Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Nizami Gəncəvinin “Leyli və Məcnun”u Kiyevdə təqdim olunub

    Dahi Azərbaycan şairi, mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə ukrain dilində Ukraynada ərsəyə gətirilmiş “Leyli və Məcnun” kitabının Ukrayna Milli Ədəbiyyat Muzeyində təqdimat mərasimi keçirilib.

    Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Ukraynanın tanınmış elm və ədəbiyyat adamları, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Ukrayna Şərqşünaslıq İnstitutunun direktoru Aleksandr Boqomolov, tanınmış şərqşünas-alim Qriqori Xalimonenko, Ukrayna Milli Elmlər Akademiyası Ukrayna Dili İnstitutunun direktoru, professor Pavel Qriçenko, tanınmış dramaturq, professor Larisa Xorelets, Ukrayna Tərcüməçilər Birliyinin rəhbəri Sergey Borşevski, “Yaroslav Val” nəşriyyatının direktoru, tanınmış şair Svetlana Ko-ronenko, Kiyev-Moqilyanski Akademiyası Milli Universitetinin professoru Fərhad Turanlı, Ukrayna Kitab İnstitutu Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Darina Stepanyuk çıxış edərək dahi şairin yaradıcılığı haqqında fikirlərini bölüşüb¬lər.

    İlahi sevginin tərənnümünə, ədalətli cəmiyyət arzularının gerçəkləşməsinə xidmət edən bu böyük poeziyanın bu gün də öz aktuallığını qoruyub saxladığı, özünə əbədi, ümumbəşəri maraq və sevgi qazandırdığı bildirilib.

    Dövlət Tərcümə Mərkəzinin idarə rəhbəri, yazıçı Etimad Başkeçid Nizami Gəncəvinin 880 illik yubileyinə təsadüf edən 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunduğunu qeyd edib, dahi şairin əsərlərinin insana və Allaha sonsuz sevgiylə dolu olduğundan, bu zəngin söz xəzinəsinin tarix boyu, dilindən və dinindən asılı olmayaraq, dünya xalqları tərəfindən sevilərək, öyrənildiyindən danışıb.

    Tanınmış şərqşünas-alim, nizamişünas, professor Qriqori Xalimonenko Nizami irsinin Ukraynada tədqiqindən, Azərbaycan klassik ədəbiyyatının dünya poeziyasına təsirindən söz açıb. Kitabın yaxın günlərdə ölkə kitabxanaları və universitetlərinə yerləşdiriləcəyi bildirilib.

    Tədbirin sonunda layihənin həyata keçirilməsində göstərdikləri dəstəyə görə Ukrayna Milli Ədəbiyyat Muzeyinin direktoru Qalina Sorokeyə, “Yaroslavov Val” nəşriyyatının bir qrup əməkdaşına, layihənin koordinatoru Marina Qonçaruka və kitabın redaktoru Qriqoru Hüseynova Dövlət Tərcümə Mərkəzinin diplomları təqdim olunub.

    Ukraynanın zəngin ənənəli “Yaroslavov Val” nəşriyyatında işıq üzü görmüş kitabı ukrain dilinə görkəmli Ukrayna şairi, tərcüməçi Leonid Pervomayski tərcümə edib. Kitabın redaktoru Taras Şevçenko adına Ukrayna Milli Mükafatı laureatı Qriqori Quseynov, “Ön söz”ünün müəllifi görkəmli şərqşünası alim Aqafangel Krımskidir.

  • UNESCO: Şərqi Avropa dövlətlərindən ibarət II Seçki Qrupuna Azərbaycanın sədrliyi başlayıb

    UNESCO-nun Şərqi Avropa ölkələrindən ibarət II Seçki Qrupuna Azərbaycanın sədrliyi başlayıb.

    AZƏRTAC xəbər verir ki, UNESCO yanında Daimi Nümayəndəliyimiz ölkəmizin sədrliyi çərçivəsində ilk iclası təşkil edib.

    UNESCO yanında daimi nümayəndə, səfir Elman Abdullayev iclası açaraq gündəliyi təqdim edib. Gündəlik qəbul edildikdən sonra Küveyt və Albaniyanın UNESCO yanında daimi nümayəndələrinin çıxışları dinlənilib.

    İclas çıxışlar ətrafında fikir mübadiləsi ilə davam edib.

