İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) nəzdində fəaliyyət göstərən İslam Dünyası İrs Komitəsinin (IWHC) 9-cu iclası keçirilib.
Təşkilatdan bildirilib ki, komitənin iclasında daha 97 tarixi-mədəniyyət abidəsinin İslam Dünyası İrsi Siyahısına daxil edilməsi barədə qərar qəbul edilib. Siyahı yaxın günlərdə təşkilatın rəsmi saytında dərc ediləcək.
Komitənin iclasında altı mədəni irs nümunəsinin siyahıya daxil edilməsi məqsədəuyğun hesab edilməyib. Beləliklə, İslam Dünyası İrsi Siyahısına daxil edilmiş tarixi-mədəniyyət abidələrinin ümumi sayı 320-yə çatıb.
İclasda çıxış edən ICESCO-nun mədəniyyət və kommunikasiya bölməsinin rəhbəri Məhəmməd Zeynəlabidin qeyd edib ki, təşkilatın Baş direktoru Salim Məhəmməd əl-Malik İslam ölkələrində tarixi-mədəniyyət abidələrinin siyahıya alınması, onların mühafizəsinə və beynəlxalq aləmdə təbliğinə böyük əhəmiyyət verir. Bu məqsədlə təşkilatın müvafiq strukturu maddi və qeyri-maddi mədəni irs nümunələrinin müəyyən edilməsi istiqamətində üzv ölkələrlə sıx əməkdaşlıq edir.
Sonda COVID-19 pandemiyası şəraitində tarixi abidələrin və muzeylərin vəziyyəti ilə əlaqədar məlumatların ICESCO-ya təqdim edilməsinə, habelə İslam Dünyası İrsi Ensiklopediyasının hazırlanmasında iştiraka dair təşkilata üzv ölkələrin uyğun strukturlarına müraciət qəbul edilib. Bundan başqa, iclasda bəşər sivilizasiyasına məxsus olan və silahlı münaqişə zonalarında yerləşən tarixi-mədəniyyət abidələrinin mühafizəsi məsələsi də müzakirə edilib.
Bölgələrimizdə turizmi inkişaf etdirmək ölkə rəhbərliyinin daim diqqətindədir. Bizə bu işdə hər zaman dəstək göstərilir. Bu daimi diqqətə və dəstəyə görə Prezident İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkür edirik.
Bu sözləri iyulun 1-də “Four Seasons” hotelində “Regional İnnovativ Turizm Məhsulu” (RİTM) sahibkarlıq proqramının təqdimat mərasimində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
Vurğulayıb ki, “RİTM” layihəsi həm yeni başlayan startap həvəskarları, həm də mikro və kiçik sahibkarları birləşdirən bir platforma kimi fəaliyyət göstərəcək. “RİTM layihəsində ümumilikdə bir çox turizm və qonaqpərvərlik sahələrinə aid startaplar təşviq olunacaq. Proqramın hazırlanması və icrasında bir sıra dövlət və özəl təşkilatlar dəstək göstərir. Buna görə bütün tərəfdaşlarımıza və startaplar arasında keçiriləcək müsabiqənin qaliblərinə dəstək verəcək təşkilatlara təşəkkür edirəm. Tərəfdaşlarımızdan biri də Kiçik və Orta Biznesin İnkişafı Agentliyidir. Bizim bir sıra layihələr üzrə qarşılıqlı, faydalı tərəfdaşlıq əlaqələrimiz mövcuddur. KOBİA-nın regionlarda fəaliyyət göstərən sahibkarlara verdiyi dəstəyi yüksək qiymətləndirirəm, qurumun idarə heyətinin sədri Orxan Məmmədova buna görə təşəkkür edirəm. İnanırıq ki, bu cür layihələr regionlarımızın turizm potensialının effektiv istifadəsinə, turizm imkanlarının tanıdılmasına, daha çox turistin cəlb edilməsinə öz müsbət təsirini göstərəcək”, - deyə Fuad Nağıyev söyləyib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva tanınmış dombra ifaçısı Arslanbek Sultanbekov və “Dombranın izi ilə” tarixi-sənədli filminin rejissoru Mehmet Gün ilə görüşüb.
Arslanbek Sultanbekov adının, sənətinin Azərbaycanda, ümumən türk dünyasında məşhur olduğunu vurğulayan Q.Paşayeva onunla görüşmək¬dən məmnun olduğunu bildirib.
“Qardaş xalqlar arasında ən əsas bağlardan biri məhz mədəniyyət, mədəniyyət xadimləri arasında güclü işbirliyinin olmasından keçir. Sizin kimi məşhur ifaçının bu planda verə biləcəyi töhfələr böyükdür. Çox şadam ki, sizin və qardaş Türkiyənin tanınmış rejissoru Mehmet Günün iştirakıyla dombra ilə bağlı film hazırlanır. Ümidvaram ki, dombra, saz, digər türk musiqi alətlərinin yaranması, ozan-aşıq sənətinin inkişaf yolları timsalında ortaq mədəni irsimizlə bağlı gözəl bir sənət əsəri ərsəyə gələcək”, - deyə Q.Paşayeva söyləyib.
