Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Azərbaycanın ornitoloji turizm potensialına həsr olunmuş vebinar keçirilib

    Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşəbbüsü ilə virtual “Salon” (“Salons”) silsilə tədbirlərindən altıncısı keçirilib.

    Dövlət Turizm Agentliyindən bildirilib ki, Amerika Birləşmiş Ştatlarının Milli Audubon Cəmiyyətinin (National Audubon Society) dəstəyi ilə təşkil olunan vebinar “Gələcəyin uçuşları: Azərbaycanda ornitoloji turizm” mövzusuna həsr olunub.

    Tədbirdə biologiya və ornitologiya üzrə beynəlxalq ekspert Kay Qauqer, Orta Şərq, Qafqaz və Mərkəzi Asiya Ornitoloji Cəmiyyətinin üzvü Tomas Ahen Haraldson, Milli Audubon Cəmiyyətinin direktorunun müavini Metyu Ceffri və İsrail Ornitologiya Mərkəzinin direktoru Conatan Meyrav spiker qismində iştirak ediblər.

    Tədbir iştirakçılarına ornitoloji turizmin ekoturizmin vacib bir istiqaməti olması, Azərbaycanın zəngin təbiəti və biomüxtəlifliyinin bu fəaliyyət növünün inkişafı üçün münbit şərait yaratması haqqında məlumat verilib. Spikerlər Azərbaycanda ornitoloji turizmin böyük potensialı və bu sahənin inkişafı istiqamətində görülən tədbirlər, ölkədə mövcud quş növləri və müxtəlif bölgələrdə yerləşən quş müşahidəsi üçün əlverişli məkanlar haqqında danışıblar. Kay Qauqer “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ərazisi və ətrafında məskunlaşan quş növləri və bu ərazilərdə quş müşahidəsi üçün mövcud potensialı xüsusilə vurğulayıb.

    Qeyd edək ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən Azərbaycanda ornitoloji turizmin inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Ornitologiya sahəsində beynəlxalq ekspertlər və Azərbaycan Ornitoloji Cəmiyyəti ilə sıx əməkdaşlıq nəticəsində quş müşahidəsi üçün müxtəlif məkanlar müəyyən olunaraq mövcud quş müşahidəsi məntəqələri, əsas quş növləri və quş müşahidəsi üçün əlverişli mövsümlər barədə məlumatların verildiyi ornitoloji turizm haqqında broşür hazırlanıb, təbiət turizmi üzrə ixtisaslaşan bələdçilər üçün təlimlər keçirilib.

    Məlumat üçün bildirək ki, indiyədək təşkil olunan “Salon” silsilə tədbirlərindən əvvəlkilər “Sülh, saziş və transqafqaz regionu: Azərbaycana iqtisadi baxış” mövzusu ilə Azərbaycanın biznes mühiti və iqtisadi əlaqələrinə, “İpək Yolunda mədəniyyət, həyat tərzi və biznes: Qafqaz Regionunda optimizm rəmzi olan müasir memarlığa diqqət” mövzusu ilə Azərbaycanda memarlıq sənətinin inkişafı və tarixinə, “Əsrlər boyunca cazibə: Azərbaycan xalçalarının tarixi” mövzusu ilə Azərbaycan xalçaçılığına, “İpək Yolunun sirləri: Azərbaycanda şərabçılıq sənayesinin gələcəyi” mövsümü ilə Azərbaycanın şərabçılıq ənənələrinə və “Liberallıq və transformasiya: Müasir incəsənətin Azərbaycanda ifadə formaları” mövzusu ilə Azərbaycanda rəssamlığın tarixi və müasir inkişaf formalarına həsr olunub.

  • “Firidun bəy Köçərli” adlı elektron məlumat bazası təkmilləşdirilərək istifadəçilərə təqdim olunub

    Görkəmli ədəbiyyatşünas alim, tanınmış maarifpərvər, ictimai xadim Firidun bəy Əhmədağa oğlu Köçərliyə həsr edilmiş “Firidun bəy Köçərli” adlı elektron məlumat bazası təkmilləşdirilərək istifadəçilərə təqdim edilib.

