Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Günay Əfəndiyeva Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana fond tərəfindən Almaniyada nəşr etdirilən Türkiyənin görkəmli yazıçısı Ömər Seyfəddinin hekayələrindən ibarət ilk kitabını hədiyyə edib.
Fonddan bildirilib ki, kitab türk ədəbiyyatının tanınmış nümayəndələrindən biri olan Ömər Seyfəddinin 100-cü ildönümü münasibətilə yazıçının dəyərli sənət nümunələrini beynəlxalq aləmdə təbliğ etmək və zəngin bədii yaradıcılığını daha geniş auditoriyarla tanış etdirmək məqsədilə çap olunub. Kitab özündə alman və türk dillərində yazıçının ən məşhur 10 hekayəsini ehtiva edir. Nəşr Almaniyanın və Avropanın digər ölkələrinin dövlət kitabxanalarına, məktəblərinə də göndərilib.
Kitabın “Ön söz”ünün müəllifi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadır. Hekayələri alman dilindən türk dilinə tərcümə edən türkoloq K. Hermann Kiel, redaktor Almaniyada yaşayan yazıçı Orxan Arazdır.
Milli Məclisin deputatı, yazıçı-publisist İmamverdi İsmayılovun “Şuşanın günəşi” sərlövhəli bədii-publisistik məqaləsi Türkiyənin bir sıra kütləvi informasiya vasitələrində dərc edilib.
Məqalədə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı Qələbə, 44 günlük şanlı Vətən müharibəsində təxminən otuz illik zaman kəsiyində işğalda saxlanılan torpaqlarımızın, o cümlədən hər birimiz üçün müqəddəs məkan sayılan Şuşanın azadlığa qovuşmasının müəllifdə yaratdığı hiss və həyəcan tərənnüm edilir. Müəllif uzun illərin ayrılığından sonra Şuşaya etdiyi səfərin təfərrüatlarını qələmə almaqla mədəniyyətimizin beşiyi sayılan Şuşanın gözəlliyini və tarixi qalamızın Azərbaycan üçün hansı məna daşıdığını oxuculara çatdırır.
Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə “Xarıbülbül” (“Kharibulbul”) musiqi albomu ictimaiyyətə təqdim olunub.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasından bildirilib ki, layihənin rəhbəri Parisdə yaşayan həmyerlimiz, Beynəlxalq müsabiqələr laureatı, pianoçu-bəstəkar Etibar Əsədli, layihənin musiqi redaktoru akademiyanın şöbə müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətovdur.
Layihə Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsinin şanlı qələbəsinə həsr olunub. Layihənin adı ilə Vətən müharibəsinin simvoluna çevrilmiş Xarıbülbülün adının eynilik təşkil etməsi heç də təsadüfi deyildir. Belə ki, bu qələbədə Ali Baş Komandanın ətrafında sıx birləşən dünyanın dörd bir yanında yaşayan həmvətənlərimizin birliyi və bərabərliyi bu layihədə də öz əksini tapıb. Dünyanın müxtəlif ölkələrində (Fransa, ABŞ, Türkiyə, İtaliya və b.) yaşayan istedadlı həmvətənlərimizin ifasında hazırlanan bu musiqi albomu Prezidentimizə, Müzəffər Ordumuza və özünü azərbaycanlı sayan hər bir insana hədiyyədir.
Diskdə Azərbaycan musiqilərinin ən gözəl nümunələri, bəstəkar mahnıları yer alıb. Diskin içində Xarıbülbül və ifaçılar haqqında ingilis dilində məlumat yerləşdirilib.
Musiqi albomunun hazırlıq işləri Parisdə və Bakıda aparılıb. Albomda Etibar Əsədli, İlham Nəzərov, Müşfiq Quliyev, Sahib Əsədli, Elnur Hüseynov, Tutu Aydınoğlu, Şəhriyar İmanov, Samirə Əfəndi, Məhərrəm Hüseynov, İsmayıl Zeynalov, İmamyar Həsənov, Ələfsər Rəhimov, Ağarəhim Quliyev və başqalarının bir-birindən dəyərli ifaları yer alıb. İfaların seçilməsi ilə yanaşı, musiqi alətlərinin də seçiminə xüsusilə diqqətlə yanaşılıb. Belə ki, diskdə tar, kamança, balabanda olan ifaların, milli musiqimizin dünyada tanıdılması istaqəmətinə bir töhfə olacağını düşünən təşkilat komitəsi, repertuar seçiminə də xüsusi diqqət ayırıb.
