Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Respublika Gənclər Kitabxanasında izləyicilər tərəfindən sevilən aksiyalar davam etdirilir

    Respublika Gənclər Kitabxanası sosial izolyasiya və müharibə şəraitində daim öz izləyicilərinin virtual baxımdan olsa da, yanında olmağa çalışmış, öz maraqlı, faydalı aksiyaları ilə izləyicilərinə xidmət göstərib. Kitabxana hərbi vətənpərvərlik, mədəniyyət, ədəbiyyat, iqtisadiyyat, tarix, beynəlxalq münasibətlər və s. sahələrə həsr olunmuş kifayət qədər uğurlu, öz ətrafında geniş izləyici kütləsi toplamağa müvəffəq olmuş aksiyalara imza atıb. Bu aksiyalar çərçivəsində kitabxananın sosial şəbəkə izləyiciləri yerli və dünya ədəbiyyatı, mədəniyyəti sahəsinin nümayəndələri, dünya kitabxanaları, teatr və muzeyləri, beynəlxalq təşkilatları haqqında çox faydalı məlumatlar alıb, virtual kitab sərgiləri, videoçarxlar vasitəsilə adını Azərbaycanın şərəfli döyüş tarixinə qızıl hərflərlə yazmış qəhrəmanları tanıyıb, canlı yayımlar vasitəsilə onlarla canlı ünsiyyətdə olublar. Respublika Gənclər Kitabxanası unudulmuş ədəbiyyat və mədəniyyət nümayəndələrini gündəmə gətirib, böyüməkdə olan gənc nəsli onlarla tanış edib. Respublika Gənclər Kitabxanası öz birbaşa vəzifəsini də unutmayaraq “Kitabxanaçı məsləhət edir” rubrikası çərçivəsində 100-dən çox kitaba tanıtım videoçarxları çəkib. Bu aksiyalar izləyicilər tərəfindən rəğbətlə qarşılanıb.

    Respublika Gənclər Kitabxanası bu gün də bir sıra aksiyalarını davam etdirir. Bunlara misal olaraq “Mütaliə edək. Dinləyək. Tanıyaq”, “Dünya ənənələri-ənənələr dünyası”, “Dünya muzeylərini tanı”, “Tariximizin qəhrəmanlıq imzası” və s. aksiyalarıdır. Kitabxana əməkdaşları mütəmadi olaraq oxucuların maraq dairəsinə uyğun olan klassik və müasir ədəbiyyat nümunələrinə “book trailer” lər çəkirlər. Kitabxananın fonduna daxil olan kitablar mütəmadi olaraq videoçəkiliş vasitəsilə oxuculara təqdim olunur.

    Kitabxananın sosial şəbəkə səhifələri dəyərli izləyicilərin özünüifadə meydanıdır. “İzləyicidən gələnlər” silsiləsi məhz gənc, istedadlı, kreativ oxuculara həsr edilib və burada izləyicidən gələn videolar yerləşdirilir.

    Kitabxana gələcəkdə də fəaliyyətini bu istiqamətdə davam etdirməyi planlaşdırır.

  • Azərbaycan Dövlət Film Fondu tərəfindən qiymətli arxiv materialları əldə olunub

    Şəxsi mənbələrdən daxil olan kinoxronika materiallarının araşdırılması zamanı rejissor Abbas Mirzə Şərifzadənin “Hacı Qara” filminə aid bir fraqment aşkar edilib. Xatırladaq ki, 1928-ci ildə çəkilmiş filmin kino lenti bu günə gəlib çatmamışdır. Buna görə də fondun əməkdaşları kino tədqiqatçısı Ədhəm Qulubəyovun 1960-cı ildə rus dilində çap olunmuş “Azərbaycanda kino sənəti” kitabını əsas götürərək araşdırmalar aparıblar. Belə ki, kitabın 16-cı səhifəsində filmin baş rolunun ifaçısı Mirzəağa Əliyevin Hacı Qara obrazında filmdən fotosu əks olunub.

    Bu barədə Azərbaycan Dövlət Film Fondundan bildirilib.

