Mədəniyyət və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nizami Gəncəvi İli" çərçivəsində yay tətilində rəssamlıq istedadı olan uşaq və gənclərin diqqətini çəkən mənzərə, hadisə və əşyaların öz düşüncələri ilə təsvir müstəvisində əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədilə “Mənim düşüncəm-2021” adlı respublika uşaq rəsm müsabiqəsi davam edir.
Xətai Sənət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yaşı 21-ə qədər olan rəssamlar bu ilin oktyabr ayının 10-dək Xətai Sənət Mərkəzinin feysbuq qrupuna (https://www.facebook.com/groups/144172178999749/?ref=share) təqdim etdiyi əsərin fotosunu, əsərin adını, müəllifin adı, soyadı, təvəllüdü, təhsil aldığı məktəbi və əlaqə nömrəsini yerləşdirməklə müsabiqəyə qatıla bilərlər.
Əsərlər tək-tək yerləşdirilməli, məlumatlar dolğun olmalı, 2-dən çox əsər göndərilməməlidir.
Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərlər seçiləcək.
Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək.
Seçim zamanı kənar (müəllim, valideyn) müdaxiləsiz işlərə üstünlük veriləcək.
Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilərlər.
Seçim 3 yaş kateqoriyası üzrə aparılacaq və hər yaş kateqoriyasına ayrıca sərgi keçiriləcək: 11 yaşa qədər, 11-16 və 16-21 yaş arası
Birinci turdan keçmiş müəlliflərin əsərləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaq.
Əgər müsabiqənin münsiflərinin seçimlərindən narazı qalanlar olarsa (müəllim, valideyn və şagird) onlar seçimlərin elan olunduğu vaxtdan 3 iş günü ərzində xsm.2016@mail.ru e-mail ünvanına müraciət edə bilər və təyin olunmuş bir vaxtda münsif üzvünün nəzarəti ilə rəsm çəkməklə özünü təsdiq edə bilər.
Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.
Müsabiqənin yekun sərgisi Xətai Sənət Mərkəzində təşkil olunacaq.
İyulun 14-də “Artım” layihə məkanında rejissor və ssenarist Cim Carmuşun "Ölü adam" (1995) filmi təqdim ediləcək.
AZƏRTAC xəbər verir ki, xronometrajı 120 dəqiqə olan ekran əsəri “Artım” layihə məkanında davam edən "Yüyürmə! Gördüyün yalnız sərabdır" qrup sərgisi çərçivəsində nümayiş olunacaq.
Filmin qəhrəmanı mühasib Vilyam Bleyk cinayət törətdikdən sonra yaralı vəziyyətdə meşədə gizlənir. Burada o, "Heç kim" adlı qəribə hindu ilə qarşılaşır. Bu hindu, Vilyem Bleyki mənəvi dünyaya səyahətə hazırlayır.
Filmi 16 yaşdan yuxarı hər kəs izləyə bilər. Giriş sərbəstdir.
İyulun 12-də Rusiya Federasiyasının ölkəmizdəki səfirliyində Rusiya Prezidenti Vladimir Putinin Fərmanına uyğun olaraq Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyevin “Puşkin” medalı və teatrın baş rejissoru Aleksandr Şarovskinin “Dostluq” ordeni ilə təltif olunması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mədəniyyət xadimlərinə mükafatları Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov təqdim edib. O, Ə.Hacıyevin və A.Şarovskinin Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsinə və ölkəmizdə rus teatr sənəti ənənələrinin qorunub saxlanmasına böyük töhfə verdiklərini qeyd edib.
Öz növbəsində Rus Dram Teatrının direktoru və baş rejissoru, fəaliyyətlərinə verilən bu yüksək qiymətə görə Rusiya Prezidenti Vladimir Putinə dərin minnətdarlıqlarını bildirib, bundan sonra da Azərbaycanda teatr sənətinin inkişafı və iki xalq arasında humanitar əməkdaşlığın genişləndirilməsi üçün səy göstərəcəklərini qeyd ediblər.
İyulun 12-də Beynəlxalq Muğam Mərkəzində “Portret 3293” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, film general-mayor Polad Həşimovun xatirəsinə həsr olunub.
