Türkiyənin populyar Erikagacioyku.com (“Alça ağacı”) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan şairi İsa İsmayılzadənin türk dilinə tərcümə edilmiş “Tanış olmaq istəyirəm”, “Gölməçələr”, “Həsrət” kimi şeirlərinə və şairin yaradıcılığı haqqında məlumata səhifə ayırıb.
2015-ci ildən fəaliyyət göstərən portal ötən ilin iyun ayından başlayaraq Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın klassik və müasir ədəbiyyatının seçmə nümunələrini işıqlandıran “Azərbaycan ədəbiyyatı” bölməsinin yayımına başlayıb.
Latviya səfirliyinin təşkil etdiyi “Peace be upon you – Salam Aleykum” layihəsi çərçivəsində “NUR Art House” rəsm qalereyasında Azərbaycan və Ukrayna fotoqraflarının əsərlərindən ibarət sərgi açılıb.
Sülhün qorunması və sülhməramlılıq mövzusuna həsr edilən sərgi bütün dünyada sülhsevər insanların bir araya gəlməsinə yönəlib.
Layihə haqqında məlumat verən Latviyanın Azərbaycandakı səfirliyinin əməkdaşı Viya Buşa bildirib ki, layihə bədii və ADA Universitetində keçiriləcək “Azərbaycanın Avro-Atlantik Sülh və Təhlükəsizliyə töhfəsi” mövzusunda beynəlxalq konfransdan ibarətdir.
Bədii hissədə Azərbaycanın Əfqanıstanda sülhün qorunması istiqamətində atdığı addımlara nəzər yetirən rəssam və rejissorların sülh mövzusunda çəkdikləri fotoşəkil və filmlərin nümayişini nəzərdə tutur. “Layihəni yaratmaqla biz, həmçinin Əfqanıstan müharibə veteranlarına hörmətimizi nümayiş etdiririk”, – deyə V.Buşa vurğulayıb.
Tədbirdə əsərləri sərgilənən fotorəssam Əqdəs Bağırzadə sülhə olan münasibətindən danışıb. Bildirib ki, o, müharibədə gedən döyüşləri deyil, daha çox müharibədən əziyyət çəkən insanların acısını ictimaiyyətə çatdırmağa çalışıb: “Mən 2000-ci illərdə Tərtər şəhərində olarkən kiçik bir reportaj hazırladım. Orada əli silahlı əsgərləri deyil, məcburi köçkünlərin yaşadıqları şəraiti kadra almağa çalışdım. Orada dağıntılar arasında avtomat gilizləri ilə oynayan uşaqları gördüm, sığınacaq almış, hasardan boylanan öz dədə-baba yurdundan didərgin düşmüş insanların necə həssas bir durumda yaşadıqlarının şahidi oldum. Mən orada olarkən bir daha müharibənin nə olduğunu anladım və bu, mənim müharibəyə qarşı baxışımı tamamilə dəyişdirdi. Yaxınlıqda yarı dağıdılmış bir evə daxil olanda insanların vəziyyəti, yeni doğulmuş körpənin gələcək taleyi məni çox təsirləndirdi və mən həmən uşağın yalın ayaqlarını çəkdim”.
Sərgidə ukraynalı hərbi fotomüxbir, “Ukraynanın səsi” qəzetinin əməkdaşı Aleksandr Klimenkonun da əsərləri nümayiş olunub.
Gənc nəslin mənəvi tərbiyəsində yaxından iştirak edən Respublika Gənclər Kitabxanası vətənpərvərlik ideyalarının carçısı olan Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının 75 illik yubileyi və şairin çoxjanrlı yaradıcılığı haqqında geniş məlumatı istifadəçilərə çatdırmaq məqsədilə silsilə xarakterli materiallar hazırlayıb.
Kitabxanadan bildirilib ki, şairin yubileyi münasibətilə “Xalqın səsinə çevrilən misralar” adlı biblioqrafik vəsait, “Dünənlə sabahın şairi” başlığı altında tammətinli kitabların virtual sərgisi tərtib edilib.