    Məlumata görə, foto və videokadrların müqayisəsi zamanı, həmçinin kino lentinin texniki xüsusiyyətləri fondun mütəxəssislərində tam əminlik yaradıb ki, aşkarlanan və kino lentindən köçürülərək rəqəmsallaşdırılan 38 saniyəlik epizod bu günədək bir neçə fotodan başqa heç bir görüntüsü mövcud olmayan “Hacı Qara” filminə aiddir.

    Fond filmdən həmin parçanı və kitabın həmin səhifəsini oxuculara təqdim edib.

    Qeyd edək ki, filmin quruluşçu rejissoru Abbas Mirzə Şərifzadə, ssenari müəllifi Cəfər Cabbarlı, operatoru İvan Tartakovskidir. Rollarda Mirzəağa Əliyev, Mustafa Mərdanov, Ağasadıq Gəraybəyli, Sidqi Ruhulla, Mərziyə Davudova, Hacıağa Abbasov, Əzizə Məmmədova və başqa aktyorlar çəkiliblər.

  • XI Beynəlxalq Şairlər Günü münasibətilə Xalq şairi Nigar Rəfibəyliyə həsr olunmuş onlayn tədbir təşkil edilib

    Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşəbbüsü, AYB-nin Gəncə bölməsinin təşkilatçılığı, Gəncə Regional Mədəniyyət Mərkəzinin dəstəyi, Gəncə Mərkəzi Kitabxana Sisteminin iştirakı ilə Gəncədə ənənəvi 11-ci Beynəlxalq Şairlər Gününün Xalq şairi Nigar Rəfibəyliyə həsr olunmuş onlayn tədbiri keçirilib.

    Tədbirdə AYB-nin sədri Xalq yazıçısı Anar, birliyin mətbuat xidmətinin rəhbəri Xəyal Rza, Gəncə Regional Mədəniyyət Mərkəzinin rəisi Vasif Cənnətov, şair və yazıçılar iştirak etmişlər.

    Çıxışlarda N.Rəfibəylinin mənalı ömür yolundan və bənzərsiz yaradıcılığından söz açılıb.

  • Qırğızstan –Türkiyə Manas Universitetində “Qarabağ Zəfəri” adlı sərginin açılışı olub

    İyunun 28-də Bişkek şəhərindəki ən iri təhsil müəssisələrindən olan Qırğızstan –Türkiyə Manas Universitetində “Qarabağ Zəfəri” adlı sərginin açılışı olub. Tədbirdə Azərbaycanın Qırğız respublikasındakı səfiri Hidayət Orucov, Qırğızstan parlamentinin deputatları, bu ölkədə akkreditə olunmuş səfirlər, diplomatik nümayəndəliklərin əməkdaşları, elm, mədəniyyət və incəsənət xadimləri, KİV nümayəndələri, universitetin professor-müəllim heyəti, tələbələr, diasporumuzun üzvləri iştirak ediblər.

    Azərbaycanın Qırğızıstandakı Səfirliyindən bildirilib ki, ilk olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan, Qırğızstan və Türkiyənin himnləri oxunub. Bakı Media Mərkəzinin çəkdiyi “Azərbaycan Ordusunun Zəfər Paradı” adlı qısametrajlı film nümayiş olunub.

    Tədbiri açan Qırğızstan –Türkiyə Manas Universitetinin rektoru professor Alpaslan Ceylan Azərbaycanın 30 illik Qarabağ işğalına son qoyan qəhrəman ordusunu təbrik edib, Qarabağın azadlığı uğrunda mübarizədə şəhid olanlara Allahdan rəhmət diləyib, qazilərimizin tezliklə sağalmasını arzulayıb. Rektor Azərbaycan-Türkiyə birliyinin dostluq və qardaşlığın bariz nümunəsi olduğunu vurğulayıb.