Komitə sədri hər iki sənətkara xatirə hədiyyələri, o cümlədən Rusiyanın Qaraçay-Çərkəz Respublikasında tikiləcək məscid üçün Türk-İslam motivli rəsm əsəri hədiyyə edib.
Arslanbek Sultanbekov və Mehmet Gün səmimi görüş və fikir mübadiləsi üçün komitə sədrinə təşəkkür edib.
Nəriman Nərimanovun xatirə muzeyində narkomaniyaya qarşı “Ağ ölümlə mübarizə” adlı onlayn tədbir keçirilib.
Tədbirdə həkim-narkoloq, yazıçı Asif Kəngərli, Azərbaycan-Antalya Kültür və Dayanışma Dərnəyinin idarə heyətinin rəhbəri Ceyran Səttarova, Tərtər rayon Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşları, Şamaxı Dövlət Regional Kollecinin tələbələri, muzeyin əməkdaşları çıxış ediblər.
Tədbiri giriş sözü ilə muzeyin direktoru Kamilə Hüseynova və başqaları narkomaniyaya qarşı mübarizədə maarifləndirmənin önəmindən danışıblar. Çıxışlarda narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri barədə ətraflı məlumat verilib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialı “Bir əsərin tarixçəsi” adlı yeni layihə hazırlayaraq virtual izləyicilərinə təqdim edib.
İdarədən bildirilib ki, layihədə yazıçı və şairlərin əsərlərinin maraqlı tarixçələri izləyicilərə təqdim olunacaq. İlk paylaşım İsmayıl bəy Qutqaşınlının “Rəşid bəy və Səadət xanım” əsəridir.
“Rəşid bəy və Səadət xanım” İsmayıl bəy Qutqaşınlının Fransada çap etdirdiyi, fransız dilində yazılmış ilk Azərbaycan bədii nəsridir. Əlyazmanı ilk dəfə Salman Mümtaz əldə edib. O, öz xatirələrində uzun axtarışlardan sonra Xasay xan Usmiyevin sayəsində 1922-ci ildə hekayəni əldə etdiyini yazıb. Kitabı Xasay xandan 2-3 aylığa əmanət alan Salman Mümtaz onu tərcümə etmək istəyib, lakin səpmə yatalaq xəstəliyinə tutulduğuna görə əmanəti geri qaytarıb, yenidən istəyəcəyini bildirib. Lakin Salman Mümtazın xəstəliyi 6 ay çəkib, bu müddətdə isə Xasay xan Vladiqafqazda vəfat edib və əsərin izi itib. 1932-ci ildə Salman Mümtaz Azərbaycan Dövlət Muzeyinə elmi işçi kimi işə qəbul olunub, burada isə məlum olub ki, Xasay xan kitabı başqa kitablarla birlikdə muzeyə satıb.
Əsəri ilk dəfə Səlim bəy Behbudov tərcümə edib, lakin “Azərnəşr”də çapı nəzərdə tutulsa da, alınmayıb. 1937-ci ildə Salman Mümtazın həbsindən sonra əsər yenidən unudulub, iki il sonra 1939-cu ildə “Ədəbiyyat qəzeti”ndə Azərbaycan dilində dərc olunub. Hekayə 1956-cı ildə ilk dəfə olaraq kitab formasında çap olunub.
Pandemiyanın təsirləri nəticəsində dünya turizmində 73 faiz azalma müşahidə edilib. Azərbaycanda isə bu, təxminən 80 faiz olub. Artıq sərhədlər açılıb. İnanırıq ki, ölkəmizə gələcək əcnəbi vətəndaşların sayı çoxalacaq.
Bu sözləri iyulun 1-də “Regional İnnovativ Turizm Məhsulu” (RİTM) sahibkarlıq proqramının təqdimat mərasimindən sonra təşkil edilən mətbuat konfransında Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.
O söyləyib ki, 2023-cü ildə ümumilikdə turizm sahəsindəki rəqəmlərin təxminən 2019-cu ildəki rəqəmlərə yaxınlaşacağı gözlənilir: “Həmin il Azərbaycana 3 milyon 170 min əcnəbi gəlmişdi, 2020-ci ildə 10 faiz artım gözlənilirdi. Həmin il yanvar-fevralda əvvəlki ilin dövrü ilə müqayisədə 15 faiz artım olmuşdu, lakin daha sonra pandemiya oldu. Ötən il daxili turizm 3 milyona yaxın səfər itirmişdi, bu il bu, bərpa olunur, artıq xaricdən gələnlərin sayı da artır. Məsələn, may ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artım olub”.
Vətən müharibəsində qələbəmizin əbədiləşdirilməsinin tarixi əhəmiyyətini nəzərə alaraq F. Köçərli adına Respublika Uşaq Kitabxanası 8 noyabr - Zəfər Gününə həsr olunmuş “Zəfər tarixində şanlı səhifələr” adlı 12-17 yaşlı yeniyetmələr arasında ümumrespublika əlyazma kitab müsabiqəsi elan edib.
Kitabxanadan bildirilib ki, müsabiqənin təşkilində əsas məqsəd yeniyetmələrdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərə milli həmrəylik və qəhrəmanlıq kimi ülvi hisslərin aşılanması, Vətənimizin suverenliyi uğrunda Azərbaycan əsgərinin döyüş rəşadəti və şəhidlərimizin xatirəsini əbədiləşdirilməklə onlar haqda məlumat bazası formalaşdırmaq işinə töhfə vermək, gənc nəslin tərbiyə olunmasında bu şəxslərin həyatını örnək götürməkdən ibarətdir. Müsabiqə həmçinin yeniyetmə yazarları yaşıdları arasında tanıtmaq, onları ruhlandırmaq, qələmə aldıqları hekayələri kitab halına salmaq baxımından xüsusi ilə əhəmiyyətlidir. Digər tərəfdən yeniyetmələrin qələmə aldıqları hekayələr öz yaşıdları tərəfindən daha səmimi qarşılanacaq və gələcəkdə bu cür hekayələrin yazılmasına daha böyük maraq göstəriləcək.
Müsabiqənin şərtlərinə əsasən yeniyetmə yazarlar Vətən müharibəsi iştirakçısı olmuş qəhrəman döyüşçülərin (şəhid və qazilərin) döyüş yolu haqqında faktları nəzərə almalıdırlar. “Zəfər tarixindən şanlı səhifələr” adlı ümumrespublika əlyazma kitab müsabiqəsi iyulun 1-dən oktyabrın 1-dək keçiriləcək.
Müsabiqənin şərtlərinə əsasən Qarabağ uğrunda gedən müharibədə iştirak edən qəhrəmanlarımız haqqında hekayələr 3 hissədən ibarət olmalı, hekayədə qəhrəmanlar haqqında tarix və şəkillər düzgün seçilməli, yazılmış hekayədə fikirlər aydın və səlis ifadə edilməli, kitabın həcmi 15 səhifədən çox olmamalıdır.
Müsabiqədə iştirak etmək istəyənlər oktyabrın 1-dək əlyazma kitabları kitabxananın Kütləvi işlər şöbəsinə təhvil verməlidirlər.
İştirakçılar hekayə ilə yanaşı özləri haqqında ətraflı məlumat təqdim etməlidirlər.
Qeyd edək ki, müsabiqə çərçivəsində əlyazma kitabların sərgisi təşkil olunacaq.
İyunun 30-da Bakı Fotoqrafiya Evində İordaniya dövlətinin yaradılmasının 100 illiyi münasibətilə “Amman, 100 illik yürüş” adlı fotosərgi açılıb.
Sərgi İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfirliyi, Amman Şəhər İcra Hakimiyyəti və “İçərişəhər” İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə təşkil edilib.
Tədbiri “İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova açaraq bildirib ki, iyulun 4-dək davam edəcək sərgidə siyasi, tarixi və mədəni əhəmiyyətə sahib olan Amman şəhərinin yüz ildən bəri tarixi inkişafını tərənnüm edən 40 ədəd A3 formatında 5 mm-lik foreks üzərində çap edilmiş fotoşəkillər nümayiş olunacaq.
Sərgidə, həmçinin paytaxt şəhərin və onun sakinlərinin mədəniyyətini əks etdirən bir çox fərqli memarlıq və tarixi abidələrin əks olunduğu fotolar da təqdim ediləcək.
İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri Sami Abdullah Ğoşeh iki ölkə arasında mövcud olan mədəni əlaqələri yüksək qiymətləndirərək sərginin ziyarətçilər tərəfindən maraq doğuracağına inamını ifadə edib.
İordaniyanın paytaxtı Amman şəhərinin meri Yusif Şavarben videoçarx vasitəsilə mərasimə qoşularaq tədbir iştirakçılarını salamlayıb və sərginin əhəmiyyətindən söz açıb.
Sərgi İordaniya Krallığına həsr olunmuş müxtəlif sənədli filmlər və ölkənin milli musiqisi ilə müşayiət olunub.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Qeyd edək ki, sərgi mövcud karantin rejimi qaydalarına uyğun formada keçirilib.