Beynəlxalq Sulu boya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi və Xətai Sənət Mərkəzinin nəzdində yerləşən Xətai Akvarel Qalereyası tərəfindən akvarel vorkşopu keçirilib.
Xətai Sənət Mərkəzindən bildirilib ki, tədbirdə sulu boyaçı rəssamlar Xasay Mirzəyev, Səbinə İsgəndər, Pərviz Əliyev, Natalya Kornetova, İrina Saqan, Leyla Vazehi, Novruz Allahverdiyev, Hüseyn İskəndər, həmçinin, “Artistan” gənclərdən ibarət incəsənətlə bağlı təşəbbüs qrupu və bir sıra başqa qonaqlar iştirak edib.
Rəssamlar və həvəskar rəssamlar rəsm çəkməklə bərabər sulu boyanın özəllikləri haqqında fikirlərini bölüşüblər.
Tədbir ölkəmizdə sulu boyanın inkişafına xidmət etmək, həmçinin bu texnika ilə çəkilən əsərlərə marağı artırmaq məqsədilə təşkil edilib.
Türkiyənin “Haber Global” telekanalının 10 nəfərdən ibarət yaradıcı heyəti “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə təcrübə mübadiləsi proqramına gəlib.
QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, proqram iki həftə davam edəcək. Belə ki, iyulun 4–dək müxtəlif sahələr üzrə ixtisaslaşmış türkiyəli mütəxəssislər AzTV, “Mədəniyyət” və “İdman” kanallarının əməkdaşları ilə təcrübə mübadiləsi aparacaqlar. Onların arasında tanınmış TV müxbiri Murat Karataş, xəbər operatoru Ünsal Çakın, işıq dizayneri Doğan İpek və digərləri var.
Proqram çərçivəsində qonaqlar Ağdamın işğaldan azad olunmuş ərazilərinə aparılacaq. Onlar Ağdam Cümə məscidi, Qarabağ xanlarının abidələr kompleksi, “İmarət” stadionu, Çörək muzeyi və digər məkanlarda olacaqlar. Bundan başqa, türkiyəli mütəxəssislər Gəncəyə səfər edərək raket düşmüş əraziyə baxacaqlar.
Qeyd edək ki, Azərbaycan və Türkiyə arasında birgə media platforması yaradılıb. Platforma çərçivəsində AzTV ilə “Haber Global” bir neçə dəfə ortaq yayıma çıxıblar.
Bu proqram da Azərbaycan Televiziyasının əlaqələri genişləndirmə yolunda atdığı addımlardan biridir. Bu çərçivədə xarici mütəxəssislər tədris prosesinə cəlb olunur, yerli kadrların hazırlığı istiqamətində konkret addımlar atılır.
Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin, o cümlədən azərbaycanlı maarifçi və ictimai xadim, dramaturq Mirzə Fətəli Axundzadənin abidələri hazırlanıb.
Xarkovun mərkəzi hissəsində ucaldılacaq Nizami Gəncəvinin abidəsinin müəllifi Ukraynanın Xalq rəssamı, soydaşımız Katib Məmmədov, Mirzə Fətəli Axundzadənin abidəsinin müəllifi isə həmyerlimiz, Ukraynanın Xalq rəssamı Seyfəddin Qurbanovdur.
Bu il Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illik yubiley ilidir. Bu böyük saz və söz ustadının yubileyinin ölkəmizdə geniş şəkildə qeyd olunması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Sərəncamla bağlı tədbirlərin həyata keçirilməsində Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyi ilə yanaşı, Azərbaycan Aşıqlar Birliyinin qarşısında da mühüm vəzifələr durur.
Bu böyük ustadın anadan olmasının 200 illiyi ilə bağlı ayrıca tədbirlər proqramı hazırlayan Azərbaycan Aşıqlar Birliyi yubiley tədbirlərinə hələ ötən ilin sonlarından başlayıb.
Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, birliyin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının rəhbərliyi altında ötən ilin sonlarında Aşıq Ələsgərin lirik şeirlərindən ibarət ayrıca kitab buraxılıb. Kitabın nəşrində diqqətçəkən məqam odur ki, əsasən aşıqların repertuarında geniş yer tutan şeirlərin toplandığı topluda ilk dəfə olaraq hər şeirin hansı aşıq havası üstə oxuna bilməsi və şeirlərdə işlədilmiş arxaizmlərin və ərəb-fars mənşəli sözlərin lüğəti də verilib.
Mövcud pandemiya şəraiti ilə əlaqədar kütləvi tədbirlərin keçirilməsi hələlik mümkün olmasa da, Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə indiyədək bu böyük ustadın yubileyinə həsr olunmuş bir sıra onlayn tədbirlər həyata keçirilib.
Bu günlərdə isə Azərbaycan Aşıqlar Birliyi bu böyük saz-söz ustadının adına layiq daha bir layihəni uğurla başa çatdırıb. Belə ki, Aşıq Ələsgərin sözlərini oxumuş aşıqların ifası və ustadla bağlı dastan-rəvayətlərdən ibarət “Adım Ələsgərdi, Göyçə mahalım” adlı albom işıq üzü görüb. İki diskdən ibarət olan albomun birinci diskində ustadın şeirləri Dədə Şəmşir, İmran Həsənov, Əkbər Cəfərov, Ədalət Nəsibov, Kərəm İncəli, Aslan Kosalı, Əmrah Gülməmmədov, Hüseyn Cavan, Bəylər Qədirov, Niftalı Süleymanov, Oruc Əhmədov, İsfəndiyar Rüstəmov, Məmmədağa Babayev kimi məşhur ustadlarla yanaşı, bu gün sənət meydanında bənzərsiz ifaları ilə tanınan Əməkdar mədəniyyət işçiləri Ulduz Quliyeva, Fətullah Göyçəli, Gülarə Azaflı, Solmaz Kosayeva, Samirə Əliyeva və Ağamurad İsrafilov, Türkiyəli aşıq Maqsud Fəryadi, Altay Məmmədli, cənublu Cəfər Xakipur, Sədaqət Ulduz, Qələndər Zeynalov, Kəmalə Qubadlı, Şaiq İncəli, Ramin Qarayev, Yaşar Məhərrəmov, İsa Qaraxanlı, Vüqar Şəmkirli, Şahniyar Əliyev, Avdı Musayev və Təbriz Vəliyevin, eləcə də Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupunun ifasında təqdim olunur.
İkinci diskdə isə ustad aşıq Hüseyn Saraçlının ifasında “Aşıq Ələsgərin Gəncə səfəri”, Fətullah Göyçəli və Rəfiqə Göyçəlinin ifasında “Aşıq Ələsgərlə Həcər xanım əhvalatı”, Elbrus Hüseynov və Şöhrət Kərimovun ifasında (balabanda müşayiət edir İbadət Allahverdiyev) isə “Aşıq Ələsgərin Söyüdlü səfəri” dastan-rəvayətləri video formatda təqdim olunur.
İyunun 21-də mədəniyyət naziri Anar Kərimov ölkəmizdə səfərdə olan BMT-nin Sivilizasiyalar Alyansı (BMTSA) üzrə ali nümayəndəsi Migel Angel Moratinosla görüşüb.
Nazir qonağı səmimi salamlayaraq 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana ilk BMT nümayəndəsinin səfərindən məmnunluğunu ifadə edib. Otuz illik işğaldan sonra öz ərazi bütövlüyünü bərpa edən Azərbaycanın regionda yeni imkanlara yol açdığını vurğulayıb, bu kontekstdə həm regionda, həm də ölkələrarasında sülhün bərqərar olmasına töhfə vermək üçün BMT-nin Sivilizasiyalar Alyansının əlverişli imkanlarının olduğunu diqqətə çatdırıb. “Biz inanırıq ki, təşkilat poskonflikt dövrünü yaşayan Azərbaycanla Ermənistan arasında da davamlı sülhün və güvənliyin təmin edilməsi üçün əlindən gələni əsirgəməyəcək”.
