Beynəlxalq Muğam Mərkəzi (BMM) ilə Bakıdakı Yunus Əmrə İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
BMM-dən bildirilib ki, mərasimdən öncə qurumun direktoru, Xalq artisti Murad Hüseynov təmsil etdiyi mədəniyyət ocağının fəaliyyəti və yaranma tarixi barədə qonağa məlumat verib. Bildirib ki, 2003-cü ildə UNESCO tərəfindən muğam sənəti “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsər”i elan edilib. Qeyri-maddi mədəni irslə bağlı Konvensiya qüvvəyə minəndən (2008) sonra tərtib edilən Reprezentativ siyahıya da ilk olaraq muğam sənətimiz salınıb. Qeyd olunub ki, Heydər Əliyev Fondu tərəfindən milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin təbliği sahəsində həyata keçirilmiş layihələr arasında muğam sənətinə xüsusi münasibət mövcuddur. Azərbaycan muğamının dünyada daha geniş təbliği məqsədilə Beynəlxalq Muğam Mərkəzinin yaradılması əhəmiyyətli addımdır.
Görüşdə Beynəlxalq Muğam Mərkəzi ilə Türkiyədə fəaliyyət göstərən mədəniyyət mərkəzləri, musiqi təhsili müəssisələri arasında əlaqələrin genişləndirilməsi və birgə fəaliyyət planının hazırlanması məsələləri müzakirə edilib.
Bakıdakı Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıç iki ölkə arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətlərinin mədəniyyət sahəsində əməkdaşlıqda da ön planda olduğunu və bundan sonra da bu əməkdaşlığa töhfə verə biləcək layihələrin icrasına institut tərəfindən dəstək göstəriləcəyini bildirib.
Vurğulanıb ki, 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli”, Türkiyədə isə Yunus Əmrənin vəfatının 700 illiyi münasibətilə “Bizim Yunus” və türkcənin “dünya dili” kimi təbliğ edilməsi ili elan olunub. Bu il həmçinin Türkiyə Cümhuriyyətinin “İstiqlal Marşı”nın 100-cü, böyük sufi mütəfəkkiri Hacı Bektaşi Vəlinin vəfatının 750-ci ildönümüdür. Bu əlamətdar tarixlər də Türkiyədə və Azərbaycanda geniş şəkildə qeyd ediləcək.
Daha sonra tərəflər arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi BMM-in direktoru, Xalq artisti Murad Hüseynov və Bakıdakı Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıç imzalayıb.
İmzalanma mərasimindən sonra BMM-nin solistləri Əməkdar artistlər Sahib Paşazadə və Toğrul Əsədullayevin müşayiəti ilə xanəndə Elgiz Əliyevin ifasında muğam və xalq mahnılarından ibarət konsert proqramı təqdim edilib.
Qeyd edək ki, bundan əvvəl Bakıdakı Yunus Əmrə İnstitutunun təklifi əsasında Beynəlxalq Muğam Mərkəzinin solistləri, Əməkdar artist İlkin Əhmədov və Almaxanım Əhmədlinin ifa etdiyi, sözləri və musiqisi Kazım Karabəkir paşaya aid olan “Türk yılmaz marşı” maraqla qarşılanıb. Həmçinin mart ayında Beynəlxalq Muğam Mərkəzinin solistləri tərəfindən mərkəzin səhnəsində səslənən “İstiqlal Marşı” hər iki dövlətin qardaşlığını bir daha nümayiş etdirib. Bu ifa Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıranın şəxsi tvitter hesabından paylaşılıb.
Azərbaycan xalq musiqisinin inkişafında və formalaşmasında Şuşa şəhərində yetişən xanəndə və musiqişünasların müstəsna xidmətləri var. Qarabağ xanəndələri burda muğam sənətini daha da inkişaf etdirmiş, onu zənginləşdirərək bu günə qədər gətirib çıxarmışlar. Şuşanın klassik xanəndələri məlahətli, gözəl səsləri və sənətkarlıqları ilə bütün Qafqazda, Orta Asiyada, Yaxın və Orta Şərq ölkələrində məşhur olan böyük və möhtəşəm muğam ifaçılığı məktəbi yaratmışlar. XIX əsrin ikinci yarısında xanəndəlik və vokal sənətinin inkişafında Şuşada müxtəlif sənətkarların yaratdıqları musiqi məktəblərinin mühüm əhəmiyyəti olub.
