Bu günlərdə “CinemaPlus” kinoteatrlar şəbəkəsi kinosevərlər üçün yeni layihə ərsəyə gətirib. Şamaxı şəhərində yerləşən “Abqora” restoranında “Meysəri” şərabları və “CinemaPlus”un birgə layihəsi olan “Open Air Cinema”da hər həftəsonu açıq havada, təbiətin qoynunda qonaqlar yeni filmləri izləyə biləcəklər.
Layihə regionda həyata keçirilsə də, paytaxt sakinləri tərəfindən də böyük maraqla qarşılanıb.
“CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə “Open Air Cinema” layihəsi barədə məlumat verərək bildirib ki, Bakıda da belə layihələr nəzərdə tutulub. Məlum məsələləri nəzərə alaraq hələlik paytaxtda gözləmə mövqeyindəyik. Xatırlayırsınızsa, biz hələ ötən il bu istiqamətdə bir layihə həyata keçirməyə çalışırdıq. “AvtoCinema” adlı layihənin anonsunu vermişdik. Bakıda məhz bu layihə gerçəkləşdikdən sonra digər layihəni təqdim edəcəyik. “AvtoCinema” layihəsi açıq havada kinoteatr giriş və çıxışı olan böyük avtopark sahəsini xatırladır. İnsanlar şəxsi avtomobillərində əyləşərək böyük ekranda filmləri izləyəcəklər. Çalışdıq ki, “Open Air Cinema” bir pilot layihə kimi regionda sınaqdan keçirilsin və daha sonra maraq və istəkləri nəzərə alaraq bu təcrübəni paytaxta köçürə bilək. Bu layihə pandemiya şəraiti ilə əlaqəli deyil, adi vaxtlarda da davam etdirilə bilər. İnanıram ki, kinosevərlərimiz yeni layihə vasitəsilə filmlər izləmək imkanı qazanacaqlar.
Qeyd edək ki, “Open Air Cinema”da filmlər və seanslar haqqında məlumatı "CinemaPlus”un sosial şəbəkə hesablarından əldə etmək mümkündür.
Operativ Qərargah bu yaxınlarda elan edib ki, vaksinləmə prosesinin daha intensiv aparıldığı ölkələrdə epidemioloji vəziyyətin yaxşılaşması nəzərə alınaraq, iyunun 21-dən başlayaraq ABŞ, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İsrail, Macarıstan və Qətər vətəndaşlarının Azərbaycana gəlmələrinə icazə verilir. Koronavirusla uzun aylar mübarizədən sonra israillilər onlar üçün ən populyar turizm istiqamətlərindən biri olan Azərbaycana nəhayət gələ və bu ölkədə istirahət edə biləcəklər. Bundan əvvəl Azərbaycan iyunun 10-da Türkiyə və Rusiya vətəndaşlarının ölkəyə girişinə icazə verib.
Bu barədə bir neçə gün bundan əvvəl Şmuel Dan Elmas İsrailin nüfuzlu ivritdilli “Israel HaYom” qəzetində “Odlar Yurdu israilli turistlər üçün açılır” sərlövhəli məqaləsində yazıb.
Məqalə müəllifi qeyd edir ki, İsrail və Azərbaycan arasında strateji münasibətlərin böyük uğurlarından biri məhz turizm sənayesinin - koronavirus pandemiyası başlananadək son illərdə sürətlə inkişaf edən sahənin payına düşür.
“Israel HaYom” qəzetinin müxbiri vurğulayır: “2017-ci ildə Azərbaycana gələn 15369 israilli turistdən sonra 2018-ci ildə onların sayı 40082-yə, 2019-cu ildə isə hətta 47003 nəfərə çatdı”.
2018-ci ildə yaradılan Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “Israel HaYom” qəzetinə eksklüziv müsahibəsində deyib: “Rəsmi Bakı hazırda İsrailin uğurlu vaksinləmə kampaniyasının aparılması üzrə təcrübəsini öyrənir. Azərbaycan peyvənd vurduran israilli turistlərə qapılarını yenidən açmağa hazırdır. Onlar “yaşıl pasport”larını, Təl-Əvivdən uçuşa 72 saat qalmış koronavirus testinin neqativ nəticəsini təqdim etməlidirlər.
Tezliklə Təl-Əvivdə Azərbaycanın turizm ofisi fəaliyyətə başlayacaq. Koronavirus pandemiyasından əvvəlki statistik rəqəmlər açıq-aydın göstərir ki, pandemiya böhranı bütün dünyada turizm sənayesinə ağır zərbə vurub.
Gələn il biz İsrail ilə Azərbaycan arasında diplomatik münasibətlər qurulmasının 30 illiyini qeyd edəcəyik. Biz həmişə sülh və dostluq şəraitində yaşamışıq, bayramları bərabər qeyd etmişik. Azərbaycanda çox fəal yəhudi icması var. Bu icma Azərbaycanın maraqlarını xaricdə inkişaf etdirir. İsraildə Arye Qut kimi ictimai xadimlər və diaspor nümayəndələri var ki, İsrail KİV-ləri onlar üçün əlçatandır və bu, strateji cəhətdən bizim üçün mühümdür. Azərbaycan qədim tarixə, çoxəsrlik ənənələrə, gözəl təbiətə və parlaq mədəniyyətə malik dövlətdir. Bu ölkədə qədim petroqlifləri, zərdüştilik məbədlərini, şərq saraylarını, müasir muzeyləri görmək, isti dənizdən, ucu-bucağı görünməyən çimərliklərdən zövq almaq, çoxsaylı festival və konsertləri izləmək mümkündür. Azərbaycan hərcəhətli ölkədir, kinofilmlərin, bədii fotosessiyaların çəkilişi üçün, sadəcə olaraq, coşqu, gözəl əhval-ruhiyyə axtarmaq üçün ideal məkandır, çünki bu ölkədə hər şey tapmaq mümkündür”.
İsrailin nüfuzlu ivritdilli “Israel HaYom” qəzeti sonda yazır ki, Azərbaycanda turizm aktiv şəkildə inkişaf edir. Odur ki, israillilərin Odlar Yurduna səyahəti maraqlı olacaq və yaddaqalan təcrübəyə çevriləcək.
İyunun 22-də Bakı Müasir İncəsənət Muzeyində Əməkdar incəsənət xadimi Sabina Şıxlinskayanın “Yaxından” adlı sərgisi açılacaq.
“Yaxından” layihəsi müasir incəsənətin multimedia sərgisidir. Layihənin mövzusu neft sənayesini və bu sahədə çalışan neftçilərin həyatlarını “qəhrəmanlıq” aspektindən təsvir edir. Layihəyə monumental rəsm əsərləri, video və səsli instalyasiyalar daxildir. Müəllif bu mövzunun nəzərəçarpacaq dərəcədə mənalı olması üçün sərginin xüsusi dizaynını hazırlayır.
Layihənin maliyyə dəstəyi İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinə aiddir və bu layihə Bakıdakı Höte Mərkəzi, Latviya Respublikasının səfirliyi, İsveç Krallığının səfirliyi və Platform ART təşkilatının birgə əməkdaşlığı ilə həyata keçirilir.
XIX əsrin sonlarından bəri neft müasir cəmiyyətlərin əsas tərkib hissəsinə çevrilmişdir. Quruda, suda və havada hərəkəti benzin, dizel və kerosin olmadan təsəvvür etmək ağlasığmaz olardı. Neft müasir həyatımızı xarakterizə edən geniş çeşidli materiallar və məhsulların əsasını təşkil edir. Neft yalnız maşınları bəsləmir, eyni zamanda fantaziyalar da yaradır. Elmi və texniki, eləcə də metafizik və ruhi ideyalar və ümidlər bu gözqamaşdıran maddə ilə - həyatımızın qara güzgüsü ilə əlaqələndirilir.
“Neft” maddəsinin dəyərinin müxtəlifliyini daha yaxşı başa düşmək üçün, Şıxlinskaya neft sənayesində əsas fikri “insan faktoru”na yönəltməyi qərara alıb. Neft sənayesindəki peşə təhlükəli və nüfuzlu olmaqda davam edir və onun əhatə dairəsi genişlənir. Texnologiya böyüyür, risklər 100 il bundan əvvəlki neft sənayesini indiki ilə müqayisə etdikdə daha çox idarə oluna biləndir. Lakin dənizdə çalışan neftçilərin həyatları hələ də riskli və təhlükəlidir və həyatlarını bəşəriyyət üçün bu mühüm təbii xammalın inkişafı və istehsalı üçün fədakarlıq göstərən insanlara bir nümunədir.
Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Ramil Əhmədin “Orxan Pamukun evində” kitabı işıq üzü görüb.
Kitabda Ramil Əhmədin ədəbiyyat üzrə Nobel mükafatı laureatı, türk yazıçısı Orxan Pamukla tanışlığının, görüşünün detalları, eləcə də ədibin evində gerçəkləşən söhbətləri yer alıb. Kitabın bəzi hissələri mətbuatda işıqlandırılsa da, kitabda daha öncə yayımlanmayan yazılar, fotolar və Pamukun yaradıcılığına aydınlıq gətirən detallar var.
Orxan Pamuk ilk dəfə bu kitabda yarımçıq gənclik romanından, gələcəkdə Məsumiyyət Muzeyinin qapalı qutularında sərgilənəcək əşyalardan, romanlarında ailəsindən gələn detallardan, evdəki “zəka terrorundan” qaçıb ədəbiyyata sığınmasından bəhs edir.
Kitabda həm fiziki mənada Orxan Pamukun İstanbulda yaşadığı evindən, həm də məcazi mənada onun sözlərlə qurduğu ədəbiyyat evindən söhbət açılır.
Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Muğam axşamları” onlayn layihəsinin konsertləri mərkəzin sosial şəbəkə hesabları vasitəsilə izləyicilərə təqdim olunmaqda davam edir.
BMM-nin yutub kanalı, feysbuk və instaqram səhifələri vasitəsilə yayımlanan konsertlərdə mərkəzin solistləri bir-birindən fərqli ifalarını muğamsevərlərə təqdim edirlər.
İndiyədək layihə çərçivəsində 30-dan artıq muğam nömrəsi nümayiş olunub. Xanəndələrin ifasında muğam və təsniflər səsləndirilib. Təqdim olunan konsertlər ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Sevindirici haldır ki, bu konsert nömrələri ölkəmizin müxtəlif dövlət təşkilatlarının onlayn olaraq qoşulduğu beynəlxalq layihə və festivallarda BMM-dən rəsmi icazə alınaraq nümayiş olunub. Mədəniyyətimizi, muğam sənətimizi müxtəlif dünya xalqlarının qatıldığı tədbirlərdə təmsil edib. Pandemiya səbəbindən BMM öz tamaşaçılarına qapılarını aça bilməsə də sosial şəbəkə hesabları vasitəsilə təqdim edilən layihələrinin maraqla qarşılanması, ünvanlanan məktub və təkliflər ictimaiyyətin mərkəzin fəaliyyətinə marağının və sevgisinin nümunəsi kimi qəbul edilər.
Qeyd edək ki, BMM ölkəmizdə teatr və konsert salonlarının pandemiya səbəbindən fəaliyyətinə xitam verildiyi gündən bir çox layihələrini səhnədən virtual rejimə çevirərək izləyicilərə təqdim edir.
Yaxın günlərdə BMM solistlərinin ifasında yeni layihələrlə izləyicilərin görüşünə gələcək.
Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin Azərbaycanda 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamını əsas götürərək, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə yardımı ilə hazırlanmış “Eternıty” (Əbədilik) musiqi albomu ictimaiyyətə təqdim olunub.
Fonddan bildirilib ki, layihənin rəhbəri Türkiyədə yaşayan həmyerlimiz, Mimar Sinan Güzel Sanatlar Universitetinin doktorantı, musiqiçi Vüqar Qurbanov, musiqi redaktoru Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı İlham Nəzərov, prodüseri sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov, dizayneri isə Səbinə Rəhimzadədir.
Azərbaycan dili, tarixi və mədəniyyətinin təbliği baxımından olduqca aktual olan layihədə, Azərbaycanın dahi şəxsiyyəti və böyük şairi Nizami Gəncəvinin sözlərinə Üzeyir Hacıbəyli, Əfrasiyab Bədəlbəyli, Ağabacı Rzayeva, Tofiq Quliyev, Cahangir Cahangirov, Fikrət Əmirov, Süleyman Ələsgərov, Sevda İbrahimova, Gülnaz Abdullazadə, Ceyhun Allahverdiyev, Dilşad Əliyeva tərəfindən bəstələnmiş mahnı-romanslar yer alıb.
Albomun üz qabığında Nizami Gəncəvinin siması əks olunub, içərisində isə dahi şair, həmçinin ifalar haqqında ingilis dilində məlumat yerləşdirilib.
Musiqi albomunda tanınmış vokal ifaçılarından- Azərbaycan Respublikasının Xalq artistləri Azər Zeynalov, Samir Cəfərov, Gülnaz İsmayılova, Əməkdar artistlər Fəridə Məmmədova, Anar Şuşalı, İlham Nəzərovun ifalarında bir-birindən dəyərli musiqi nümunələri lentə alınıb. İfaçıları fortepianoda Xalq artisti Ülviyyə Hacıbəyova, həmçinin Dilşad Əliyeva, Svetlana Əhmədova, Təranə Məmmədova, Ülviyyə Kazımova və Bəbir Bəbirli müşayiət edib. XXI əsr Azərbaycan vokal məktəbinin nümayəndələrinin ifasında həmin romanslar incə zövqlə, yüksək peşəkarlıqla səsləndirilib və onların qəlbləri oxşayan ifalarında Nizami poeziyasının gözəlliyi, dərinliyi öz bütünlüyü ilə əks olunub.
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Xorvatiyanın ölkəmizdəki səfiri Branko Zebiç ilə görüşüb.
Nazirlikdən bildirilib ki, görüşdə nazir Anar Kərimov Azərbaycanla Xorvatiya arasındakı dostluq münasibətlərinin bir çox sahələrdə səmərəli əməkdaşlığın qurulmasına, o cümlədən mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsinə böyük zəmin yaratdığını bildirib. Xorvatiya ilə mədəni əlaqələrin inkişafının vacibliyini bildirən nazir iki ölkə arasında imzalanmış sənədlərin əməkdaşlığın genişləndirilməsinə əhəmiyyətli töhfə verdiyini vurğulayıb.
Anar Kərimov ölkələrimiz arasında mədəni əlaqələrin daha da gücləndirilməsi ilə bağlı məsələlərə toxunarkən mədəni irsin bərpasında Xorvatiyanın təcrübəsindən istifadə, kitabxana və muzey işi, gənclərlə iş, ümumilikdə mədəniyyətin müxtəlif sahələrində təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib, birgə tədbirlərin təşkilində ölkəmizin maraqlı olduğunu vurğulayıb.
Qəbula görə nazirə təşəkkürünü bildirən səfir Branko Zebiç ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu ifadə edib, ölkələr arasında mədəniyyət sahəsində birgə fəaliyyətin səmərəli təşkili məqsədilə bu kimi görüşlərin əhəmiyyətini qeyd edib, mədəni əlaqələrin daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə həmçinin iki ölkə arasında mədəniyyət sahəsində qarşılıqlı fəaliyyətin gələcək perspektivləri müzakirə edilib, əməkdaşlıqla bağlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.