Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Türkiyə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun keçirəcəyi layihələrə dəstəyini əsirgəməyəcək

    Uzun müddət sonra dünya liderlərinin, siyasətçilərin və diplomatların bir araya gəlməsində xüsusi rol oynayan Antalya Diplomatiya Forumunun təşkili ilə Türkiyə bir ilkə imza atıb.

    Bu sözləri Forumu çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva deyib.

    Foruma dəvətə görə qardaş ölkənin xarici işlər nazirinə təşəkkürlərini bildirən Günay Əfəndiyeva Fondun qurucu üzv ölkəsi olan Türkiyə ilə təşkilat arasında geniş əməkdaşlıq əlaqələrinin mövcudluğuna diqqət çəkərək, bundan sonra da Fond tərəfindən türkdilli ölkələrin, eləcə də türk dünyasının ayrılmaz parçası olan Türkiyənin mədəniyyətinin, adət-ənənələrinin təbliği ilə bağlı tədbirlərin keçiriləcəyini vurğulayıb.

    Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsində Türkiyənin ədalətli mövqe sərgiləməsindən türkdilli beynəlxalq təşkilat rəhbəri kimi qürur duyduğunu bildirən Günay Əfəndiyeva, Fond tərəfindən türk dünyasının mədəni mərkəzlərindən biri olan Qarabağla bağlı müxtəlif layihələrin keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.

    Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanı Antalya Diplomatiya Forumu çərçivəsində “Barış axtarışına qadınların töhfəsi” mövzulu panel konfransındakı çıxışıyla bağlı təbrik edib.

    Nazir Fond tərəfindən görülən işləri yaxından izlədiyini qeyd edərək, təşkilatın türkdilli xalqları bir-birinə daha da yaxınlaşdırılması yönündə geniş fəaliyyətini yüksək qiymətləndirib.

    Mövlud Çavuşoğlu Fond tərəfindən türk dünyasının maddi-mədəni irsinin qorunması, beynəlxalq aləmdə tanıdılması və gənc nəsillərə ötürülməsi istiqamətində keçirilən layihə və tədbirlərə ölkəsinin dəstəyini əsirgəməyəcəyini bildirib.

    Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

  • Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Qazaxıstan ilə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsini müzakirə edib

    Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyə Respublikasının Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumunda iştirak edib.

    Fonddan bildirilib ki, forum çərçivəsində fondun prezidenti Günay Əfəndiyeva ilə Qazaxıstan Respublikasının Baş nazirinin müavini və Qazaxıstanın xarici İşlər naziri Muxtar Tleuberdi arasında görüş keçirilib.

    Görüşdə fondun qurucu üzv ölkəsi olan Qazaxıstan ilə təşkilat arasında mövcud əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin və genişləndirilməsinin vacibliyi mövzusunda danışıqlar aparılıb.

    Günay Əfəndiyeva görüşdə Qazaxıstan ilə tərəfdaşlıq münasibətlərinin fond üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. O, fond tərəfindən Qazaxıstanın maddi-mədəni irsinin qorunması və təbliği ilə bağlı müxtəlif layihələrin, tədbirlərin keçirildiyini, konfransların, dəyirmi masaların təşkil olunduğunu, kitabların nəşr etdirildiyini bildirib. Fondun prezidenti, eyni zamanda, türkdilli ölkələrin, eləcə də Qazaxıstanın zəngin adət-ənənələrinin, tarixinin tanıdılması ilə bağlı gələcəkdə daha çox birgə işlərin görülməsinin bütövlükdə türk dünyasının mədəni inkişafına xüsusi töhvələr verə biləcəyini bildirib.

    Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi fond tərəfindən təqdirəlayiq işlər görüldüyünü qeyd edərək, qurumun fəaliyyətini yüksək qiymətləndirib. Nazir türkdilli xalqların bir-birinə yaxınlaşmasında türkdilli beynəlxalq təşkilatların xüsusi rolunun olduğunu bildirib. O, fondun da bu istiqamətdə fəaliyyətinin əhəmiyyətini vurğulayaraq, təşkilat tərəfindən keçirilən layihələrə dəstək verəcəyini qeyd edib.