Qarabağ tarixi, eləcə də qədim diyarın etnoqrafiyası barədə 20-dən çox kitabın müəllifi Vasif Quliyev deyib: “Xarrat Qulunun musiqi məktəbi-XIX əsrin məşhur musiqişünası, klassik Şərq muğamlarının kamil bilicisi, şair Xarrat Qulu Məhəmməd oğlu Yusifinin Şuşada yaratdığı bu məktəb dinə xidmət məqsədilə açılmışdı. Məktəbə gözəl səsi olan gənclər cəlb olunur, iştirakçılara dini mərasimlərin, xüsusilə məhərrəmlik təziyəsinin keçirilməsi üçün şəbih rollarında oynamaq, o cümlədən, Şərq musiqisinin əsasları, muğamlar, el havalarını düzgün oxumaq qaydaları öyrədilirdi. Həmin yığıncaqlar get-gedə sırf musiqi məclislərinə çevrilmiş, instrumental musiqinin, xanəndəlik və vokal sənətinin inkişafında Hacı Hüsü, Məşədi İsi, Qaraçı Əsəd, Şahsənəm oğlu Yusif, Dəli İsmayıl, Şahnaz Abbas, Əbdülbaği Zülalov, Sadıqcan, Cabbar Qaryağdıoğli, Keçəçi oğlu Məhəmməd kimi bir sıra ustad sənətkarların yetişməsində əhəmiyyətli rol oynayıb.
Xarrat Qulunun vəfatından sonra 1883-cü ildə “Kor Xəlifə” ləqəbli bir musiqişünas onun yolunu davam etdirərək Şuşada yeni musiqi məktəbi açıb. “Kor Xəlifə”nin musiqi məktəbi 1883-1893-cü illərdə dini xarakterli musiqi məktəbi olub. Məktəb şəhərdə xəlifə vəzifəsində çalışan və dini işlərə nəzarət edən “Kor Xəlifə” ləqəbli Molla Əli Molla Kəlbəli oğlu tərəfindən açılıb. Burada dini elmlər geniş tədris olunsa da, Şərq şair və mütəfəkkirlərinin əsərləri, klassik muğamlar, onları oxumaq qaydaları, xanəndəlik sənətinin incəlikləri, musiqi nəzəriyyəsi və praktikası, muğam oxumaq, tar, kamança və digər musiqi alətlərində ifa etmək də öyrədilir, klassik musiqi əhali arasında geniş təbliğ olunur, şagirdlər kamil bir musiqişünas kimi formalaşır, ədəbiyyatçı kimi yetişirdilər. Məktəbdə tez-tez poeziya və muğam müsabiqələri təşkil edilir, daha çox istedadlı gənclər üzə çıxarılır, onları həvəsləndirmək üçün mükafatlar verilirdi. Şagirdlər xalq və şəbih tamaşalarında, müxtəlif dini mərasimlərdə, xüsusilə məhərrəmlik mərasimlərində daha fəal iştirak edir, həmin tədbirlərin daha təntənəli, təsirli və yüksək səviyyədə keçməsinə çalışırdılar.
Onillik fəaliyyəti dövründə “Kor Xəlifə”nin məktəbi nəinki Qarabağda, hətta qonşu vilayətlərdə və İranda da tanınıb. Bu təhsil müəssisəsi Qarabağ əhalisinin mədəni inkişafına böyük təsir göstərmiş, Şuşanın Zaqafqaziyanın musiqi mərkəzinə çevrilməsində, vokal və çalğı musiqisinin tərəqqisində bir çox ustad sənətkarların, musiqi xadimlərinin yetişməsində böyük rol oynamış, Azərbaycan musiqisinin inkişafına təsiredici təkan vermişdir.
1893-ci ildə “Kor Xəlifə” vəfat edəndən sonra məktəb sahibsiz qalmış, bir müddət sonra isə bağlanmışdır.
XIX əsrin axırlarında Şuşada açılan Molla İbrahimin musiqi məktəbi özündən əvvəl fəaliyyət göstərən məktəblər kimi dini xarakter daşıyır, təlim fars dilində keçilirdi. Məktəbə 10 yaşından 12 yaşınadək yalnız gözəl səsi, poeziyaya xüsusi həvəsi olan, həmçinin gələcəkdə məhərrəmlik taziyələrində kişi rolları ilə bərabər, qadın və qız rollarını da ifa etmək üçün yüksək səsə malik istedadlı uşaqlar qəbul edilirdi. Məktəbdə klassik muğam dəsgahları, onların nəzəriyyəsi, quruluşu, tərkibi, ifası, eyni zamanda, ərəb, fars, türk dilləri, dini mərasimlər, şəbihgərdanlıq, Hafiz, Nizami, Sədi, Xəyyam, Füzuli, Zakir, Seyid Əzim Şirvanı, Tofiq Fikrət kimi Şərq şairlərinin qəzəlləri öyrədilirdi. Ümumiyyətlə, götürdükdə bütün diqqət dini misteriyalara – şəbih üçün müğənnilər yetişdirilməsinə verilirdi. Burunda və boğazda oxumaq qadağan idi, çünki bu, xoşagəlməz hal hesab olunurdu.
Qarabağın bir çox musiqi xadimləri, muğam ustaları, o cümlədən, Mehralı oğlu Bahadır, Bülbül və başqa sənətkarlar ilk musiqi təhsillərini Molla İbrahimin məktəbində almışlar. Məktəb XX əsrin təxminən ikinci onulliyinin axırlarına qədər fəaliyyətini davam etdirib.
XIX əsin axırlarında məşhur musiqi xadimi Xarrat Qulu Yusifinin vəfatından sonra böyük muğam ustası Hacı Hüsünün yaxından iştirakı ilə musiqişünas-alim Mir Möhsüm Nəvvab Qarabağinin Şuşada təşkil etdiyi musiqi məclisi həm də “Xanəndələr məclisi” adlanırdı. Burada əsas məqsəd yeni xanəndələr nəsli yetişdirmək, xanəndəlik sənətini xalq arasında geniş yaymaq və klassik Azərbaycan muğamlarını daha da inkişaf etdirmək idi. Bəzən “xanəndələr ittifaqı” adlandırılan bu məclis uzun illər həm də musiqi məktəbi rolunu oynayıb. Məclisdə vaxtaşırı musiqi yarışları, muğam müsabiqələri keçirilir, gənc istedadlar üzə çıxarılırdı. Məşədi İsi, Keştazlı Haşım, Şahsənəm oğlu Dəli İsmayıl, Malıbəyli Cümşüd, Şahnaz Abbas, Cabbar Qaryağdıoğlu, Keçəçi oğlu Məhəmməd, Malıbəyli Həmid, Xanlıq Şükür, Məşədi Məmməd Fərzəliyev, İslam Abdullayev kimi sənətkarlar məclisin yetirmələri və eyni zamanda əsas üzvləri idilər.
“Xanəndələr məclisi” Azərbaycan musiqisinin və muğam sənətinin inkişafında, yeni xanəndələr və musiqiçilər nəslinin yetişməsində mühüm rol oynayıb”.
Bu gün Xalq artisti Ağadadaş Qurbanovun anım günüdür
Misilsiz aktyorluq istedadı ilə dərin məzmunlu, unudulmaz surətlər yaradaraq tamaşaçıların qəlbinə yol tapan Ağadadaş Qurbanov zəngin və mənalı yaradıcılıq yolu keçib. 53 illik ömrünün, demək olar ki, 40 ilini sənətə, teatra həsr edib.
Bu gün Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti Ağadadaş Qurbanovun vəfatından 56 il ötür.
Ağadadaş Qurbanov 1911-ci il martın 8-də Bakıda anadan olub. Hələ yeniyetmə ikən dram dərnəkləri təşkil edib, orada bir çox rollar oynayıb. 1925-ci ildə H.A.Abbasovun “Sabirin məhkəməsi” adlı tamaşasında Sabirin oğlu rolunu çox gözəl ifa edib. 1927-ci ildə Bakıda uşaqlardan ibarət dram dəstəsi təşkil olunur və Lətif Kərimlinin “Fırtına” adlı pyesi tamaşaya qoyulur. 16 yaşlı Ağadadaş tamaşanın quruluşçu rejissorluğunu üzərinə götürür. Onun tamaşadakı rolu isə hamını valeh edir.
1928-ci ildə A.Qurbanovun yaradıcılıq taleyi Bakıda yaradılan “Fəhlə Uşaqları Teatrı”na (sonralar Gənc Tamaşaçılar Teatrı adlandırılır) bağlanır və bu teatrın təməl daşını qoyan ilk sənətkarlardan biri olur. Sənətkar Gənc Tamaşaçılar Teatrının səhnəsində 50-dək rol oynayıb. O, C.Cabbarlının “Aydın” əsərində Aydın, F.Şillerin “Qaçaqlar” əsərində Karl Mor, N.V.Qoqolun “Müfəttiş” əsərində Xlestakov, M.F.Axundovun “Molla İbrahim Xəlil kimyagər” əsərində Molla İbrahim Xəlil kimyagər, N.B.Vəzirovun “Hacı Qəmbər” əsərində Hacı Qəmbər və s. yaddaqalan obrazlar yaradıb, oynadığı tamaşalar teatrın qızıl fonduna daxil edilib.
Gənc Tamaşaçılar Teatrında şöhrət qazanan A.Qurbanov 1952-ci ildə Dövlət Akademik Dram Teatrına dəvət alır. Bu teatrda da o, tamaşaçılar tərəfindən daim sevilən, alqışlanan sənətkarlardan biri olub. Teatrın səhnəsində L.Vaqanın “Sevilya ulduzu” əsərində Sanço, V.Şekspirin “Otello” əsərində Otello, H.Cavidin “Şeyx Sənan” əsərində Şeyx Sənan, “Səyavuş” əsərində Səyavuş, “İblis”də İblis, C.Cabbarlının “Almas” əsərində Mirzə Səməndər, “Od gəlini” əsərində Əbu Übeyd, “Dönüş” əsərində Ötgün, R.Əlizadənin “Qış nağılı” əsərində Kamillo, M.F.Axundovun “Hacı Qara” əsərində Hacı Qara, S.Rəhmanın “Toy” əsərində Dəmirçi Musa, S.Vurğunun “Vaqif” əsərində Vaqif və s. rəngarəng, mürəkkəb və müxtəlif parlaq rollar ifa edib.
Xalq artisti Ələsgər Ələkbərovdan sonra hər bir sənətkar Vaqif kimi dərin məzmunlu, poetik və mürəkkəb bir rolun ifasını boynuna götürməyə can atmazdı. Lakin A.Qurbanov bu çətin və məsuliyyətli rolun ifasından ustalıqla gəlməyi bacarıb. O, Vaqifin böyük şair, müdrik dövlət xadimi surətini dərin bir inam və səmimiyyətlə yaradıb.
Şeyx Sənan surəti də onun yaradıcılığının uca zirvəsi oldu. Hər çiçəyin öz ətri olduğu kimi, hər aktyorun da ifasında öz məlahəti olur. H.Cavidin “Şeyx Sənan” əsərindəki Şeyx Sənan rolunun ilk ifaçısı Rza Əfqanlı olub, ondan sonra bu rolu A.Qurbanov ifa etmişdi. O, Şeyx Sənanı od ürəkli bir aşiq və eşqi uğrunda hər şeyi fəda edən bir insan kimi yaradıb.
Aktyor 1943-cü ildə respublikanın “Əməkdar artisti”, 1954-cü ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb.
A.Qurbanov, eyni zamanda mahir kino aktyoru idi. “Koroğlu” filmində Həsən xan, “Bir qalanın sirri”ində Usta, “Bizim küçə” filmində Bəhram, “Qızmar günəş altında” filmində professor, “Telefonçu qız” filmində Zakirin atası və s. rollarda çəkilib. Aktyorun Azərbaycan kinosunun incilərindən olan “Arşın mal alan” filmində yaratdığı Soltan bəy obrazını xüsusi qeyd etmək gərəkdir.
O, müğənni Gülxar Həsənovanın həyat yoldaşı, aktyor Hamlet Qurbanovun və aktrisa Gülşən Qurbanovanın atasıdır.
Sənətkar 1965-ci il iyunun 22-də faciəli şəkildə həlak olub. Bakıda Fəxri xiyabanda dəfn edilib.
A.Qurbanovun şəxsi fondu S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində qorunur.
Dünya ədəbiyyatı tarixində elə böyük sənətkarlar vardır ki, onların qələmə aldığı əsərlər təkcə öz xalqının deyil, bir çox digər xalqların da mənəvi yüksəlişinə təsir göstərərək öz müəllifinin adını şərəflə yaşadıb. Dahi özbək şairi və mütəfəkkiri Əlişir Nəvai belə sənətkarlardandır. Nəvai yaradıcılığını dərinliyi və genişliyi baxımından okeana bənzətmək olar. O, təkcə böyük söz ustası deyil, həm də görkəmli filosofdur. Nəvai şeir mədəniyyətini elə yüksək səviyyəyə qaldırmışdır ki, nə XV əsrədək, nə də ondan sonra özbək şeiri bu zirvəni fəth edə bilməyib. Nəvainin şöhrəti türk xalqlarının qürurudur.
Beynəlxalq Türk Akademiyası böyük özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin (1441–1501) anadan olmasının 580-ci ildönümü münasibətilə 2021-ci ili “Əlişir Nəvai İli” elan edib.
Bu münasibətlə F.Köçərli adına Respublika Uşaq Kitabxanası “Şərqdə doğan günəş - Əlişir Nəvai” adlı vəsaiti istifadəçilərə təqdim edib.
Kitabxanadan bildirilib ki, vəsait mərkəzi kitabxanaların uşaq şöbələri, Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün nəzərdə tutulub.
Vəsait iki hissədən ibarətdir. Birinci hissə “Türkdilli xalqlar ədəbiyyatında ana dilində ilk “Xəmsə”nin müəllifi” adlanır. Bu hissədə şairin həyat və yaradıcılığından bəhs edilir. İkinci hissə “Söz sərrafı-Nəvai” adlanır və şairin yaradıcılığı ilə bağlı keçirilə biləcək tədbirlər əks olunur.
Aşağıdakı link vasitəsilə metodik vəsaitlə tanış ola bilərsiniz:
Bülbülün anadan olmasından 124 il ötür
Ecazkar səsi ilə hamını heyran qoyan, şaqraq zəngulələri ilə bülbülləri susduran və buna görə də xalq tərəfindən Bülbül adlandırılan sənətkarın əsl adı Murtuza Məşədi Rza oğlu Məmmədov olsa da, Azərbaycanda və onun hüdudlarından çox-çox uzaqlarda elə “Bülbül” kimi tanınıb.
Bu gün Azərbaycan vokal məktəbinin banisi, lirik-dramatik tenor səsə malik opera müğənnisi, görkəmli xanəndə, Azərbaycan və SSRİ Xalq artisti Bülbülün anadan olmasının 124 ili tamam olur.
O, Şuşada dünyaya göz açıb və bu şəhərin ab-havası, sözlü-nəğməli, muğamla nəfəs alan mühiti onun sənətkarlığı üçün bəhrəli zəmin olub. İlk təhsilini də burada mədrəsədə alıb, bir çox ustad xanəndələrin ilk musiqi biliyinə yiyələndiyi bir ocaqda – Molla İbrahimin məktəbində muğam sənətinin qanun-qaydalarını mənimsəyib. Xüsusilə görkəmli xanəndə Cabbar Qaryağdıoğlundan o, sənətin çox sirlərini öyrənib. Bülbül ilk səhnə fəaliyyətinə 1916-cı ildə Məşədi Cəmil Əmirovun Gəncədə səhnəyə qoyduğu “Seyfəlmülk” operası ilə başlayıb.
Bülbül 1920-ci ildən Azərbaycan Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası idi) solisti olub. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm”, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operalarında İbn Səlam, Kərəm, Qərib rollarını oynayıb. O, 1927-ci ildə Bakı Konservatoriyasını bitirib. Yüksək səs tembrinə, məlahətli ifa tərzinə malik müğənni təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə göndərilib. 1931-ci ildə Milan Konservatoriyasında Delliponti və R.Qraninin siniflərini bitirərək Vətənə dönüb və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb.
Klassik vokal sənətinə ustalıqla yiyələnmiş Bülbül milli köklərdən ayrılmayaraq, xalq musiqisi üçün səciyyəvi xüsusiyyətləri, ənənələri pozmayaraq, yeni üslub yaratmağa can atırdı. O, italyan və rus vokal məktəblərinin ən yaxşı cəhətlərini əxz edir və onları milli ifaçılıq üslubu ilə əlaqələndirirdi. Qərb və Şərq oxuma üsulları arasında qovuşma nöqtələri tapan müğənni xalq sənətkarlığı ilə professional vokal ifaçılığının vəhdətinə nail olurdu. Bununla da o, Azərbaycanda ilk olaraq, professional vokal ifaçılığının bünövrəsini qoyub. O, bunu həm nəzəri cəhətdən işləyib, həm də praktiki cəhətdən həyata keçirib. Belə ki, o, dəfələrlə bu məsələyə həsr olunmuş mühazirələrlə çıxış edib, konsertlərində isə həm ariya və romansları, həm də xalq mahnılarını və muğamları eyni şövqlə oxuyub. Azərbaycan musiqisində yeni səhifə açan Bülbülün yaradıcılığı vokal sənətinin inkişafında mühüm mərhələ olub.
Bülbül sənətinin gücü onun geniş diapazonlu, məlahətli səsində idi. Səlis bədii diksiyaya, böyük səhnə mədəniyyətinə malik olması onun ən ümdə xüsusiyyətlərindən idi. Daim axtarışda olan, yeni zirvələrə can atan Bülbülün repertuarı çox zəngin idi. O, xarici ölkə bəstəkarlarının opera ariyalarını və romansları, Azərbaycan bəstəkarlarının vokal əsərlərini, muğamları, xalq mahnı və təsniflərini özünəməxsus üslubda, aydın tələffüzlə ifa edirdi. Klassik əsərləri bir neçə dildə ifa edən Bülbül ən çox Azərbaycan dilinə böyük fikir verirdi və həmişə deyirdi ki, “öz dilində elə oxumaq lazımdır ki, bu dili başa düşməyənlər də ondan zövq ala bilsinlər”.
Bülbülün yaradıcılığını yüksək qiymətləndirən dahi bəstəkarımız Üzeyir Hacıbəyli qeyd edirdi ki, “Bülbül kimi musiqi təhsili alan, həm şərq üslubunda, həm də operalarda oxumağı bacaran ifaçılar musiqi sənətimiz üçün qiymətli kadrlardır”.
Təsadüfi deyildi ki, Bülbül Üzeyir Hacıbəylinin şah əsərində – “Koroğlu” operasında baş rolun ilk, həm də ən yaxşı ifaçısı olub. Koroğlu onun yaratdığı obrazların zirvəsidir. Bu operanı Üzeyir Hacıbəyli məhz Bülbül üçün yazıb. İndi də “Koroğlu”dan söhbət düşəndə gözümüz önündə Bülbül canlanır. Burada aşıq sənəti xüsusiyyətləri ilə professional vokal ifaçılığını qovuşduran Bülbül əfsanəvi xalq qəhrəmanının monumental obrazını yarada bilib. Bununla yanaşı, Bülbül həm də digər Azərbaycan bəstəkarlarının operalarında yaddaqalan obrazlar yaradıb.
Azərbaycan müğənnilərinin böyük bir nəslinin yetişməsində Bülbülün xidmətləri əvəzsizdir. O, görkəmli pedaqoq olub, öz təcrübəsini, sənətin sirlərini istedadlı gənclərə öyrədib. Bülbülün sinfini bitirmiş bir sıra vokalçılar hazırda teatr və kamera ifaçılığı sahəsində layiqli yer tutublar.
Bülbül vokal sənətinin əsaslarını və öz pedaqoji prinsiplərini elmi-nəzəri və metodik cəhətdən də işləyib.
Milli professional vokal məktəbinin yaradıcısı Bülbülün ənənələri bütün Şərq vokal sənətinə böyük təsir göstərib, müasir ifaçılarımız üçün gözəl örnəyə çevrilərək bu gün də yaşamaqdadır.
Bülbülün musiqi tariximizdəki xidmətlərindən danışarkən, onun folklorşünaslıq sahəsindəki fəaliyyətini də qeyd etmək lazımdır. O, xalqın hafizəsində qorunan musiqi folklorumuzu toplamaq, onu bir zərgər səliqəsi ilə cilalamaq və fövqəladə bir ifa ilə xalqa qaytarmaq istəyi ilə yaşayırdı. İndi əzbər bildiyimiz bir çox xalq mahnılarına Bülbül yeni həyat verib. Bülbülün rəhbərliyi ilə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində Elmi-Tədqiqat Musiqi Kabinetinin təşkili və burada Azərbaycan xalq musiqi incilərinin bəstəkarlarımız tərəfindən məşhur xalq sənətkarlarının ifasından nota köçürülməsi musiqi tariximizdə mühüm hadisə kimi qiymətləndirilməlidir. Bu kabinet 1932-ci ildən 1943-cü ilədək fəaliyyət göstərib, xalq musiqi nümunələrinin toplanması, sistemləşdirilməsi, nota köçürülüb çap olunması ilə məşğul olub.
Bülbül o dövrdə konservatoriyada təhsil alan tələbələri, sonradan musiqimizi dünyaya tanıtmış bəstəkarları – Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmirov, Səid Rüstəmov, Tofiq Quliyev və bir çox başqalarını musiqi kabinetində fəaliyyətə cəlb edib ki, bu da xalq yaradıcılığına dərindən nüfuz edən bəstəkar və musiqişünasların yetişməsində, eləcə də Azərbaycan musiqi irsinin öyrənilməsində və yayılmasında böyük rol oynayıb.
Bülbül 1938-ci ildə SSRİ Xalq artisti adını alıb, 1940-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının professoru seçilib, 1950-ci ildən SSRİ Dövlət mükafatı laureatı adına layiq görülüb. Eyni zamanda, I və V çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub, 2 dəfə Lenin, 2 dəfə “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri, İtaliyanın “Haribaldi” ordeni və medallarla təltif olunub.
Bülbül 1961-ci il sentyabrın 26-da Bakıda vəfat edib və birinci Fəxri xiyabanda dəfn olunub.
Hazırda Bakı şəhərində mərkəzi küçələrdən biri Bülbülün adını daşıyır. Onun adına Bakı Musiqi Akademiyası nəzdində musiqi məktəbi fəaliyyət göstərir.
Bülbülün vətəni olan Şuşada xanəndənin bürünc büstü qoyulub. 1992-ci ilin may ayında Şuşanın ermənilər tərəfindən işğalından sonra bu büst (şairə Natəvanın və bəstəkar Üzeyir Hacıbəylinin büstləri ilə birlikdə) düşmən tərəfindən Gürcüstana metal kimi satılıb, sonradan Azərbaycan hökuməti tərəfindən geri alınaraq Bakıya gətirilib. 30 ilə yaxın düşmən əsarətində qalan doğma Şuşamız düşmən tapdağından azad olduqdan sonra hər üç görkəmli sənətkarın büstü yenidən Şuşaya aparılaraq orada ucaldılıb.
1976-cı ildə Şuşada, 1982-ci ildə Bakıda Bülbülün memorial muzeyi açılıb. Memorial xatirə lövhəsi hazırlanan sənətkarın yaxın vaxtlarda Şuşadakı ev muzeyinin açılışı gözlənilir. Həmin xatirə lövhəsinin ev muzeyinə vurulması nəzərdə tutulur.
Ölkəmiz ikinci dəfə müstəqillik əldə etdikdən sonra bu böyük sənətkarın yaradıcılığına diqqət daha da artırılıb. Belə ki, zəngin yaradıcılıq yolu keçmiş və çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində silinməz izlər qoymuş böyük sənətkar Bülbülün xatirəsi əziz tutulub, yubileyləri dövlət səviyyəsində qeyd edilib. Ulu öndər Heydər Əliyev tərəfindən 1997-ci il avqustun 20-də “Bülbülün 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalanıb. Bülbülün 100 illik yubileyi həm xalqımız, həm də Bülbül sənətinə pərəstiş edən bir çox xalqlar tərəfindən geniş qeyd olunub. Həmin ildən başlayaraq, mütəmadi olaraq, vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi keçirilir, bu müsabiqəyə dünyanın bir çox ölkəsindən gəlmiş vokalçılar qatılırlar.
Prezident İlham Əliyevin “Bülbülün 110 illik yubileyinin keçirilməsi haqqında” 16 aprel 2007-ci il tarixli Sərəncamına əsasən müğənninin yubileyi dövlət səviyyəsində qeyd edilib. 2012-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Bakıda, Bülbül prospektində Bülbülün xatirəsinə ucaldılmış abidənin açılışı olub.
Bülbülün anadan olmasının 120 illiyi münasibətlə ölkə başçısı 2017-ci il mayın 11-də “Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən hazırlanan tədbirlər planına uyğun olaraq milli musiqi mədəniyyətinin inkişafı, tədqiqi və təbliği işinə misilsiz töhfələr vermiş Xalq artisti Bülbülün yubileyi il ərzində müxtəlif tədbirlərlə geniş qeyd edilib.
Azərbaycan mədəniyyətində özünəməxsus yeri olan Bülbül özündən sonra zəngin bir irs qoyub gedib və mənsub olduğu xalqın qəlbində əbədiyaşarlıq qazanıb.
Türkiyədən Azərbaycana ezam olunduq. Müharibənin qaynar nöqtələrində çəkilişlər etdik. Çox dəhşətli hadisələrin şahidi olduq. Ermənistan silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır artilleriyadan atəşə tutması nəticəsində Bərdədə, Gəncədə, Tərtərdə günahsız, sivil insanlar həyatını itirdi. Bizim məqsədimiz erməni terrorunu bütün dünyaya göstərmək idi.
Bu sözləri İkinci Qarabağ müharibəsində çəkilişlər aparan "CNN-Türk" kanalının operatoru Halil Kahraman deyib.
Azərbaycan xalqının 30 illik ağrı-acısını Ağdam, Şuşa, Füzuli və Cəbrayılı gördükdən sonra tam anladığını söyləyən H.Kahraman deyib: “Azərbaycanın 30 illik həsrətinin sonuna - Zəfər gününə sizlərlə birlikdə şahid olmağımıza çox xoşbəxtəm. Sizlərin yurdunuza olan həsrətinizi o torpaqlara ayaq basdığım andan bir daha hiss etdim. İnşallah, tezliklə qaçqınlarınız evlərinə qayıdarlar. Allah türk millətinə bir də belə acılar yaşatmasın”.
Qeyd edək ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Türkiyənin “Dada Yapım” şirkətinin birgə istehsalı olan “Fulya” filminin çəkilişlərinə başlanıb. Bu ekran əsərində "CNN-Türk" kanalının operatoru Halil Kahramanın müharibə dövründə çəkdiyi kadrlardan da geniş istifadə olunacaq.
Azərbaycan poeziyasının orijinal ədəbi siması olan Xəlil Rza Ulutürk ədəbiyyatımızın görkəmli nümayəndəsi, filosof və mütəfəkkir şair, milli-demokratik hərəkatımızın yorulmaz mücahididir. O, Azərbaycan ədəbiyyatında türkçülük, azərbaycançılıq və istiqlalçılıq ideologiyasının ən yaxşı davamçılarından biridir. Xəlil Rza Ulutürk çoxlarından fərqli olaraq, poeziyada şəxsiyyətini, şəxsiyyətində isə poeziyasındakı amallarını gerçəkləşdirmiş şairlərdəndir.
Bu gün Xalq şairi Xəlil Rza Ulutürkün vəfatından 27 il ötür.
Xəlil Rzanın ilk mətbu şeiri 1948-ci ildə “Azərbaycan pioneri” qəzetində dərc olunub. 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olması, Bakı ədəbi mühiti onun yaradıcılıq imkanlarına geniş yol açıb. Universitetdə ədəbiyyatşünas alim Cəfər Xəndanın, sonralar şair Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəkdə, istərsə də Azərbaycan Yazıçılar Birliyində Xalq yazıçısı Mirzə İbrahimovun başçılığı ilə keçirilən “Gənclər günü” məşğələlərində fəal iştirak Xəlil Rzanın şair kimi yetişməsinə ciddi təsir göstərib.
1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə “Azərbaycan qadını” jurnalında ədəbi işçi kimi başlayıb, mətbuatda çap etdirdiyi məqalə və şeirlərlə ədəbi ictimaiyyətin diqqətini cəlb edib.
1954-cü ildə Xəlil Rza SSRİ Yazıçılar İttifaqının üzvü seçilir. 1957-ci ildə onun ilk şeirlər toplusu “Bahar gəlir” kitabı nəşr olunur. 1957-ci ilin avqust ayında Azərbaycan Yazıçılar İttifaqı Xəlil Rzanı Moskvaya, M.Qorki adına Dünya Ədəbiyyat İnstitutu nəzdində olan iki illik Ali ədəbiyyat kurslarına göndərir.
Xəlil Rza İnstitutda rus ədəbiyyatının görkəmli nümayəndəsi Pavel Antokolskinin rəhbərlik etdiyi bölmədə poeziyanın nəzəri əsaslarını öyrənməklə yanaşı, dünya xalqlarının mədəni irsi ilə də yaxından tanış olub.
1959-cu ildə Xəlil Rza Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirib. 1984-cü ildə şairin “Ömürdən uzun küçələr” kitabı və SSRİ xalqlarının dillərindən tərcümə edilmiş poetik əsərlərdən ibarət “Qardaşlıq çələngi” adlı toplusu cəmiyyət tərəfindən Azərbaycan SSR Dövlət mükafatına təqdim olunsa da, bu fikir hakim dairələrin etirazına səbəb olub. İstedadlı şair Xəlil Rza 1985-ci ildə “Maqsud Şeyxzadənin bədii yaradıcılığı və Azərbaycan özbək ədəbi-əlaqələrinin aktual problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edir. 1986-cı ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə ona “Əməkdar incəsənət xadimi” adı verilir.
Ötən əsrin 80-ci illərinin axırlarında xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil Rzanın gur səsi Azərbaycanın hər yerindən eşidilir. Xəlil Rza 1990-cı il yanvarın 26-da SSRİ Dövlət təhlükəsizliyi əməkdaşları tərəfindən həbs edilərək Moskvaya – Lefortovo həbsxanasına göndərilib. Aramsız sorğu-sual, ağır ittiham şairin iradəsini qıra bilmir, o, zindanda da azadlıq uğrunda mübarizəsini davam etdirir. 8 ay 13 gün öz mühitindən təcrid olunmuş şair, odlu-alovlu qəlbinin işığında “Lefortovo gündəliyi”ni, 200-dən çox şeir, poema və məktubunu qələmə alır.
“1991-ci ilin mayın 6-da şair “Türk milləti mükafatı laureatı” fəxri adına layiq görülüb. Bir ildən sonra ona “Xalq şairi” fəxri adı verilib. İstiqlaliyyəti uğrunda mübarizə aparan Azərbaycanı körpə ikən beşiyində boğmağa uzanan əlləri kəsmək üçün onu müdafiəyə qalxan və bu müqəddəs amal uğrunda ölümün şəhidlik zirvəsini fəth edən igidlərdən biri də məhz Milli istiqlal şairi Xəlil Rza Ulutürkün oğlu Azərbaycanın Milli Qəhrəman Təbriz Xəlilbəylidir. Qəhrəmanlıq bir neçə anın, saniyənin işi deyil, qəhrəmanlıq fərdin, şəxsiyyətin iliyində, qanında, sümüyündədir.
Vətənini, millətini canından artıq sevən, “Biz Türküstan elləriyiz, qeyrət, qüdrət selləriyik” deyən Xəlil Rza Ulutürk 1994-cü il iyunun 22-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə Xalq şairi Xəlil Rza Ulutürk (ölümündən sonra) “İstiqlal” ordeni ilə təltif edilib.
Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə bölgələrdə yaşayıb-yaradan rəssamlar ilə əməkdaşlığın genişləndirilməsi məqsədilə növbəti onlayn görüş təşkil olunacaq.
Ağdaş rəssamlarının qatılacağı görüş Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımovun iştirakı ilə reallaşacaq. Görüş bölgələrdə yaşayıb-yaradan rəssamların əlaqələr şəbəkəsini inkişaf etdirmək, onların tanınması və yaradıcılıq mübadiləsi üçün əlavə zəmin yaratmaq, rəssamlarla əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə həyata keçirilir.
Xatırladaq ki, Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən start verilən layihə rəssamların mədəniyyət müəssisələri (qalereyalar, muzeylər və s.) ilə əlaqələrinin sıxlaşdırılması və regionlarda rəssamlıq işinin keyfiyyətinin artırılması üçün nəzərdə tutulur.
“Zoom” proqramı vasitəsilə baş tutacaq görüşdə iştirak etmək üçün Ağdaş rəssamlarının öz bioqrafiyalarını, əlaqə nömrələrini, əvvəlki təcrübələri və cari fəaliyyətləri haqqında məlumatları qalereyas@bk.ru elektron-poçt ünvanına göndərmələri xahiş edilir.