    Qeyd edək ki, qurumun İcra Şurasındakı yerlərin coğrafi bölgüsündə tarazlıq yaratmaq üçün UNESCO-nun üzv dövlətləri regional Seçki Qruplarda birləşdirilir. İcra Şurasında 6 seçki qrupu var. İcra Şurasına 58 üzv dövlət bu regional qruplaşma sisteminə görə seçilir və hər bölgəyə Şuranın idarə heyətində müəyyən yer ayrılır.

  • Pyerfitdə fotojurnalist Reza Deqatinin sərgisi açılıb

    “Renessans” koronavirus bəlasından sonra bəşəriyyətin yenidən dirçəldiyini göstərir. Gəzdiyim ölkələrdə yeni gənc nəslin nümayəndələrini görürəm. 30 il əvvəl doğma yurdundan didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlərin övladları ilə rastlaşmışam. Onlar bəşəriyyətin yeni nəslini formalaşdırırlar, onların ən yaxşı dünya yaratmaq istəklərini görürəm. Mənim fikrimcə bu, renessansdır.

    AZƏRTAC xəbər verir ki, bu fikirləri tanınmış fotojurnalist Reza Deqati Pyerfit şəhərində “Renessans” (Renaissance) adlı sərgisinin açılışında söyləyib.

    Fotoqraf bildirib ki, ötən ilin oktyabrından bu günə qədər Azərbaycanın Qarabağ regionunda olub. 30 il əvvəl erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan əraziləri 2020-ci ilin noyabrında azad olunub. 30 il əvvəl və sonra bu regionda təbiətin yenidən necə dirçəldiyinin şahidi olduğunu və bunu renessans hesab etdiyini diqqətə çatdırıb. “Daha çox çətinliklərlə üzləşəndə, yeni daha gözəl dünya qurmaq iradəsinin şahidi oldum”, - deyə R.Deqati bildirib. Sərginin yerli sakinlərlə birlikdə yeni layihələr həyata keçirilməsinə, eləcə də dünyanın digər ölkələrinin tanınmasına töhfə verəcəyinə inamını ifadə edib.

    Reza Deqatinin sərgisinin açılışında bu şəhərdə və qonşu şəhərlərdən olan fransız rəsmiləri, Pyerfit meri və meriyanın əməkdaşları, yerli sakinlər iştirak ediblər.

    Pyerfitdə aşılmış Reza Deqatinin “Renessans” sərgisi gələn ilin yanvar ayınadək davam edəcək.

  • Azərbaycanda ipək xalçalar toxunacaq

    "Azərbaycan xalçası" brendinin yaradılması, inkişaf etdirilməsi və xarici bazarlarda təşviqi istiqamətində atılan addımların davamı olaraq “Azərxalça” ASC ilə “Azəripək” MMC arasında əməkdaşlıq haqqında anlaşma Memorandumu imzalanıb.

    Bu barədə Report-a "Azərxalça"dan məlumat verilib.

    Sənədi “Azərxalça”-nın İdarə Heyətinin sədri Emin Məmmədov və “Azəripək”in direktoru Zaur Yaqubov imzalayıb.

    Mərasimdə E.Məmmədov Azərbaycan xalçaçılıq sənəti, bu sahəyə dövlətin diqqət və qayğısı, yaxın gələcək üçün nəzərdə tutulan əsaslı dəyişikliklər və planlardan danışıb. O bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq olunması xalçaçılığa göstərilən yüksək diqqət və qayğının göstəricisidir: “Dövlət proqramının uğurlu icrası bu sahədə daha böyük nailiyyətlərin qazanılacağından xəbər verir. Dövlət Proqramında xalçalarımızın ölkə brendi olaraq dünya bazarına ixrac olunması qarşıya qoyulan əsas vəzifələrdən biridir”.

    İdarə Heyətinin sədri əlavə edib ki, milli mədəniyyətin inkişafında böyük rolu olan Birinci vitse-prezident Mehriban Əliyeva da xalçaçılıq sənətinin yaşadılmasına dəyərli töhfələrini verir.

    O deyib ki, xarici bazara yalnız milli naxışlı klassik xalçalar deyil, müasir və fərqli düşüncəli həm yerli, həm də xarici gənc xalçaçı rəssamlarla hazırlanan və müasir bazarın istəklərinə uyğun xalçaların çıxarılması istiqamətində işlər aparılmalı və uğurla qurulan əməkdaşlıqlar bu yolda inkişafa aparan ən doğru hədəfdir.

    “Azəripək” MMC-nin direktoru Zaur Yaqubov hər iki qurumun yerli ipəkçiliyin inkişafı sahəsində fəal əlaqələr yaratmasından, bu əlaqələri inkişaf etdirməsindən və Memorandumdan irəli gələn sahələrdə uğurlu əməkdaşlıq qurmasından razı qaldığını bildirib.

