İyunun 23-24-də Özbəkistanın Fərqanə vilayətinin Kokand şəhərində Türk Şurası turizm nazirlərinin VI iclası keçiriləcək.
Özbəkistan Turizm və İdman Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, iclasda Türk Şurasının Baş katibi Bağdad Amreyev, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Qazaxıstanın mədəniyyət və idman naziri Aktoti Raimkulova, Qırğızıstan Baş nazirinin müavini, iqtisadiyyat və maliyyə naziri Akılbek Japarov və Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərliyi ilə nümayəndə heyətləri iştirak edəcəklər.
Tədbirdə pandemiyadan sonra bu ölkələrdə turizm sahəsinin bərpa olunması, “Ziyarət turizmi” layihəsinin fəaliyyətə başlaması, üzv ölkələrin böyük şəhərləri arasında beynəlxalq aviasiya reyslərinin bərpası və bu istiqamətdə digər məsələlər müzakirə ediləcək.
İclas çərçivəsində xarici qonaqlar Fərqanə vilayətinin turizm sahələri, “Ziyarət turizmi”nin imkanları, ekoturizm, vilayətin qastronomik potensialı ilə də tanış olacaqlar.
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası “Nizami Gəncəvi – 880” adlı elektron xülasə hazırlayıb.
Kitabxanadan bildirilib ki, elektron xülasədə Nizami Gəncəvi haqqında 2017-2021-ci illərdə (may ayına qədər) dövri mətbuat səhifələrində dərc edilmiş 150-dən artıq məqalə araşdırılıb və seçmə yolu ilə istifadəçilərin diqqətinə çatdırılıb.
Xülasənin hazırlanmasında məqsəd geniş istifadəçi kütləsini görkəmli şairin həyat və yaradıcılığı, ölməz irsi haqqında dərc olunmuş materiallarla tanış etməkdən ibarətdir. Elektron xülasədə məqalələr illər üzrə, daxildə isə əlifba ardıcıllığı ilə verilib.
Xülasə ilə tanış olmaq istəyənlər http://anl.az/down/Nizami.Gencevi.pdf linkindən istifadə edə bilərlər.
Hökümə Qurbanovanın anadan olmasından 108 il ötür
Bu gün Azərbaycan və SSRİ-nin Xalq artisti Hökümə Qurbanovanın doğum günüdür. İlahi gözəlliyə, zəngin mənəvi aləmə malik aktrisanın yaradıcılığı teatr və kino tariximizdə ayrıca bir mərhələni təşkil edir. Qeyri-adi səhnə temperamentinə malik aktrisa qəhrəmanın daxili aləmini tam şəkildə təqdim etməklə tamaşaçıların qəlbinə və düşüncəsinə hakim kəsilməyə həmişə müvəffəq olub.
Anadan olmasının 108-ci ildönümü tamam olan görkəmli sənətkar yaratdığı bənzərsiz rollar qalereyası ilə bu gün də sənətsevərlərin qəlbində yaşayır.
Hökümə Qurbanova 1913–cü ildə Bakıda tacir Abbasəli Qurbanov və Məlikət Maqomayevanın ailəsində dünyaya göz açıb. Məlikət xanım tanınmış bəstəkar Müslüm Maqomayevin doğma bacısı idi. Hökümə Qurbanova 1931-ci ildə Bakı Pedaqoji Texnikumunu bitirib, 1931–1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında (indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası) təhsil alıb. Aktyorluq fəaliyyətinə 1933-cü ildə “Azərbaycanfilm” Kinostudiyasında başlayıb, C.Cabbarlının təşəbbüsü ilə “Almas” filmində Yaxşı rolunda çəkilib. Bu səssiz filmin kadrlarında gənc aktrisanın gözəl çöhrəsi, düzgün üz cizgiləri, mənalı gözləri, məsum və ürkək baxışları sənətkarın obrazı dərindən duymasından xəbər verir. Hökümə Qurbanova sonralar Azərbaycan teatr sənətinin korifey sənətkarlarından birinə çevrilib. O, 1938-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Dram Teatrında çalışıb. Aktrisanın ilk rolu “Vaqif” tamaşasında gürcü qızı Tamara olub.
Rejissorların diqqətindən heç vaxt kənarda qalmayan Hökümə Qurbanova Abbas Mirzə Şərifzadə, Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov kimi görkəmli sənətkarlarla birgə işləyib. Mehdi Məmmədov aktrisa haqqında “Onun sənət ulduzu” monoqrafiyasını yazıb.
