Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş beynəlxalq xalça eskizi müsabiqəsinin qalibləri müəyyənləşib

    Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr edilən beynəlxalq xalça eskizi müsabiqəsinin qalibləri müəyyənləşib.

    Azərbaycan Milli Xalça Muzeyindən bildirilib ki, beynəlxalq münsiflər heyəti tərəfindən 43 iştirakçı arasından iki qalib - “Düşüncələr” adlı eskizin müəllifi, azərbaycanlı rəssam Eldar İbadullayev və “İntikalun” (Ərəb dilindən tərcümədə "Keçid") adlı eskizin müəllifi Rusiyadan olan tekstil dizayneri Olqa Laşenko seçilib.

    Qeyd edək ki, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması ilə əlaqədar Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə keçirilən müsabiqədə yaşı 20-dən yuxarı yaradıcı şəxslər iştirak edib. Müsabiqədə qalib olan müəlliflərin eskizləri əsasında muzeyin Ənənəvi texnologiya şöbəsinin əməkdaşları tərəfindən xalça toxunacaq, həmçinin qaliblərə pul mükafatı veriləcək.

    Müsabiqənin qaliblərindən biri xarici vətəndaş olduğundan onun xalça kəsimi mərasimində iştirakı üçün yol və mehmanxana xərcləri təşkilatçılar tərəfindən ödəniləcək.

  • Şuşanın bulaqları və müalicəvi suları

    Şuşa ayna kimi saf və şəffaf, dadlı və təmiz, buz kimi soyuq sulu bulaqları ilə də məşhurdur: İsa bulağı, Səkili bulaq, Daşaltı bulağı, Soyuqbulaq, Şorbulaq, Saxsı bulaq, Əjdaha bulağı, Dəvəbatıran, Fındıqlı və s. Azərbaycanda az adam tapılar ki, bu bulaqların adını eşitməsin, onları görməsin, ətrafında süfrə açıb oturmasın. Həmin bulaqlar şairlərin poetik misralarına, bəstəkarların qanadlı nəğmələrinə çevrilib.

    Qarabağ tarixi, eləcə də qədim diyarın etnoqrafiyası barədə 20-dən çox kitabın müəllifi Vasif Quliyevın həmin bulaqlar və şəfalı su mənbələri haqqında deyib: “İsa bulağı Şuşanın baş bulağı, klassik ziyarət yeri, ən məşhur, ən çox sevilən, ən gözəl və səfalı istirahət guşələrindən biridir. XIX əsrin ikinci yarısında onu düzəldən biçinçinin adı ilə adlandırılıb. Şəhərin şimal-şərqində, təxminən üç kilometrliyində Qarabağ silsiləsində, dəniz səviyyəsindən 1600 metr yüksəklikdə qalın, sərin və yaşıl meşələrin əhatəsində yerləşir. Qoca palıd və vələs ağaclarının altında çağlayıb çıxan bu bulağın dumduru, şirin və xeyirli suyu, çox mənzərəli yaşıl ağacları Şuşa yaylasının üzvi bir hissəsini təşkil edir.

    İsa bulağı mövcud olduğu gündən bəri onlarca tarixi hadisəyə şahidlik edib, yüz minlərlə qonaq qarşılayıb yola salıb. El arasında deyirlər ki, İsa bulağında olmayan Şuşada da olmayıb. Hansı şair bura gəlib söz qoşmayıb, hansı bəstəkar onun suyundan içib mahnısında tərənnüm etməyib, hansı rəssam bu ecazkar təbiət guşəsini görəndə fırçasını işə salmayıb, hansı səyyah bura ayağı düşəndə ona heyran qalmayıb. Bu gözəl məkan klassik ədəbiyyatda, musiqi və təsviri sənətdə dönə-dönə tərənnüm edilib. Poetik mənzərəli bu bulaq başında vaxtaşırı, xüsusən yay aylarında poeziya və musiqi məclisləri keçirilib.

    Mineral su mənbəyi olan Turşsu Şuşa şəhərindən 17 kilometr cənub-qərbdə, Zarıslı çayının dərəsində 1700 metr hündürlükdə çıxır. Suyu faydalı mikroelementlərlə, əsasən, karbon qazı, hidrogen-karbonad, maqnezium, natruim, kalsiumla zəngindir. Minerallaşma dərəcəsi 2,4 qr/l, temperaturu 5-10 dərəcə C-dir. Suyu içilir, vanna edilir, mədə-bağırsaq, öd kisəsi yuyulur və s. Burda ürək-damar, qan azlığı, qaraciyər, öd yolları, öd kisəsi və böyrək xəstəliklərindən əziyyət çəkənlər müalicə olunurlar.