    Memoranduma əsasən, bundan sonra xalçaların toxunmasında istifadə ediləcək ipək ipliyini “Azərxalça” ASC “Azəripək” MMC-dən satın alacaq, istehsal edilən məmulatların satışına dəstək sahəsində əməkdaşlıq olunacaq, yun və ipək ipliyinin istehsal prosesinin təşkilində təcrübə mübadiləsi aparılacaq.

    Xatırladaq ki, buna qədər “Azərxalça” ASC ipək xalçalar istehsal etməyib. Bundan sonra “Azəripək” MMC-dən əldə olunan ipək ipliklə yeni və eksperimental xalçaların toxunmasında istifadə olunacaq. Toxunan bütün növ xalçalar ən qısa zamanda yerli bazarla yanaşı dünya bazarına da çıxarılacaq.

  • Bu gün TÜRKSOY-un yaradılmasının 28 ili tamam olur

    Bu gün Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY-un yarandığı gündür.

    AZƏRTAC xəbər verir ki, ötən müddət ərzində TÜRKSOY türkdilli xalqların mədəniyyətinin, ədəbiyyatının təbliği və ortaq dəyərlərinin yaşadılaraq gələcək nəsillərə ötürülməsi naminə onlarla layihəyə imza atıb, olduqca yaddaqalan tədbirlər keçirib və türk dünyasının birliyi naminə mühüm addımlar atıb.

    1993-cü il iyulun 12-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın mədəniyyət nazirlərinin iştirakı ilə Almatı şəhərində keçirilən toplantıda “Türk Kültür və Sənətləri Ortaq Yönətimi”nin (TÜRKSOY) yaradılması haqqında saziş imzalanıb. Sonrakı illərdə Rusiya Federasiyasının Altay, Başqırdıstan, Tatarıstan, Tıva, Xakas və Saxa-Yakut respublikaları, Moldovanın Qaqauz Yeri muxtar bölgəsi və Şimali Kipr Türk Respublikası təşkilata üzv olub. Qurum 2009-cu ildən Beynəlxalq Türk Mədəniyyət Təşkilatı adlanır.

    TÜRKSOY təşkilatı türkdilli xalqların sosial-mədəni oxşarlığının bir araya gətirilməsi, ortaq türk mədəniyyətinin, dilinin, tarixinin, incəsənətinin, adət - ənənələrinin, mədəni irsinin araşdırılması, qorunması, inkişaf etdirilməsi, dünyada tanıdılması və gələcək nəsillərə ötürülməsi məqsədilə qurulub. Mənzil-qərargahı Ankara şəhərində yerləşir. Təşkilatın fəaliyyəti hər il toplantıları keçirilən Mədəniyyət Nazirləri Daimi Şurası tərəfindən müəyyən olunur. Qurumun cari fəaliyyətinə baş katib rəhbərlik edir.

    Azərbaycan Respublikasının Rusiyadakı səfiri, keçmiş mədəniyyət naziri, Xalq Artisti, professor Polad Bülbüloğlu 1993-2006-cı illərdə TÜRKSOY-un ilk baş katibi olub. Hazırda TÜRKSOY-a Qazaxıstanın keçmiş mədəniyyət naziri, professor Düsen Kaseinov rəhbərlik edir.

    Ötən 28 ildə TÜRKSOY ümumtürk mədəni irsinin təbliği və tanıdılması, türkdilli xalqlar, ölkə və diyarlar arasında mədəniyyət, incəsənət sahəsində əlaqələrin inkişaf etdirilməsi istiqamətində böyük işlər görüb, çoxsaylı layihələr həyata keçirib. Bu layihələrin bir çoxu ənənə halını alaraq hər il davam etdirilir.

    TÜRKSOY bir sıra beynəlxalq qurumlarla, o cümlədən 1996-cı ildə birgə müqavilə imzaladığı UNESCO ilə, habelə Türk Əməkdaşlıq Şurası, TürkPA, Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edir.

