Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Ala gözlüm, səndən ayrı gecələr...

    Xalq şairinin anadan olmasından 108 il ötür

    Bu gün Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin doğum günüdür. XX əsr Azərbaycan poeziyasının ictimai fikir tarixində özünəməxsus yeri olan qadın şairlərimizdən biri incə ruha, zərif təbiətə malik Nigar Rəfibəylidir. Onun göz açdığı ictimai-siyasi, ədəbi mühit özünün xarakterik xüsusiyyətləri, siyasi hadisələri ilə xarakterikdir.

    Hələ gənclik illərindən cəsur, vətənpərvər olan, böyük istedada malik Nigar xanım mübarizələrlə dolu şərəfli, məzmunlu bir həyat yaşayıb.

    Nigar Xudadat qızı Rəfibəyli 1913-cü il iyunun 23-də Gəncə şəhərində anadan olub. 1930-cu ildə Bakı Pedaqoji Texnikumunu bitirdikdən sonra Fəhlə-gənclər məktəbində, 1932-1936-cı illərdə isə Moskva Pedaqoji İnstitutunda təhsil alıb. O, əvvəlcə Bakı kinostudiyasında ssenari şöbəsində tərcüməçi və redaktor, 1937-1939-cu illərdə isə “Uşaqgəncnəşr”də bədii ədəbiyyat şöbəsində redaktor vəzifələrində çalışıb.

    N.Rəfibəyli ədəbiyyata 1928-ci ildə “Dan ulduzu” jurnalında dərc etdirdiyi “Çadra” şeiri ilə gəlib. Elə ilk şeirindən ədəbi mühitdə rəğbətlə qarşılanan gənc şairin şeirlər kitabı 1934-cü ildə nəşr olunub. Kitabda toplanmış yaradıcılıq nümunələrində Azərbaycan qadınlarının yeni həyat quruculuğunda iştirakından bəhs edilib.

    Nigar xanım hələ gənclik illərindən başqa xalqların inqilabi mübarizəsini, həyatlarında baş verən ictimai-siyasi prosesləri bir ziyalı vətəndaş olaraq izləyib, öz əsərlərində bu hadisələrdən bəhs edib. Onun “Dolores İbarriru” (1936) şeiri ispan xalqının faşizmə qarşı qəhrəmanlıq mübarizəsinə həsr olunub. Şairin “Cəmilə” şeirində isə Əlcəzair xalqının milli-azadlıq mübarizəsi, gələcəklə bağlı arzu və istəkləri böyük məhəbbətlə tərənnüm edilib.

    Nigar Rəfibəyli ictimai həyatda və yaradıcılıqda mübarizələrlə dolu bir ömür yaşayıb. Sözündə və əməlində qorxmaz, cəsur olan şair özünün poetik ecazı ilə Azərbaycan ədəbiyyatına gözəl, ibrətamiz əsərlər bəxş edib. Yaşadığı dövrün gerçəklikləri müxtəlif mövzularda yazdığı poetik əsərlərinin mövzusu olub. Belə ki, təbiət mənzərələri, insanın mənəvi aləmi, vətənpərvərlik, sülh, əmin-amanlıq, azadlıq ideyaları Nigar xanımın əsərlərinin leytmotivini təşkil edib. Onların arasında “İşıqlı dünyam” (1969), “Günəşdən gənclik istədim” (1974), “Həzin bir axşamda düşərsən yadıma”, “Şanlı nəsillərin yadigarısan” (1982), “Zəfər nəğməsi” (1943), “Yol xatirələri”, “Avropa ətrafında səyahət gündəliyindən” kitabları (1957) nəşr olunduğu vaxtlardan böyük oxucu marağı və sevgisi ilə qarşılanıb.

    Nigar Rəfibəyli öz yaradıcılığında uşaqları da unutmayıb, onlar üçün də poetik ilhamla, böyük sevgi ilə əsərlər yazıb. Şairin müxtəlif illərdə çap olunmuş “Balaca qəhrəman” (1942), “Günəşin cavabı” (1966), “Məstanın balaları” (1968), “Bizə bahar yaraşır” (1978) kitabları balaca oxucularının sevdiyi kitablardan olub.

    Onun bir çox şeirlərinə musiqi bəstələnib, tanınmış müğənnilər tərəfindən ifa olunub. Həyat yoldaşı Azərbaycanın Xalq şairi R.Rzaya həsr etdiyi və görkəmli müğənni Akif İslamzadənin ifasında filmotekamızın qızıl fonduna daxil edilmiş “Alagözlüm” mahnısı bu gün də hamının sevərək dinlədiyi ən gözəl əsərlərdən biridir.

    Nigar Rəfibəylinin ədəbi yaradıcılığında tərcümə ədəbiyyatı da xüsusi əhəmiyyət kəsb edib. Belə ki, şair həyatı boyu ədəbi yaradıcılığını poeziya ilə yanaşı, tərcümə sahəsində də aparıb, hər ikisində böyük sənətkarlıq nümunələri yaradıb. Onun tərcümə əsərlərinin sadəcə adlarına diqqət edəndə yaradıcılığının bu qolunda da necə bir mükəmməllik yaratdığının şahidi oluruq.

    Məhsəti Gəncəvinin rübailəri, Evripidin “İfigeniya”, Fridrix Şillerin “Məkr və məhəbbət”, Anton Pavloviç Çexovun “Vanya dayı”, “Albalı bağı” dramları, E.L.Voyniçin “Ovod”, O.Qonçarın “Bayraqdarlar” romanları, Əlişir Nəvai, Aleksandr Puşkin, Mixail Lermontov, Taras Şevçenko, Ş.Petöfi, A.Mitskeviç, A.Sereteli və başqalarının əsərləri məhz Nigar xanım Rəfibəylinin tərcüməsində Azərbaycan oxucularına təqdim olunub.

    Nigar Rəfibəyli 1981-ci ildə Bakı şəhərində vəfat edib və II Fəxri xiyabanda dəfn olunub.

    İllər, qərinələr ötəcək, Nigar Rəfibəylinin əsərləri hər zaman özünün ideya-məzmunu ilə yenə də müasir səslənəcək...

  • Aşıq Ələsgərin 200 illiyinə həsr edilmiş növbəti tədbir keçirilib

    Bu il Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, böyük saz və söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illik yubiley ilidir. Bu böyük sənətkarın yubileyinin ölkə miqyasında geniş qeyd edilməsi ilə bağlı bu ilin fevralında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ayrıca sərəncam imzalayıb. Artıq bu sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirlməsi istiqamətində mühüm işlər görülməkdədir. Bu mənada, Azərbaycan Aşıqlar Birliyinin indiyədək reallaşdırdğı layihələr xüsusi qeyd olunmalıdır.

    Yubiley tədbirləri bölgələrdə də keçirilməkdədir.

    Ustad aşığın 200 illik yubileyi ilə bağlı növbəti tədbir Ağstafa Regional Mədəniyyət İdarəsinin dəstəyi sayəsində Ağstafa rayon Mədəniyyət Mərkəzi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb.

    Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, gənc şairə Şahinə Könülün aparıcılığıyla onlayn formatda keçirilən “Aşıq Ələsgər – 200” adlı tədbirdə çıxış edən Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Elbəyi Əli Aşıq Ələsgərni Azərbaycan aşıq sənətindəki yerindən və rolundan söhbət açıb, saz-söz sənəti ilə bağlı bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Aşıq Ələsgər sazının və sözünün qüdrətindən, yubileylə bağlı Aşıqlar Birliyinin indiyədək həyata keçirdiyi tədbirlərdən söz açıb, yubiley tədbirlərinin ilin sonunadək davam edəcəyini, Bakıda Aşıq Ələsgərin abidəsinin ucaldılacağını bildirib.

    Tibb üzrə fəlsəfə doktoru, Ələsgərşünas alim Abbas Bağırov və Ağstafa rayon Mədəniyyət Mərkəzinin direktoru Leyla İsayeva da öz çıxışlarında Aşıq Ələsgər sənətinin qüdrətindən söz açıblar.

    Sonra söz aşıqlara verilib. Onlar Aşıq Ələsgərin sözlərini müxtəlif aşıq havaları üstündə oxuyublar. Altay Məmmədov ustadın “Mərd” (“Osmanlı divanisi”), tədbirə Türkiyədən qatılan dövlət sənətçisi Aşıq Maksut Koca Fəryadi “Yüküm” (“Anadolu divanisi”), Əməkdar mədəniyyət işçisi Solmaz Kosayeva “Yaylaq” (“Orta sarıtel”), Ramin Qarayev “Güləndam” (“Yüngül şərili”), Elbrus Hüseynov “Ay Şəkər xanım” (“İncəgülü”), təbrizli aşıq İsa Təbrizli “Müşkünaz” (“Ovşarı”), Şahniyar Mikayıloğlu “Cilvələnibdi” (“Cəlili”), Xavər Zəngilanlı “Yetmədi” (“Ağır şərili”), Vüqar Qurbanov “Öldürür” (“Mirzəcanı”) və Elçin Rəşidoğlu “Gördüm” (“Orta şəşəngi”) şeirlərini səsləndiriblər. Aşıqların ifası Şahniyar Mikayıloğlunun ifasında “Müxəmməs”lə yekunlaşıb.

    Sonda Aşıq Ələsgər ocağının nümayəndəsi, “Aşıq Ələsgər ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgər tədbirin təşkilatçılarına və çıxış edənlərə minnətdarlığını bildirib.

  • Azərbaycan Rəngkarlıq Muzeyində gənclər üçün ustad dərsləri davam edir

    Azərbaycan Rəngkarlıq Muzeyində rəssamlığa həvəsi olan 16 yaşdan yuxarı gənclər üçün “Özünü kəşf et” adlı ustad dərsləri davam edir.

    Növbəti dərs bu gün saat 19:00-da Gülnarə Ələkbərlinin rəhbərliyi ilə “Linoqravüra” mövzusuna həsr ediləcək. Sonuncu dərs isə iyunun 30-da Museyib Əmirovun rəhbərliyi ilə “Bakı– Mənim şəhərim" mövzularına həsr olunacaq.

    Qeyd edək ki, təcrübəsindən asılı olmayaraq hər kəs dərslərdə iştirak edə bilər. Bütün ləvazimatlar muzey tərəfindən qarşılanır.

    Yerlər məhdud olduğundan qeydiyyatdan keçmək zəruridir. Qeydiyyat çərşənbə axşamı – bazar günü saat 12:00-dan 20:00-dək aparılır.

    Ustad dərsləri ödənişsizdir.

     

     

  • “Poeziyamızın Nigarı” adlı videoçarx hazırlanıb

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 nömrəli filialı Xalq şairi Nigar Rəfibəylinin doğum günü ilə əlaqədar “Poeziyamızın Nigarı” adlı videoçarx hazırlayıb.

    İdarədən bildirilib ki, kitabxananın sosial hesablarında izləyicilərə təqdim edilən videomaterialda mövzu ilə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, Nigar Rəfibəyli 1913-cü il iyunun 23-də Gəncə şəhərində anadan olub. O, Bakı Pedaqoji Texnikumunu bitirdikdən sonra Moskvada Pedaqoji İnstitutda təhsilini davam etdirib. Bakı kinostudiyasında ssenari şöbəsində, eyni zamanda fəhlə-gənclər məktəbində, “Azərnəşr”də bədii-ədəbiyyat şöbəsində tərcüməçi və redaktor, “Uşaqgəncnəşr”də bədii ədəbiyyat şöbəsində redaktor vəzifələrində işləyib.

    Nigar Rəfibəylinin “Çadra” adlı ilk şeiri 1928-ci ildə “Dan ulduzu” jurnalında dərc edilib. 1934-cü ildə nəşr olunmuş ilk "Şeirlər" kitabı Azərbaycan qadınlarının yeni həyat quruculuğunda iştirakından bəhs edir.

    Videoçarxda diqqətə çatdırılıb ki, Xalq şairi Məhsəti Gəncəvinin rübailərini, Evripidin “İfigeniya”, Fridrix Şillerin “Məkr və məhəbbət”, Anton Çexovun “Vanya dayı”, “Albalı bağı” dramalarını, E.L.Voyniçin “Ovod”, O.Qonçarın “Bayraqdarlar” romanlarını, Əlişir Nəvai, Aleksandr Puşkin, Mixail Lermontov, Taras Şevçenko, Ş.Petöfi, A.Mitskeviç, A.Sereteli və başqalarının əsərlərini tərcümə edib. Əsərləri xarici dillərə tərcümə olunub.

    Nigar Rəfibəyli 1981-ci ildə Bakı şəhərində vəfat edib. Məzarı II Fəxri xiyabandadır.

     

  • Nizami Gəncəvinin hikmətli kəlamları El Salvador və Meksika portallarında

    El Salvador Respublikasının “Literatura y poesía” (“Ədəbiyyat və poeziya”), Meksikanın “Más Literatura” (“Daha çox ədəbiyyat”) ədəbiyyat portallarının “facebook.com” səhifələri Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıq çərçivəsində dahi Azərbaycan şairi Nizami Gəncəvinin cəsarət, dostluq, xeyirxahlıq, zülm və ədalət haqqında hikmətli kəlamlarının yayımına başlayıb.

    Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, Nizami Gəncəvinin 880 illik yubileyinə töhfə olaraq hazırlanmış materialı ispan dilinə mərkəzin ispan dili mütəxəssisi Aysel Əliyeva tərcümə edib.

  • Ukraynanın televiziya yumor şousunda Bakı komandası da yer alıb

    Ukraynanın “Ліга Сміху” televiziya yumor şousunda Bakı şəhərini təmsil edən “Как по Маслу” komandası populyar layihənin 8-ci mövsümündə iştirak edir.

    İlk turun nəticələrinə görə, qeydiyyata alınan 109 komandadan 25-i ikinci tura keçib. Onların arasında Bakı komandamız da yer alıb.

    Bu komanda 2018-ci ildən bəri, son üç ildə Azərbaycanı beynəlxalq yumor arenasında təmsil edən yeganə kollektivdir.

    “Çox həvəsliyik, çünki qarşımızdakı məqsədin məsuliyyətini tam anlayırıq. Komandamız gücləndi, yenidən formalaşdı və yeni mövsümə yeni ümidlərlə gedir. Komandamızın tərkibinə təcrübəli müəllif və "Planet Parni iz Baku" teatrının aktyoru Ələkbər Əliyev, həmçinin gənc istedadlı blogger Mark Kim daxil oldular. Səməndər Rzayev başda olmaqla komandanın “sütunlarından” olan Valeh Dayanov və Emil Dalivalovda yenilənmiş kollektivdədilər. Ümidvarıq ki, bu il Azərbaycan yumoru inkişaf edəcək və durğunluq dövründə olmayacaq. İnanıram ki, bu yumor “paradı”nı ölkəsini sevən, düzgün düşünən vətənpərvərlər irəli aparmalıdırlar. Müvafiq dəstəklə komandanın ölkəni yüksək səviyyədə təmsil etmək şansı var. Hazırda növbəti mərhələdə ikinci turda uğurla keçmək vacibdir”,- deyə komandanın kapitanı Cavid Şahbazbəyov söyləyib.

  • Ankarada görkəmli qazax şairi Mukağali Makatayevin şeirlər kitabının təqdimatı olub

    Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Mərkəzi qərargahında görkəmli qazax şairi Mukağali Makatayevin anadan olmasının 90-cı ildönümü münasibətilə mərasim keçirilib.

    Böyük sənətkarın TÜRKSOY tərəfindən hazırlanan “Son durnalar gedərkən” kitabının təqdimatının da keçirildiyi mərasimdə rəsmi şəxslər, türk dünyasının tanınmış simaları, elm və mədəniyyət adamları iştirak ediblər.

