Mingəçevir Dövlət Dram Teatrında İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz” komediyası tamaşaya qoyulur.
AZƏRTAC xəbər verir ki, əsərə Xalq artisti Valeh Kərimov quruluş verir. Tamaşanın quruluşçu rəssamı Pakizə Adilbəyli, musiqi tərtibatçısı Elnur Rəsulov, rejissor assistenti Məlahət Ağayevadır.
Rolları Əməkdar artist Şıxı Yaqubov, aktyorlar Afət Əliyeva, Turqut Məsimli, Hüseyn Mustafayev, Aytən İsmayılova, Vəfa İsmayılova, Elvin Əkbərli, Cavidan Abdullayev, İbrahim Salamov, Asim Əmirov və başqaları ifa edirlər.
Mingəçevir Dövlət Dram Teatrının cari il üçün yaradıcılıq planında “Hacı Qara” (M.F.Axundzadə), “Ceyhunun zaman maşını” (A.Həsənoğlu) və “Həyatla oyun” (A.Soltan) tamaşalarının hazırlanması da nəzərdə tutulub. Hər üç tamaşaya teatrın baş rejissoru Vüsal Mehrəliyev quruluş verəcək.
Moskvada azərbaycanlı virtuoz skripka ifaçısı, Əməkdar artist Elvin Hoca Qəniyevin konserti olacaq.
AZƏRTAC xəbər verir ki, fevralın 2-də “Zaryadye” konsert zalında keçiriləcək konsertdə Elvin Hoca Qəniyev dirijor Marius Stravinskinin rəhbərliyi altında Çaykovski adına Böyük Simfonik Orkestrinin müşayiəti ilə çıxış edəcək. Proqramda Türkiyənin görkəmli bəstəkarı və dirijoru Ülvi Cemal Erkinin (1906–1972) skripka konserti təqdim olunacaq. Konsertin birinci hissəsinin sonunda Frans Vaksmanın skripka ilə orkestri üçün Bizenin “Karmen” operasından “Fantaziya” da səsləndiriləcək.
27 yaşlı Elvin Hoca Qəniyev indiyədək David Oystrax, Qenrik Venyavski, Karol Lipinski, Yaşa Xeyfes adına və bir çox digər nüfuzlu beynəlxalq müsabiqələrin laureatı olub. 2018-ci ildə Berlində beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb. Hannover Musiqi, Dram və Media Universitetində magistr təhsili alıb. 2018-ci ildə (21 yaşında) Azərbaycanda Əməkdar artist fəxri adına layiq görülən ən gənc sənətçi olub.
“Azərbaycan Hava Yolları” (AZAL) QSC aviaşirkəti aprel ayından etibarən Pakistanın ən böyük şəhəri Kəraçiyə birbaşa uçuşlar həyata keçirməyə başlayacaq.
“Report”un AZAL-a istinadən verdiyi məlumata görə, şirkətin Bakıdan Kəraçi şəhərinə ilk reysi aprelin 18-nə planlaşdırılıb. Bu marşrut üzrə uçuşlar həftədə iki dəfə – cümə axşamı və bazar günləri yerinə yetiriləcək.
Kəraçini turistlər üçün maraqlı edən onun Pakistanın tarixi və mədəni mərkəzi olmasıdır.
Qeyd edək ki, hazırda aviaşirkət Pakistanın digər iki şəhərinə – İslamabad və Lahora uçuşlar həyata keçirir.
Uçuş cədvəli ilə tanış olmaq və aviabiletləri əldə etmək üçün aviaşirkətin rəsmi www.azal.az saytına keçid ala və ya mobil tətbiqinə daxil ola bilərsiniz.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu gün Siyəzən Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Beyləqan, Bərdə, Göygöl, Xaçmaz, Xızı, İmişli, Quba, Lerik, Masallı, Neftçala, Saatlı, Siyəzən, Yardımlı və digər rayonlardan, eləcə də Bakı şəhərindən olan vətəndaşları qəbul edib.
“Report” bu barədə nazirliyə istinadən xəbər verir.
Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən fermerlərə subsidiya, güzəştli şərtlərlə kreditlərin verilməsi, təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə, dəymiş ziyanın ödənilməsi, texnika ilə təminat, torpaq sahəsinin ayrılması və digər məsələlərlə bağlı olub.