Hökümə Qurbanovanın zəngin obrazlar qalereyasına romantik faciə, realist faciə, romantik-dramatik, realist-dramatik, psixoloji-dramatik, tarixi-dramatik səpkili, lirik təmayüllü psixoloji rollar, yumoristik dramatik rolların ən kamil nümunələri daxildir. Onun yaratdığı Sona (C.Cabbarlının “1905-ci ildə” tamaşası), Xuraman (S.Vurğunun “Vaqif”), Hermiona (U.Şekspirin “Qış nağılı”), Xumar (H.Cavidin “Şeyx Sənan”), Süsən (A.Şirvanzadənin “Namus”), Basantasena (Y.Osnos və B.Binnikovun “Hind gözəli”) obrazlarında lirizm, romantik vüsət güclüdür.
Görkəmli aktrisanın yaradıcılığından danışarkən onun səsini xüsusilə vurğulamaq lazımdır. Nitqinin ahəngində duyulan qəribə titrəyiş və həyəcan həmişə tamaşaçını riqqətə gətirib. Teatr tariximizdə Hökümə Qurbanova kimi gözəl və məlahətli səs variasiyaları ilə oynaya bilən ikinci qadın sənətkar olmayıb. Yaradıcılığı dövründə, demək olar ki, bütün dublyajların baş rollarını o səsləndirib. O, bu gün də ekranlardan düşməyən “Uzaq sahillərdə” filmində Anjelikanı, “Ögey ana”da Dilarəni məharətlə səsləndirib.
Milli səhnəmizin misilsiz faciə aktrisası neçə-neçə kraliça obrazı yaradıb. Onun yaradıcılıq zirvəsində 1964-cü ildə rejissor Tofiq Kazımovun quruluşunda səhnələşən “Antoni və Kleopatra” tamaşası durur. Aktrisa ehtirası, fikirləri, məhəbbəti, həyat kredosu müxtəlif müstəvilərdə çarpazlaşan Kleopatra obrazını məharətlə yaradıb. Həmin tamaşadan lentə alınmış kadra baxarkən adama elə gəlir ki, Hökümə Qurbanova məhz bu obrazı yaratmaq üçün dünyaya gəlib.
Aktrisanın 1956-cı ildə Londonda qastrolda olarkən ifası ingilis rejissorunu belə heyrətləndirib.
Hökümə Qurbanovanın “Bir ailə”, “Onu bağışlamaq olarmı?”, “Əmək və qızılgül”, “İnsan məskən salır” filmlərində çəkildiyi rollar da dolğunluğu ilə yadda qalıb.
Neçə-neçə obrazları yaddaşlara əbədilik həkk edən Hökümə Qurbanova görkəmli aktyor Ələsgər Ələkbərov, bir qədər sonra tanınmış rəssam Nüsrət Fətullayev ilə evlilik həyatını, ayrılıq anlarını da yaşamalı olub. Şəxsi həyatındakı uğursuzluqdan bədbinləşməyən aktrisa böyük bir coşqunluqla yaradıcılığını davam etdirib. Ömrünün ahıl çağında isə sevimli qızı, görkəmli aktrisa Vəfa Fətullayevanı itirməsi onun üçün ən böyük dərd olub. Hökümə Qurbanova sevimli qızının ölümündən 1 il sonra - 1988-ci il noyabrın 2-də Bakıda vəfat edib. Aktrisa Fəxri xiyabanda dəfn edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü il 4 mart tarixli Sərəncamına əsasən Hökümə Qurbanovanın 100 illik yubileyi dövlət səviyyəsində qeyd edilib.
Azərbaycan mədəniyyətinin inkişafına dəyərli töhfələr vermiş sənətkarın yaradıcılığı bu gün də gənc nəsil üçün məktəb olaraq qalmaqdadır.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində filologiya üzrə elmlər doktoru, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin professoru Aida Qasımovanın “Nizami Gəncəvinin “Yeddi gözəl” əsərinin ərəb qaynaqları” adlı onlayn mühazirəsi əsasında Nizami Gəncəviyə həsr olunmuş elmi-praktik seminar təşkil edilib.
Filologiya üzrə fəlsəfə doktoru İradə Musayevanın moderatorluğu ilə keçirilən tədbirdə fəlsəfə elmləri doktoru Könül Bünyadzadə, filologiya elmləri doktoru, professor Rəhilə Qeybullayeva, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy, filologiya elmləri doktoru, professor Sənan İbrahimov və şərqşünas alim, dosent Əsmətxanım Məmmədovanın məruzə ilə bağlı çıxışları dinlənilib. Eləcə də Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələrinin ifasında Nizami Gəncəviyə həsr edilmiş kompozisiya nümayiş edilib.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi yeni “Muzeydə görüşürük” silsiləsinə başlayır.
Bu silsilədən muzeydə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi, Beynəlxalq müsabiqə laureatı Səbinə Bəylərbəyovanın uşaqlar kursunun konserti və Əməkdar artisti Bəhram Bağırzadə ilə görüş keçirilib.