Layihənin rəhbəri və ideya müəllifi Nurana Babayeva deyib: “Ötən il xain düşmən tərəfindən Tovuz hadisələrinin törədilməsi və general-mayor Polad Həşimovun şəhid olması məni bir Azərbaycan gənci kimi çox sarsıtdı. 2020-ci ilin iyul ayından emalatxanamda generalın portretini işləməyə başladım. Polad Həşimovun portreti mənim bu janrdakı ilk işimdir. Eyni zamanda, ideyamı genişləndirərək “Portret 3293” sənədli filminin ərsəyə gəlməsinə nail olduq. 3293 rəqəmi Polad Həşimovun düşməndən aldığı postun adı, hadisələrin cərəyan etdiyi yer və dəniz səviyyəsindən 3293 metr yüksəklikdə olmasını əks etdirir. Zabit və əsgər heyəti həmin postu həm də Polad postu adlandırırdı. Qeyd edim ki, heç bir sponsorluq və maliyyə dəstəyini qəbul etmədən bu işi həyata keçirdim. Polad Həşimovun ailə üzvlərinin tövsiyələrini nəzərə alaraq layihəmi tamamladım. Filmin və portretin təqdimatı üçün etdiyim müraciətə Beynəlxalq Muğam Mərkəzi müsbət cavab verdi və layihəmin təşkilati məsələlərində mənə dəstək oldu. Bu vətənpərvərlik layihəsinin yüksək səviyyədə təqdimatına razılıq və dəstək verdiyi üçün Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyinə minnətdarlığımı bildirirəm”.
Çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib: “O insana yaxşı övlad, həyat yoldaşı deyirlər ki, valideynlərinə, ailəsinə qayğı ilə yanaşır. Ancaq elə sevgi var ki, heç düşünmədən sevdiklərimizi arxamızda qoyaraq yolunda canımızı fəda edirik. Bu uca sevginin adı ana Vətəndir. Polad Həşimov belə oğlanlardan idi. O, bütün sevdiklərindən öncə Vətəni seçib. O, tək Səmayə xanımın deyil, bütün analarımızın övladıdır. Mən bir general tanıyırdım ki, onun ən böyük arzusu ailəsi ilə deyil, Vətənlə bağlı idi. Onun Silahlı Qüvvələrin tərkibində çoxlu sayda əsgərləri var idi. Onlar Polad Həşimovdan çəkinmir, əksinə, ona hörmət edirdilər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdi. Bununla həm generalımızın qisası alındı, həm də 30 ilə yaxın həsrətini çəkdiyimiz doğma Qarabağımıza qovuşduq”.
Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd edib ki, Səmayə xanım Polad Həşimovu itirsə də, yüzlərlə oğul qazanıb. Şəhidlik insanın həyatda çata biləcək ən uca məqamdır. Müharibə bitsə də, mübarizə davam edir. Bildirib ki, xarici ölkələrdə səfərdə olarkən üzərində bir damğa hiss edirdi. Ancaq Azərbaycanın Qələbəsi xalqın qamətini düzəldib. Azərbaycanın müharibədən yeni çıxdığını deyən C.Məmmədov vurğulayıb ki, illər keçəcək hamı bu günün əzəmətini görəcək. O, ötən il Tovuzda olarkən şəhid ailələri ilə görüşündən də danışıb, valideynlərdə nigaranlıq qəm-qüssə olmadığını diqqətə çatdırıb.
Sonra Polad Həşimovun anası Səmayə xanım çıxış edib. Poladın xarakterindən bəhs edən şəhidin anası bildirib: “Polad sözündən dönməyən mərhəmətli, iradəli, hərdən öz dünyasına qapılan bir uşaq idi. Foto çəkməyi sevərdi. Kənd uşaqlarının səkillərini çəkərdi. Çox cəsarətli idi, hər şeyi öyrənməyə çalışırdı. İdmanla məşğul olaraq, özü də bilmədən özünü bu həyata hazırlayırdı. Hərbi hissədə əsgərləri onu mənim komandirim deyə çağırardı”.
Sonra “Portret 3293” sənədli filmi nümayiş olunub.
Qeyd edək ki, Film “Chelebi Media Group” tərəfindən lentə alınıb. Çəkilişlər Azərbaycan Hərb Tarixi Muzeyi, ikinci Fəxri xiyaban, Sumqayıt şəhərində Polad Həşimovun evi və Heydər Əliyev adına Ali Hərbi Məktəbdə aparılıb.
