“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Ağsu rayonunun Gəgəli kəndi, onun qışlaq və yaylaqlarında “Tərəkəmə qadın” sənədli filminin çəkilişləri davam edir.
Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən dəstəklənən layihənin əsas məqsədi Azərbaycanın tərəkəmə obalarından birinin məskunlaşması nəticəsində yaranmış Gəgəli kəndində heyvandarlıqla məşğul olan Abidə Mürşüdova adlı yaşlı bir qadının həyat hekayəsini sənədli filmə çevirməkdir.
Ekran əsərinin əvvəlcə kənd və qışlaq kadrları çəkilib. Abidə Mürşüdova və oğlu Cümşüd Mürşüdovun təsərrüfatında olan çəkiliş heyəti indi heyvanların çıxarıldığı Gəgəli yaylaqlarında çəkilişləri davam etdirir. Filmdə təbiətin genişliyi, ənənələrin qədimliyi, ruhların təmizliyi, heyvanların bərəkətliliyi və yetmiş yaşlarında bir qadının xatirələri ön planda verilir. O, keçmişlə bu günü müqayisə edir və ənənələrə yeni izahlar gətirir. İcmasının bir fərdi olan Abidə nənə icmasını dünyaya tanıtmağın yollarını arayır. Film, tərəkəmə həyat tərzinə hermenevtik baxışı, tarixi ənənələrin yaşayan folklor nümunəsi kimi interpretasiyasını təqdim edir.
Son zamanlarda bütün dünyada tərəkəmə həyat tərzinin sənədləşdirilməsi, paylaşılması və turistlərə açılması Azərbaycanda da bu sahəyə və bu həyat tərzinin yeni təqdimatlarda topluma tanıdılması üçün prioritetdir. “Tərəkəmə qadın” sənədli filmi 5 min nəfərlik Gəgəli icmasının ənənələrini, həyat tərzini tanıtmaqla yanaşı, qadın fədakarlığını göstərmək üçün örnək olacaq. Filmin prodüsser və rejissoru Nihad İsa, ssenari müəllifi Arzu Soltan, məsləhətçisi tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillidir.
Ekran əsəri ərsəyə gəldikdən sonra beynəlxalq müsabiqələrə çıxarılması və təqdimatlarının keçirilməsi planlaşdırılır. Təşəbbüsü dəstəkləyən Gəgəli Bələdiyyəsi tərəkəmə həyat tərzinin kənd təsərrüfatı və turizm imkanlarını cəmiyyətə təqdim etməyi planlaşdırır.
Əlcəzairin “Əl Hərir” portalında yəmənli jurnalist Əbdülhəmid Əl-Kibinin “Azərbaycanın nadir mədəni irsi bəşər sivilizasiyasına töhfədir” sərlövhəli məqaləsi dərc olunub.
Məqalədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkənin beynəlxalq aləmdə tanıdılması istiqamətində gördükləri mühüm işlər sırasında mədəni irsin təbliğinin xüsusi yerə malik olduğu qeyd edilir. Müəllif yazır: “Azərbaycanın nadir mədəni irsi, tarixi və bu ölkəyə gələn turistləri cəlb edən qədim abidələri xalqın çoxəsrlik adət-ənənələrini əks etdirir. Bakı, Naxçıvan, Bərdə, Şamaxı və digər şəhərlərdə bəşər sivilizasiyasına töhfə olan mədəni irs abidələri mövcuddur. Əsası 1936-cı ildə qoyulmuş, ölkənin ən böyük mədəniyyət müəssisələrindən biri olan Azərbaycan Milli İncəsənət Muzeyində qədim və müasir dövrə aid olan 15 mindən çox eksponat nümayiş etdirilir. Buradakı mədəni irs abidələri ən yüksək incəsənət nümunələri sayılır və əcnəbi turistlərdə böyük maraq doğurur”.
Məqalədə dünyada ilk xalça muzeyinin də Bakıda fəaliyyətə başladığı, burada Azərbaycan xalqının nəsildən-nəslə keçən unikal xalçaçılıq ənənələrinin təbliğ edildiyi də vurğulanır. Yəmənli jurnalist qeyd edir ki, Qobustanda olan 6 mindən çox qayaüstü rəsmlər UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Bakıya xüsusi gözəllik bəxş edən Heydər Əliyev Mərkəzinin binası isə müasir memarlıq şedevri hesab olunur.
