Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Anar Kərimov Gürcüstanın Baş naziri ilə görüşüb
    Gürcüstan səfəri çərçivəsində mədəniyyət naziri Anar Kərimov Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb. Baş nazir Azərbaycanın mədəniyyət nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini salamlamaqdan məmnunluğunu bildirib. Qeyd edib ki, Gürcüstan ilə Azərbaycan bölgədə çox səmərəli əməkdaşlıq edirlər. Bu əməkdaşlığın inkişaf etdirilməsi Gürcüstan üçün böyük əhəmiyyət daşıyır. Anar Kərimov da öz növbəsində Azərbaycan və Gürcüstan arasındakı mədəni və humanitar sahələr üzrə əməkdaşlıq məsələlərinin diqqət mərkəzində olduğunu bildirib. Görüşdə bir sıra önəmli məsələlər də müzakirə olunub.
  • Kazanda Azərbaycan Milli Xalça Muzeyinin sərgisi açılıb
    İyulun 7-də Rusiya Federasiyası Tatarıstan Respublikasında “Kazan Kremli” Muzey-Qoruğunda “Xalça sənəti – mənaların təkamülü” adlı sərginin açılışı olub. Respublikanın paytaxtında ilk dəfə olaraq Azərbaycan xalçaçılığına, onun ənənələrinə və müasir təcəssümünə həsr olunmuş genişmiqyaslı ekspozisiya təqdim edilib. Beləliklə, Kazan tamaşaçısı üçün xalçaları tarixi bir perspektivdə görmək, ornament və gizli mənalar dünyasına qərq olmaq üçün misilsiz fürsət yaranıb. 2010-cu ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan xalçaçılıq sənəti günümüzdə davamlı olaraq yeni yanaşmalarla zənginləşsə də, qədim ənənələrini itirmədən inkişaf edir. Müasir rəssamlar qədim sənətkarlığı yeni yollarla inkişaf etdirərək əsərlər yaradırlar. Sərgidə təqdim olunan ənənəvi Azərbaycan xalçalarını və “Chıngız” yaradıcı təxəllüsü ilə işləyən Çingiz Babayevin müəllif əsərlərini birləşdirən məhz bu amildir. Sərgidə təqdim olunan sənədli filmdə “Chıngız” tamaşaçılarla yaradıcılıq prosesinin sirlərini bölüşür, ənənəvi xalçanın fəlsəfəsindən və müasir yozumundan bəhs edir. Qeyd edək ki, tədbirin açılışında Tatarıstan Respublikasının mədəniyyət naziri İradə Ayupova, layihənin kuratoru, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, Tatarıstan Xalqlar Dostluğu Evinin direktoru İrek Şaripov, Tatarıstan Azərbaycanlıları Regional İctimai Birliyinin sədri Bəhram Mustafayev, “Kazan Kremli” Muzey-Qoruğunun direktor müavini Svetlana Konovalova çıxış edərək sərginin əhəmiyyətindən danışıblar. Daha sonra qonaqlar sərgi ilə tanış olublar. Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova burada nümayiş etdirilən Quba, Qazax və Qarabağın ənənəvi xalçaları, onların dərin məna kəsb edən ornamentlərinin semantikaları barəsində ətraflı məlumat verib. Rəssam Çingiz Babayev isə müəllifi olduğu xalçalar, onların yaranma tarixçələri və iş prosesindən bəhs edib. Qeyd edək ki, “Xalça sənəti – mənaların təkamülü” sərgisi sentyabrın 5-dək davam edəcək.
  • “Caspian Energy Club”da Mədəniyyət və Kinematoqrafiya üzrə Komitə yaradılıb

    “Caspian Energy Club”ın İdarə Heyətinin iclasında Mədəniyyət və Kinematoqrafiya üzrə Komitənin yaradılması haqqında qərar qəbul olunub. Yaradılmış Mədəniyyət və Kinematoqrafiya üzrə Komitənin fəaliyyət məqsədi ölkə daxilində, eləcə də ölkə hüdudlarından kənarda Azərbaycan mədəniyyətinin və kinematoqrafının inkişafında, həmçinin təbliğində fəal iştirakıdır.

