Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşəbbüsü ilə Silahlı Qüvvələr Günü münasibətilə tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin “Əsgər marşı” əsəri yeni aranjimanda təqdim olunub.
İdarədən bildirilib ki, şanlı qələbəmizdən ruhlanaraq vətənpərvərlik mövzusunda lentə alınan “Əsgər marşı” mahnısı Əvəz Muradov tərəfindən aranjiman edilib və Azərbaycan Dövlət Akademik Xor Kapellasının ifasında səslənir.
“Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin rəhbərliyi ilə təsis edilən “Beynəlxalq İslam Sufizmi” adlı ingilisdilli elmi-araşdırmalar jurnalının bu il üçün yeni nömrəsi dərc edilib.
İslam təsəvvüfü elmi-tədqiqatlarının nəticələrini əks etdirən jurnal ildə iki dəfə ingilis dilində dərc ediləcək. Beynəlxalq standartlara tam cavab verən jurnalın redaksiya heyəti və ikili anonim rəyçi qrupu da bu sahədə tanınmış xarici mütəxəssislərdən formalaşıb. Jurnalın fəxri redaktoru Türkiyənin tanınmış təsəvvüf–araşdırmaçısı, yazıçı Cəmalnur Sarqut və baş redaktoru Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovdur.
“Beynəlxalq İslam Sufizmi” jurnalı İslam təsəvvüfü sahəsindəki elmi yeniliklərlə bağlı tədqiqatçılar, tələbələr və oxucuların müzakirə aparmaları üçün əlaqələndirici platforma rolunu oynayır. Bu jurnalın nəşr edilməsi İslam təsəvvüfü ilə bağlı yaranan aktual akademik məsələlərə cavab vermək və bu sahənin daha da inkişafına dəstək olmaq məqsədi daşıyır.
İctimai Birliyin sədri, “Beynəlxalq İslam Sufizmi” jurnalının təsisçi-redaktoru Xəyalə Məmmədova qeyd edib ki, jurnal İslam təsəvvüfü sahəsində tanınmış Azərbaycan və türk alimlərinin birgə əməyi sayəsində ərsəyə gəlir: “Əsas məqsədlərimizdən biri jurnalı dünyanın nüfuzlu jurnallar siyahısına daxil etməkdir. Ümumiyyətlə, elmi-jurnallarımızın tanınmış elmi-bazalara daxil edilməsi nəinki elmimizə böyük nüfuz gətirir, eyni zamanda, hər sahədə sürətlə inkişaf edən ölkəmizin dünyada yüksək imicini də təsdiq edir. İslam təsəvvüfü sahəsində baş verən elmi yenilikləri əks etdirərək, elmi məqalələri beynəlxalq auditoriyaya jurnalımız vasitəsilə çatdırmaqla, yerli və xarici alimlər arasında elmi ünsiyyətin genişləndirməsində böyük rol oynayacağıq”.
Qeyd edək ki, İctimai Birliyin yerli və beynəlxalq səviyyədə tanınmış “Elm və İnnovativ Texnologiyalar”, ingilisdilli “Beynəlxalq Humanitar və Sosial İnkişaf Araşdırmaları” adlı elmi jurnalları da dərc edir.
İyunun 24-də Azərbaycan Milli Xalça Muzeyində Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan silahsazlıq sənəti ənənələrini yaşadan, bu sənətkarlıq nümunələrinin hazırlanması, tədqiqatı və təbliğatı ilə məşğul olan məşhur silah ustası Emin Məmmədovun muzeyə bağışladığı iki xəncərin təqdimatı olub.
Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova əvvələr də muzeyin kolleksiyasında orta əsrlərə aid olan silah nümunələrinin saxlandığını söyləyib. Bildirib ki, Emin Məmmədovun hazırladığı xəncərlər isə muzeyin kolleksiyasında öz layiqli yerini tutacaq.
Eksponatların xüsusiyyətlərindən söz açan Şirin Məlikova deyib ki, Azərbaycanın ənənəvi bədii iş ustası E.Məmmədov muzeyə hədiyyə etdiyi xəncərlərdən biri Şamaxı silahsazlıq ənənələri əsasında hazırlanıb. Xəncərin qını böyük maraq doğurur. Onun yuxarısında ibadət edən zadəgan kişi, aşağı hissəsində isə milli geyimli bəy və gəlin, həmçinin zəngin nəbati naxışlar həkk olunub. Xəncərin tiyəsində kətəbələrin içərisində ərəb əlifbası ilə xəncər ustasının adı “Emin Məmmədov” və “Azərbaycan” sözləri həkk olunub.