Sonda diqqətə çatdırılır ki, Azərbaycanın yüksək elmi potensialı, mədəniyyət və incəsənət nümunələri qlobal sivilizasiyanın mühüm tərkib hissəsidir.
İyunun 16-dan Azərbaycan Rəngkarlıq Muzeyində rəssamlığa həvəsi olan 16 yaşdan yuxarı gənclər üçün “Özünü kəşf et” adlı ustad dərslərinə start verəcək.
İlk dərs Gülarə İsrafilzadənin rəhbərliyi ilə mənzərə mövzusuna həsr ediləcək. Bundan başqa, iyunun 23-də Gülnarə Ələkbərlinin rəhbərliyi ilə “Linoqravüra”, 30-da isə Museyib Əmirovun rəhbərliyi ilə “Bakı– Mənim şəhərim" adlı dərslər keçiriləcək.
Təcrübəsindən asılı olmayaraq hər kəs dərslərdə iştirak edə bilər. Bütün ləvazimatlar muzey tərəfindən qarşılanır.
Yerlər məhdud olduğundan qeydiyyatdan keçmək zəruridir. Qeydiyyat çərşənbə axşamı – bazar günü saat 12:00-dan 20:00-dək aparılır.
Ustad dərsləri ödənişsizdir.
Bakıda səfərdə olan tanınmış xoreoqraf soydaşımız, Rusiyanın Əməkdar incəsənət xadimi, Mariinski Teatrı Primorsk səhnəsinin (Vladivostok şəhəri) baş baletmeysteri Eldar Əliyevlə Bakı Xoreoqrafiya Akademiyasında (BXA) görüş keçirilib.
BXA-nın tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Əziz Qarayusifli sənətkarı pedaqoji heyətlə tanış etdi. Akademiyanın fəaliyyəti haqqında qonağa geniş məlumat verən prorektor təhsil müəssisəsinin elmi və akademik kadr potensialı, son dövrdə akademiyada həyata keçirilən islahatlar və cəlb edilən peşəkar heyət barədə söz açıb. O, təhsil ocağının gələcək planları və tədris prosesi barədə fikirlərini bölüşərək Eldar Əliyevin özünün və fəaliyyət göstərdiyi mədəniyyət ocağının BXA ilə bağlı təkliflərini diqqətə çatdırıb. Vurğulayıb ki, Rusiya ali təhsil müəssisələri və BXA arasında tələbə-müəllim mübadilə proqramları, birgə konfranslar və layihələr həyata keçirmək olar.
Görüşdə BXA-nın rəhbərliyi və pedaqoq heyəti Azərbaycanda xoreoqrafiya təhsili sahəsində yeniliklər və problemlərdən də danışıblar. Tələbələrin mübadiləsi, təhsilin keyfiyyəti mövzusunda müzakirələr aparılıb. Tanınmış xoreoqrafın təcrübəsinə və təkliflərinə hər zaman ehtiyac duyulduğu qeyd olunub. Bu kontekstdə pedaqoji seminarların zəruriliyi vurğulanıb.
Eldar Əliyev öz növbəsində səmimi münasibətə görə akademiyanın rəhbərliyinə təşəkkür edərək BXA-nın Rusiyanın ali təhsil müəssisələri ilə əməkdaşlıq münasibətlərinin daha da inkişafı üçün dəstək göstərəcəyini bildirib. O, dünyanın balet məktəbləri ilə əlaqələrin qurulması və Rusiyadakı filiallarla əməkdaşlıq barədə təkliflərini irəli sürüb. Diqqətə çatdırıb ki, əməkdaşlıq zamanı pedaqoqların seçiminə xüsusi yanaşılmalı, daha çox pedaqoqlar və tələbələrin iştirakı ilə birgə seminar və ustad dərslərinə üstünlük verilməlidir.
Görüşdə Azərbaycanda xoreoqrafiya təhsili sahəsində qanunvericilik, idarəetmə, balet sənətinin inkişafı ilə bağlı proqramların günün tələbinə cavab verməsi məsələləri də müzakirə edilib. Eldar Əliyev Moskva Dövlət Xoreoqrafiya Akademiyasının filiallarının fəaliyyəti ilə bağlı məlumat verib. Yaxın gələcəkdə həyata keçirilə biləcək ortaq tədbirlər haqqında da ətraflı fikir mübadiləsi aparılıb. Əməkdaşlıq müqaviləsinin imzalanması barədə razılıq əldə edilib. Eldar Əliyev BXA-nın rəhbərliyinə xatirə hədiyyələri təqdim edib.
