıq Ələsgərin 200 illiyinin keçirilməsi üçün imzalanan sərəncama görə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə həm birliyin adından, həm də Dədə Ələsgərin qohumları adından dərin təşəkkürünü bildirdi.
Qazaxıstan hökuməti Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun maliyyələşdirilməsi ilə bağlı protokolu təsdiqləyib.
Fonddan AZƏRTAC-a bildirilib ki, “Üzv Dövlətlərin Fondun Büdcəsinə Məcburi Ödənişlərinin Həcminə dair Protokol”un təsdiqlənməsi ilə bağlı sənəd Qazaxıstan Respublikasının Baş naziri Askar Mamin tərəfindən imzalanıb.
Sənəddə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun 28 noyabr 2020-ci ildə İstanbulda imzalanan “Üzv Dövlətlərin Fondun Büdcəsinə Məcburi Ödənişlərinin Həcminə dair Protokolu”-nun təsdiq edilməsi və bu qərarın imzalandığı gündən qüvvəyə minməsi qeyd edilir.
Protokola əsasən, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun büdcəsi təşkilata üzv olan ölkələrin ödənişləri əsasında formalaşdırılacaq.
Qeyd edilməlidir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü, Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlət başçılarının dəstəyi ilə yaradılıb. Fondun maliyyələşdirilməsi ilə bağlı protokol Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən artıq təsdiqlənib.
Azərbaycan Turizm Bürosunun nəzdindəki Turizm Təlim və Sertifikasiya Mərkəzinin 16 təlimçisinə təşəkkürnamələr təqdim olunub.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, təlimçilər komanda işi, yerli qastronomiyanın əsasları, turizm bələdçiləri üçün aktyorluq və təqdimat bacarıqları, rəqəmsal marketinq, onlayn satış platformalarından səmərəli istifadə, ünsiyyət bacarıqları, mətbəx təhlükəsizliyi, hotellər üçün sosial media, satış və marketinqin əsasları, gəlirin idarə edilməsi, emosional zəka, liderlik bacarıqları və digər mövzular üzrə təlimləri tədris ediblər.
Təşəkkürnamələr Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid tərəfindən təqdim edilib.
Qeyd edək ki, Turizm Təlim və Sertifikasiya Mərkəzinin məqsədi xidmət keyfiyyətinin yüksəldilməsi üçün ixtisaslaşmış kadrlar hazırlamaq, sənaye nümayəndələrini təlimə cəlb etməklə ölkədə turizm haqqında məlumatlılığı artırmaq, turizm sektorunda məşğulluğa töhfə və turizmin uzunmüddətli inkişafını təmin etməkdir.
Mərkəz iştirakçılara kurslarını bitirdikdən sonra təlimdə iştirak və ya praktiki bacarıqların inkişaf ilə bağlı sertifikatlar təqdim edir, eləcə də onların əmək bazarında rəqabətə uyğunlaşmasına imkan yaradır.
Turizm Təlim və Sertifikasiya Mərkəzi tərəfindən indiyədək 444 iştirakçıya 28 təlim keçirilib və onlardan 330 nəfər sertifikatla təltif olunub.
Layihənin həyata keçirilməsində əsas tərəfdaşlar kimi Peşə Təhsili üzrə Dövlət Agentliyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ), Azərbaycan Hotel Assosiasiyası (AHA), Amerika Hotel və Yerləşdirmə üzrə Təhsil İnstitutu (AHLEI), “JW Marriot Absheron” və “Abşeron Hotellər Qrupu” çıxış edir.
Rejissor Şamil Əliyevin “Yaradanlar” bədii-sənədli filmi “Vesuvius İnternational Film Festival 2021”in (Napoli, İtaliya) münsiflərinin xüsusi mükafatına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, “Yaradanlar” filmi dahi memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılığı fonunda XX əsrdə kommunist ideologiyasının Azərbaycan mədəni irsinə, əxlaqına vurduğu şiddətli zərbənin araşdırılmasından bəhs edir. 1937-ci il repressiyasında onların qohumlarından olan ziyalıların əksəriyyəti məhv edildi. Mikayıl Hüseynov və Sadıq Dadaşov ömürlərinin bir hissəsini qorxu və mənəvi sıxıntılarla yaşamağa məcbur oldular.
Filmdə o da diqqətə çatdırılır ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə ziyalıları rejimin təqiblərindən qoruyaraq onların yaşayıb-yaratması üçün qayğısını əsirgəməyib.
COVID-19 pandemiyası ilə əlaqədar müsabiqələrin nəticəsi onlayn formatda elan olunub.
Qeyd edək ki, “Yaradanlar” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnamə” studiyasında 2020-ci ildə istehsal olunub. Filmin ssenari müəllifi Natiq Rəsulzadə, operatoru Rüfət Süleymanov, bəstəkarı Azər Əsgərov, rəssamı Lalə Hüseynzadə, prodüseri Nazim Hüseynovdur.