Azərbaycan Milli İncəsənət Muzeyi yenidən həftə sonları qapılarını sənətsevərlərin üzünə açır.
Muzeydən "Report"-a verilən məlumata görə, bazar ertəsi istisna olmaqla, həftənin hər günü insanlar məkanı ziyarət edə bilərlər.
Həftə sonları balaca ziyarətçilər üçün ustad dərsləri də bərpa edilib. “Bədii lövhələr” və “Milli motivlər” adlı iki fərqli proqram hazırlanıb. İlk dəfə “Bədii lövhələr”adlı ustad dərsində kiçik qonaqlar Tahir Salahovun muzeyin fondunda saxlanılan “Çiçəklənən nar” tablosu ilə yaxından tanış olacaq və əsərin “step by step” imitasiyasını yaratmaq fürsəti qazanacaqlar. Habelə övladlarınız “Milli motivlər” adlanan ustad dərsimizdə iştirak edərək maddi mədəni irsimizə yaxından bələd olacaqlar.
Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyətinin geniş tərkibdə iclası keçirilib.
"Report" xəbər verir ki, İclasda İttifaqın elan etdiyi “Qarabağ Azərbaycandır” devizi ilə qısametrajlı, tammetrajlı, sənədli və animasiya filmlərinin ssenari müsabiqəsinin nəticələri müəyyən olunub.
Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev senarilər üzrə yaradılmış münsiflər heyətinin tədbirin yekunları ilə bağlı gəldiyi nəticələr müzakirə edildiyini bildirib.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova qeyd edib ki, müsabiqəyə 48 ssenari təqdim olunub: "Təəssüf ki, müsabiqəyə sənədli film ssenarisi təqdim olunmaylb".
Ssenari müsabiəqsinin münsiflər heyətinə Əməkdar İncəsənət xadimi İntiqam Qasımzadə sədrlik edib.
Münsiflər heyətinin üzvləri Əməkdar İncəsənət xadimi Ayaz Salayev, Əməkdar İncəsənət xadimi Elxan Cəfərov, İttifaqın sədri Şəfiqə Məmmədova və Əməkdar Mədəniyyət işçisi Elçin Hami Axundov olub. Münsiflər heyəti ssenarilərin ideya səviyyəsi, dialoqların, mətnlərin üslub və bədii xüsusiyyətləri, ssenarilərin müsbət və mənfi cəhətlərini diqqətə çatdırıblar.
Münsiflər heyətinin üzvləri təəssüflə bildirib ki, təqdim olunmuş animisiya filmləri üçün ssenarilərin heç biri ideya səviyyəsinə və aktuallığına görə müəyyən olunmuş tələblərə cavab vermir.
Münsiflər təqdim edilmiş ssenarilərə qiymət verilməsində ortaq məxrəcə gələ biliblər və qalib ssenariləri elan ediblər
1. Ən yaxşı tammetrajlı film ssenarisi – “ Xəzər dalğası “: Rzayev Elnur Vahid oğlu.(Mükafatı - 5000 manat,
2. Ən yaxşı qısametrajlı film ssenarisi – “ Xarı bülbül “: Nəsibli Leyla Eyvaz qızı.(Mükafatı - 3000 manat)
Qeyd edək ki, müsabiqəsinin qalibləri olan Nəsibli Leyla Eyvaz qızı ixtisasca həkim-pediatr, Rzayev Elnur Vahid oğlu isə iqtisadçıdır.
Azərbaycanda bir neçə muğam ifaçılıq məktəbi var. Xüsusi maraq doğuran Qarabağ muğam məktəbi əsasən Şuşada formalaşmışdır. Qarabağ muğam məktəbinin nümayəndələri xalqımızın musiqi mədəniyyətini inkişafında xüsusi rol oynamışlar. Qarabağ müğənnilərinin əksəriyyəti Şuşada doğulmuşdur. Azərbaycan muğamlarının da içərisində Şuşada yaranan, təkmilləşən muğamlar, şöbələr və guşələr var.