    Görüşdə tərəflər, eyni zamanda, Türküstanın türk dünyasının mənəvi paytaxtı, Şuşanın isə Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsinin təsadüf olmadığına, Şuşanın gələcəkdə türk dünyasının mədəni mərkəzlərindən olması üçün birgə səylərin göstərilməsinin önəminə toxunublar.

  • “ALİSA Azərbaycanın Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi” adlı elektron təlimati metodik vəsait istifadəçilərə təqdim olunub

    M.F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “ALİSA Azərbaycanın Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi” adlı elektron təlimati metodik vəsait hazırlanıb.

    Kitabxanadan bildirilib ki, təqdim olunan elektron təlimati metodik vəsait ALİSA proqramının - Azərbaycanın Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sisteminin texniki funksiyalarını açaraq, onun modulları, ayrı-ayrı bölmələri, iş funksiyalarını yerinə yetirən düymələr və ümumiyyətlə, bütün proseslər haqqında ətraflı məlumatın verilməsinə xidmət edir.

    ALİSA (Automated Library İnformation System of Azerbaijan) kompleks bir layihə kimi Azərbaycanın kitabxana sistemini inkişaf etdirmək məqsədilə yaradılıb. Sistem kitabxanadaxili prosesləri və kitabxana-oxucu münasibətlərini tam avtomatlaşdırır və bu proses üçün lazımi mühitin yaranmasına imkan verir.

    Elektron təlimati metodik vəsait ilə tanış olmaq istəyənlər http://anl.az/down/alisa.pdf linkindən istifadə edə bilərlər.

  • Bu gün görkəmli ədib Abbasqulu ağa Bakıxanovun doğum günüdür

    Azərbaycan elmi-fəlsəfi fikir tarixinə, bədii-estetik təfəkkürünə bir sıra əsaslı yenilikləri, mütərəqqi addımları, çoxistiqamətli maarifçilik fəaliyyəti ilə daxil olan Abbasqulu ağa Bakıxanovun elmi-ədəbi irsi dövrünün qabaqcıl ziyalılarının - tarixçilərin, mütəfəkkirlərin, ədiblərin diqqətini çəkmiş, dəyərləndirilmiş və onların fəaliyyətinə öz müsbəttəsirini göstərmişdir. Abbasqulu ağa Bakıxanov öz dövründə hərbi xadim, tədqiqatçı-alim kimi tanınmaqla yanaşı, bədii yaradıcılığına görə də sevilmişdir.

    Bu gün görkəmli ədibin anadan olmasından 227 il ötür.

    Abbasqulu ağa Bakıxanov 1794-cü il iyunun 21-də Bakı şəhəri yaxınlığında Əmircan (köhnə adı Xilə) kəndində Bakı xanları nəslindən olan II Mirzə Məhəmməd xanın ailəsində anadan olub. Səkkiz yaşına qədər Bakıda yaşayıb, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa, Balaxanı, Ramana kəndlərində keçirib. Atası xanlıq taxtı uğrunda mübarizədə öz əmisi oğlu Hüseynqulu xana uduzduqdan sonra məcburiyyət qarşısında qalaraq ailəsi ilə birlikdə Qubaya, vaxtı ilə yaxın qohumu olan Fətəli xanın bağışladığı Amsar kəndinə köçməli olub. 1819-cu ildə Abbasqulu ağa general Yermolovun dəvəti ilə Tiflisə gələrək Qafqaz Baş Hərbi İdarəsində şərq dilləri tərcüməçisi vəzifəsinə təyin olunub.

    Azərbaycan elmi tarixində özünəməxsus yer tutan Abbasqulu ağa Bakıxanov “Qanuni-Qüdsi”, “Əsrarül-mələküt”, “Təhzibül-əxlaq”, “Eynül-mizan”, “Gülüstani-İrəm” kimi əsərləri ilə böyük şöhrət qazanıb. Dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya və digər elmlərə aid əsərləri onun hərtərəfli bir alim olduğunu göstərir. Həmçinin Amerikanın kəşfindən və bu qitədən bəhs edən “Kəşfül-qəraib” və dövrümüzə gəlib çatmayan “Ümumi coğrafiya” əsərlərinin müəllifidir. Bakıxanov pedaqoji məsələlərlə də məşğul olub, uşaqların və gənclərin tərbiyəsi ilə əlaqədar mülahizələrini "Təhzibül-əxlaq" əsərində qələmə alıb. O, dərin əxlaqi-fəlsəfi məzmuna malik olan bu əsərində cəmiyyət haqqındakı fikirlərini bir sistem şəklində şərh edərək, gənclər arasında nəcib əxlaq normalarını təbliğ edib.

