Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • AAYDA: “Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkətində çətinlik yoxdur”

    Hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkətində heç bir çətinlik yoxdur

    “Report” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumatda deyilir.

    Bildirilir ki, agentlik tərəfindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunda gecə və gündüz saatlarında hərəkətin fasiləsizliyi və təhlükəsizliyini təmin etmək istiqamətində işlər davam etdirilib: “Magistral yolun qardan təmizlənməsi, buz bağlamış hissələrinə qum-duz qarışığının səpilməsi işləri aparılıb: “Hazırda da bu istiqamətdə işlər davam etdirilir. Hazırda yolda nəqliyyat vasitələrinin hərəkətində heç bir çətinlik yoxdur”.

    Qurum sürücülərə yollarda diqqətli olmaları və qış fəslinə uyğun təchiz edilmiş nəqliyyat vasitələrindən istifadə etmələri tövsiyə edir.

  • İranda Azərbaycanın sədrliyi ilə İƏT-in Turizm Komitəsinin toplantısı keçirilib

    Azərbaycanın sədrliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Regional Planlama Şurasının 34-cü iclası çərçivəsində İran İslam Respublikasının Tehran şəhərində təşkil olunan Turizm Komitəsinin toplantısı keçirilib.

    Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycanı Agentliyin Aparat rəhbərinin müavini - Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəlil Məlikov təmsil edib.

    Toplantı zamanı təşkilatın 2024-cü il üçün nəzərdə tutulmuş tədbirlər üzrə iş planına əsasən, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) regionu ölkələri üçün turizm sahəsi üzrə Məsləhətləşmə Komitəsinin yaradılması, turizm standartlaşdırması üzrə işçi qrupu tərəfindən hazırlanmış İƏT regionunda fəaliyyət göstərən yerləşdirmə müəssisələrinin davamlılığı ilə bağlı ümumi kriteriyalar, üzv dövlətlər arasında İpək Yolu turizmi istiqamətində əməkdaşlığın genişləndirilməsi məqsədilə işçi qrupun yaradılması müzakirə edilib.

    Həmçinin İƏT və UNESCO-nun birgə əməkdaşlığı ilə qədim İpək Yolu abidələrinin və mədəni irsinin qorunması üçün müvafiq tədbirlərin təşkili, eləcə də üzv dövlətlərin mövcud turizm potensialının təşkilat çərçivəsində daha geniş təbliğatının aparılması məqsədilə yeni layihə olan "İƏT-in turizm səfirləri"nin təyin edilməsi məsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

  • Filarmoniyada Xalq artisti Nəriman Məmmədovun əsərləri səsləndirilib

    Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq artisti, bəstəkar Nəriman Məmmədovun yaradıcılığına həsr olunmuş konsert keçirilib.

    Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyətinin müşayiəti ilə solistlər - Əməkdar artistlər Gülüstan Əliyeva, Ehtiram Hüseynov, Sevinc Sarıyeva, xanəndələr Rəvanə Qurbanova, Sərxan Bünyadzadə, Nurlan Əzizbəyli, Vəfa Vəzirova, Nurlana Abdullayeva, Kamran Şəkərov və Murad Laçın öz ifalarını dinləyicilərə təqdim ediblər.

    Konsertdə Nəriman Məmmədovun əsərləri səsləndirilib.

  • Xankəndi şəhərində ilk mobil operator mağazası fəaliyyətə başlayıb

    Azad edilmiş ərazilərin dirçəlişinə dəstək verməyə davam edən "Bakcell" Xankəndi şəhərində rəsmi diler mağazasını təqdim edən ilk mobil operator oldu. Yanvarın 24-dən etibarən, Qarabağ universiteti ilə üzbəüz ünvanda yerləşən "Bakcell" mağazası müştərilərə yüksək sürətli və innovativ rabitə xidmətlərini təqdim edir.

    Xankəndi şəhərində yeni mağazanın fəaliyyətə başlamasının şirkət üçün çox önəmli nailiyyət olduğunu vurğulayan "Bakcell" şirkətinin Baş icraçı direktoru Klaus Müller bildirib: “Əsas məqsədimiz Qarabağ və Şərqi Zəngəzur bölgələrini qısa müddət ərzində ölkənin ən sürətli şəbəkəsinə qoşmaqla "Bakcell" şirkətinin innovativ məhsullarını bütün abunəçilərə təqdim etməkdir”.

