Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Tovuzda Qala düzü Son Orta əsrlər dövrü abidəsində ilkin tədqiqatlar aparılıb
    Ölkə ərazisində tarixi abidələrin qeydiyyatı ilə bağlı görülən işlərin təkmilləşdirilməsi məqsədilə vacib sayılan bir sıra ərazilərdə arxeoloji tədqiqat işləri həyata keçirilir. Belə ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin müraciəti əsasında, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Tovuz bölgəsində çalışan arxeoloji ekspedisiyası, iyun ayında rayonun Vahidli kəndi ərazisində yerləşən Son Orta əsrlər dövrünə aid Məscid və Türbə kompleksinin (inv. 5201) ətraf ərazilərində ilkin arxeoloji qazıntı işləri aparıb. Arxeoloji tədqiqat işləri hündür təpələr olan Qala düzü adı ilə tanınan ərazidə həyata keçirilib. Qazıntı işləri zamanı Qala düzü ərazisində Orta əsrlər dövrünə aid yaşayış yerinin mövcudluğunu sübut edən mədəni təbəqə aşkar edilib. XVIII əsrə aid iki otaqdan ibarət evin qalıqlarının aşkar olunması ərazidə yaşayış olduğunu sübuta yetirib. Bununlada, Məscid və Türbə kompleksinin və əsasən karvan yolları üçün nəzərdə tutulmuş körpünün olması ərazidə zəngin yaşayış yerinin mövcudluğunu təsdiqlənmiş olub. Ümumilikdə 2 hektardan çox ərazini əhatə edən abidələr, Son Orta əsrlər dövrünə aid Tovuzda qədim yaşayış yerinin kompleks şəkildə qorunmasını və tədqiqinin vacibliyini ön plana çəkir. Aparılmış qazıntılar nəticəsində Qala düzü ərazisində yeni aşkar olunmuş Son Orta əsrlər dövrü yaşayış yerinin mühafizə zonasının sərhədləri müəyyən edilib. Tovuz şəhərinin cənub-qərb istiqamətində yerləşən və dövlət tərəfindən qorunan XVII əsrə aid Məscid və Türbə kompleksi 80-ci illərdə tədqiq edilmişdir. Axınca çayın ətrafında yerləşən digər Orta əsrlər dövrünə aid memarlıq kompleksi çayın üzərində XV əsrə aid aran memarlıq məktəbi üslubunda inşa olunmuş Sultan körpüsüdür. Məscid və qəbiristanlığın və Sultan körpüsünün arasında olan ərazinin böyük bir hissəsi Qala düzü adlanır.
  • Fuad Nağıyev: Regional turizmin inkişafı məşğulluğun artmasına və yeni sahibkarlıq subyektlərinin yaranmasına təkan verəcək

    “Regional İnnovativ Turizm Məhsulu” (“RİTM”) Azərbaycanda regional turizmə həsr olunmuş ilk startap proqramıdır. Burada kənd turizmi, e-ticarət, kulinariya, ümumilikdə bir çox turizm və qonaqpərvərlik sahələrinə aid olan startaplar təşviq olunacaq.

    Bu sözləri iyulun 1-də “Four Seasons” hotelində “Regional İnnovativ Turizm Məhsulu” (RİTM) sahibkarlıq proqramının təqdimat mərasimində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

    Regional turizmin inkişaf etdirmək qarşıda duran əsas vəzifələrdən biri olduğunu söyləyən Fuad Nağıyev deyib: “Sirr deyil ki, regional turizmin inkişafı məşğulluğun artması və turizmyönümlü yeni sahibkarlıq subyektlərinin yaranmasına təkan verəcək. Bu səbəbdən “RİTM” proqramı xüsusi əhəmiyyət kəsb edir. Proqram, həmçinin bölgələrimizdə xidmət keyfiyyətinin artırılması, turizm məhsullarının sayının və növünün çoxaldılması, həm də dayanıqlı turizmin inkişafına töhfə verəcək. Ölkəmizin, eləcə də ayrı-ayrı regionlarımızın turizm potensialı çox zəngindir”.