    Alimin ən dəyərli əsəri isə, heç şübhəsiz uzun illər boyu apardığı ciddi tədqiqatlar nəticəsində ərsəyə gəlmiş “Gülüstani-İrəm” əsəridir. Bu əsərlə o eyni zamanda Azərbaycan tarixşünaslığının əsasını qoyub. Azərbaycan və Dağıstan xalqlarının tarixindən bəhs edən “Gülüstani-İrəm” faktlarla olduqca zəngindir. Müəllif əsəri yazarkən bir sıra arxeoloji tədqiqatlar aparmış, tarixi abidələrdən, köhnə binaların qalıqlarından, sikkələrdən, padşahların və xanların fərmanlarından, milli əfsanələrdən, dini kitablardan, "Avesta"dan, yaşlı nəslin nağıl və rəvayətlərindən, səyyahların yol qeydlərindən, gürcü və ləzgi salnamələrindən, çoxlu şərq mənbələrindən, qədim yunan, qədim Roma, Azərbaycan, rus alimlərinin əsərlərindən istifadə edib.

    Əsərin müqəddiməsində Azərbaycanın və Dağıstanın qısa coğrafi təsviri verilir, qədim yunan, ərəb və rus mənbələrinə istinad edilərək bu ölkələrin xalqlarının mənşəyi, dili və dinləri haqqında maraqlı məlumatlar yer alır. “Gülüstani-İrəm” əsəri özündə Nuhun tufanı, Yəcuc və Məcuc, skiflər, massagetlər, xəzərlər, Sasani hökmdarlarının Azərbaycandakı hakimiyyəti, İslam dövlətinin yaranması, ərəb qoşunlarının Azərbaycana gəlməsi, həmin dövrlərdə Şirvan və Dağıstanda baş verən hadisələr, monqol istilası, hülakülərin və teymurilərin hakimiyyəti, Səfəvi dövlətinin yaranması, Şirvanşahlar sülaləsi, "Gülüstan" adlı yerdə Rusiya və İran arasında sülh müqaviləsinin bağlanmasına qədər olan geniş bir tarixi dövrü əhatə edib. Bakıxanov 1828-ci ildə Türkmənçay müqaviləsinin imzalanması mərasimində tərcüməçi kimi iştirak edib. Qüdsi təxəllüsü ilə şeirlər yazıb.

    Görkəmli ədib 1847-ci ildə Məkkədən Mədinəyə gedərkən vəba xəstəliyindən vəfat edib və Vadiyi-Fatimə adlanan yerdə dəfn olunub.

  • Bakıda gənc sənədli kino mütəxəssisləri üçün ikinci onlayn təlim kursu başa çatıb

    Bakıda “DokuBaku” sənədli kino festivalı çərçivəsində sənədli kinonu özləri üçün peşə seçmiş gənc azərbaycanlı kinorejissorlar üçün “Doklad iSchool” ikinci onlayn təlim kursu başa çatıb.

    Bu kurs “Goethe-Institut Baku” İnstitutunun, “Pitch the Doc” veb-platformanın, yüksək keyfiyyətli sənədli layihələrin birgə istehsalı üçün “Sunny Side of the Doc” beynəlxalq məkanın və “CinéDOC-Tbilisi” sənədli kino festivalının dəstəyi ilə təşkil edilib. Kurslarda təlim keçmək üçün müəllimlər qismində sənədli kino rejissorları və prodüserlər Mariam Çaçiya və Nik Voyt dəvət edilib.

    Kursun müdavimləri mövzu axtarışından və ssenarinin yazılmasından başlamış, layihənin pitçinqdə müdafiəsinə və həyata keçirilməsinə qədər sənədli kinonun yaradılmasının bütün mərhələləri ilə tanış olublar. Kursun altı müdavimindən dördü – Anar Salahov, Aynur Kazımova, Natiq Əsgər və Zeynəb İsgəndər öz layihələrini uğurla müdafiə ediblər. Məzunlara bu kursu bitirmələri barədə diplomlar, habelə öz filmlərinin büdcəsinin əsası kimi kiçik məbləğdə pul mükafatı təqdim edilib.

    “DokuBaku” festivalı və onun əsasında təşkil edilmiş onlayn təhsil kursu göstərdi ki, bu layihə klassik təlim rejimindən onlayn platformaya keçməklə asanlıqla adaptasiya edilə bilər. Layihənin müəllifləri qeyri-adi çeviklik və koronavirus pandemiyasının nəticəsi olan indiki şəraitə tezliklə uyğunlaşmaq qabiliyyəti nümayiş etdiriblər.

    “Doklad iSchool” kursunun direktoru, “DokuBaku” Beynəlxalq sənədli kino festivalının həmtəsisçisi və direktoru İmam Həsənov deyib: “Sənədli film Azərbaycan əhalisini arasında populyar janr deyil. Ölkəmizdə çəkilmiş sənədli filmlərin əksəriyyəti kinematoqrafiyanın müasir tələblərinə uyğun gəlmir. Lakin layihə müəlliflərinin səyləri sayəsində məhz sənədli kinoya maraq göstərənlərin sayı ilbəil artır. Festival iştirakçılarının sayının artması, filmlərin nümayişində iştirak edən tamaşaçıların sayı, eləcə də sənədli kinonun yaradılması və prodüserliyi üzrə kursun müdavimlərinin sayı bu fikri təsdiqləyir. “Doklad iSchool” kursunu həqiqətən “DokuBaku”nun ilk böyük qələbəsi hesab etmək olar.

    Qeyd etmək lazımdır ki, “Doklad” Azərbaycanda 2020-ci ildən bəri fəaliyyət göstərən ilk və hələlik yeganə beynəlxalq layihədir. Bu layihənin məqsədi hadisələrə özlərinin müstəqil baxışı olan yeni rejissorlar yetişdirmək, ümidverici gənclərin cəmiyyətdə işıqlandırılmayan problemlərini geniş auditoriyaya çatdırmaqdır.

  • Fulya Öztürk: Filmdə izləyicilərin şahidi olduğum acı həqiqətləri görməsini istəyirəm

    Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Türkiyənin “Dada Yapım” şirkətinin birgə istehsalı olan “Fulya” filminin çəkilişlərinə başlanıb. Film Vətən müharibəsi dövründə müharibənin acı və dağıdıcı həqiqətlərini dünyaya çatdıran “CNN Türk” televiziyasının hərbi müxbiri Fulya Öztürkün keçdiyi şərəfli yolu onun ifadəsində ən xüsusi kadrlarla yenidən əks etdirəcək.

    “CNN Türk” televiziyasının hərbi müxbiri Fulya Öztürk çəkilişlərlə bağlı fikirlərini bölüşüb.

    Bildirib ki, bu sənədli filmdə İkinci Qarabağ müharibəsində özünün və operatoru Halil Kahramanın lentə aldığı, ancaq efirdə görünməyən kadlarından da istifadə ediləcək.

    Fulya Öztürk deyib ki, ilk dəfə kinorejissor Tahir Tahiroviçdən onun haqqında film ideyasını eşidəndə bu təkliflə razılaşmayıb: “Tahir Tahiroviçin israr və təkidlərindən sonra fikrimi dəyişib ssenarini oxudum. Filmin baş rolda mən olsam da, burada Azərbaycanın 44 günlük Vətən müharibəsində üzləşdiyi acı həqiqətlər yer alacaqdır”.

    Fulya Öztürk söyləyib ki, ermənilərin cəbhədən kənarda – Bərdə və Gəncədə törətdikləri terror aktları zamanı emosiya hisslərini saxlaya bilməyib: “Gəncəni də unutmadım, Bərdəni də... Bərdədə ətrafa yayılan qan qoxusu hələ də burnumdan getmir. Bu sözlə ifadə edilməyəcək dərəcədə ağır bir acı həqiqətdir”.

    Fulya Öztürkün sadəcə bir arzusu olduğunu söyləyib: “Şahidi olduğum həqiqətləri izləyicilər dəqiqliklə görsün və bu tarixi heç vaxt unutmasınlar”.

  • Rusiya ordusu ilə Krım xanı Dövlət Gərayın qoşunu arasında baş verən son döyüşün yeri aşkarlanıb

    Rus çarı İvan Qroznı dövründə ən dəhşətli döyüşlərdən biri kimi yadda qalan Sudbişenkoy ərazisində (Orlov vilayətində) alimlər 1500-dən çox artefakt aşkar ediblər.

    Orlov vilayətinin qubernatoru Andrey Klıçkov tarixi hadisəni əbədiləşdirmək məqsədilə təşkilat komitəsinin yaradılması haqqında əmr imzalayıb.

    2021-ci ilin aprelində Rusiya Elmlər Akademiyası Arxeologiya İnstitutunun mütəxəssisləri, Orlov vilayətinin Novoderevenkovski rayonundakı Sudbişi kəndi yaxınlığında aparılan qazıntılar zamanı, Rusiya ordusu ilə Krım xanı Dövlət Gərayın qoşunu arasında baş verən son döyüşün yerini aşkar ediblər.

    Bu döyüş İvan Qroznı dövrünün ən məşhur döyüşlərindən biri kimi tanınır. Alimlərin bildirdiyinə görə döyüşdə 80 min atlı iştirak edib.

    Məlumatda qeyd olunub ki, tapıntıların sayı 1500-dən çoxdur. Onların arasında 800-dən çox müxtəlif növ ox, 100-dən çox qurğuşun gülləsi və karteç, İvan Qroznının adına buraxılmış gümüş sikkələr, müxtəlif dəbilqələr və digər artefaktlar vardır.

  • Kitabxanada növbəti tədbir narkomaniya ilə mübarizəyə həsr olunub

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə 26 iyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar “Gəlin gələcəyimizi qoruyaq” adlı onlayn tədbir keçirilib.

    İdarədən bildirilib ki, tədbirin qonağı həkim-narkoloq, psixoterapevt Pərvin Abbasova olub. Pərvin xanım çıxışında narkomaniyanın fəsadlarından danışıb və qeyd edib ki, bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir.

    O, cinayətkarlığı, zorakılığı və korrupsiyanı yaradır, QİÇS-in sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı səngidir, ailə və icmaları dağıdır. İctimaiyyətin diqqətini daim narkomaniya ilə bağlı problemlərə yönəltmək məqsədilə BMT tərəfindən 26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan olunub.

    Sonra həkim-narkoloq izləyicilər tərəfindən verilən sualları cavablandırıb.

  • Respublika Gənclər Kitabxanası Cahangir Cahangirovun 100 illiyi münasibətilə silsilə materiallar hazırlayıb

    Azərbaycanın istedadlarla zəngin musiqi tarixinin səhifələrinə adı qızıl hərflərlə yazılan unudulmaz bəstəkarlardan biri də Cahangir Cahangirovdur. Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətləri olan bu bəstəkarın yaradıcılığında əsas yeri dillərdə əzbər olmuş mahnılar tutur. Vətənə, xalqa, millətə, anaya olan məhəbbət onun bəstələrində çox kövrək və ifadəli şəkildə öz əksini tapmışdır. Üzeyir Hacıbəylidən dərs almış və dahi bəstəkarın yaratdığı məktəbin ən istedadlı tələbəsi olmuş Cahangir Cahangirov çox maraqlı və müxtəlif janrlı musiqi əsərlərinin müəllifidir. Bəlkə də buna görədir ki, yazdığı bütün mahnılar şövqlə oxunub və əbədiyaşarlıq tapıb.

    Respublika Gənclər Kitabxanası bəstəkar, pedaqoq, xormeyster, Xalq artisti Cahangir Cahangirovun 100 illik yubileyi münasibətilə “Əbədiyaşar sənətkar” adlı virtual sərgi və “Cahangir Cahangirov - 100” adlı videoçarx hazırlayıb.

    Virtual sərgidə dahi bəstəkarın həyat və yaradıcılığı, tələbəlik illəri, bəstəkarlıq sahəsində atdığı ilk addımlar haqqında geniş məlumat verilib, bu sahədə ona müəllimlik etmiş dahi Üzeyir Hacıbəyovun adı çəkilib. Materialda Cahangir Cahangirovun müəllifi olduğu əsərlər haqqında məlumat verilib, musiqi bəstələdiyi filmlərin, tamaşaların siyahısı təqdim olunub. Virtual sərgidə bəstəkarın müxtəlif illərdə aldığı fəxri adlar orden və fəxri fərmanlar haqqında məlumat verilib, bundan əlavə Cahangir Cahangirovun, adını Azərbaycan musiqi tarixinə qızıl hərflərlə yazmış Niyazi, Qara Qarayev, Lütfiyar İmanov, Tofiq Quliyev ilə birgə foto şəkilləri də təqdim olunmuşdur. Virtual sərgidə dahi bəstəkarın 30-dan çox not nüsxəsinin biblioqrafik təsviri yer alıb.

    Bundan əlavə kitabxana əməkdaşları dahi bəstəkarın yaradıcılığına, bəsdələdiyi musiqi əsərlərinə həsr edilmiş “Cahangir Cahangirov- 100” adlı videoçarx da hazırlayıb. Videoçarx səsli müşayiət olunaraq, bəstəkarın yaradıcılığı haqqında maraqlı faktlarla zəngin ətraflı məlumat təqdim edir. Burada Cahangiz Cahangirovun musiqisinə bəstələnmiş və dahi sənətkarlar olan Şövkət Ələkbərova, Rəşid Behbudov, Tükəzban İsmayılova, Yalçın Rzazadə tərəfindən ifa edilən mahnı parçalarını da dinləyə bilərik. Videoçarxda Cahangir Cahangirovun müxtəlif illərdə çəkilən videoları da yer alıb.

  • Qırğız Respublikası ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu arasında gələcək tərəfdaşlıq münasibətləri müzakirə edilib

    Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın Türkiyədə keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayevlə görüşü keçirilib.

    Görüşdə Günay Əfəndiyeva Fondun qurucu üzv ölkəsi olan Qırğızıstanla əməkdaşlıq və dostluq əlaqələrinin təşkilat üçün əhəmiyyətindən söz açıb. G.Əfəndiyeva rəhbəri olduğu təşkilat tərəfindən türkdilli xalqların, o cümlədən qırğız xalqının qədim tarixinin, mədəniyyətinin təbliği, Qırğızıstanın görkəmli şair və yazıçılarının zəngin yaradıcılıqlarının daha geniş auditoriyalarla tanış etdirilməsi məqsədilə müxtəlif tədbirlərin, o cümlədən konfransların, dəyirmi masaların keçirildiyini diqqətə çatdırıb. O, nümunə kimi Fond tərəfindən 2018-ci ildə Azərbaycanda dünya şöhrətli yazıçı Çingiz Aytmatovun 90 illik yubileyinin qeyd edildiyini bildirib. Günay Əfəndiyeva eyni zamanda, Fondun hərtərəfli fəaliyyət göstərməsi üçün Qırğızıstan tərəfindən təşkilatın sənədlərinin ratifikasiya prosesinin tamamlanmasının vacibliyini vurğulayıb.

    Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayev Fondun fəaliyyətini yüksək qiymətləndirib. Nazir Türk Dünyasının maddi-mədəni irsinin qorunması və beynəlxalq aləmdə tanıdılması istiqamətində Fondun aktiv iştirakını təqdir edib. Ruslan Kazakbayev Fondun fəaliyyəti ilə bağlı lazimi sənədlərin Qırğızıstan tərəfindən təsdiqinin sürətləndirilməsinə dair müvafiq işlərin aparılacağını və yaxın zamanda tamamlanacağını qeyd edərək, təşkilatın keçirdiyi layihələrə dəstək verəcəyini bildirib.

    Görüş Qırğız Respublikası ilə təşkilat arasında gələcək tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi ilə davam edib.