Təşkilatla Mədəniyyət Nazirliyi arasında birgə əməkdaşlığın hər zaman yüksək səviyyədə inkişaf etdiyini bildirən nazir "Peace for Culture" layihəsi haqqında məlumat verib. Qeyd edib ki, mədəniyyətin qorunması üçün regionda sülhün bərqərar olması vacibdir və bu məqsədlə Azərbaycan "Mədəniyyət naminə sülh" kampaniyası ilə dünyaya çağırış edir. Bu kampaniya çərçivəsində təşkilatın işğaldan azad olunmuş ərazilərdə tarixi-dini abidələrin bərpası və oradakı gerçəklərin dünyaya çatdırılması istiqamətində mühüm işlər görəcəyinə əminliyini ifadə edib.
Görüş zamanı Anar Kərimov Prezident İlham Əliyevin “Bakı prosesi” təşəbbüsü, bu təşəbbüs çərçivəsində Azərbaycanın beynəlxalq miqyasda mədəniyyətlər və dinlərarası dialoqa töhfələri ilə bağlı fikirlərini bölüşüb. Vurğulayıb ki, “Bakı prosesi” mədəniyyət naminə sülh və siyasi məsələləri hər zaman prioritet saxlamağa yardımçı olacaq, əməkdaşlığımızda önəmli bir platforma rolunu oynayacaq.
Qonaq səmimi qarşılanmaya görə təşəkkürünü bildirərək qeyd edib ki, səfərinin məqsədi Azərbaycana dəstəyini nümayiş etdirməkdir. M.Moratinos dini abidələrin qorunmasının təşkilatın prioritet fəaliyyət istiqamətlərindən olduğunu, bu sahədə Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edib, konkret layihələrin reallaşdırılmasının vacibliyini, bu sahədə birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.
Görüş əməkdaşlığın gələcək perspektivlərinin və tərəfləri maraqlandıran digər məsələlərin müzakirəsi ilə davam edib.
Bildiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunub. Bu münasibətlə Berlində fəaliyyət göstərən Alman Azərbaycan Ziyalılar Birliyi Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvi yaradıcılığına müraciət edərək şairin "Sənsiz" qəzəlinə videoçarx hazırlayıb.
Əsər hər iki dildə - Azərbaycan və alman dilində səsləndirilib. Qəzəlin alman dilinə filoloji tərcüməsi, uzun illər N.Gəncəvinin tədqiqatçısı, dilçi Sevil Fuchsa, poetik tərcüməsi isə filoloq tərcüməçi Rosemarie Kuperə aiddir.
Qəzəli Azərbaycan dilində AAZB-nin sədri Naibə Tural, alman dilində Rosemarie Kuper səsləndirib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası onlayn görüşlərini uğurla davam etdirir.
İdarədən bildirilib ki, ötən ilin aprel ayından başlayaraq kitabxana bir çox mədəniyyət və ədəbiyyat xadimləri ilə, şair və yazıçılara canlı görüşlər keçirir. Bu görüşlərin qonaqları şair Qulu Ağsəs, Qəşəm Nəcəfzadə, Kəmalə Abıyeva, yazarlar Əziz Yaqubzadə, Sahilə İbrahimova, İradə Əlili və s. olub.
Onlayn görüşün budəfəki qonağı tanınmış yazıçı-dramaturq Pərvin xanım olub. Əvvəlcə aparıcı N.Abdulova yazıçının yaradıcılığı haqqında ətraflı məlumat verib. Daha sonra yazıçı-dramaturq Pərvin xanım canlıya qoşularaq oxucuların və izləyicilərinin suallarını cavablandırıb.
Maraqlı və səmimi keçən söhbət zamanı Pərvin xanım yazdığı "Serpantin" və "Sevdim Səni" kitablar haqqında danışıb.
Sonda yazıçı kitabxana rəhbərliyinə və təşkilatçılara öz minnətdarlığını bildirib.
Dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi ərəfəsində Prezident İlham Əliyevin 2021-ci ili “Nizami Gəncəvi ili” elan etməsi bu böyük dühanın yaradıcılığına verilən yüksək dəyərin təzahürüdür.
Bu barədə “Nizami Gəncəvi ili” çərçivəsində Göyçaydakı Bayraq muzeyində keçirilən tədbirdə danışılıb.
Ziyalıların, nizamisevərlərin iştirakı ilə təşkil edilən tədbirdəki çıxışlarda Şeyx Nizaminin yalnız Azərbaycan ədəbiyyatında deyil, dünya ədəbiyyatında da müstəsna yeri olan bir mütəfəkkir olduğu vurğulanıb. Qeyd edilib ki, Nizaminin əsərləri gəncləri Vətənə sevgi, böyüklərə hörmət ruhunda tərbiyə edir. Çıxışlarda dahi şairin əsərlərində qoyulan bəşəri problemlərin, yaradılan monumental obrazların bu əsərlərin əbədi yaşayacağına və baş qəhrəmanının amal və arzularının da onu əbədi yaşadacağına zəmanət verdiyi qeyd olunub.
Diqqətə çadırılıb ki, 2021–ci ilin “Nizami Gəncəvu ili”, işğaldan azad olunan Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, ölkə başçısının çıxışlarında milli-mənəvi dəyərlərimizə xüsusi diqqət yetirməsi umummilli lider Heydər Əliyev siyasətinin uğurlu davamının göstəricisdir.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndə heyəti Ukrayna səfəri çərçivəsində Odessa şəhərində bir sıra görüşlər keçirib.
Baş İdarədən bildirilib ki, nümayəndə heyəti Odessada bir neçə mədəniyyət müəssisəsində, o cümlədən Odessa şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin uşaq kitabxanasında, Mərkəzi Şəhər Kitabxanasında, E.Gilels adına 1 nömrəli musiqi məktəbində, Odessa teatr məktəbində və Odessa 1 nömrəli İncəsənət Məktəbində olub.
Nümayəndə heyəti Odessa şəhərində Azərbaycan Evinin təntənəli açılışına qatılıb. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov burada çıxış edərək Azərbaycan ilə Ukrayna arasında mədəni əlaqələrin yüksələn xətlə inkişaf etdiyini və Bakı mədəniyyət müəssisələri təmsilçilərinin bu gün Odessada rəsmi səfər çərçivəsində müxtəlif görüşlər zamanı gələcəkdə əlaqələrin genişləndirilməsi istiqamətlərini müzakirə etməsinin deyilənlərə əyani sübut olduğunu vurğulayıb. O, həmçinin mədəniyyət mərkəzi kimi tanınan Odessada Azərbaycan Evinin açılmasını bu şəhərdə ölkəmizin mədəni irsinin tanıdılmasına böyük töhfələr verəcəyinə inandığını bildirərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Görüşlər zamanı E.Gilels adına 1 nömrəli musiqi məktəbində beynəlxalq onlayn festival və konfranslar haqqında ətraflı məlumat alınıb və gələcəkdə Bakı məktəblilərinin bu müsabiqələrdə iştirakı nəzərdə tutulub. Nümayəndə heyəti məktəbdə E.Gilelsin elektron muzeyi ilə də tanış olub. Teatr məktəbində uşaqların təlimi haqqında təcrübənin Bakıda uşaq incəsənət məktəblərində tətbiqi nəzərdə tutulub. 1 nömrəli incəsənət məktəbində tədris proqramları, müəssisələrin strukturu müzakirə olunub və mədəniyyətin bir çox istiqamətləri üzrə Odessa təcrübəsinin tətbiqi məsələsi diqqətə alınıb.
Qeyd edək ki, iyunun 15-də başlanan, maraqlı görüşlər və gələcəkdə həyata keçirilə bilən yeni layihə ideyaları ilə zəngin olan Ukraynaya səfəri başa çatıb.