    Azərbaycan təşkilatın fəaliyyətində yaxından iştirak edir. Qurumun ölkəmizlə çox sıx əməkdaşlıq telləri var. TÜRKSOY ölkəmizlə bağlı çoxsaylı birgə layihələr həyata keçirib. Son dövrdə reallaşan mühüm tədbirlər sırasında 2016-cı ildə Şəki şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsini, 2017-ci ildə TÜRKSOY tərəfindən elan olunan “Molla Pənah Vaqif ili”nin uğurla keçirilməsini, həmçinin ölkəmizin fəal təmsil olunduğu ənənəvi layihələri – TÜRKSOY-un rəssamlar, fotoqraflar, bəstəkarlar və s. görüşlərini qeyd etmək olar. TÜRKSOY tərəfindən Avropa və Amerikada, BMT-nin baş qərargahında təşkil olunan ənənəvi Novruz tədbirlərində Azərbaycan xüsusilə fəal iştirak edir.

    Türkdilli ölkələrin teatr festivalı, rəssamların sərgiləri və digər layihələrdə iştirak Azərbaycan mədəniyyətini dünyada təbliğ etməklə yanaşı, türk mədəniyyətinin nümayəndələrinin də ölkəmizdə tanıdılmasına şərait yaradır. 2009-cu ildə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operası TÜRKSOY-un təşəbbüsü ilə beynəlxalq layihə əsasında səhnələşdirilmişdi. Layihədə Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, həm də Başqırdıstan və Tatarıstan muxtar respublikalarının təmsilçiləri iştirak edirdilər.

    Düsen Kaseinov TÜRKSOY-un qurucu üzvlərindən biri olan Azərbaycanın qurum daxilindəki fəaliyyətini hər zaman yüksək qiymətləndirib. O, Azərbaycan rəhbərliyinin, xüsusilə Prezident İlham Əliyevin hər zaman TÜRKSOY-un fəaliyyətini yüksək səviyyədə dəstəklədiyini vurğulayıb.

    Azərbaycanın görkəmli mədəniyyət, incəsənət və ədəbiyyat xadimləri ilə bağlı bir çox tədbirlər həyata keçirən TÜRKSOY Prezident İlham Əliyevin 2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamına əsasən dahi şairin 880 illiyinə həsr olunmuş müxtəlif tədbirlər təşkil edib. Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə Ankarada – TÜRKSOY-un qərargahında “Dahi Azərbaycan şairi Nizami Gəncəvi” mövzusunda kitab və rəsm sərgiləri açılıb, eləcə də bu il 100 illik yubileyi tamam olan görkəmli Azərbaycan rəssamı Mikayıl Abdullayevin Nizami irsinə həsr olunmuş əsərlərindən ibarət sərgi təşkil edilib.

  • Leonardo Da Vinçinin çəkdiyi “Ayının başı” eskizi rekord qiymətə satılıb

    Leonardo Da Vinçinin çəkdiyi “Ayının başı” eskizi “Christie's” hərrac evində 12,2 milyon dollara satılıb.

    AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə hərrac evinin nəticələrinə əsaslanaraq məlumat verilib.

    Qeyd olunub ki, yeddi kvadrat santimetr ölçüdə kiçik bir eskiz çəhrayı-bej rəngli kağız üzərində sadə karandaşla işlənib.

    Bildirilib ki, Da Vinçi üçün bu əsər rekord qiymət hesab olunur. Ötən dəfə “Christie's” hərrac evində ən yüksək qiymət 2001-ci ildə qeydə alınmışdı ki, bu da 11,5 milyon dollara satılan “At və atlı” əsəri hesab olunurdu.

    Mütəxəssislər hesab edirlər ki, eskiz rəssamın Florensiyadan Milana köçməsindən qabaq, təxminən 1480-ci ilin əvvəllərində çəkilib.

    Qeyd edək ki, bu vaxta qədər Leonardo Da Vinçinin hər hansı bir ayını öz əsərlərində təsvir etməsi müəyyən olunmayıb. Güman olunur ki, rəssam “Ayının başı” və “İtin pəncələri” eskizlərini Çeçiliya Qalleraninin portretində bir sincabı təsvir etmək üçün istifadə edib.

