“Sehrli xalat” filmində baş rolun ifaçısı Azər Qurbanov 69 yaşında vəfat edib.
"Report" xəbər verir ki, bu barədə Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov feysbuk hesabında məlumat yayıb.
O bildirib ki, Azər Qurbanov bir müddət əvvəl ağır xəstəlikdən Amerika Birləşmiş Ştatlarında (ABŞ) həyatını itirib.
Qeyd edək ki, Azər Qurbanov 1955-ci ildə Balakəndə anadan olub. O, sözügedən filmdə Rəşid obrazını canlandırıb. “Odessa” kinostudiyasının istehsalı olan “Göy quş”, “Hakim”, “Xarici qadın”, “Külək” filmlərində çəkilib. 1992-ci ildən ABŞ-nin Nyu-Cersi ştatının Şort-Hills şəhərciyində yaşayırdı.
Azərbaycanda internet provayder və operatorları kimi fəaliyyət göstərən “İzone” MMC, “Technonet” MMC və “Internet Service Provider” MMC-ləri ləğv edilib.
"Report" xəbər verir ki, bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) məlumat yayıb.
Bildirilib ki, şirkətlər könüllü müraciət əsasında ləğv edilib. Müraciətlərdə uçotun ləğv edilmə səbəbi kimi şirkətlərin fəaliyyətinin dayandırılması göstərilib.
Həmçinin internetin təkrar satışı xidmətini göstərən “Azintelnet” MMC-nin müraciəti əsasında onun uçota alınması həyata keçirilib. Bununla da uçota alınan operator və internet provayderlərinin sayı 153 olub.
Uçota durmamaq İnzibati Xətalar Məcəlləsinin 370-1-ci maddəsinə əsasən, uçot qaydalarının pozulmasına görə inzibati məsuliyyətə səbəb ola bilər.
Fevralın 2-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrının repertuarında ən maraqlı tamaşalardan olan "Amerikalı kürəkən” tamaşası növbəti dəfə nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, komediya janrında hazırlanan tamaşa yazıçı-dramaturq, Əməkdar mədəniyyət işçisi Marat Haqverdiyevin eyniadlı əsəri və görkəmli bəstəkar Ramiz Mirişlinin musiqiləri əsasında hazırlanıb.
İki hissədən ibarət olan səhnə əsərinin quruluşçu-rejissoru Xalq artisti İlham Namiq Kamaldır.
Biletləri şəhərin kassalarından və “İticket.az” saytından əldə etmək mümkündür.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə Özbəkistanın “Kitab dünyası” qəzetinin baş redaktoru, tanınmış şair-publisist Xasiyyət Rüstəmin Azərbaycanda çap olunan kitablarının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AYB-nin beynəlxalq məsələlər üzrə katibi Səlim Babullaoğlu Xasiyyət Rüstəmin yaradıcılığı, Özbəkistan-Azərbaycan arasındakı ədəbi-mədəni əlaqələrdəki rolundan söhbət açıb.
AYB-nin katibi İlqar Fəhmi çıxışı zamanı qardaş xalqlar arasında tarixən mövcud olmuş əlaqələrin günbəgün artmasını, bu inkişafda Xasiyyət Rüstəm kimi ədəbiyyat, mədəniyyət xadimlərinin xidmətinin alqışa layiq olduğunu vurğulayıb.
Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri İntiqam Yaşar şairin kitablarının Azərbaycanda təqdimatını əlamətdar ədəbiyyat hadisəsi hesab edib. Yaradıcılığında Qarabağ mövzusunun qırmızı xətt kimi keçdiyini söyləyən natiq çap olunan kitablar haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
Filologiya elmləri doktoru, professor Ramiz Əsgər Özbəkistan-Azərbaycan əlaqələrinin tarixində ədiblərin fədakarlığından danışıb. O bu vaxta qədər 60-dan artıq kitab tərcümə etdiyini, bu kitabların 26-nın Özbəkistan ədəbiyyatından olduğunu bildirib.
“Dünya ədəbiyyatı” jurnalının baş redaktoru Seyfəddin Hüseynli Xasiyyət Rüstəm imzasının Azərbaycan oxucusuna çox doğma olduğunu, bu kimi tədbirlərin xalqlarımız arasındakı əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd edib.
"Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyinin sədri Arzu Bağırova çıxışı zamanı Xasiyyət Rüstəm şeirinin dünyanın 26 dilinə tərcümə olunduğunu, çox sərhədlər aşdığını bildirərək, onu bu münasibətlə təbrik edib.
Özbəkistanın Xalq yazıçısı Erkin Azam, Özbəkistan Yazıçılar Birliyinin sədr müavinləri Qeyrət Məcid, Qafur Şerrmuhammed, “Zirvə” Mədəniyyət və İncəsənət İctimai Birliyinin sədri Şahin Qədir, yazıçı Kənan Hacı və başqaları qardaş xalqlar arasındakı ədəbi əlaqələrdən söhbət açıblar.
Tədbirin sonunda Xasiyyət Rüstəm Azərbaycanı özünün ikinci vətəni hesab etdiyini vurğulayaraq şeirlərindən nümunələr səsləndirib.
Maraqla gözlənilən “Mortal Kombat 2” filminin çəkilişləri tamamlanıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, ekran əsərinin 2025-ci ildə nümayiş olunması planlaşdırılır.
Filmin aktyor heyətində Lyuis Tan, Cessika McName və Karl Urban yer alır. Ekran əsəri avstraliyalı rejissor Simon McQuoid tərəfindən çəkilib.
Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra bir çox dövlət xadimlərinin, görkəmli ziyalıların ailələri ölkəni tərk etmək məcburiyyətində qaldılar. Belə ailələrdən biri də cümhuriyyət dövründə ticarət və sənaye naziri vəzifəsini icra edən Mirzə Əsədullayevin ailəsi oldu.
Mirzə Əsədullayev məşhur Azərbaycan milyonçuları - Şəmsi Əsədullayevin oğlu və Ağa Musa Nağıyevin kürəkəni idi. Onun həyatında baş verən fırtına təbii ki, qızı Ümbülbanudan da yan keçə bilməzdi.
Ümbülbanu 1905-ci ilin yanvarında Bakıda anadan olsa da, məlum hadisələrə görə, Vətənindən didərgin salındı. O, sonralar “Banin” təxəllüsü ilə Fransa ədəbiyyatının tanınmış simalarından birinə çevrildi.
AZƏRTAC xəbər verir ki, ömrünün sonunadək Fransada yaşayıb-yaratmış azərbaycanlı yazıçı kimi məşhur olan, dostları tərəfindən “Qafqaz gözəli”, “Şamaxı şahzadəsi” adlandırılan Ümbülbanunun bu gün 119 yaşı tamam olur.
Banin öz taleyi haqqında yazırdı: “Mən doğma anamı tanımırdım. Çünki gözümü açanda o artıq dünyasını dəyişmişdi”. Onun dünyaya gəlişi kimi, sonrakı həyatı da rəvan keçmir. Hakimiyyətə gələn bolşeviklər atasını həbs edirlər, babalarının var-yoxu əllərindən alınır. O, atasını həbsxanadan qurtarmaq, ölkədən çıxmaq üçün istəmədiyi, lakin hörmətli bir şəxsə ərə gedir. O, 19 yaşında Türkiyədə əri Balabəy Qocayevdən ayrılaraq Parisə doğmalarının yanına yollanır. Fransada maneken, mağazada satıcı, dəftərxanada katibə, tərcüməçi işləyir. Sonradan Banin fransalı dostlarının məsləhəti ilə xatirələrini qələmə almağa başlayır.
Onun 1946-cı ildə çap olunan “Qafqaz günləri” kitabı müəllifinə ilk uğur qazandırır. Kitab işıq üzü gördükdən sonra Andre Marlo, İvan Bunin, Nikos Kazaçakis, Anri Monterlen, Ernest Yungen kimi qərb yazıçılarında Baninə rəğbət yaranır. İkinci Dünya müharibəsinin iştirakçısı, alman yazıçısı və filosofu Ernest Yungenlə Baninin dostluğu yarım əsrdən çox davam edir. Banin hətta Yungen haqqında kitab yazır.
Ümbülbanunun uşaqlığının ağlı-qaralı xatirələri “Qafqaz günləri” kitabında əks olunub. Bundan sonra yazdığı “Paris günləri”, “Ernest Yungenlə görüş”, “Mən opiumu seçdim”, “Sonra”, “Sonuncu ümidin çağırışı” və digər romanları ona geniş oxucu rəğbəti qazandırır. Son kitabı – “Mariya mənə nə danışdı” romanı 1991-ci ildə, ölümündən bir il əvvəl işıq üzü görür.
Banin Fransada təkcə romanları ilə deyil, həm də rus, ingilis, alman dillərindən gözəl tərcümələri ilə tanınırdı. O, İvan Buninin və Fyodor Dostoyevskinin yaradıcılığının ən yaxşı bilicilərindən sayılırdı.
İlk dəfə onu Azərbaycan oxucusuna diplomat Ramiz Abutalıbov tanıdıb.
Fransız mühitinə qaynayıb-qarışmasına baxmayaraq, Ümbülbanu soy-kökünü heç vaxt yaddan çıxarmayıb. O, Qarabağda baş verən hadisələri həyəcanla izləyib. Parisdəki “Azərbaycan evi” assosiasiyasının üzvü olan Banin Fransanın kütləvi informasiya vasitələrində mütəmadi olaraq Qarabağ hadisələri ilə bağlı məqalələrlə çıxış edib.
Fransanın “Fiqaro” qəzeti 1992-ci il oktyabrın 29-da olduqca kədərli bir məlumat yayır: “İlk fransızdilli azərbaycanlı yazıçı Banin vəfat edib...”.
Ömrünün axırınadək Vətənə gələ bilməyən, Azərbaycan həsrəti ilə dünyadan köçən Ümbülbanu qələmi ilə Azərbaycanı dünyada və Fransada tanıdıb. Bu gün onun yazdıqları həmvətənləri və dünya oxucuları tərəfindən maraqla oxunur. Özü Vətənə qayıda bilməsə də, əsərləri bu gün bizimlədir.
Martın 18-də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Caz axşamı” keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu səhnədə ilk dəfə tanınmış cazmen, Əməkdar artist Emil Əfrasiyab solo proqram təqdim edəcək.
Konsert caz-muğamın yaradıcısı, dünyaşöhrətli pianoçu, bəstəkar Vaqif Mustafazadənin anadan olmasının 84-cü ildönümünə ithaf olunacaq.
Gəncə Dövlət Filarmoniyası musiqisevərlərə daha bir solo proqram hazırlayır. Belə ki, aprelin 21-də burada Xalq artisti, vokal ustası Azər Zeynalovun “Gəncəyə gəlirəm” adlı konserti keçiriləcək. Xalq artisti Azər Zeynalov da Gəncədə ilk dəfə solo proqramla çıxış edəcək.
Hər iki konsertə biletləri Gəncə Dövlət Filarmoniyasının kassalarından, eləcə də iticket.az saytından əldə etmək mümkündür.
Yanvarın 23-də Azərbaycan Milli Xalça Muzeyində “Baharı salamlayan Əjdaha. Çin Yeni ili festivalı”nın açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Milli Xalça Muzeyi və Azərbaycan Dillər Universiteti nəzdində Konfutsi İnstitutunun təşkilatçılığı, Çinin ölkəmizdəki səfirliyinin dəstəyi ilə təşkil olunub.
Tədbirdə çıxış edən Milli Xalça Muzeyinin direktor vəzifəsini müvəqqəti icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru Mira Məmmədxanova bildirib ki, festival müddətində qədim Çin çay mərasimi, kalliqrafiya (açıqcaların ieroqliflərlə yazılması), uşu, kunq-fu kimi bir-birindən maraqlı ustad dərsləri, mühazirələr, ənənəvi bayram atributları iştirakçılara əsl Çin Yeni ili ab-havası yaşadacaq. Ecazkar ölkənin ənənəvi sənət nümunələri üzrə ustad dərsləri Bakıdakı Konfutsi İnstitutunun müəllimləri tərəfindən aparılacaq. Silsilə tədbirlərdə muzeyin Uşaq şöbəsinin əməkdaşları tərəfindən Azərbaycan xalçalarındakı əjdahalara həsr olunmuş kölgə teatr tamaşası göstəriləcək, əjdaha naxışlı xalçanın toxunması və bu mövzuya aid digər ustad dərsləri keçiriləcək.
Çin Xalq Respublikasının ölkəmizdəki səfiri xanım Qo Min çıxışında qeyd edib ki, ölkəsi Azərbaycan ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir və bu silsilə tədbirlər də iki ölkə arasında mədəni əməkdaşlıq sahəsində münasibətlərin möhkəmlənməsinə xidmət edəcək. Səfir vurğulayıb ki, Yeni ilin başlanması Şərqi Asiya ölkələrində, xüsusən də Çində böyük təmtəraqla qeyd olunur. Dörd min ildən çox tarixə malik Yeni il bayramı Çində bütün ailənin bir yerdə toplaşması üçün gözəl fürsətdir.
Çində bu hadisənin həm də yaz festivalı adlandığını bildirən diplomat deyib: “Çinlilərin ən əziz bayramı olan yaz festivalı bir çox ənənələr və ayinlər ilə də zəngindir. İnsanlar Yeni ilə bir neçə gün əvvəldən hazırlaşır, hədiyyələr alır, bayramın rəmzlərini əks etdirən suvenirlər hazırlayırlar. Evlər, küçə və meydanlar, parklar kağızdan hazırlanmış qırmızı fənərlərlə bəzədilir, qapı və pəncərələr qırmızı rənglə boyadılır. Bayram günü qırmızı geyinmək növbəti ildə uğurlara yol açır. Bu gün Çin Yeni il bayramının müxtəlif ölkələrdə keçirilməsi, xüsusilə Bakıda Milli Xalça Muzeyində baş tutması bizi çox sevindirir”, - deyə xanım Qo Min əlavə edib.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bu gün soyuq hava olsa da bu bayramın ürəklərə istilik gətirdiyini qeyd edib.
H.Hüseynova bu gün Bakıda Çin bayramının keçirilməsini yüksək qiymətləndirib. Milli Məclisdə Azərbaycan-Çin parlamentlərarası komissiyanın ən geniş qrup olduğunu diqqətə çatdıran H.Hüseynova, iki ölkə arasında mövcud dostluq, əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb.
H.Hüseynova bu cür bayramların il ərzində mütəmadi keçiriləcəyini deyib və tədbir iştirakçılarını bir daha bayram münasibətilə təbrik edib.
Tədbir iştirakçılarına Çin dilində müraciət edən Rafiq Abbasov onlara yaşıl əjdaha ilinin əfsanəsi barədə məlumat verib. Tədbirdə gənclər və uşaqların təmsil olunduğunu vurğulayan R.Abbasov onların bədii çıxışlarının maraqla qarşılandığını deyib.
Yanvarın 28-dək davam edəcək “Baharı salamlayan Əjdaha. Çin Yeni ili festivalı” iki ölkə arasında mədəni əlaqələrin inkişafına və möhkəmlənməsinə töhfə olacaq.
Daha sonra ecazkar ölkənin ustad dərsləri və ənənəvi bayram atributları əsl Çin Yeni ili ab-havası yaşadıb.
Tədbir bədii hissə ilə davam edib.
Nizami Kino Mərkəzində Ümummilli Lider Heydər Əliyevin Yaponiyaya rəsmi səfərinə həsr edilən “Bir səfərin izi ilə - Yaponiya” sənədli filminin təqdimatı keçirilib.
“Report” xəbər verir ki, ekran işində Ulu Öndərin 1998-ci ildə Yaponiyaya baş tutmuş ilk rəsmi səfərinin maraqlı məqamlarından bəhs olunur.
Çəkilişlər Tokio və Kioto şəhərlərində aparılıb. Layihənin rəhbəri azərbaycanlı səyyah Azər Qərib təqdimat zamanı bildirib ki, film izləyiciləri H.Əliyevin ziyarət etdiyi Yaponiyanın tarixi şəhərlərinə aparır, rəsmi səfərin qeyri-rəsmi tərəflərini göstərir. Səyahətçi ilə birlikdə tamaşaçı səfərin qeyri-adi anlarına nəzər salmaqla Yaponiyanın iki tarixi şəhərində heyrətamiz səyahətə çıxır.
İdeya müəllifi Azər Qərib olan filmin yaradıcı heyətinə redaktor Ayaz Mirzəyev, prodüser Əsgər Qəribzadə, operator Əli Əliyev və Violetta Matsue, montaj mütəxəssisi Elmar Tarıyeloğlu daxildir.
A.Qəribin sözlərinə görə, Ümummilli Liderin digər səfərləri barədə də oxşar mövzuda maraqlı detallar film formatında lentə alınacaq. Buna qədər isə layihə çərçivəsində İtaliya səfəri barədə film hazırlanıb.
Qeyd edək ki, layihə “Azərbaycan Hava Yolları”nın baş sponsorluğu ilə reallaşıb.
Musiqiçi, bəstəkar, “Boney M” qrupunun qurucusu Frank Farian (əsl adı Frans Reuther) 83 yaşında vəfat edib.
“Report” xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Məlumata görə, F.Farian Mayamidəki evində dünyasını dəyişib.
Qeyd edək ki, bəstəkar 1961-ci ildə “Frankie Farian und die Schatten” qrupunu yaradıb və onunla yerli restoranlarda, eləcə də rəqs klublarında çıxış edib. Şöhrəti isə 1964-cü ildə qrup Hamburqda beynəlxalq rok festivalında iştirak edərkən qazanıb. O, 1968-ci ildə solo karyerasına başlayıb. Lakin 1970-ci illərin ortalarından etibarən musiqiçi pop musiqiyə diqqət yetirməyə başlayıb.
Xatırladaq ki, o, “Rasputin” və “Daddy Cool” kimi “Boney M” qrupunun hitlərinin müəllifidir. Bundan əlavə, “Farian”, “Eruption”, “Precious Wilson”, “Far Corporation”, “Milli Vanilli”, “La Bouche” daxil olmaqla bir neçə başqa pop layihələrini qurub.