Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Kitabxana Qasım bəy Zakir yaradıcılığına müraciət edib

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 nömrəli filialı Azərbaycanın görkəmli şəxsiyyətlər barədə məlumat hazırlayır.

    İdarədən bildirilib ki, kitabxana növbəti dəfə satirik şair Qasım bəy Zakir yaradıcılığına müraciət edib.

    Qasım bəy Zakir tənqidi realizmin təməl daşını qoyanlardan biri, dövrünün qabaqcıl fikir və meyillərinin ifadəçisi olub.

    Zakirin realist yaradıcılığında təmsillərinin əhəmiyyəti müstəsnadır. Onun nəşr olunmuş “Aslan, Qurd və Çaqqal”, “Dəvə və Eşşək”, “Tülkü və Qurd”, “Xain yoldaşlar haqqında”, “Tülkü və Şir”, “Sədaqətli dostlar haqqında” adları ilə altı təmsili çap olunub. Şair təmsillərini yazarkən birinci növbədə şifahi xalq yaradıcılığında geniş yayılan təmsillərdən və məşhur hind abidəsi “Kəlilə və Dimnə” əsərindən, həmçinin klassik poeziyadakı təmsillərdən, Nizami, Cəlaləddin Rumi, Füzuli təmsillərindən də istifadə edib. Zakir təmsillərini yeni tarixi şəraitə, müasir həyatın tələblərinə uyğun olaraq yazıb.

    Qasım bəy Zakir ömrünün sonlarını maddi ehtiyac və çətinliklər içərisində başa vurub. O, 1857-ci ildə Şuşada vəfat edib və şəhərin Mirzə Həsən qəbiristanlığında dəfn edilib.

  • Azərbaycan yazıçılarının növbəti qurultayının oktyabr-noyabr aylarında keçirilməsi nəzərdə tutulur

    Azərbaycan Yazıçılar Birliyində (AYB) rəhbərliyin toplantısı keçirilib.

    Birlikdən bildirilib ki, iştirakçılar uzun illər boyu AYB-nin birinci katibi işləmiş Xalq şairi Fikrət Qocanın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

    Xəbər verildiyi kimi, birliyin birinci katibi vəzifəsini icra etmək Xalq yazıçısı Çingiz Abdullayevə həvalə olunub. Birliyin katibi Rəşad Məcid sədrin müavini təyin edilib. Elçin Hüseynbəyli və Səlim Babullaoğluna birliyin katibləri vəzifəsini icra etmək tapşırılıb.

    Katiblər arasında iş bölgüsü müəyyənləşdirilib. Ağsaqqallar Şurasının sədri Xalq şairi Nəriman Həsənzadə və Gənclər Şurasının sədri Fərid Hüseyn katibliyin üzvləri təsdiq olunub. Hazırda 21 üzvü olan Gənclər Şurasının tərkibinin 31 nəfərdən ibarət olması razılaşdırılıb. Sayman Aruz sədrin müşaviri təyin edilib.

    Azərbaycan yazıçılarının pandemiyaya görə təxirə salınmış XIII qurultayının bu ilin oktyabr-noyabr aylarında keçirilməsi planlaşdırılır. Qurultaya qədər olan müddətdə hazırlıq işləri aparılması və Nizamnaməyə görə seksiya və bölgələr üzrə qurultayda nümayəndələr seçilməsi nəzərdə tutulur.

  • Bakı Gənclər Mərkəzi istedadlı gəncləri musiqi festivalında iştiraka dəvət edir

    Bakı Gənclər Mərkəzi istedadlı gənclərin yaradıcılıq sahəsində potensialını ortaya çıxarmaq və səmərəli vaxtın təşkil edilməsi məqsədilə “Yaradıcı Gənclər Festivalı” layihəsi çərçivəsində Musiqi Festivalı keçirir.

    Festival iyulun 15-də Bakı Gənclər Mərkəzində təşkil olunacaq.

    Festivalda yaşı 16-dan 29-dək olan istedadlı gənclər iştirak edə bilər.

  • Azərbaycan Çexiyada 15-ci RefuFest mədəniyyətlərarası festivalında təmsil olunub

    Çex Respublikasının paytaxtı Praqada keçirilən 15-ci RefuFest mədəniyyətlərarası festivalında ölkəmiz də təmsil olunub.

    Festivalda Praqada yerləşən Beynəlxalq Təbiət Dostları təşkilatında könüllü kimi fəaliyyət göstərən Xədicə Əliyevanın təşəbbüsü, Azərbaycanın Çex Respublikasındakı səfirliyinin maddi dəstəyi və bu ölkədəki Azərbaycan icması üzvlərinin təşkilatçılığı ilə Azərbaycan mədəniyyəti və mətbəxi təbliğ edilib.

    Festivalda Azərbaycan guşəsini ziyarət edən Çex Respublikasındakı səfirimiz Adış Məmmədov bu kimi festivalların xalqların mədəniyyətinin təbliği baxımından əhəmiyyətindən danışıb. O, bir çox ölkələrin də iştirak etdiyi bu festivalda Azərbaycan guşəsinin yüksək səviyyədə təşkil olunmasından məmnunluğunu ifadə edib. Səfir gənclərin ölkənin təbliği istiqamətində fəal iştirakını yüksək qiymətləndirib və onlara təşəkkürünü bildirib.

    Guşədə nümayiş olunan ölkəmizin tarixi, mədəniyyəti, turizm potensialı və mətbəxi ilə bağlı ingilis və Çex dillərində olan nəşrlər və suvenirlər ziyarətçilərin böyük marağına səbəb olub.

    Azərbaycanlı xanımların hazırladıqları milli mətbəx nümunələrindən - paxlava, şəkərbura, dolma, dovğa, Qarabağ kətəsinin və Azərbaycan şərablarının dadına baxan qonaqlar məmnunluq hisslərini ifadə ediblər.

    Festivalda azərbaycanlı gənclər “Sarı gəlin” xalq mahnısını da ifa ediblər.

    Milli geyimdə olan azərbaycanlı gənclər guşəyə yaxınlaşan qonaqlara Azərbaycan mədəniyyəti və milli mətbəx nümunələri haqqında ingilis, rus və Çex dillərində ətraflı məlumat veriblər.

    Festivalda Azərbaycan guşəsi diqqətçəkən və maraqlı guşələrdən biri kimi yadda qalıb.

    Qeyd edək ki, festivalda Azərbaycanla yanaşı, Belarus, Ekvador, Qvatemala, İtaliya, Kolumbiya, Qırğızıstan, Meksika, Almaniya, Pakistan, Fələstin, Slovakiya, Suriya, Tatarıstan, Ukrayna, Vyetnam və digər xalqların mətbəx nümunələri nümayiş olunub, müxtəlif seminarlarda ölkələrin mədəniyyətləri və adət-ənənələri geniş təbliğ edilib.

  • Rəngkarlıq Muzeyində uşaqlar üçün “Little master” adlı ustad dərsləri keçiriləcək

    İyul ayı ərzində XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində “Little master” adlı ustad dərsləri təşkil olunacaq.

    “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə keçiriləcək dərslərin ilk mövzusu iyulun 3-də Həyat Nəsirovanın iştirakı ilə “Avtoportret” mövzusuna həsr ediləcək. Növbəti dərs iyulun 10-da Anar Şəmsinin iştirakı ilə “Yay fəsli”, 17-də Həyat Nəsirovanın iştirakı ilə “Dulusçuluq”, 24-də Gülarə İsrafilzadənin iştirakı ilə “Səyahət” mövzularına həsr olunacaq. Səkkiz yaşadan yuxarı uşaqların iştirak edə biləcəyi ustad dərslərinin son mövzusu “Okean” olacaq.

    İyulun 31-dək davam edəcək dərslərə qeydiyyat çərşənbə axşamı – bazar günü, saat 12:00-dan 20:00-dək aparılacaq.

  • “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib

    “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun Əsasnaməsi təsdiq edilib.

    Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 1-də bununla əlaqədar Qərar imzalayıb.

  • Milli Məclisdə Azərbaycan və Türkiyə arasında mədəni əlaqələrin davamlı inkişafından bəhs edilib

    Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva Türkiyənin ölkəmizdə yeni fəaliyyətə başlayan fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.

    Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, komitə sədri dahi rəhbərlər - Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamlarının ruhuna, fəlsəfəsinə uyğun olaraq, Türkiyə ilə Azərbaycan arasında strateji münasibətlərin mövcudluğundan danışıb. Bildirib ki, dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın imzaladıqları Şuşa Bəyannaməsi bu dostluq və qardaşlığı yeni səviyyəyə qaldırıb.

    Qənirə Paşayeva diqqətə çatdırıb ki, qardaş ölkələrimizin parlamentləri səviyyəsində də işbirliyi öz yüksək səviyyəsi ilə seçilir. Parlament sədrlərinin dəstəyi ilə qarşılıqlı maraq doğuran məsələlər mütəmadi olaraq müzakirə edilir, o cümlədən mədəni əlaqələrin daha da inkişafı ilə bağlı ardıcıl işlər görülür. Strateji müttəfiqliyimizi təsbit edən Bəyannamənin məhz Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanması özünəməxsus rəmzi məna daşıyır.

    Hər iki ölkənin parlamentlərində qarşılıqlı əlaqələr üzrə geniştərkibli işçi qruplarının fəaliyyət göstərdiyinin məmnuniyyətlə vurğulandığı görüşdə, həmçinin bildirilib ki, deputatlarımız müxtəlif nüfuzlu beynəlxalq qurumlarda bir-birini daim dəstəkləyir, ortaq mövqedən çıxış edirlər.

    Türkiyə ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəm tarixi köklərə malik olduğunu vurğulayan səfir Cahit Bağçı səmimi görüşə görə təşəkkürünü bildirib. Səfir Azərbaycanda çox tarixi bir dövrdə diplomatik fəaliyyətə başlamasından böyük şərəf duyduğunu diqqətə çatdırıb.

    Görüşün sonunda Qənirə Paşayeva Cahit Bağçıya dekorativ sənət nümunəsi olan “Xarıbülbül” xatirə hədiyyəsi təqdim edib, ona fəaliyyətində uğurlar arzulayıb.

  • Tovuzda Qala düzü son orta əsrlər dövrü abidəsində ilkin tədqiqatlar aparılıb

    Ölkə ərazisində tarixi abidələrin qeydiyyatı ilə bağlı görülən işlərin təkmilləşdirilməsi məqsədilə vacib sayılan bir sıra ərazilərdə arxeoloji tədqiqat işləri həyata keçirilir.

    Mədəniyyət Nazirliyindən bildirilib ki, nazirliyin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin müraciəti əsasında, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Tovuz bölgəsində çalışan arxeoloji ekspedisiyası iyun ayında rayonun Vahidli kəndi ərazisində yerləşən son orta əsrlər dövrünə aid Məscid və Türbə kompleksinin (inv. 5201) ətraf ərazilərində ilkin arxeoloji qazıntı işləri aparıb.

    Arxeoloji tədqiqat işləri hündür təpələr olan Qala düzü adı ilə tanınan ərazidə həyata keçirilib. Qazıntı işləri zamanı Qala düzü ərazisində orta əsrlər dövrünə aid yaşayış yerinin mövcudluğunu sübut edən mədəni təbəqə aşkar edilib. XVIII əsrə aid iki otaqdan ibarət evin qalıqlarının aşkar olunması ərazidə yaşayış olduğunu sübuta yetirib. Bununla da, Məscid və Türbə kompleksinin və əsasən karvan yolları üçün nəzərdə tutulmuş körpünün olması ərazidə zəngin yaşayış yerinin mövcudluğunu təsdiqləmiş olub.

    Ümumilikdə 2 hektardan çox ərazini əhatə edən abidələr, son orta əsrlər dövrünə aid Tovuzda qədim yaşayış yerinin kompleks şəkildə qorunmasını və tədqiqinin vacibliyini ön plana çəkir. Aparılmış qazıntılar nəticəsində Qala düzü ərazisində yeni aşkar olunmuş son orta əsrlər dövrü yaşayış yerinin mühafizə zonasının sərhədləri müəyyən edilib.

    Tovuz şəhərinin cənub-qərb istiqamətində yerləşən və dövlət tərəfindən qorunan XVII əsrə aid Məscid və Türbə kompleksi 80-ci illərdə tədqiq edilib. Axınca çayın ətrafında yerləşən digər orta əsrlər dövrünə aid memarlıq kompleksi çayın üzərində XV əsrə aid Aran memarlıq məktəbi üslubunda inşa olunmuş Sultan körpüsüdür. Məscid və qəbiristanlığın və Sultan körpüsünün arasında olan ərazinin böyük bir hissəsi Qala düzü adlanır.

  • Nizami Gəncəvinin “Leyli və Məcnun” əsəri Gürcüstanda nəşr olunub

    Azərbaycanda elan olunmuş “Nizami Gəncəvi İli” ilə əlaqədar dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması Tbilisidə nəşr olunub (ADTM).

    Azərbaycan Tərcümə Mərkəzindən bildirilib ki, zəngin ənənəli “İverioni” nəşriyyatında işıq üzü görən kitabı orijinaldan gürcü dilinə görkəmli gürcü şərqşünası və mütərcimi professor Maqali Todua tərcümə edib.

    Kitabın redaktoru yazıçı-tərcüməçi İmir Məmmədli, “Ön söz” müəllifi professor Xəlil Yusiflidir.

  • “ART könüllü” proqramına namizədlərin qəbulu başlayıb

    “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “ART könüllü” proqramına namizədlərin qəbulu başlayıb.

    Proqram müxtəlif layihələrdə iştirak etməklə yanaşı, təsviri incəsənət, teatr, kino, musiqi və digər sahələr üzrə təcrübə qazanmaq üçün əlverişli imkan yaradır.

    Təcrübə dövrü 3 ay olan proqramın iş qrafiki həftədə 2 dəfə, 4 saatdan az olmayaraq namizədlərini gözləyir.

    Proqrama 18-35 yaş arası namizədlər qatıla bilərlər.

    Azərbaycan dili ilə yanaşı, ən azı bir xarici dil (ingilis, rus və s.) bilmək vacibdir. Proqramda iştirak etmək istəyən şəxslər müraciətlərini CV formasında iyulun 11-dək mövzu bölümündə “ART könüllü” yazaraq registration@yarat.az ünvanına göndərə bilərlər.