Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Vasif Eyvazzadə: seçkilərdə 49 namizəd 9 yer uğrunda mübarizə aparacaq

    İctimai Şuraya keçirilən seçkilərdə 49 namizəd 9 yer uğrunda mübarizə aparacaq. Gün ərzində seçicilər öz layiqli namizədinə səs verəcəklər.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə nazirlik yanında yaradılan İctimai Şuraya keçirilən seçki prosesi zamanı deyib.

    “Mədəniyyət nazirliyi çox böyük bir sistemdir. Bu, ölkənin bütün insanlarını maraqlandıran sahədir. İnanırıq ki, namizədlər gələcəkdə nazirliklə İctimai Şura arasında, eyni zamanda digər QHT və ictimai təşkilatlarla münasibətlərin səmərəli qurulmasına öz töhfəsini verəcək və bu sahədə həm şəffaflığın təmin edilməsi, həm də keyfiyyətin artmasına yardımçı olacaqlar”, - deyə V.Eyvazzadə bildirib.

  • Ankarada nümayiş olunan “Gəl gör məni” sərgisindən

    Türk dünyasının iftixarı, böyük filosof Yunus Əmrənin vəfatının 700 illiyi ilə əlaqədar Ankarada keçirilən “Türk dilinin Anadoluda yazı dilinə çevrilməsi” mövzusunda beynəlxalq simpozium çərçivəsində təşkil olunan “Gəl gör məni” rəsm, təsviri incəsənət, qrafika və heykəltəraşlıq əsərlərindən ibarət sərgi ziyarətçiləri qəbul etməkdədir.

    AZƏRTAC “Gəl gör məni” sərgisi vasitəsilə nümayiş olunan əsərləri fotosessiya şəkilində təqdim edir.

    Sərgi iyulun 14-dək davam edəcək.

  • Emperador - İspaniyanın ən kiçik şəhəri

    İspaniyanın ən kiçik şəhəri Valensiya əyalətində yerləşir.

    AZƏRTAC İspaniya Milli Statistika İnstitutuna istinadla xəbər verir ki, şəhər kiçik olsa da, adı əzəmətlidir – Emperador (İmperator).

    Şəhərdə cəmi-cümlətanı 9 küçə və 6 balaca mağaza var. Emperadorda, həmçinin məktəb, tibb məntəqəsi, idman meydançaları və özfəaliyyət üçün səhnəyə malik kənd klubu fəaliyyət göstərir. Emperadordan Valensiyayadək məsafə 9 kilometrdir.

  • Görkəmli kinooperator Rasim İsmayılovun anadan olmasından 85 il ötür

    Bu gün görkəmli kinooperator, rejissor və ssenarist Rasim İsmayılovun anadan olmasından 85 il ötür. O, 1936-cı il iyul ayının 13-də Bakıda anadan olub. Kinoya olan sevgisi 1958-ci ildə onu Bakı kinostudiyasına gətirib, orada operator assistenti kimi işləməyə başlayıb. 1958-1962-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakültəsini, məşhur operator Boris Volçekin sinfini bitirib. Rasim İsmayılovun Moskvada təhsil aldığı illərdə çəkdiyi kurs işləri artıq onun peşəkarlığından xəbər verirdi.

    AZƏRTAC xəbər verir ki, 1962-ci ildən Azərbaycan Televiziyasında çalışan gənc operatorun ssenariləri əsasında “Azərbaycan raport verir”, “Daha iki nəfər” qısametrajlı bədii televiziya filmləri istehsal olunub. Rejissor kimi “Mavi ekranın yolları”, “Şəhərin ritmləri” və başqa sənədli filmlər çəkib.

    Azərbaycan televiziyasında animasiya filmlərinin yaradıcılarından biri kimi də tanınıb. 1965-ci ildə “Danışan işıqlar”, 1969-cu ildə “Qırmızılar, qaralar və başqaları” cizgi filmlərinə quruluş verib. Onun ssenarisi əsasında çəkilən bu film-alleqoriya Kiyevdə “Prometey - 69” festivalında “Ən yaxşı rejissor işinə görə” diploma layiq görülüb.

    Bədii kinoda operator kimi debüt işi “Cazibə qüvvəsi” kinoalmanaxında “Dağ meşəsindən keçərkən” novellasıdır. Sonralar böyük kinoya vəsiqə alıb, görkəmli rejissor Hüseyn Seyidzadənin quruluş verdiyi tarixi-inqilabi janrda çəkilən “Yenilməz batalyon” (1965) filminin quruluşçu operatoru olub. Bu onun böyük kinoda ilk işi idi.

