İyunun 19-da Beynəlxalq Sulu boya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi və Xətai Sənət Mərkəzinin nəzdində yerləşən Xətai Akvarel Qalereyası tərəfindən akvarel vorkşopu keçiriləcək.
Xətai Sənət Mərkəzindən bildirilib ki, tədbirin keçirilməsində məqsəd suluboyaçı rəssamların yaradıcı ünsiyyətini, təcrübəsini, bilik mübadiləsini və texniki incəlikləri bir-biri ilə bölüşmələri, həmçinin vorkşop keçirilən vaxt hər kəsin çalışan rəssamların iş prosesini seyr edərək suallar verib texnika ilə tanış ola bilmələrinə yardımçı olmaqdan ibarətdir.
Sərgi Xətai Akvarel Qalereyasında təşkil olunacaq.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndə heyəti Kiyev şəhərinin Tarix Muzeyində və T.Q.Şevçenko adına Mərkəzi Uşaq Kitabxanasında görüşlər keçirib.
İdarədən bildirilib ki, Kiyev şəhərinin Tarix Muzeyini ziyarət edərkən, burada muzeyin yaranma tarixi, ekspozisiyası, fond işi və layihələri haqqında ətraflı məlumat əldə edilib. Muzeydə 2020-ci ildən başlayaraq həyata keçirilən “Ukraine: The Best” (Ukrayna: Məşhurlar) və “Great Seven” (Böyük Yeddilik) incəsənət layihələri məna və məzmun etibarilə xüsusilə diqqəti çəkib. Layihənin müəllifi Yuri Komelkov ideyanın “Novoye vremya” jurnalında “100 məşhur ukraynalı” siyahısından bəhrələnərək yarandığını və multimedia layihəsinin Ukrayna mədəni mühitini təmsil edən şəxsiyyətləri özündə birləşdirdiyini qeyd edib. Layihənin ikinci hissəsi olan “Great Seven” Ukrayna modernizminin parlaq nümayəndələrinə həsr edilib və Ukrayna etnokimliyinin vizual kodunu təşkil edir. Layihənin özəlliyi muzey və şəxsi kolleksiyaların bir araya gələrək bu vətənpərvər ruhlu əməkdaşlıq çərçivəsində gerçəkləşməsidir.
Kitabxanada idarəetmə prinsipləri, fond işi və xidmət sahəsində həyata keçirilən layihələr diqqəti cəlb edib və bu sahədə əməkdaşlıq imkanları müzakirə olunub.
Qeyd edək ki, idarənin nümayəndə heyətinin Ukraynaya səfəri iyunun 21-dək davam edəcək.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük müharibədə qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində tariximizə yazılmış şanlı salnamədir. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı ilə yanaşmaq bütün cəmiyyətimizin borcudur.
Bu gün Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin sosial qayğılarının həll edilməsi üçün zəruri tədbirlər görülür.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən də bu istiqamətdə müvafiq addımlar atılır, o cümlədən şəhidlərin ailə üzvlərinin, döyüşlərdə yaralanan və müharibə iştirakçı olan insanların və onların ailə üzvlərinin imkan daxilində mədəniyyət müəssisələrində işlə təmin olunması məsələlərinə baxılır.
Cari ilin yanvarından may ayınadək Mədəniyyət Nazirliyi tərəfindən 75 şəhid və yaralanmış şəxsin ailə üzvü, I və II Qarabağ müharibələri iştirakçıları və onların ailə üzvləri mədəniyyət müəssisələrində işlə təmin edilib. Onlardan 38 nəfər şəhidlərin ailə üzvü, 9 nəfər döyüşlərdə yaralan şəxs, 13 nəfər döyüşlərdə yaralananların ailə üzvü, 10 nəfər müharibə iştirakçısı, 5 nəfər isə müharibə iştirakçısının ailə üzvüdür.
Onu da qeyd etmək istəyirik ki, işlə təmin olunanlar bundan əvvəl mədəniyyət sahəsində çalışmamış şəxslərdir.
Eyni zamanda, şəhid mədəniyyət işçilərinin ailələrinə və döyüşlərdə yaralanmış mədəniyyət işçilərinə Mədəniyyət Nazirliyinin dəstəyi ilə maddi yardım göstərilib.
Nazirlik tərəfindən şəhid ailələri, döyüşlərdə yaralananlar və müharibə iştirakçıları daim diqqətdə saxlanılır, mütəmadi olaraq onlarla görüşlər keçirilir, mövcud problemlərinin həllində köməklik göstərilməsi məqsədilə tədbirlər görülür.
Azərbaycanın Pakistandakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin Xeybər Paxtunxva əyalətinin paytaxtı Peşəvər şəhərinin bir prospektinə dahi Azərbaycan şairi Nizami Gəncəvinin adı verilib.
Bu münasibətlə keçirilən açılış mərasimində Peşəvər əyalətinin Yerli İdarəetmə və Kəndlərin İnkişafı üzrə naziri Əkbər Əyyub Xan, Peşəvər şəhər bələdiyyəsinin baş direktoru Mian Şafiq Ur Rəhman, şəhər komissarı sədrinin müavini Xalid Xan, ictimai-siyasi xadimlər, eləcə də bu ölkənin KİV nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mian Şəfiq Ur Rəhman qonaqları salamlayaraq Azərbaycanla Pakistan arasındakı səmimi münasibətlərdən bəhs edib və Nizami Gəncəvi prospektinin açılışının qardaş ölkələr arasındakı əlaqələrin yüksək göstəricisinin bariz nümunəsi olduğunu bildirib.
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu il ölkəmizdə böyük Azərbaycan şairi, filosofu və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin qeyd edildiyini bildirərək dahi şair haqqında geniş məlumat verib. Səfir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edildiyini vurğulayıb.
Ə.Əlizadə Nizami Gəncəvinin çoxsaylı davamçılar yetişdirmiş böyük bir ədəbi məktəbin təməlini qoyduğunu, onun məşhur və solmaz “Xəmsə”sinin dünya poetik-fəlsəfi düşüncənin zirvəsində dayandığını bildirib. Səfir Peşəvər şəhərindəki prospektə Nizami Gəncəvinin adının verilməsinin Pakistan xalqı tərəfindən onun böyük irsinə diqqət və hörmətin təzahürü olduğunu ifadə edib.
Diplomat davamlı əməkdaşlığa, dəstəyə və əlaqələrimizin genişləndirilməsində və gücləndirilməsində göstərilən qətiyyətə görə Pakistan hökumətinə və xalqına təşəkkürünü bildirib.
Əkbər Əyyub Xan çıxış edərək ilk öncə Vətən müharibəsində qazanılan zəfər münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik edib. Nazir Pakistan və Azərbaycan arasındakı qardaşlıq əlaqələrindən söz açaraq hər iki ölkənin beynəlxalq arenada bir-birini dəstəkləməsindən məmnunluğunu bildirib, Azərbaycanın hər zaman Pakistanın yanında olmasını yüksək qiymətləndirib. Əkbər Əyyub Xan, həmçinin Peşəvər şəhərində yeni açılmış Nizami Gəncəvi prospektinin ölkələrimiz arasındakı münasibətlərin daha da genişlənərək möhkəmlənməsinə töhfə verəcəyinə əmin olduğunu ifadə edib və prospektə dahi Azərbaycan şairi Nizami Gəncəvinin adının verilməsi ilə bağlı rəsmi bildiriş sənədini səfir Əli Əlizadəyə təqdim edib.
Xalid Xan və Pakistanın Sülh və Diplomatik Araşdırmalar İnstitutunun direktoru Məhəmməd Asif Nur ölkələrimiz arasındakı səmimi münasibətlərə toxunaraq iki ölkənin xalqları arasındakı möhkəm bağlardan danışıblar. Onlar Bakı Dövlət Universitetində fəaliyyət göstərən urdu dili departamenti, Azərbaycanda olan Pakistanın görkəmli şairi Məhəmməd İqbalın tədqiqatı mərkəzi və Pakistan ədəbiyyatı mərkəzi, eləcə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Pakistanda mütəmadi olaraq həyata keçirilən sosial-humanitar layihələr haqqında fikirlərini bölüşüblər, həyata keçirilən layihələrə görə Fonda, eləcə də ölkəmizin Kəşmir məsələsində Pakistana göstərdiyi dəstəyə görə Azərbaycan hökumətinə və xalqına minnətdarlıqlarını çatdırıblar.
Tədbirdə, həmçinin Azərbaycanın böyük şairi Nizami Gəncəvinin ruhuna dualar oxunub və ağac əkilib.
Tədbir zamanı Nizami Gəncəvi haqqında məlumatları və onun əsərlərini özündə əks etdirən kitablar və suvenirlər də qonaqlara təqdim olunub.
Tanınmış baletmeyster soydaşımız, Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, Sankt-Peterburqun Mariinski Teatrı Primorsk səhnəsinin baş baletmeysteri Eldar Əliyev Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı rəhbərliyinin dəvəti ilə Bakıdadır. O, iyunun 8-dən 17-dək teatrda klassik balet tamaşalarına quruluş verir, eyni zamanda ustad dərsləri keçir.
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov iyunun 14-də görkəmli sənətkar Eldar Əliyevlə görüşüb.
Nazirlikdən bildirilib ki, görüş zamanı ölkəmizdə xoreoqrafiya sahəsinin inkişaf perspektivləri müzakirə olunub, gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Eldar Əliyev gələcəkdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində P.İ.Çaykovskinin “Yatmış gözəl”, Q.Qarayevin “İldırımlı yollarla” baletləri və digər əsərlərin səhnələşdirilməsi işini özü üçün şərəf hesab etdiyini bildirib.
Nazir xoreoqraf soydaşımızla əməkdaşlığın Azərbaycan mədəniyyətinin inkişafına töhfə olacağını deyib, sənətkara yaradıcılıq uğurları arzulayıb.
Qeyd edək ki, Eldar Əliyev 1957-ci ildə Bakı şəhərində anadan olub. Bakı Xoreoqrafiya Məktəbində və Sankt-Peterburq Rus Balet Akademiyasında təhsil alıb. 1979-1992-ci illərdə Mariinski Teatrının aparıcı solisti kimi fəaliyyət göstərib. O, dünyanın 40 ölkəsində həm solist kimi çıxış edib, həm də bir çox məşhur balet əsərlərinə quruluş verib. Rusiya balet sənətinin inkişafında göstərdiyi müstəsna xidmətlərinə görə Eldar Əliyev 2021-ci ildə Rusiyanın “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.
Eldar Əliyev 2016-cı ildən Mariinski Teatrı Primorsk səhnəsinin baş baletmeysteri vəzifəsində çalışır. 2020-ci ildə görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baleti Vladivostok şəhərində E.Əliyevin quruluşunda tamaşaçılara təqdim edilib və böyük əks-səda doğurub. “Min bir gecə” baleti bu quruluşda Sankt-Peterburq Mariinski Teatrının səhnəsində, habelə Kazan Beynəlxalq Balet Festivalında da uğurla nümayiş etdirilib.
Heydər Əliyev Fondu “Qarabağın mədəni irsi” adlı nəşrlər toplusu hazırlayıb. Topluya ədəbiyyat, musiqi, memarlıq sahələrini, xalq sənətkarlığını və xalçaçılıq sənətini əks etdirən 5 nəşr daxildir.
“Xalq sənətkarlığı” nəşrində Azərbaycan xalqının zəngin yaradıcılığında mühüm yerlərdən birini tutan, onun həyat və məişət, gündəlik güzəranı ilə bağlı olan xalq sənətlərindən bəhs olunur. Ən qədim dövrlərdən zəmanəmizədək yaşayan bu sənət növü xalqın geyimindən tutmuş müxtəlif təsərrüfat məmulatı və bəzəyinə qədər böyük bir sahəni əhatə edir. Nəşrdə təqdim edilən materiallar bol xammal ehtiyatı ilə zəngin olan Azərbaycanın ayrılmaz hissəsi - Qarabağda bir çox sənət sahələrinin, o cümlədən ağacişləmə, baramaçılıq, başmaqçılıq, bədii tikmə, boyaqçılıq, culfaçılıq, daşişləmə, dəmirçilik, dəriçilik, dulusçuluq, dülgərlik, həsirçilik, xalçaçılıq və digər sənətlərin geniş yayıldığını, özünəməxsus inkişaf yolu keçdiyini nümayiş etdirir.
Qarabağ bölgəsinin çoxəsrlik tarixə malik və Azərbaycan xalqının mədəni sərvətinin mühüm hissəsini təşkil edən musiqi irsi haqqında foto və məlumatlar “Musiqi” adlı nəşrdə cəmlənib. Təkrarsız maddi və qeyri-maddi mədəniyyət abidələri ilə seçilən Qarabağ Azərbaycan musiqisinin məbədi hesab olunur. XVIII əsrdə yaranmış Qarabağ xanlığı Azərbaycan ədəbiyyatı və incəsənətinin, xüsusilə də musiqi sənətinin inkişafına güclü təkan vermişdir. Toplunun Qarabağın musiqi irsinə aid olan nəşrində XIX-XX əsrlərdə cərəyan edən mürəkkəb mədəni-tarixi proseslərdə, regionun mənəvi mühitinin inkişafında, Şərq-Qərb musiqi dialoqunun formalaşmasında Qarabağ musiqiçilərinin müstəsna rol oynaması faktı ortaya qoyulur. Nəşrdə Qarabağın aşıq mühiti, muğam, bəstəkarlıq və vokal məktəbləri barədə məlumat və fotolar təqdim edilir.
“Ədəbiyyat” nəşrində Qarabağda xalqımızın yaratdığı, qədim və zəngin mədəniyyətin bir qolunu təşkil edən mədəni sərvətlər, söz və sənət nümunələri haqqında məlumatlar diqqətə çatdırılır. Əsrlər boyu Qarabağda Azərbaycan incəsənətinin müxtəlif sahələri: xalq musiqisi, aşıq sənəti, muğamat və ifaçılıq xüsusi inkişaf yolu keçmişdir. Şifahi xalq ədəbiyyatı nümunələrində Qarabağ ərazisindəki yer adları bu torpaqların Azərbaycan möhürüdür. Azərbaycanın yazılı ədəbiyyatında Qarabağ mövzusu geniş yer tutmuşdur. Nəşrdə Qarabağlı şair və yazıçılar barədə məlumatlar və fotolar təqdim edilir.
“Memarlıq” haqqında nəşrdə Azərbaycan ərazisində mövcud olan memarlıq abidələrinin forma, tipoloji və konstruktiv baxımından zənginliyi barədə məlumatlar toplanıb. “Qarabağın mədəni irsi” toplusunun bu bölməsində zamanın tələblərinə uyğun yaradılan memarlıq nümunələri haqqında məlumatlar fotolar və qrafik rəsmlər vasitəsilə diqqətə çatdırılır.
Qədim zamanlardan Azərbaycanın əlverişli iqlim şəraiti burada xalçaçılığın inkişafına təkan vermişdir. Azərbaycan xalçaları arasında Qarabağ xalçaları xüsusi yer tutur. “Xalçaçılıq” nəşrində Qarabağ ərazisində xalçaçılığın yaranma tarixi, xalçaların işlənmə texnikası, Qarabağ xalça qrupunun xarakterik xüsusiyyətləri, bu bölgədə toxunan xalçaların səsi-sorağının bütün dünyadan gəldiyi qeyd olunur.
Almaniyanın Vaken şəhərində ənənəvi olaraq keçirilən “Wacken Open Air” musiqi festivalının təşkilatçıları pandemiya ilə əlaqədar festivalı təxirə saldıqları üçün alternativ “Bullhead City Festival” adlı tədbiri təşkil etməyə qərar veriblər.
Tədbir Vakendə sentyabrın 16-dan 18-dək keçiriləcək.
Bildirilib ki, “Wacken Open Air”də olduğu kimi bu dəfə də tamaşaçılara geniş musiqi proqramı təqdim olunacaq. Festivalda Almaniyanın “Blind Guardian” metal qrupu və Finlandiyadan “Nightwish” sinfinik-metal qrupu çıxış edəcək. Bundan əlavə qonaqlar qarşısında tanınmış müğənni, Doro təxəllüslü Doroti Peş, Almaniyanın “Saltatio Mortis” musiqi qrupu və digər populyar ifaçılar çıxış edəcəklər.
Dövlət Tərcümə Mərkəzi ilə Gürcüstan Milli Yazıçılar İttifaqı arasında əməkdaşlıq memorandumu imzalanıb.
Tərcümə Mərkəzindən bildirilib ki, memorandumda ölkələrarası ədəbi-mədəni əlaqələrin genişləndirilməsi istiqamətində davamlı və konstruktiv əməkdaşlıq – Azərbaycan və Gürcüstan ədəbiyyatlarının qarşılıqlı mübadilələr çərçivəsində tərcüməsi, nəşri, kitablara dair təqdimatların, dəyirmi masaların, onlayn-konfransların keçirilməsi, nəşrlərin geniş oxucu auditoriyasına çatdırılması, ölkələrin mərkəzi kitabxanalarına və universitetlərinə yerləşdirilməsi kimi məsələlər nəzərdə tutulur.
Sənəd Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri Afaq Məsud və Gürcüstan Milli Yazıçılar İttifaqının sədri Makvala Qonaşvili tərəfindən imzalanıb.
“Narimanfilm” kinostudiyasının xaricdə yaşayan soydaşlarımız üçün xüsusi olaraq hazırladığı https://azcinemaonline.com/ internet kinoteatrı yenilənmiş platformada fəaliyyət göstərməyə başlayıb.
Platformanın yaradılmasında məqsəd digər ölkələrdə yaşayan azərbaycanlıların Vətənlə əlaqələrini möhkəmləndirmək, onları mədəniyyət və kino sahəsində baş verən yeniliklərlə tanış etmək, Azərbaycan kinosunun, televiziyasının və mədəniyyətinin dünya bazarında, eləcə də dünya auditoriyası arasında populyarlaşması və irəliləməsini təmin etməkdən ibarətdir. Eyni zamanda, gənc kinematoqrafçılarımıza öz işlərini dünya izləyicilərinə təqdim etmək imkanı yaratmaq və Azərbaycan kinematoqrafçıları ilə digər ölkələrdən olan həmkarları arasında iş birliyinin qurulması üçün şəraitin yaradılmasını təmin etməkdən ibarətdir.
Burada Azərbaycan kinosunun inciləri ilə yanaşı, həmçinin ölkəmizin ərazisində xarici kinematoqrafçılar tərəfindən çəkilmiş filmlərlə tanış olmaq, onlara rəy bildirmək və kinotənqidçilərlə birlikdə müzakirələrə qoşulmaq mümkündür.
Platforma vasitəsilə ölkəmizin kino tarixi boyu yaradılmış müxtəlif bədii, sənədli və animasiya filmlərinin izlənməsi sayt istifadəçilərinə bir növ Azərbaycana açılan pəncərə olaraq gözəl Vətənimizi daha yaxşı tanımalarına imkan yaradır.