    TÜRKSOY baş katibi Düsen Kaseinov, Qazaxıstanın mədəniyyət və idman nazirinin müşaviri Erlan Jurınbayev, bu ölkənin Türkiyədəki səfiri Abzal Saparbekuly və başqaları Mukağali Makatayevin zəngin mənalı həyat və yaradıcılığından bəhs ediblər.

    Yeddi dildə nəşr olunan “Son durnalar gedərkən” kitabı iştirakçılara hədiyyə olunub. Baş katib Düsen Kaseinovun “Ön söz” yazdığı kitabın Azərbaycan dili bölməsi tanınmış şair Əkbər Qoşalı tərəfindən tərcümə olunub və nəşrə hazırlanıb.

  • Kitabxana fəal oxucuları, istedadları üzə çıxarmaqda davam edir

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası fəal oxucuları, istedadları üzə çıxarmaqda davam edir.

    Kitabxanadan bildirilib ki, gənc yazar, qiraətçi Aysu Türkel şəhid Vidadi Xəlilova həsr olunmuş hekayəsini kitabxanaya təqdim edib. Hekayə kitabxananın oxucuları və sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.

    Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük İkinci Qarabağ müharibəsində minlərlə Vətən övladı doğma torpaqlarımızın hər qarışı uğrunda son damla qanına qədər döyüşərək əsl qəhrəmanlıq nümunələri göstəriblər.

    Vətən naminə canından keçən şəhid Vidadi Xəlilova həsr olunmuş tam mətnlə kitabxananın sosial media hesablarında tanış olmaq olar.

  • Azərbaycanlı kinorejissorun filmi İsmailiyə Beynəlxalq Kinofestivalının mükafatına layiq görülüb

    Azərbaycanlı kinorejissor Hilal Baydarovun “Xurmalar yetişən vaxt” filmi iyunun 16-dan 22-dək Misirin İsmailiyə şəhərində keçirilən 22-ci Beynəlxalq Sənədli və Qısametrajlı Filmlər Festivalının “Ən yaxşı sənədli film” nominasiyasında mükafata layiq görülüb.

    Süveyş kanalının sahilində keçirilən mükafatların təqdimatı mərasimində Misir, Suriya, İtaliya kino tənqidçiləri azərbaycanlı kinorejissorun mükafatını ölkəmizin Misirdəki səfirliyinin əməkdaşı Emil Rəhimliyə təqdim ediblər.

    Mərasimdə İsmailiyə valisi Şərif Fəhmi Bişara, Misir Mədəniyyət Nazirliyinin müşaviri Xalid Əbdel Cəlil, tanınmış kinoaktyorlar və rejissorlar iştirak ediblər. Ərəb dünyasında ilk sənədli və qısametrajlı filmlərin festivalı olan İsmailiyə Kinofestivalında bu il 44 ölkədən ekran əsərləri nümayiş etdirilib. Onların 8-i müxtəlif nominasiyalarda mükafatlara layiq görülüb.

  • Benksi simasını cəmiyyətə göstərmədiyi üçün çəkdiyi əsərlərinin əqli mülkiyyət hüququndan məhrum olub

    Britaniyalı rəssam Benksi növbəti dəfə simasını cəmiyyətə göstərmədiyi üçün çəkdiyi əsərlərinin intellektual müəlliflik hüququndan məhrum olub.

    Bu barədə “The Daily Telegraph” qəzeti Avropa İttifaqının Əqli Mülkiyyət İdarəsinin (EUIPO) iki qərarına istinad edərək xəbər verib.

    Məlumatda qeyd olunub ki, budəfəki mübahisələrin səbəbi iki monoxrom qrafitti əsəri – “Bomba ilə qucaqlaşma” və “Aşiq olmuş siçan” olub. Beləliklə son 10 ayda Benksi yaratdığı 6 əsərin əqli müəlliflik hüququndan məhrum olub. Rəssam artıq “İndi gülümsə”, “Əlində radar tutan siçan”, “Əlində çətir tutan qız” və “Gül tullayan” rəsmlərin şəksiz sahibi sayılmır. Yəni rəsmləri Avropa Birliyi ərazisində istənilən şəxs pulsuz istifadə edə bilər.