Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Cahangir Cahangirova həsr olunan “Qəlbləri fəth edən bəstəkar” adlı videoçarx hazırlanıb

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 nömrəli filialı görkəmli bəstəkar Cahangir Cahangirovun doğum günü ilə əlaqədar “Qəlbləri fəth edən bəstəkar” adlı videoçarx hazırlayıb.

    İdarədən bildirilib ki, videoçarx kitabxananın sosial hesablarında izləyicilərə təqdim edilib.

    Videoçarxda qeyd edilir ki, Cahangir Cahangirovun yaradıcılığı öz çoxşaxəliyi ilə seçilir. Bəstəkarın xor və instrumental musiqiləri, operaları, bir-birindən gözəl mahnıları var. Bəstəkarın xor musiqisi sahəsində maraqlı əsərlərindən “Arazın o tayında” poemasını, 12 hissədən ibarət “Dostluq mahnısı” kompozisiyasını, “Azad” və “Xanəndənin taleyi” operalarının xor nömrələrini, “Füzuli”, “Nəsimi”, “Aşıq Alı” kantatalarını, “Sabir” oratoriyasını və onlarca xor miniatürlərini göstərmək olar. Sadalanan əsərlərdən, xüsusilə “Füzuli” kantatası Cahangir Cahangirova böyük şöhrət gətirib. O, kantatada böyük şairin möhtəşəm obrazını, onun daxili aləmini özünəməxsus təsirli və qəlboxşayan musiqi dili ilə aça bilib.

  • “Kamança Şuşanın səsidir” musiqi layihəsi təqdim edilib

    Beynəlxalq Muğam Mərkəzinin solisti, Əməkdar artist, Prezident mükafatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Toğrul Əsədullayev “Kamança Şuşanın səsidir” musiqi layihəsini təqdim edib.

    Layihə ilə bağlı məlumat verən ifaçı, ilk növbədə Qarabağı, onun qəlbi Şuşanı işğaldan azad edərkən şəhidlik mərtəbəsinə ucalanlara rəhmət, sağlamlığını itirən qazilərə cansağlığı arzulayıb: “Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusunun 30 ildir işğalda olan torpaqlarımızı azad etməsi hər birimizdə qürur hissi yaratdı. Zəfərlə bitən 44 günlük Vətən müharibəsindən sonra biz də musiqiçi olaraq öz töhfəmizi verməliyik deyə düşündüm və belə bir layihəni ərsəyə gətirdim. Şuşalı bəstəkarların əsərlərindən ibarət silsilə ifalar lentə aldırdım. Əsərləri topladım və nəticədə Azərbaycanın mədəniyyət beşiyi Şuşanın işğaldan azad olunmasına ithaf edilən “Kamança Şuşanın səsidir” adlı musiqi albomu ərsəyə gəldi”.

    Qeyd edək ki, alboma səkkiz əsər daxil edilib. Əfrasiyab Bədəlbəyli, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov və Vasif Adıgözəlovun yaradıcılığından nümunələr ilk dəfə olaraq solo kamançada dinləyicilərin ixtiyarına verilib. Solo ifa zamanı Toğrul Əsədullayevi “Buta” instrumental ansamblı – bədii rəhbər, tarzən Rövşən Qurbanov, pianoda Əməkdar artist Nərgiz Əliyeva müşayiət ediblər.

    Yaxın gələcəkdə ifaçı layihəni daha geniş formatda beynəlxalq səviyyədə təqdim etməyi planlaşdırır.

  • Tahir Tahiroviç: “Fulya” filmi Qarabağda həlak olan hərbi jurnalistlərimizə ithaf olunub

    “Fulya” filmi Qarabağda peşə borcunu yerinə yetirərkən həlak olan hərbi jurnalistlərimizə ithaf olunub.

    Bu sözləri “Fulya” filimin ssenari müəllifi və rejissoru Tahir Tahiroviç deyib.

    Rejissor bildirib ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsində bu ssenarinin qalib gəlməsi onu çox sevindirib: “Ssenari yazdıq və müsabiqəyə göndərdik. Müsabiqədə qalib gələn layihələrdən biri də “Fulya” oldu. Biz burada Fulyanın şəxsi həyatını yox, onun 44 günlük müharibədə yaşadıqlarını bədiiləşdirdik”.

