Noyabrın 25-27-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin təşkilatçılığı ilə “Nizami Gəncəvi “Xəmsə”sinin Şərq, Qərb ədəbi-mədəni əlaqələri sistemində yeri və yaratdığı yeni istiqamətlər” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Bu barədə AZƏRTAC-a Ədəbiyyat Muzeyindən məlumat verilib. Bildirilib ki, konfransda iştirak etmək istəyənlər tezisləri sentyabrın 1-dək nizamimuzeyikonfrans@mail.ru ünvanına göndərə bilərlər.
Tədbir Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunacaq. Konfrans “Nizami Gəncəvi irsi və Avropa ədəbi-mədəni mühiti”, “Sələflər və xələflər – Nizami Gəncəvinin Şərq və Qərb qaynaqları, Şərq və Qərb ədəbiyyatlarında Nizami təsiri”, “Nizami şəxsiyyəti və irsinin beynəlxalq miqyasda tədqiqi, nəşri və təbliği problemləri”, “Nizami əsərlərinin əlyazmaları və “Xəmsə”yə çəkilmiş miniatürlər dünya kitabxana və arxivlərində”, “Nizami ədəbi məktəbi: başlıca xüsusiyyətləri, aparıcı simaları, qovuşduruculuq missiyası”, “Nizami və Azərbaycan ədəbiyyatı”, “Nizami “Xəmsə”si və “Divan”ının müxtəlif dillərə tərcüməsi problemləri”, “Nizaminin fəlsəfi dünyası Xəmsə” əxlaqi və mənəvi dəyərlər toplusu”, “Nizami “Xəmsə”si ensiklopedik biliklər və miqyaslı ədəbi düşüncə mənbəyi kimi”, “Nizami irsi və klassik Şərq ədəbiyyatında forma, janr və poetika məsələləri”, “Nizami irsi Azərbaycan və dünya incəsənəti müstəvisində” bölmələri üzrə təşkil olunacaq.
Rusiya Federasiyasının Başqırdıstan Respublikasında VI Dünya Folkloriadası keçirilib.
AZƏRTAC xəbər verir ki, dünyanın 37 ölkəsinin təmsil olunduğu folkloriadada Azərbaycandan “Ritm” rəqs qrupu iştirak edib.
Folklor Festivalları və Xalq Sənətkarlığı Təşkilatları Beynəlxalq Şurasının (CİOFF) himayəsi altında keçirilən Dünya Folkloriadası dörd ildən bir təşkil edilir. Folkloriada Başqırdıstanda 2020-ci ildə keçirilməli idi, lakin COVID-19 səbəbindən təxirə salınmışdı.
Folklor festivalı pandemiya ilə bağlı ciddi ehtiyat tədbirləri alınmaqla gerçəkləşib. COVID-19-a yoluxma aşkarlanan iki heyət – Özbəkistan kollektivi və Moskvanın “Qjel” rəqs qrupu folkloriadadan kənarlaşdırılıb.
Folkloriadanın konsert proqramları Başqırdıstanın paytaxtı Ufada və 22 bələdiyyədə keçirilib. “Ufa-Arena”da təşkil olunan təntənəli açılış mərasimində 37 ölkədən iştirakçıların milli geyimdə möhtəşəm keçidi olub.
Azərbaycanı təmsil edən “Ritm” rəqs qrupu bir neçə şəhərdə çıxış edib. Yerli sakinlər kollektivi çox səmimi qarşılayıb, təqdim edilən proqramdan zövq alıblar. Azərbaycan diasporunun çoxsaylı nümayəndələri də onları dəstəkləməyə gəliblər.
Başqırdıstanda VI Dünya Folkloriadası dünya rekorduna da imza atıb. İlk dəfə olaraq 37 ölkədən 71 millətin təmsilçiləri yallı gediblər. Bu günlərdə Ufada olan əcnəbi turistlər də onlara qoşulublar. Yallıda ümumilikdə 2700 nəfər iştirak edib.
