Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Mədəniyyət naziri dünya şöhrətli baletmeyster Eldar Əliyevi qəbul edib
    Xəbər verildiyi kimi, məşhur baletmeyster soydaşımız, Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, Sankt-Peterburqun Mariinski Teatrı Primorsk səhnəsinin baş baletmeysteri Eldar Əliyev Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı rəhbərliyinin dəvəti ilə Bakıda səfərdədir. O, iyunun 8-dən 17-dək teatrda klassik balet tamaşalarına quruluş verir, eyni zamanda ustad dərsləri keçir. Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov iyunun 14-də görkəmli sənətkar Eldar Əliyevlə görüşüb. Görüş zamanı ölkəmizdə xoreoqrafiya sahəsinin inkişaf perspektivləri müzakirə olunub, gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Eldar Əliyev gələcəkdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində P.İ.Çaykovskinin “Yatmış gözəl”, Q.Qarayevin “İldırımlı yollarla” baletləri və digər əsərlərin səhnələşdirilməsi işini özü üçün şərəf hesab etdiyini bildirib. Nazir xoreoqraf soydaşımızla əməkdaşlığın Azərbaycan mədəniyyətinin inkişafına töhfə olacağını deyib, sənətkara yaradıcılıq uğurları arzulayıb. Qeyd edək ki, Eldar Əliyev 1957-ci ildə Bakı şəhərində anadan olub. Bakı Xoreoqrafiya Məktəbində və Sankt-Peterburq Rus Balet Akademiyasında təhsil alıb. 1979-1992-ci illərdə Mariinski Teatrının aparıcı solisti kimi fəaliyyət göstərib. O, dünyanın 40 ölkəsində həm solist kimi çıxış edib, həm də bir çox məşhur balet əsərlərinə quruluş verib. Rusiya balet sənətinin inkişafında göstərdiyi müstəsna xidmətlərinə görə Eldar Əliyev 2021-ci ildə Rusiyanın “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. Eldar Əliyev 2016-cı ildən Mariinski Teatrı Primorsk səhnəsinin baş baletmeysteri vəzifəsində çalışır. 2020-ci ildə görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baleti Vladivostok şəhərində E.Əliyevin quruluşunda tamaşaçılara təqdim edilib və böyük əks-səda doğurub. “Min bir gecə” baleti bu quruluşda Sankt-Peterburq Mariinski Teatrının səhnəsində, habelə Kazan Beynəlxalq Balet Festivalında da uğurla nümayiş etdirilib.
  • “Heydər Əliyev - müasir Azərbaycan dövlətinin əbədiyaşar memarı” adlı dəyirmi masa təşkil edilib

    Yasamal rayon Heydər Əliyev Mərkəzində 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş “Heydər Əliyev - müasir Azərbaycan dövlətinin əbədiyaşar memarı” adlı dəyirmi masa təşkil olunub.

    Dəyirmi masada Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin bir qrup əməkdaşı iştirak edib.

    Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara riayət edilərək əvvəlcə qonaqlar mərkəzin “Muzey” bölmələri ilə tanış olublar. Burada ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar haqqında qonaqlara ətraflı məlumat verilib.

    Mərkəzin kiçik elmi işçisi Lena Əzizova çıxış edərək Ümummilli Liderin 1993-ci ildə hakimiyyətə qayıdışından və bu tarixi günün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olunmasından danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaradıb, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanıb.

    Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin Metodika və biblioqrafiya şöbəsinin böyük metodisti İradə Hüseynova bu gün müstəqil Azərbaycanın ümummilli lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf etməsindən və ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı möhtəşəm nailiyyətlərdən bəhs edib.

    Sonda 15 İyun- Milli Qurtuluş Gününə həsr olunmuş film nümayiş edilib.

  • “Müasir Azərbaycan ədəbiyyatı” kitabı Monteneqro dilində çapdan çıxıb

    “Nizami Gəncəvi İli" münasibətilə Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Əlaqələr Mərkəzinin direktoru Seyran Mirzəzadə, mərkəzin üzvü, publisist Bojidar Proroçiç, tənqidçi Diyana Tiganyin həmmüəllifliyi ilə “Müasir Azərbaycan ədəbiyyatı” kitabı Monteneqro dilində nəfis tərtibatda çap olunub.

    Kitabda Azərbaycanın ədəbi nümayəndələri – Anar Rzayev, Çingiz Abdullayev, Əyyub Qiyas, Məqsəd Nur, Alpay Azər, İlqar Fəhmi, Müşfiq Xan, Nürəngiz Gün, Vaqif Səmədoğlu, Elxan Zal Qarahanlı, Rəşad Məcid, Qulu Ağsəs, Səlim Babullaoğlu, Nigar Həsənzadə, Leyla Əliyeva, Qismət Rüstəmov, Fərid Hüseyn, Şəhriyar Del Geraninin əsərləri və şerləri Monteneqro dilində dərc edilib.