    Bu barədə AZƏRTAC-a “Caspian Energy Club”ın sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

    T.Əliyev deyib: “Komitə fəaliyyətində mədəniyyət və kinematoqrafiya sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların mövcud vəziyyəti haqqında məlumatların toplanması, təhlili və sistemləşdirilməsi, Klubun üzvləri olan digər ticarət strukturları ilə işgüzar əlaqələrin qurulmasına köməyin göstərilməsini, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi üçün təkliflərin hazırlanmasını, həmçinin mədəniyyət və kinematoqrafiya sahəsində fəaliyyət göstərən müəssisələrin iqtisadi inkişafı üçün əlverişli şəraitin, rəqabətli bazarın yaradılması və beynəlxalq əlaqələrin qurulmasını, Mədəniyyət Nazirliyi və Azərbaycanın digər icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq etməyi planlaşdırır”.

    İclasın qərarı ilə Klubun Mədəniyyət və Kinematoqrafiya üzrə Komitəsinin sədri Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikasının Kinematoqrafçılar İttifaqının katibi Nəriman Məmmədov seçilib.

    Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan klubun əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

    Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

  • “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalının beşinci buraxılışı keçiriləcək

    Noyabrın 3-dən 7-dək Bakıda “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalının beşinci buraxılışı keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, builki festivalın əsas mövzusu “Hİsslər±” adlanır.

    Hazırkı dövrdə insanların hissləri sosial inkişaf, siyasi mühit, maddi rifah və qlobal pandemiya kimi ciddi sınaqlara məruz qaldığına görə belə bir seçim edilib. Fərdi təcrübələri və fiziki vəziyyəti də daxil olmaqla, bütün bunlar insanın dünyanı necə qavradığına təsir edir. Bu il münsiflər heyətini insanların daxili və xarici dəyişimlərinə, özünü axtarışlarına və yer üzündə var olma anlamlarına həsr olunmuş filmlər xüsusilə maraqlandıracaq.

    Bu il müsabiqədən kənar filmlər də nümayiş olunacaq. Bundan əlavə, festival çərçivəsində Azərbaycan sənədli filmlərinin retrospektivi təşkil olunacaqdır. Bu, mərhum azərbaycanlı ssenarist və rejissor Çingiz Rəsulzadənin xatirəsinə həsr ediləcək. Müraciətlər sentyabrın 20-dək www.filmfreeway.com platformasına təqdim edilə bilər.

    Qeyd edək ki, 2017-ci ildə yaradılmış festivalın məqsədi dünyanın hər yerindən qabaqcıl sənədli filmləri təqdim etməkdir. Festival, eyni zamanda, hər il olduğu kimi, yeni müəllifləri aşkarlamaq və yerli sənədli film üzrə filmmeykerlərə dəstək vermək niyyətindədir.

  • “İlham Əliyev: Əziz Şuşa, biz qayıtmışıq!” kitabı 4 dildə çap olunub

    Bu günlərdə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) xalqımızın tarixində, mədəni irsinin qorunmasında və ictimai-siyasi həyatında fövqəl əhəmiyyətə malik olan Şuşa şəhərinin işğaldan azad edilməsinə həsr edilmiş vacib layihəyə imza atıb – Azərbaycan, türk, ingilis və rus dillərində “İlham Əliyev: Əziz Şuşa, biz qayıtmışıq!” kitabı işıq üzü görüb.

    AZƏRTAC xəbər verir ki, kitab ulu öndər Heydər Əliyevin Şuşanın ölkəmiz üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək dediyi: “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə, Azərbaycan yoxdur!” sözləri ilə açılır.

    Kitabın əvvəlində xalqımız üçün mühüm əhəmiyyət kəsb edən 2 tarixi sənəd öz əksini tapıb. Bu sənədlərdən birincisi “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 may 2021-ci il tarixli Sərəncamıdır. Digər sənəd isə 15 iyun 2021-ci ildə Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”dir.

    Nəşrin Azərbaycan dövləti və xalqı üçün böyük əhəmiyyətə malik bu sənədlərlə başlaması rəmzi məna kəsb edir. Belə ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev imzaladığı Sərəncam ilə “Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə” Azərbaycanın mədəniyyət paytaxtı elan etmişdir. İkinci sənəd qismində Şuşa Bəyannaməsinin əks etdirilməsi Azərbaycan və Türkiyə dövlətləri arasındakı münasibətlərin ən ali əməkdaşlıq səviyyəsinə – müttəfiqlik səviyyəsinə yüksəlməsinin və bununla da Cənubi Qafqaz regionunda yeni qüvvələr balansının mövcudluğunun rəsmi şəkildə təsdiqlənməsini əks etdirir.

