Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Çində 9-cu Pekin Beynəlxalq İncəsənət Biennalesi keçiriləcək

    Gələn il Çin Xalq Respublikasında 9-cu Pekin Beynəlxalq İncəsənət Biennalesi keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, Pekin Beynəlxalq İncəsənət Biennalesi Çin Dövlət Şurası və Mərkəzi Hökumət tərəfindən təsdiqlənmiş böyük bir layihədir. Biennale müasir sənət sərgiləri ilə qlobal harmoniyanı təbliğ edir, Qərb və Şərq mədəniyyətlərini birləşdirir, beləliklə dünya miqyasında sənətkarlara dəstək olur. Sərginin təşkil olunması gələn ilin 18 yanvar-1 mart tarixlərində nəzərdə tutulur.

    Sərgi Çin Milli Sənət Muzeyi, Pekin (əsas məkan) və Olimpiya və Paralimpiya Qış oyunlarının qeyri-idman stadionlarında (filial yerləri) təşkil olunacaq. Sərginin ümumi mövzusu “Həyat işığı” başlığı altında gedir. Sülhü, birliyi, dostluğu və parlaqlığı simvolizə edən sərgidə müasir incəsənəti müxtəlif sənət əsərləri ilə təbliğ etmək məqsədilə rəsm, heykəltəraşlıq, instalyasiya və videonümunələr də daxil olmaqla fərqli xüsusiyyətlərə sahib əsərlər nümayiş olunacaq.

    9-cu Pekin Biennalesində iştirak etmək istəyənlər ətraflı məlumat üçün aşağıdakı linklər vasitəsilə keçid edə bilərlər.

    Beynəlxalq sənətçilər üçün e-poçt:

    Asiyadan olan sənətçilər üçün: biab_asia_oceania@163.com

    Avropadan olan sənətçilər üçün: biab_europe@163.com

    Afrika və Amerikadan olan sənətçilər üçün: biab_af_am@163.com

    Tel: 86-10-59759382, 59759383, 59759391

    Faks: 86-10-59759381

    Veb-səhifə: www.bjbiennale.com.cn (həm İngilis, həm də Çin veb-saytlarına giriş)

    Yüklənmə ünvanı: http://www.bjbiennale.com.cn/en/ParticipationWay/

    Son müraciət tarixi: 31 avqust 2021-ci il.

  • Rəssamlar arasında komiks, animasiya və videooyunlar müsabiqəsi elan olunub

    Yaponiyanın “Media Art” festivalı rəssamlar arasında komiks, animasiya və videooyunlar müsabiqəsi elan edib.

    AZƏRTAC xəbər verir ki, müsabiqə incəsənət, əyləncə, animasiya və manqa (kitab şəklində nəşr olunan komikslər) kateqoriyaları üzrə keçiriləcək.

    Hər bir kateqoriya üçün baş mükafat, mükəmməllik mükafatı, sosial təsir mükafatı, yeni sima mükafatları və U-18 mükafatı veriləcək.

    Birinci yerin qalibinə 1 milyon yapon yeni nəzərdə tutulub.

    Əlavə məlumat əldə etmək və müsabiqəyə qatılmaq üçün https://j-mediaarts.jp/en/contest/entry_guideline/ linkindən istifadə edə bilərsiniz.

  • Animayo Festivalı rəssamlar arasında poster müsabiqəsi elan edib

    Animayo Festivalı rəssamlar arasında poster müsabiqəsi elan edib.

    AZƏRTAC xəbər verir ki, qalib gələn poster Animayo 2022-nin tanıtımında istifadə ediləcək.

    Posterlərin hazırlanmasında istənilən üsuldan istifadə edilə bilər. Təqdim edilən əsərlər dərc edilməmiş olmalıdır.

    Birinci yerin qalibinə 500 avro dəyərində pul mükafatı təqdim olunacaq.

    Əlavə məlumat əldə etmək və müsabiqəyə qatılmaq üçün https://www.animayo.com/?accion=concurso_carteles linkindən istifadə edə bilərsiniz.

  • Mütaliəyə maraq artırılır

    Kitabxanalarda uşaq ədəbiyyatının təbliği ilə əlaqədar azyaşlı oxucuların mütaliəyə həvəsini və kitaba olan marağını artırmaq məqsədilə feysbukda “Kitabsevər uşaqlar” səhifəsi yaradılmışdır. Bu səhifə daxilində uşaq və böyüklər üçün “Sərhədsiz informasiya tribunası” ümumi qrupu yaradılmışdır.