    F. Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən hazırlanan məlumat bazasında ümumilikdə 320 kitab və məqalələr yer alıb.

    Bazaya ədibin həyat və yaradıcılığını əhatə edən materialların tam variantı daxil edilib. 1911-2021-ci illəri əhatə edən elektron məlumat bazasında ədəbiyyatşünas alimin həyat və yaradıcılığının əsas tarixləri, onun müdrik deyimləri, görkəmli şəxsiyyətlərin onun haqqında söylədiyi fikirləri, əsərləri, haqqında yazılan kitablar, məqalələr və dissertasiyalar, Firudin bəy Köçərliyə həsr edilmiş şeirlər, fotoalbom, sənədli filmlər, cizgi filmləri və s. yer alıb.

    Bu link vasitəsilə - http://clb.az/elektron/Kocerli/index.html elektron məlumat bazası ilə tanış ola bilərsiniz.

  • “Səhnədən səngərə" layihəsi çərçivəsində təqdim olunur: Şəhid Tural Hümmətov

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi "Səhnədən səngərə" layihəsinin beşinci buraxılışını təqdim edib.

    Nazirlikdən bildirilib ki, layihənin növbəti buraxılışı şəhid Tural Hümmətova həsr olunub.

    Bildirilir ki, 23 yaşlı qəhrəmanımız Tural Hümmətov 44 günlük Vətən müharibəsində 43 gün 19 saat qəhrəmanlıqla savaşandan sonra şəhidlik zirvəsinə ucalıb. Tural şəhid olandan 21 gün sonra atası oğlunun yoxluğuna dözməyib vəfat edib.

    Cəsur şəhidimizin iş yoldaşları, ailə üzvləri, öz balası kimi sevdiyi bacısının övladları onunla bağlı işıqlı xatirələrini bölüşüblər.

    Həmin videomaterialı bu linkə daxil olaraq izləmək mümkündür: https://bit.ly/2Ugnc2H

  • Vanq Çao: Nizami Gəncəvi Qərblə Şərq arasında mədəni inteqrasiyaya böyük töhfələr verib

    Görkəmli şair, alim və mütəfəkkir Nizami Gəncəvi Qərblə Şərq arasında mədəni inteqrasiyaya böyük töhfələr verib.

    Bu sözləri Çin Xalq Xarici Əlaqələr İnstitutunun prezidenti Vanq Çao bildirib. O, Nizami Gəncəvinin Çində də çox yaxşı tanındığını, Çin xalqının şairə ehtiramını nümayiş etdirmək üçün 2012-ci ildə Pekinin Çaoyan parkında abidəsinin qoyulduğunu vurğulayıb.

    Vanq Çao dahi şairin əsərlərində təbliğ olunan xalqlar və mədəniyyətlər arasında dialoq, tolerantlıq kimi ümumbəşəri dəyərlərin daha geniş miqyasda dünyaya çatdırılması işinə xidmət edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Azərbaycan Prezidenti İlham Əliyevin diqqəti və böyük dəstəyi ilə müxtəlif sivilizasiyalar arasında dialoqun və anlaşmanın təşviqində getdikcə daha vacib rol oynadığını, xalqlar arasında diplomatiya ilə məşğul olan dünya şöhrətli təşkilata çevrildiyini deyib.

    Rəhbərlik etdiyi Çin Xalq Xarici Əlaqələr İnstitutunun Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə 2017-ci ildən əməkdaşlığa başladığını bildirən Vanq Çao deyib: Bu məhsuldar əməkdaşlıq iki xalq arasında dostluğa böyük töhfələr verib. Bizim fəaliyyətimiz dövlətlərimizin rəhbərləri tərəfindən yüksək qiymətləndirilib və dəstəklənib. Mənim sələflərim Mey Caoron və U Haylon müxtəlif illərdə Bakı Qlobal Forumunda iştirak ediblər. Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu ilin martın institutumuzun nümayəndə heyətini qəbul etməsi bizim üçün böyük şərəfdir.

    Vanq Çao bildirib ki, 2019-cu ilin iyununda Çin Xalq Xarici Əlaqələr İnstitutunun birgə təşkilatçılığı Pekində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ali səviyyəli toplantısı keçirilib. Çinin vitse-prezidenti Van Çişan toplantı iştirakçıları ilə görüşüb. Mərkəzin üzvləri olan Avropanın sabiq dövlət adamları həm də Çin Xalq Xarici Əlaqələr İnstitutunun köhnə dostlarıdır. Həmin şəxslər Çin rəsmiləri, alim və tədqiqatçıları ilə fikir mübadiləsi aparıb, Çin ilə dünya ölkələri arasında qarşılıqlı fəaliyyətə kömək etmək, qlobal idarəetmə sistemini təkmilləşdirmək, qloballaşmaya və çoxqütblülüyə kömək etmək üçün yeni ideyalar irəli sürüblər. Bütün bunlar Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin böyük dəstəyi olmadan mümkün olmazdı.

    Müsahibimiz COVID-19 pandemiyasının canlı ünsiyyətə mənfi təsir göstərdiyini, bununla belə rəhbərlik etdiyi institutun mərkəzlə əməkdaşlığınin dayanmadığını deyib: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri ötən il virus yayılmağa başlayanda Çinə dəstək məktubu göndərib, habelə ölkəmizə epidemiya əleyhinə vasitələr ianə edib. Bütün bunlara görə çox minnətdarıq. Bundan başqa, pandemiya dövründə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə keçirdiyimi videokonfranslar zamanı pandemiyaya qarşı mübarizə tədbirlərini, vacib məsələlərə dair beynəlxalq vəziyyəti müzakirə etmişik. Mən bir daha vurğulamaq istərdim ki, Çin Xalq Xarici Əlaqələr İnstitutu həmişə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə münasibətlərinə böyük əhəmiyyət verib, dostcasına təmaslarımızın və əməkdaşlığımızın genişləndilməsini davam etdirməyə hazırdır. Biz bunun sayəsində sivilizasiyalararası mübadilələrə və qarşılıqlı anlaşmaya, eləcə də bütün dünyada sülhün və inkişafın təmin olunmasına öz töhfəmizi verməyə ümid edirik. Mən ötən ilin marında Bakı Qlobal Forumunda iştirak etmək üçün Azərbaycana səfər etməli idim, lakin bu səfər pandemiyaya görə alınmadı. Bakı Qlobal Forumunda iştirakımı səbirsizliklə gözləyirəm”.

  • Yazıçı Güllü Məmmədovanın “Oğurlanmış Zəngəzur” tarixi-sənədli romanı çapdan çıxıb

    Yazıçı Güllü Məmmədovanın “Oğurlanmış Zəngəzur” tarixi-sənədli romanı yenicə çapdan çıxıb. Kitab Zəngəzurun sovet dövründə Azərbaycandan alınıb Ermənistana verilməsinin xalqımıza qarşı böyük ədalətsizlik olması haqqında ulu öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə açılır.

    “Zərdabi nəşr” MMC tərəfindən nəfis tərtibatda çap edilmiş romanda 1918-1920-ci illərdə Zəngəzurda və Qarabağda ermənilərin törətdiyi qanlı hadisələrdən, soyqırımlarından bəhs edilir. Eyni zamanda, el qəhrəmanları Sultan bəy və Xosrov bəy qardaşlarının, onların başçılıq etdiyi özünümüdafiə dəstələrinin şücaəti sayəsində Andronik Ozanyan, Karo Hambarsumyan, Njde Qaregin, Dro Kanayan və başqalarının məğlubiyyətə uğradılmasından söhbət açılır.

    Rusiya və Kanada Elmlər akademiyalarının akademiki, filologiya elmləri doktoru, professor, yazıçı-publisist Ziyadxan Nəbibbəyli roman haqqında şərhində yazıb: “XX əsrin əvvəllərində baş vermiş rus inqilabı, inqilab rəhbərlərinin Azərbaycanı işğal etməsi, bu sahədə ermənilərdən istifadə və eyni zamanda, ermənilərin rus inqilabçılarından istifadə edərək Azərbaycan torpaqlarında özlərinə dövlət qurmaları və hər fürsət düşəndə rusların yardımı ilə Azərbaycandan yeni-yeni torpaq sahələri qoparmaq, doğma torpaqlarından azərbaycanlıları sıxışdırıb çıxarmaq, qəddarcasına soyqırımı aparmaq məsələləri dəyərli səviyyədə qələmə alınıb.

    Müəllif romanda zəngəzurluların vətənə bağlılığı, döyüşkən ruhu, ermənilərlə ölüm-dirim savaşında onlara rəhbərlik etmiş - əslən Laçın rayonundan olan Sultan bəyin, qardaşı Qarabağın general-qubernatoru olan Xosrov bəyin vətən qarşısında fədakarlığı əsərin aparıcı xəttidir və tarixi məlumatlar səlis olaraq verilib”.

    Romanda, həmçinin Qarabağın və Zəngəzurun fövqəladə komissarı olmuş Aslan bəy Sultanovun fəaliyyəti real hadisələr əsasında təsvir edilib, tarixdə adı və izi qalmış bu el qəhrəmanının mükəmməl obrazı yaradılıb. Əsərdə daşnaklarla mübarizədə misilsiz xidmətləri olan Çingiz İldırımın fəaliyyəti haqqında da söhbət açılır. 1920-ci ildə Qarabağı erməni işğalından qorumaq üçün əsgərləri ilə bu savaşda iştirak edən general Həbib bəy Səlimovun igidliyi, vətənpərvərliyi haqqında geniş məlumat verilir.

    Professor Ziyadxan Nəbibbəylinin yazdığı kimi, romanda adları çəkilən qəhrəmanların hər birinin həyatından, fəaliyyətindən böyük bir əsər yazmaq olar: “Bir romanda xeyli sayda tarixi şəxsiyyətləri bir araya gətirmək hər yazara qismət olmur və onu bacarmaq heç də asan məsələ deyildir”.

    Yazıçı səkkiz fəsildən ibarət romanının hər fəslinin əvvəlində, təsvir edilən hadisələrə uyğun olaraq, ayrı-ayrı ziyalı, yazıçı, tarixçi, dövlət, ictimai-siyasi xadimlərin (Serqi Sadjaya, Napoleon, Şeyx Şamil, A.Frenklin, Mustafa Kamal Atatürk, Aleksandr Qriboyedov, Samuel Vims, Qolitsın) erməni xisləti haqqında bir-birindən xəbərsiz söylədikləri tarixi həqiqətləri ortaya qoyur və beləliklə da öz fikirlərini əsaslandırır. Məsələn, “Çaqqalların üsyanı” adlı birinci fəsildə müəllif gürcü yazıçısı Serqi Sadjayanın “Ermənilər şir deyil, güclü dövlətlərə qulluq göstərən çaqqallardır” fikrini qeyd edib ki, bunu şərh etməyə ehtiyac yoxdur. Elə bu fəsildə yazıçı Güllü Məmmədova rus tarixçisi İqor Peçenevin ermənilər haqqında söylədiyi fikirləri də xatırladır: “Bu xalq əsrlərboyu vətənsizlik dərdi əkib. Bu, çox acı nəticəyə - elmdə “Erməni xisləti” adlandırılan sindromun meydana çıxmasına səbəb olub. Guya nə zamansa dövlətlərinin, dövlətçilik ənənələrinin olduğunu deyəndə də yalan danışırlar. Uydurduqları tarixi özlərindən başqa təsdiq edən yoxdur”.