    Tahir Tahiroviç vurğulayıb ki, bu ssenarini yazmasında Fulyanın qadın olmasına baxmayaraq qorxmazlığı, cəsarəti və Azərbaycan xalqının rəğbətini, sevgisini qazanması böyük rol oynayıb. “Simvol olaraq Fulyanı götürsək də, bu filmdə Çingiz Mustafayev, Salatın Əsgərovanın timsalında Qarabağ savaşında vətən torpağının azadlığı uğrunda canlarından keçərək şəhadətə ucalan jurnalistlərimizin adları qeyd olunacaq”.

    Qeyd edək ki, çəkilişləri payız mövsümündə başa çatacaq “Fulya”nın qala gecəsinin mədəniyyət beşiyimiz olan Şuşa şəhərində keçirilməsi nəzərdə tutulur.

  • Türkiyədə Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konqres keçiriləcək

    Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan-Kipr Dostluq Cəmiyyəti Türkiyənin Bursa şəhərində iyulun 25-dən 29-dək böyük Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konqresi keçirəcək.

    Konqresin təşkilat komitəsi adından, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlunun verdiyi məlumata görə, konqres “Nizami Gəncəvi İli” çərçivəsində reallaşdırılıb.

    Bildirilib ki, konqreslə bağlı iki xüsusi akademik jurnal nəşr olunacaq. Elm sahəsində dünyaca məşhur olan “Turkish studies” Elmi Məqalələr jurnalı (https://turkishstudies.net) və Azərbaycanda işıq üzü görən “Elm və İnnovativ Texnologiyalar” beynəlxalq jurnalın konqres materialları ilə bağlı xüsusi nömrəsi nəşr ediləcəkdir.

    Konqresdə iştirak etmək arzusunda olanların Azərbaycan-Kipr Dostluq Cəmiyyəti ilə əlaqə saxlamaları tövsiyə olunur.

  • “Fulya” filminin çəkilişlərinə başlanılıb

    Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Türkiyənin “Dada Yapım” şirkətinin birgə istehsalı olan “Fulya” filminin çəkilişlərinə başlanıb.

    Kinostudiyadan bildirilib ki, film Vətən müharibəsi dövründə müharibənin acı və dağıdıcı həqiqətlərini dünyaya çatdıran “CNN Türk” televiziyasının hərbi müxbiri Fulya Öztürkün keçdiyi şərəfli yolu onun ifadəsində ən xüsusi kadrlarla yenidən əks etdirəcək.

    Filmin ssenari müəllifi və rejissoru Tahir Tahiroviç, operatoru Cengizhan Durmaz, prodüserləri Fariz Əhmədov və Özcan Dadadır. Çəkilişlər Gəncə, Tərtər və Şuşada aparılacaq.

    Film Mədəniyyət Nazirliyinin sifarişi ilə ekranlaşdırılır.

  • Bakıda “Su və rəng ahəngi-2021” adlı sərgi açılacaq

    “IWS Globe” beynəlxalq suluboya cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi olan “IWS Azerbaijan” və Xətai Sənət Mərkəzinin nəzdində açılmış “IWS Baku Khatai Art Gallery”nin təşkilatçılığı ilə “Su və rəng ahəngi-2021” adlı sərgi açılacaq.

    Dövlət Rəsm Qalereyasından bildirilib ki, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə təşkil olunacaq.

    Sərgiyə 18 yaşdan yuxarı rəssamlar qatıla bilər. Bütün işlər suluboya ilə yerinə yetirilməli, orijinal olmalı və başqa rəssamların işlərinin surətləri olmamalıdır. Sərgi üçün işlər “IWS Azerbaijan” akvarel cəmiyyətinin bədii şurası tərəfindən seçiləcək. Sərgidə iştirak etmək istəyən rəssamlar işlərinin fotolarını iyunun 30-dək iwsazerbaijan@gmail.com elektron ünvanına göndərə bilərlər.

    Sərgidə iştirak edəcək rəssamların siyahısı iyulun 3-də Xətai Sənət Mərkəzinin feysbuk və instaqram səhifələrində paylaşılacaq.

    Seçilmiş əsərlər iyulun 10-dək Xətai Sənət Mərkəzində yerləşən “IWS Baku Khatai Art Center”ə təhvil verilməlidir. Sərginin iyulun 15-də Xətai Sənət Mərkəzində açılması nəzərdə tutulub.

  • Bakı Şəhər Mədəniyyət Baş İdarəsi nümayəndə heyətinin Ukraynada görüşləri davam edir

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi nümayəndə heyətinin Ukraynaya səfəri davam edir.