Uzun illərdən bəri Qarabağda yetişən nadir tarixi şəxsiyyətlər, ailələr, nəsillər, şəcərələr, konkret tarixi hadisələr, eləcə də qədim diyar barədə etnoqrafik tədqiqatlar aparan Vasif Quliyev AZƏRTAC-ın müxbirinə deyib: “Mirzə Hüseyn Segahı” XIX əsrin əvvəllərində Şuşada yaranıb və formalaşıb. İlk dəfə Mirzə Hüseyn adlı xanəndə tərəfindən yüksək sənətkarlıqla ifa edildiyinə görə onun adı ilə adlandırılıb. Həmin muğamın ən mahir ifaçıları Cabbar Qaryağdıoğlu, Keçəçi oğlu Məhəmməd və Xan Şuşinski olub. Xanəndə “Segah İslam” - İslam Abdullayev isə “Mirzə Hüseyn Segahı”nı daha mükəmməl və daha şövqlə oxuyub.
“Kürdü” və “Şahnaz”ın birləşməsindən əmələ gələn kiçik muğam “Kürdü-Şahnaz” adlanır. “Şahnaz” “Dilkəş”, “Kürdü” və “Zil Şahnaz” şöbələrindən ibarətdir. Bu muğamı XIX əsrin ikinci yarısında məşhur xanəndə Hacı Hüsü yaradıb. Çox məlahətli səsə malik olan xanəndə Molla Vəli Axundovun bir toy məclisində gözəl avazla “Kürdü” oxumasından ilham alan Hacı Hüsü “Şahnaz”ı “Kürdü” ilə qarışdıraraq birlikdə oxumuşdu. O vaxtdan da həmin muğamın adı “Kürdü- Şahnaz” qalaraq Azərbaycan xanəndələri arasında geniş yayılıb. Ən mahir ifaçıları Şahnaz Abbas və Xan Şuşinski olub.
Kiçik həcmli vokal instrumental muğam olan “Qatar” əvvəllər “Bayatı-Kürd” muğamı üstündə şöbə kimi oxunub, sonralar həcm etibarı ilə genişləşdirilərək müstəqil muğama çevrilib. “Do” mayeli “Rast” muğamında ifa olunur. Zildə oxunan “Qatar” “Mahur-hindu” muğamının mayesindən bir oktava yuxarıda başlanaraq həmin registrdə tamamlanır. Orta hissədə “Üşşaq” şöbəsi oxunur.
Bu muğam Şuşada xanəndə Hacı Hüsü tərəfindən yaradılıb. Toy məclislərinin birində “Qatar” adlı kənddən gəlmiş bir nəfərin oxuduğu bayatıdan ilhama gələn xanəndə tarzən Sadıqcanın müşayiəti ilə həmin bayatını böyük ustalıqla oxuyub və o vaxtdan onun adı “Qatar” qalıb.
Hacı Hüsünün həmin ifasından sonra Qarabağ xanəndələri “Qatar”a bayatını də əlavə edərək birlikdə “Qatar-Bayatı” oxumuşlar. Cabbar Qaryağdıoğlu, Məşədi Məmməd Fərzəliyev, Şəkili Ələsgər, Segah İslam, Cahan Talışınskaya həmin muğamın mahir ifaçıları olublar. “Qatar”, əsasən, tarın, “Qatar-Bayatı” isə yastı balabanın müşayiəti ilə oxunur.
“Rast”ın tərkibinə daxil olan “Mahur-hindu” muğamı “Mahur”un iki növündən biridir. Həm melodik quruluşuna, həm də şöbələrinin xüsusiyyətlərinə görə “Rast”ın xarakterinə uyğun gəlir. “Rast”da olan bir çox şöbə, guşə və hissələr eynilə “Mahur-Hindu”da da var. Bu muğamların əsas fərqi ondadır ki, “Mahur-Hindu” “Rast”a nisbətən bir kvarta yuxarıda oxunur və bir qədər yığcamdır. Şöbələri melodik cəhətdən fərqlənsə də, məqam əsasları tamamilə eynidir.
Böyük musiqişünas Cabbar Qaryağdıoğlunun yazdığına görə, bu muğamı məşhur tarzən Sadıqcan səsli xanəndələr üçün yaratmışdır. Sadıqcan XIX əsrin 80-ci illərində Tiflisdə yaşayarkən şəhərə gələn hind müğənnilərindən “Mahur”u necə oxuduqlarını eşidib və onların oxumağına uyğun bu muğamı yaradıb və onu “Mahur-Hindu” adlandırıb. Onun ən məşhur ifaçısı Xan Şuşinski olub.