    Qeyd edək ki, "Bakcell" şirkəti işğaldan azad olunmuş ərazilərdə şəbəkəsinin genişləndirilməsinə 23 milyon manat həcmində investisiya yatırıb. Xankəndi, Xocavənd, Xocalı, Ağdərə, Əsgəran kimi yaşayış məntəqələrinin mobil şəbəkə ilə əhatə edilməsini qısa zamanda təmin edib. Həmçinin, Şuşa, Zəngilan, Cəbrayıl, Qubadlı, Kəlbəcər, Laçın rayonlarının əhalinin məskunlaşdığı və infrastruktur işlərinin aparıldığı ərazilərdə "Bakcell" şəbəkəsi abunəçilərə təqdim edilib.

  • Gənc Tamaşaçılar Teatrında “Qaraca qız” tamaşasının oxunuş məşqlərinə başlanılıb

    Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Süleyman Sani Axundovun və Abdulla Şaiqin "Qaraca qız" əsəri əsasında hazırlanacaq eyniadlı tamaşanın oxunuş məşqlərinə başlanılıb.

    Teatrdan AZƏRTAC-a bildirilib ki, yeni yaradıcılıq işinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, rəssam Nisə Hətəmova, musiqi tərtibatçısı İradə Muradovadır.

    Tamaşada Əməkdar artistlər Qəmər Məmmədova, Elnur Hüseynov, Mehriban Abdullayeva, Gülər Nəbiyeva, aktyorlar Rəşad Səfərov, Ramiq Nəsirov, Xalidə Əliməmmədova, Zemfira Əbdülsəmədova, İradə Rəşidova, Ədalət Əbdülsəməd, Elgün Yəhyayev, Asya Atakişiyeva, Nəzrin Zeynalova, Anar Seyfullayev, Ramil Məmmədov, Könül Əbilova, Simuzər Ağakişiyeva, Zümrüd Quliyeva, Aygün Fətullayeva, Hilal Dəmirov, Mətləb Abuşov, Nuranə Hüseynova, Gülbəniz Lətifova, Yusif Dadaşov, Xaliq Bəkirov iştirak edirlər.

    Səhnə əsərində cəmiyyətdəki təbəqələşmənin, varlı, kasıb ayrı-seçkiliyinin insanlara vurduğu zərbədən, onların həyatında yaratdığı faciələrdən bəhs edir. Valideynlərini itirən Tutu adlı qız mənsub olduğu qaraçı dəstəsindən ayrı düşür. Sonradan bir təsadüf Tutunu varlı Hüseynqulu ağa ilə rastlaşdırır. Hüseynqulu ağa onu meşədən öz evinə gətirir. Hər kəs onu Qaraca qız deyə çağırmağa başlayır. Qaraca qız Hüseynqulu ağanın qızı Ağca ilə tanış olur. Qızların həyat şəraiti fərqli olsa da, onlar bir-birinə mehribanlıq göstərir, dostluq edirlər. Ancaq Ağcanın anası Pəricahan xanım Qaraca qızı sevmir, onları bir-birindən ayırır. Qaraca qız bağban Piri babanın yanında yaşayır. Lakin günlərin birində Qaraca qız dostu Ağcanı ölümdən xilas etmək üçün öz həyatını qurban verməkdən çəkinmir.

  • Tron: Ares” filminin çəkilişləri davam edir

    Elmi-fantastik janrda ekranlaşdırılan “Tron: Ares” filminin çəkilişləri davam edir.

    AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, filmdə əsas rolları Jared Leto, Greta Lee , Cameron Monaghan canlandıracaq.

    Ekran əsərinin yayım tarixi hələ açıqlanmayıb.

  • Teatr-tamaşa və konsert müəssisələrinin fəaliyyətinə həsr olunan müşavirə keçirilib

    Yanvarın 22-də Beynəlxalq Muğam Mərkəzində mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə teatr-tamaşa və konsert müəssisələrinin fəaliyyətinə həsr olunan müşavirə keçirilib.

    Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

    Mədəniyyətə dövlət qayğısından danışan nazir Adil Kərimli bildirib ki, ölkəmizdə bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Prezident İlham Əliyev tərəfindən mədəniyyətin müxtəlif istiqamətlərinin kompleks inkişafına xidmət edən ardıcıl addımlar atılır. Mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, bu sahədə çalışan insanların sosial vəziyyətinin yaxşılaşdırılması diqqətdə saxlanılır. Ölkə başçısının sərəncamları ilə mədəniyyət və incəsənət sahələrinin inkişafına töhfə verən insanlar müxtəlif dövlət təltiflərinə, təqaüd və fəxri adlara layiq görülürlər.

    Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən mədəniyyətin inkişafı, təbliği, xüsusilə də mədəniyyət xadimlərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində çoxsaylı layihələr həyata keçirilir.

    Bununla belə, müasir dövrün çağırışlarına uyğun olaraq, mədəniyyət sahəsinə yeni yanaşmalar tətbiq edilməlidir. Teatr-tamaşa və konsert müəssisələrində yaradıcılıq potensialının inkişaf etdirilməsinə, yüksək bədii və estetik dəyərə malik tamaşaların hazırlanmasına xüsusi diqqət yetirilməlidir.

    Müşavirədə müəssisələrdə təhlükəsizlik qaydalarına ciddi riayət olunması, tamaşaçıların və işçilərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində mütəmadi tədbirlərin görülməsi, teatr-tamaşa və konsert müəssisələrinin, habelə Bakı Dövlət Sirkinin fəaliyyəti ilə bağlı vətəndaşlara xidmət göstərilməsi işinin təkmilləşdirilməsi istiqamətində müvafiq təhlillər aparılmalı və konkret tədbirlər görülməlidir. Bədii şuraların fəaliyyətinin canlandırılması, kollektivlərə yeni kadrların cəlb olunması, peşəkarlığın artırılması və bütün sahələrdə şəffaflığın təmin edilməsinin zəruriliyi də vurğulanıb.

    Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev, Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə, Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə, Dövlət Mahnı Teatrının direktoru Kazım Qasımov, Dövlət Uşaq Filarmoniyasının direktoru Dilarə Əliyeva müvafiq sahələr üzrə təkliflərini səsləndiriblər.

  • “Qətibə İnanc” yenidən Dram Teatrının səhnəsində

    Yanvarın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında xüsusi yer tutan “Qətibə İnanc” tamaşası yenidən nümayiş olunacaq.

    AZƏRTAC xəbər verir ki, ikihissəli tamaşa görkəmli yazıçı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib.

    Xalq artisti Mərahim Fərzəlibəyovun quruluşunda təqdim olunacaq səhnə əsərində rəsmlərin quruluşu Əməkdar mədəniyyət işçisi İlham Elxanoğluya, səhnə əsərinin musiqi tərtibatı isə Kamil İsmayılova məxsusdur. Tamaşa Gəncə hakimi Əmir İnancın qızı Qətibə İnancın Şeyx Nizamiyə olan məhəbbətindən bəhs edir. Şeyx tərəfindən məhəbbəti rədd ediləndən sonra Qətibə İnancda hamıya qarşı nifrət yaranır. Bu nifrətinə görə Qətibə sevmədən Məhəmməd Cahan Pəhləvanla ailə həyatı qurur.

  • Şuşada “İslam ölkələrinin ortaq süfrəsi” festivalı keçiriləcək

    Bu il Şuşada “İslam ölkələrinin ortaq süfrəsi” festivalı keçiriləcək.

    "Report" xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında əksini tapıb.

    Eyni zamanda, Şuşada İslam dünyasında turizmin inkişafı mövzusunda beynəlxalq konfrans təşkil olunacaq.

    Bununla bağlı Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə tapşırıq verilib.

  • Bu il İslam dünyasının aparıcı media nümayəndələrinin Şuşaya səfərləri təşkil ediləcək

    2024-cü il ərzində İslam dünyasının aparıcı media nümayəndələrinin Şuşaya səfərləri təşkil ediləcək.

    "Report" xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.

    Plana əsasən, icraçı orqanlar kimi Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Medianın İnkişafı Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi müəyyənləşib.