Nazirlər Kabineti ictimai nəqliyyatın fəaliyyətinə dair qərar qəbul edib.
Report xəbər verir ki, Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edib.
Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında həftəsonları, o cümlədən iyulun 17-də ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması müəyyən edilib.
Məlum olduğu kimi, Nazirlər Kabinetinin 2021-ci il 1 iyul tarixli 194 nömrəli Qərarı ilə iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib və 18-21 iyul tarixləri qeyri-iş günü olaraq müəyyən edilib.
Bu baxımdan, 17 iyul tarixinin iş günü olduğunu nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən həmin tarixdə ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin bərpa olunması barədə qərar qəbul edilib.
Digər dəyişikliyə əsasən, 18 iyul saat 00:00-dan 22 iyul saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.
“Şənlik mərasimlərində koronavirus (COVID-19) infeksiyasının idarə olunmasına dair metodiki göstərişlər” təsdiqlənəcək.
Report xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, Azərbaycanın baş dövlət sanitariya həkiminə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə uyğun olaraq “Şənlik mərasimlərində koronavirus (COVID-19) infeksiyasının idarə olunmasına dair metodiki göstərişlər”i təsdiq edilməsi tapşırığı verilib.
Şənlik mərasimləri keçirilən obyektlərin fəaliyyəti təsdiq ediləcək metodiki göstərişlərin tələblərinə uyğun təşkil olunacaq.
İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) baş qərargahında təşkilatın Baş direktoru Salim bin Məhəmməd Əl-Malik və Azərbaycanın Mərakeşdəki səfiri Oktay Qurbanov arasında keçilirmiş görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub.
ICESCO-nun baş qərargahından AZƏRTAC-a bildiriblər ki, görüşdə əsas müzakirə mövzusu Şuşa şəhərinin 2022-ci ildə İslam dünyasının Asiya regionu üzrə mədəniyyət paytaxtı elan olunması üzrə təşkilatın irəli sürdüyü təşəbbüs olub. Salim bin Məhəmməd Əl-Malik qeyd edib ki, onun rəhbərlik etdiyi təşkilat bu mühüm təşəbbüsün yüksək səviyyədə həyata keçirilməsi üçün lazım olan bütün tədbirləri görəcək. O əlavə edib ki, Şuşanın İslam Dünyası Mədəniyyət Paytaxtı tədbirləri çərçivəsində ICESCO-nun Azərbaycanda regional ofisinin açılması da nəzərdə tutulur. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə İslam irsi abidələrinin müəyyən edilməsi və onların İslam Dünyası İrsi Siyahısına salınması istiqamətində texniki ekspert heyətinin də səfəri həyata keçiriləcək. Heyətin üzvləri Azərbaycanın uyğun strukturları ilə birlikdə tarixi abidələrin bərpası üzrə planın layihəsi üzərində işləyəcəklər.
Görüşdə Azərbaycanla ICESCO arasında elm, təhsil və mədəniyyət sahələrində həyata keçirilən digər layihələr ətrafında da fikir mübadiləsi aparılıb.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası yay aylarında oxuculara yeni layihə ilə bağlı müraciət edib.
İdarədən AZƏRTAC-a bildirilib ki, tətilə buraxılan məktəblilər, yuxarı sinif şagirdləri, müxtəlif yaş qruplarından olan oxucular köhnəlmiş, sıradan çıxmış dərslik, dərs vəsaiti, testləri və s. gətirib kitabxanaya təhvil verməklə təzə, maraqlı kitablar əldə edə biləcəklər.
Layihənin əsas məqsədi təbiəti qorumaq, kitaba olan marağı daha da artırmaq, oxucuların asudə vaxtını daha da səmərəli təşkil etməkdən ibarətdir. Təhvil alınan kağız kütləsinin “Təkrarxammalehtiyat” İB-nə verilməsi nəzərdə tutulub.