Xalq şairi, türk dünyasının görkəmli ədibi Zəlimxan Yaqubun Qarabağ mövzulu şeirləri və 11 poeaması toplanmış “Qarabağ şikəstəsi” kitabının onlayn təqdimatı keçirilib.
Tədbir Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə reallaşıb. Konfransın təşkilinə Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Aşıqlar Birliyi, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB, Dünya Gənc Türk Yazarlar Birliyi, ADPU Quba filialı dəstək verib.
Təqdimatın aparıcısı, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı Qarabağdakı tarixi zəfərimizdən sonra Xalq şairi Zəlimxan Yaqubun Qarabağ mövzulu çoxsaylı şeir və poemalarının toplandığı “Qarabağ şikəstəsi” kitabının nəşrini şəhidlərin, ustadın özünün ruhuna dərin ehtiram kimi qiymətləndirib, özəlliklə gənc nəslin bu kitabı sevə-sevə oxuyacağına, yaxın keçmişimizdə yaşananların, həqiqətlərimizin parlaq poetik ifadəsi ilə tanış olacağına inamını, ürək sözlərini bölüşüb.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ustad şairin Azərbaycan poeziyasında, ümumən mədəniyyətinmizdəki yeri və mövqeyi haqqında ətraflı çıxış edib.
Komitə sədri Xalq şairi ilə yaxın dostluğundan, fikir mübadilələrindən söz açıb, xatirələrini bölüşüb: “Biz Zəlimxan Yaqubun Qarabağa, Azərbaycana, Türk dünyasına baxışını, böyük gələcəyə necə bir inam bəslədiyini yaxşı bilirik. Biz bu gün həm Azərbaycanın, həm də bütövlükdə Türk dünyasının böyük şairi Zəlimxan Yaqubun Vətən mövzusunda, Qarabağ mövzusunda yazdığı şeirlərindən ibarət kitabın təqdimatına toplaşmışıq. Bu cür kitabların təqdim olunması, təbliğ edilməsi çox vacibdir. Zəlimxan Yaqub Türk dünyasının hər yerində tanınan və sevilən şair idi. Onun ürəyi Türk dünyası ilə döyünürdü. Zəlimxan Yaqubla bağlı danışmaq mənim üçün həm asan, həm də çətindir. Çünki hələ orta məktəbdə oxuduğum illərdən Zəlimxan Yaqubun iştirak etdiyi ədəbi məclislərdə onu dinləmişəm. Jurnalist kimi fəaliyyət göstərdiyim illərdə isə onun yaradıcılığı ilə daha yaxından tanış olmuşam. Onunla bağlı bir kitaba sığmayacaq qədər çoxlu şirin xatirələrim var.
Qarabağ ağrı-acısı Zəlimxan Yaqubun yaradıcılığında çox mühüm yer tuturdu. Eyni zamanda o inanırdı ki, xalqımız bu məğlubiyyətlə heç vaxt barışmayacaq, torpaqlarımız işğaldan azad olunacaq. Bu mənada, həmişə nikbin idi və bu nikbinlik yaradıcılığında da öz əksini tapırdı. Artıq onun arzuları gerçəkləşib – ötən ilin payızında ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz zəfər qazandı.
Təqdim olunan kitabın adı da çox mənalı və diqqətçəkəndir – “Qarabağ şikəstəsi”. Kitabı ərsəyə gətirən Musa Nəbioğluna təşəkkür edir və bir şeyi də burda demək istəyirəm ki, Zəlimxan Yaqubun Türk dünyası, türk coğrafiyası mövzusundakı şeirlərini də ayrıca kitab halında hazırlasın. Milli Məclisin Mədəniyyət Komitəsi olaraq biz də bu işdə sizə dəstək olmağa hazırıq. Zəlimxan Yaqubun yaradıcılığına dövlətimiz də hər zaman böyük diqqət yetirib və inanıram ki, bundan sonra da belə olacaq”.
