"İndiki Ermənistan dövlətinin ərazisində yerləşən Azərbaycan mədəni irsinə aid abidələrin tədqiqatına başlanılıb".
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət naziri Anar Kərimov deyib.
Onun sözlərinə görə, bunun üçün arxiv sənədlərlə tanışlıq tələb olunur:
"Bu istiqamətdə Türkiyə, Gürcüstan və Rusiya arxivlərində işlərin aparılması planlaşdırılır".
Nazir qeyd edib ki, araşdırma nəticəsində Ermənistandakı Azərbaycana məxsus irs nümunələrinin hazırkı vəziyyəti üzə çıxacaq:
"Tədqiqatın yekunları beynəlxalq ictimaiyyətə də təqdim olunacaq. Araşdırma ilə bağlı Gürcüstan tərəfi ilə əməkdaşlığa hazırıq".
Azərbaycan Turizm Bürosu “Avrasiya Turizm Sənayesi Mütəxəssisləri Birliyi” tərəfindən keçirilən “PROBrend” turizm üzrə 3-cü beynəlxalq marketinq müsabiqəsində qalib seçilib.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, Naftalan şəhərinin brendinqi və azerbaijan.travel veb-saytı ilə müsabiqəyə qatılan Azərbaycan Turizm Bürosu “İlin kəşfi” adlı nominasiya üzrə mükafata layiq görülüb. Onlayn formatda keçirilən mükafatlandırma mərasimində qaliblərə xüsusi diplomlar təqdim olunub.
Qeyd edək ki, müsabiqəyə 4 ölkədən 10 nominasiya üzrə 318 müraciət qəbul olunub.
2018-ci ildə yaradılmış “Avrasiya Turizm Sənayesi Mütəxəssisləri Birliyi” üzvlər arasında təcrübə mübadiləsi üçün kommunikasiya platforması kimi Avrasiya məkanında beynəlxalq turizmin inkişafında maraqlı tərəflərin qarşılıqlı əməkdaşlığının təmin olunması istiqamətində fəaliyyət göstərir.
İyulun 8-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyindəki rəsm qalereyasında dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb.
Sərgidə N.Gəncəviyə həsr olunmuş miniatür və rəsm əsərləri nümayiş etdirilib.
Azərbaycanlı və gürcü rəssamlar öz əsərlərini təqdim ediblər.
Eyni zamanda, Gürcüstanın Kançeli adına simli kvarteti maraqlı konsert proqramı ilə çıxış edib. Ansambl Üzeyir Hacıbəylinin və digər bəstəkarların N.Gəncəvinin şeirlərinə bəstələdikləri əsərləri ifa ediblər.
Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, Gürcüstanın mədəniyyət nazirinin müavini Kaxa Sixarelidze, Azərbaycan səfirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri sərgini izləyiblər.
Nazir A.Kərimov tədbirdə çıxış edərək Azərbaycan Prezidentinin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsinin əhəmiyyətindən danışıb. Bu cür qərarların Azərbaycan elminin, mədəniyyətinin, incəsənətinin inkişafında xidmətləri olan şəxslərə dövlət qayğısının bariz nümunəsi olduğunu qeyd edib.
O, qonşu Gürcüstanda bu cür sərgilərin açılmasının mədəni əlaqələrimizin inkişafına xidmət etdiyini bildirib.
Gürcüstan mədəniyyət nazirinin müavini Kaxa Sixarelidze dahi söz ustadı, fəlsəfi şair N.Gəncəviyə həsr olunmuş sərginin açılışını yüksək qiymətləndirib.
Bildirib ki, N.Gəncəvinin əsərlərinə Gürcüstanda da böyük maraq var. Onun gözəl şeirləri, fəlsəfi fikirləri bu gündə sevilir və gələcək nəsillər üçün elm mənbəyi olacaq.
Sərgidə, həmçinin Azərbaycanın Gürcüstandakı səfirliyinin Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar elan etdiyi rəsm müsabiqəsinin qaliblərinə və fərqlənən gənc rəssamlara diplom və hədiyyələr təqdim olunub.