Görüşü muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq gənc nəslin və uşaqların mənəvi tərbiyəsində, muzeyə maraqlarının artmasında bu cür tədbirlərin böyük əhəmiyyət daşıdığını söyləyib.
Tədbirin birinci hissəsində Səbinə Bəylərbəyovanın kursunun şagirdləri konsert proqramı ilə çıxış edərək Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini ifa ediblər.
Sonra Bəhram Bağırzadənin gənc pərəstişkarları ilə görüşüb. Alla Bayramova Bəhrəm Bağırzadəyə muzeyin çap məhsullarını hədiyyə edib.
İyunun 10-da Ümumdünya Ətraf Mühit Günü münasibəti ilə İsveçin ölkəmizdəki səfirliyi “Azərxalça” ASC və Daş Salnamə Muzeyi ilə birlikdə “Dayanıqlı moda: Tekstilin gələcəyi” adlı sərginin açılışını keçirib.
Sərgi İsveç İnstitutu tərəfindən tədqiqatçılar və moda mütəxəssisləri ilə birlikdə hazırlanıb. Moda sənayesinin əsas problemlərinin işıqlandırıldığı sərgidə daha dayanıqlı gələcək üçün İsveçdə irəli sürülən həll yolları və təşəbbüslər nümayiş olunub.
Tədbirdə çıxış edən “Azərxalça” ASC İdarə Heyətinin sədri Emin Məmmədov ölkəmizdə xalçaçılığa olan marağın artdığını söyləyib. Bildirib ki, “Azərxalça” ASC-nin Azərbaycan üzrə fəaliyyət göstərən 21 emalatxanasında 1300-dən çox toxucu çalışır. Vurğulayıb ki, Azərbaycan xalçası bizim mədəniyyətimiz, tariximiz və gələcəyimizdir. Buna görə də “Azərxalça” ASC gənc və istedadlı rəssamlarla əlaqələr qurur və yeni çeşnilərin yaradılması istiqamətində işlər görür.
İsveçin Azərbaycandakı səfiri Kristian Kamill tədbirin əhəmiyyətindən və moda sənayesinin ətraf mühitə təsirindən danışıb. Səfir deyib: “Moda sənayesi dünyada ətraf mühiti ən çox çirkləndirən sahələrdən biridir. Hər il dünyada istehlak etdiyimiz 62 milyon ton geyimin yalnız 20 faizini təkrar istifadə və ya təkrar emal edirik. Sərgi həm istehsalçıların, həm də istehlakçıların paltarların və onların komponentlərinin təmirini, təkrar hazırlanmasını, təkrar istifadəsini və təkrar emalını maksimum dərəcədə artırmaqla moda sənayesinin ətraf mühitə arzuolunmaz təsirlərini minimuma endirə biləcəyi yolları izah edir”.
Tədbirdə, həmçinin Azərbaycan xalçalarının yeni yaradılmış dizayn nümunələri rəqəmsal formatda nümayiş olunub. Azərbaycanlı rəssam Orxan Məmmədovun söylədiyi kimi onun təqdim etdiyi çeşnilər kompüter vasitəsilə yaratdığı xüsusi alqoritmlərin sayəsində ərsəyə gəlib: “Süni intellekt modelini hazırladım və bu süni intellekt bütün Azərbaycan xalça modellərini araşdıraraq onların ortaq nöqtələrini tapıb, sonsuz sayda yeni xalça eskizləri generasiya edir. Xalçaçılıq sənəti Lətif Kərimovun vaxtında inkişaf edərək müəyyən səviyyəyə çatdı. Bu sənətə yeni prizmadan baxmağa çalışıram”.
Sərgidə qonaq rəssamlar Lüdmila Kristeseva (İsveç) və Günel Ravilovanın (Azərbaycan) əsərləri də nümayiş olunub. Onlar multimediya dialoqu ilə moda, tekstil və ekologiya mövzusunda iki fərqli perspektiv təqdim edərək, qadının şəxsiyyət kimi formalaşmasında tekstilin rolunu təyin etməyə çalışıblar.
Nailə Dadaşova isə öz işlərində Azərbaycan xalça sənətinin zənginliyindən istifadə edib. Dizayner Qarabağ kiliminin hissələrindən, eləcə də xalça ornamentlərindən geyimlərində detallar kimi istifadə edib. Onun əl işlərinin birində “qurama” texnikası ilə tikilmiş şal görmək olar. Bu texnika çox qənaətcil və eyni zamanda gözəl olan kiçik parça hissələrindən bütöv geyim və əşyalar yaratmağa imkan verir.
İyunun 10-da “YARAT” Müasir İncəsənət Mərkəzində təşkil edilən ikinci sərgi "Özünsən!" adlanır.