    Təbii dərman, əvəzsiz mineral su olan şəfalı Turşsu, eyni zamanda bir çox başqa xəstəlikləri də müalicə edir. Orqanizmdə maddələr mübadiləsi pozulmalarını nizama salır, daxili orqanlar xəstəliklərinə qarşı profilaktik təsir göstərir.

    Şırlan mineral suyu Şuşa şəhərindən 18 kilometr qərbdə Sarıbaba dağının ətəyində çıxan üç bulağın ümumi adıdır, karbonadlıdır. Temperaturunun aşağı olması və tərkibində maqneziumlu komponentlərin çoxluğu ilə seçilir. Şırlan suyundan əsasən, mədə-bağırsaq, qan azlığı, maddələr mübadiləsinin pozulması və s. xəstəliklərin müalicəsində istifadə olunur.

    Dünyada ən uzun mineral su kəmərinin- 32 kilometrlik məsafədən Narzan tipli Şırlan suyunun şəhərə çəkilməsi Şuşanın kurort şöhrətinin daha uzaqlara yaymışdı. Gündə 342 min litr su verən Turşsu pavilyon qalereyası bu diyarın kurortoloji əhəmiyyətini artırmış, onu dağ-iqlim kurortu səviyyəsindən çıxararaq balneoloji kurorta çevirmişdi.

    Turşu yaxınlığında narzan tipli böyük mineral su mənbəyi olan Dəmir bulağın suyu qazlıdır. Qazlılıq etibarı ilə Narzandan daha yüksəkdir, Bəzən “Azərbaycan Narzanı” da adlandırırlar. Bu suda dəmir qarışığı olduğundan “Dəmir su” adlanır. Qan azlığına və dəri xəstəliyinə tutulanlara bu su ilə edilən müalicə gözəl nəticələr verir.

    Şuşa həbsxanasından aşağıda Daşaltı çayının kənarında çıxan Qotur bulağı sal bir qayanı yararaq dörd metr hündürlükdən əlvan çınqıllığın içinə tökülür, gümüş cığır kimi qıvrıla-qıvrıla axıb gedir. Yay aylarında bulağın suyundan içməyə gələnlər yaxınlığındakı bağın tut ağacları altında zərif kaşan xalçaları salır, məxmər döşəkçələr, ipək yastıqlar, mütəkkələr düzüb istirahət edirdilər.

    İlin bütün fəsillərində soyuq və duru olan bulağın suyunun müalicəvi əhəmiyyəti var. Tərkibi minerallarla zəngin olan Qotur bulağın suyu bədəndəki qoturu, dəmrovu, ləkələri müxtəlif yaraları sağaldır, duzlaşmanı aradan qaldırır. Qotur xəstəliyinin dərmanı olduğuna görə ona bu ad verilib”.

  • Suraxanı rayon Heydər Əliyev Mərkəzi Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx hazırlayıb

    Suraxanı rayon Heydər Əliyev Mərkəzi “15 İyun – Milli Qurtuluş Günü” adlı videoçarx hazırlayıb.

    Videoçarx mərkəzin sosial şəbəkə hesabları üzərindən yayımlanıb.

    Videoçarxda bildirilir ki, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyətlərdən biri kimi milyonların qəlbində yaşayır. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən Ulu Öndər bu müqəddəs amal uğrunda ən çətin sınaqlara, problemlərə mərdliklə sinə gərən millət fədaisi kimi böyük ehtiramla xatırlanır. Heydər Əliyev Azərbaycan tarixinə silinməz iz qoymuş böyük şəxsiyyət, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Respublikamızın vətəndaşları hər il 15 iyun - Milli Qurtuluş Gününü təntənə ilə qeyd edirlər.

    Diqqətə çatdırılır ki, iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçilib. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürüb. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı olub, böyük qurtuluşa doğru mühüm addım atılıb.

  • Niderlandda Milli Qurtuluş Günü konsert proqramı ilə qeyd edilib

    Niderland Krallığında fəaliyyət göstərən “Odlar Yurdu” Cəmiyyətinin təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Günü konsert proqramı ilə qeyd edilib.