    Azərbaycan kinosunun qızıl fonduna daxil olan bir çox filmlərə operator kimi quruluş verib. “Sevil”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Gün keçdi”, “Nəsimi”, “Dədə Qorqud”, “Sevinc buxtası”, “Babək” və başqa filmlərin uğurlu ekran həllini tapmasında onun xidmətləri əvəzsizdir.

    Sənətkar 68 illik ömrünün 46 ilini milli kinomuzun inkişafına həsr edib, bu illər ərzində operator kimi 20 bədii, 10 sənədli film, rejissor və ssenari müəllifi kimi dörd “Mozalan”, iki animasiya filmi çəkib. Quruluş verdiyi son ekran əsəri 1990-cı ildə lentə alınan “Tələ” filmidir. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərib.

    Görkəmli kinooperator, kinorejissor, ssenari müəllifi Rasim İsmayılov 1976-cı ildə Azərbaycan SSR-nin “Əməkdar incəsənət xadimi” fəxri adına, 1978-ci ildə Dövlət mükafatına layiq görülüb.

    Rasim İsmayılov 2004-cü il mart ayının 3-də vəfat edib. Onun “Uçan çinarlar” kitabı ölümündən sonra işıq üzü görüb.

  • Azərbaycanlı rejissorun iki filmi beynəlxalq festivalda uğur qazanıb

    Azərbaycanda istehsal olunmuş “Stalinin qaranlıq keçmişi” və “Nobel qardaşlarının ilk uğuru” sənədli filmləri daha bir uğura imza atıb. Belə ki, azərbaycanlı rejissorun “Nobel qardaşlarının ilk uğuru” filmi 11 ildir keçirilən “Light of the world” adlı Yaroslavl festivalının seçilmiş filmlər siyahısına daxil olunub. Festival Rus Pravoslav kilsəsinin (Rubinsk yeperarxiyası) və Milli Müəllif Hüquqları Sahiblərinə Dəstək Fondu (Moskva) tərəfindən təşkil olunur.

    Bunu AZƏRTAC-a açıqlamasında filmlərin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov deyib.

    Onun sözlərinə görə, layihə 2021-ci ilin sentyabrında Rusiya Federasiyası Prezidentinin qrantı əsasında həyata keçiriləcək. Festival, həmçinin Yaroslavl vilayətinin rəhbərliyi və Müasir Pravoslavl Sənət və Rəsm Qalareyası tərəfindən dəstəklənir. Festivalın məqsədi gənclərin mənəvi, vətənpərvər tərbiyəsini təbliğ etməkdir.

    “Stalinin qaranlıq keçmişi” filmi Moskvada 23 ildir keçirilən “İnternational Film Festival of Detective Films and Television programs on Law-Enforcement themes Detective FEST” festivalında bütün mərhələləri keçərək, “Nominant”a layiq görülüb. Film birincilik uğrunda bu ilin sentyabrında Moskvada keçiriləcək finalda ölkəmizi təmsil edəcək. Ekran əsəri 79 ölkənin 2300 filmi arasından “Nominant” olaraq seçilib. “SSP Production” şirkətinin ekranlaşdırdığı “Stalinin qaranlıq keçmişi” filminin redaktoru Əkbər Qoşalıdır və mətni isə Xalq artisti Eldost Bayram oxuyub. Ekran əsərində kapitalizmin ən böyük düşməni, minlərlə insanın ölmünün baiskarı kimi tanınan qəddar Stalinin ömür yoluna, xüsusilə də Bakıdakı fəaliyyətinə xüsusi yer ayrılıb.

    “SSP Production” tərəfindən istehsal olunan “Nobel qardaşlarının ilk uğuru” sənədli filmi isə Nobel qardaşlarının Bakıdakı fəaliyyətindən bəhs edir. Filmin redaktoru Əkbər Qoşalı, qrafika ustası Xəqani Məmmədovdur. Mətni Xalq artisti Eldost Bayram oxuyub.

  • “Qarabağnamə -tarixin səhifələri” adlı virtual sərgi açılıb

    F.Köçərli adına Respublika Uşaq Kitabxanası Xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə - tarixin səhifələri” adlı qrafika əsərlərini virtual şəkildə istifadəçilərə təqdim edib.

    AZƏRTAC xəbər verir ki, virtual sərgidə 45 sənədli-bədii qrafik rəsm əsərləri və eyniadlı kitabın tam mətni təqdim edilib.