    “Hər bir regionumuzun özünəxas cəhətləri var. Bu fərqlilikləri nəzərə alaraq layihə şimalda Quba, Qusar, şimal-qərbdə Şəki, Şamaxı, İsmayıllı, Qəbələ, Zaqatala, Qax, Balakən, Oğuz, cənubda Lənkəran, Lerik, Masallı, qərbdə Gəncə, Mingəçevir, Naftalan, həmçinin Naxçıvan və Bakını əhatə edəcək”, - deyə Fuad Nağıyev qeyd edib.

  • RİTM proqramı turizm üzrə kiçik və orta sahibkarların dəstəklənməsi istiqamətində fəaliyyət göstərəcək

    “Regional İnnovativ Turizm Məhsulu” (“RİTM”) regional sahibkarlıq proqramı olaraq turizm sahəsi üzrə investorları və İT mütəxəssislərini cəlb etməklə innovativ startaplara təkan verilməsi, yerli əhalinin sahibkarlıq sahəsində potensialının inkişaf etdirilməsi, eləcə də turizm üzrə fəaliyyət göstərən kiçik və orta sahibkarların dəstəklənməsi istiqamətində fəaliyyət göstərəcək.

    Bu sözləri iyulun 1-də “Four Seasons” hotelində “Regional İnnovativ Turizm Məhsulu” (RİTM) sahibkarlıq proqramının təqdimat mərasimində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

    Fuad Nağıyev layihənin startap proqramının bölgələrimizdə xidmət keyfiyyətinin yüksəldilməsinə, turizm məhsullarının sayının və çeşidinin artmasına, həmçinin dayanıqlı turizmin inkişafına töhfə verəcəyini bildirib. Qeyd edib ki, regional turizmin inkişafı məşğulluğun artmasına və turizmyönümlü yeni sahibkarlıq subyektlərinin yaranmasına təkan verəcək əsas amillərdən biridir.

  • Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının iclasında bir sıra məsələlər müzakirə edilib

    Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gənclər Şurasının iclası keçirilib.

    AYB-in sədri, Xalq yazıçısı Anar birliyin Gənclər Şurası ilə bəzi məsələləri müzakirə edib.

    İclasda ədəbi festivalların təşkili, gənc yazarların ədəbi mətbuat orqanlarının redaksiya heyətlərinə üzv qəbul edilməsi, ədəbi telelayihələr, yay məktəblərinin təşkili, digər dövlət qurumları ilə, habelə özəl təşkilatlarla əməkdaşlıq, regionlarda və paytaxtda oxucularla görüşlərin keçirilməsi, yaradıcı qurumların bir-birinə inteqrasiyası, gənc yazarların əsərlərinin çapı və sair məsələlər müzakirə edilib.

    Görüşdə AYB-in gənclərlə iş üzrə katibi Rəşad Məcid də çıxış edib, gənclərin təklifləri ilə bağlı fikirlərini bildirib.

    Sonda Xalq yazıçısı Anar gənclərə öz tövsiyələrini verib və onlara uğurlar arzulayıb.

  • Virtual “Yaz festivalı"nın qalibləri müəyyənləşib

    Masallı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Masallı, Cəlilabad və Yardımlı rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrinin iştirakı ilə keçirilən virtual "Yaz festivalı" başa çatıb.

    “Nizami Gəncəvi İli” çərçivəsində keçirilən və bir ay davam edən onlayn festival Nizami Gəncəvinin həyat və yaradıcılığını əks etdirən şeirlər, qəzəllər, romanslar, mahnılar və rəsm əsərləri nümayiş olunmaqla üç janr üzrə keçirilib.

    Münsiflər heyətinin qərarına əsasən "Yaz festivalı"nın qalibləri müəyyən olunub.

    Masallı İncəsənət Məktəbinin şagirdi Nurgül Cəfərova birinci, Musaküçə Kənd Sənətkarlıq Evinin bədii rəhbəri Ziyafət Hüseynov və Masallı Rayon Dövlət Rəsm Qalereyasının direktor əvəzi Təhmasib Məcidov ikinci, Masallı İncəsənət Məktəbinin şagirdi Səbinə Həbibova üçüncü yerlərə layiq görülüblər.