    Haaqa şəhərində “CTKerkin” konsert zalında keçirilmiş tədbirdə Azərbaycan səfiri Fikrət Axundov, Niderlandda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, diasporamızın təmsilçiləri, eləcə də yerli sakinlər iştirak ediblər.

    Tədbirdə əvvəlcə Azərbaycan və Niderlandın Dövlət himnləri səsləndirilib.

    15 İyun - Qurtuluş Gününə həsr edilmiş film nümayiş olunub. Sonra Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət konsert proqramı təqdim edilib. Tofiq Bakıxanovun skripka və fortepiano üçün yazılmış əsərləri, “Sevən könül” mahnısı, Vasif Adıgözəlovun “Qərənfil” əsəri, italiyalı bəstəkarlarının əsərləri ,“Odlar Yurdu” cəmiyyətinin sədri, bəstəkar, musiqiçi Firəngiz Bağırova tərəfindən ifa edilib. Hülya Keser (piano) və Pei Pei (skripka) azərbaycanlı və xarici bəstəkarların musiqiləri ilə yanaşı, “Sarı gəlin” Azərbaycan xalq mahnısını ifa ediblər. Cavid Səlimov (tar) və Sabrinanın (fortepiano) ifası tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

    Konsert proqramı çərçivəsində yerli sakinlərə Azərbaycanın tarixi və mədəniyyətindən bəhs edən kitablar, milli suvenirlər hədiyyə edilib. Tamaşaçılar COVID-19 pandemiyası ilə bağlı sanitar məhdudiyyətlərin yumşaldılmasından sonra keçirilən ilk konsertdən məmnun olduqlarını bildiriblər. Belə tədbirlərin iki ölkə arasında dostluq əlaqələrinin inkişafına, eləcə də Azərbaycan mədəniyyətinin daha yaxından tanınmasına böyük töhfə verdiyi vurğulanıb.

    Konsertin sonunda Azərbaycan musiqisi və mədəniyyətini Niderlandda təqdim və təbliğ etdiyi üçün “Odlar Yurdu” cəmiyyətinin sədri Firəngiz Bağırovaya, eləcə də konsertdə iştirak etmiş digər musiqiçilərə hədiyyələr təqdim edilib.

  • Monteneqro və Azərbaycan arasında turizm əlaqələri müzakirə edilib

    Azərbaycan və Monteneqro arasındakı turizm əlaqələri, inkişaf perspektivləri, pandemiya dövründə turizm sahəsi üzrə görülən işlər və təcrübə mübadiləsi məsələləri iyunun 14-də Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyevlə Monteneqronun Azərbaycandakı qeyri-rezident səfiri Perişa Kastratoviç arasında müzakirə olunub.

    DTA-dan bildirilib ki, Monteneqro nümayəndə heyətinin tərkibində Monteneqronun Azərbaycandakı Müvəqqəti İşlər Vəkili Zeljko Raduloviç və Monteneqronun Azərbaycandakı Fəxri Konsulu Vüqar Əliyev təmsil olunublar.

    Görüşdə agentlik sədri qeyd edib ki, işğaldan azad olunmuş Qarabağ bölgəsi yeni turizm destinasiyası olaraq inkişaf etdiriləcək.

    Səfir Perişa Kastratoviç ölkəsinin viza rejimini sadələşdirməsi prosesindən və bunun nəticəsində Azərbaycan vətəndaşlarının Monteneqroya səfəri zamanı viza almaq öhdəliyindən azad olunmasının üstünlüklərindən bəhs edib.

    Görüş zamanı pandemiyadan sonrakı dövrdə turizmin bərpası istiqamətində planlaşdırılan addımlar haqqında da qarşılıqlı fikir mübadiləsi aparılıb.

  • Milli Qurtuluş Günü münasibətilə konsert proqramı təqdim edilib

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Aşıq Rza Qobustanlı adına Mədəniyyət evi 15 İyun - Milli Qurtuluş Günü münasibətilə instaqram hesabı üzərindən canlı konsert keçirib və videoçarx yayımlayıb.

    İdarədən bildirilib ki, konsertdə “Aşıqlar” xalq kollektivinin üzvləri iştirak ediblər.

    Onlayn konsert proqramında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş musiqilər səsləndirilib.