”Həmid Segahı” XIX əsrin ikinci yarısı XX əsrin əvvəllərində yaşamış (1869-1922) “Rast” və “Segah” muğamlarının ən mahir ifaçılarından hesab olunan Malıbəyli Həmidin adı ilə adlandırılıb. “Yetim Segah”ı və “Orta Segah”ı özünəməxsus, orijinal şəkildə bir neçə variantda oxumağı ilə müasirlərindən fərqlənən xanəndə “Orta Segah”ı təkmilləşdirərək dəstgahı tarın sarı simlərində “Müxalif” şöbəsindən başlayaraq zərif xallar və nəfəslər vuraraq bir qədər gəzişdikdən sonra “Hasar”a keçməklə muğama yenilik gətirib. Dövrünün musiqiçiləri muğamın həmin hissəsini “Həmid Segahı” adlandırıblar.
XIX əsrin birinci yarısında Şuşada yaranmış zərbli-muğam olan “Qarabağ şikəstəsi” “Segah” muğamı kökündədir, ağır tempdə oxunur. Dörd misradan ibarət hər bir bənddən sonra melodik cəhətdən müxtəlif olan ara çalğı - instrumental epizod ifa olunur. Üzeyir bəy Hacıbəyli “Əsli və Kərəm”, Müslüm Maqomayev “Şah İsmayıl”, Zülfüqar Hacıbəyov “Aşıq Qərib”, Renold Qliyer “Şahsənəm” operalarında həmin ritmik muğamdan istifadə ediblər. “Qarabağ şikəstəsi” ritmik muğamının ən məşhur ifaçısı Xan Şuşinski olub”.
Bu gün Azərbaycanın Xalq rəssamı Vidadi Nərimanbəyovun anadan olmasından 95 il ötür
Həyatda bütün gözəlliklərin ecazı kimi sənətini sevərək yaşayıb fəaliyyət göstərməyin özü də bir bəxtiyarlıqdır. Bu əsrarəngiz hissi duymağın özü insanda mənəvi zənginliklə süslü olan bir zövqün çiçəklədiyini göstərir. Canlıların alisi necə bir ağrılara, üzüntülərə məruz qalsa da onun ən gözəl naxışı daim həyatı, insanları sevməyə, qurub-yaratmağa səsləyən, sövq edən yüksək insani keyfiyyətlərə sahib olmasıdır. Bütün bunlara yetməyin özü də bir istedaddır. İstedadsa insana ana bətnində verilir, o da öz “uşaqlığını, yeniyetmə-gəncliyini” canda-qanda daşıyır. Eyni ürəkdən su içir, eyni ritmlə döyünür. İnsan yaşa dolduqca istedad da qərar tutduğu ürəkdə püxtələşir, kamilləşir.
İstedadın insanın varlığında əlvan rənglərlə işıq saçması da sənətlərin xüsusiyyətlərilə bağlıdır. Bu keyfiyyət yaradıcı sahələrdə daha parlaq nəzərə çarpır. Bu yerdə ilkin olaraq göz-könül yaddaşımda rəssamlıq sənəti canlanır. İnsanı özündən alıb-aparan, yerlə-göyün, gerçəkliklə xəyalların yaratdığı əsrarəngiz aləmdə yaşadan də rəssamlıqdı. Səhər günəşinin öz zərrin şəfəqlərini başımızın üstündən saçdığı məqamlarda təsviri sənətdə yerini, mövqeyini haqq edən, ruha, yaddaşa dinclik verən mükəmməl əsərlərilə daim qəlbimizdə olan Xalq rəssamı Vidadi Nərimanbəyov haqqında düşüncələrimi qələmə almağım da bu səbəbdən yarandı. Həm də bu gün unudulmaz rəssamın 95 yaşı tamam olur.
Bu fikirlər yazıçı, publisist Şəfəq Nasir Xalq rəssamı Vidadi Nərimanbəyova həsr etdiyi “Sənətkarın ecazkar dünyası” sərlövhəli yazısında yer alıb. AZƏRTAC yazını təqdim edir.