    Layihənin rəhbəri və ideya müəllifi Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədovadır. Qrupda Zərdab, Qusar, Şirvan, Xaçmaz, Ağdaş, Yasamal rayon Mərkəzi kitabxanalarının əməkdaşları fəal iştirak edirlər.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, paylaşılan məlumatlar arasında Azərbaycan şair və yazıçılarının yubiley və anım günləri ilə əlaqədar, tarixi faktlar, hərbi vətənpərvərlik, müxtəlif informativ məlumatlar, nağıl və hekayələr üstünlük təşkil edir. Qrup beş ildir ki, fəaliyyət göstərir. “Sərhədsiz informasiya tribunası”nda yerləşdirilən materiallar dünyanın müxtəlif ölkələrindən izlənilir.

  • Bakı Musiqi Akademiyasında “Azərbaycan qədim rəqs havaları” kitabının təqdimatı keçirilib

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru, böyük elmi işçi Rauf Bəhmənlinin “Azərbaycan qədim rəqs havaları” kitabının onlayn təqdimatı keçirilib.

    BMA-dan AZƏRTAC-a bildirilib ki, təqdimata ev sahibliyi edən elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə “Azərbaycan qədim rəqs havaları” kitabının Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi çərçivəsində nəşr olunmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, bu tədqiqatı müəllifin yaradıcı uğuru ilə yanaşı, elmi-tədqiqat laboratoriyasının və hətta musiqi mədəniyyətimizin möhtəşəm uğurunun nəticəsi hesab etmək olar. Zəngin irsə malik olan Azərbaycan folkloru daima araşdırılmalı və yüksək müstəvilərdə təqdim olunmalıdır.

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə “Azərbaycan qədim rəqs havaları” kitabının işıq üzü görməsində böyük bir zəhmətin, uzun illər əzmlə aparılmış tədqiqatların bəhrəsinin nəticəsinin olduğunu vurğulayıb: “Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycanın və SSRİ-nin Xalq artisti, professor Fərhad Bədəlbəyli daima milli-mənəvi dəyərlərin, elmin keşiyində dayanıb və dəstəkləyib. Bunun nəticəsi olaraq bir çox dəyərli araşdırmalar, tədqiqatlar işıq üzü görüb”.

    Milli Məclisinin deputatı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın həqiqi üzvü, akademik Rəfael Hüseynov “Azərbaycan qədim rəqs havaları” kitabının dərc olunmasının Azərbaycanın mədəni və elmi həyatında son dərəcə əlamətdar bir hadisə olmasını bildirib.

    “Ümumiyyətlə hər zaman yeni kitabın yaranması, ictimaiyyətə təqdim olunması bir bayramdır, yeni-yeni elmi araşdırmalar üçün üfüqlərin açılmasında önəmli hadisədir. Bu gün bu tədbirdə iştirak edən insanların elmimizə, mədəniyyətimizə, düşüncə tariximizə əvəzsiz töhfələr verməsi, sədaqətli xidmətləri daima qiymətləndirilməli və önə çıxarılmalıdır. Azərbaycan rəqslərinin araşdırlması, toplanması və dərc olunması böyük bir zəhmət, peşəkarlıq tələb etdiyindən bu yolda Rauf Bəhmənliyə dəstək olan, zəhməti keçən hər bir kəsi alqışlayıram. Təqdim olunan kitab mədəniyyətimiz üçün əvəzsiz töhfədir və erməni plagiatının qarşısının alınmasında əvəz olunmaz vasitədir”, - deyə R.Hüseynov söyləyib.

    Ü.Hacıbəyli adına BMA-nın tədris üzrə prorektoru, Əməkdar müəllim, pedaqoji elmlər namizədi, professor Nərminə Quliyeva iştirakçıları salamlayaraq tədbirin önəmliyini vurğulayıb. Qeyd edib ki, Prezident, İlham Əliyevin müvafiq Sərəncamına əsasən BMA-nın 100 illiyi keçirilir və bütün tədbirlər yubiley çərçivəsində qeyd olunur: “Təqdim olunan kitabın yubileyimiz üçün əvəzsiz hədiyyə olduğunu qeyd etmək istərdim. Olduqca mürəkkəb tədris ilinin sonunda bu cür möhtəşəm tədbirin keçirilməsi bizim hamımız üçün uğurlu stimuldur. Mütləq şəkildə bu cür elmi araşdırmalar müxtəlif dillərə tərcümə olunaraq dünya ictimaiyyətinə təqdim olunmalıdır. Belə olduğu təqdirdə yad əllər bizim mədəniyyətimizə uzanmaz və erməni plagiatına son qoyular”.