Nazir qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Siyəzən DAİM-in binasında Aqrar Xidmətlər Agentliyinin Səyyar Xidmət Qrupu mexanizatorlar üçün səyyar xidmət təşkil edib. Xidmət zamanı etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün mexanizatorların sürücülük vəsiqələri yeniləri ilə əvəz edilib. “Səyyar Xidmət” qrupu öz fəaliyyətini gün ərzində davam etdirəcək. Nazir səyyar xidmətin təşkili prosesi ilə maraqlanıb, mexanizatorların müraciətlərini dinləyib, lazımi tövsiyələrini verib.
Beynəlxalq təşkilatların turizm sahəsindəki treninqlərinin Azərbaycanda keçirilməsi və bizim üzvlərimizin bu kurslarda iştirakı ilə bağlı Assosiasiya olaraq 2022-ci ildə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət etdik. Onlar bizə dəstək oldular. 2022-ci ildə 135 nəfər bu kurslardan keçdi.
Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov deyib.
Bu treninqlərin davam etdirilməsi üçün 2023-cü ildə də müraciət etdiklərini deyən G.Qəhrəmanov bu beynəlxalq kursların turizm sahəsində peşəkarlığın artırılması üçün həyata keçirildiyini vurğulayıb. “Biz Assosiasiya olaraq marağındayıq ki, bu sahədə çalışan peşəkar insanların sayı artsın. Çünki, xidməti göstərən, müştərilərlə birbaşa çalışan onlardır”, - deyə İdarə heyətinin sədri əlavə edib.
Turizm agentliklərinin vahid platformasının olması çox yaxşı haldır. Bu sistem artıq mövcuddur. Qeydiyyatdan keçənlər də var, hazırda keçmək istəyənlər də, yəni iş gedir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə heyətinin sədri Göydəniz Qəhrəmanov deyib.
“Bu, həm statistik məlumatlara düzgün yanaşma, həm də şirkətlərin bazarda aktiv fəaliyyəti ilə bağlı məlumatların əldə olunması baxımından da çox səmərəlidir. Eyni zamanda, hüquqi cəhətdən də sağlam rəqabət mühiti yaradacaq”,- deyə o bildirib.
Yanvarın 25-i “Park Cinema” kinoteatrında “Bö Ajaen” filmi nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, qorxu janrında çəkilən filmdə rolları Elay Nadir, Tamilla Həsənova, Anar Əli, Vüsal Dastan, Tural Bünyadzadə, Nərmin Bağırlı, Tapdıq Qafarov, Rza Hüseyinli, Emil Mikayılzadə və Murad Xan ifa ediblər.
Azərbaycan Film Akademiyasının istehsal etdiyi ekran əsərinin çəkilişləri Lənkəran rayonunun Osaküçə kəndində aparılıb.
Heydər Əliyev Mərkəzində görkəmli gürcü rəssam Lado Qudiaşvilinin əsərlərindən ibarət sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi Heydər Əliyev Mərkəzinin təşəbbüsü, Gürcüstanın Azərbaycandakı Səfirliyi və Gürcüstandakı Lado Qudiaşvili Fondunun dəstəyi ilə təşkil olunub.
Tədbirdən əvvəl Lado Qudiaşvili Fondunun nümayəndəsi, rəssamın nəticəsi Elizabed Lordkipanidze jurnalistlərə müsahibəsində bildirib ki, fərdi sərgidə rəssamın Paris dövründən həyatının sonunadək yaratdığı əsərlər təqdim olunub. Burada, həmçinin onun qrafika və rəsm əsərləri nümayiş etdirilir.
Rəssamın nəticəsi Heydər Əliyev Mərkəzi və Lado Qudiaşvili Fondu arasında əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini, babasının Azərbaycan xalqı ilə xüsusi münasibətləri olduğunu diqqətə çatdırıb. O, sərginin belə yüksək səviyyədə təşkil olunmasına görə Heydər Əliyev Mərkəzinə minnətdarlığını bildirib.
Qeyd edilib ki, boya, qrafik sənət və səhnə tərtibatı üzrə əfsanəvi incəsənət xadiminin əsərləri Azərbaycanda ilk dəfə nümayiş etdirilir.
Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Fərqan Novruzov sərgi barədə bir neçə xüsusi məqamları qonaqların diqqətinə çatdırıb: "Sərgidə nümayiş olunan əsərlər məhz Lado Qudiaşvilinin ailəsinin şəxsi mülkiyyətindəndir. Biz bu sərginin açılması üzərində uzun müddətdir çalışırıq. Burada fırça ustasının seçilmiş rəsmləri çəkdiyi janrlar üzrə fərqləndirilib. Sərgidə, həmçinin Lado Qudiaşvilinin həyatının bütün dövrlərindən müxtəlif əsərlər toplusu yer almaqdadır".