    Arif Hüseynovun yaradıcılığında yeni səhifə sayılan “Qarabağnamə - tarixin səhifələri” silsiləsi həm əhatəli tutumuna, həm də bədii şərhinə görə seçilir. Başqa sözlə desək rəssam bu əsərlərdə qədim Albaniya dövründən Xocalı faciəsinə qədər davam edən tariximizə işıq saçır. Qarabağ tarixinə bu bədii yanaşmada rəssamı hər şey maraqlandırıb. Qrafik lövhələrdə Qarabağla bağlı müxtəlif hadisələrin, onun qədimliyinə dəlalət edən memarlıq tikililərinin, maddi-mədəniyyət nümunələrinin, musiqiçi və sənətkarların yaradıcılığının əksi də bunu təsdiqləyir.

    Əsərlər tarixi materiallara əsaslanır. Silsiləyə daxil olan əsərlərdə Alban kilsəsi, tarixi faktlar, tarixi yerlərin mənzərələri və tarixi şəxsiyyətlərin portretləri təsvir edilib. Əsərlərdə Türkmənçay müqaviləsi, Alban kilsələrinin dəyişdirilməsi, Xocalıya aid kompozisiyalar əks etdirilib. Bu sərgidə nümayiş etdirilən əsərlərin özünəməxsusluğu ondadır ki, əsərlərin adları yoxdur. Qrafik əsərlərin üzərində yazılan mətn isə əks etdirilən hadisələri və şəxsiyyətləri təsvir edir. Xalq rəssamının “I Pyotrun məktubu”, “Türkmənçay müqaviləsi”, “Güllələnmiş heykəllər”, “Qarabağ müharibəsi”, “Pənahəli xan”, “Xalq musiqiçiləri” kimi əsərlərdə tarixi həqiqətlərin rəssam təxəyyülü ilə uğurlu qovşağından ərsəyə gətirilən təsvirləri kifayət qədər cəlbedici və yaddaqalandır. Sərginin bütün əsərləri qravüra şəklində işlənilib. Tarixi həqiqətlər rəssamın incə təxəyyülü vasitəsilə əsərlərində əks etdirilib. Ağ-qara qrafika vizual təsirə malikdir.

    Sərginin sonluğu rəngli qrafik rəsm əsəri ilə bitir. Bu da Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi şanlı zəfərinin təsvirini əks etdirir.

    Sərgi bütövlükdə tarixi faktlar əsasında qurulub və maarifləndirici xarakter daşıyır. Hər bir Azərbaycan vətəndaşı öz tarixini bilməlidir. Çünki Qarabağ – bizim torpağımız, bizim tariximizdir.

  • Azərbaycanlı fotoqraflar ilk dəfə komanda şəklində qalib oldular

    Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) təşkilatçılığı ilə iki ildə bir dəfə baş tutan 29-cu FIAP Rəngli Bienal adlı beynəlxalq fotomüsabiqə keçirilib.

    AZƏRTAC xəbər verir ki, cari ilin əvvəlində FIAP-ın himayədarlığı altında Fransada keçirilən federasiyalararası fotomüsabiqənin nəticələri məlum olub. Müsabiqəyə dünyanın 42 ölkəsindən 1192 foto təqdim olunub. Qaydalara görə, hər bir ölkə (federasiya) özünün təyin etdiyi mövzular üzrə yalnız rəngli olmaq şərti ilə iki kateqoriyada – rəqəmsal şəkildə 20, çap şəklində isə 10 foto təqdim edə bilərdi.

    Qiymətləndirmə prosesi fotoların fərdi və ümumi qrup şəklində olmaqla iki mərhələdə aparılıb. Ən çox bal toplayan federasiyaya kubok, iki, üç və dördüncü yerlərə isə müvafiq olaraq qızıl, gümüş və bürünc medallar təqdim olunur. 5-10-cu yerlərin sahibləri isə fəxri lentlər qazanır. Eyni zamanda, hər federasiyada birinci yerdə qərarlaşan müəlliflərə xüsusi mükafatlar təqdim edilir. Fərdi şəkildə olan qiymətləndirmə zamanı hər kateqoriya üzrə ən yüksək bal toplayan müəlliflər isə Beynəlxalq Foto Sənəti Federasiyası və Fransa Fotoqrafiya Federasiyasının medallarını əldə edirlər. Sonda yarışmanın hər bir iştirakçısına çap şəklində müsabiqənin kataloqu təqdim edilir. Mükafatlandırma mərasiminin bu ilin oktyabr ayında Fransanın Koqnin şəhərində keçirilməsi nəzərdə tutulur.

    Azərbaycanı növbəti dəfə bu yarışmada 18 fotoqrafla “Gilavar” Azərbaycan Foto Klubu təmsil edib. Peşəkar fotoqraflar tərəfindən Heydər Əliyev Mərkəzi (rəqəmsal) və Gimnast qızlar (çap) mövzuları üzrə 30 foto təqdim edilib. Çap və rəqəmsal fotoların qiymətləndirməsi zamanı həmyerlilərimiz müvafiq olaraq 141 və 245 bal toplayıblar. Fərdi qiymətləndirmədə Valeriy Xlızovun “Uçuş” (“Flight”) fotosu Fransa Fotoqrafiya Federasiyasının gümüş medalını qazanıb. Ümumilikdə əldə olunan balların sayəsində fotoqraflarımız müsabiqədə rəqəmsal kateqoriyada 6-cı, çap kateqoriyasında isə 14-cü yerə layiq görülüblər. Bununla da top onluğa düşən Azərbaycanı təmsil edən “Gilavar” Foto Klubu Fəxri lent qazanıb.

    Qeyd edək ki, Beynəlxalq Foto Sənəti Federasiyası dünyada UNESCO tərəfindən tanınan yeganə fotoqrafiya təşkilatıdır. Bu qurumun üzvlüyünə qəbul edilmiş klublar xüsusi statusa, fotoqraflar isə ömürlük fəxri adlara layiq görülür. Hazırda Azərbaycanda Beynəlxalq Foto Sənəti Federasiyasının fəxri adlarına layiq görülən 7 fotoqraf var.

  • “Səhnədən səngərə" layihəsi çərçivəsində təqdim olunur: Şəhid Toğrul Hacıyev
    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi “Səhnədən səngərə“ layihəsinin altıncı buraxılışını təqdim edir. Qəhrəmanımız səhnədə kövrək ruhu ilə ürəkləri titrədən tarzən, səngərdə şücaəti ilə canavar ləqəbi qazanan şəhid Toğrul Hacıyevdir. Bu gün anasının Toğrulun ardınca bir ovuc su töküb, səngərə ötürdüyü yolun üstündə bulaq axır. Bu gün körpəsindən qocasına qədər hamı Toğrul bulağından su içir. Su qədər ömrün mübarək, əziz Şəhidimiz! Həmin videomaterialı bu linkə daxil olaraq izləmək mümkündür: bit.ly/3hZ4Qvr
  • İtaliyada Dantenin əlyazmaları aşkar edilib

    Florensiya qadın monastırının başçısı Culiya Bolton Hollouey, Dante Aligyerinin ilk məlum əlyazmalarını aşkar edib. Bu kəşfdən əvvəl alimlərdə “İlahi komediya”nın yaradıcısının əl yazısının bir nümunəsi belə yox idi. Bu barədə “The Times” yazır.

    AZƏRTAC Rusiyanın “Год литературы” saytına istinadla xəbər verir ki, Florensiyada və Vatikanda iki kitabxanada tapılan əlyazmalar Dantenin tələbəlik illərinə, XIII əsrin sonlarına aiddir. O vaxt Dante idarəetmə sənətinə aid əsərlərin üzünü köçürürdü.

    Qeyd olunur ki, Dantenin xətti şagird xəttinə oxşayırdı, lakin o, əla Toskana ləhcəsində yazırdı. Bu ləhcə digərlərinə nisbətən latın dilindən az fərqlənirdi və İtaliyanın ədəbi dilinin əsası olmuşdu. Onun təsirini “İlahi komediyada” da görmək mümkündür.

    Əlyazmalar “kançelleska” şrifti ilə yazılıb. Çox güman ki, Danteyə bu şrifti atası öyrətmişdi. Əlyazmalar üçün ucuz kağızdan istifadə olunub, bunu da tamamilə izah etmək olar, axı gələcək şair cavanlıqda öz həmyaşıdlarının əksəriyyətindən yoxsul idi.

    Holloueyin fikrincə, bu tapıntılar “İlahi komediya” haqqında müəyyən təsəvvür yaradır. Məsələn, qaralamalarda dairə üzərində kvadrat çəkilib. Şair “İlahi komediya”da İlahini təsvir etmək üçün məhz bu cür konsepsiyadan istifadə edib.

  • Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türkiyənin Azərbaycandakı sabiq səfirinə plaket təqdim edib

    Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç təltif olunub.

    AZƏRTAC xəbər verir ki, Fondun prezidenti Günay Əfəndiyeva təşkilatın binasında keçirilən Hulusi Kılıçın “44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” kitabının təqdimat mərasimi çərçivəsində plaketi tanınmış diplomata təqdim edib.

    Fondun xatirə plaketi Hulusi Kılıçın türk xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsindəki xüsusi xidmətlərinə görə verilib.

    Mərasimdə Hulusi Kılıçın fəaliyyətilə bağlı fikirlər səsləndirilib, onun türk dünyasının birliyi istiqamətində siyasi, diplomatik, mədəni sahələrdə gördüyü önəmli işlərdən bəhs olunub.