Mədəniyyət Nazirliyi Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli qeyd edib ki, “Zəlimxan Yaqub öz dəst-xətti ilə seçilən şairdir. Onun yaradıcılığında vətənpərvərliklə yanşı, türkçülüyü tərənnüm və təbliğ edən şeirlər xüsusi yer tutur, bu da, özəlliklə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. Bu gün təqdimatı keçirilən kitab, Zəlimxan Yaqubun Qarabağ və Vətənin bütövlüyü uğrunda döyünən ürəyinin çırpıntılarıdır”.
Ardınca Beynəlxalq Türk Akademiyası prezidentinin müşaviri Füzuli Məcidli çıxış edərək, Zəlimxan Yaqub yaradıcılığının Türk dünyası miqyasında diqqət gördüyünü, şairin yaradıcılığında qardaş ölkə və xalqlara geniş yer ayrıldığını məmnunluqla qeyd edib: “Zəlimxan Yaqubun yaradıcılığının məhsuldar dövrü Azərbaycanın müstəqillik və eyni zamanda torpaqlarımızın işğalı ilə bağlı çox çətin bir dövrə təsadüf edir. Şairin Qarabağ mövzusundan yazdığı əsərlərin bir kitabda toplanaraq təqdim olunması çox təqdiralayiq haldır və buna görə mən toplunun tərtibçisi Musa Nəbioğluna təşəkkür edirəm. Eyni zamanda bildirmək istəyirəm ki, Zəlimxan Yaqubun Türk dünyası, türkçülük mövzusunda yazdığı əsərlərin də ayrıca kitab halında nəşr olunması ilə bağlı hörmətli Qənirə xanım Paşayevanın təşəbbüsünü dəstəkləyir və demək istəyirəm ki, Beynəlxalq Türk Akademiyası olaraq biz də bu işdə hər cür dəstək göstərməyə hazırıq”.
Milli Məclisin deputatı, akademik Nizami Cəfərov yaxın dostu olmuş Zəlimxan Yaqubun şəxsiyyəti, yaradıcılığının dərinliyi və üfüqü haqqında danışıb: “Zəlimxan Yaqubun haqqında danışılanlar, yazılanlar şəxsən mənimçün çox doğmadır.
Zəlimxan Yaqub poeziyamızda, xalqımızın tarixində sınaqdan keçmiş ideyaları XX əsrin sonlarında öz yaradıcılığında yaşadan, təbliğ edən şairdir. Zəlimxan Yaqub nə yazıbsa türk dünyası üçün, Azərbaycan üçün əhəmiyyətlidir. Qarabağ müharibəsinin sərkərdəsi var, qəhrəmanları var və eyni zamanda onun tarixini yazanlar var. Zəlimxan Yaqub da bu tarixi yazanlardan və qələbəmizin mənəvi hazırlığını təmin edən böyük söz ustadlarından biridir. Bu kitabın hazırlanmasında hörmətli Musa Nəbioğlunun böyük xidməti var. Özü də bu onun birinci xidməti yox, onlarla xidmətindən biridir. Əlbəttə, biz Zəlimxan Yaqubun Qarabağ mövzusunda çox yazdığını bilirdik. Bu kitabda bir daha görürük ki, şair bu mövzuda 11 poema və 100-ə yaxın şeirin müəllifidir. Musa Nəbioğlu kitaba həm də çox məzmunlu bir ön söz də yazıb. Qələbəmizdən sonra belə bir kitabın nəşr olunması həm də onu göstərdi ki, əsgərlərimiz hansı mənəvi güclə döyüşə atıldılar və qələbəni təmin edən ruh hansı mənəvi gücdən qidalanır.
Zəlimxan Yaqubun yaradıcılığında Türk dünyası mövzusu mühüm yer tutur və şeirlərində Türk dünyasından Qarabağa baxış öz əksini tapır.
Zəlimxan Yaqub bu gündə xalqımızın mübarizəsində iştirak edir. Mən də Qənirə xanımın bu fikri ilə razıyam, demək olmaz ki, Zəlimxan Yaqub qələbəmizi görmədi. O, bütün ruhu ilə bu qələbəni hazırlayan adamlardan idi və xalqımızın bundan sonrakı bütün qələbələrində də ruhu ilə iştirak edəcək”.
Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Zəlimxan Yaqubla bağlı xatirələrini dilə gətirib, onun Azərbaycan ədəbiyyatında rolunu qeyd edib.