    Kitabın etnomusiqişünaslığın bütün norma və qanunlarına, tələblərinə cavab verdiyini xüsusilə qeyd edən Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova müəllifi təbrik edərək, araşdırmanın müxtəlif dillərə tərcümə olunaraq dərc olunması təklifi ilə çıxış edib.

    Sonda bütün iştirakçıları, dəyərli qonaqları, elm xadimlərini salamlayan və dərin minnətdarlığını bildirən Rauf Bəhmənli 38 illik yaradıcı illərin, axtarışların uğurlu bəhrəsi olan “Azərbaycan qədim rəqs havaları” kitabına verilən dəyərə görə çox böyük qürur hissi keçirdiyini söyləyib.

    Ü.Hacıbəyli tərəfindən təməli qoyulmuş ənənənin davam etdirilə bilməsinə görə, Azərbaycan xalq rəqslərinin toplanılmasında, öyrənilməsi və dərc olunmasında dəstəyi, zəhməti olan hər bir kəsə təşəkkür edib.

  • Kazanda Azərbaycan Milli Xalça Muzeyinin sərgisi açılıb

    İyulun 7-də Rusiya Federasiyası Tatarıstan Respublikasında “Kazan Kremli” Muzey-Qoruğunda “Xalça sənəti – mənaların təkamülü” adlı sərginin açılışı olub.

    Respublikanın paytaxtında ilk dəfə olaraq Azərbaycan xalçaçılığına, onun ənənələrinə və müasir təcəssümünə həsr olunmuş genişmiqyaslı ekspozisiya təqdim edilib. Beləliklə, Kazan tamaşaçısı üçün xalçaları tarixi bir perspektivdə görmək, ornament və gizli mənalar dünyasına qərq olmaq üçün misilsiz fürsət yaranıb.

    Azərbaycan xalçalarının ən dolğun kolleksiyasına malik, dünyanın ilk xalça muzeyi olan Azərbaycan Milli Xalça Muzeyi XIX əsrin sonu–XX əsrin əvvəllərində toxunmuş ecazkar klassik xalça nümunələrini nümayiş etdirir. Onların hər biri ornament, rəng tərtibatı və texniki xüsusiyyətlərinə görə müxtəlif regional ənənələri əks etdirən nümunələrdir.

    2010-cu ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan xalçaçılıq sənəti günümüzdə davamlı olaraq yeni yanaşmalarla zənginləşsə də, qədim ənənələrini itirmədən inkişaf edir. Müasir rəssamlar qədim sənətkarlığı yeni yollarla inkişaf etdirərək əsərlər yaradırlar. Bu sərgidə təqdim olunan ənənəvi Azərbaycan xalçalarını və “Chıngız” yaradıcı təxəllüsü ilə işləyən Çingiz Babayevin müəllif əsərlərini birləşdirən məhz bu amildir.

    Müasir rəssam xalqının ənənələrinin və mədəniyyət normalarının daşıyıcısı olaraq, eskizləri və onların əsasında toxunmuş xalçalarda öz ornament dilini və xalçanın yeni dramaturgiyasını yaratmış olur. Azərbaycan xalçaçılıq ənənələrini təhrif etmədən, müasir sənət nümunələri yaradaraq interpretasiya edir. Beləliklə, klassik əsərlər yeni müəllif xalçaları ilə qarşı-qarşıya qoyulur, bununla da məsafələri və zamanı qət edərək onlarla dialoqa girir. Bu sərgidə təqdim olunan “Saf tarix” instalyasiyası sənətkar yaradıcılığının açarı ola bilər. Ornamentsiz, birrəngli, təbii yun çalarlı, “tabula rasa”nın klassik nümunəsi olan xalça müxtəlif dövrlərin bir çox simvollarını əsrlər ötdükcə itirsə də əbədidir.

    Sərgidə təqdim olunan sənədli filmdə “Chıngız” tamaşaçılarla yaradıcılıq prosesinin sirlərini bölüşür, ənənəvi xalçanın fəlsəfəsindən və müasir yozumundan bəhs edir.

    Qeyd edək ki, tədbirin açılışında Tatarıstan Respublikasının mədəniyyət naziri İradə Ayupova, layihənin kuratoru, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, Tatarıstan Xalqlar Dostluğu Evinin direktoru İrek Şaripov, Tatarıstan Azərbaycanlıları Regional İctimai Birliyinin sədri Bəhram Mustafayev, “Kazan Kremli” Muzey-Qoruğunun direktor müavini Svetlana Konovalova çıxış edərək sərginin əhəmiyyətindən danışıblar.

    Daha sonra qonaqlar sərgi ilə tanış olublar. Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova burada nümayiş etdirilən Quba, Qazax və Qarabağın ənənəvi xalçaları, onların dərin məna kəsb edən ornamentlərinin semantikaları barəsində ətraflı məlumat verib. Rəssam Çingiz Babayev isə müəllifi olduğu xalçalar, onların yaranma tarixçələri və iş prosesindən bəhs edib.

    Qeyd edək ki, “Xalça sənəti – mənaların təkamülü” sərgisi sentyabrın 5-dək davam edəcək.

  • Bakıda möhtəşəm “yanki” rəqsləri

    Azərbaycan Dövlət Akademik Musiqili Teatrının balet truppası növbəti maraqlı layihəyə imza atıb.

    AZƏRTAC xəbər verir ki, “Rok-n-roll”un əsasında hazırlanan rəqs kompozisiyası klip formatında təqdim olunub.

    Rəqsin quruluşu gənc balet artistləri Kamran Həsənov və Aynurə Əsgərovaya aiddir. Onlar həm də həmkarları-Rəbiyyə Əliyeva, Elvira Əzizova, Süsən Orucova, Məhəmməd Abdullayevlə birgə səhnəni bölüşüblər. Teatrın rejissor assistenti, eyni zamanda istedadlı aktyoru Elməddin Dadaşov da bu layihənin iştirakçısıdır.

    Kompozisiyanın quruluşçu rejissoru və montajçısı Alvin Mahmudov, musiqi tərtibatçısı Azər Məhərrəmovdur. Videoçarxda teatrın texniki heyəti-işıq, geyim, qrim sexlərinin əməkdaşlarının da zəhməti qabarıq görünür. Ritmik musiqi sədaları ilə səhnənin bədii tərtibatı-dekorasiya elementləri, işıq effektləri, ifaçıların kostyumları və digər komponentlər harmoniya təşkil edir.

    Qeyd edək ki, “Rok-n-roll” istedadlı balet artistləri Kamran və Aynurənin birgə hazırladıqları ilk layihə deyil, bundan öncə də “Flamenko” balet kompozisiyasını onlayn şəkildə sosial şəbəkə izləyicilərinə təqdim ediblər.

  • 2020-ci ildə Portuqaliyaya gələn xarici turistlərin sayı 73,7 faiz azalıb

    2020-ci ildə Portuqaliya cəmi 6,5 milyon xarici turist qəbul edib. Başqa sözlə, COVID-19 pandemiyası nəticəsində bu göstərici əvvəlki illə müqayisədə 73,7 faiz azalıb.

    AZƏRTAC Portuqaliya Milli Statistika İnstitutuna (INE) istinadla xəbər verir ki, 2020-ci ildə İspaniya xarici turistlər üçün əsas səyahət istiqaməti kimi qalıb. Burada 70,5 faiz azalma qeydə alınıb.

    Portuqaliya sakinləri 2020-ci ildə 14,4 milyon turizm səfəri ediblər. Bu, əvvəlki illə müqayisədə 41,1 faiz azdır.

    INE İnstitutunun hesablamalarına görə, kənd turizmi göstəriciləri 8,6 faiz artıb. Bu fakt ona dəlalət edir ki, turizm xidmətləri təklifinin bu seqmenti pandemiyanın təsirinə daha davamlı olacaq. Burada qonaqların sayının azalma göstəricisi ən aşağı səviyyədədir.

  • Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə general-mayor Polad Həşimovun xatirəsinə həsr olunan film təqdim ediləcək

    İyulun 12-də Beynəlxalq Muğam Mərkəzində “Portret 3293” adlı sənədli filmin təqdimat mərasimi keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, film general-mayor Polad Həşimovun xatirəsinə həsr olunub.

    Layihənin rəhbəri və ideya müəllifi Nurana Babayeva deyib: “Ötən il xain düşmən tərəfindən Tovuz hadisələrinin törədilməsi və general-mayor Polad Həşimovun şəhid olması məni bir Azərbaycan gənci kimi çox sarsıtdı. 2020-ci ilin iyul ayından emalatxanamda generalın portretini işləməyə başladım. Polad Həşimovun portreti mənim bu janrdakı ilk işimdir. Eyni zamanda, ideyamı genişləndirərək “Portret 3293” sənədli filminin ərsəyə gəlməsinə nail olduq. 3293 rəqəmi Polad Həşimovun düşməndən aldığı postun adı, hadisələrin cərəyan etdiyi yer və dəniz səviyyəsindən 3293 metr yüksəklikdə olmasını əks etdirir. Zabit və əsgər heyəti həmin postu həm də Polad postu adlandırırdı. Qeyd edim ki, heç bir sponsorluq və maliyyə dəstəyini qəbul etmədən bu işi həyata keçirdim. Polad Həşimovun ailə üzvlərinin tövsiyələrini nəzərə alaraq layihəmi tamamladım. Filmin və portretin təqdimatı üçün etdiyim müraciətə Beynəlxalq Muğam Mərkəzi müsbət cavab verdi və bir Azərbaycan gənci kimi layihəmin təşkilati məsələlərində mənə dəstək verdi. Bu vətənpərvərlik layihəsinin yüksək səviyyədə təqdimatına razılıq və dəstək verdiyi üçün Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyinə minnətdarlığımı bildirirəm”.

    Film “Chelebi Media Group” tərəfindən lentə alınıb. Çəkilişlər Azərbaycan Hərb Tarixi Muzeyi, II Fəxri xiyaban, Sumqayıt şəhərində Polad Həşimovun evi və Heydər Əliyev adına Ali Hərbi Məktəbdə aparılıb.

  • Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Gürcüstana səfəri davam edir
    Mədəniyyət naziri Anar Kərimovun Gürcüstana səfəri davam edir. İyulun 8-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyindəki rəsm qalereyasında dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb. Sərgidə Nizami Gəncəviyə həsr olunmuş miniatür və rəsm əsərləri nümayiş etdirilib. Azərbaycanlı və gürcü rəssamlar öz əsərlərini təqdim ediblər. Eyni zamanda, Gürcüstanın Kançeli adına simli kvarteti maraqlı konsert proqramı ilə çıxış edib. Ansambl Üzeyir Hacıbəylinin və digər bəstəkarların Nizami Gəncəvinin şeirlərinə bəstələdikləri əsərləri ifa ediblər. Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, Gürcüstanın mədəniyyət nazirinin müavini Kaxa Sixarelidze, Azərbaycan səfirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri sərgini izləyiblər. Anar Kərimov tədbirdə çıxış edərək Azərbaycan Prezidentinin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsinin əhəmiyyətindən danışıb. Bu cür qərarların Azərbaycan elminin, mədəniyyətinin, incəsənətinin inkişafında xidmətləri olan şəxslərə dövlət qayğısının bariz nümunəsi olduğunu qeyd edib. O, qonşu Gürcüstanda bu cür sərgilərin açılmasının mədəni əlaqələrimizin inkişafına xidmət etdiyini bildirib. Gürcüstan mədəniyyət nazirinin müavini Kaxa Sixarelidze dahi söz ustadı, fəlsəfi şair N.Gəncəviyə həsr olunmuş sərginin açılışını yüksək qiymətləndirib. Bildirib ki, N.Gəncəvinin əsərlərinə Gürcüstanda da böyük maraq var. Onun gözəl şeirləri, fəlsəfi fikirləri bu gündə sevilir və gələcək nəsillər üçün elm mənbəyi olacaq. Sərgidə, həmçinin Azərbaycanın Gürcüstandakı səfirliyinin Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar elan etdiyi rəsm müsabiqəsinin qaliblərinə və fərqlənən gənc rəssamlara diplom və hədiyyələr təqdim olunub. *** Səfər çərçivəsində mədəniyyət naziri Anar Kərimov Gürcüstanda yaşayan soydaşlarımızla görüşüb. Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, “SOCAR Energy Georgia“ şirkətinin Baş direktoru Mahir Məmmədov, ziyalılar iştirak ediblər. Səfir Faiq Quliyev nazir Anar Kərimovun Tbilisiyə səfərinin məqsədi, keçirdiyi görüşlər barədə məlumat verib. Bildirib ki, Azərbaycan dövləti daim bu ölkədə yaşayan soydaşlarımıza diqqət və qayğı göstərib. Bu siyasət bu gün də davam edir. Azərbaycanın dövlət və hökumət rəsmilərinin Gürcüstana mütəmadi səfərləri, o cümlədən nazir Anar Kərimovun bu səfəri, keçirilən görüşlərdə müzakirə olunan məsələlər buna əyani sübutdur. Səfir Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycan dövlətinə dəstəyini də qeyd edib. Onların 44 günlük Vətən muharibəsində göstərdikləri maddi, mənəvi dəstəyi, nümayiş etdirdikləri qəhrəmanlıqları xüsusi qeyd edib. Azərbaycan Prezidentinin fərman və sərəncamları ilə qazilərin və şəhidlərin yüksək mükafatlara layiq görüldüklərini diqqətə çatdırıb. Sonra nazir Anar Kərimov çıxış edərək Azərbaycan- Gürcüstan münasibətlərinin inkişafında soydaşlarımızın rolunu qeyd edib.  Bildirib ki, Gürcüstanda yaşayan, yazıb-yaradan soydaşlarımız ölkələrimiz arasında mədəni əlaqələrin genişlənməsində və möhkəmləndirilməsində mühüm rol oynayırlar.  A.Kərimov xarici ölkələrdə yaşayan soydaşlarımızın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında rolunu xüsusi vurğulayıb, Gürcüstanda yaşayan azərbaycanlıların da bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirib. Nazir Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbədən sonra yeni dönəm başladığını bildirib. O bildirib ki,  zəfər qazanmışıq, lakin beynəlxalq aləmdə təbliğat mübarizəsi davam edir. Qalib xalqın mədəniyyətinin tanıdılması prosesində dünyanın müxtəlif ölkələrində yaşayan hər bir azərbaycanlı rol oynamalı, öz töhfəsini verməlidir. Sonra Tbilisdəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva, ziyalılardan Fatma Əliyeva, Ceyran Qurbanova, Mahmud Kamaloğlu, Şahismayıl Məmmədov, Çingizxan Yaqubov və başqaları çıxış edərək görüşün təşkilinə görə minnətdarlıq ediblər. Nazir, bu görüşdə müzakirə olunacaq məsələlərin, qaldırılacaq problemlərinin diqqətdən kənarda saxlanılmayacağını bildirib. Görüşdə soydaşlarımızın inteqrasiyası, qayğı və problemləri ətrafında fikir mübadiləsi aparılıb. *** Gürcüstanın Marneuli rayonunun Kəpənəkçi kəndində görkəmli söz-saz ustadı aşıq Kamandar Əfəndiyevin ev muzeyinin açılışı olub. Mərasimdə mədəniyyət naziri Anar Kərimov, Gürcüstanın mədəniyyət nazirinin müavini Kaxa Sixarulidze, Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirləri Faiq Quliyev və Fatma Ceren Yazgan, TİKA -nin baş direktoru Sərxan Kayalar, Gürcüstan parlamentinin deputatı Zaur Dargallı və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə nazir Anar Kərimov, səfirlər Faiq Quliyev, Fatma Ceren Yazgan, Kaxa Sixarulidze, Sərxan Kayalar və başqaları çıxış edərək ev muzeyinin açılışını mühüm hadisə adlandırıblar. Çıxışçılar bu cür addımların mədəniyyətin inkişafı ilə yanaşı ölkələrimiz arasında mədəni münasibətlərin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıblar. *** Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Gürcüstana səfəti çərçivəsində azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Bolnisi rayonundakı Etno-muzeyi ziyarət edib. Gürcüstan Dövlət Muzeyinin direktoru David Lordkipanidze muzeyin tarixi, müxtəlif millətlərin milli mədəniyyət nümunələrinin qorunduğu bölmələr barədə nazirə ətraflı məlumat verib. Muzeyi gəzərək eksponatlarla tanış olan nazir Anar Kərimov Azərbaycanın milli mədəniyyət nümunələrinin saxlanıldığı guşəyə baxıb.