    Tədbirdə çıxış edən səfir Hidayət Orucov deyib: “30 mart 2019-cu ildə Ermənistan Müdafiə naziri David Tonoyan Nyu-Yorkdakı erməni icması ilə görüşündə "sülh üçün ərazi" yanaşmasının tətbiq olunmayacağını və yeni yanaşma “Yeni ərazilər üçün yeni bir müharibə" tətbiq olunacağının söyləməsi, 5 avqust 2019-cu ildə Ermənistanın Baş Naziri Nikol Paşinyanın Azərbaycanın qeyrət simvolu sayılan “Cıdır düzü”ndə sərxoş vəziyyətdə rəqs edərək "Qarabağ Ermənistandır və nöqtə" deməsi və ümumiyyətlə Ermənistan siyasi-hərbi rəhbərliyinin digər ağlasığmaz təxribatçı hərəkətləri işğalçı ölkənin hələdə törətdiyi cinayətləri dərk etmədiyini dünyaya göstərdi. Azərbaycan həmişə münaqişənin sülh yolu ilə həllinə sadiq qalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bunu BMT tribunası da daxil olmaqla bütün beynəlxalq platformalardan elan edirdi və bütün ölkələri açıq şəkildə müharibəyə hazırlaşan Ermənistana qarşı müvafiq tədbirlər görməyə çağırırdı. Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm uğurlarımızın ən başlıca səbəbi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi. Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Nəticədə həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini qüdrətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə gerçəkləşdirdi”.

    Səfir vurğulayıb ki, azad edilmiş ərazilərdən çıxarkən düşmən qoşunlarının hansı vəhşiliyi törətdiyini görmək qorxuncdur. Bütün tarixi abidələri və məscidləri dağıdılıb, qalanları isə mal-qaraya dam kimi istifadə edilib. Donuzlar dini ziyarətgahlarda saxlanılırdı. Bu, bütün müsəlmanların dini hisslərinə qarşı təhqir kimi qiymətləndirilə bilər: “Erməni qoşunlarının etdikləri XXI əsrin faşizmidir. Bölgəyə tez-tez gələn xarici diplomatlar və jurnalistlər başqa bir ölkədə belə barbarlıq görmədiklərini söyləyirlər. Əlbəttə ki, bütün ölkələrin bu müharibə hadisələrini obyektiv şəkildə qiymətləndirməlidirlər ki, bu dəhşətli hadisələr dünyanın heç bir nöqtəsində təkrarlanmasın”.

    Səfir xalqımızın Vətən müharibəsi zamanı qardaş Türkiyənin Azərbaycana verdiyi mənəvi dəstəkdən bəhs edərək söyləyib: “Xüsusilə xalqımızın Vətən müharibəsi müddətində qardaş Türkiyənin mənəvi, psixoloji, siyasi, diplomatik dəstəyi çox önəmli amillərdən idi. Həmçinin qardaş Türkiyə vətəndaşlarının xalqımıza verdiyi dəstək bizi daha da qürurlandırırdı”.

    Türkiyənin Qırğız Respublikasında səfiri Əhməd Sadık Doğan öz çıxışında Azərbaycan millətin haqlı olduğunu və döyüşdə haqlı qələbə qazandığını söyləyib. Səfir bütün Azərbaycan xalqını və türk dünyasını böyük tarixi hadisə münasibətilə səmimi-qəlbdən təbrik edib.

    Azərbaycanlıların “Azəri” İctimai Təşkilatının fəxri prezidenti, Qırğız Respublikasının Əməkdar həkimi Akif Alaferdov və “AzVirt Qırğızstan” şirkətinin direktoru Çingiz Baxişev çıxışlarında qələbə regiondakı bütün dövlətlərin və qonşu ölkələrin rifahına və sülh maraqlarına xidmət edəcəyinə əminlikləri bildiriblər. Qeyd ediblər ki, bu şanlı zəfər ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı Zati-aliləri cənab İlham Əliyevin müdrik, uzaqgörən siyasəti, böyük zəhməti, əzmkarlığı və qətiyyəti sayəsində əldə edilib.

    Sonra qonaqlar rəşadətli Ordumuzun zəfər yollarını əks etdirən sərgi ilə tanış olublar.

  • Ahmet Misbah Demircan: Azərbaycan-Türkiyə qardaşlığı hər bir sahədə özünü göstərdiyi kimi, kino sahəsində də göstərəcək

    Kino mədəniyyətin ən vacib sahələrindən biridir. Çünki kino öz-özlüyündə kitabı, musiqini həm də teatrı əlaqələndirir. Kino sahəsini inkişaf etdirmək nəinki insanı, mədəni irsi tapmaqda mühüm rol oynayır, eyni zamanda öz mədəniyyətimizi dünyaya çatdırmağa kömək edir.