  • Xalça Muzeyində “Sağlam həyat, sağlam yaşa” layihəsi çərçivəsində tədbir təşkil olunub

    Azərbaycan Milli Xalça Muzeyində uşaqlar arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması, onların bu istiqamətdə maarifləndirilməsi məqsədilə “Sağlam həyat, sağlam yaşa” layihəsi çərçivəsində tədbir keçirilib.

    Muzeydən bildirilib ki, tədbirdə “Focus Group” - psixoloji xidmət və konsaltinq şirkətinin psixoloqu Nərgiz Zeynalzadə uşaqlara yoqa, art terapiya təlimləri keçib, onlarla sağlam həyat vərdişlərinin formalaşdırılması mövzusunda söhbət edib. Açıq havada bir neçə saat davam edən təlimdə uşaqlar sağlam həyat tərzinin insan sağlamlığına təsiri barədə maraqlı məlumatlara yiyələnməklə yanaşı, həm də əyləniblər.

    Qeyd edək ki, muzeyin Uşaq şöbəsi yay tətili müddətində uşaqlar üçün bu cür maraqlı tədbirlərin karantin qaydalarına uyğun şəkildə təşkilini davam etdirəcək.

  • Kitabxana qəhrəmanlıq və vətənpərvərlik mövzusunda videoçarx hazırlayıb

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi qəhrəmanlıq və vətənpərvərlik mövzusunda videoçarx hazırlayıb.

    İdarədən bildirilib ki, videoçarx kitabxananın sosial media hesablarında yayımlanıb.

    Videoçarxda qeyd edilir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dövlətimizə qarşı törədilən cinayətlərə, xüsusilə də erməni təcavüzü və terrorizminə qarşı xalqımız səfərbər olub. Vətən və millət naminə düşmənə qarşı ölüm-dirim mübarizəsinə qalxıb. Bu mübarizədə minlərlə igid oğullarımız və qızlarımız şəhid olub. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərməksə hər kəsin vətəndaşlıq borcudur.

  • Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti türkiyəli nazir müavini ilə görüşüb

    Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Əhməd Misbah Demircan Bakıya işgüzar səfəri çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edərək, fondun prezidenti Günay Əfəndiyeva ilə görüşüb.

    Görüşdə Günay Əfəndiyeva fondun fəaliyyəti barədə məlumat verərək, təşkilat tərəfindən türk dünyasının maddi-mədəni irsinin tanıdılması və qorunması istiqamətində bir çox tədbirlərin, konfransların və sərgilərin keçirildiyini, kitabların nəşr etdirildiyini bildirib. O, fondun qurucu üzv ölkəsi olan Türkiyə ilə təşkilat arasında sıx əməkdaşlıq əlaqələrinin olduğunu vurğulayıb və bu münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsinin önəminə toxunub.

    Fondun prezidenti cari ilin mart ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal zirvə görüşü çərçivəsində Türküstan Bəyannaməsinin qəbul olunduğuna diqqət çəkərək, həmin Bəyannaməyə əsasən, üzv dövlətlərin müvafiq qurumlarının Türk Əməkdaşlıq Təşkilatları ilə birlikdə türk dünyasının ədəbiyyatı, incəsənəti, elmi və mədəniyyətinin inkişafına böyük töhfə vermiş şairlərin, filosofların və dövlət xadimlərinin ildönümlərinin qeyd olunması ilə bağlı tədbirlərin keçirilməsi məsələsinə toxunub.

    Qarabağ Zəfəri haqqında danışan fondun prezidenti bildirib ki, bu qələbə bütün türk dünyasına qürur yaşadıb. Türkdilli beynəlxalq təşkilatın rəhbəri kimi Azərbaycan ilə Türkiyə arasında əsrlər boyu davam edən qardaşlıq münasibətlərinə böyük dəyər verdiyini deyən Günay Əfəndiyeva, Azərbaycan və Türkiyə prezidentləri tərəfindən imzalanan Şuşa Bəyannaməsinin xüsusi önəm kəsb etdiyini bildirib.

    Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Əhməd Misbah Demircan fondda olmasından böyük məmnunluq hissi keçirdiyini qeyd edərək, təşkilat ilə Türkiyə arasındakı əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirib. O, fond ilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi arasında olan tərəfdaşlıq münasibətlərinin gücləndirilməsi istiqamətində gələcəkdə daha çox birgə layihələrin reallaşdırılmasının vacibliyini qeyd edib. Əhməd Misbah Demircan fond tərəfindən türkdilli xalqların zəngin maddi və mədəni irsinin araşdırılması, beynəlxalq aləmdə tanıdılması istiqamətində təqdirəlayiq işlər görüldüyünü və Türkiyənin bundan sonra da təşkilata hər cür dəstək göstərəcəyini bildirib.

    Günay Əfəndiyeva, fond tərəfindən müxtəlif ölkələrdə nəşr olunan türkdilli ölkələrin zəngin mədəniyyətini, adət-ənənələrini əks etdirən kitabları, eləcə də Qarabağ xalçasını Əhməd Misbah Demircana hədiyyə edib.

  • Dövlət Turizm Agentliyinin regional startapları "RİTM"lə işləyəcək

    “RİTM” proqramı ictimaiyyətə təqdim edilib

    İyulun 1-də Dövlət Turizm Agentliyi tərəfindən hazırlanmış, regionlarda turizm startaplarının dəstəklənməsini, eləcə də regional turizmə investisiyaların cəlb edilməsinin təmini məqsədini daşıyan “Regional İnnovativ Turizm Məhsulu” (RİTM) proqramı ictimaiyyətə təqdim olunub.

    Təqdimat mərasimdə “RİTM” regional sahibkarlıq proqramının turizm sahəsi üzrə investorları və İT mütəxəssislərini cəlb etməklə innovativ startaplara təkan verilməsi, habelə yerli əhalinin sahibkarlıq sahəsində potensialının inkişaf etdirilməsi, turizm üzrə fəaliyyət göstərən kiçik və orta sahibkarların dəstəklənməsi istiqamətində fəaliyyət göstərəcəyi vurğulanıb.

    Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxışında startap proqramının bölgələrimizdə xidmət keyfiyyətinin yüksəldilməsinə, turizm məhsullarının sayının və çeşidinin artmasına, həmçinin dayanıqlı turizmin inkişafına töhfə verəcəyini bildirib.

    O söyləyib ki, regional turizmin inkişafı məşğulluğun artmasına və turizmyönümlü yeni sahibkarlıq subyektlərinin yaranmasına təkan verəcək əsas amillərdən biridir: “Bu, Azərbaycanda regional turizmə həsr olunmuş ilk startap proqramıdır. “Regional İnnovativ Turizm Məhsulu”, qısaca “RİTM” adlanan layihədə kənd turizmi, e-ticarət, kulinariya, ümumilikdə bir çox turizm və qonaqpərvərlik sahələrinə aid olan startaplar təşviq olunacaq. Regional turizmi inkişaf etdirmək qarşıda duran əsas vəzifələrdəndir. Sirr deyil ki, regional turizmin inkişafı məşğulluğun artması və turizmyönümlü yeni sahibkarlıq subyektlərinin yaranmasına təkan verəcək əsas amillərdən biridir. Bu səbəbdən “RİTM” proqramı xüsusi əhəmiyyət kəsb edir. Proqram, həmçinin bölgələrimizdə xidmət keyfiyyətinin artırılması, turizm məhsullarının sayının və növünün çoxaldılması, həm də dayanıqlı turizmin inkişafına töhfə verəcək. Ölkəmizin, eləcə də ayrı-ayrı regionlarımızın turizm potensialı çox zəngindir. Hər bir regionumuzun özünəməxsus cəhətləri var. Bu fərqlilikləri nəzərə alaraq layihə şimalda Quba, Qusar, şimal-qərbdə Şəki, Şamaxı, İsmayıllı, Qəbələ, Zaqatala, Qax, Balakən, Oğuz, cənubda Lənkəran, Lerik, Masallı, qərbdə Gəncə, Mingəçevir, Naftalan, həmçinin Naxçıvan və Bakını əhatə edəcək”.

