Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbinin şagirdləri ABŞ-ın Florida ştatının Aventura şəhərində təşkil olunan VI “Florida Keys” beynəlxalq musiqi müsabiqəsində uğurla iştirak ediblər.
İdarədən bildirilib ki, müsabiqədə musiqi məktəbinin zərb alətləri ixtisası üzrə şagirdi Əli Manaflı I yerə, fortepiano ixtisası üzrə şagirdi Turan Cəfərzadə II yerə layiq görülüb.
Hər il Nyu-Yorkda təşkil edilən və dünyanın müxtəlif ölkələrindən, fərqli yaş kateqoriyaları və musiqi alətləri üzrə gənc musiqiçilərin qatıldığı “Florida Keys” müsabiqəsi qaliblər qarşısında geniş imkanlar açır.
Müsabiqənin şərtlərinə əsasən I yer mükafatçısı Əli Manaflı 2022-ci il aprelin 5-də mötəbər konsert salonu sayılan “Carnegie Hall”da keçirilən Qala konsertdə iştirak etmək hüququ əldə edib. II yer mükafatçısı Turan Cəfərzadə isə Paris konservatoriyasının professoru, tanınmış pedaqoq Rena Şereşevskayadan ustad dərsi almaq şərəfinə layiq görülüb.
“Gilavar” Azərbaycan Foto Klubun təşkilatı dəstəyi ilə keçirilən daha bir beynəlxalq fotomüsabiqəyə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, “Azerbaijan Photo Salon -2021” adlı müsabiqəyə dünyanın 75 ölkəsindən 519 fotoqraf tərəfindən 7300 əsər təqdim edilib. Sərbəst rəngli, sərbəst ağ-qara, insanlar və səyahət mövzuları üzrə təqdim olunan fotolar Azərbaycan, İtaliya və Hindistandan olan 3 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmə beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində aparılıb.
Klubun həmsədri, beynəlxalq dərəcəli fotoqraf Rəşad Mehdiyevin sözlərinə görə, bu yarışma “Gilavar” Azərbaycan Foto Klubu tərəfindən həyata keçirilən sayca yeddinci beynəlxalq fotomüsabiqədir: “Ümumilikdə dörd nominasiya üzrə təqdim olunan 161 mükafata 38 ölkənin 121 fotoqrafı layiq görülüb. Müsabiqənin ən yaşxılarına qızıl, gümüş və bürünc medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq. Azərbaycandan olan fotoqraflar Ramil Zeynalov gümüş medal və fəxri lent, Roman İsmayılov, Orxan Əzimov, Valeriy Xlızov, Aleksandr Firstov, Fərqanə Qasımlı fəxri lent, Nurlan Tahirli və Rüstəm Məhərrəmov isə diplom qazanıb. Nəticədə isə azərbaycanlı fotoqraflar tərəfindən toplam 11 mükafat əldə olunub”.
Qeyd edək ki, “Gilavar” Azərbaycan Foto Klubunun əsas məqsədi ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, istedadlı fotoqrafları üzə çıxarmaq, onların beynəlxalq fotomüsabiqələrdə iştirak etmələrinə dəstək vermək və ölkəmizi dünyada tanıtmaqdır. Bütün bu işlərin nəticəsi olaraq ötən illərə nisbətən son dörd ildə beynəlxalq fotomüsabiqələrdə iştirak edən fotoqrafların, eləcə də qazanılan mükafatların sayı artır.
“Məryəm” bədii tammetrajlı filminin çəkilişləri tamamlanıb.
"Azərbaycanfilm Kinostudiyası”ndan "Report"-a verilən məlumata görə, Zaqatala-Balakən bölgəsində təqribən iki aya yaxındır davam edən bədii filmin çəkilişləri artıq yekunlaşıb.
Ssenari müəllifi və rejissoru Elçin Musaoğlunun olduğu filmdə, Məryəm obrazını Təhminə Rafaella, onun atasını isə Ayşad Məmmədov canlandırır. Filmin prodüseri Fariz Əhmədov, təsvir üzrə rejissoru (operator) Orxan Abbasov, rəssam isə Zaur Abdullayevdir.
Bir neçə gün əvvəl Türkiyənin ən mühim film layihələrinin inkişafı və istehsalı platformalarından biri olan “12 Punto – 2021”, TRT Beynəlxalq Birgə İstehsal Mükafatlarının qaliblərindən biri də, “Azərbaycanfilm Kinostudiyası” və "Sinema Evi" şirkətinin müştərək istehsal etdiyi “Məryəm” tammetrajlı bədii film layihəsi oldu.
Avropa İntibah dövrünün dahi simalarından rəssam və mühəndis Leonardo da Vinçinin bu gün azı 14 kişi varisinin yaşadığı müəyyənləşdirilib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, incəsənət tarixi və Leonardonun həyatına dair araşdırmaçı olan Alessandro Vezzosi və Aqnese Sabato tərəfindən on ildən artıq aparılan tədqiqat nəticəsində dahi sənətkarın ailə şəcərəsi nəsilbənəsil üzə çıxarılıb.
Belə ki, 1452-ci ildə Florensiyanın yaxınlığındakı kiçik Ançiano şəhərində dünyaya göz açan Leonardo ömrü boyu evlənməyərək övlad sahibi olmasa da, ən azı 22 atabir qardaşından gələn nəsillər müasir dövrümüzədək davam edib. Aparılan tədqiqat zamanı Leonardonun atası Ser Piero da Vinçi istinad nöqtəsi olaraq seçilməklə əvvəlcə 1331-ci il təvəllüdlü əcdadı Miçele aşkarlanıb.