    Bu sözləri Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan Azərbaycan Film Komissiyasının təqdimat mərasimində verdiyi müsahibəsində söyləyib.

    “İki il öncə Türkiyədə film sənayesində dəyişikliklər aparmağa başladıq. Əlbəttə məqsədimiz ölkəmizi tanıtmaq idi. Biz yerli firmalara dəstək verib, əcnəbi kinoşirkətləri də Türkiyəyə dəvət etməklə onların çəkdiyi filmlərdə Türkiyə görüntülərini dünya ictimaiyyətinə təqdim edərək öz mədəniyyətimizi nümayiş etdirməyə çalışmışdıq. Belə bir layihənin Azərbaycanda da qəbul edilməsinin doğru olduğunu görürəm. Düşünürəm ki, bu yolla Azərbaycanın mədəniyyəti, tarixi bir məcrada toplanacaq və dünya qarşısında təbliğ olunacaq. Hələ Qarabağı azad edən azərbaycanlıların dünyaya verəcəyi mesajları var. O mesajları kino vasitəsilə ötürməyi doğru olduğunu düşünürəm. Azərbaycan-Türkiyə qardaşlığı hər bir sahədə özünü göstərdiyi kimi, kino sahəsində də göstərəcək. Əlbəttə mədəniyyət və təhsil önəmli bir sahələrdir və bunları isə kino birləşdirir”, – deyə Ahmet Misbah Demircan vurğulayıb.

  • Azərbaycan Film Komissiyasının təqdimat mərasimi keçirilib

    İyunun 28-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Film Komissiyasının (Filming Azerbaijan) təqdimatı keçirilib.

    Təqdimat mərasimində dövlət və hökumət üzvləri, diplomatik korpus nümayəndələri, habelə ölkəmizdə səfərdə olan Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və “Lenfilm” kinostudiyasının əməkdaşları iştirak ediblər.

    Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirib ki, Film Komissiyasını yaratmaqda məqsəd Azərbaycanın kino sənayesinin dünya kinosuna inteqrasiyasını təmin etmək, ölkəmizi kino çəkilişi məkanına çevirməkdir.

    Nazir qeyd edib ki, Azərbaycanın gözəl təbiəti, zəngin tarixi mədəni abidələri, ənənələri və qonaqpərvərliyi var: “Malik olduğumuz nemətlərdən maksimum istifadə edərək, aparıcı xarici kinostudiyaların Azərbaycanda çəkiliş aparmaları üçün film komissiyası platforması yaratmaq niyyətindəyik. Bu da xarici kinostudiyaların Azərbaycana gələrək burada filmlər çəkməsinə imkan yaradacaq. Beləliklə, Azərbaycan tanınacaq, onun turizm potensialı təbliğ olunacaq, həmçinin ölkəmizə sərmayə gələcək və iqtisadi baxımdan çox əlverişli imkanlar yaranacaq.

    “Artıq “Netflix” platforması ilə əməkdaşlığımız başlayıb. İnanırıq ki, bu əməkdaşlıq Azərbaycanın kino potensialını dünyaya nümayiş etdirmək üçün yaxşı vasitə olacaq”, - deyə nazir söyləyib.

    “Lenfilm” kinostudiyasının baş direktoru Fyodor Şerbakov bildirib ki, Azərbaycanda Film Komissiyasının yaradılması nəinki Azərbaycan, eyni zamanda, Rusiya üçün də əlamətdar hadisədir.