    AVCİYA tərəfindən nəfis tərtib edilərək geniş oxucu auditoriyasına təqdim edilmiş “İlham Əliyev: Əziz Şuşa, biz qayıtmışıq!” kitabı “Rəsmi xronika” və “Şuşa (müxtəsər tarix)” bölmələrindən ibarətdir.

    Kitabın “Rəsmi xronika” bölümündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şuşa şəhərinin işğaldan azad edilməsi ilə bağlı Azərbaycan xalqına sevinc dolu müraciətləri və təbrikləri, Şuşaya səfərləri zamanı açıqlamaları və dünya ictimaiyyətinə mesajları, Şuşanın bərpası və tarixi görünüşünün qaytarılması istiqamətində görüləcək işlər barədə çoxsaylı məlumatlar öz əksini tapıb. Kitabın bu bölümündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada möhtəşəm “Xarıbülbül” musiqi festivalının keçirilməsinə dair rəsmi sənədlərin əksini tapması xüsusi önəm kəsb edir. Kitabda Şuşa Bəyannaməsi imzalandığı 15 iyun tarixində Azərbaycan və Türkiyə prezidentlərinin mətbuata birgə bəyanatları, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə təqdim olunmuş “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” musiqili kompozisiyası haqqında məlumatlar, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın 16 iyunda Milli Məclisdə çıxışı və digər rəsmi sənədlər təqdim edilib.

    Diqqəti çəkən məqamlardan biri də ondan ibarətdir ki, kitabda “Rəsmi xronika” bölməsindən əvvəl Şuşa ilə bağlı reallaşdırılmış bütün hadisələrə dair fotoalbom yer alıb.

    Kitabın “Şuşa (müxtəsər tarix)” bölümündə Şuşanın tarixi müxtəlif dövrlərə bölünərək təhlil edilir, Qarabağ xanlığının Çar Rusiyasına birləşməsini rəsmiləşdirmiş Kürəkçay müqaviləsinin mətni təqdim edilir və bu müqavilədən sonrakı Şuşa haqqında məlumatlar verilir. Kitabın bu bölümündə həmçinin Azərbaycanda istiqlal uğrunda mübarizə və erməni işğalı (1988-1993) və İkinci Qarabağ müharibəsi zamanı Şuşanın işğaldan azad edilməsi haqqında qısa məlumatlar yer alır.

    “İlham Əliyev: Əziz Şuşa, biz qayıtmışıq!” kitabı AVCİYA-nın “1905.az KİTABI” seriyasından növbəti nəşrdir. Bu seriyanın ideya müəllifi və naşiri assosiasiyanın prezidenti Elxan Süleymanov, tərtibçisi və elmi redaktoru siyasi elmlər üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Fuad Babayevdir.

    Kitabdakı “Fotoblok” və “Rəsmi xronika” bölmələri AZƏRTAC-ın materialları əsasında tərtib edilib.

  • Türkiyə Mərdəkan qalası və Tuba Şah məscidini bərpa edəcək

    Bakının Mərdəkan qəsəbəsində yerləşən Böyük Mərdəkan qalası və Tuba Şah məscidi restervasiya olunacaq.

    "Report"-un xəbərinə görə, qala və məsciddə təmir-bərpa işləri Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən həyata keçiriləcək.

    Restervasiya prosesi 2021-2022-ci illərdə reallaşdırılacaq.

    Qeyd edək ki, Tuba Şah məscidi 1492-1493-cü illərdə inşa edilib.

  • Xalça Muzeyi aksiya keçirir

    Bu ay hər həftənin IV günü saat 18.30-da Azərbaycan Milli Xalça Muzeyinin yeni eksponatlarını görmək istəyənlərə muzeyə giriş və bələdçi xidməti pulsuzdur.

    Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, aksiyaya qoşulmaq istəyənlər bu gün saat 17:00-dək https://forms.gle/Pv7yQFPXVqnLqzmk6 linkindən qeydiyyatdan keçməlidirlər.

    Karantin qaydalarına əsasən, ekskursiya yalnız 10 nəfərlik qruplarla təşkil olunacaq.

  • Bu gün Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun anım günüdür

    Bu gün müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, Xalq yazıçısı, nasir və ədəbiyyatşünas Gülhüseyn Hüseynoğlunun anım günüdür.

    AZƏRTAC xəbər verir ki, Gülhüseyn Hüseynoğlu mənsur şeirin yaradıcısı kimi tanınmaqla yanaşı, Müşfiq sevgisini hər bir azərbaycanlıya çatdırmaqla özü də millətin sevimlisinə çevrildi.

    Gülhüseyn Hüseynoğlu 1923-cü il oktyabrın 16-da Masallı rayonunun Mollaoba kəndində dünyaya göz açıb. O, kiçik yaşlarında ikən ailəsi ilə birlikdə Bakıya köçüb və burada 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinə qəbul olub. 1947-ci ildə ali təhsilini başa vuran Gülhüseyn Hüseynoğlu elə həmin il universitetin aspiranturasına daxil olub, lakin 1948-ci ildə Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan gizli təşkilatın yaradıcılarından biri kimi ittiham edilərək, məhkəmə hökmü ilə 25 illik həbs cəzasına məhkum edilib. O, yalnız 8 il sonra, 1956-cı ildə tam bəraət qazanıb Azərbaycan Dövlət Universitetinin aspiranturasına bərpa edilib.

    Əmək fəaliyyətinə hələ tələbə ikən, 1942-ci ildə “Kommunist” qəzeti redaksiyasında ədəbi işçi olaraq başlayan Gülhüseyn Hüseynoğlu 1945–1947-ci illərdə “Ədəbiyyat qəzeti” redaksiyasında, 1947–1948-ci illərdə isə Gənc Tamaşaçılar Teatrının pedaqoji şöbəsində işləyib. O, 1957-ci ildən etibarən taleyini Azərbaycan Dövlət Universiteti ilə bağlayıb, filologiya fakültəsinin müasir Azərbaycan ədəbiyyatı kafedrasında müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışaraq, ömrünün yarım əsrdən artıq bir dövrünü ölkəmizdə təhsilin inkişafına həsr edib.

    Müasir Azərbaycan nəsrinin tanınmış nümayəndələrindən olan Gülhüseyn Hüseynoğlu 1944-cü ildən etibarən ədəbi yaradıcılığa başlayıb, yetmiş ilə yaxın müddət ərzində ədəbiyyatımızın inkişafı naminə çalışıb. Onun özünəməxsus üslubu ilə seçilən əsərləri müasirlərimizin həyatını, mənəvi aləmini dolğun əks etdirir.

    Gülhüseyn Hüseynoğlu ədəbiyyatımızda mənsur şeirin ilk və dəyərli nümunələrini yaradıb. Azərbaycan nəsrində bədii-poetik struktur baxımından yeni olan bir janrda meydana gətirilən həmin əsərlər ədəbi tənqidin diqqətini daim özünə cəlb edib və həmişə təqdirlə qarşılanıb.

    Yaradıcılığa “Ana” adlı ilk hekayə və “Bənövşə əfsanəsi” adlı ilk mənsur şeirlə başlayan Gülhüseyn Hüseynoğlu 30-a yaxın kitabın müəllifidir.

    Gülhüseyn Hüseynoğlunun, eyni zamanda, tədqiqatçı alim kimi Azərbaycan ədəbiyyatşünaslığı qarşısında özünəməxsus xidmətləri vardır. O, şəxsiyyətə pərəstişin ilk qurbanlarından olan Mikayıl Müşfiq haqqında ilk monoqrafiyanın, ilk dissertasiyanın və ali məktəblər üçün ilk dərs vəsaitinin müəllifidir. Onun xüsusən böyük şairin poetik irsinə dair çoxsaylı axtarışları, eləcə də digər araşdırmaları həmişə elmi ictimaiyyətin marağına səbəb olub.

    Yazıçının dərin bədii-estetik keyfiyyətləri və orijinal məzmunu ilə səciyyələnən əsərləri bir sıra dillərə tərcümə olunaraq nəşr edilib.

    Mənsur şeiri bir janr kimi Azərbaycan ədəbiyyatına gətirən Gülhüseyn Hüseynoğlu olub. Onun mənsur şeirləri çoxdur. Onların içində şah əsəri olan “Mücrü” çox dillərə tərcümə olunub, haqqında film də çəkilib.

    Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə Gülhüseyn Hüseynoğlu bir sıra mükafatlara və təltiflərə, o cümlədən 2005-ci ildə “Xalq yazıçısı” fəxri adına layiq görülüb.