Rəssamlıq düşüncə və göz yaddaşının birgəliyindən doğulan sənət olduğundandır ki, Vidadi Nərimanbəyovu ömür boyu bu sənətin eşqində yaşadıb. Bu eşq də hələ uşaqlığından ailəsinin yaşadığı acı, təlatümlü bir həyatın içində formalaşıb. Gördükləri, səksəkəli, qorxulu günlər, psixoloji məqamların görüntüsünü ürəyinə, yaddaşına həkk edib. Böyüdükcə əlində ağ vərəq, rəngli qələmlər olub. Onları incə, zərif təsvirləri ilə bu vərəqlərə köçürüb. Bunlar rəssamın sənətdə ilk addımları, gələcək əsərlərinin bünövrə daşıdır desək, yanılmarıq. Elə burdaca rəssamın doğulduğu zamana, ailə mühitinə nəzər salmaq da deyilənlərə qüvvət verilmiş kimi səslənər.
Vidadi Fərman oğlu Nərimanbəyov 1926-cı ildə Fransanın Kann şəhərində doğulub. Anası fransız olub. Bir neçə ildən sonra ailədə ikinci oğul Toğrul doğulub. Həmin vaxt heç kim ağlına belə gətirməzdi ki, zaman gələcək, bu qardaşlar Azərbaycan mədəniyyətinin bir qolu olan rəssamlıqda yaratdığı əsərləri ilə dünyada tanınacaqlar... Bir müddətdən sonra Fərman kişi doğmalarından, vətənindən ayrı yaşaya bilmədiyi üçün Azərbaycana qayıdıb. Uşaqlar tamam yeni bir aləmə düşdüklərindən təbiəti, insanları öyrənməyə, özlərini bu cəmiyyətdə görməyə alışdırıblar. İkinci Dünya müharibəsinin insanların həyatına gətirdiyi fəlakətləri isə bu ailə bir başqa çətinliklərlə yaşayıb. Yeniyetmə oğlan müharibənin ağrılarını yaşayan insanların yaşamını, psixoloji gərginliyini böyük həyəcan və həvəslə düşüncəsində yetişdirib, formalaşdırırdı. Müharibənin doğurduğu fəlakətlərə qəzəbini, nifrətini “Nədir günahımız?” adlı əsərində ağrılarla təsvirə gətirdi. Bundan sonra təfəkkürünün aydınlığında yeni axtarışlara yol aldı. Rəssamlığa olan eşqi, həvəsi onu sənət seçimində düzgün qərar verməyə yönəltdi. Əvvəlcə Ə.Əzimzadə adına Rəssamlıq Texnikumunda, sonra isə V.Muxin adına Leninqrad (indi Sankt-Peterburq) Ali Rəssamlıq-Sənaye Məktəbində, Tbilisi Rəssamlıq Akademiyasında müvəffəqiyyətlə təhsil aldı.
V. Nərimanbəyova şöhrət gətirən ilk əsəri tələbəlik çağlarında çəkdiyi “Düşmənin sevinci” tablosu olub. Həmin əsər bu gün də özünün psixoloji detalları ilə zəngin olan tablonu seyr edənlərin heyrətinə səbəb olur. Nədir bu heyrəti doğuran? Sadə bir həyat həqiqəti! Səxavətlə saçılan günəşin işığı fonunda qara bulud topaları, və iki nəfərin əksi... Biri yağışın, digəri də bunun tam əksini – quraqlığın həsrətini çəkir. Bu təsvir insanı düşünməyə sövq edir...
Qeyd edək ki, rəssamın bütün əsərləri insanı gerçəklikliyin və şirin arzuların qanadları arasına alaraq həyat dilemması ilə üz-üzə qoyur. Vidadi Nərimanbəyovun əsərləri özünün süjeti, kompozisiyası, monumentallığı ilə sənətin dəyərini bilənlərin böyük məhəbbətini qazanıb. Başqa sözlə, çəkdiyi bütün əsərləri ona şöhrət gətirib.
Sözün bu məqamında sənətşünaslıq doktoru, professor Mürsəl Nəcəfovun onun haqqında söylədiyi fikirləri də xatırlatmağı vacib sanıram. O yazır: “Vidadi olduqca səmimi insan, mehriban, qayğıkeş dostdur. Onun sevilməsinin, tanınmasının iki əsas cəhəti var: həddindən artıq zəhmətkeş və işinə məsuliyyətlidir. Bir dəfə də olsun molbert önündə könülsüz dayanmayıb, əlinə fırça almayıb. Axtarıb, arayıb, hələ işıq üzü görməyən əsərini xəyalında canlandırıb. Bəyənibsə, onu kətan üzərində əbədiləşdirib. Rəssamın bütün əsərlərinin mövzusu halal əmək, vətənsevərlik, sadəlik və səmimiyyətdir. Doğrudur, Vidadi Nərimanbəyov təbiəti sevir, ilin fəsillərinə həsr etdiyi mənzərələri var. Lakin insan qüruru, gələcəyə inam onun əsərlərinin əsas qayəsini təşkil edir”. Belə sənətkarın yaratdığı əsərləri sevməmək, bəyənməmək olarmı!