Amerikalı aktrisa Codi Foster Kann festivalının ən yüksək mükafatı hesab olunan “Qızıl palma budağı”nın laureatı seçilib.
TASS agentliyinə istinadla xəbər verir ki, aktrisaya bu mükafatı ispaniyalı rejissor Pedro Almodovar təqdim edib. Təşkilatçılar bildirib ki, Codi Fosterin bu mükafatı Kann festivalında qazandığı sayca doqquzuncu mükafatıdır.
Aktrisa yarım əsrlik karyerasında festivalda müxtəlif mükafatlar qazanıb. Belə ki, Foster hələ 3 yaşında ikən səhnədə debüt edib. Erkən yaşlarından televiziya reklamlarında və uşaqlar üçün filmlərdə çəkilməyə başlayıb. “Festival bütün həyatımı dəyişib, mən ona çox borcluyam. Burada aktyorlara bəslənilən hörmət mənim üçün çox əzizdir”, - deyə Codi Foster bildirib.
Gürcüstan ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Ölkələrimiz birlikdə bir sıra önəmli iqtisadi layihələr həyata keçirib. Bu gün mədəniyyət sahəsi də daxil olmaqla, bir çox sahələrdə sıx əməkdaşlıq edirik.
Bunu Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla görüşdən sonra jurnalistlərə açıqlamasında söyləyib.
Onun sözlərinə görə, Azərbaycanın mədəniyyət nazirinin Gürcüstana səfəri qarşılıqlı əlaqələrin yüksək səviyyədə olduğunu göstərir.
“Ölkələrimiz arasında münasibətlər bu gün də uğurla inkişaf edir və bu tempi saxlamaq bizim üçün çox vacibdir”, – deyə Zalkaliani vurğulayıb.
Nazir Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının yeni səviyyəyə yüksələcəyinə ümidvar olduğunu bildirib.
Gürcüstan ilə beynəlxalq səviyyədə əməkdaşlıq Azərbaycan üçün vacib məsələlərdən biridir. Biz beynəlxalq təşkilatlar, o cümlədən UNESCO çərçivəsində əlaqələrimizi bundan sonra daha da gücləndirəcəyik.
Bu sözləri Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani ilə görüşdən sonra mətbuata açıqlamasında deyib.
Bildirib ki, görüşdə Azərbaycanın təşəbbüskarı olduğu “Mədəniyyət naminə sülh” qlobal kampaniya layihəsi Gürcüstan tərəfinə təqdim edilib. Bu təşəbbüsün regionda sülh, barışıq və qarşılıqlı anlaşmanı təşviq edən layihə olduğu diqqətə çatdırılıb.
Nazir bildirib ki, Azərbaycan Gürcüstan ilə mədəni əlaqələri inkişaf etdirəcək. Bu, hər iki xalqın daha da yaxınlaşmasına xidmət göstərəcək. Azərbaycan ilə Gürcüstan arasındakı tarixi əlaqələr qarşılıqlı əməkdaşlığımızın digər sahələrinə də sirayət edir. Mədəniyyət bizim dövlətlərimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. Bu sahədə əməkdaşlığın gücləndirilməsi qərara alınıb.
“IWS Globe” Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi olan “IWS Azerbaijan”ın və Xətai Sənət Mərkəzinin nəzdində açılmış “IWS Baku Khatai Art Gallery”in təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə açılacaq “Su və rəng ahəngi-2021” akvarel sərgisində iştirak edəcək rəssamlar müəyyənləşib.
Xətai Sənət Mərkəzindən bildirilib ki, sərgidə iştirak etmək üçün 100-dən çox müraciət qeydə alınıb. Onların arasından “IWS Azerbaijan” akvarel cəmiyyətinin bədii şurası tərəfindən 51 iştirakçı müəyyən edilib. Seçilmiş rəssamlar iyulun 10-dək əsərlərini çərçivələnmiş vəziyyətdə Xətai Sənət Mərkəzinə təqdim etməlidirlər.
Xatırladaq ki, sərgi iyulun 15-də Xətai Sənət Mərkəzində təşkil olunacaq.