    Kitab Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Əlaqələr Mərkəzi, Çetinye şəhər bələdiyyəsi, Monteneqro Mədəniyyət Forumunun və Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr mərkəzinin təşkilatçılığı və dəstəyi ilə ərsəyə gəlib.

  • Vətən müharibəsi qəhrəmanları gənc heykəltaraşların əsərlərində -  Reportaj

    Bu il Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirən bir qrup tələbənin diplom işi vətənpərvərlik mövzusuna həsr olunub. Gənclərin bu mövzuya müraciət etməsi heç də təsadüfü deyil. Azərbaycanın şanlı ordusunun 44 günlük Vətən müharibəsində qazandığı böyük zəfər, cəsur oğul və qızlarımızın dastana dönən şücaəti yaradıcı gənclərimiz üçün əsl ilham mənbəyi olub.

    Rəssamlıq Akademiyasını heykəltaraşlıq ixtisası üzrə bitirən tələbələr - Təbriz Soltanlı general-mayor Polad Həşimovun, Müstəqil Balayev Vətən müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışovanın, Leyla Məmmədova isə yaralı dostunu döyüş bölgəsindən çıxaran əsgərin heykəllərini hazırlayıblar.

    Diplom işi olaraq Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan general-mayor Polad Həşimovun heykəlini hazırlayan tələbə Təbriz Soltanlı söyləyir ki, qəhrəmanın xarakterini, daxili dünyasını daş üzərində əks etdirmək nə qədər çətin olsa da, olduqca məsuliyyətlidir: “Ötən il Polad Həşimovun büstünü hazırlayan zaman ağlıma gəlməzdi ki, nə vaxtsa onun heykəlini də hazırlayaram. Polad Həşimovun cəsurluğu ilə bərabər daxilindəki saflığı əks etdirməyə çalışdım. İlk olaraq heykəlin eskizini hazırladım. Rektorumuz Ömər Eldarov və diplom rəhbərim Xalq rəssamı Akif Əsgərov işi çox bəyəndilər. Heykəl üzərində təxmini üç aya yaxındır işləyirəm. On-on beş günə tam yekunlaşdıracağam”.

    İstedadlı heykəltəraş Leyla Məmmədovanın “Vətən naminə” adlandırdığı kompozisiyada döyüş bölgəsindən yaralı dostunu çıxarmağa çalışan mərd Azərbaycan əsgəri təsvir olunub. Gənc heykəltəraşın ilham mənbəyi Şuşanı azad etmək üçün əliyalın düşmənlə vuruşan əsgərlərin döyüş xatirələri olub.

    “Vətən müharibəsinin gedişatını diqqətlə izləyirdim. Hər şəhid haqqında da araşdırmalar aparırdım. Diplom işi üçün mövzu seçimi edərkən Azərbaycan əsgərlərinin fədakarlığını bir heykəl üzərində birləşdirməyi düşündüm. Xalq rəssamı Ömər Eldarov eskizi bəyəndi. Diplom rəhbərim Akif Əsgərovun məsləhətlərindən sonra isə bir aya yaxındır bu heykəli hazırlayıram. Bir neçə günə işimi tam yekunlaşdıracağam. İyunun sonu diplom müdafiəsi olacaq. Buna görə həyəcanlıyam. Belə bir məsuliyyətli işi ərsəyə gətirmək çox qürurvericidir”,-deyə Leyla Məmmədova bildirib.

    Digər müsahibimiz Müstəqil Balayevin heykəltaraşlığa marağı uşaq yaşlarından başlayıb. O, atasından ilkin vərdişləri mənimsəyib. Daha sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına qəbul olub və müəllimlərindən bu sənətin incəliklərini öyrənib. Bir neçə ay öncə 44 günlük Vətən müharibəsinin ilk və son xanım şəhidi Arəstə Baxışovanın büstünü hazırlayan M.Balayev deyib: “Diplom işi olaraq Arəstə Baxışovanın heykəlini hazırlamağa qərar verdim. Çünki Arəstə minlərlə şəhidimizin yeganə şəhid bacısıdır. Tələbə yoldaşlarım kimi mən də eskizlərimi Ömər Eldarov və Akif Əsgərova təqdim etdim. Onlar öz düzəliş və məsləhətlərini verdikdən sonra hazırlıqlara başladım. Qadın obrazını yaratmaq kişi obrazını yaratmaqdan çox çətindir. Mənim üçün qəhrəman qadın obrazını işləmək - onun xarakterini, üz cizgilərini, qorxmazlığını və analıq duyğularını daşa köçürmək heç də asan olmadı. Arəstə Baxışova haqqında məlumatlar topladım. İşi tam bitirməsəm də şəhid xanımın ailəsi heykəli görüb və bəyənib”.