Burda istər-istəməz, bir xoş hadisəni də yada salmağın yeri görünür. Orta və yaşlı nəsil xatırlamamış deyil. 1977-ci ilin payızında V.Səmədova adına sərgi salonunda Vidadinin fərdi sərgisi açılmışdı. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev sərgiyə baxmağa gəlmişdi. O, tablolar qarşısında dayanmış, diqqətlə, böyük həvəslə bu ecazkar sənət əsərlərinə valehedici nəzərlərlə göz yetirmiş və rəssamı təbrik etmişdi. Ertəsi gün qəzetlərdə Vidadi Nərimanbəyovun Əməkdar rəssam fəxri adına layiq görülməsi barədə dərc olunmuş məlumat sənətsevərləri çox sevindirdi...
V.Nərimanbəyov portret ustasıdır. Onun bütün əsərlərinin qəhrəmanı insandır, onun həyatı, düşüncəsi, nisgili, ağrıları, sevinci, nəhayət, gələcəyə baxışlarıdı. Rəssamın bu əsərləri dünyanın 107 ölkəsinin sərgi salonlarında uğurla nümayiş etdirilib.
Rəssam haqqında geniş bilgiyə malik olmaq üçün onun vikipediyada yer almış tərcümeyi-halına da nəzər salmalı oldum. Ööyrəndim ki, Vidadi Nərimanbəyovun yalnız keçmiş SSRİ məkanında deyil, Macarıstan, Çexiya, Bolqarıstan, Rumıniya, Əlcəzair, Finlandiyada, bütövlükdə dünyanın 20 xarici ölkəsində fərdi sərgisi açılmışdı. Bu məmləkətlərdə dinindən, dilindən, irqindən asılı olmayaraq, qədirbilən sənətsevərlər fırça ustasının yaradıcılığından mənəvi zövq almış, əsərlərinin hər birini yüksək qiymətləndirmişdilər.
Azərbaycanın taleyində yaşanılmış bütün ağrı-acılarını təsvirə gətirən rəssamın bütün əsərləri onun vətəninə, qurub-yaradan insanlara necə bir məhəbbətlə bağlı olduğunun göstəricisidir. Sənətinə və insanlara olan sevgisi, əsərlərinin ecazı ona həmişə böyük ehtiram qazandırmışdır. Bütün bu uğurlar dövlətimiz tərəfindən də layiqincə qiymətləndilib. Vidadi Fərman oğlu Nərimanbəyov müxtəlif vaxtlarda “Azərbaycanın Əməkdar rəssamı” (1977), “Azərbaycanın Xalq rəssamı” (1982) fəxri adlarına layiq görülüb və “Şöhrət” ordeni ilə təltif olunub.
Rəssam qızmar bir yay günündə dünyaya gəlmişdi, o, bütün ömrünü qaynar bir məhəbbətlə, sənətinə olan yanar sevgisiylə bir-birindən gözəl, məzmunlu, ecazkar sənət nümunələri ərsəyə gətirməyə həsr etdi... Amma həyata soyuq bir qış günündə əlvida dedisə də, xalqın qəlbində çatdığı sevgi ocağı bu gün də alovlanmaqdadır...
“Qaliblər düşərgəsi”nin iştirakçıları maraqlı və əyləncə dolu bir həftəlik proqramı artıq geridə qoyublar.
AZƏRTAC xəbər verir ki, şəhid övladları üçün təşkil olunmuş “Qaliblər düşərgəsi”nin iştirakçıları Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiya ediblər.
Düşərgə iştirakçıları Qobustan qayalarındakı insan, heyvan, kollektiv əmək, qayıq şəkilləri, döyüş və ov səhnələrinin təsvirlərinə baxıblar. Açıq səma altında fəaliyyət göstərən muzey iştirakçıların marağına səbəb olub.
Düşərgənin 7-ci günündə onlar üçün “Kasap dönər” restoranında şam yeməyi də təşkil olunub.