Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Uşaqlar arasında “Planetimizi sağaldaq” adlı rəsm müsabiqəsi keçirilib

    “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi nəzdində “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Ümumdünya Ətraf Mühit Günü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının təşkilatçılığı ilə uşaqlar arasında “Planetimizi sağaldaq” adlı rəsm müsabiqəsi keçirilib.

    “İçərişəhər” Qoruq İdarəsindən bildirilib ki, “EU4Climate” layihəsi çərçivəsində ərsəyə gələn müsabiqə ətraf mühitin qorunmasının vacibliyi barədə maarifləndirmənin aparılmasında maraqlı olan 7-12 yaşlı uşaqlar arasında təşkil olunub.

    Tədbirdə, həmçinin “EkoSfera” Sosial-Ekoloji Mərkəzi tərəfindən balaca rəssamlar üçün interaktiv, əyləncəli ekoloji oyunlar keçirilib.

  • ABŞ mətbuatında “Milli-mədəni irsin təbliğinə əhəmiyyətli töhfə” adlı məqalə dərc olunub

    ABŞ-ın Nyu-York şəhərində nəşr edilən “Bukharian Times” qəzetində Azərbaycanın Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadənin “Milli-mədəni irsin təbliğinə əhəmiyyətli töhfə” adlı məqaləsi dərc olunub.

    Məqalədə müəllif Nizami Gəncəvi irsinin geniş təbliğ edilməsi ilə Azərbaycanın zəngin milli-mədəni dəyərlərinin bir daha dünya ictimaiyyətinə çatdırıldığı bildirilir.

    Müəllif qeyd edir ki, Azərbaycan dövləti siyasi, iqtisadi, hərbi cəhətdən inkişaf etməklə yanaşı, yüksək mədəni tərəqqiyə də nail olub. Hazırda Azərbaycan xalqı ötən il qazanılan Qələbənin sevincini qürurla yaşayır. Çox müsbət haldır ki, Azərbaycanda yaşayan yəhudilər, ruslar, polyaklar, ləzgilər, udinlər və digər xalqların nümayəndələri də bu sevinci bölüşürlər. Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi çoxmillətli Azərbaycan xalqının sevincinə daha bir sevinc qatıb. Bu, Azərbaycan ədəbiyyatına, mədəni irsə, ümumiyyətlə, milli-mədəni dəyərlərə yüksək diqqətin bariz nümunəsidir.

    Məqalədə qeyd edilir ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin ədəbi irsi söz xəzinəsi, bilik mənbəyi olmaqla yanaşı, həm də canlı tarixi salnamədir. Böyük söz sahibinin yaradıcılığı keçmişimizin ən qaranlıq guşələrinə işıq salır. Nizami Gəncəvinin dünya ədəbiyyatına misilsiz töhfəsi olan beş poeması (“Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İskəndərnamə”), onun yaradıcılığının əsas qayəsini təşkil edir. “Xəmsə” adı ilə birləşdirilmiş bu poemalarda irəli sürülən bədii-estetik ideyalar, beynəlmiləl mütərəqqi ictimai-fəlsəfi fikirlər hər kəs üçün müasirdir. Qeyd olunur ki, Nizami yaradıcılığı Şərqdə və Qərbdə bir çox şairlərə ilham mənbəyi olmuşdur. Araşdırmalara görə, bu böyük dahinin əsərlərinə müxtəlif dillərdə 500-ə qədər şair nəzirə yazıb. Məhz elə bu, Nizami sənətinin ölməzliyini göstərir. Əslində, Nizami Gəncəvi özündən sonra bəşəriyyət üçün ədəbi məktəb qoyub getmişdir. Bu ədəbi məktəb də insanın mənəvi-əxlaqi inkişafına, maarifpərvərliyə, ictimai öhdəliyin yerinə yetirilməsinə xidmət edir. Korifey sənətkarın böyüklüyü ondadır ki, yaratdığı ədəbi obrazların dili ilə bir çox hallarda bəşəriyyətə xitabən çıxış edir.

    Daha sonra F.Hüseynzadə qeyd edir ki, Nizami Gəncəvi yaradıcılığında milli-mədəni dəyərlərə yeni təfəkkür işığında baxış özünü qabarıq şəkildə büruzə verir. Diqqət çəkən odur ki, Nizaminin əsərlərində milli dəyərlər ön plana çəkilir. Məsələn, bu, şairin “Sirlər xəzinəsi” poemasındakı hekayətlərdə yaratmış olduğu obrazların xarakterində, onların ibrətamiz öyüdlərində özünü göstərir. Şair obrazların dili ilə ədalət və əmək, həqiqi dostluq kimi əxlaqi məsələlərə xüsusi diqqət çəkir. Şair “Sirlər xəzinəsi” poemasında bu əxlaqi dəyərlərin insan üçün ən gözəl mənəvi keyfiyyət olduğunu oxucuya çatdırır.

    Müəllif vurğulayır ki, Nizami Gəncəvi yaradıcılığında irqi, milli və dini ayrı-seçkilik yoxdur. Qəhrəmanları arasında türk, fars, ərəb, Çin, hind, yunan, gürcü və s. xalqların nümayəndələri var. Məsələn, “Yeddi gözəl” poemasında Azərbaycan xalqının milli-mənəvi dəyəri hesab olunan bu tolerantlıq elementlərinə rast gəlinir. “Xosrov və Şirin” poemasında isə bir-birini sevən iki aşiq qəhrəmanın hərəsi müxtəlif dinlərə mənsubdurlar.

    Böyük mütəfəkkir digər əsərlərində də Azərbaycan xalqına məxsus milli-mədəni dəyərləri poetik lövhələrlə göstərmiş olur. Dahi şairin yaradıcılığında məhəbbətə dünyəvi münasibət bəslənilir. Ümumiyyətlə, Nizami Gəncəvi yaradıcılığında humanist ideyalar, milli-mədəni dəyərlər, insani keyfiyyətlər geniş şəkildə təbliğ olunur. Bu baxımdan onun yaradıcılığı bəşəri xarakterə malikdir və dünya ictimaiyyətinə çatdırılması mühüm əhəmiyyət kəsb edir.

    Nizami Gəncəvi qüdrətli söz və fikir ustadı olaraq insanları daim əxlaqi kamilliyə çağırıb. Onun yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığı bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətə malikdir. Nizami Gəncəvi yaradıcılığı həm də yüksək milli-əxlaqi, vətənpərvərlik nümunəsi olaraq da bu günümüzlə səsləşir. Elə məhz bunları nəzərə alaraq dövlət başçısı bu ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsilə bağlı Sərəncam imzalayıb.

    F.Hüseynzadə yazır ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirir. Artıq bu plana uyğun olaraq müxtəlif dövlət qurumları, eləcə də diasporumuz tərəfindən Nizami Gəncəvi ilə bağlı Azərbaycanda və xaricdə bir sıra tədbirlər həyata keçirilir, o cümlədən dahi mütəfəkkirin irsi beynəlxalq səviyyədə tədqiq edilir. Nizami Gəncəvi irsi geniş təbliğ edilməklə Azərbaycanın zəngin milli-mədəni dəyərləri bir daha dünya ictimaiyyətinə nümayiş olunur. Eyni zamanda, Nizami irsi Vətənə gətirilir. Bu baxımdan Mədəniyyət Nazirliyi və Milli Kitabxananın, Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın dəstəyi ilə “Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsini qeyd etmək olar. Layihə çərçivəsində dünyanın milli kitabxanalarında və muzeylərində mühafizə edilən Nizami Gəncəvi irsinə dair əlyazmaların müəyyən olunaraq elektron və kağız nüsxələrinin surətlərinin ölkəmizə gətirilməsi istiqamətində işləri davam etdirir. Bu məqsədlə Türkiyə, Çexiya, Misir və digər ölkələrdən Nizami əsərlərinin digital versiyalarının gətirilməsi işi həyata keçirilir. Nizami irsi daim aktualdır. Dahi şairin yeni əlyazmalarının üzə çıxarılması Azərbaycan mədəniyyətinin öyrənilməsi, milli-mədəni dəyərlərin təbliği işində xüsusilə mühüm əhəmiyyət daşıyır.

    Müəllif yazır ki, Azərbaycan dövləti və xalqı hər zaman milli-mədəni dəyərləri uca tutur və təbliğinə xüsusi önəm verir. Nizami Gəncəvi yaradıcılığı Azərbaycan ədəbiyyatı ilə yanaşı, dünya ədəbiyyatına da müstəsna töhfələr verib. 880 illiyi qeyd edilən Nizami Gəncəvi kimi ədəbiyyat və mədəniyyət nümayəndələrinin həyat və yaradıcılığının öyrənilib gələcək nəsillərə ötürülməsi, dünyaya tanıdılması bu qəbildən olan işlərdəndir. Sonda qeyd olunur ki, bütün bunlar Nizami Gəncəvi irsinin tədqiqi və təbliği işinə böyük təkan olmaqla yanaşı, Azərbaycanın ədəbi və bədii irsinə göstərilən ehtiramın, tarixi şəxsiyyətlərə, milli-mədəni dəyərlərə verilən yüksək dəyərin əyani təsdiqidir.

     

  • Xəzər Televiziyasında yeni layihə - Firuzə İsmayılın təqdimatında "Persona"

    Xəzər Televiziyası efirində mədəni layihəyə start verilib. Layihə çərçivəsində yeni təşəbbüs - "Persona" verilişi hazırlanıb və ilkin görüntülərdən ibarət anons artıq tamaşaçılara təqdim edilib.

    Bu mövsümdən etibarən yayımlanacaq "Persona" verilişinin premyerası həftənin cümə axşamı günü saat 23:00-da təqdim ediləcək.

    Firuzə İsmayılın təqdimatında ərsəyə gələn verilişin qayəsi ölkəmizin mədəni inkişafına öz töhfəsini verən tanınmış simaların daxili aləmini açmaq, onların tamaşaçıya göstərmədiyi fərdi və fərqli cizgilərini ortaya çıxarmaq, bir sözlə, "tanımadığımız tanınmışları" xalqa tanıtmaqdır.

    Məzmun və görüntü keyfiyyəti baxımından öz fərqliliyi ilə seçilən verilişin əsas məqsədi Azərbaycan teleməkanında milli-mənəvi dəyərlərimizi təbliğ edən mədəni platformanın əsasını qoymaqdır.

    Proqramın ilk buraxılışının qonağı Azərbaycanın Xalq artisti, Prezident mükafatçısı Mənsum İbrahimovdur.

    Layihənin rəhbəri Firuzə İsmayıl Əliyeva, ssenari müəllifi Səidə Abdullayeva, rejissoru isə Elnur Məmmədovdur.

    Qeyd edək ki, "Persona" izləyiciləri proqramı televiziya efiri ilə yanaşı, yutub kanalında da izləyə biləcəklər.

    Verilişin ilk buraxılışının anonsunu bu linkdən izləmək olar- https://www.youtube.com/watch?v=TAA2QyDTl6w

  • Norveçdə Azərbaycan, Türkiyə və Pakistan mədəniyyətinin tanıdılması məqsədilə birgə layihə reallaşdırılacaq

    Norveçdəki Azərbaycan "CAN" diaspor təşkilatı bu ölkədə Azərbaycan, Türkiyə və Pakistan mədəniyyətini tanıtmaq məqsədilə birgə layihə keçirməyi planlaşdırır.

    Norveçdə fəaliyyət göstərən "CAN" diaspor təşkilatının sədri Şervin Nəcəfpur və “Reachig Out” təşkilatının rəhbəri Neha İkram, Pakistanın bu ölkədəki səfiri Zahiri Pərvaz Xanla görüşüb.

    Görüşdə Azərbaycanla Pakistan arasındakı tarixi dostluq əlaqələrinə toxunularaq, iki ölkəni birləşdirən ümumi dəyərlərə əsaslanıb birgə layihələrin keçirilməsi barəsində fikir mübadiləsi aparılıb.

    Səfir Zahiri Pərvaz Xan daha əvvəl Osloda “CAN” təşkilatı tərəfindən keçirilən “Tur Heyerdalın Azərbaycana aparan addımları ilə milli mirasımızın mənşəyini kəşf et” sərgisini yüksək qiymətləndirərək, tarixi faktlara əsaslanan mədəni körpülərin yaradılmasının əhəmiyyətini vurğulayıb. Azərbaycanın dünya ölkələri arasında tolerantlığı ilə tanındığını bildirən səfir, ölkəmizə səfərlərindən danışaraq zəngin mədəni irsimizin dəyərini xüsusi ilə vurğulayıb.

    Zahiri Pərvaz Xan bildirib ki, bütün bu faktlar birgə fəaliyyət üçün möhkəm əsas yaratdığı üçün, "CAN" diaspor təşkilatının rəhbərliyi ilə Norveçdə Azərbaycan, Pakistan və Türkiyə mədəniyyətlərini tanıtmaq məqsədli tədbirin keçirilməsi zəruridir.

    Daha sonra "CAN" diaspor təşkilatının sədri Şervin Nəcəfpur səmimi qəbula və Azərbaycan haqqında ifadə etdiyi xoş sözlərə görə səfirə minnətdarlığını bildirərək, Pakistanla Azərbaycan xalqları arasında yaranan yaxın dostluq və əməkdaşlıq əlaqələrinin xüsusi əhəmiyyətini qeyd edib. Diaspor fəalı bu əlaqələrin yeni səpkidə inkişafının, diasporlarımızın daha sıx əlaqələndirilməsinin labüd olduğunu qeyd edərək, birgə layihənin keçirilməsi təşəbbüsünü yüksək qiymətləndirib.

    Görüşdə yeni layihə geniş müzakirə olunub.

  • İfa etdiyi hər mahnı, yaratdığı hər obraz sənət hadisəsinə çevrilən sənətkar

    Bu gün Rəşid Behbudovun vəfatından 32 ili ötür

    “Alagöz”, “Gecələr”, “Lalələr”, “Sənə də qalmaz”, “Küçələrə su səpmişəm”, “Evləri var”, “Tələsin, insanlar” və s. ifa etdiyi mahnılar... Bu şəffaf, bulaq suyu kimi axıcı səsi unutmaq mümkün deyil. Bu səs sehri, cazibəsi ilə təkcə sahibinə deyil, həm də onun mənsub olduğu millətə, xalqa, məmləkətə daim şöhrət gətirərək tükənməz məhəbbət qazandırıb. İyunun 9-da SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, görkəmli müğənni Rəşid Behbudovun vəfatının 32 ili tamam olur.

    Səsi, sənəti, fitri istedadı ilə əbədiyaşarlıq qazanan Rəşid Behbudov 1915-ci ildə Tbilisidə xanəndə Məcid Behbudovun ailəsində dünyaya göz açıb. Uşaq yaşlarından məktəb xorunda oxuyan R.Behbudov 1933-cü ildə Dəmir Yolu Texnikumuna qəbul olub. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışıb. Hərbi xidmət zamanı ordu ansamblının, əsgərlik illərindən sonra isə Tbilisi estrada qruplarından birinin solisti olub.

    Rəşid Behbudov 1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəylinin eyniadlı operettasının motivləri əsasında çəkilən “Arşın mal alan” filmində baş rola dəvət alıb. 1945-ci ildə efirə çıxan film tezliklə nəinki Azərbaycanda, bütün SSRİ məkanında böyük populyarlıq qazanıb. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov Stalin mükafatına layiq görülüb. Əsgər obrazını yaradan müğənninin şirin və könül oxşayan səsi hər bir dinləyicini valeh edib. Bundan sonra sevimli müğənninin səsini eşitmək arzusunda olanların sayı gündən-günə artıb. Azərbaycan kinosunun qızıl fonduna daxil olan həmin film bu gün də müvəffəqiyyətlə nümayiş etdirilir.

    R.Behbudov uzun illər Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomima kimi müxtəlif janrlarını özündə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edib və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olub. Hazırda bu teatr dahi sənətkarın adını daşıyır.

    İfaçılıqda xalq yaradıcılığını, vokal sənətini, estrada janrını sintez edən Rəşid Behbudov bənzərsiz səsi, zahiri görkəmi və aktyorluq istedadı ilə dinləyicinin və tamaşaçının qəlbini ovsunlayan ifaçılardandır.

    Milli musiqi xəzinəmizin, eləcə də Azərbaycan bəstəkarlarının əsərlərinin ölkə hüdudlarından kənarda populyarlıq qazanması məhz Rəşid Behbudovun ifası sayəsində mümkün olub. Tofiq Quliyev, Fikrət Əmirov, Səid Rüstəmov, Vasif Adıgözəlov, Qara Qarayev, Arif Məlikov və digər görkəmli bəstəkarlarımızın yaradıcılığını onsuz təsəvvür etmək mümkün deyil.

    Xalqını sonsuz məhəbbətlə sevən sənətkar sovet respublikaları ilə yanaşı, Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və digər ölkələrdə geniş konsert proqramları ilə Azərbaycan xalq mahnılarının və bəstəkar əsərlərinin populyarlaşmasında çox böyük rol oynayıb. Yaradıcılığı sərhəd tanımayan Rəşid Behbudovun ifa etdiyi hər mahnı, yaratdığı hər obraz sənət hadisəsinə çevrilib, sənətkar dəfələrlə dövrünün ən yüksək mükafatlarına layiq görülüb.

    Rəşid Behbudovun sənəti Azərbaycan musiqi tarixinə ən şərəfli səhifələrdən biri kimi həkk olunub. SSRİ məkanında, eləcə də dünyanın ayrı-ayrı qitələrində milyonlarla dinləyicinin qəlbini fəth edən sənətkar getdiyi hər yerdə Azərbaycan musiqisinin, onun zəngin mədəniyyətinin yorulmaz təmsilçisi və təbliğatçısı idi.

    1989-cu il iyunun 9-da Moskvada vəfat etmiş dahi sənətkar Bakıda Fəxri xiyabanda dəfn edilib.

  • “Azərbaycanım” IV respublika uşaq rəsm festivalı çərçivəsində növbəti plener keçiriləcək

    Mədəniyyət Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə iyunun 9-da saat 10:00-da “Azərbaycanım” IV respublika uşaq rəsm festivalı çərçivəsində uşaqlar üçün plener keçiriləcək.

    Plenerdə şəkil çəkmək üçün “Yurdumuza bahar gəlir” adlı uşaq yaradıcılıq müsabiqəsində fərqlənən uşaqlardan bir qrupu dəvət olunub.

    Xatırladaq ki, “Nizami Gəncəvi İli” çərçivəsində təşkil olunan festivalın məqsədi rəssamlıq istedadına malik olan uşaqlar, yeniyetmə və gənclərin bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibəti formalaşdırmaq, həmçinin şəhər sakinləri və şəhərimizin qonaqlarının təsviri sənətə olan marağının artmasına xidmət etməkdir.

    Festival çərçivəsində plenerlərin mütəmadi keçirilməsi nəzərdə tutulub.

    Plenerlər Xətai Sənət Mərkəzinin qarşısında təşkil olunacaq.

  • Gürcüstanda Azərbaycan və Türkiyənin mədəni irsinə həsr edilmiş sərgi açılacaq

    Türkiyə və Azərbaycanın Gürcüstandakı səfirliklərinin birgə təşkilatılığı ilə Tbilisidə sərgi açılması planlaşdırılır.

    Bu barədə Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan məlumat verib.

    Onun sözlərinə görə, sərgi hər iki ölkənin mədəni irsinə həsr olunacaq. Hazırda tədbirin təşkili ilə bağlı müzakirələr aparılır.

    Səfir deyib ki, sərgini pandemiyadan sonra təşkil edilməsi nəzərdə tutulub.

  • Tbilisidə “Türk mədəniyyətindən izlər” adlı sərgi açılıb

    Tbilisi Tarix Muzeyində “Türk mədəniyyətindən izlər” adlı sərgi açılıb.

    Sərgi Tbilisi Yunus Əmrə İnstitutu və Gürcüstan Milli Muzeyinin birgə təşkilatçılığı ilə açılıb.

    Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan sərginin açılış mərasimində deyib ki, bu cür tədbirlərin təşkili ölkələr arasında mədəni əlaqələrin inkişafında və daha da genişlənməsində mühüm əhəmiyyət kəsb edir.