     

  • Mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim olundu
    İyunun 14-də Milli Xalça Muzeyində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə orden, medal və fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdimat mərasimi keçirildi. Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov mədəniyyət xadimləri ilə görüşməkdən məmnunluğunu bildirdi: “Hər birinizin Azərbaycan mədəniyyətinə böyük töhfələri var. Dövlət başçımız mədəniyyət və incəsənət sahəsində çalışan insanlara hər zaman qayğı göstərir, onları diqqətdə saxlayır. Bugünkü təltifetmə mərasimi də bunun bariz nümunəsidir. Dövlət başçısının bilavasitə rəhbərliyi ilə pandemiya şəraitinə baxmayaraq, mədəniyyətimizin inkişafı ilə bağlı proseslər davamlı xarakter daşıyır. Buna misal olaraq Şuşanın mədəniyyət paytaxtı elan edilməsi, “Xarıbülbül” festivalının keçirilməsi, habelə yay aylarında Vaqif poeziya günlərinin keçirilməsi və digər mədəni layihələri qeyd edə bilərik”. Nazir daha sonra dedi: “Hörmətli sənət xadimləri, bildiyiniz kimi, Mədəniyyət Nazirliyində də böyük islahatlara başlanıb. Məqsədimiz cəmiyyətdə mədəniyyətin rolunu artırmaqdır. Bu müqəddəs missiyada siz də böyük bir qüvvəyə maliksiniz. Sizi bu prosesin tərkib hissəsi kimi görürük. Çox istərdik ki, bu yolda siz də bizə yardımçı olasınız və əminəm ki, belə də olacaq. Bilirəm ki, bu mükafatlanma nəinki imtiyazlardır, eyni zamanda sizin üzərinizdə bir vəzifə və məsuliyyətdir. Siz cəmiyyətdə olan nüfuzunuzdan istifadə edib mədəniyyətimizin bundan sonra da inkişafına dəstək olacaqsınız. Mədəniyyət əcdadlarımızdan qalan mirasdır və hesab edirik ki, bu zəngin mədəniyyəti qorumaqla yanaşı, yeni yaradıcılıq imkanlarına meydan açacağıq”. Anar Kərimov çıxışının sonunda mədəniyyət xadimlərinə Milli Qurtuluş Günü münasibətilə də təbriklərini çatdırdı: “Bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu günün sayəsində dövlətimiz hazırkı uğurlara nail ola bilib. Həm sosial-iqtisadi, həm də mədəni dirçəlişimizin bünövrəsində ulu öndərin qoyduğu siyasət dayanır. 44 günlük Vətən müharibəsində qazandığımız zəfər də məhz bu siyasətin nəticəsidir. Bir daha sizi təbrik edirəm”. Sonra ölkə başçısının müvafiq sərəncamları ilə “İstiqlal”, “Şöhrət”, “Şərəf”, 1-ci və 2-ci dərəcəli “Əmək” ordenləri və digər təltiflərə layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinin mükafatları təqdim olundu. “Şərəf” ordeninə layiq görülmüş Xalq artisti, xanəndə Mənsum İbrahimov Vətən müharibəsində xalqımıza Qələbə sevinci yaşatdığına görə ölkə başçısına təşəkkürünü bildirdi. Rejissor, Xalq artisti Cənnət Səlimova təltif olunduğu “Şərəf” ordeninə və teatra olan sevgisinə görə dövlət başçısına minnətdarlığını ifadə edərək “Yaşasın teatr!” dedi. “Şərəf” ordenli Xalq artisti, bəstəkar Tofiq Bakıxanov 90 illiyi münasibətilə ona göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür etdi. Xalq artisti, müğənni Niyaməddin Musayev bütün yaradıcılığı boyu ulu öndər Heydər Əliyevin diqqət və qayğısını gördüyünü qeyd etdi. 60 illiyində “Şöhrət” ordeninə, 80 illiyində 2-ci dərəcəli “Əmək” ordeninə layiq görülməsinin onun üçün böyük fəxr olduğunu bildirdi: “Ulu öndər onu musiqi sahəsində novatorluğuma görə mükafatlandırmışdısa, bu gün onun davamçısı Prezident İlham Əliyev estrada musiqinin inkişafındakı xidmətlərimə görə məni belə bir yüksək mükafata layiq görüb”. “Şöhrət” ordeninə