    İdarədən bildirilib ki, nümayəndə heyətini Kiyev Şəhər Dövlət Administrasiyasının mədəniyyət və təhsil üzrə sədr müavini Valentin Mondrievski qəbul edib və Kiyev Şəhər Sovetinin deputatları Oles Malyareviç, Viktoriya Muxa və Alla Şlapakla görüşüblər.

    Görüşlərdə iki ölkə arasında mədəni əlaqələrin, dostluq və qardaşlıq münasibətinin getdikcə daha da inkişaf etməsindən məmnunluq ifadə olunub.

    “1997-ci ildə Kiyevlə Bakı arasında əməkdaşlıq haqqında razılaşma imzalandığı andan şəhərin, mənzil-kommunal təsərrüfatları, şəhərsalma və təhsilin inkişafı sahəsində bir çox təşəbbüslər gerçəkləşib. Bugünkü görüş isə qardaşlaşmış şəhərlərin mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq potensialının öyrənilməsinə və yeni istiqamətlərin müəyyənləşməsinə zəmin yaradıb”, – deyə Valentin Mondriyevski vurğulayıb.

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov öz növbəsində Azərbaycanla Ukrayna arasında dostluq və qardaşlıq münasibətlərinin 44 günlük Vətən müharibəsi zamanı informasiya mübarizəsində özünü bir daha bariz göstərdiyini qeyd edib və ukraynalılara dəstəyə görə minnətdarlığını bildirib. Kiyevin mədəniyyət obyektləri ilə tanışlıq imkanı yaratdıqlarına görə təşəkkür edib və bu görüşlərin təcrübə mübadiləsi və gələcək əməkdaşlıq baxımından faydalı olduğunu söyləyib.

    Kiyev Şəhər Sovetinin deputatları – Şəhər Sovetinin Nəqliyyat, rabitə və reklam məsələləri üzrə daimi komissiyasının katibi Oles Malyareviç, Mədəniyyət, turizm və ictimai əlaqələr məsələləri üzrə daimi komissiyasının rəhbəri Viktoriya Muxa və Büdcə və sosial-iqtisadi inkişaf məsələləri üzrə daimi komissiyası sədrinin birinci müavini Alla Şlapakla görüşlər də əməkdaşlığın və yeni layihələr üzərində işlərin aparılması nöqteyi-nəzərindən maraqlı olub.

  • Milli Kitabxanada “18 İyun – Milli İnsan Hüquqları Günü” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

    Bu gün – 18 iyun Azərbaycanda Milli İnsan Hüquqları Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2007-ci il 17 iyun tarixli Fərmanı ilə ulu öndər Heydər Əliyevin 1998-ci ildə ölkəmizdə ilk “İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunduğu nəzərə alınaraq Azərbaycanda Milli İnsan Hüquqları günü kimi təsis edilmişdir.

    Bu münasibətlə, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “18 İyun – Milli İnsan Hüquqları Günü” adlı virtual sərgi hazırlanıb.

    Kitabxanadan bildirilib ki, virtual sərgidə mövzu ilə əlaqəli kitab və məqalələr nümayiş olunur.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/18_iyun/index.html linkindən istifadə edə bilərlər.

  • Azərbaycanda musiqi simfoniyasının banilərindən biri

    Xalq artisti, professor Cövdət Hacıyevin anadan olmasından 104 il ötür

    Azərbaycanın zəngin musiqi mədəniyyəti tarixində şərəfli yer tutmuş böyük şəxsiyyətlərdən biri də Cövdət Hacıyevdir. Onun milli və dünya musiqi sənəti ənənələrinin novatorcasına vəhdətində insanın mənəvi gözəlliyini tərənnüm edən yaradıcılığı daim özünün yüksək vətəndaşlıq qayəsi və dərin estetik məzmunu ilə səciyyələnib.

    Bu gün görkəmli Azərbaycan bəstəkarı, tanınmış ictimai xadim və pedaqoq, SSRİ Dövlət mükafatları laureatı, Xalq artisti, professor Cövdət Hacıyevin anadan olmasından 104 il ötür.

    Cövdət Hacıyev 1917-ci ildə Şəkidə anadan olub. O, orta təhsilini başa vurduqdan sonra 1935-1938-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında, 1938–1941-ci illərdə isə Moskva Konservatoriyasında oxuyub və müharibə illərində yarımçıq qalmış təhsilini sonralar davam etdirərək, 1947-ci ildə bəstəkar Dmitri Şostakoviçin sinfini bitirib. 1947-ci ildən ömrünün sonuna qədər bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib, 1957-1969-cu illərdə isə bu ali musiqi təhsil ocağının rektoru vəzifəsində çalışıb.