Bu, rəssam Rəşad Ələkbərovun eksperiment çərçivəsindən kənara çıxmış multidistiplinar fərdi sərgisidir. Sərgi, rəssam yaradıcılığında müxtəlif materiallarla yeni təcrübə olmaqla yanaşı, onun praktikasını yeni və gözlənilməz tərzdə təqdim edir. İmmersiv layihədə rəssamın “YARAT”ın sifarişi ilə hazırladığı yeni heykəl və instalyasiyaları nümayiş olunur.
Sərgi rəssamın tamaşaçı ilə səssiz, lakin düşünməyə vadar edən bir dialoqudur. Bu dialoqun baş tutmasının əsas açar elementi labirintdir. O, insanı həqiqətə-özünüdərketməyə aparan yol simvolu kimi hərəkət, yenilənmə və yeni doğuluş ideyasından çıxış edir. "Makqaffin effekti"ni nəzərdə tutaraq, rəssam labirint kontekstindən çıxış edir və əşyanın/hadisənin deyil, prosesin/yolun önəmli olduğunu vurğulayır. Alleqoriya və metaforalar dili ilə danışan instalyasiyalar insan varlığının ən dərin qatlarına baş vuraraq, ikimənalı fikirləri üzə çıxarır. Bu anlayışdan qaynaqlanaraq, rəssamın bəşəriyyət və cəmiyyət, yaranış və varlıq, yaddaş və xatirə, etiqad, siyasi strukturlar, kitç mədəniyyətinə əsaslanan müraciəti və onun istinadlarının əsas ünvanı məhz insanın özüdür.
Sərgi, labirint mövzusunun adaptasiyasından daha çox, onun transformasiyası və ideyasının genişləndirilməsini əks etdirir. Bu "səyahətdə" müxtəlif "alətlərdən" istifadə edərək, rəssam keçmiş və baş verən proseslərdən danışır. Labirintin əsas obrazlarından biri, Krit çarı Minosun qızı – Ariadnanın qırmızı sapına istinadən, rəssam labirint boyunca yönəldici mesajlar yazır. Bu mesajlar sərgidə olan əsərlərin başa düşülməsində köməkçi vasitə və layihə konseptinə tabe olmaq fikirləri kimi səsləndirilir. Avropa dəyərlərini mədəni və mənəvi prizmadan açıqlayaraq, rəssam Şərq fəlsəfi fikri və mifologiyası ilə kəsişən paralellər qurur. Avtobioqrafik elementlərin mövcud olduğu əsərlərdə, rəssam xatirə və yaddaş mövzusuna toxunur. Bu leytmotivi təşkil edən komponentlərə uşaqlıq oyunlarından tutmuş, postsovet ölkəsinin məişətinə qədər olan fraqmentlər aiddir. Yığılmamış pazlın hissələri kimi bu fraqmentlər bütün labirint boyunca səpələnib. "Mən burada olmuşam" kəlməsi isə Ələkbərovun Venesiya Biennalesindəki layihəsini xatırladaraq, həm də lokal xarakterli submədəniyyətlərə istinadıdır.
İyunun 23-dək açıq qalacaq sərginin kuratoru Fərəh Ələkbərlidir.
Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvü, şair Fuad Cəfərlinin ingilis dilinə tərcümə olunmuş şeirlər kitabı işıq üzü görüb.
Bu barədə müəllif özü məlumat verib.
Onun sözlərinə görə, "The Sun, Me and The Shadow" (“Günəş, Mən və Kölgə”) adlı şeirlər toplusu 72 səhifədən ibarətdir.
Kitabda müəllifin əvvəlki illərdə və son dövrlərdə yazdığı şeirlər toplanıb. Şeirləri ingilis dilinə tərcüməçi Sevil Gültən çevirib. “Pergament” nəşriyyatında işıq üzü görən kitabın redaktoru İlyas Məmmədovdur.
Azərbaycanın tanınmış opera müğənnisi Azər Zadə İtaliyanın Verona şəhərindəki qədim Roma amfiteatrı – Arena di Veronanın səhnəsində Cüzeppe Verdinin “Aida” operasında çıxış edəcək.
Tamaşa 19-22 iyunda “Aida” operasının premyerasının 150 illiyi münasibətilə təqdim olunacaq. Azər Zadə operada Radames partiyasını ifa edəcək. Tamaşa məşhur italyan dirijoru Rikkardo Mutinin rəhbərliyi ilə təqdim olunacaq.
İtalyan bəstəkar C.Verdinin dördpərdəli “Aida” operası ilk dəfə 1871-ci il dekabrın 24-də Qahirədə səhnəyə qoyulub. Hadisələr qədim Misirdə, Memfis və Tebendə firon hökmranlığı dövründə baş verir. Operanın süjet xəttini sarayın mühafizə rəisi Radames ilə əsir düşdükdən sonra qula çevrilmiş Nubiya hökmdarının qızı Aida arasındakı nakam məhəbbət təşkil edir.