Gürcüstanın Tbilisi şəhərinin meri Kaxa Kaladzenin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfər çərçivəsində İçərişəhəri ziyarət edib.
AZƏRTAC xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov tərəfindən qarşılanan qonaqlar Bakı Xan Sarayı Kompleksinin parkı və Yeraltı hamamla tanış olub, onlara ərazidə aparılan konservasiya və bərpa işləri haqqında məlumat verilib.
Gürcüstanlı rəsmilər, eyni zamanda, “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzində də olub, burada onlar ən zərif və dəyərli əl işləri nümunələri ilə tanış olublar. Daha sonra Bakı Fotoqrafiya Evinə gələn qonaqlara binada aparılan yenidənqurma və təmir işləri barədə məlumat verilib. Həmçinin ekskursiya zamanı ziyarətçilərə Qız Qalası, Qala divarları kimi abidələrin tarixi və memarlıq xüsusiyyətləri barədə geniş arayış təqdim olunub.
Nümayəndə heyəti qədim şəhərdən xoş və zəngin təəssüratla ayrılıb.
Ankarada Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın dövlət müstəqilliklərinin bərpasının otuzuncu ildönümü münasibətilə “TÜRKSOY-Koşusu” at yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyət Təşkilatı (TÜRKSOY) və Türkiyə Jokey Klubu tərəfindən təşkil olunan yarışın izlənilməsində rəsmi şəxslər, o cümlədən səfirlər, Ankara ictimaiyyətinin tanınmış simaları iştirak ediblər.
“Mədəniyyət/Culture” jurnalının 2021-ci ilə aid üçüncü nömrəsi işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, elmi-metodiki, publisistik jurnalın bu nömrəsi bütövlükdə ilin möhtəşəm mədəniyyət hadisəsinə çevrilmiş "Xarıbülbül" Musiqi Festivalının Şuşada az qala üç on illikdən sonra yenidən baş tutması haqqında yazı, eləcə də bu milli özünüdərk bayramının bəzi iştirakçılarının festival və Şuşa təəssüratları ilə açılır.
İlin əvvəlindən başlayan “Mədəniyyətdən əbədiyyətə”, "Səhnədən hərb meydanına" layihələri bu dəfə də mülki həyatdakı öz mədəniyyət və incəsənətlə bağlı peşə vərdişlərini hərbçi əzmi və qətiyyəti ilə əvəzləyən Vətən müharibəsinin şəhid, qazi və veteranlarının cəbhə yolundan bəhs edir.
Müqəddəs Vətən müharibəsindəki Zəfərimizi vəsf edən, şanlı Qələbəmizin sevincini bizə yaşadanlara media töhfəmizin ifadəsi bununla bitmir - jurnalı vərəqlədikcə mövzu ilə bağlı daha bir neçə məqaləni oxuya biləcəksiniz. Bütün bu məqalələr "Qarabağ Azərbaycandır!" rubrikasında birləşib.
“Azərbaycan Cümhuriyyəti–103” rubrikasında bir də Ceyhun Hacıbəyliyə üz tutulub, bu dəfə onun həyat və fəaliyyətinin indiyə qədər naməlum qalan tərəflərinə nəzər salınıb.
"Ədəbiyyat" rubrikasının oxucularını Aşıq Ələsgərin 200 illik yubileyi ilində saz-söz ustadının varislərindən biri olan Xətai Ələsgərlə geniş söhbət, görkəmli alim, Azərbaycan-özbək ədəbi əlaqələrinin ilk tədqiqatçılarından Qulamhüseyn Əliyevin Özbəkistan Respublikasında iki dildə nəşr edilən kitabı haqqında rəy və digər maraqlı məqalələr gözləyir.
“Musiqi” rubrikası görkəmli vokalçı Bülbülə həsr olunmuş məqalə və X Beynəlxalq Caz Günü ənənəsinin Azərbaycanda əks-sədası ilə səslənir.