    Yazıçı bu fəsildə Andronikin Zəngəzurda olduğunu, onun Sultan bəy Sultanovun dəstəsi ilə yerləşdiyi məkanı öyrənməyə başladığını, hücum planı hazırladığını ətraflı təsvir edib.

    “Dağların sultanı Sultan bəy” adlı ikinci fəsildə Napoleonun “Türkü öldürmək olar, ancaq onu məğlub etmək olmaz” fikri sitat gətirilir. Yazıçı bunu Sultan bəyin mübarizəsi fonunda xatırladır: “Bu savaş ölkələrin savaşı deyildi. Bu savaş cəngavərlərin də savaşı deyildi. Bu savaş xeyirlə-şərin, mərdlə-namərdin, haqlı ilə haqsızın savaşıydı...” Yəni Andronik başqa-başqa dövlətlərin köməyindən, silah-sursatından istifadə edərək özünün və dəstəsinin xəstə təxəyyülündən irəli gələn savaşa girmişdisə, Sultan bəy isə öz vətənpərvər, igid müdafiəçiləri ilə, silahsız, günahsız insanları və onların doğma torpaqlarını müdafiə edirdi. Müəllif bu fəsildə, həmçinin Əmir Teymurdan, I Pyotrdan, I Nikolaydan, 1828-ci il Rus-İran müharibəsindən danışıb, tarixi gerçəklikləri bir daha xatırladıb.

    Yazıçı əsərinin üçüncü fəslini “Qaragöldən başlanan zəfər” adlandırıb və strateji əhəmiyyətli bu yaylağın erməni işğalına düşməməsi üçün Sultan bəyin və silahdaşlarının apardıqları mübarizədən, onların erməniləri məğlubiyyətə uğratmasından söz açıb. Romanda Zəngəzur qızlarının da igidliyindən, mərdliyindən danışılıb və bu, Humayın timsalında ümumiləşdirilib.

    Oxucu “Lənətlənmiş quldurbaşı” adlı fəsildə daşnak ruhda böyümüş Andronikin tərcümeyi-halı ilə tanış olur.

    “Nuru paşanın əsgərləri Qarabağda” fəslində, həmçinin əfsanəvi komandan Cəmil Cahid haqqında danışılıb.

    Romanın “Zabıxda yazılan qəhrəmanlıq dastanı” adlı altıncı fəslində Andronikin Zəngəzurda törətdiyi soyqırımları haqqında geniş məlumat verilir. Onun qızıl təklif etməklə Sultan bəyi ələ almaq, onun köməyilə Abdallardan keçib Şuşaya girmək niyyəti ifşa edilir. Sultan bəy və Xosrov bəyin Zabıx savaşında düşmənin çoxsaylı qüvvələrini məhv etdiyi təsvir olunur.

    “Qarabağ od içində” fəslində yazıçı bu diyarın ağrılı-acılı və şərəfli mübarizə tarixini oxuculara çatdırmağı qarşısına məqsəd qoyub. O, amerikalı alim Samuel Vimsdən sitat gətirib: “Ermənilər öz cinayətkar əməlləri ilə heç də alman nasist tərəfdaşlarından geri qalmırdılar... Şükür etmək lazımdır ki, ermənilərin sayı 2 milyondan çox deyil. Onların ərazisi və əhalisi Almaniyanın ərazisinə və əhalisinə bərabər olsaydı, onda bütün dünya məhvolma təhlükəsi qarşısında qalardı”.

    Romanda ermənilərin öz qadınlarından çirkin siyasi niyyət üçün istifadə etməsi, plan baş tutmadıqda şərə-böhtana əl atması da əksini tapıb.