Kitabı nəşrə hazırlayan və redaktoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu öz çıxışında layihənin həyata keçirilməsində ona dəstək olan Namiq Yaqubova və üz qabığının rəssamı Azər Ziyadxana minnətdarlığını bildirib.
Çıxışlarda Zəlimxan Yaqub yaradıcılığını şəxsiyyəti, şəxsiyyətinin yaradıcılığı ilə bir bütövlük təşkil etdiyi vurğulanıb.
Aşıq Altay Məmmədli ustadın “Qarabağ şikəstəsi” şeirini “Qarabağı”, Aşıq Elməddin Məmmədli isə “Qələbə” şeirini “Misri” aşıq havası üstə ifa edib. Aşıqların ifası onlayn tədbirə xüsusi rəng qatıb.
Tədbirdə ustad şairin öz ifasında məşhur “İlk andımız, son andımız Turandı” şeiri səsləndirilib.
Zəlimxan Yaqub ailəsinin üzvü Bəhlul Yaqubov onlayn tədbirin təşkilində əməyi olan bütün qurum və quruluşlara, çıxışçılara ailə adından təşəkkür edib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar videoçarx təqdim edib.
İdarədən bildirilib ki, kitabxananın sosial hesablarında paylaşılan videoçarxda oxuculara ustad aşığın həyat və yaradıcılığı haqqında məlumat verdikdən sonra onun əsərləri səsləndirilib.
Qeyd edək ki, bu il Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur. Bu münasibətlə bu il fevralın 18-də Prezident İlham Əliyev “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi” haqqında Sərəncam imzalayıb.
Azərbaycan Respublikasının İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili Nəsir Məmmədov bu ölkənin parlamentinin mədəniyyət komitəsinin sədri xanım Samia Al-Galab ilə görüşüb.
Görüşdə iki ölkə arasında mövcud əlaqələr barədə məlumat verən N.Məmmədov mədəniyyət sahəsində əməkdaşlığın bu əlaqələrin daha da gücləndirilməsinə böyük töhfə verəcəyini bildirib.
Diplomat İkinci Qarabağ müharibəsi barədə ətraflı məlumat verərək işğaldan azad edilən ərazilərdə mədəni, tarixi və dini abidələrə dəymiş zərər, Ermənistan tərəfindən vandalizmə məruz qalmış abidələr, məscidlər və muzeylər barədə materiallar təqdim edib.
S.Al-Ghalab ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu qeyd edərək, 2019-cu ildə Bakı şəhərində keçirilən UNESCO-nun İrs Komitəsinin 43-cü sessiyasında İraq ərazisində yerləşən tarixi Babil şəhərinin Dünya İrs Siyahısına daxil edilməsində Azərbaycanın xüsusi rol oynadığını bildirib və buna görə öz təşəkkürünü ifadə edib.
Daha sonra S.Al-Ghalab Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən törədilmiş vəhşiliklər, mədəni və dini abidələrin dağıdılması məsələsinə toxunaraq, bu vandalizm aktının tək Azərbaycana qarşı deyil, bütün İslam dünyasına qarşı olduğunu vurğulayıb. Xanım sədr İraqın da belə təcrübələrdən keçdiyini, ölkəsinin tarixi abidə və şəhərlərinin İŞİD terror qruplaşması tərəfindən vandalizmə məruz qaldığını xatırladıb.
Komitə sədri iki ölkə arasında əlaqələrin son zamanlar sürətlə inkişaf edilməsindən məmnunluğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.
Yaxın vaxtlarda tamaşaçılara “Dəmir yumruq” adlı kompozisiya təqdim etməyi planlaşdırırıq. Biz bu layihəni Sirkin yaradıcı heyəti tam formalaşandan sonra həyata keçirməyə çalışacağıq.
Bu sözləri Bakı Dövlət Sirkinin direktoru Elmir Hüseynov deyib.
“Bu möhtəşəm layihəyə bir qədər aydınlıq gətirərək qeyd etmək istərdim ki, əlində şəmşir, məşəl tutan cəngavərlər (aktyorlar), vətənin keşiyində daim ayıq-sayıq duran və zirehli dəbilqələrində daha əzəmətli görünən döyüşçülərimiz düşmən üzərinə hücuma keçərək zəfər çaldıqları anları tamaşaçıların gözü qarşısında nümayiş etdirəcəklər. Mübarizlik coşqusu ilə çağlayan səhnələr, akrobatik rəqslər, rəngarəng şou proqramları ilə müşayiət olunacaq. Gələcəkdə bu ideyanı bir az da genişləndirib kompozisiyaya teatral quruluş verməyə çalışacağıq. Ümid edirik ki, bizim həyəcanla izlədiyimiz 44 günlük Vətən müharibəsi uşaqlarımızın bir cəngavər döyüşçü ruhunda böyüməsinə öz təsirini göstərəcək” – deyə, E.Hüseynov bildirib.
Bu günlərdə Bakı Dövlət Sirkinin 75 illik yubileyinə həsr olunmuş yubiley proqramının diskinin işıq üzü gördüyünü söyləyən Elmir Hüseynov bildirib ki, indi balaca qəhrəmanlarımız heç bir yerə getmədən televizor qarşısında bir-birindən maraqlı səhnələrə, çıxışlara böyük həvəslə tamaşa edə biləcəklər.
O deyib: “Bakı Dövlət Sirki də öz növbəsində Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibədə Azərbaycan Ordusunun qazandığı böyük Qələbədən ruhlanaraq yaradıcılıq layihələri ilə mədəniyyətimizə öz töhfəsini verməyə çalışır. Doğma Azərbaycanı göz bəbəyi kimi qorumaq babalarımızdan qalan əmanət kimi hər zaman müqəddəs amalımız olmuşdur. Ana Vətənimizin günü-gündən çiçəklənməsi naminə çalışmaq, mübariz olmaq da hər birimizin vətəndaşlıq borcudur”.
Qeyd edək ki, bu günlərdə Bakı Dövlət Sirkinin rəsmi veb-saytı da (circus.az) istifadəyə verilib.
BƏƏ-nin Sharjah Dövlət Media Bürosunun təşkilatçılığı ilə “Xposure Beynəlxalq Fotoqrafiya və Film Mükafatları 2021” müsabiqəsi elan olunub.
İştirakçılar müsabiqədə memarlıq fotoqrafiyası, dron fotoqrafiyası, mənzərə fotoqrafiyası, fotojurnalistika, portret, qısa film və hərəkətli görüntü, səyahət fotoqrafiyası və vəhşi təbiət fotoqrafiyası kateqoriyaları üzrə yarışacaqlar.
Əsas qalib 3 min ABŞ dolları və rəqəmsal kamera, kateqoriya qalibləri 1500 ABŞ dolları və rəqəmsal kamera qazanacaq. Kateqoriya üzrə ikinci yerlər üçün isə 750 ABŞ dolları məbləğində pul mükafatı təyin olunub.
Əlavə məlumat almaq və müsabiqəyə qatılmaq üçün https://awards.xposure.ae/register/ ünvanına daxil ola bilərsiniz.
İtaliyanın Triest şəhərində yerləşən “dotART” mədəniyyət assosiasiyasının təşkilatçılığı ilə “Triest Foto Gənci 2021 Fotoqrafiya Müsabiqəsi” elan olunub.
İştirakçılar özlərinə ən uyğun fotonu seçməkdə sərbəstdir. Küçə fotoqrafiyası, memarlıq fotoqraflığı və sosial reportajlara üstünlük verilir, eyni zamanda şəhər mühitinə orijinal və fərdi baxışlar ilə xarakterizə olunan keyfiyyətli fotolar da arzuolunandır.
Dörd yarımfinalçı finala qatılmaq üçün 3 gecə Triest şəhərində qonaq olacaq. Qalibə 500 Avro məbləğində Amazon kuponu veriləcək. Digər üç yarımfinalçı fəxri medallarla təltif ediləcək.
Əlavə məlumat almaq üçün https://young.triestephotodays.com/en/ ünvanına daxil ola bilərsiz.
“Mədəniyyət naminə sülh” (Peace4Culture) adlı qlobal kampaniya ilə bağlı UNESCO-ya müraciət ünvanlamışıq və müsbət cavab alacağımıza ümid edirik.
Bunu mədəniyyət naziri Anar Kərimov deyib.
“Layihənin tərəfdaş ölkələr tərəfindən dəstəklənməsi önəmlidir. Biz ümid edirik ki, qlobal layihə dəstək alacaq”, - deyə mədəniyyət naziri vurğulayıb.