Biblioqrafik vəsaitdə Sabir Rüstəmxanlı haqqında rəsmi sənədlər, həyat və yaradıcılığı, ictimai-siyasi fəaliyyəti, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri, müəllifin kitabları və məcmuələrdə, dövri nəşrlərdə çıxan əsərləri, tərcümələri, başqa dillərdə çıxan əsərləri, tərtib etdiyi, redaktoru olduğu və “Ön söz” yazdığı kitablar, özü və yaradıcılığı haqqında materialların tam təsviri əks xronologiya və daxildə əlifba ardıcıllığı ilə verilib. Vəsaitdə qeyd olunan 192 ədəbiyyatın 112-si kitab (93 Azərbaycan, 10 türk, 7 rus dilində, 2 kitab rus dilində Türkiyə kitabxanasında olan), 70-i isə dövri mətbuatda çıxan məqalələrdir.
“Dünənlə sabahın şairi” adlı virtual sərgidə isə müəllifin əsərləri və haqqında yazılmış 40 nüsxə tammətnli kitabların biblioqrafik təsviri və kitabların məzmununu açan annotasiyalar, sitatlar, şəkillər və həmin kitabların yerləşdirildiyi saytların linkləri qeyd olunub. Hər iki vəsait kitabxananın saytında, sosial şəbəkə səhifələrində yerləşdirilib.
UNESCO-da “İpək Yolu gənclərin gözü ilə” 3-cü foto-müsabiqə keçiriləcək.
UNESCO-nun İpək Yolu Proqramı çərçivəsində təşkil edilən foto-müsabiqəyə avqustun 24-dək müraciət olunmalıdır. Hər il keçirilən “İpək Yolu gənclərin gözü ilə” adlı foto-müsabiqə İpək Yolu üzərində olan mədəni irs abidələri ilə bağlı baxışları kameraların obyektivi ilə əks etdirmək üçün yaxşı fürsətdir.
Gənclər tərəfindən çox vaxt ünsiyyət və özünü ifadə üçün güclü vasitə kimi istifadə edilən vizual sənətlər, xüsusilə də foto qloballaşan dünyamızın üzləşdiyi əsas məsələlər barədə məlumatlılığın artırılmasında əhəmiyyətli rol oynamaq potensialına malikdir.
Dünyanın bəlası olan pandemiya zamanı çoxsaylı təhsil və mədəniyyət ocaqlarının müvəqqəti bağlandığı bir dövrdə bu foto müsabiqə gənclərin bir-birləri ilə rəqəmsal məkanda əlaqə qurmaq və yaradıcılıqlarını, eləcə də post-pandemiya dünyamızı görmə qabiliyyətlərini bölüşmək üçün ideal platformadır.
Müsabiqə 14-17 və 18-25 yaş qruplarına bölünür. Müsabiqəyə “Tekstil və geyim” və “COVID-19 pandemiyası dövründə mədəniyyətlərarası mübadilə, o cümlədən tekstil və geyim” adlı iki mövzu ilə bağlı fotolar göndərmək tövsiyə olunur. Sonda Türkiyə, Banqladeş, Böyük Britaniya, Çin, Efiopiya və Meksikadan olan fotoqraflardan ibarət münsiflər heyəti qalibləri seçəcək.
Azərbaycanın gənc fotoqrafları da müsabiqədə iştirak etməyə dəvət olunurlar. Foto-müsabiqə ilə bağlı UNESCO-nun internet saytında aşağıdakı linkdə daha ətraflı məlumat almaq olar: https://unescosilkroadphotocontest.org/fr .
Əlavə suallar üçün Silkroadsphotocontest@unesco.org elektron ünvanına müraciət oluna bilər.
Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Dəyimi masa” layihəsi pandemiya qaydaları nəzərə alınmaqla növbəti dəfə iştirakçıları bir araya gətirib. Tədbirdə tanınmış muğam ifaçıları və muğam biliciləri iştirak edib.
Layihənin ideya müəllifi BMM-nin direktoru, Xalq artisti Murad Hüseynovdur.
Layihənin budəfəki mövzusu XIX əsrin II yarısı muğam ifaçılığının ən görkəmli nümayəndələrindən biri Məşədi Məmməd Fərzəliyevin irsinin araşdırılmasına həsr edilib.
Tədbiri layihənin koordinatoru Gülhüseyn Kazımlı açıq elan edərək mərkəzin rəhbərliyi adından qonaqlara təşəkkürünü bildirib, xanəndənin həyat və yaradıcılığı haqqında məlumatı diqqətə çatdırıb. Bildirib ki, M.M.Fərzəliyev 1872-ci ildə Şuşada anadan olub, görkəmli ifaçı və müəllim Xarrat Qulunun məktəbində yetişib. Bir müddət Gəncədə yaşayıb.1929-cu ildə qastrol adı ilə Azərbaycandan çıxıb. Qastrol səfərində Vladiqafqazdan başlayaraq, Tbilisi, Batumi və başqa şəhərlərə, Avropanın bir çox ölkələrinə qədər gedib çıxıb. Sonda gəlib Türkiyədə məskunlaşıb. Ondan sonra bir daha Azərbaycana qayıtmayıb. Görkəmli ifaçı 1929-cu ildən 1962-ci ilə qədər aktiv musiqiçi həyatı keçirib. O, tarzən Hüseyn bəy Qasımla birgə "Azərimüzik heyəti" adlı kollektiv yaradıb. Bu heyətdə 20-30 nəfər xanəndə, aktyor, qiraətçi və sair kimi sənət nümayəndələri toplanıblar. Onlar böyük proqramla İstanbuldan başlayaraq Misirə qədər geniş coğrafiyada ancaq Azərbaycan musiqisini təbliğ edib, konsertlər keçiriblər: “Bu işdə ilk müraciət etdiyimiz şəxs vaxtı ilə Türkiyənin Azərbaycandakı keçmiş mədəniyyət müşaviri İrfan Çiftçi olub. Onun axtarışları nəticəsində Azərbaycan Milli Arxiv İdarəsindən Tarix Arxivinin direktoru Aslan Kənanın köməyilə vaxtilə Gəncə Filarmoniyasının direktoru olmuş Şirin Rzayevin musiqişünas Firudin Şuşinskiyə yazdığı məktub tapılıb. Məktubda xanəndənin İstanbulda yaşadığı ünvan göstərilib və onun Mehmet Çaylı (Ferzalı) adı ilə fəaliyyət göstərdiyi qeyd edilib. Ünvan İstanbulda Bəyoğlu məhəlləsindədir. Bugünkü tədbirin məqsədi Hafiz Əhmədovun axtarışları nəticəsində xanəndənin ifasında 4 lent yazısı aşkarlanmasıdır. BMM tərəfindən xanəndənin irsinin araşdırılmasına jurnalist və araşdırmaçı Dilqəm Əhməd və Azərbaycanın tanınmış şəxsiyyətlərinin nəsil şəcərəsinin araşdırması ilə məşğul olan araşdırmaçı-jurnalist Hafiz Əhmədov da cəlb edilib”
Sonra əldə edilən dörd ifa muğam bilicilərinin nəzərinə təqdim edilib.
Əməkdar artist, tarzən Valeh Rəhimov, Əməkdar müəllim, xanəndə Qəzənfər Abbasov və etno musiqi janrının bilicisi, qaval ifaçısı Mahmud Salah çıxışları zamanı M.M.Fərzəliyevin ifaçılıq xüsusiyyətləri, Azərbaycan muğam sənətində xidmətlərindən söz açıblar. Dinləmələr və müzakirələr, xanəndənin bu günə kimi bəlli olan lent yazılarına istinad və araşdırmaçıların qənaəti eləcə də Azərbaycan muğam məktəbinin ənənələri nəzərə alınmaqla ifaların yekdilliklə M.M.Fərzəliyevə məxsusluğu isbat edilib. Mütəxəssislər xanəndənin “Şüştər” muğamının mahir ifaçısı kimi muğam tarixində iz qoyduğunu nəzərə alaraq ifalarda M.M.Fərzəliyevə məxsus boğazlardan istifadənin, eləcə də Üzeyir bəy yaradıcılığına müraciəti (nəzərə alsaq ki, xanəndə Azərbaycanda yaşadığı dövrdə opera səhnəsində çıxışlar edirdi) də burada əsas amil kimi dəyərləndiriblər.