    Səkkizinci fəsil “Qələm düşmən əlində” adlanır. Bu fəslin başlanğıcında Qafqaz canişini Qolitsının ermənilər haqqında sözləri oxucunun diqqətinə çatdırılıb: “Türkiyə sərhədindən Rusiya ərazisinə keçən 300 min erməninin Araz çayı sahilində məskunlaşmasına yol vermək olmaz. Ona görə ki, ermənilər Qafqazın tarixi xalqlarını bur-birinə düşmən edəcək, onların arasında çaxnaşma salacaq... Yaxşı olar ki, ermənilər Qafqazın səhralarındakı boş torpaqlarda və ya Sibirdə yerləşdirilsinlər”.

    Əsərdə sovet hakimiyyəti dövründə Zəngəzur mahalının Ermənistana verilməsinn səbəbi tarixi faktlarla açıqlanır.

    Qeyd edək ki, bu kitab çapa hazırlanarkən Qarabağ uğrunda Vətən müharibəsi Zəfərlə bitib, Şuşada Azərbaycan bayrağı dalğalanıb.

    Xatırladaq ki, yazıçı Güllü Məmmədova bundan əvvəl “Qarabəkir əfsanəsi”, “Kalbalı xan”, “Qan işində işıq” tarixi-sənədli romanlarını qələmə alıb. “Qan içində işıq” Türkiyədə türk dilinə çevrilərək nəşr edilib. O, “Mənim üçün varsan” adlı romanın, povest və hekayələrdən ibarət beş kitabın da müəllifidir.

  • “Yay məktəbi” ilə əlaqədar şair və yazıçıların ev-muzeylərinə virtual ekskursiyalar təşkil edilib

    .Köçərli adına Respublika Uşaq Kitabxanası ümumi təhsil müəssisələrində “Yay məktəbi”nin fəaliyyəti ilə əlaqədar Bakı şəhəri üzrə fəaliyyət göstərən şair və yazıçıların ev-muzeylərinə məktəblilər üçün virtual ekskursiyalar təşkil edib.

    “Yay məktəbi”nin əsas məqsədi mövcud vəziyyətlə əlaqədar şagirdlərin zəruri bilik və bacarıqlarını möhkəmləndirmək, hərtərəfli dünyagörüşlərinin artırılmasını təmin etməklə uşaqlara mədəni xidmət göstərməkdir.

    Budəfəki ekskursiyada məktəblilər Azərbaycanın xalq şairi Səməd Vurğunun və görkəmli yazıçı-dramaturq, publisist, naşir Cəlil Məmmədquluzadənin Bakıdakı ev-muzeyləri ilə tanış olub.

    “Zoom” platforması üzərindən reallaşan virtual ekskursiyaya Bakı şəhəri üzrə müxtəlif məktəblərin sinif şagirdləri qatılıb.

    Görüş çərçivəsində məktəblilərə bələdçilər tərəfindən muzeylərdəki eksponatlar haqqında ətraflı məlumat verilib.

    Virtual ekskursiyalar şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.

  • Azərbaycan ilə Rusiyanın turizm şirkətləri arasında onlayn görüşlər keçirilib

    İyunun 29-da Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Rusiya turizm şirkətləri ilə təşkil olunmuş onlayn görüşlərdə iki ölkənin turizm şirkətləri arasında tərəfdaşlığın təşviqi müzakirə olunub.

    Dövlət Turizm Agentliyindən bildirilib ki, B2B (Biznesdən biznesə) formatında təşkil olunmuş görüşlərdə Rusiyanın Moskva, Sankt-Peterburq, Yekaterinburq və Kazan şəhərlərindən olan turizm şirkətləri ilə ümumilikdə 100-ə yaxın onlayn görüş keçirilib.

    Görüşlərdə pandemiya dövründə Azərbaycana səfər edən əcnəbilər üçün görülmüş hazırlıq işləri, Rusiya vətəndaşlarının Azərbaycana səfəri zamanı tələb olunan prosedur və qaydalar, həmçinin iki ölkə arasında yeni açılmış aviauçuşlar barədə məlumat verilib.

    Onlayn görüşlər çərçivəsində son dövrdə Azərbaycanda yaradılmış yeni turizm marşrutları və yeni istifadəyə verilmiş hotellərdən danışılıb, həmçinin bu istiqamətdə şirkətlər arasında ikitərəfli tərəfdaşlığın qurulması məsələləri müzakirə olunub.

    Qeyd edək ki, iyunun 10-dan etibarən Rusiya Federasiyası vətəndaşları müəyyən olunmuş şərtlər daxilində hava yolu ilə Azərbaycan ərazisinə səfər edə bilərlər.

  • “Art management” layihəsi çərçivəsində növbəti vebinar incəsənət əsərlərinin istehsalı və satışı mövzusuna həsr ediləcək

    Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə iyulun 6-da saat 20:00-da “Art management” layihəsi çərçivəsində “İncəsənət əsərlərinin istehsalı və satışı” mövzusunda vebinar keçiriləcək.

    Dövlət Rəsm Qalereyasından bildirilib ki, kuratoru, sənətşünas Fərəh Ələkbərli olacaq vebinarda dinləyici qismində iştirak etmək istəyən şəxslərdən qeydiyyat üçün “Art management” başlığını qeyd etməklə (artmanagementadrq@gmail.com) elektron-poçt ünvanına müraciət etmək tələb olunur.

    Layihəni Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı (www.azgallery.az), feysbuq və instaqram sosial media hesabları vasitəsilə izləmək mümkündür.

    Fərəh Ələkbərli Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Təsviri sənətin tarixi və nəzəriyyəsi” fakültəsinin magistratura dərəcəsini bitirdikdən sonra, müxtəlif illərdə “Baku Creative Centre” yaradıcılıq mərkəzi və Mədəniyyət Nazirliyinin layihələrinin kuratorluğunu edib. O, “YARAT”ın “Dəniz və dağlar arasında”, “1001 gecə”, “Rahat keyimə”, “Nə hərb, nə sülh”, “Danışır Bakı”, “Dumanlar başımda dastana döndü” adlı qrup sərgilərinin və Zamir Süleymanovun “ALL-AND”, Əşrəf Muradın “Sevgi və etiraz”, Elturan Məmmədovun “Müvafiq tədbirlər”, Rəşad Ələkbərovun “Özünsən” və s. fərdi sərgilərinin kuratoru olub.

  • Şəki şəhər Heydər Əliyev Mərkəzində “Nizami Gəncəvi ili” ilə əlaqədar sərgi açılıb

    Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Şəki şəhər Heydər Əliyev Mərkəzində kitab və miniatür rəsm əsərlərindən ibarət sərgi açılıb.

    “Nizami Gəncəvi ili” çərçivəsində təşkil olunan sərgidə şairin əsərlərindən ibarət kitablar, Nizaminin yaradıcılığının şah əsəri “Xəmsə”yə daxil olan “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İsgəndərnamə” poemalarından təsvirlər, həmçinin Heydər Əliyev Fondu tərəfindən Mərkəzə hədiyyə edilən rus, ingilis və fransız dillərində çap olunmuş nəşrlər nümayiş etdirilir.

    Sərginin açılış mərasimində Mərkəzin əməkdaşı Rüfanə Həsənova çıxış edərək, Nizami Gəncəvinin həyat və yaradıcılığından, dünya ədəbiyyatı xəzinəsinə verdiyi sanballı töhfələrdən ətraflı söz açıb.

    Şəki Mərkəzi kitabxananın bölmə müdiri Dilbər Yaqubova, gənc aktrisa Türkan Abdullayeva, şəhər 10 saylı tam orta məktəbin ədəbiyyat müəllimi Şəfəq Xəlilova şairin qəzəllərindən nümunələr səsləndiriblər.

    Sonra Şəki Dövlət Dram Teatrının gənc aktyorlarının iştirakı ilə hazırlanmış kompozisiya nümayiş olunub.