    Vurğulayıb ki, “RİTM” layihəsi həm yeni başlayan startap həvəskarları, həm də mikro və kiçik sahibkarları birləşdirən bir platforma kimi fəaliyyət göstərəcək. “RİTM layihəsində ümumilikdə bir çox turizm və qonaqpərvərlik sahələrinə aid startaplar təşviq olunacaq: “Proqramın hazırlanması və icrasında bir sıra dövlət və özəl təşkilatlar dəstək göstərir. Buna görə bütün tərəfdaşlarımıza və startaplar arasında keçiriləcək müsabiqənin qaliblərinə dəstək verəcək təşkilatlara təşəkkür edirəm. Tərəfdaşlarımızdan biri də Kiçik və Orta Biznesin İnkişafı Agentliyidir (KOBİA). Bizim bir sıra layihələr üzrə qarşılıqlı, faydalı tərəfdaşlıq əlaqələrimiz mövcuddur. KOBİA-nın regionlarda fəaliyyət göstərən sahibkarlara verdiyi dəstəyi yüksək qiymətləndirirəm, qurumun idarə heyətinin sədri Orxan Məmmədova buna görə təşəkkür edirəm. İnanırıq ki, bu cür layihələr regionlarımızın turizm potensialının effektiv istifadəsinə, turizm imkanlarının tanıdılmasına, daha çox turistin cəlb edilməsinə öz müsbət təsirini göstərəcək”, - deyə Fuad Nağıyev söyləyib.

    Bölgələrimizdə turizmin inkişaf etdirilməsinin dövlətimizin başçısının daim diqqətində olduğunu söyləyən Dövlət Turizm Agentliyinin sədri buna görə Prezident İlham Əliyevə və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkür edib.

    Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "RİTM” layihəsinin real və ölçülə bilən nəticələrə yönəldiyini bildirərək layihəyə hərtərəfli dəstək göstərməyə hazır olduqlarını qeyd edib. O, layihədə KOB subyektləri vasitəsilə məşğulluğu təmin etmək istiqamətində olan komponentlərin təqdirəlayiq olduğunu vurğulayıb.

    Təqdimat prosesində “RİTM” proqramına qoşulmaq üçün hazırlanmış https://ritm.tourismboard.az/ veb-saytının funksiyaları izah olunub, eləcə də startap proqramına müraciətlə bağlı şərtlər və qaydalar açıqlanıb.

    Tədbir çərçivəsində Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun məsul şəxslərinin iştirakı ilə keçirilən mətbuat konfransında media nümayəndələrinin sualları cavablandırılıb.

    Qeyd edək ki, “RİTM” proqramına tərəfdaş qismində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və beynəlxalq audit şirkəti olan “PricewaterhouseCoopers” (PwC) tərəfdaşlıq edir.

  • Macar bəstəkar Bela Bartokun 140 illik yubileyinə həsr edilmiş tədbir keçiriləcək

    İyulun 2-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda dünyaca məşhur macar bəstəkarı Bela Bartokun 140 illik yubileyinə həsr edilmiş “Bela Bartok ili”nin açılış mərasimi keçiriləcək.

    Fonddan bildirilib ki, tədbirdə təşkilatın himayəsində yaradılan “Dədə Qorqud” kamera orkestrinin ifasında bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim ediləcək. “Dədə Qorqud” kamera orkestri türk dünyasının zəngin mədəniyyət və incəsənətini, xalq yaradıcılığını, dahi bəstəkarlarının əsərlərini beynəlxalq aləmdə tanıtmaq məqsədilə yaradılıb. Orkestrin bədii rəhbəri və dirijoru Xalq artisti, professor Yalçın Adıgözəlovdur.

    Tədbir pandemiya şəraitinə uyğun olaraq keçiriləcək.