Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Bakıda suluboya ilə işləyən rəssamların əsərlərindən ibarət sərgi açılacaq

    Bakıda suluboya ilə işləyən rəssamların əsərlərindən ibarət “Su və rəng ahəngi-2021” adlı sərgi açılacaq.

    Sərgi “IWS Globe” beynəlxalq suluboya cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi olan “IWS Azerbaijan” və Xətai Sənət Mərkəzinin nəzdində açılmış “IWS Baku Khatai Art Gallery” ilə birlikdə təşkil olunur.

    Sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə reallaşacaq.

    Sərgiyə 18 yaşdan yuxarı rəssamlar qatıla bilər. Bütün işlər suluboya ilə yerinə yetirilməlidir, orijinal olmalı və başqa rəssamların işlərinin surətləri olmamalıdır. İşlərin ölçüsü A3 formatından az olmamalıdır, hər bir rəssam 3 iş göndərə bilər.

    Sərgi üçün işlər “IWS Azerbaijan” akvarel cəmiyyətinin bədii şurası tərəfindən seçiləcək.

    İştirak etmək istəyənlər işlərinin fotolarını iwsazerbaijan@gmail.com elektron ünvanına göndərə bilər.

    Sərgidə iştirak edəcək rəssamların siyahısı iyulun 3-də feysbuk və instaqram səhifələrində yayımlanacaq.

  • Rəngkarlıq Muzeyində uşaqlar üçün ustad dərsləri

    XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində uşaqlar üçün ustad dərsləri keçiriləcək.

    Ustad dərslərinə 8 yaş və ondan yuxarı uşaqlar qatıla bilər. İlk dərslər iyunun 12-də “Mənim sevimli ev heyvanım” mövzusuna həsr ediləcək.

    Sonrakı dərslər iyunun 19 və 26-da müvafiq olaraq “Qarabağ Azərbaycandır” və “Sevimli nağıl qəhrəmanım” mövzularına ithaf olunacaq.

  • Azərbaycanlı rejissorun filmi mükafata layiq görülüb

    Azərbaycanlı rejissor Teymur Qəmbərovun “Quxuroba” filmi MDB ölkələrinin “Dostluq” gənc kinematoqrafçıların beynəlxalq kino məktəbi tənqidçilərinin əsas mükafatına layiq görülüb.

    MDB ölkələri gənc kinematoqrafçıları beynəlxalq kino məktəbinin beşinci mövsümü bu il Gürcüstanın Batumi şəhərində gəncləri bir araya gətirib. Kino məktəbinin təşkil etdiyi müsabiqə proqramına 14 ölkədən 31 film daxil olub.

    Teymur Qəmbərov beynəlxalq kino məktəbinin müsabiqəsi barədə fikirlərini bölüşüb: “Tədbirdə əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Hər bir iştirakçıya xüsusi diqqət var idi. Kino məktəbi yüksək səviyyədə təşkil edilmişdi. “Quxuroba” filmimiz kino tənqidçilərinin əsas mükafatına layiq görüldü. Filmi dəyərləndirən hər kəsə minnətdaram”.

    “Quxuroba” filmi Rasim adlı taksi sürücüsünün başına gələn macəralardan bəhs edir. O, müdirindən vacib bir tapşırıq alır. Nəyin bahasına olursa-olsun, gəlinlik paltarını ucqar kəndə çatdırmalıdır. Bu yolda Rasim cavan bir qadını maşınına alır. Onların danışacaqları bir şey olmasa da, bir-birilərinə söyləyəcəkləri nəsə var. Beləliklə, iki fərqli tale bir yolda kəsişir.

    Rejissoru və ssenari müəllifi Teymur Qəmbərov olan filmdə Elxan Səmədov, Roza İbadova Koçamaz, Rada Nəsibova, Cahangir Malik, İlqar Dadaş rol alıb.

  • Xalq artisti Ramiz Əzizbəyli vəfat edib
    Azərbaycan mədəniyyətinə itki üz verib. Xalq artisti, tanınmış aktyor, kinorejissor Ramiz Hacıağa oğlu Əzizbəyli iyunun 9-da, 73 yaşında dünyasını dəyişib. Ramiz Əzizbəylinin 1987-ci ildə “Debüt“ studiyasında çəkdiyi “Pirverdinin xoruzu“ qısametrajlı bədii filmi ilə rejissorluq fəaliyyətinə başlayıb. Film Kiyev şəhərində keçirilən Ümumittifaq festivalda rejissor debütünə görə mükafata layiq görülüb. Onun 1991-ci ildə çəkdiyi “Bəxt üzüyü“ tammetrajlı bədii filmi kino tariximizdə ən baxımlı ekran əsərlərindən biridir. Film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin kinofestivalında xüsusi diploma layiq görülüb. Rejissorun “Yalan“ bədii filmi (2006) Qarabağ probleminə, onun törətdiyi faciələrə həsr edilib. Ramiz Əzizbəyli Azərbaycan kino sənətinin inkişafında xidmətlərinə görə 2000-ci ildə respublikanın Əməkdar artisti, 2008-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 2018-ci ildə “Şöhrət“ ordeni ilə təltif olunub. Allah rəhmət eləsin.
  • Dörd ölkədən olan rəssamların əsərləri “YARAT”da nümayiş olunur

    İyunun 10-da “YARAT” Müasir İncəsənət Mərkəzində Azərbaycan, Gürcüstan, İsrail və Ukraynadan olan gənc perspektivli rəssamların yeni qrup sərgisi açılıb.

    "XX əsrin son çiçəkləri: Y nəsli" adlanan bu sərgi, millenialların şəxsiyyətini əsas mövzular, suallar və problemlər vasitəsilə araşdırır.

    "Y nəsli" və ya "milleniallar" – XX əsrdə doğulmuş, lakin yeni minillikdə böyümüş insanlardır. Onları əvvəlki və sonrakı nəsillərdən fərqli olan insanlar kimi dəyərləndirirlər ki, bu da həmin nəslin unikallığını vurğulayır. Ötən əsrin "son çiçəkləri" sayılan bu nəsil, mövcud reallığı şəxsi reallıqları vasitəsilə qurublar.

    Sərgi başlıca diqqəti sosial qavrayışın müxtəlif səviyyələri vasitəsilə özünüidentifikasiya və özünüifadə üsullarına cəlb edir. Sərgi sovet keçmişinə istinad edən reallığı əks etdirməklə rəssamların gənclik təcrübəsini ifadə edir. Statik və ya dinamik, durğun və ya mütərəqqi – burada insanların həyatı necə qavraması ilə bağlı müxtəlif təsvirlər var. Yaddaş və nostaljiyə qərq olan əsərlər, sözügedən nəslin formalaşmasında həlledici amil kimi çıxış edən sosial mühiti tədqiq edir. Əsərlər mədəniyyət, submədəniyyət və tendensiyalar kimi anlayışlara nəzər salaraq, həyat tərzi və davranışla bağlı əsas ahəngləri ortaya qoyur.

    "XX əsrin son çiçəkləri: Y nəsli" 6 gənc rəssamın video, fotoqrafiya və fotoinstalyasiyalarını bir araya gətirir. Alina Orlov (İsrail), Giorgi Rodionov (Gürcüstan), Zamir Süleymanov (Azərbaycan), Yarema Malaşçuk və Roman Himey (Ukrayna), həmçinin Saşa Kurmazın (Ukrayna) seçilmiş əsərləri, eyni zaman kəsiyində yaşayan və müxtəlif ölkələrdən olan gənclərin fərqli reallıqlarını, dəyərlərini və qavrayışlarını nümayiş etdirir.

    Dekabrın 30-dək açıq qalacaq sərginin kuratoru Fərəh Ələkbərlidir.

  • “NARGIS” nəşriyyat evi Dənizkənarı Milli Parkda sərgi təşkil edib

    Dənizkənarı Milli Parkda “NARGIS” nəşriyyat evinin “Reduce, Reuse, Recycle, Respect” adlı sərgisi açılıb.