Tədbirin sonunda iştirakçılar muğam tariximiz üçün maraqlı tədqiqata görə BMM-nin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, BMM-nin tədqiqat işləri “Unudulmayanlar” və “Dəyirmi masa” layihələri çərçivəsində həyata keçirilir. BMM-nin elmi və tədqiqat xarakterli növbəti layihələri ilə bağlı əlavə məlumatlar verəcək, eləcə də M.M. Fərzəliyevin Türkiyədəki məzarının axtarışının nəticəsi ictimaiyyətə təqdim olunacaq.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 33 nömrəli uşaq musiqi məktəbinin xalq çalğı alətləri şöbəsinin şagirdləri Almaniyanın Berlin şəhərində keçirilən “Talants of Berlin” XI beynəlxalq incəsənət festival-müsabiqəsində uğurla iştirak ediblər.
İdarədən bildirilib ki, şöbənin tar ixtisası üzrə müəllimi Emin Bəhramlının (konsertmeyster Lalə Hüseynova) sinfindən şagirdlər “İnstrumental janr” nominasiyasında 13-15 yaş kateqoriyası üzrə Cavid Mehdiyev və 16-20 yaş kateqoriyası üzrə Yusif Əliyev “Talants of Berlin” XI beynəlxalq müsabiqəsinin “Qran-Pri” mükafatı ilə təltif olunublar.
Festival-müsabiqədə Yusif Əliyev V.Adıgözəlovun "Skertso", Cavid Mehdiyev isə F.Əmirovun "Sevil" operasından "Dilbərin mahnısı" və A.Gərayın "Qaytağı" əsərlərini yüksək səviyyədə ifa ediblər.
Şagirdlər, həmçinin uğurlu çıxışlarına görə Kanadanın Monreal şəhərində keçiriləcək “Open Canada” III beynəlxalq incəsənət festivalında iştirak hüququ verən sertifikat qazanıblar.
Gənc istedadların müəllimi Emin Bəhramlı XI beynəlxalq Berlin festival-müsabiqəsinin münsiflər heyətinin “Təşəkkürnamə”si ilə mükafatlandırılıb.
“Levallois Culture” assosiasiyası yeni istedadları kəşf etmək və tanıtmaq məqsədilə fotomüsabiqəsi elan edib.
Müsabiqəyə 35 yaşdan aşağı olan gənc fotoqraflar qatıla bilər. Müsabiqədə mövzu seçimi sərbəstdir.
İştirakçılar 15-20 fotodan ibarət seçmə fotoşəkillərini fransız və ya ingilis dilində layihə təsviri ilə təqdim etməlidir.
Birinci yerin qalibi 10 min avro dəyərində mükafat qazanacaq.
Müsabiqə haqqında ətraflı məlumat almaq və müraciət etmək üçün https://prix-levallois.com/en/news/call-for-entries-is-open-until-june-27 linkindən istifadə edin.
Azərbaycanla Ukrayna arasında turizm sahəsində ikitərəfli əlaqələrin genişlənməsi, qarşılıqlı təcrübə mübadiləsinin vacibliyi və pandemiyanın turizmə təsirləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Kiyev şəhər dövlət administrasiyasının sədr müavini Marina Xonda arasında keçirilən görüşdə müzakirə edilib.
Dövlət Turizm Agentliyindən bildirilib ki, Ukrayna nümayəndə heyətinin tərkibində Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski, Kiyev şəhər şurasının deputatları Viktoriya Muxa və Alla Şlapak təmsil olunublar.
Görüşdə Fuad Nağıyev Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı qələbəsi ilə bitən 44 günlük müharibə nəticəsində 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan torpaqların azad edilməsindən bəhs edərək Qarabağın yeni turizm destinasiyası kimi inkişaf etdirilməsi perspektivlərindən danışıb.
Xanım Marina Xonda Ukraynada son dövrlərdə qastroturizm, müalicəvi və sağlamlıq turizmi, eləcə də işgüzar turizmin inkişafına diqqət ayrıldığını, bu baxımdan iki ölkə arasında müştərək regional turların təşkil edilməsinin mümkünlüyünü qeyd edib.
Görüş çərçivəsində, həmçinin post pandemiya dövründə turizm sahəsinin bərpası məqsədilə planlaşdırılan tədbirlər haqqında da fikir mübadiləsi aparılıb.