Bildirib ki, ikinci xəncərin bədii quruluşu Qacarlar dövrünün silahları üçün xarakterikdir. Onun qını və dəstəsi gümüşlə inkrustasiya olunmuş zərif buta və digər nəbati naxışlarla bəzədilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitunun elmi işçisi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Telman İbrahimov deyib: “Vaxtilə silah daşımaq mütləq idi və kişilər bununla öyünürdülər. İndi silah gəzdirməsək də o şərəf rəmzi olaraq qalıb. Silaha belə münasibət olan yerdə silah ustalarının yetişməsinə də səbəb olub. Emin Məmmədov da belə ustalardan biridir. Azərbaycan hərb tarixinə nəzər yetirsək görərik ki, Azərbaycan 60 minlik ordu ilə üz-üzə gəlib. Əlbətdə ordumuzu silahla təmin etmək üçün çoxlu sayda silahsazlar tələb olunurdu. Silahsazlar vətənin qorunmasında önəmli yer tutur”.
Müdafiə Nazirliyinin əməkdaşı, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani bildirib ki, Azərbaycan hər zaman geostrateji maraqların mərkəzində olub. Bu torpağın yeraltı, yerüstü sərvətləri dünya səyyahlarını, yadelliləri şirnikləşdirib. Qoşunlar yeridilib, qılınclar oynayıb, amma bu torpağın oğulları dar gündə silahlanıblar, yəhərləniblər və öz güclərini göstəriblər: “Bu gün dünyanın istənilən hansı muzeyinə getsək Azərbaycanın digər sənət nümunələrilə yanaşı silahsazlıq məktəbinin nümanələrini də görə bilərik. Emin Məmmədovun hazırladığı bu xəncərlər də ümid edirəm Xalça Muzeyində qiymətli eksponatlar sırasında olacaq”.
Sonra Qafqaz tarixi mərkəzinin direktoru Rizvan Hüseynov çıxış edib. Bildirib ki, sovetlər birliyində hərb kitablarında azərbaycanlı deyil daha çox erməni silahsazların adları çəkilirdi. Qədim qılıncların üzərində ərəb əlifbası ilə yazılan sözlər olsada onların əsl müəllifləri gizlədilirdi. Emin Məmmədov xalqımıza şərəf gətirən bir silahsazdır.
Tədbirin bədii hissəsində Cahangir Qurbanovun ifasında “Qələbəyə gedən yollar” mahnısı səsləndirilib.
Qeyd edək ki, Emin Məmmədov Aleksandr Voloviklə birlikdə nəfis tərtibatı və məlumatların zənginliyi ilə maraq doğuran “The Azerbaijan Armourers Art” ( Azərbaycan silah sənəti) kitabının müəllifidir. E.Məmmədov, həmçinin UNESCO tərəfindən bu ilin aprel ayında Parisdə təşkil olunan “Culture for Peace” (Mədəniyyət sülh naminə) müsabiqəsində birinci yer tutub.
Özbəkistanın Kokand şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Turizm Nazirlərinin 6-cı iclası və turizm üzrə işçi qrupunun 15-ci iclası keçirilir.
Dövlət Turizm Agentliyindən bildirilib ki, tədbirdə çıxış edən agentliyin sədri Fuad Nağıyev türkdilli dövlətlərin ortaq tarix, dil, mədəniyyət və milli kimliyə malik olmasının onlar arasında iqtisadi münasibətlərin inkişaf etməsinə təkan olduğunu söyləyib.
Agentlik sədri qeyd edib ki, pandemiya səbəbindən ötən il dünya üçün, o cümlədən turizm sənayesi üçün ən çətin illərdən olsa da, Azərbaycan tarixinin ən şanlı illərindən biri olub.
Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 30 illik işğala son qoymasının Azərbaycan və region üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
O, Qarabağın turizm əhəmiyyətli məkanlarının böyük bir hissəsinin işğalçılar tərəfindən dağıdıldığı, artıq həmin ərazilərdə quruculuq işlərinə başlanıldığı və işğaldan azad edilmiş ərazilərin böyük turizm potensialına malik olduğu haqqında məlumat verib. O əlavə edib ki, tezliklə Qarabağ yeni regional turizm destinasiyası kimi dünyaya təqdim olunacaq.
Tədbirdə iştirak edən üzv dövlətlərin turizm nazirləri Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbriklərini ifadə edərək Qarabağı regional turizm destinasiyası kimi inkişaf etdirmək fəaliyyəti üzrə uğurlar arzulayıblar.
Fuad Nağıyev təşkilatın “İpək Yolu Turizm Paytaxtları Təşəbbüsü” və “Müqəddəs Ziyarət” layihələrinin üzv dövlətlərin turizm əhəmiyyətli mədəni irsinin tanıdılmasında, əməkdaşlığın genişləndirilməsində, eləcə də üzv ölkələr arasında turist mübadiləsinin artmasında mühüm rol oynayacağına əminliyini ifadə edib.
Eləcə də türkdilli dövlətlərin paytaxtları və digər şəhərləri arasında birbaşa uçuşların turizmlə yanaşı, iqtisadi və ticari əlaqələrin də inkişafına töhfə verəcəyini deyib.
Fuad Nağıyev 2015-ci ildə turizm nazirlərinin 2-ci görüşünün Azərbaycanda keçirildiyini xatırladaraq Azərbaycanın bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini qeyd edib. O, Türk Şurasının turizm nazirlərinin növbəti 7-ci görüşünün Azərbaycanda keçirilməsi qərarından məmnunluq duyduğunu bildirərək iştirakçıları ölkəmizə dəvət edib.
İclas çərçivəsində Fuad Nağıyevlə digər üzv ölkələrin rəsmi nümayəndələri arasında bir sıra ikitərəfli görüşlər keçirilib.
Qeyd edək ki, tədbirdə turizmin bərpası tədbirləri, postpandemiya dövründə əməkdaşlıq, birgə layihələr və fəaliyyət istiqamətləri kimi məsələlər üzrə müzakirələr aparılır.
2009-cu ildə əsası qoyulan təşkilatın turizm nazirlərinin bu ilki görüşündə Türk Şurasının Baş katibi Bağdad Amreyev, Özbəkistanın Baş nazirinin müavini, turizm və idman naziri Aziz Abduxakimov, Qırğızıstanın Baş nazirinin müavini, iqtisadiyyat və maliyyə naziri Akılbek Japarov, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Qazaxıstanın mədəniyyət və idman naziri xanım Aktotı Raimkulova, eləcə də təşkilatda müşahidəçi statusa malik Macarıstanın Özbəkistandakı səfiri Peter Szanto çıxış ediblər.
İncəsənət Akademiyası və “Eslem” film istehsalçısı, prodüser Yalçın Çoban bu günlərdə Bakıda çəkiləcək filmin hazırlıqlarına başlayıb.
Türkiyədən gələn İbrahim Bülbülün rəhbərliyi ilə çəkiləcək film üçün Azərbaycan komandaları ilə razılaşma əldə edilib. Sevgi mövzusunda çəkiləcək film “Nisan” adlanır.
“Kurtlar Vadisi” serialından yaxşı tanınan Ərhan Küçük və Canan Nazirovanın rol aldığı film artıq bütün diqqət və marağı özünə cəlb edib.
Filmin premyerasının ölkəmizdə keçirilməsi nəzərdə tutulur.
Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nizami Gəncəvi İli" çərçivəsində yay tətilində rəssamlıq istedadı olan uşaq və gənclərin diqqətini çəkən mənzərə, hadisə və əşyaların öz düşüncələri ilə təsvir müstəvisində əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədilə “Mənim düşüncəm-2021” adlı respublika uşaq rəsm müsabiqəsi davam edir.
Xətai Sənət Mərkəzindən bildirilib ki, yaşı 21-ə qədər olan rəssamlar bu ilin oktyabr ayının 10-dək Xətai Sənət Mərkəzinin feysbuk qrupuna (https://www.facebook.com/groups/144172178999749/?ref=share) təqdim etdiyi əsərin fotosunu, əsərin adını, müəllifin adı, soyadı, təvəllüdü, təhsil aldığı məktəbi və əlaqə nömrəsini yerləşdirməklə müsabiqəyə qatıla bilərlər.
Əsərlər tək-tək yerləşdirilməli, məlumatlar dolğun olmalı, 2-dən çox əsər göndərilməməlidir.
Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərlər seçiləcək.
Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək.
Seçim zamanı kənar (müəllim, valideyn) müdaxiləsiz işlərə üstünlük veriləcək.
Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilərlər.
Seçim 3 yaş kateqoriyası üzrə aparılacaq və hər yaş kateqoriyasına ayrıca sərgi keçiriləcək: 11 yaşa qədər, 11-16 və 16-21 yaş arası
Birinci turdan keçmiş müəlliflərin əsərləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaq.
Əgər müsabiqənin münsiflərinin seçimlərindən narazı qalanlar olarsa (müəllim, valideyn və şagird) onlar seçimlərin elan olunduğu vaxtdan 3 iş günü ərzində xsm.2016@mail.ru e-mail ünvanına müraciət edə bilər və təyin olunmuş bir vaxtda münsif üzvünün nəzarəti ilə rəsm çəkməklə özünü təsdiq edə bilər.
Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.
Müsabiqənin yekun sərgisi Xətai Sənət Mərkəzində təşkil olunacaq.
Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, şair Fərid Hüseynin Moldovada rumın dilində şeirlər kitabı çap olunub.
“Yaddaşın vəfa borcu” (“İnchinare memoriei”) adlı kitab “Quadrat” nəşriyyatında çap olunub və nəşrdə gənc şairin 100-ə qədər müxtəlif mövzulu şeirləri yer alıb. Kitabı rumın dilinə tanınmış şair, tərcüməçi Nikolay Spetaru tərcümə edib.