    Onu da əlavə edək ki, M.Leyla, B.Müstəqil və S.Təbriz bir çox əsgərlərimizin büst və heykəllərini hazırlayıblar.

  • Artıq turistlər Heydər Əliyev Beynəlxalq Aeroportundan “Azərxalça”nın xalçalarını əldə edə biləcəklər

    Artıq Azərbaycana səyahətə gələn xarici turistlər öz vətənlərinə “Azərxalça”nın möhtəşəm xalçalarını alaraq qayıdacaqlar.

    Bu gündən etibarən Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərən rüsumsuz ticarət mağazalarında (Duty free) “Azərxalça” ASC-nın rəsmi satış nöqtəsi fəaliyyətə başlayıb. Burada turistlər kiçik ölçülü suvenir xalçalarla yanaşı, böyük ölçülü müxtəlif xalçaları da əldə edə biləcəklər.

    Dünya bazarında özünə məxsus yeri olan Azərbaycan xalçalarının ölkədə ən böyük istehsalçısı olan “Azərxalça” ASC yaxın zamanlarda müxtəlif məkanlarda çoxsaylı satış nöqtələrini açmaqla yanaşı, tarixdə ilk dəfə özünün ilk və ən böyük mağazası – “showroom”un təqdimatını edəcək.

  • Azərbaycan xalçaları İsveçdə açılacaq naxışlı xalçalar sərgisində nümayiş etdiriləcək

    Azərbaycan xalçaları İsveçdə keçirilən naxışlı xalçalar sərgisində nümayiş olunacaq.

    İyunun 19 -dan avqustun 29-dək İsveçin Landskrona şəhər muzeyində Kiçik Asiyanın naxışlı xalçalarının yeni sərgisi açılacaq.

    Sərgi çərçivəsində XIX əsrdə toxunmuş çox sayda kilim xalçası nümayiş olunacaq.

    Eksponatların əksəriyyəti Türkiyənin müxtəlif yerlərində toxunub. İştirakçılar, eyni zamanda Suriya, Gürcüstan, Rusiya, Azərbaycandan olan xalçalarla tanış olmaq imkanı qazanacaqlar. Sərgidə təqdim olunan bütün xalçalar şəxsi kolleksiyalardandır.

  • “Yaradıcılıq sənayesində rəssamlığın rolu” mövzusunda vebinar keçirilib

    Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Art management” layihəsi çərçivəsində “Yaradıcılıq sənayesində rəssamlığın rolu” mövzusunda vebinar keçirilib.

    Vebinarda Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov “Yaradıcılıq sənayesində rəssamlığın rolu” mövzusunda təqdimatla çıxış edib. O bildirib ki, qloballaşan və müasir dünyada kreativ sənayelərin inkişaf etdirilməsi yaradıcı şəxslərlə yanaşı, birbaşa ölkənin iqtisadiyyatına böyük təsir edir.

    Tədbir iştirakçılarının suallarını cavablandıran Qalib Qasımov Azərbaycan rəssamlarının həm yerli, həm xarici incəsənət bazarına çıxmağa böyük yaradıcı potensialları olduğunu xüsusilə vurğulayıb.

    Xatırladaq ki, “Art Management” layihəsinə rəssamların yaradıcılıq potensialından səmərəli istifadə etmək, onların bu istiqamətlər üzrə hazırlıq səviyyəsini yüksəltmək, mövcud çatışmazlıqları vaxtında aşkar edərək tədbirlər görmək, proseslərin inkişafı üçün yeni bilgi və təcrübə mübadiləsi platformasını yaratmaq məqsədilə start verilib.

    Layihəni Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı (www.azgallery.az), feysbuq və instaqram sosial media hesabları vasitəsilə izləmək mümkündür.

  • “Oyuq” teatr-studiyası yetirmələr üçün növbəti ustad dərslərinə başlayır

    Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyasının yetirmələri üçün növbəti ustad dərslərinə start verilir.

    Teatrın mətbuat xidmətindən bildirilib ki, mütəmadi olaraq aktyorluq sənəti, xoreoqrafiya, vokal, pantomima və bu kimi səhnə vərdişləri ilə bağlı ixtisaslaşmış kadrların apardığı və artıq müəyyən nəticələrin hasil olduğu dərslər növbəti mərhələdə davam edəcək.

    Studiya rəhbərliyi bu dəfə səhnə və nitq mədəniyyətinin mükəmməlləşdirilməsi, Azərbaycan ədəbi dil qayda və normativlərinin qurunub-saxlanılması prinsiplərini əsas götürüb. Belə ki, peşəkar mütəxəssislər uşaqlara dilimizin zənginliyini düzgün danışma və nitq vərdişlərini aşılamaqla praktiki göstərmiş olacaqlar.

    Budəfəki dərsləri Azərbaycan televiziya və radio məkanında öz sözünü çoxdan demiş peşəkar və tanınan simalar aparacaqlar.

    Həftəlik ustad dərslərində uşaqlar sistemli olaraq Emin Musəvi, Lalə Azərtaş, Tural Müseyibov, Azər Qismət və Azər Süleymanlıdan nitq vərdişləri ilə yanaşı, televiziya və radio aparıcılığının sirlərini də öyrənməyə çalışacaqlar.

    Onu da qeyd edək ki, ustad dərsləri iyun-iyul aylarını əhatə edəcək.

  • Şəhid Vidadi Xəlilov haqqında məlumat saatı keçirilib

    Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi şəhid polkovnik-leytenant Vidadi Xəlilov haqqında məlumat saatı keçirib.

    Kitabxanadan bildirilib ki, məlumat saatında şəhid haqqında geniş məlumat verilib.

    Bildirilib ki, Vidadi Vaqif oğlu Xəlilov 1982-ci il iyulun 16-da Göyçayda ziyalı ailəsində doğulub. 1989-1999-cu illərdə Göyçay rayonu akademik Ziya Bünyadov adına 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 1999-cu ildə Heydər Əliyev adına Azərbaycan ali hərbi məktəbinə yüksək nəticələrlə qəbul olunub. 2003-cü ildə həmin məktəbi "motoatıcı" ixtisası üzrə bitirib və leytenant rütbəsi alıb. Vidadi 2003-2004-cü illərdə Müdafiə Nazirliyinin təlim-tədris mərkəzində ixtisas kursu keçib. 2004-cü ildə Müdafiə Nazirliyinin əmrinə əsasən xidməti davam etdirmək üçün Azərbaycan Respublikasının Silahlı qüvvələrinin N saylı hərbi hissəsinə göndərilib. O, müxtəlif hərbi hissələrdə işini şərəf və ləyaqətlə yerinə yetirərək polkovnik-leytenant rütbəsinə qədər yüksəlib.

    Polkovnik-leytenant Vidadi Xəlilov və əsgərləri II Qarabağ müharibəsi döyüşlərində Füzuli, Murov, Qubadlı, Laçın istiqamətlərində hərbi əməliyyatlar apararaq həmin ərazilərin işğaldan azad edilməsinə nail olublar. O, 2020-ci il oktyabrın 31-də Laçın dəhlizində şəhidlik zirvəsinə yüksəlib. Doğma yurdu olan Göyçay şəhəri Şəhidlər xiyabanında dəfn edilib.

    Ailəli olan şəhidimizin Vətənə əmanət iki övladı qalıb.

    Sağlığında müxtəlif zamanlarda "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" (1918-2013) yubiley medalı, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalına layiq görülən polkovnik-leytenant Vidadi Xəlilov şəhadətindən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunub.

    Məlumatı kitabxananın sosial şəbəkələrində yerləşdirilib.

  • Avstraliyalı aktyor Rassel Krou kinostudiya tikdirəcək

    Avstraliyalı aktyor Rassel Krou Sidneydən 500 kilometr aralıda yerləşən Kofs-Harbor şəhərində böyük kinostudiya tikdirmək niyyətində olduğunu açıqlayıb.

    R.Krounun sözlərinə görə Avstraliyadakı aktyor və rejissorları bir araya gətirə biləcək müasir kinostudiyanın tikintisi artıq bir ildən sonra başlayacaq.

    Tikilinin ümumi dəyəri 440 milyon Avstraliya dolları (338 milyon ABŞ dolları) olacaq. Həmin pula Avstraliyada tammetrajlı filmlərin çəkilməsi üçün böyük bir kompleksin tikiləcəyi gözlənilir ki, bu da aktyorların çəkiliş zamanı öz ailələri ilə uzağa getmədən Kofs-Harborda qala bilməsinə imkan yaradacaq. “Filmlərin çəkilişi zamanı peşəkarların qalması üçün bütöv bir kəndin tikilməsi də lazımdır. Bu kənd beynəlxalq səviyyədə hər kəsin üzünə açıq bir məkan olacaq ki, buraya Hollivud və ya Bollivuddan peşəkarlar gəlib yaşayacaqlar.

    Verilən məlumata görə, kinostudiyanın layihəsinin hazırlanması və təsdiqlənməsi təxminən 12 ay çəkəcək və daha sonra inşaatın aktiv mərhələsi başlayacaq.