F.Novruzov sərginin ərsəyə gəlməsinə görə Lado Qudiaşvili Fonduna və Gürcüstanın Azərbaycandakı Səfirliyinə təşəkkürünü ifadə edib.
Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze iki ölkə arasında hər zaman dostluq, qardaşlıq münasibətlərinin olduğunu qeyd edib: “Bizim əlaqələrimiz həm siyasi, həm iqtisadi sahələrdə uğurla inkişaf edir, humanitar, mədəni əlaqələri xüsusi qeyd etmək istərdim".
Səfir bildirib ki, Azərbaycanın və Gürcüstanın Baş nazirlərinin iştirakı ilə Tbilisidə Heydər Əliyev adına Azərbaycan Dram Teatrının təməli qoyulub. "Bu yaxınlarda Gəncə şəhərində görkəmli gürcü şairi Nikoloz Barataşvilinin xatirə lövhəsi açılıb. Həmçinin Qax rayonunun Əlibəyli kəndinin Gürcü Dövlət Dram Teatrına görkəmli gürcü yazıçısı İlya Çavçavadzenin adı verilib", - deyə Z.Pataradze əlavə edib.
Diplomat sərginin üç ay davam edəcəyini, ziyarətçilərin bu sərgidən zövq alacaqlarını vurğulayıb: "Lado Qudiaşvilinin əsərlərində məhz gürcü ruhu, gürcü ənənələri və gürcü qonaqpərvərliyi öz əksini tapıb". Zurab Pataradze sərginin təşkilində Lado Qudiaşvili Fonduna, Gürcüstanın Dövlət Muzeyinə, Heydər Əliyev Fonduna və Heydər Əliyev Mərkəzinə minnətdarlığını ifadə edib.
Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov Lado Qudiaşvilinin yaradıcılığından söhbət açaraq deyib ki, Lado çox kiçik yaşlardan rəsm çəkməyə başlayıb, onun sənəti indiyədək hamını heyran edir.
Lado Qudiaşvili Fondunun təsisçisi Anna Meliva Azərbaycan dövlətinə və bu sərgidə əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Tədbir çərçivəsində Gürcüstanın Xalq artisti, əfsanəvi müğənni Nani Breqvadze çıxış edib.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Bakı Xoreoqrafiya Akademiyasının məzunları qonaqlara gürcü rəqsini təqdim ediblər.
Qeyd edək ki, Bakı sərgisindəki əsərlərin bir çoxu diqqət çəkir. İlk növbədə, Qudiaşvilinin qrafik işlərini qeyd etmək lazımdır. Bunların sırasında səhnə üzü görməyən baletin kostyumları üçün çəkilmiş eskizlər də var. Balet tamaşası baş tutmasa da, eskizlər rəssamın ölməz xatirəsi kimi qorunub saxlanılır. Lado Qudiaşvilinin ilk sərgisi 19 yaşında olarkən Tbilisidə açılıb və bununla da gənc rəssam Gürcüstanın bədii dairələrində geniş tanınmağa başlayıb. Əsərləri ilə dillərdə dastana dönən Qudiaşvili ilk sərgisinin təşkilindən dərhal sonra Tbilisinin mədəni həyatında rol alıb.
Əfsanəvi gürcü rəssam Niko Pirosmani Lado Qudiaşvilinin kumiri olub. O, bir neçə dəfə rəsm əsərlərində Niko Pirosmani obrazına müraciət edib. Rəssam Avropada da şöhrət qazanıb. O, xüsusilə beş il yaşadığı Parisin incəsənət aləmində yaxşı tanınıb, Avropanın bir sıra şəhərlərində, həmçinin Nyu-Yorkda keçirilmiş sərgiləri ilə incəsənətsevərlərin rəğbətini qazanıb.
Lado Qudiaşvilinin dünyaşöhrətli incəsənət xadimləri Mark Şaqal, Pablo Pikasso, Vladimir Mayakovski, Sergey Yesenin ilə ünsiyyəti yaratdığı əsərlərə özünəməxsus iz qoyub. Lado özünü reallığı fərdi yanaşma üsulu ilə təsvir edən bir rəssam, eyni zamanda, personajlarının simasında emosiyaların sonsuz çeşidini ustalıqla canlandıran diqqətli bir müşahidəçi və psixoloq kimi təsdiq edir.
Lado Qudiaşvili 1980-ci ildə vəfat edib. O, bədii dünyagörüşü və seçilən üsluba malik rəssam, gürcü modernizminin və Tbilisi avanqard hərəkatının banilərindən biri sayılır.