    “Biz işlərin gedişatını diqqətlə izləyirik. Rusiyanın müxtəlif bölgələrində, həmçinin mərkəzi Sankt-Peterburqda, ən qədim binası olan “Lenfilm” kinostudiyasında Film Komissiyası aktiv olaraq fəaliyyət göstərir. Film Komissiyasının yaradılması nəinki milli kinonu inkişaf etdirmək, eyni zamanda, dünya kinosuna inteqrasiya etməsi üçün çox vacibdir. Buna görə də Azərbaycanda Film Komissiyasının yaradılması kino sənayesində böyük dəyişikliklərə səbəb olacaq. Dəyişikliklər, ilk növbədə, struktur sahəsinə təsir edəcək ki, bu da Azərbaycanı gözəl bir çəkiliş meydançasına çevirəcək və bütün kinematoqrafçıları rahat bir platformaya dəvət edəcək. Bu, çox vacibdir. Biz bunu artıq müzakirə etmişik və düşünürük ki, ölkənizdə olan kinostudiyalardan nəinki istifadə edəcəyik, eyni zamanda, öz həmkarlarımız arasında Azərbaycanın daşıdığı imkanların təbliği ilə məşğul olacağıq”, – deyə Fyodor Şerbakov vurğulayıb.

    Kino sahəsinin ən vacib sahələrdən biri olduğunu deyən Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan bildirib ki, kino öz-özlüyündə kitabı, musiqini həm də teatrı əlaqələndirir. Kino sahəsini inkişaf etdirmək nəinki insanı, mədəni irsi tapmaqda mühüm rol oynayır, eyni zamanda öz mədəniyyətimizi dünyaya çatdırmağa kömək edir.

    “İki il öncə Türkiyədə film sənayesində dəyişikliklər aparmağa başladıq. Əlbəttə məqsədimiz ölkəmizi tanıtmaq idi. Biz yerli firmalara dəstək verib, əcnəbi kinoşirkətləri də Türkiyəyə dəvət etməklə onların çəkdiyi filmlərdə Türkiyə görüntülərini dünya ictimaiyyətinə təqdim edərək öz mədəniyyətimizi nümayiş etdirməyə çalışmışdıq. Belə bir layihənin Azərbaycanda da qəbul edilməsinin doğru olduğunu görürəm. Düşünürəm ki, bu yolla Azərbaycanın mədəniyyəti, tarixi bir məcrada toplanacaq və dünya qarşısında təbliğ olunacaq. Hələ Qarabağı azad edən azərbaycanlıların dünyaya verəcəyi mesajları var. O mesajları kino vasitəsilə ötürməyi doğru olduğunu düşünürəm. Azərbaycan-Türkiyə qardaşlığı hər bir sahədə özünü göstərdiyi kimi, kino sahəsində də göstərəcək. Əlbəttə mədəniyyət və təhsil önəmli bir sahələrdir və bunları isə kino birləşdirir”, – deyə Ahmet Misbah Demircan vurğulayıb.

    Tədbirdə çıxış edən “Filming Azerbaijan”ın direktoru İlkin Məhəmmədli Qarabağda çəkilən videoçarx haqqında məlumat verib. Bildirib ki, quş uçuşundan lentə alınan videoçarx Qarabağın tarixi abidələrini tanıtmağa imkan verəcək. Qeyd edib ki, yaxın vaxtlarda filming.az saytı da istifadəyə verilib. Saytda müxtəlif lokasiyalar və xidmətlər var. Çəkiliş yerini axtaran şəxs bölmələrə daxil olub, istədiyi məkanı kəşf edə bilər.

    Qeyd edək ki, Azərbaycan Film Komissiyası 2021-ci ilin yanvarında Mədəniyyət Nazirliyi tərəfindən ölkədə film çəkilişlərinə dəstək və təşviq məqsədilə yaradılıb.

  • Fyodor Şerbakov: Azərbaycanda Film Komissiyasının yaradılması kino sənayesində böyük dəyişikliklərə səbəb olacaq

    Azərbaycanda Film Komissiyasının yaradılması nəinki ölkənizdə, eyni zamanda, Rusiya üçün də əlamətdar bir hadisədir.

    Bu sözləri “Lenfilm” kinostudiyasının baş direktoru Fyodor Şerbakov Azərbaycan Film Komissiyasının açılış mərasimində deyib.

    “Biz işlərin gedişatını diqqətlə izləyirik. Rusiyanın müxtəlif bölgələrində, həmçinin mərkəzi Sankt-Peterburqda, ən qədim binası olan “Lenfilm” kinostudiyasında Film Komissiyası aktiv olaraq fəaliyyət göstərir. Film Komissiyasının yaradılması nəinki milli kinonu inkişaf etdirmək, eyni zamanda, dünya kinosuna inteqrasiya etməsi üçün çox vacibdir. Buna görə də Azərbaycanda Film Komissiyasının yaradılması kino sənayesində böyük dəyişikliklərə səbəb olacaq. Dəyişikliklər, ilk növbədə, struktur sahəsinə təsir edəcək ki, bu da Azərbaycanı gözəl bir çəkiliş meydançasına çevirəcək və bütün kinematoqrafçıları rahat bir platformaya dəvət edəcək. Bu, çox vacibdir. Biz bunu artıq müzakirə etmişik və düşünürük ki, ölkənizdə olan kinostudiyalardan nəinki istifadə edəcəyik, eyni zamanda, öz kolleqalarımız arasında Azərbaycanın daşıdığı imkanların təbliği ilə məşğul olacağıq”, – deyə Fyodor Şerbakov vurğulayıb.

  • Anar Kərimov: Artıq “Netflix” platforması ilə əməkdaşlığımız başlayıb

    Azərbaycanda film çəkilişləri üçün hər cür şərait var. Yaxşı filmlərin çəkilərək dünyada nümayiş olunması Azərbaycanın turizm potensialına müsbət təsir göstərəcək.

    Bu sözləri mədəniyyət naziri Anar Kərimov deyib.

    Nazir bildirib: “Artıq “Netflix” platforması ilə əməkdaşlığımız başlayıb. İnanırıq ki, bu əməkdaşlıq Azərbaycanın kino potensialını dünyaya nümayiş etdirmək üçün yaxşı vasitə olacaq”.

  • Zığ qəsəbə Mədəniyyət evi “Zəfər marşı” adlı yeni musiqili layihə ərsəyə gətirib

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı və Suraxanı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Zığ qəsəbə Mədəniyyət evi “Zəfər marşı” adlı yeni musiqili layihə ərsəyə gətirib.

    İdarədən bildirilib ki, Azərbaycan Silahlı Qüvvələrinin şanlı qələbəsinə həsr olunan “Zəfər marşı” mayor Fariz Məmmədzadənin dirijorluğu ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi Orkestrinin

    və Əməkdar müəllim Təranə Yusifovanın rəhbərliyi ilə Azərbaycan Milli Konservatoriyası tələbə xorunun ifasında səsləndirilib.

    “Zəfər marşı”nın sözləri Gülnarə Allahverdiyevanın, musiqisi isə Məhəmməd Allahverdiyevindir. Layihənin prodüseri Zığ qəsəbə Mədəniyyət evinin direktoru Nurlan Həsənzadədir.

  • Mədəniyyət naziri: Film komissiyasını yaratmaqda məqsədimiz ölkəmizi kino çəkilişi məkanına çevirməkdir

    Türkiyə Mədəniyyət Nazirliyinin rəhbərlik etdiyi nümayəndə heyəti, Rusiya Avstriya, Serbiya və digər ölkələrin kino sahəsində çalışan mütəxəssislər hazırda Azərbaycanda səfərdədir. Onlar işğaldan azad olunmuş torpaqlara səfər ediblər və oradakı erməni vəhşiliklərinin şahidi olublar. Film komissiyasını yaratmaqda məqsədimiz Azərbaycanın kino sənayesinin dünya kinosuna inteqrasiyasını təmin etmək, ölkəmizi kino çəkilişi məkanına çevirməkdir.

    Bu sözləri mədəniyyət naziri Anar Kərimov açıqlamasında söyləyib.

    “Azərbaycanın gözəl təbiəti, zəngin tarixi mədəni abidələri, ənənələri və qonaqpərvərliyi var. Malik olduğumuz nemətlərdən maksimum istifadə edərək, aparıcı xarici kinostudiyaların Azərbaycanda çəkiliş aparmaları üçün film komissiyası platforması yaratmaq niyyətindəyik. Bu da xarici kinostudiyaların Azərbaycana gələrək burada filmlər çəkməsinə imkan yaradacaq. Beləliklə, Azərbaycan tanınacaq, onun turizm potensialı təbliğ olunacaq, həmçinin ölkəmizə sərmayə gələcək və iqtisadi baxımdan çox əlverişli imkanlar yaranacaq”, – deyə, Anar Kərimov əlavə edib.