    Azərbaycanda musiqi simfoniyasının banilərindən biri olan C.Hacıyev yaratdığı simfoniyalarda, “Sülh uğrunda” simfonik poemasında öz dövrünün ən mühüm problemlərinə toxunaraq onları lirik-dramatik tərzdə əks etdirib. Qara Qarayevlə birgə bəstələdiyi “Vətən” operası, kamera-instrumental və fortepiano əsərləri də C.Hacıyev yaradıcılığında əhəmiyyətli yer tutur. O, hələ tələbəlik illərində ilk böyük əsəri olan bir hissəli “Simfoniya”nı, iki simfonik poemasını, “Azərbaycan süitası”nı simli kvartet və sair əsərlərini bəstələyib. 1945-ci ildə Qara Qarayevlə birlikdə yazdığı “Vətən” operasına görə SSRİ Dövlət mükafatına layiq görülüb.

    Bəstəkar ümumilikdə səkkiz simfoniya müəllifidir. Onun simfonik musiqisini qəhrəmanlıq motivləri, humanizm, insanın mənəvi gözəlliyinin tərənnümü səciyyələndirir. O, bu simfoniyalarda Azərbaycan xalq musiqisinin müxtəlif janrlarının bədii ifadə vasitələrindən, inkişaf prinsiplərindən məharətlə istifadə edib. Cövdət Hacıyev, həmçinin simfoniyetta, oratoriya, ballada, sonata, skerso və kvartet poemanın, xor üçün bir sıra dəyərli əsərlərin müəllifidir.

    Cövdət Hacıyevin “Zirvələrə” adlanan altıncı və “Şəhidlər” adlı yeddinci simfoniyaları sənətkarın vətəndaşlıq mövqeyinin parlaq ifadəsidir. "Şəhidlər" simfoniyası Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinə həsr olunub. “Onu zaman seçib” adlı səkkizinci simfoniyası ulu öndər Heydər Əliyevə həsr olunub.

    Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında böyük rol oynamış Cövdət Hacıyev Azərbaycanda peşəkar musiqi kadrlarının hazırlamasında da misilsiz xidmətlər göstərib. O, Azərbaycan bəstəkarlarının bir neçə nəslini yetişdirmiş gözəl pedaqoq olub.

    Cövdət Hacıyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğindəki xidmətləri yüksək qiymətləndirilib. O, iki dəfə SSRİ Dövlət mükafatına layiq görülüb, bir çox orden və medallarla, o cümlədən Azərbaycan Respublikasının ali mükafatı – "Şöhrət" ordeni ilə təltif olunub.

    Prezident İlham Əliyevin 2017-ci il fevralın 7-də imzaladığı Sərəncama əsasən Cövdət Hacıyevin 100 illik yubileyi ölkəmizdə geniş qeyd olunub.

    Cövdət Hacıyev 2002-ci il yanvarın 18-də ömrünün 85-ci ilində vəfat edib.

  • Fidel Koloma: Çili–Azərbaycan ədəbi əlaqələrinin qurulması işinə töhfəmizi verməliyik

    İyunun 17-də Çili Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili Fidel Koloma Dövlət Tərcümə Mərkəzində olub.

    Tərcümə Mərkəzindən bildirilib ki, görüş zamanı mərkəz tərəfindən müxtəlif illərdə Azərbaycan dilində ərsəyə gətirilmiş Çili ədəbiyyatı nümunələri ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycan–Çili ədəbiyyatlararası əlaqələrin genişləndirilməsi istiqamətində atılacaq addımlar müzakirə edilib.

    Fidel Koloma deyib: “Çili ədəbiyyatının parlaq siması Pablo Nerudanın, eləcə də digər Çili şair və yazıçılarının yaradıcılığının mərkəz tərəfindən, artıq 90-cı illərdən Azərbaycanda işıqlandırılmasını yüksək dəyərləndiririk. Azərbaycan ədəbiyyatının Çilidə və digər Latın Amerikası ölkələrində yayımlanması işinə də xüsusi önəm veririk. Bu işi Mərkəzlə Çilinin müvafiq strukturları və təşkilatları ilə birgə əməkdaşlıq çərçivəsində davam etdirmək niyyətindəyik. Çili Xarici İşlər Nazirliyinin, bilavasitə bu məsələlərlə məşğul olan Mədəniyyət şöbəsinin də bu layihələrə cəlb edilməsini vacib bilirik”.

    Görüşün sonunda qonağa Pablo Nerudanın “Ümidsizlik nəğməsi” kitabı təqdim edilib.