layiq görülən tanınmış şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu isə təltifə görə dövlət başçısına təşəkkürünü ulu öndərə həsr etdiyi şeirlə dilə gətirdi. Mükafatlandırmanın sonunda nazir Anar Kərimov bir daha mədəniyyət və incəsənət xadimlərini təbrik edərək cansağlığı və fəaliyyətlərində uğurlar arzuladı. Təltif olunanların siyahısını təqdim edirik:   “İstiqlal” ordeni Həsənzadə Nəriman Əliməmməd oğlu   “Şərəf” ordeni Yagizarov Hacı Murad Hacı Əhməd oğlu Səlimova Cənnət Əlibəy qızı İbrahimov Mənsum İsrafil oğlu Bakıxanov Tofiq Əhməd Ağa oğlu   “Şöhrət” ordeni Məsimov Baba Vəzir oğlu Qocayev Xeyrəddin Sayəddin oğlu Nəcəfov Fazil İmamverdi oğlu   1-ci dərəcəli “Əmək” ordeni Əkbərov Canəli Xanəli oğlu   2-ci dərəcəli “Əmək” ordeni Musayev Niyaməddin Cabbar oğlu Əsgərov Akif İzzətulla oğlu   “Xalq artisti” fəxri adı Mustafazadə Əzizə Vaqif qızı   “Tərəqqi” medalı Hüseynov Fizuli İsmət oğlu   “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” Mustafayev Albert Zaman oğlu.
  • “Çıraqqala”da aparılan bərpa-konservasiya işləri davam edir
    İyunun 11-də Şabran rayonunda yerləşən “Çıraqqala” abidəsində aparılan bərpa-konservasiya işləri ilə tanışlıq məqsədilə əraziyə mədəniyyət naziri Anar Kərimov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli və media nümayəndələrinin iştirakı ilə baxış keçirilib. Bərpa-konservasiya işlərini həyata keçirən mütəxəssislər görülən işlər haqqında ətraflı məlumat verib. Baxış zamanı jurnalistlərə açıqlama verən mədəniyyət naziri Anar Kərimov bildirib ki, dünya əhəmiyyətli tarix və memarlıq abidəsi olan “Çıraqqala”da möhkəmləndirmə, bərpa-konservasiya işləri Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamına əsasən aparılır. Bərpa-konservasiya işlərinə 2019-cu ildə başlanılıb: “Bugünədək tarixi abidəni ziyarət edənlərin rahatlığını təmin etmək məqsədi ilə ərazidə yerləşən meşənin içindən qalayadək eni 2 metr, uzunluğu 530 metr olan yol salınıb, tam yararsız vəziyyətə düşmüş körpü qaya daşları ilə bərpa olunub, sıldırım qayalar üzərində qala ətrafı ayaqaltılar quraşdırılıb, baş bürcün dağılmış hissələri bərpa olunub, körpü ilə qala arasında qayalar üzərində yol çəkilib və taxtadan asma pillələr düzəldilib, bürclərarası qala divarları, eyni zamanda ovdan qismən bərpa edilib. Həmçinin ərazidə arxeoloji tədqiqatlar aparıldıqdan sonra aşkar olunmuş tikililərdə əlavə konservasiya işləri həyata keçirilib”. Nazir qeyd edib ki, “Çıraqqala” müdafiə kompleksinin divarları böyük həcmli daş hörgüdən ibarət olub: “Qalanın baş bürcü qaya üzərində yerləşməyinə baxmayaraq, qaya ilə hörgünün birləşdiyi yerdə hörgüdə böyük aşınma və dağıntılar baş verib. Digər bürc və divarlarda da vəziyyət ürək açan olmayıb, qalanın salamat qalan yerlərinin üzlük hörgü hissələrində dağıntılar əmələ gəlmişdi. Hazırda abidədə həyata keçirilən bərpa işləri mühüm əhəmiyyət kəsb edir“. Anar Kərimov qeyd edib ki, istəyimiz ondan ibarətdir ki, ulu əcdalarımızdan bizə qalan bu tarixi mirasın bərpasını təmin edək və gələcək nəsillərə ötürək: “Həmçinin istəyirik ki, belə bir müstəsna əhəmiyyət kəsb edən abidəni beynəlxalq səviyyədə də təbliğ edək. Bununla bağlı planlarımız var. Gələcəkdə bu abidənin və digər istehkam qurğularının UNESCO-nun Ümumdünya İrs siyahısına daxil edilməsi istiqamətində də işlər aparmağı düşünürük. Buna görə də 2019-cu ildən başlanan qalanın