    Sərgidə 15 instalyasiya, həmçinin Bakı Avropa Liseyinin şagirdləri tərəfindən hazırlanmış "Eynşteynin portreti" paneli yer alıb. Bu instalyasiya Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birlikdə “NARGIS” nəşriyyat evi tərəfindən 2019-cu ildə keçirilən ən yaxşı instalyasiya müsabiqəsində qalib seçilib.

    “NARGIS” nəşriyyat evinin direktoru Aytən Hüseynova tədbirdə çıxış edərək sərginin məqsədindən danışıb.

    Təhsil naziri Emin Əmrullayev ətraf mühitlə ünsiyyətin bir mədəniyyət olduğunu bildirib və “NARGIS” nəşriyyat evinə təkrar emala yararlı tullantı materiallardan belə bir sənət əsərləri yaratdıqları üçün təşəkkür edib. O, həmçinin uşaqların belə bir sərgidə iştirakının, onlara ətraf mühitə düzgün münasibət göstərməyi öyrətmək üçün ən yaxşı vasitə olduğunu qeyd edib.

    Daha sonra layihənin kuratoru Rəşad Ələkbərov çıxış edib.

    Layihə Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Göyçay Rayon İcra Hakimiyyəti, Şamaxı Rayon İcra Hakimiyyəti, Quba Rayon İcra Hakimiyyəti, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC (ASCO), “Azərsu” ASC, “AzərEnerji” ASC, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), “Bakı Fond Birjası” QSC, “Azercell Telekom” MMC, “Azersun” Holdinq, “Carlsberg Azerbaijan”, “Baku Steel Company”, “SMTS” MMC, “Bakı Metropoliteni” QSC və “Tekfen İnşaat”ın dəstəyi ilə təşkil edilib.

    Sərginin açılışında “NARGIS” nəşriyyat evinin partnyor və dostları, dövlət qurumları, Azərbaycanda akkreditasiya olunan səfirliklər, təşkilatlar, banklar, sığorta və digər şirkətlər, habelə rəssamlar, heykəltəraşlar, qaleristlər iştirak edib. Tədbirdən sonra “Make the Earth Smile Again” sərgisinin açılışındakı kimi “NARGIS” jurnalının komandası bulvarda ağac əkib.

    “Reduce, Reuse, Recycle, Respect” sərgisi Dənizkənarı Milli Parkda iyunun 10-dan avqustun 1-nə kimi ziyarətçilər üçün açıq olacaq.

    Sərginin nümayiş olunduğu müddətdə 5–15 yaşarası uşaqlar üçün ustad dərsləri keçiriləcək. Ekskursiyalar ərzində uşaqlar tullantıların düzgün utilizasiyası, təkrar emal edilə bilməyən materialların zərəri və tullantıların sənət əsərlərinin yaradılması məqsədilə istifadə olunması haqqında dolğun məlumat alacaqlar. İştirakçılar 5–10 və 10–15 yaş qruplarına ayrılacaq. Həmçinin məktəblər üçün ekskursiyaların təşkili nəzərdə tutulub.

  • Kitabxana görkəmli qırğız yazıçısı Çingiz Aytmatova həsr olunan sərgi hazırlayıb

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 nömrəli filialı dünya şöhrətli yazıçısı Çingiz Aytmatovun anım günü ilə əlaqədar “Dünya şöhrətli yazıçı” adlı virtual sərgi hazırlayıb.

    İdarədən bildirilib ki, sərgi kitabxananın sosial hesablarında təqdim edilib.

    Qeyd edək ki, Çingiz Aytmatov Qırğızıstanın Şəkər kəndində anadan olub. Atası Torekul Aytmatov görkəmli dövlət xadimi idi, repressiya dövründə, 1938-ci ildə güllələnib. 1948-1953-cü illərdə Ç.Aytmatov Bişkekdəki Kənd Təsərrüfatı Universitetində təhsil alıb. 1952-ci ildə dövri mətbuatda onun qırğız dilində ilk əsərləri çap olunmağa başlayıb.