Görüşün sonunda BXA şagird və tələbələri qonağın şərəfinə konsert proqramı ilə çıxış ediblər. Klassik şöbənin tələbələri modern rəqs (pedaqoq və quruluş Yelena Çernousova), Milli rəqs kafedrasının tələbələri C.Cahangirovun “Zəriflik” rəqsi (pedaqoq, Əməkdar artist Səbinə Qasımova), tələbələrdən Aza Nurullayeva “Qu gölü” (P.Çaykovski) baletindən variasiya (pedaqoq, Xalq artisti Kamilla Hüseynova), Roza Zeynalova “Tənhalıq” (V. Mustafazadə) kompozisiyasını (pedaqoq və quruluş Y.Çernousova), Klassik rəqs kafedrası şagird və tələbələri isə L.Bethovenin “Müqavimət” (pedaqoq və quruluş Əməkdar müəllim Pullumb Aqalıyay) əsərini təqdim ediblər.
Konsertin sonunda BXA-nın Əziz Qarayusifli qonağa təşəkkürnamə təqdim edib.
Qeyd edək ki, Eldar Əliyev Bakıda anadan olub. Bakı Xoreoqrafiya Məktəbini, daha sonra Rusiya Balet Akademiyasını bitirib. 1979-1992-ci illərdə Sankt-Peterburq şəhərindəki Mariinski Teatrın balet truppasının solisti kimi fəaliyyət göstərib. Bir çox klassik balet tamaşalarında əsas partiyaları uğurla ifa edib, dünyanın 40-dan çox ölkəsində qastrol səfərlərində olub. Bir müddət ABŞ-da çalışıb. 2016-cı ildən Mariinski Teatrı Primorsk səhnəsinin baş baletmeysteridir. Bu il Rusiya Federasiyasının “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.
Mədəniyyət Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə iyunun 15-də “Azərbaycanım” IV respublika uşaq rəsm festivalı çərçivəsində uşaqlar üçün növbəti plener keçiriləcək.
Xətai Sənət Mərkəzindən bildirilib ki, plener 15 iyun-Milli Qurtuluş Gününə həsr olunacaq.
Plenerdə - açıq havada şəkil çəkmək üçün “Yurdumuza bahar gəlir” adlı uşaq yaradıcılıq müsabiqəsində fərqlənən uşaqlardan başqa bir qrupu dəvət olunub.
Plener Xətai Sənət Mərkəzinin qarşısında təşkil ediləcək.
Xatırladaq ki, festival çərçivəsində keçirilən plenerlər “Nizami Gəncəvi İli” çərçivəsində təşkil olunan festival rəssamlıq istedadına malik olan uşaqlar, yeniyetmə və gənclərin bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibəti formalaşdırmaq, həmçinin şəhər sakinləri və şəhərimizin qonaqlarının təsviri sənətə olan marağının artmasına xidmət etməkdir.
İyunun 14-də Avropa Film Festivalı ilə bağlı onlayn formatda mətbuat konfransı keçirilib.
Konfransda belə festivalların Azərbaycan ilə Avropa İttifaqı arasında mövcud mədəni əlaqələrin inkişafına verdiyi töhfədən bəhs olunub.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskas deyib: “Biz Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıqdan danışırıqsa sabitlik, sülh, inkişaf və mədəni əlaqələrimizin gücləndirilməsi bir arada olmalıdır. Film festivalları insanları tanımaq, mədəniyyətləri kəşf etmək, fərqli insanların ideyalarını paylaşmaq üçün gözəl bir fürsətdir. Bu il 13 Avropa ölkəsindən 10 film nümayiş ediləcək. Fərqli janrlar – komediya, dram, sənədli filmlər bunlar hamısı müxtəlif mükafatlar almış ekran əsərləridir. Ümid edirəm ki, bu cür tədbirlər vasitəsilə Azərbaycan ilə Avropa xalqları arasında əməkdaşlıq daha da genişlənəcək. Bu formatın gözəlliyi də ondan ibarətdir ki, hər kəs bu festivala qoşulub zövq ala bilər”.
Onun sözlərinə görə, bu il festivalımız ilk dəfə onlayn formatda təşkil olunur: “Bu, Avropa kinematoqrafiyasını təkcə Bakıda deyil, həm də bütün Azərbaycan tamaşaçıları üçün daha da yaxın və əlçatan edir”, - deyə səfir Kestutis Jankauskas bildirib.
Bildirilib ki, festival iyunun 14-dən 29-dək onlayn formatda keçiriləcək. Filmləri festivalscope.com saytından izləmək mümkündür. Filmlər orijinal dildədir. Bəzi filmlər ingilis rus və Azərbaycan subtitrləri ilə təqdim olunur.
Qeyd edilib ki, filmlərin əksəriyyəti nüfuzlu beynəlxalq film festivallarının qalibləridir. Festival proqramına iyunun 17-də macar kinorejissor Gabor Reisz ilə görüş də daxildir. İyunun 24-də Azərbaycan auditoriyası beynəlxalq səviyyəli kurator, mühazirəçi və media eksperti Nikolay Nikitin ilə təqdimat və sual-cavab sessiyasında iştirak etmək şansı qazanacaq.
Avropa Film Festivalı ilə bağlı son məlumatları Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin feysbuk səhifəsindən izləmək olar.
Xatırladaq ki, Avropa Film Festivalları çərçivəsində indiyə qədər 148 film nümayiş olunub və 23 Avropa rejissoru, aktyoru Azərbaycana səfər edib.
İyunun 14-də Milli Kitabxanada Milli Qurtuluş Gününə həsr olunmuş tədbir və Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin “Xilaskarlar” kitabının təqdimat mərasimi keçirilib.
Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, YAP Səbail rayon təşkilatı və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq qədirbilən xalqımızın hər il 15 iyun tarixini Milli Qurtuluş Günü kimi böyük təmtəraqla qeyd etdiyini bildirib. Deyib ki, 1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığı bir dövrdə Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı və 15 iyun - Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı səhifəsinə qızıl hərflərlə yazıldı.
Kərim Tahirov bildirdi ki, Ulu Öndər hakimiyyətə gəlişi ilə Azərbaycan xalqını xaosdan, hərc-mərclikdən xilas etdi, milli dövlətçiliyimiz qorunub saxlanıldı, Azərbaycan dövləti sürətlə dünya birliyinə inteqrasiya etdi, dünya arenasında öz sözünü deyən qüdrətli dövlətə çevrildi.
Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin “Xilaskarlar” kitabının məziyyətlərindən söz açan Kərim Tahirov bildirib ki, alimin demək olar bütün kitablarının təqdimatı Milli Kitabxanada keçirilib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Qurtuluş Günü ərəfəsində keçirilən bu tədbirin böyük əhəmiyyət daşıdığını söyləyib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, Milli Məclisin üzvü, kitabın “Ön söz” müəllifi İsa Həbibbəyli, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin üzvü, akademik, kitabın redaktoru Nizami Cəfərov, YAP Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev və başqaları çıxış edərək ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından və Milli Qurtuluş Gününün Azərbaycan tarixdəki əvəzsiz yerindən söz açıblar.
Vurğulanıb ki, təqdim olunan “Xilaskarlar” əsəri dünya görmüş, dünyanın gedişatını dərindən dərk edən, fikir və mülahizələrini yığcam təhlillər, müqayisələr və canlı həyati misallarla ifadə etməyə qadir, əsərləri ərəb, ingilis, fars, türk, rus dillərində çap olunan, Şərq və Qərb ədəbi-elmi mühitində yaxşı tanınan, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin xalqın tarixi müqəddəratında müstəsna rol oynayan xilaskarlarımız Heydər Əliyev epoxası və İlham Əliyev erasına dair könül çırpıntılarıdır. Daha çox gələcək nəsillərə ünvanlanan bu yığcam əsər xalqını, dövlətini, Vətənini sevən, ürəyi vətənpərvərlik coşqusu ilə döyünən hər bir azərbaycanlının stolüstü kitabına çevriləcək.
