F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Azərbaycanın tənqid və ədəbiyyatşünaslıq elminin ilk peşəkar və görkəmli nümayəndəsi Firidun bəy Köçərlinin anım günü qeyd olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Şəhla Qəmbərova ədəbiyyatşünas alimin ədəbi irsində uşaq və şifahi xalq ədəbiyyatı məsələlərinin tədqiqinin xüsusi yer tutduğunu qeyd edib. O bildirib ki, uşaq ədəbiyyatından nümunələrin toplanması, nəşri və inkişaf etdirilməsinə xüsusi önəm göstərən ədibin 1912-ci ildə özündə uşaq folklor antologiyasını ehtiva edən “Balalara hədiyyə” kitabı nəşr olunub.
“Gəncliyə Yardım Fondu”nun əməkdaşı Qoşqar Abbas XX əsrin birinci onilliyindən başlayaraq maarif və mədəniyyətin çiçəklənməsi, gənc nəslin təlim-tərbiyəsi və inkişafında böyük əhəmiyyəti ilə diqqət çəkən Firidun bəy Köçərlinin həyat və yaradıcılığı haqqında geniş məlumat verib. Çıxışçılardan sonra F.Köçərlinin yaradıcılığını özündə əks etdirən videoçarxlar və “Elektron məlumat bazası” təqdim edilib.
Virtual oxucular üçün nəzərdə tutulan materiallar 1911-ci ildən başlayaraq 2023–cü ilə qədər olan zamanı əhatə edir. Bazaya ümumilikdə 275 adda kitab və məqalədən ibarət material, foto və sənədli filmlər daxildir.
Bakıdakı Rus evində Sankt-Peterburqun xarici əlaqələr Komitəsinin təqdim etdiyi və Leninqradın blokadasına son qoyulmasının 80 illiyinə həsr olunmuş “Ladoqa” və “Klooqa – ölüm düşərgəsi” sənədli filmlərinin tamaşası olub.
Bu barədə AZƏRTAC-a Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən bildirilib.
“Ladoqa” filmi “Həyat yolu” (qeyd-İkinci Dünya müharibəsində Leninqradın blokadası şəraitində Ladoqa gölündən keçən yeganə nəqliyyat marşrutu) və 1942-ci il oktyabrın 22-də Suxo adaş yaxınlığında baş verən əfsanəvi döyüşdən bəhs edir.
“Klooqa – ölüm düşərgəsi” sənədli filmi Tallinin 36 kilometrliyində yerləşən eyniadlı qəsəbədəki toplama düşərgəsində faşistlərin vəhşilikləri haqqındadır. Bu ekran əsərinin kadrları Nürnberq prosesində ittiham sənədləri qismində istifadə olunub.
Sovet qoşunları 1944-cü il yanvarın 27-də Leninqradın blokadasını yara biliblər. Blokadaya son qoyulması sovet xalqının İkinci Dünya müharibəsində igidliyinin və dözümlüyünün rəmzinə çevrilib. Şəhər sakinlərinin 872 gün ərzində ən sərt şəraitdə göstərdiyi rəşadət də mətanət və qəhrəmanlıq örnəyi olub.
Sənədli filmlərin nümayişi və müzakirəsində gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin sahibkarlarla növbəti görüşü Samux rayonunda keçiriləcək.
“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, sahibkarlarla görüş İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində təşkil olunacaq.
Aksiya rayonun Qarayeri qəsəbəsində (1 nömrəli məktəbin qarşısı) baş tutacaq. “Səyyar qəbul otağı” yanvarın 31-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq.
İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
Azərbaycan və Almaniya arasında iqlim dəyişmələrinə qarşı mübarizədə enerji sektorunun rolu və qlobal öhdəliklərlə bağlı fikir mübadiləsi aparılıb.
“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə energetika naziri Pərviz Şahbazov ilə Almaniyanın xarici işlər nazirinin müavini Cennifer Morqanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə bildirilib.
Görüşdə Azərbaycanın “yaşıl enerji keçidi” kursu və ölkəmizin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi çərçivəsində fəaliyyəti ilə bağlı məsələlər müzakirə edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2030-cu ilədək “yaşıl artıma” nail olmağı hədəfləyən siyasətinin, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin və ölkəmizin COP29 tədbirinə ev sahibliyinin “yaşıl enerji keçidi” prosesinə milli töhfələri daha da artıracağı qeyd edilib.
Ölkəmizdə elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerjinin payının əhəmiyyətli artımını təmin edəcək külək və günəş enerjisi stansiyalarının inşası, bu güclərin enerji sisteminə inteqrasiyası, həmçinin Xəzər dənizindən Avropaya “yaşıl enerji”nin ixracı məqsədilə 4 ölkənin iştirakı ilə “Yaşıl Enerji Dəhlizi”nin yaradılması, azad edilmiş ərazilərin “yaşıl enerji zonası”na çevrilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Bu gün tanınmış bəstəkar, Xalq artisti, professor Musa Mirzəyevin anadan olmasının 91-ci ildönümü tamam olur.
AZƏRTAC xəbər verir ki, Azərbaycan bəstəkarlıq məktəbinin seçilən nümayəndələrindən biri olan Musa Mirzəyev yaratdığı rəngarəng əsərləri ilə milli musiqi mədəniyyəti xəzinəmizi daha da zənginləşdirib.
Musa Mirzəyev 1933-cü il yanvarın 26-da Bakı şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra o, 1947–1951-ci illərdə Asəf Zeynallı adına Bakı musiqi texnikumunda oxuyub, 1952–1958-ci illərdə isə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında görkəmli sənətkar Qara Qarayevin sinfində bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili alıb.
Əmək fəaliyyətinə 1958-ci ildən etibarən Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində gənclər xorunun konsertmeysteri kimi başlayan Musa Mirzəyev 1978-ci ilədək burada çalışıb, 1978–1979-cu illərdə isə Azərbaycan Dövlət Akademik Filarmoniyasında bədii rəhbər vəzifəsini tutub. Sonrakı dövrdə yalnız yaradıcılıqla məşğul olaraq bəstəkarlıq əsərləri meydana gətirən Musa Mirzəyev 1992–1993-cü illərdə “Şur” musiqi nəşriyyatında müxtəlif vəzifələrdə işləyib. Yaradıcılığını pedaqoji fəaliyyətlə uğurla əlaqələndirərək o, 1993-cü ildən ömrünün sonunadək çalışdığı Bakı Musiqi Akademiyasında yeni peşəkar musiqiçilər nəslinin formalaşdırılması işinə töhfələr verib.
Azərbaycan musiqisinin bugünkü simasının formalaşmasında öz dəst-xətti ilə tanınan bəstəkarın təqdirəlayiq xidmətləri vardır. Ayrı-ayrı janrlarda çoxsaylı əsərlər bəstələmiş Musa Mirzəyevin yaradıcılığında xüsusən simfonik və kamera musiqisi janrında yazdığı əsərlər mühüm yer tuturdu. Dərin milli kolorit, nikbinlik ruhu və zəngin dramatizm hər bir əsərinə hədsiz məsuliyyətlə yanaşmış bəstəkarın yaradıcılığını səciyyələndirən başlıca cəhətlərdəndir.
Musa Mirzəyevin əsərləri tanınmış musiqi kollektivləri tərəfindən müvəffəqiyyətlə ifa edilərək respublikada və onun hüdudlarından kənarda müəllifinə şöhrət gətirib. Bəstəkarın kamera musiqisindən ibarət müəllif konsertləri sənətsevərlərin rəğbətini qazanıb. Musa Mirzəyev bir çox əsərləri simfonik orkestrlə ifa olunmaq üçün yenidən işləmiş və partiturasının hazırlanmasına böyük əmək sərf etmişdir. Onun Azərbaycan və dünya musiqisinə dair məqalələri yetişməkdə olan nəslin estetik zövqünün püxtələşməsinə öz təsirini göstərib.
Onun monumental “I simfoniya”, “Simfonietta”, simli orkestr üçün “II simfoniya”, violin və simfonik orkestr üçün simfoniya-konsert, poemalar - o cümlədən “Sədini oxuyarkən”, “Bayram poeması”, truba ilə orkestr üçün “Poema-noktürn”, “Yeddi simfonik lövhə” kimi simfonik əsərləri, habelə kvartet, trio, sonata-kapriççio, “Gənclik üçün albom”, “Lənkəran əfsanəsi” fantaziyası, “Romantik poema”, vokal silsilələri, mahnıları, xor əsərləri onun yüksək peşəkarlığının təzahürüdür. Sənətkar hər bir əsərin ərsəyə gəlməsinə böyük məsuliyyətlə yanaşıb.
Musa Mirzəyevin yaradıcılığı və müasir Azərbaycan mədəniyyəti qarşısında xidmətləri yüksək qiymətləndirilib. Ölkəmizdə musiqi sənətinin inkişafı sahəsində qazandığı nailiyyətlərə görə o, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib.
Musa Mirzəyev 2016-cı il yanvarın 29-da vəfat edib.
Ömrünün 40 ilini millətinin maariflənməsi və tərəqqisi yolunda xərcləyən Firidun bəy Köçərli ədəbi fikir tariximizdə ən ali məqam sahibi kimi xatırlanır.
AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan ədəbi tənqidi və ədəbiyyatşünaslığının görkəmli simalarından biri, ictimai xadim Firidun bəy Köçərlinin anadan olmasının 161-ci ildönümü tamam olur.
Ötən əsr ədəbiyyatşünaslığının inkişafında müstəsna xidmətləri olan Firidun bəy Köçərli bu gün mənsub olduğu xalqının yaddaşında ölümsüzləşən ziyalılardandır. O, tarixdə nəzəriyyəçi, tərcüməçi, mətbuat və teatr qurucusu, habelə pedaqoq, maarifçi, ən başlıcası da böyük vətəndaş və milli duyğulara sahib fədai kimi anılır.
1863-cü il yanvarın 26-da Şuşa şəhərində dünyaya göz açan Firidun bəy Köçərli ibtidai təhsilini Mirzə Kərim Münşizadənin məktəbində alıb. Atası Əhməd bəyin elmə, maarifə böyük marağı və həvəsi oğlunun dövrünün ən yaxşı məktəblərində oxutmasına təkan verib. Atasının arzularına rəğmən Firidun bəy doğma şəhərdə fəaliyyət göstərən rus məktəbinə daxil olub. O dövrdə məşhur rus pedaqoqu A.Çernyayevski Qafqazı dolaşaraq Qori Müəllimlər Seminariyası üçün ümidverən gənclər toplayırdı. Firidun bəy Köçərli onun diqqətini çəkib. O, 1879-1885-ci illər ərzində burada təhsil alıb. Seminariyanı bitirən ili bir müddət İrəvan gimnaziyasında dərs deyib. Onu İrəvanda təkcə pedaqoq kimi tanımırdılar. Qori Müəllimlər Seminariyasının məzunu olan Firidun bəy 23 yaşında İrəvanda teatr tamaşası təşkil edir. On ilə yaxın bir müddət ərzində İrəvanda həm pedaqoq, həm də bir mədəniyyət xadimi kimi fəaliyyət göstərən Firidun bəy Köçərli yerli ziyalılardan Mirzə Məhəmməd Qəmərli ilə birlikdə ədəbi gecələr təşkil edir, poeziyaya, ədəbiyyata marağı olan gəncləri bir araya gətirərək onların formalaşmasında böyük zəhmət çəkir. Hələ İrəvan gimnaziyasında müəllim işlədiyi illərdə tərcüməçiliklə məşğul olan Firidun bəy rus ədəbiyyatının tanınmış nümayəndələrindən Puşkinin, Lermontovun, Koltsovun və başqalarının əsərlərini ana dilimizə çevirməyə başlayır. Mirzə Fətəli Axundzadənin “Aldanmış kəvakib” povestini də ilk dəfə rus dilinə məhz Firidun bəy Köçərli çevirib. Bu da faktdır ki, Azərbaycan və rus ədəbiyyatlarının əlaqələri haqqında ilk qeydlər Firidun bəyə məxsusdur.
İrəvanı tərk etdikdən sonra yenidən təhsil aldığı məktəbə qayıdan Firidun bəy Köçərli 1895-ci ildən 1918-ci ilə qədər məzunu olduğu seminariyada dərs deyib. Hətta onu 1910-cu ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı təyin ediblər. Burada çalışdığı illərdə həmvətənlərinin seminariyada təhsil almasına yardımçı olan Firidun bəy Köçərlinin uzun sürən səylərindən sonra Qazaxda Müəllimlər Seminariyası açılıb.
O, klassik Azərbaycan ədəbiyyatı haqqında geniş məlumata, dərin elmi-nəzəri biliyə, incə zövqə malik olduğu üçün hər bir qələm sahibinin yaradıcılığını özünəməxsus şəkildə təhlil etmək qüdrətində olub. O, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Seyid Əzim Şirvani kimi şairlər haqqında çox dəyərli oçerklərin müəllifidir. Onun Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Yusif Vəzir Çəmənzəminli, Mirzə Ələkbər Sabir barəsində ədəbi-tənqidi, realist fikirlərini əks etdirən maraqlı əsərləri var.
Görkəmli ədəbiyyatşünas alimin elmi fəaliyyəti Azərbaycan tarixinin qiymətli səhifələrindən sayılır. Unudulmaz millət aşiqinin “Azərbaycan ədəbiyyatı” əsəri isə ədəbiyyatşünaslığımızın inkişafında böyük rol oynayan və bu gün də aktuallığını itirməyən əsərlərindəndir. Firidun bəy Köçərli millətinin təəssübkeş ziyalılarından idi. O, xalqının gənc və yeniyetmə övladlarının maarifləndirilməsi, təhsil alması və mədəni inkişafında gecə-gündüz məşəl kimi alovlanırdı. Firidun bəyin nəcibliyi millətinin taleyinə xidmət etsə də, düşmənləri də rahat buraxmırdı. O, millətimizin uzaqgörən ziyalılarının olmasını heç vaxt gözügötürməyən ermənilərin məkrli əməllərinin qurbanına çevrildi. Düşmən 57 yaşlı aydının ömür çırağını söndürsə də, onun arzuları və əməllərinin nurunu söndürə bilmədi. Bəli, o nurun işığından Firidun bəyin mənsub olduğu millətinin övladları bu gün də faydalanır.
Ölümündən sonra 1925-ci ildə "Azərbaycan ədəbiyyatı tarixi materialları" kitabının I hissəsi, 1926-cı ildə isə kitabın II hissəsi çap edilib. Uşaqlar üçün yazdığı "Balalara hədiyyə" kitabı isə 1967-ci, 1972-ci və 2013-cü illərdə çap olunub.
Firudin bəyin irsi ilk dəfə 1957-ci ildə ədəbiyyatşünas alim Bəkir Nəbiyev tərəfindən araşdırılıb. O, arxiv materialları toplayaraq Firudin bəyin sağ qalan tələbələri ilə görüşərək 1960-cı ildə "F.Köçərlinin həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1967-ci ildən Respublika Uşaq Kitabxanası Firidun bəy Köçərlinin adını daşıyır. 2013-cü ildə Firudin bəy Köçərlinin anadan olmasının 150 illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd edilib.
Yanvarın 25-də Beyza Alkoçun qələmə aldığı kitab əsasında çəkilən “3391 kilometr” adlı türk melodramının qala gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, film sosial şəbəkə vasitəsilə tanış olan iki gəncin sevgi hekayəsindən bəhs edir. Bir-birindən bir neçə kilometr məsafədə olsalar da, onlar arasında güclü cazibə yaranır.
Film boyunca tamaşaçılar bir-birindən 3391 kilometr məsafədə yerləşən Fransa və Türkiyədə yaşayan gənclər arasındakı sevgi macərasının şahidi olublar.
“3391 kilometr” kitabının müəllifi Beyza Alkoç, filmin yaradıcı prodüseri və rejissoru Deniz EnYüksek, baş rol ifaçıları Derya Pınar Ak və Ahmet Haktan Zavlak filmlə bağlı təəssüratlarını AZƏRTAC-la bölüşüblər.
Beyza Alkoç həm “3391 kilometr” kitabı, həm də film haqqında şərhlərin çox müsbət olduğunu bildirərək deyib: “Bu, bizim üçün çox emosional bir prosesdir, çünki kitabı yazarkən onu çox sevdim. Kitabda oxucunun yaşadığı hissləri filmdə çatdırmaq üçün çox çalışdıq. Ssenari üzərində çox uzun müddət işlədik, görüşlər keçirdik”.
Beyza Alkoç hekayəni yazarkən 16 yaşı olduğunu və bunun kitaba çevriləcəyini ağlına belə gətirmədiyini qeyd edib. “Sadəcə hekayə kimi yazırdım, mənim üçün hobbi kimi başladı. Sonra kitab oldu, indi isə filmə çevrildi. Baş rol ifaçılarının hər bir detalı belə gözəl əks etdirmələri mənim üçün çox xoşdur”, - deyə o əlavə edib.
Deniz EnYüksek isə qeyd edib ki, filmi Parisdə çəkmək mümkün olmasaydı, Avropada başqa alternativlər tapılmışdı. “Əslində, Azərbaycanda də çəkə bilərdik. Ümid edirəm ki, Bakıda da çəkə biləcəyimiz filmlər olar. Filmin çox müsbət enerjili izləyici kütləsi var. Şərhlərin demək olar hamısı oxucuların kitabı sevdikləri qədər, filmi də xoşlamaları ilə bağlı idi. Biz tezliklə ikinci filmin hazırlıqlarına başlamaq fikrindəyik. Avropadan da çoxlu təkliflər var, danışıqlar aparılır. Bunu dəyərləndirəcəyik”, - deyə o vurğulayıb.
Baş rolun ifaçısı Derya Pınar Ak bildirib ki, filmin çəkilişləri beş həftəyə tamamlanıb. “Çox əyləncəli idi. Həm səyahət etdik, həm əyləndik, həm də həftələrlə səhərdən axşamadək işlədik”, - deyə o qeyd edib.
Digər baş rolun ifaçısı Ahmet Haktan Zavlak diqqətə çatdırıb ki, çəkiliş prosesində arzuladığı hər şeyi görmək çox gözəl və maraqlı bir proses olub.
Uşaq və gənclərin muzeylərə marağını təmin etmək məqsədilə yeni layihələr nəzərdə tutulmalıdır.
“Report” xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli muzey müəssisələrinin fəaliyyətinə həsr olunan müşavirədə çıxışı zamanı deyib.
Nazir bildirib ki, ölkədə muzey işi, muzey müəssisələrinin müasir dövrün tələblərinə uyğun fəaliyyətinin təşkili ölkə rəhbərliyi və dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılır.
Muzeylərin fəaliyyətinin müasir dövrün tələblərinə uyğun qurulmasının zərurətə çevrildiyini deyən nazir bu sahədə konkret addımların atılmasının vacibliyini vurğulayıb.
Qeyd olunub ki, müəssisələrdə yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi riayət olunmalı, bununla bağlı əməkdaşlar dəqiq və davamlı təlimatlandırılmalıdırlar.
Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi qeyd ediləcək.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Mədəniyyət Nazirliyinə Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə dair tədbirlər planı hazırlamaq tapşırılıb. Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Fevralın 1-dən 3-dək Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə Gənclər Gününə həsr olunmuş X “Gəncliyin səsi” Festivalı keçiriləcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Gəncliyin səsi” festivalının keçirilməsində əsas məqsəd gənclərin yaradıcı sahəyə olan marağının artırılması, onların istedadının üzə çıxarılmasına xidmət edir.
Festival çərçivəsində həm Bakıda, həm də bölgələrdə silsilə tədbirlər həyata keçiriləcək.
X “Gəncliyin səsi” festivalı musiqi, teatr, rəssamlıq, dekorativ tətbiqi sənət sahələrini əhatə edəcək. Ölkənin aparıcı mədəniyyət müəssisələrində çıxış edəcək gənclər arasında musiqiçi, aktyor, rəssam, sənətşünas və modelyerlər yer alacaqlar. Bakı, Gəncə, Qax və Salyanda gənclərin iştirakı ilə konsert, kukla tamaşası, yaradıcı yarmarka, tematik sərgilər keçiriləcək. Builki festivalın prioritet istiqamətləri yaradıcı tələbələrin bu layihəyə cəlb edilməsidir. Belə ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, UNEC, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Bakı Humanitar Kolleci, Abşeron rayonu Mehdiabad qəsəbə Uşaq Musiqi Məktəbinin gənc müəllim və tələbə heyəti X “Gəncliyin səsi” festivalı çərçivəsində silsilə tədbirlərdə iştirak edəcəklər.
Eyni zamanda, bu ilki festival çərçivəsində ilk dəfə olaraq aşıq sənətinə həsr olunmuş konsert proqramı baş tutacaq.
Tədbirdə aşıq sənəti müxtəlif formalarda dinləyicilərə təqdim olunacaq - ənənəvi və bəstəkar yaradıcılığında, eləcə də piano alətində işlənilmiş aşıq havaları, bununla yanaşı müxtəlif dövrlərdə yaşamış aşıqların sözlərinə yazılmış mahnılar xanəndə və xor kollektivi tərəfindən ifa olunacaq.
2- Fevral Gənclər Günü ilə əlaqədar Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə gənclər üçün “açıq qapı” olacaq. Bununla bağlı, fevralın 2-də yaşı 14-dən 29-dək olan şəxslərin muzeylərə sərbəst girişi təmin ediləcək.