Jurnalın “Teatr” rubrikasındakı yazı Jan Lui Barro və onun "Teatr haqqında düşüncələr"inin Azərbaycan dilinə tərcüməsinin davamıdır.
“Memarlıq” rubrikasındakı “Baş tutmayan müsahibə” korifey memarımız Mikayıl Useynovun həyatının son aylarına işıq salır. “Muzeylər” rubrikası Bakıdakı Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə və Şəkidəki Şəkixanovların evinə həsr edilib.
Jurnalda işğaldan azad edilmiş ərazilərimizdə qurulmasına start verilmiş “ağıllı kənd” layihəsinin gerçəkləşdirilməsi məsələlərinə də toxunulur.
“Mədəniyyət/Culture” jurnalı həmişə olduğu kimi bu dəfə də ömrünü elmə həsr etmiş alimlərin və bu yola yenicə qədəm qoyan gənc tədqiqatçıların araşdırmalarına yer ayırır və “Elm” rubrikasında mədəniyyətin bir neçə sahəsinə aid elmi məqalələr dərc edir.
İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik nümayiş etdirdi. Şanlı ordumuz, igid Azərbaycan oğulları bir saniyə belə tərəddüd etmədən Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü müdrik siyasətə arxalanaraq doğma Qarabağın erməni təcavüzkarları tərəfindən azad olunması uğrunda döyüşlərə atıldı və tarixlərə yazılan qələbəyə imza atdı.
Respublika Gənclər Kitabxana böyüməkdə olan gənc nəslin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi yönümündə, onlarda Vətənə, xalqa, milli–mənəvi dəyərlərimizə olan sevgi və bağlılıq hisslərini inkişaf etdirmək, öz qəhrəmanlarını tanımaq və tanıtmaq kimi ali bir vəzifəni heç zaman unutmur. Məhz bu məqsədlə, Respublika Gənclər kitabxanası “Vətəni yaşadanlar” aksiyası çərçivəsində Vətən yolunda canından keçən oğullarımızın əziz xatirəsini yad etmək, onların keçdikləri odlu-alovlu döyüş yolu və gənclərə örnək həyatları barəsində informasiyanı istifadəçilərə çatdırmaq məqsədilə hər ay yubiley yaşı tamam olan Milli Qəhrəmanlar və Vətən müharibəsi qəhrəmanları haqqında məlumat bülleteni hazırlayıb oxuculara təqdim edir.
AZƏRTAC xəbər verir ki, kitabxananın tərtib etdiyi növbəti məlumat bülleteni Azərbaycanın ərazi bütövlüyü uğrunda I Qarabağ müharibəsi dövründə böyük igidliklə vuruşaraq Milli Qəhrəman adına layiq görülmüş Kərimov Kərim Məhəmməd oğlunun anadan olmasının 50, Zülfüqarov Samir Xəlil oğlunun 45, Hüseynov Sadıq Dayandur oğlunun 60 illiyi münasibətilə hazırlanıb. Müharibəyədək fərqli tale yaşayan bu qəhrəmanların döyüş meydanında göstərdikləri qəhrəmanlıqları xalqımız heç vaxt unutmayacaq .
Bülletendə qəhrəmanlar haqqında geniş məlumatlarla yanaşı, onlar haqqında söylənilən xatirələr, təltiflər, şəxsi və döyüş dönəmini əks etdirən fotoşəkillər, müxtəlif mətbuat orqanlarına, saytlara olan istinadlar da yer alıb.
Onu da qeyd edək ki, Respublika Gənclər Kitabxanası gələcəkdə də igid qəhrəmanlarımızın təbliği yönümündə fəaliyyətini davam etdirmək və bu səpkili məlumat bulletenləri hazırlamaq fikrindədir.
İstifadəçilər sözügedən məlumat bülleteninə http://ryl.az/files/qehremanlar_unudulmur.pdf linki vasitəsilə baxa bilərlər.