  • Mədəniyyət naziri Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüşüb
    Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov iyulun 9-da Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri Serkan Kayaların rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli, TİKA-nın Bakı proqram koordinatoru Teoman Tiryaki, agentliyin protokol müdiri Samet Kapısız, TİKA-nın Bakı proqram koordinasiya ofisinin assistenti Abbas Hümmətov və digər rəsmilər iştirak ediblər. Nazir qonaqları səmimi salamlayaraq Azərbaycanla Türkiyə arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətlərinin mədəniyyət sahəsində əməkdaşlıqda da ön planda olduğunu vurğulayıb. Anar Kərimov ölkələrimizin mədəni əlaqələrinin gündən-günə inkişaf edərək genişlənməsindən məmnunluğunu  ifadə edib. Görüş zamanı mədəni irsin mühafizəsi, tarixi-mədəni abidələrinin bərpası və konservasiyası sahəsində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Serkan Kayalar görüşə görə təşəkkür edərək, mədəni irsin və tarixi abidələrin bərpası ilə bağlı TİKA-nın bundan sonra da ölkəmizlə birgə layihələrinin, eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində işlərin davam etdiriləcəyinə əminliyini vurğulayıb. Görüş zamanı TİKA tərəfindən Azərbaycanda mədəni irsin bərpası sahəsində müxtəlif təlim layihələrinin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb. Görüşdə həmçinin, iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin gələcək inkişafı, o cümlədən mədəni irs sahəsində təcrübə mübadiləsi məsələləri müzakirə  olunub.
  • Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilər keçiriləcək
    Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar yaradılmış Seçki Komissiyası tərəfindən İctimai Şuraya seçkilərin 13 iyul 2021-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində səhər saat 11:00-dan 16:00-dək keçirilməsi qərara alınıb. Nəzərinizə çatdırırıq ki, Mədəniyyət Nazirliyi yanında İctimai Şura üzvlərinin sayı 9 nəfər müəyyən edilib. İctimai Şuraya səsvermə prosesində iştirak etmək istəyən vətəndaş cəmiyyəti institutları təmsilçilərinin qeydiyyatı seçki gününə on gün qalanadək (22.06.2021-02.07.2021) davam edib. Təqdim olunan sənədlər qiymətləndirilib və siyahıda adları göstərilən seçicilərin müraciətləri müəyyən edilmiş qaydalara uyğun olaraq qeydə alınıb:   Seçicilərin siyahısı Hörmətli seçicilər, səsverməyə gələn zaman şəxsiyyət vəsiqənizi (yaxud şəxsiyyətinizi təsdiq edən digər sənəd) özünüzlə götürməyiniz xahiş olunur.  
  • Animator Qarri Bardin “Ave, Maria” layihəsi üzərində çalışır

    Rusiya animasiyasının klassik rejissoru Qarri Bardin “Ave, Maria” adlı yeni qısa animasiya filmi üzərində çalışır.

    TASS agentliyinə istinadla xəbər verir ki, Rusiya mədəniyyət naziri Olqa Lyubimova layihənin həyata keçirilməsində lazımi dəstəyin veriləcəyini söyləyib.

    Qarri Bardin “Soyuzmultfilm” kinostudiyasında 1975-ci ildən rejissor-animator vəzifəsində çalışır. O, 15 il ərzində müxtəlif festivallarda, həmçinin beşqat “Nika” və “Qızıl palma budağı” mükafatları qazanan 15 film çəkib. Rejissor öz işində müxtəlif materiallardan və animasiya texnikalarından istifadə edir.

  • Cavanşir Feyziyevin müəllifi olduğu “Türk Dövlətləri Birliyi” kitabı Çin dilinə tərcümə olunub

    Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin müəllifi olduğu “Türk Dövlətləri Birliyi” kitabı Çin dilinə tərcümə olunub.

    Kitabın yaxın aylarda Çin dilli oxuculara təqdim olunacağı gözlənilir. 2013-cü ildə Azərbaycanda “Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli” kitabı nəşr olunub. 2014-2021-ci illərdə isə bu kitab türk, qazax, qırğız, boşnak, rus, macar və uyğur dillərinə tərcümə edilərək bu ölkələrdə çap edilib.

    Kitabda təkcə türk xalqının şanlı tarixi əks olunmur, eyni zamanda, günümüzdəki problemlərə də toxunulur. Kitab – “Tarixdən doğulan gələcək”, “Ümumtürk mədəniyyəti fərqli sivilizasiya nümunəsi kimi”, “Avrasiyanın inkişaf perspektivləri və türk dövlətləri”, “Beynəlxalq siyasət və beynəlxalq hüquqda birlik yaratmanın əhəmiyyəti”, “Sarsılmaz təməllər üzərində və Türk Dövlətləri Birliyinin strategiyası” fəsillərindən ibarətdir.

    Həmçinin kitabda 315-ə qədər ədəbiyyat və qaynaqdan istifadə olunub ki, bunun da əksəriyyəti türk, ingilis, rus və digər xarici mənbələrdir. Qeyd edək ki, azərbaycanlı deputatın müəllifi olduğu “Türk Dövlətləri Birliyi” kitabı təhsil, elm və diplomatiya sahəsində çalışan insanlar üçün daha faydalıdır.