    Qeyd edilib ki, sərgi Tbilisi sakinləri və qonaqlarına Türkiyəni bir daha xatırladacaq. Pandemiya səbəbindən Türkiyəyə səfər edə bilməyənlər üçün sərgi maraqlı olacaq.

    “Ümid edirəm ki, sərgi böyük həvəslə ziyarət olunacaq”,- deyə F.C.Yazqan vurğulayıb.

    Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxışında söyləyib ki, sərgidə Türkiyənin zəngin mədəniyyəti təqdim olunur.

    Tədbirin təşkilatçılarına minnətdarlığını bildirən səfir, 10 gün davam edəcək sərginin Gürcüstanda yaşayan soydaşlarımız tərəfindən də böyük maraqla qarşılanacağına əminliyini ifadə edib.

    Mərasimdə Gürcüstan Milli Muzeyinin direktor müavini Mixeil Tsereteli, Yunus Əmrə İnstitutunun Tbilisi üzrə koordinatoru Ali Oğuzhan Yüksel, TİKA təşkilatının Gürcüstan koordinatoru Necla Demirdağ, azərbaycanlı, türkiyəli, gürcü gənclər, iş adamları, mədəniyyət xadimləri iştirak ediblər.

    İyunun 18-dək davam edəcək sərgidə Türkiyənin tarixi, mədəniyyəti, ədəbiyyatı, mətbəx nümunələri, məişət predmetləri, adətləri, memarlıq incilərini əks etdirən 60-dan çox əsər təqdim olunub.

    Fotoşəkillərdə üzərlərində əks olunan nümunələr barədə türk, gürcü və ingilis dillərində məlumatlar da yer alıb.

  • Aşıq Ələsgərin anadan olmasının 200 illiyinə həsr olunmuş videoçarx hazırlanıb

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 nömrəli filialı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi ilə əlaqədar “Aşıq Ələsgər - 200” adlı videoçarx hazırlayıb.

    İdarədən bildirilib ki, videoçarx kitabxananın sosial hesablarında paylaşılıb.

    Videoçarxda qeyd edilir ki, 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olan Aşıq Ələsgər Azərbaycan xalq şeirinin ən böyük nümayəndələrindən biridir. Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrini ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırıb, xalqın ruhuyla həmahəng əsərlərini Azərbaycanın mədəni sərvətləri xəzinəsinə misilsiz töhfələr bəxş edib. Dodaqdəyməz, müxəmməs, qıfılbənd, təcnis, cığalı təcnis, gəraylı, divani və s. bu kimi şeir növləri Aşıq Ələsgər yaradıcılığında özünü bəlkə də ən gözəl şəkildə büruzə verməkdədir. Görkəmli Azərbaycan şairi Səməd Vurğun çıxışlarının birində belə demişdir: “Hansı mövzuya əl atıram, hansı daşı qaldıram altında Dədə Ələsgərdən bir nişanə görürəm”.

    Dövrünün savadlı şəxslərindən biri olan Aşıq Ələsgər bir çox dünya elmləri ilə yanaşı, İslamı da dərindən bilib və buna yaradıcılığında geniş yer verib. Yaradıcılığında nəsihətamiz şeirlərə geniş yer verən Aşıq Ələsgər xalq tərəfindən sevilib və el ağsaqqalına çevrilib.

  • Kitabxanada narkomaniya ilə bağlı maarifləndirici tədbir keçirilib

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanası Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar növbəti maarifləndirici tədbir keçirib.

    İdarədən bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd ictimaiyyətin diqqətini narkotik maddələrin insan sağlamlığına, onun maddi və mənəvi aləminə vurduğu zərərlərə yönəltmək və narkomaniya ilə mübarizədə hər kəsi daha aktiv olmağa səsləmək idi.

    Mərkəzi Kitabxana əməkdaşı Ülkər Zeynalova bu haqda ətraflı məlumat verib. Bildirib ki, bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükəlidir.

    Tədbirdə Xəzər rayon Hatəm İskəndərov adına 206 nömrəli məktəbin psixoloqu Səfiyyə Niyazova narkotik maddələrin insan psixologiyasına təsiri, məktəbdə şagird və valideynlərlə bu istiqamətdə aparılan maarifləndirmə işləri haqqında danışıb.