bərpa-konservasiya işlərinin bu ilin sonunadək bitməsi nəzərdə tutulur. Burada bürclərin bərpası və ümumilikdə möhkəmləndirmə işləri aparılır. Eyni zamanda, buranın turizm potensialının da gücləndirilməsini planlaşdırırıq. Bununla bağlı bəzi layihə və konsepsiyalarımız var. Bu həm tarixi dəyər baxımından, həm də əraziyə turist səfərlərinin artması baxımından çox önəmli olacaq. Onu da qeyd edim ki, bərpa işləri çətin relyef və hava şəraitində aparılır. Bərpa işlərində Azərbaycanın yerli ekspertləri iştirak edir. Eyni zamanda, buraya xarici ekspertləri də dəvət etmişik. Onlar gəlib və gördüyümüz işləri yüksək qiymətləndiriblər”. Qeyd edək ki, Gilgilçay müdafiə səddi Xəzər dənizindən başlayaraq Böyük Qafqaz sıra dağlarının dərinliklərinə qədər, 120-130 km uzunluğunda böyük bir ərazini əhatə edir. Səddin baş tikilisi Şabran rayonu ərazisində yerləşən “Çıraqqala” abidəsi V-VI əsrlərdə inşa edilib. Tarixi abidə möhtəşəm görünüşü və tikinti xüsusiyyətləri ilə inşa edildiyi ərazidə dominant rol oynayaraq, yerləşdiyi məkanın simvoluna çevrilib. Təqribən 2 hektarlıq ərazini əhatə edən “Çıraqqala” mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarət düzbucaqlı formadadır. Qala və qoruyucu divarların iri miqyasları, onların uzun müddətdə, çoxsaylı insan əməyi ilə ərsəyə gəldiyindən xəbər verir.
  • Bakı Dövlət Sirkinin yeni milli truppasının ilk çıxışı təqdim olunub
    Bu il yaranmasının 75 illiyini qeyd edən Bakı Dövlət Sirki yenidən təşkil olunan milli truppası ilə iyunun 12-də paytaxtdakı Zabitlər bağında konsert proqramı ilə çıxış edib. Milli truppanın çıxışlarını Bakı Dövlət Sirkinin orkestr heyəti müşayiət edib. Orkestrin repertuarında Azərbaycan və xarici musiqilərin sintezinə üstünlük verilib. Milli truppanın ilk çıxışı 75 il öncə nümayiş olunan “Azərbaycan toyu” tamaşasının yubileyinə həsr edilib. Proqramda sirk sənətinin janrlarına aid olan biri-birindən maraqlı nömrələrə yer verilib. Ümumilikdə 30 dəqiqədən ibarət olan proqramda Bakı Dövlət Sirkinin 47 nəfərlik  yaradıcı heyəti iştirak edib. Proqramın sonunda sirk orkestrinin ifasında “Azərbaycan cəngisi”nin cazla sintezi səsləndirilib. Xatırladaq ki, 1946-cı il iyunun 12-də dahi bəstəkar Üzeyir Hacıbəylinin təşəbbüsü ilə yaradılan Azərbaycanın ilk peşəkar sirk kollektivinin premyerası – “Azərbaycan toyu” adlı bədii-etnoqrafik tamaşa nümayiş olunub. Proqramın rejissoru Soltan Dadaşov, bəstəkarı Səid Rüstəmov, baletmeysteri Əminə Dilbazi, mətnin müəllifi Süleyman Rüstəm olub. Tamaşada pəhləvan Sali Süleyman, akrobat Fuad Nəzirov, kəndirbaz Rza Əlixan, atlet Qasım Abdullayev və başqaları çıxış ediblər. Bundan sonra 12 iyun tarixi Bakı Dövlət Sirki üçün növbəti əlamətdar hadisə – mədəniyyət ocağının 4-cü dəfə formalaşdırılan milli truppasının ilk çıxışı ilə yadda qalacaq.
  • Milli Kitabxana növbəti virtual sərgini Milli Qurtuluş Gününə həsr edib

    Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 iyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.

    M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “15 iyun – Milli Qurtuluş Günü” adlı virtual sərgi hazırlanıb. Kitabxanadan bildirilib ki, virtual sərgidə rəsmi sənədlər, fotolar, Azərbaycan, rus, ingilis dillərində kitab və məqalələr nümayiş olunur.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Milli_Qurtulus_Gunu/index.html linkindən istifadə edə bilərlər.