    Sərginin təşkilində məqsəd Nizaminin söz dünyasını ziyarətçilərə nəfis koloritli miniatür və digər əsərlərlə çatdırmaqdır. Sərginin ümumi qayəsi Nizami Gəncəvi yaradıcılığının gözəllik, ədalət, igidlik, insanlıq, xoşbəxtlik uğrunda ölməz mübarizə əzmini tamaşaçılara təqdim etməkdir.

    Sərgi iyulun 10-dək davam edəcək.

  • Musiqili Teatr 111-ci mövsümə yekun vurub

    Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 111-ci mövsümə yekun vurulub, il ərzində yaradıcılıq uğurları ilə seçilən, teatrın inkişafında xidmətləri olan əməkdaşların bir qrupu mükafatlandırılıb.

    Teatrın mətbuat xidmətindən bildirilib ki, tədbir teatrın ənənəvi mükafatlandırma mərasimlərindən bir qədər fərqli olaraq “Zoom” proqramı ilə həyata keçirilib.

    Vətən müharibəsində canlarını fəda etmiş qəhrəmanlarımızın, o cümlədən teatrın işıqçısı, şəhid Əliağa Məmmədovun əziz xatirəsi ehtiramla yad olunub.

    Tədbirin aparıcıları – Əməkdar artist, Prezident mükafatçısı Əkbər Əlizadə və istedadlı aktrisa Mehriban Zaliyeva teatr kollektivinin İkinci Qarabağ müharibəsi zamanı arxa cəbhədə də yorulmaz fəaliyyətindən, yaradıcılıq əzmindən söz açıblar.

    Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev bu tədbirin ilk dəfə belə formatda təqdim olunmasına diqqət çəkərək ötən bir il ərzində yaradıcı insanların qarşılaşdığı bütün maneələrdən, eləcə də çətinliklərin fonunda qazanılan uğurlardan danışıb: “Dünyanı cənginə alan pandemiya teatrların düzəninə olduqca mənfi təsir etdi. Amma buna baxmayaraq kollektivimiz ən sərt karantin dönəmində, eyni zamanda 44 günlük Vətən müharibəsi günlərində belə yorulmadan, əzmlə çalışdı və fəaliyyətimizlə Ali Baş Komandanın ətrafında həmrəyliyimizi bir daha göstərdik. Biz bu tarixi dönəmdə bir daha əmin olduq ki, birliyimizlə daha çox nailiyyətlər əldə edə bilərik. Bu tədbirdə də əsas məqsədimiz teatrda çalışan gənclərin gələcək fəaliyyətlərinə stimul verməkdir”.

    Mükafatlandırma mərasimində teatrın əməkdaşları – quruluşçu rejissorları Əməkdar incəsənət xadimi Əsgər Əsgərov və Samir Qulamov, tanınmış aktyorlar – Emil Heydərov, Nicat Əli, Zaur Əliyev, bədii quruluş hissə müdiri Qabil Gözəlov, quruluşçu operator və montajçı Hikmət Şahverdizadə, mətbuat katibi Fəridə Aslanova, orkestr artisti Firuzə Nəcəfli mükafata layiq görülüblər.

    Sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədov və “Səssiz dünya” İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin sədri Aida Səfərova da mükafatlandırılıblar.

    Mərasimdə həmçinin Xalq artisti Hüseynağa Sadıqovun ailəsinin təsis etdiyi “Büllur alma” mükafatı da təqdim olunub; “Mövsümün ən işgüzar rejissoru” – teatrın quruluşçu rejissoru Samir Qulamov və “Vətən müharibəsində göstərdiyi şücaətə görə” balet artisti Murad Ağayev “Büllür alma”nın sahibi olublar.

    Sonda teatrın gənc və istedadlı solistləri – Hidayət Əliyev və Nigar Qarayeva vətənpərvərlik mövzusunda mahnılar ifa ediblər.

    Mükafatlandırma mərasiminin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur.