Kino sahəsində əməkdaşlıq məqsədilə ölkəmizdə səfərdə olan Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircanın rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də digər ölkələrdən gəlmiş kino sahəsi üzrə mütəxəssislər Qobustan Milli Tarix-Bədii Qoruğunu ziyarət ediblər.
Qonaqları Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri Elnur Əliyev, Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov və nazirliyin digər məsul şəxsləri müşayiət ediblər.
Qonaqlar Azərbaycan tarixi-mədəni irsinin daş yaddaşı olan Qobustan abidələri, buradakı qayaüstü rəsmlər, qoruq ərazisindəki muzey kompleksi ilə maraqla tanış olublar. Onlara qoruq ərazisində qazıntılar nəticəsində aşkar olunmuş artefaktlar haqqında da məlumat verilib.
Azərbaycan Milli Xalça Muzeyi yeni eksponatlarla, qürbətdən vətənə qaytarılan, əcdadlarımızın əl işi olan nəfis xalçalarla tanışlıq məqsədilə yeni aksiyaya start verib.
Muzeydən bildirilib ki, ziyarətçilər iyul ayı ərzində həftənin IV günləri saat 18.30-da muzeyin yenilikləri ilə tanış ola bilərlər. Muzeyə giriş və bələdçi xidməti ödənişsizdir. Bələdçilər ziyarətçilərə yeni eksponatlar haqqında maraqlı məlumatlar verəcəklər.
Karantin qaydalarına əsasən ekskursiya yalnız 10 nəfərlik qruplarla təşkil olunacaq.
Azərbaycan Bəstəkarlar İttifaqının Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə peşəkar bəstəkarlar arasında qəzəl-romans janrında elan etdiyi müsabiqənin qalibləri iyunun 29-da mükafatlandırılıb.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə keçirilən müsabiqə haqqında məlumat verib.
Münsiflər heyətinin təqdim olunmuş əsərlərə ciddi yanaşdığını bildirən F.Əlizadə deyib ki, bəstəkarların yeni əsərlər haqqında düşünməsinin artıq zamanıdır.
Müsabiqənin özəlliyindən danışan Bəstəkarlar İttifaqının sədri bildirib ki, bu yarışmada yaş məhdudiyyəti olmayıb, qocaman və gənc bəstəkarlar birlikdə iştirak edib: “Sevindirici haldır ki, regionlarda yaşayan bəstəkarlar da müsabiqəyə qatılıb. İnanıram ki, onların yaratdığı əsərlər gələcək müsabiqələrdə birincilik qazanacaq”.
Bu günlərdə müxtəlif müsabiqələrin keçirildiyini söyləyən ittifaqın sədri deyib ki, bu müsabiqələr həm bəstəkarların tanınmasına, həm də onlar arasında rəqabət mühitinin yaranmasına təkan verir.
Bütün əsərləri diqqətlə dinlədiklərini bildirən Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, münsiflər heyətinin üzvü Zemfira Qafarova deyib: “Seçim çətin olsa da obyektiv olmağa çalışdıq. Nizami Gəncəvi dahidir və ona maraq heç zaman azalmayacaq”.
Sonra qaliblər mükafatlandırılıb. Birinci dərəcəli mükafata Dadaş Dadaşov, ikinci dərəcəli mükafata Lalə Cəfərova, üçüncü dərəcəli mükafata isə Azər Dadaşov layiq görülüblər. Bəstəkarlardan Tahir İbişov, Fərid Fətullayev və Kəmalə Əlizadə fəxri diplomla təltif olunublar.
Müsabiqənin təşkilində zəhməti olanlara təşəkkürünü bildirən Dadaş Dadaşov bildirib ki, Nizaminin şeirini anlamadan ona musiqi bəstələmək olduqca çətindir.
Türkiyənin İstanbul şəhərində iyunun 28-də başlayan “ACE of MICE” turizm sərgisində Azərbaycan milli stendlə təmsil olunur.
Dövlət Turizm Agentliyindən bildirilib ki, sərginin keçirildiyi İstanbul Konqres Mərkəzində xüsusi bannerlər vasitəsilə Azərbaycanın turizm imkanları ziyarətçilərə nümayiş etdirilir. Buradakı salon, zal və dəhlizlərdə Azərbaycanın turizm potensialını əks etdirən görüntülər əks olunur.
Azərbaycanın təmsil olunduğu stenddə yeni turizm destinasiyası olaraq təqdim olunan Qarabağa xüsusi maraq müşahidə olunub. Milli stendi ziyarət edən İstanbul Ticarət Palatasının rəhbəri Şekib Avdagiç işğaldan azad edilmiş Şuşa şəhərinə Türkiyədə böyük diqqətin olduğunu bildirərək yaxın zamanda buraya səfər edəcəklərini qeyd edib.
Tədbir çərçivəsində təşkil olunmuş ikitərəfli görüşlər zamanı Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov Azərbaycan və Türkiyə arasında turizm əlaqələrinin gələcək perspektivlərindən danışıb. Aparat rəhbəri Azərbaycan və Türkiyə əlaqələrinin turizm sahəsi üzrə daha da genişlənəcəyini diqqətə çatdırıb.
Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid “Pandemiyadan sonra turizm və işgüzar tədbirlər sənayesinin gələcəyi” mövzusunda təşkil olunan panel görüşündə iştirak edib.
Florian Zenqstşmid turizmin pandemiyadan ən çox zərər görən sənaye sahəsi olduğunu qeyd edərək postpandemiya dövründə rəqəbətədavamlı və daha dayanıqlı turizmin inkişaf etdirilməsinin mühümlüyünü vurğulayıb.
Tədbirdə, həmçinin Azərbaycan Konqreslər Bürosunun direktoru Sevda Əliyeva “Limitsiz turizm: turizm potensialının inkişaf etdirilməsində Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın müsbət nəticələri” mövzusunda təşkil olunmuş panel görüşündə təmsil olunub. O, iki qardaş ölkə arasında qarşılıqlı məlumat və təcrübə mübadiləsinin, eləcə də birgə layihələrin həyata keçirilməsinin vacibliyindən danışıb.
Qeyd edək ki, “ACE of MICE” turizm sərgisi 30 iyunadək davam edəcək.
Dünyanın üçüncü ən böyük konqres, toplantı və tədbir sərgisi olan “ACE of MICE” turizm sərgisi 2014-cü ildən etibarən “Türk Hava Yolları” (Turkish Airlines) şirkəti tərəfindən təşkil olunur.
Sayca 8-ci dəfə keçirilən sərginin məqsədi iştirakçı ölkələrə yeni bazarlar və müştərilər qazandırmaqdır. 200 stendin təmsil olunduğu sərgiyə 3 gün ərzində 15 min ziyarətçinin qatılacağı gözlənilir. Sərgidə 11 əsas mövzu üzrə 69 spiker pandemiyadan sonra işgüzar turizm sənayesinin gələcəyinə dair çıxışlar edəcək.
İyunun 30-da Bakı Fotoqrafiya Evində İordaniya dövlətinin yaradılmasının 100 illiyi münasibətilə “Amman, 100 illik yürüş” adlı fotosərgi açılacaq.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, sərgi İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfirliyi, Amman Şəhər İcra Hakimiyyəti və “İçərişəhər” İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə reallaşacaq.
İyulun 4-dək davam edəcək sərgidə siyasi, tarixi və mədəni əhəmiyyətə sahib olan Amman şəhərinin yüz ildən bəri tarixi inkişafını tərənnüm edən 40 ədəd A3 formatında 5 mm-lik foreks üzərində çap edilmiş fotoşəkillər nümayiş olunacaq. Sərgidə, həmçinin paytaxt şəhərin və onun sakinlərinin mədəniyyətini əks etdirən bir çox fərqli memarlıq və tarixi abidələrin əks olunduğu fotolar da təqdim ediləcək.
Qeyd edək ki, sərgi mövcud karantin rejimi qaydalarına uyğun formada keçiriləcək.
İyulun 8-dən Rusiyanın Tatarıstan Respublikasında "Kazan Kremli" Muzey-Qoruğunda “Xalça sənəti - mənaların təkamülü” adlı sərgi açılacaq.
Respublikanın paytaxtında ilk dəfə olaraq Azərbaycan xalçaçılığına, onun ənənələrinə və müasir təcəssümünə həsr olunmuş genişmiqyaslı ekspozisiya təqdim olunacaq. Kazan tamaşaçısı xalçaları tarixi bir perspektivdə görmək, ornament və gizli mənalar dünyasına qərq olmaq üçün misilsiz bir fürsət əldə edəcək.
Azərbaycan xalçalarının ən dolğun kolleksiyasına malik, dünyanın ilk xalça muzeyi olan Azərbaycan Milli Xalça Muzeyi XIX əsrin sonu – XX əsrin əvvəllərində toxunmuş ecazkar klassik xalça nümunələrini nümayiş etdirəcək. Onların hər biri ornament, rəng tərtibatı və texniki xüsusiyyətlərinə görə müxtəlif regional ənənələri əks etdirən nümunələrdir.
2010-cu ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi İrsi üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan xalçaçılıq sənəti günümüzdə davamlı olaraq yeni yanaşmalarla zənginləşsə də, qədim ənənələrini itirmədən inkişaf edir. Müasir rəssamlar qədim sənətkarlığı yeni yollarla inkişaf etdirərək əsərlər yaradırlar. Bu sərgidə təqdim olunan ənənəvi Azərbaycan xalçalarını və CHINGIZ yaradıcı təxəllüsü ilə işləyən Çingiz Babayevin müəllif əsərlərini birləşdirən məhz bu amildir.
Müasir rəssam xalqının ənənələrinin və mədəniyyət normalarının daşıyıcısı olaraq, eskizləri və onların əsasında toxunmuş xalçalarda öz ornament dilini və xalçanın yeni dramaturgiyasını yaratmış olur. Azərbaycan xalçaçılıq ənənələrini təhrif etmədən, müasir sənət nümunələri yaradaraq interpretasiya edir. Beləliklə, klassik əsərlər yeni müəllif xalçaları ilə qarşı-qarşıya qoyulur, bununla da məsafələri və zamanı qət edərək onlarla dialoqa girir. Sərgidə təqdim olunan "Saf tarix" installyasiyası sənətkar yaradıcılığının açarı ola bilər. Ornamentsiz, birrəngli, təbii yun çalarlı, “tabula rasa”nın klassik nümünəsi olan xalça müxtəlif dövrlərin bir çox simvollarını əsrlər ötdükcə itirsə də əbədidir.
Sərgini müşayiət edən sənədli filmdə Çingiz Babayev tamaşaçılarla yaradıcılıq prosesinin sirlərini bölüşəcək, ənənəvi xalçanın fəlsəfəsindən və müasir yozumundan bəhs edəcək.
Sərginin açılışında layihənin kuratoru, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, eləcə də müasir xalçaların müəllifi Çingiz Babayevin iştirakı planlaşdırılır.
Bu günlərdə şair Faiq Hüseynbəylinin “Arzuların şəhidi” adlı yeni kitabı işıq üzü görüb.
Kitab Cəlilabad rayonunun Alar kəndində anadan olmuş Vətən müharibəsi şəhidi Əkbər Azər oğlu Hüseynli haqqındadır.
Ailənin yeganə oğul övladı olan Əkbər Hüseynli təhsilini yarımçıq qoyaraq hərbi xidmətə getmiş, Murov ətrafındakı döyüşlərdə iştirak etmiş və şəhid olmuşdur.
Oxuculara Faiq Hüseynbəylinin poeması ilə birlikdə şəhid Əkbər haqqında Vəfa Mürsəlqızı, Arzu Göytürk, Gülnarə İsrafil, Şakir Xanhüseynli, Əlirza Həsrət, İltimas Səmimi, Elşad Barat, Tamara Nadirova, İlham Cəsur, İqbal Nəhmət, Xalid Mahmud, Bilal Alarlı, Ənvər Məsud, Allahşükür Ağa, Bəhruz Xəlil və digər şairlərin yazdığı şeirlər, həmçinin müxtəlif müəlliflərin kimlik yazıları təqdim olunur.
Kitabın “Ön söz”ünün müəllifi və redaktoru filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlıdır.