Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Kitabxana Silahlı Qüvvələr Günü ilə əlaqədar videoçarx hazırlayıb

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanası tərəfindən 26 İyun – Silahlı Qüvvələr Günü ilə əlaqədar videoçarx hazırlanıb.

    İdarədən bildirilib ki, videoçarx kitabxananın sosial şəbəkə izləyicilərinə təqdim edilib. Videoçarxda fotolarla yanaşı, Azərbaycan Silahlı Qüvvələri Günü ilə bağlı məlumat da nümayiş edilib.

  • Bu gün Xalq artisti Həsən Seyidbəylinin anım günüdür

    Azərbaycan incəsənətinin görkəmli nümayəndələrindən olan Xalq artisti Həsən Seyidbəylinin yaradıcılığı hər zaman sənətşünasların diqqət mərkəzində olub və zaman-zaman onun sənət dünyası tədqiqat obyektinə çevrilib.

    Bu gün görkəmli kino xadiminin vəfatından 41 il ötür.

    Milli Azərbaycan kinosunun inkişafında xüsusi yeri olan, öz adını uğurlu filmləri ilə Azərbaycan kino salnaməsinə qızıl hərflərlə yazdıran kinorejissor, ssenarist, Xalq artisti Həsən Seyidbəyli 22 dekabr 1920-ci ildə Bakı şəhərində anadan olub. Həsən Seyidbəyli 1938-1939-cu illərdə Leninqrad Kino Mühəndisləri İnstitutunda, 1943-1951-ci illərdə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsil alıb. “Azərbaycanfilm” kinostudiyasında kinorejissor, 1963-1980-cı illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində işləyib.

    Həsən Seyidbəylinin “İmtahan”, “Qızıl axtaranlar”, “Bağlı qapılar” adlı dram əsərləri Azərbaycanda və xaricdə səhnəyə qoyulub. “Telefonçu qız” povesti, “Cəbhədən-cəbhəyə”, “Tərsanə”, “Çiçək”, romanları, “Dəniz cəsurları sevir”, Sən nə üçün susursan” (Hər ikisi İ.Qasımovla birgə) pyeslərinin, “Uzaq sahillərdə” (İ.Qasımovla birgə) əsərinin müəllifidir. Filmləri ümumittifaq kino festivallarında mükafat və diplomlara layiq görülüb. “Bizim Cəbiş müəllim”, “Nəsimi”, “Qızmar günəş altında”, “O qızı tapın”, “Yolda əhvalat”, “Uzaq sahillərdə” (İ.Qasımovla birlikdə) və neçə-neçə gözəl filmlərin rejissoru və ssenari müəllifidir.

    Kinoşünaslar da söyləyiblər ki, Həsən Seyidbəyli öz filmlərində tanınmayan, amma istedadlı insanları çəkib. “Nəsimi” filmi buna sübutdur. Baş rolu yaratmaq üçün namizədlərin sayı çox olub. Lakin Həsən Seyidbəylinin inadı və həssas duyumu yalnız Rasim Balayevə yönəlib. Gənc bir tələbənin belə bir tarixi şəxsiyyətin, böyük şairin obrazını məharətlə yaratmasına inanan Həsən Seyidbəyli həqiqətən də yanılmayıb. Müdrik və uzaqgörən insan olub. İşinə də, sənətinə də məsuliyyətlə yanaşıb. Seçimində həssas olub. Onun üçün əsas meyar istedad və yenə də istedad olub.

    İctimai-siyasi xadim kimi diqqət mərkəzində olan bu şəxsiyyət tez-tez xarici ölkələrdə müxtəlif səfərlərdə olub. Hər səfərdən qayıdışı isə mətbuat səhifələrində oçerk, təəssürat, yol qeydləri kimi öz əksini tapıb. Müəllifin bu sahədəki xidmətləri təqdirəlayiqdir. “İlk tanışlıq”, “On beş gün Yaponiyada”, “Yuqoslaviya xatirələri”, “İyirmi gün Amerikada”, “Gördüyüm yerlər” adlı publisistik kitablarda məhz səfər təəssüratlarından bəhs edilib.

    Həm kinorejissor, həm də yazıçı kimi mükəmməl yaradıcılığa malik olan Həsən Seyidbəyli bir neçə çağırış Azərbaycan Ali Sovetinin və Bakı Sovetinin deputatı kimi də fəaliyyət göstərib. Filmləri ümumittifaq kino festivallarında diplomlara layiq görülüb. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində işləmiş Həsən Seyidbəylinin yaradıcı əməyi həmişə qiymətləndirilib.

    Ötən il görkəmli kinorejissor, ssenarist, kinodramaturq, Xalq artisti Həsən Seyidbəylinin anadan olmasının 100 illiyi münasibətlə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, ölkəmizdə görkəmli sənətkarın yubileyi ilə bağlı müxtəlif tədbirlər həyata keçirilib.

    Görkəmli sənətkar 25 iyun 1980-ci ildə Bakıda vəfat edib.

  • Milli Kitabxanada Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə bağlı sərgi açılıb

    Bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükəlidir. İctimaiyyətin diqqətini daim narkomaniya ilə bağlı problemlərə yönəltmək məqsədilə BMT tərəfindən 26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan olunub.

    Ölkə ərazisində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə sahəsində hüquqi məsələləri tənzimləyən qanunvericilik bazasının yaradılması və bu bazanın dəyişən şəraitə və tələblərə uyğunlaşdırılması Azərbaycan dövlətinin əsas fəaliyyət istiqamətlərindən biridir.

    Bu münasibətlə, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “26 İyun – Narkomaniya və Narkobizneslə Mübarizə Günü” adlı virtual sərgi hazırlanıb.

    Kitabxanadan bildirilib ki, virtual sərgidə mövzu ilə əlaqədar kitablar, məqalələr, fotolar nümayiş olunur.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Narkomaniya_ve_Narkobiznesle_Mubarize_Gunu/index.htm linkindən istifadə edə bilərlər.

  • MDB ölkələri üzrə gənc arxivçilərin IV Yay Məktəbi təşkil edilib

    Qazaxıstanın Prezident Arxivi, Rusiya Dövlət Humanitar Universiteti və Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin birgə təşkilatçılığı ilə MDB ölkələri üzrə gənc arxivçilərin IV Yay Məktəbi təşkil olunub.

    Milli Arxiv İdarəsindən bildirilib ki, tədbir arxivçilərin ixtisaslarının artırılması, yeni texnologiyalarla tanışlıq, müasir metodların arxiv işinə tətbiqi və arxiv işi sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsi məqsədilə reallaşıb.

    Onlayn formatda baş tutan IV Yay Məktəbi “Elektron sənədlərlə iş: nəzəriyyə və praktika” mövzusuna həsr edilib. Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, Cənubi Koreya, Finlandiya və digər ölkələrdən 250-dən çox arxivçinin qatıldığı tədbirdə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Sənədlərin nəşri və istifadəsi şöbəsinin müdiri, İnformasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov təmsil edib.

    IV Yay Məktəbində sözügedən mövzu üzrə qabaqcıl alimlərin və arxivçilərin çıxışları dinlənilib.

  • Teatr rəhbərləri ilə görüş keçirildi
    Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri Elnur Əliyev və nazirliyin İncəsənət şöbəsinin müdiri Fərəh Acalova iyunun 24-də M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında ölkədə fəaliyyət göstərən teatr müəssisələrinin rəhbərləri ilə görüş keçiriblər. Görüşdə ilk öncə Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərdən, Qələbəyə aparan yoldan bəhs olunub. Görüş mədəniyyət, xüsusilə teatr sahəsində mövcud problemlərin müzakirəsi ilə davam edib. Eyni zamanda, bu sahədə həyata keçirilən islahatlar ətrafında fikir mübadiləsi aparılıb.  Sonda müəssisə rəhbərlərinə qısa zamanda teatr sahəsində mövcud olan problemlərin həlli istiqamətində təkliflərin hazırlanması və nazirliyə təqdim edilməsi tapşırılıb. 
  • Xalq şairi Zəlimxan Yaqubun “Qarabağ şikəstəsi” kitabının təqdimatı keçirilib
    İyunun 24-də Xalq şairi Zəlimxan Yaqubun (1950-2016) “Qarabağ şikəstəsi” kitabının onlayn təqdimatı keçirilib. Tədbir Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə reallaşıb. Təqdimatın aparıcısı, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı Qarabağdakı tarixi Zəfərimizdən sonra Xalq şairi Zəlimxan Yaqubun Qarabağ mövzulu çoxsaylı şeir və poemalarının toplandığı “Qarabağ şikəstəsi” kitabının nəşrini şəhidlərin, ustadın özünün ruhuna dərin ehtiram kimi qiymətləndirib. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ustad şairin Azərbaycan poeziyasında, ümumən mədəniyyətimizdəki yeri və mövqeyi haqqında ətraflı söz açıb: “Zəlimxan Yaqub Türk dünyasının hər yerində tanınan və sevilən şair idi. Onun ürəyi Türk dünyası ilə döyünürdü. Çünki hələ orta məktəbdə oxuduğum illərdən şairin iştirak etdiyi ədəbi məclislərdə onu dinləmişəm. Jurnalist kimi fəaliyyət göstərdiyim illərdə isə onun yaradıcılığı ilə daha yaxından tanış olmuşam. Onunla bağlı bir kitaba sığmayacaq qədər çoxlu şirin xatirələrim var”. Millət vəkili deyib ki, Qarabağ ağrı-acısı Zəlimxan Yaqubun yaradıcılığında çox mühüm yer tuturdu: “O inanırdı ki, xalqımız bu məğlubiyyətlə heç vaxt barışmayacaq, torpaqlarımız işğaldan azad olunacaq. Bu mənada, həmişə nikbin idi və bu nikbinlik yaradıcılığında da öz əksini tapırdı. Artıq onun arzuları gerçəkləşib”. Qənirə Paşayeva Zəlimxan Yaqubun Türk dünyası, türk coğrafiyası mövzusundakı şeirlərini də ayrıca kitab halında hazırlanması təklifini səsləndirib. “Milli Məclisin Mədəniyyət komitəsi olaraq biz də bu işdə sizə dəstək olmağa hazırıq. Zəlimxan Yaqubun yaradıcılığına dövlətimiz də hər zaman böyük diqqət yetirib və inanıram ki, bundan sonra da belə olacaq”, - deyə millət vəkili əlavə edib. Mədəniyyət Nazirliyi Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli qeyd edib ki, Zəlimxan Yaqub öz dəst-xətti ilə seçilən şairdir. Onun yaradıcılığında vətənpərvərliklə yanaşı, türkçülüyü tərənnüm və təbliğ edən şeirlər xüsusi yer tutur Bu da özəlliklə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır: “Bu kitab Zəlimxan Yaqubun Qarabağ və Vətənin bütövlüyü uğrunda döyünən ürəyinin çırpıntılarıdır”. Beynəlxalq Türk Akademiyası prezidentinin müşaviri Füzuli Məcidli deyib ki, Zəlimxan Yaqubun yaradıcılığının məhsuldar dövrü Azərbaycanın müstəqillik və eyni zamanda torpaqlarımızın işğalı ilə bağlı çox çətin bir dövrə təsadüf edib. Milli Məclisin deputatı, akademik Nizami Cəfərov yaxın dostu olmuş Zəlimxan Yaqubun şəxsiyyəti, yaradıcılığı haqqında danışıb. Qeyd edib ki, Zəlimxan Yaqub poeziyamızda, xalqımızın tarixində sınaqdan keçmiş ideyaları XX əsrin sonlarında öz yaradıcılığında yaşadan, təbliğ edən şairdir. Zəlimxan Yaqub nə yazıbsa, Türk dünyası üçün, Azərbaycan üçün əhəmiyyətlidir. Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Zəlimxan Yaqubla bağlı xatirələrini dilə gətirib, onun Azərbaycan ədəbiyyatında rolunu qeyd edib. Kitabı nəşrə hazırlayan və redaktoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu layihənin həyata keçirilməsində ona dəstək olan Namiq Yaqubova və üz qabığının rəssamı Azər Ziyadxana minnətdarlığını bildirib. Sonra aşıqlardan Altay Məmmədli şairin “Qarabağ şikəstəsi” şeirini “Qarabağı”, Elməddin Məmmədli isə “Qələbə” şeirini “Misri” saz havası üstə ifa ediblər. Tədbirdə ustad şairin öz ifasında məşhur “İlk andımız, son andımız Turandı” şeiri səsləndirilib. Zəlimxan Yaqubun oğlu Bəhlul Yaqubov tədbirin təşkilində əməyi olan bütün qurumlara çıxışçılara ailəsi adından təşəkkür edib.
  • Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Mədəniyyət Nazirliyinin əməkdaşları təltif edilib
    Hər il iyunun 23-ü Azərbaycan Respublikasında Dövlət Qulluqçularının Peşə Bayramı kimi qeyd edilir. Bu münasibətlə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə bir qrup dövlət qulluqçusu Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 iyun tarixli Sərəncamı ilə təltif edilib. Qeyd edək ki, təltif edilənlər sırasında Mədəniyyət Nazirliyinin əməkdaşları da var. Belə ki, Mədəniyyət Nazirliyinin Regional siyasət şöbəsinin müdiri Məmmədov Vüqar Rasim oğlu, Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri Cəfərov Aslan Qulu oğlu dövlət başçısının imzaladığı müvafiq sərəncama əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunublar.
  • Ölkəmiz Bişkekdə “Rəqəmsal dövrdə kitab və mütaliə” beynəlxalq konfransında təmsil olunub
    İyunun 20-dən 23-dək Qırğızıstanın paytaxtı Bişkekdə “Rəqəmsal dövrdə kitab və mütaliə” mövzusunda 2-ci beynəlxalq konfrans keçirilib. Konfransda Rusiya, Belarus, Moldova, Ukrayna, Özbəkistan, Qazaxıstan və digər ölkələrdən nümayəndələr iştirak edib. Tədbirdə ölkəmizi Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin əməkdaşı İslam Hüseynov təmsil edib. Konfrans iştirakçıları ilk gün Alıkul Osmonov adına Bişkek Milli Kitabxanası ilə tanış olublar. Növbəti gün elmi-praktik konfrans öz işini Karakol şəhərində İssık-kul (İsti köl) gölünün sahilində davam etdirib. İslam Hüseynov iyunun 22-də “Pandemiya dövründə oxu” mövzulu məruzəsində qeyd edib ki, rəqəmsal kitabxanalar istifadəçilərə ənənəvi olaraq kitabların çap şəklində saxlanılması əvəzinə elektron obyektlərə və ya rəqəmsal formaya daha çox diqqət ayırmaqla istədikləri məlumatları əldə etməyə, şəbəkələrə qoşulmuş fərdi kompüterlər vasitəsilə paylaşılmış məlumatlarla səmərəli qarşılıqlı əlaqə qurmağa imkan verir. Burada məlumatlar rəqəmsal formada saxlanılır, rabitə şəbəkələrinə qoşulmaqla oxucu və tədqiqatçılara lazımlı materialları – qəzet, jurnal məqalələrini, kitabları, digər faylları, şəkilləri, səsyazmaları və videomaterialları tapmaq, çap etmək və şəxsi kompüterlərinə yükləmək üçün əlverişli şərait yaradılır. Nazirliyin nümayəndəsi çıxışının sonunda qısa zaman ərzində informasiya texnologiyalarından müntəzəm və effektiv istifadə edərək rəqəmsal dünyanın nizamları çərçivəsində sürətli inkişafa nail olan insan üçün artıq kompüter istifadəçisi deyil, “rəqəmsal vətəndaş” termininin daha çox aktual olacağını vurğulayıb.     Tədbirdə fəal iştirakına görə İslam Hüseynova Qırğızıstan mədəniyyət, informasiya və turizm naziri Oljobayev Kayrat İmanaliyeviç tərəfindən sertifikat təqdim edilib. 
  • Mədəniyyət Nazirliyinin "Mədəniyyət naminə sülh" qlobal kampaniyasının təqdimat mərasimi keçirildi
    İyunun 23-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin “Mədəniyyət naminə sülh“ (Peace4Culture) qlobal kampaniyasının təqdimat mərasimi keçirildi.  Tədbirdə mədəniyyət naziri Anar Kərimov, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos, ölkəmizdəki diplomatik korpusun nümayəndələri və tanınmış ictimaiyyət nümayəndələri iştirak edirdilər. Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə tədbir iştirakçılarını salamlayaraq təqdimatın proqramı haqqında məlumat verdi. Bildirdi ki, 3 hissədən ibarət tədbirdə layihə haqqında məlumat veriləcək, beynəlxalq təşkilatların rəhbərlərinin videomüraciəti təqdim olunacaq və sonda tədbir nazir Anar Kərimov və BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinosun iştirakı ilə panel müzakirələrlə davam edəcək. Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadənin moderatorluğu ilə keçən tədbirdə əvvəlcə “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının məqsədi, hədəfləri, fəaliyyət istiqamətləri barədə məlumat verildi. Aparat rəhbəri bildirdi ki, kampaniyanın əsas məqsədi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud vəziyyətin, dağıdılmış infrastrukturun və mədəniyyətə qarşı törədilmiş soyqırımının dünyaya çatdırılmasına nail olmaqdır. Həmçinin dünyanın müxtəlif münaqişə regionlarında mədəni irsin qorunmasının orada sülh yaradılması vasitəsilə mümkün ola biləcəyinin, mədəni həyatın canlanmasında sülhün mühüm rol oynadığının, habelə ölkəmizin işğaldan azad olunmuş ərazilərində sülhün bərqərar olması ilə mədəniyyətin və həyatın dirçəlməsinin başqa regionlara da nümunə ola biləcəyini dünyaya çatdırmaqdır. Sonra Böyük Britaniyanın Sülh, Etimad və Sosial Münasibətlər İnstitutu İdarə Heyətinin sədri, professor Mayk Hardi və İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin videomüraciətləri dinlənildi. Müzakirələrdən əvvəl çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirdi ki, “Mədəniyyət naminə sülh“ qlobal kampaniyası sülh vasitəsilə mədəni irsin qorunmasının, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulmasının və beynəlxalq sülh sistemlərinin gücləndirilməsinin, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı, mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsini nəzərdə tutur. Kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrindən və beynəlxalq təşkilatlarından diplomatların, ictimai-siyasi xadimlərin, görkəmli mədəniyyət və incəsənət adamlarının, media nümayəndələrinin, elm xadimlərinin işğaldan azad edilmiş ərazilərə dəvət edilməsi və sülh çağırışlarının bu ərazilərin fonunda səsləndirilməsi planlaşdırılır. Nazir qeyd etdi ki, dünyəvi və multikultural ölkə kimi Azərbaycanın mövqeyinin və sadiq olduğu dəyərlərin dünyaya düzgün çatdırılması olduqca vacibdir: “Bu kampaniya eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı Prosesi” təşəbbüsü və 2010-cu ildə BMT Baş Assambleyası çərçivəsində irəli sürülmüş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsünün qlobal miqyasda davamını və onun əsas ideyalarına sadiqliyimizi nümayiş etdirir. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatının Baş katibi 2017, 2018 və 2019-cu illərdə BMT Baş Assambleyasına təqdim etdiyi məruzələrində “Bakı Prosesi”ni xüsusi vurğulayaraq Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu mədəniyyətlərarası və dinlərarası dialoq sahəsində BMT-nin əsas qlobal platformalarından biri elan etmişdir. Bununla əlaqədar “Mədəniyyət naminə sülh” kampaniyası mədəniyyəti qorumaq naminə sülhü təşviq etməyin əhəmiyyətini bir daha bəyan edərək dünyanı malik olduğu mədəni müxtəlifliyə sahib çıxmağa və onun təhlükəsizliyini vaxtında təmin etməyə çağırır”. Anar Kərimov onu da əlavə etdi ki, “Mədəniyyət naminə sülh” kampaniyası beynəlxalq qurumların və xarici ölkələrin, yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarının, biznes qurumlarının qoşulması üçün açıqdır: “Bu qlobal layihə çərçivəsində mədəni irsin vəziyyətinə dair sərgilər, sülhə çağırış aksiyaları, elmi və ədəbi müsabiqələr, sosial media, foto və video, film, musiqi və digər audiovizual layihələrin həyata keçirilməsi nəzərdə tutulur”. BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinos tədbirin əhəmiyyətindən danışdı, dünyada sülhün, təhlükəsizliyin qorunmasında birgə çalışmağın zəruriliyini qeyd etdi: “Dünya pandemiya böhranı və onun iqtisadi nəticələri ilə üzləşdi. Biz gələcək üçün yeni yol tapmalı, birgə yaşamalıyıq. Azərbaycan bu yeni təşəbbüslə müraciət etdi və mən buna dərhal reaksiya verdim. Biz bu günün reallığına və problemlərinə cavab vermək üçün yeni mexanizm və alətlər tapmalıyıq. Biz daha yaxşı cəmiyyət qura, birgə sülh içində yaşaya bilərik”. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın inkişafının şahidi olduğunu söyləyən Migel Angel Moratinos dedi: “Bu gün mənim üçün həm də xüsusi gündür, Azərbaycan öz torpaqlarını azad etdikdən sonra Prezident İlham Əliyevlə görüşdüm. Mən ümid, ləyaqət, sevinc hisslərinin şahidi oldum. Azərbaycanın dövlət başçısı ilə konstruktiv müzakirəmiz, dialoqumuz oldu. O, ölkənin tarixində yeni səhifənin açıldığını dedi. İnanıram ki, Azərbaycan xalqı üçün yeni səhifə, gələcək qarşıdadır”. Sonra diplomatik korpus və KİV nümayəndələrini, habelə digər tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı. Təqdimatın sonunda Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə təqdimat iştirakçılarına təşəkkür etdi, gələcəkdə layihənin fəaliyyət planının təqdim ediləcəyini diqqətə çatdırdı.
  • BMT-nin Sivilizasiyalar Alyansının nümayəndə heyəti Bakıdakı erməni kilsəsində olub
    Xəbər verdiyimiz kimi, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Anxel Moratinos ölkəmizdə səfərdədir. Bakıda bir sıra görüşlər keçirən nümayəndə heyəti işğaldan azad olunmuş Ağdam və Füzuli rayonlarına səfər edərək, ermənilərin işğal dövründə törətdiyi vandalizmlə yerində tanış olub. Nümayəndə heyəti səfər çərçivəsində Bakıdakı Müqəddəs Qriqori erməni kilsəsinə də baş çəkib. Qonaqlara kilsə haqqında məlumat verilib. Bildirilib ki, tolerantlığın yüksək səviyyədə təmin olunduğu Azərbaycanda heç bir ayrı-seçkilik qoyulmadan bütün dini abidələr və ibadət yerləri dövlət tərəfindən qorunur. Qeyd olunub ki, kilsədə erməni dilində kitablar qorunub saxlanılır. Kitabların arasında bir neçə yüzillik tarixi olan nadir Bibliya nüsxələri də var. Burada saxlanılan kitabların tədqiqat üçün istifadəyə açıq olduğu da diqqətə çatdırılıb.  Vurğulanıb ki, Ermənistan öz ərazisində, eyni zamanda otuz ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında xalqımıza məxsus bütün tarixi, mədəni abidələri, o cümlədən 60-dan çox məscidi dağıdıb, talan edib, bir çox məscid binalarında heyvanlar saxlanılıb. İşğalçılar bununla təkcə Azərbaycan xalqına qarşı deyil, ümumilikdə İslam sivilizasiyasına, dini dəyərlərə barbar münasibətlərini nümayiş etdiriblər. Ermənistandan fərqli olaraq, Azərbaycan həmişə bütün dinlərə və mədəniyyətlərə tolerant münasibət göstərib. Bakının mərkəzindəki erməni kilsəsinə münasibət də buna nümunədir. Diqqətə çatdırılıb ki, kilsə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli Qərarı ilə təsdiq edilmiş dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxildir. Sonra qonaqlar işğaldan azad olunan ərazilərdə Ermənistanın otuz il ərzində məscid binalarına qarşı həyata keçirdiyi barbarlığı əks etdirən fotolardan ibarət sərgiyə baxıblar.