    Ali təhsil aldıqdan sonra o, 3 il ərzində Qırğızıstan Maldarlıq Elmi-Tədqiqat İnstitutunda işləyib. Aytmatovun Moskvadakı Ali ədəbiyyat kursuna yazılması yalnız 1956-cı ildə, atasının bəraət almasından sonra mümkün olub. Kursu bitirdiyi ildə "Oktyabr" jurnalında onun qırğız dilindəki "Üz-üzə" hekayəsinin rus dilinə tərcüməsi dərc olunub. Həmin il "Yeni dünya" jurnalında Aytmatovun bir sıra hekayələri və yazıçıya dünya şöhrəti qazandıran "Cəmilə" povesti işıq üzü görüb.

    Çingiz Aytmatovun qəhrəmanları mənəvi cəhətdən güclü, mərhəmətli və aktiv insanlar idi. Buna görə yazıçını psixoloji portret ustası da adlandırırdılar. “Ağ gəmi”, “Dəniz kənarıyla qaçan Alabaş”, “Gün var əsrə bərabər” romanlarında yazıçı dövrün kəskin fəlsəfi, etik və sosial problemlərinə toxunub.

    Çingiz Aytmatov 2008-ci il iyunun 10-da vəfat edib.

  • Xalq artisti Ramiz Əzizbəyli ilə vida mərasimi başa çatıb

    Xalq artisti, kinorejissor Ramiz Əzizbəyli ilə vida mərasimi başa çatıb.

    Mərasimdə sənətkarın ailə üzvləri, yaxınları və sənət dostları iştirak ediblər.

    Mərhum sənətkar Bakının "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

  • Milli Qurtuluş Günü münasibətilə rəsm sərgisi - “Zəfərin mübarək, Azərbaycan”

    İyunun 11-də Azərbaycan Rəssamlar İttifaqının üzvü Məlik Məmmədxanovun əsərlərindən ibarət rəsm sərgisi açılacaq.

    “Zəfərin mübarək, Azərbaycan” adlı yaradıcılıq sərgisi YAP-ın Yasamal rayon təşkilatının binasında reallaşacaq.

    15 iyun- Milli Qurtuluş Gününə həsr edilən sərginin layihə rəhbəri Elnurə İsgəndərova, təşkilatçısı isə Aygün İsgəndərovadır.

  • “Tarix yazan igidlərimiz” layihəsi: Vətən müharibəsi şəhidi Elvin Şirinov

    Azərbaycan Ordusunun işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr tarixin ən şanlı anlarıdır. Bu zəfər sevincini yaşadanlar isə tarixin igid, mərd, ölməz oğullarıdır. Tarixə qanları ilə silinməz iz qoyan igidləri tanıtmaq isə böyük bir şərəf, qürurdur.

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Tarix yazan igidlərimiz” layihəsi əsasında Azərbaycanın qəhrəman oğullarını tanıtmağa davam edir.

    Kitabxananın İnformasiya-resurs şöbəsi tərəfindən hazırlanan videoçarxlar və informasiya məktubları Vətən oğullarının həyat və şücaətli döyüş yolu ilə bağlı məlumatı əks etdirir.

    Vətən torpağı uğrunda mübarizə aparan və adını tarixə yazdıran igid oğullardan biri də Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi Elvin Şirinovdur.

    Elvin Elsevən oğlu Şirinov 1997-ci il martın 12-də Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olub. Uşaqlıqdan onun idmana böyük həvəsi var idi. Futbola olan marağı onun “Qarabağ” futbol komandasında azyaşlılar üçün təşkil edilmiş qrupa üzv olmasına səbəb olmuşdu.

    Elvin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qoşun kəşfiyyatı taqım komandiri müavini – qrup komandiri kursunu bitirib. O, gizir kursunu bitirmə haqqında sertifikat alıb.

    Azərbaycanın igid oğlu Elvin Şirinov ötən ilin sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 26-da Xocavənd döyüşləri zamanı qəhrəmanca şəhid olub.

    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə şəhid Elvin Şirinov ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

    Videoçarx kitabxananın sosial hesablarında paylaşılıb.