Rəssamın Heydər Əliyev Mərkəzindəki sərgisini aprelin 24-dək izləmək mümkün olacaq.
İsveçli bəstəkar, prodüser, 2019-cu ilin üç əsas “Qremmi” mükafatının qalibi Lüdviq Yoransson Kristofer Nolanın “Oppenhaymer” dramı üçün bəstələdiyi ən yaxşı orijinal musiqiyə görə “Oskar” mükafatına namizəd olub.
AZƏRTAC xəbər verir ki, beş il əvvəl Lüdviq Yoransson “Qara Bəbir” filminə yazdığı orijinal musiqiyə görə ilk “Oskar”ını əldə edib, həmçinin ötən il “Vakanda hər zaman” sekveli üzərindəki işinə görə yenidən bu mükafata namizəd olub.
“İşim elə də asan deyildi. Mən musiqinin köməyi ilə personajın xarakterini və onun emosiyalarını çatdırmalı idim”, – deyə məşhur bəstəkar Amerikanın “Vanity Fair” jurnalına müsahibəsində bildirib.
İsveç-Niderland kinooperatoru Hoyte van Hoytema da “Oppenhaymer” filmi üzərindəki işinə görə “Oskar” almaq şansına malikdir. O, altı il əvvəl Kristofer Nolanın “Dankirk” filmi üzərindəki işinə görə bu mükafata namizəd olub.
Qeyd edək ki, “Oskar” mükafatlarının 96-cı təqdimetmə mərasimi martın 10-da Los-Ancelesin “Dolbi” teatrında keçiriləcək.
“Cine Club” kinozalında tanınmış şairə İranə Qasımovanın “KinoLirika” layihəsi çərçivəsində poeziya gecəsi keçirilib. Tədbirdə layihə müəllifi öz şeirlərini məşhur filmlərdən musiqi və kadrların müşayiəti ilə tamaşaçılara təqdim edib.
AZƏRTAC xəbər verir ki, “KinoLirika”nın Bakıda artıq bir neçə dəfə keçirilməsinə baxmayaraq, tədbirdə bütün tamaşaçı yerləri tutulub. İranə Qasımovanın bildirdiyinə görə, 2017-ci ildən bəri təşkil olunan layihə çərçivəsində “Kinolirika” 5 dəfə təqdim edilib.
“Əlbəttə, illər keçdikcə mən bu çıxışa əlavələr etmişəm, daha da təkmilləşdirmişəm, tamaşaçılar isə ona baxandan sonra dərhal təkrarən baxmaq istədiklərini dilə gətirirlər. Bir çoxları hətta iki dəfə baxıb. Lakin “Cine Club” zalı cəmi 50 tamaşaçı yerlikdir, buna görə də, bu dəfə tədbirə hələ “KinoLirika” layihəsini izləməyən qonaqlarımı dəvət etmişəm. Xoşbəxtlikdən, onlar bu çıxışı çox böyük hərarətlə qarşıladılar”, – deyə layihə müəllifi bildirib.
Tədbir, həmçinin Moskva, Sankt-Peterburq, Tbilisi və İstanbulda böyük uğurla keçirilib, lakin şairənin dediyinə görə, Moskvadakı çıxışı onun üçün xüsusilə yaddaqalan olub.
“Moskva auditoriyası sənətin istənilən növünə böyük həvəs göstərsə də, bu şəhərdəki tamaşaçılar poeziyaya xüsusi ehtiram və ciddiyyətlə yanaşırlar. Mən orada nəinki “KinoLirika” layihəsi ilə çıxış etmişəm, həm də öz şeirlərimi təqdim etdiyim müxtəlif poeziya axşamlarında və digər iri layihələrdə iştirak etmişəm. Tamaşaçılar təkcə gurultulu alqışlar və təşəkkür ifadələri ilə kifayətlənmirdilər, bir çoxu mənə yaxınlaşaraq bəyəndikləri hər bir şeiri ayrılıqda müzakirə etməyə başlayırdı. Poeziyaya bu cür böyük diqqət və sevgi hər zaman olduqca xoşdur”, – deyə şairə qeyd edib.
Layihə müəllifinin tədbir zamanı oxuduğu şeirlər onun “İrrasionallığın aliliyi” şeirlər toplusunda yer alıb.
İranə Qasımova şairə, ssenarist, rejissor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir neçə şeirlər toplusunun müəllifi, “İranə Qasımova ilə poeziya klassikası”, “İranə Qasımova ilə Poetry-batl” və “İranə Qasımova ilə açıq poeziya mikrofonu” adlı mədəniyyət tədbirlərinin təşkilatçısıdır.