Tədqiqatçılara görə, Leonardo atabir qardaşı Domeniko ilə Vinçi ailəsinin 6-cı nəslinə mənsublarmış. Ailə şəcərəsinin azı 21 nəslini təyin etmək mümkün olub. Araşdırmalar zamanı Leonardonun DNT-si də təyin edilib ki, bunun əsasında onun erkən yaşlanması, solaxaylığı, qidalanması, səhhəti, irsi xəstəliklərə düçar olub-olmaması, habelə digər xüsusiyyətləri də tədqiq oluna bilər.
Qeyd olunur ki, Leonardonun Vinçi soyadını daşıyan müasir varisləri arasında fermerlər, ofis əməkdaşları, döşəməçi, satıcı və bir nəfər rəssam da varmış.
Hindistanın məşhur aktyoru, rejissoru və siyasi xadimi Dilip Kumar (Məhəmməd Yusif Xan) vəfat edib.
Report “Tolo news” telekanalına istinadən xəbər verir ki, o, iyulun 7-də 99 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, D.Kumar 1922-ci ildə Pakistanın Peşəvar şəhərində anadan olub.
O, 1944-cü ildən filmlərdə çəkilməyə başlayıb. D.Kumarın çəkildiyi filmlər bunlardır: “Babul” (1950), “Ram və Şam”(1967), “Didar”,(1951), “Qanqa Camna”(1961), “Daağ” (1952), “Amar” (1954), “Mila” (1948), “Muğhal-e-Azam” (1960), “Dastan”, “Madhumati” (1958) və s.
Azərbaycanda hind kinosunun həvəskarları onu daha çox “Ram və Şam” filimindən tanıyırlar.
D.Kumar ardıcıl olaraq bir çox mükafat alıb.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 nömrəli filialı məşhur yazıçı Artur Konan Doylun anım günü ilə əlaqədar “Dünya şöhrətli yazıçı” adlı virtual sərgi hazırlayıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, virtual sərgi kitabxananın sosial hesablarında oxuculara təqdim olunub.
Qeyd edək ki, detektiv ədəbiyyatı janrının ən parlaq nümayəndələrindən biri və Şerlok Holms, professor Çellincer kimi maraqlı obrazların müəllifi olan dünya şöhrətli yazıçı Artur Konan Doyl 1859-cu ildə Böyük Britaniyada anadan olub.
Yazıçıya uğur gətirən ilk hekayəsi 1887-ci ildə “Beeton’s Christmas Annual” jurnalında çap olunan “Qırmızı Fayl” adlı hekayədir. 1891-ci ildən yeni nəşrə başlayan "Strend" dərgisi onun Şerlok Holmsın macəralarını hissə-hissə çap etməyə başladı. Konan Doylun universitet müəllimi Jozef Bellin simasında qələmə aldığı ağıllı, bacarıqlı və qəzəbli şəxsi detektiv oxucuya viktorian dövrünün məftunluq əzəmətini yaşatdı. O, Holmsdan bəhs edən 24 əhvalat yazdı, nəhayət, ondan bezən yazıçı "Şerlok Holmsın son işi" (1893) hekayəsində qəhrəmanını öldürdü.
Artur Konan Doyl 1930-cu il iyulun 7-də infarktdan dünyasını dəyişib.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında 3 bədii tammetrajlı film istehsal prosesindədir.
Kinostudiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, rejissor Elçin Musaoğlunun “Məryəm” filminin çəkilişlərinə may ayından başlanılıb. Hazırda Zaqatala-Balakən bölgəsində son çəkilişlər gedir və iyulun 10-na kimi çəkilişlər tamamlanacaq. Ekran əsərinin ilin sonuna tamaşaçılara təqdim olunması nəzərdə tutulub.
Dram janrında olan filmin süjet xətti ölmüş bildiyi atasını görmək üçün uzun illər sonra Azərbaycana gələn və onu ucqar rayonda yerləşən ruhi-əsəb xəstəxanasında tapan Məryəm adlı qızdan bəhs edir.
İkinci Qarabağ müharibəsinə həsr olunmuş kinorejissor Vaqif Mustafayevin “Fəryad 2” filmi ilə bağlı hazırlıq prosesləri gedir. Filmin məkan çəkilişlərinə hazırlıq məqsədilə Hadrut və Bakı şəhərində dekorasiyalar qurulur. İyulun 15-dən sonra çəkilişlər başlanacaq.
Asif Rüstəmovun “Mərmər soyuğu” adlı filmi isə fransalı şirkətlə birgə lentə alınacaq. İlin sonuna qədər bu iki filmin də çəkilişlərinin tamamlanması nəzərdə tutulub.
Eyni zamanda, kinostudiyada bir neçə sənədli filmin çəkilişləri də davam edir. “Görünməyən qəhrəmanlar” adlı 5 hissəli silsilə xronikal filmlərin istehsalı prosesinə artıq start verilib. Silsilə filmlər İkinci Qarabağ müharibəsində öz qəhrəmanlıqları ilə ad qazanmış döyüşçülər haqqındadır. Mədəniyyət Nazirliyinin “Böyük qayıdış” ssenari müsabiqəsinin qalibi olan “Fulya” sənədli filmi tamamlanıb və montaj prosesindədir.