Qeyd edilib ki, oxuculara təqdim olunan “Xilaskarlar” kitabı professor Qəzənfər Paşayevin azərbaycançılıq tədqiqatlarında yeni hadisədir. Bu vaxta qədər azərbaycançılıq ideallarından əsasən elm və ədəbiyyat baxımından söz açan Qəzənfər Paşayev “Xilaskarlar” kitabında ilk dəfə olaraq azərbaycançılıqdan ictimai-siyasi müstəvidə bəhs etmişdir.
Bütün iştirakçılara minnətdarlığını bildirən Qəzənfər Paşayev kitabın ərsəyə gəlməsindən və ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının inkişafı naminə gördüyü böyük işlərdən söz açıb.
Qeyd edək ki, kitab AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının müvafiq qərarı ilə çap olunub.
Azərbaycan xalqı üçün əlamətdar günlərə həsr olunmuş sənət sərgilərinin təşkili artıq ənənə halı alıb.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Rəssamlıq Akademiyasının rektoru akademik Ömər Eldarov deyib.
Ömər Eldarov bu ənənənin davam etdirilməsinin vacibliyini vurğulayıb və tarixi günlərin gənclərin yaradıcılığında əks olunmasının əhəmiyyətini qeyd edib.
Gürcüstanın “1 TV. Eleqtroliti” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində böyük Azərbaycan şairi Aşıq Ələsgərin gürcü dilinə tərcümə olunmuş şeirlərinin yayınına başlayıb.
Tərcümə Mərkəzindən bildirilib ki, Aşıq Ələsgərin 200 illiyinə həsr edilən təqdimatda böyük sənətkarın “Düşdü”, “Tanıdı”, “İncimərəm”, “Güllü”, Güləndəm” “Getmə, qal” kimi şeirləri, həyat və yaradıcılığı haqqında geniş məlumat yer alıb.
“Ön söz”ün və şeirlərin tərcümə müəllifi yazıçı-tərcüməçi İmir Məmmədlidir.
Qeyd edək ki, Gürcüstan İctimai Televiziya və Radio Yayımları Şirkətinin elektron portalı olan “1 TV. Eleqtroliti” 2017-ci ildən fəaliyyət göstərir. Portal əsasən bədii ədəbiyyatın (nəsr, şeir, dramaturgiya), eləcə də tənqidi və publisistik materialların yayınına üstünlük verir. Gürcüstan oxucuları bu portalda Ömər Xəyam, Cəlaləddin Rumi, Pol Verlen, Artur Rembo, Filip Dik, Tomas Vulf, Rudolf Lapert, Leo Pere, Con Çiver, En Enrayit, Herta Müller, Hans Maqnus Enserberqer, Olqa Tokarçuk, Jorj Brasens, Esme Varnq, Peter Handke, Lusi Fleçer, Lores Ferlinget, Jak Brel, Lev Rubinşteyn, Con Maksvell Kutzee, Norbert Humelt, Syuzen Zontaq, Frans Holler kimi dünya ədiblərinin əsərlərinin elektron versiyası ilə tanış olurlar.
İyunun 17-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti” adlı sərginin açılış mərasimi keçiriləcək.
Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri Səbuhi Əhmədov bildirib ki, ekspozisiyanın hazırlanmasında muzeyin kitabxanasında, Arxeologiya, Etnoqrafiya, Köməkçi tarixi fənn materialları, Numizmatika, Xüsusi, Silahlar və bayraqlar fondlarında qorunan 250 eksponatdan istifadə edilib.
XII – XIII əsrin əvvəllərinə aid olan eksponatlar əsasən Gəncə, Beyləqan, Bərdə, Mingəçevir, Şabran, Naxçıvan şəhərlərindən aşkar edilərək gətirilib. Bəzi eksponatlar ziyarətçilərə ilk dəfə təqdim ediləcək. Eksponatlar sırasında 1909-cu ildə Gəncədə Mirzə Məhəmməd Axundovun “Şeyx Nizami. Tərcümeyi-halı” kitabçası xüsusi maraq doğurur.
Qeyd edək ki, 2021-ci ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Prezident İlham Əliyevin Sərəncamına əsasən 2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilib. Həmçinin Azərbaycan dövlətçiliyinin inkişafında böyük rol oynamış Azərbaycan Atabəyləri dövlətinin yaranmasının bu il 885 yaşı tamam olur. Sərginin məqsədi dahi Nizami Gəncəvi və onun yaşadığı dövlətin həyatını tarixi eksponatlar vasitəsilə nümayiş etdirməkdir.