    Gülhüseyn Hüseynoğlu 2013-cü il iyulun 8-də vəfat etsə də, Azərbaycan xalqının yaddaşında bir örnək kimi həmişə yaşayacaq.

  • “Ünsiyyət bağları: görüşlər və diskussiyalar” layihəsi çərçivəsində növbəti görüş İçərişəhərdə keçirilib

    Beynəlxalq Muzeylər Şurasının (ICOM) Azərbaycan Milli Komitəsinin “Ünsiyyət bağları: görüşlər və diskussiyalar” layihəsi çərçivəsində növbəti görüş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi nəzdində “İçərişəhər” Muzey Mərkəzinin Bakı Fotoqrafiya Evində keçirilib.

    AZƏRTAC xəbər verir ki, görüş iştirakçıları İordaniya dövlətinin yaradılmasının 100 illiyi münasibətilə təşkil olunmuş Amman şəhərinin tarixi inkişafını əks etdirən “Amman, 100 illik yürüş” adlı fotosərgi ilə tanış olublar. Görüşdə İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri Sami Asem Ğoşeh də iştirak edib.

    Qeyd edək ki, iyulun 1-də açılan fotosərgidə Amman şəhərinin tarixi inkişafını təsvir edən 40 ədəd fotoşəkil ziyarətçilərə təqdim olunub.

  • Cavid Zeynallı: Hər ay təxminən 20-dən artıq tamaşa teatrın sosial hesabları vasitəsilə təqdim olunur

    Ölkədə xüsusi karantin rejimi tətbiq olunandan sonra bütün mədəniyyət müəssisələri kimi teatrların da fəaliyyəti dayandırıldı və bundan sonra teatr rəhbərliyi Mədəniyyət Nazirliyinin tövsiyəsi ilə qərara gəldi ki, tamaşaçılarla yaradıcı əlaqələrini kəsməsin və bu, hər hansısa formada davam etsin. Ona görə də biz onlayn şəkildə öz tamaşalarımızı təqdim etməyə qərar verdik. Bu müddət ərzində hər ay üçün Akademik Milli Dram Teatrının onlayn repertuarı hazırlanıb. Hər ay təxminən uşaq tamaşaları da daxil olmaqla 20-dən artıq tamaşa teatrın həm feysbuk səhifəsində, həm yutub kanalında, eyni zamanda, rəsmi saytımız vasitəsilə tamaşaçılara təqdim olunub. Bu tamaşalara təkcə ölkə daxilində deyil, eyni zamanda, müxtəlif ölkələrdən də maraq var. Ona görə də teatr rəhbərliyinin qərarı ilə bu səhnə əsərləri təkcə Azərbaycan dilində deyil, eyni zamanda, rus və ingilis dillərində də altyazılarla təqdim olunur. Mümkün olan bütün variantlardan istifadə edib çalışdıq ki, öz tamaşaçılarımızla yaradıcı əlaqələrimizi kəsməyək.

    Bu sözləri AZƏRTAC-a Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı deyib.

    Bir neçə ölkəyə qastrol səfərlərinin də təxirə salındığını bildirən mətbuat katibi bildirib ki, ilkin danışıqlar aparılmış, təşkilati işlər həyata keçirilmişdi. Bu planlarımız təəssüf ki, pandemiya səbəbindən təxirə salındı: “Eyni zamanda, Gürcüstan və Türkiyə teatrlarından Azərbaycana qastrol səfərləri nəzərdə tutulmuşdu. Bizim teatrda tamaşalar təqdim olunmalı idi. Bunların hamısı təxirə salındı. Teatrın özünün digər planları var idi. Onları da ertələməyə məcbur olduq. Bizim “Filumena Marturano” adlı bir tamaşamızın premyerasının keçirilmə ərəfəsi idi. Bu, böyük italyan dramaturqu Eduarda Di Filipponun eyniadlı əsəri əsasında hazırlanmışdı və məşqləri artıq yekunlaşmaq üzrə idi. Bir neçə gündən sonra premyerası olacaqdı. Təəssüf ki, bu da baş tutmadı və əlbəttə teatr açılan kimi bizim ilk işlərimizdən biri məhz həmin tamaşanın məşqlərinin yenidən bərpası və premyerasının keçirilməsi olacaq”.

    Mətbuat katibi bildirib ki, teatrla bağlı planlar çoxdur. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən teatrların fəaliyyətinə icazə veriləndən sonra nəzərdə tutulan planların icrasına başlanılacaq.