Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmi açılış və bağlanış mərasimlərinin vaxtı açıqlanıb

    “Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmi açılış mərsimi bu ilin may ayında keçiriləcək.

    "Report" xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında əksini tapıb.

    Bununla bağlı Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə tapşırıqlar verilib.

    “Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmi bağlanış mərasimi isə dekabr ayında olacaq.

  • Azərbaycan Aşıqlar Birliyində yeni layihəyə başlanılıb

    Son illərdə aşıq sənətinə və ədəbiyyatına dair bir sıra uğurlu nəşrlər ərsəyə gətirən Azərbaycan Aşıqlar Birliyində (AAB) bu dəfə dastanlarımıza müraciət etmək qərara alınıb.

    Bu barədə AZƏRTAC-a məlumat verən AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, iki cilddə çap olunması nəzərdə tutulan antologiyada hazırda da aşıqlarımızın repertuarında mühüm yer tutan dastanlara yer veriləcək. Belə ki, günümüzün ustad aşıqlarından Ələddin Göyçəli, Fətulla Göyçəli, Ağamurad Şirvanlı, Arif Əsgərov, Altay Məmmədli, Qələndər Zeynalov, Nazim Quliyev, Nəbi Nasğıyev, Elman Talıstanlı, Məmməd Bozalqanlı, Nizami Şirinov, eləcə də İxtiyar Qocayev, Elməddin Məmmədli, Şəhriyar Qaraxanlı, Şöhrət Kərimov, Elbrus Hüseynov, Anar Kərimov, Anar Qurbanov və digərlərinin repertuarından lentə alınmış “Abbas və Gülgəz”, “Qurbani”, “Tahir və Zöhrə”, “Leyli və Məcnun”, “Aşıq Qərib”, “Valeh və Zərnigar”, “Alıxan və Pəri”, “Şah İsmayıl və Gülzar”, “Yəhya bəy Dilqəm”, “Aşıq Hüseyn və Reyhan xanım” və digər dastanların yenidən sənətsevərlərə və geniş oxucu kütləsinə çatdırılması nəzərdə tutulur.

    Toplunun ilk cildi bu ilin birinci yarısında ictimaiyyətə təqdim olunacaq.

  • AAYDA hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib.

    Bu barədə “Report”a AAYDA-dan bildirilib.

    Məlumata görə, avtomobil yollarında, xüsusən dağlıq və dağətəyi ərazilərdən keçən yollarda yarana biləcək hər-hansı problemin qısa müddət ərzində aradan qaldırmaq üçün bütün maşın-mexanizm və texnikalar hazır vəziyyətə gətirilib: "Ötən gün gecə boyu və bu gün gündüz saatlarında qarın ən çox yağdığı və buzlaşmanın olduğu ərazilər, problemli yollar nəzarətdə saxlanılıb, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədi ilə tədbirlər görülüb. Agentlik tərəfindən aparılan qabaqlayıcı tədbirlər nəticəsində problem müşahidə olunan ərazilərdə avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təmin olunub".

    Bakı şəhərində agentliyin xidmət göstərdiyi yollarda və prospektlərdə, xüsusi ilə daha tez qar tutan və buzlaşan yollarda xidmət aparmaq üçün maşın-mexanizmlər hazır vəziyyətə gətirilib, daha problemli sahələr nəzarətə götürülüb, öncədən həmin ərazilərə qar təmizləyən, duz-qum qarışığı səpən texnikalar çıxarılıb. Ümumilikdə Bakı şəhəri və republikanın avtomobil yollarına 622 qarkürüyən, duz-qum qarışı səpən, həmçinin köməkçi yol texnikası və maşın-mexanizm xidmət göstərir, tələb olunan miqdarda qum və texniki duz ehtiyyatı toplanıb.

    Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq sürücülərdən, xüsusən dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarında hərəkətdə olarkən ehtiyatlı olmalarını, sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almaları xahiş olunur. Həmçinin idarə etdikləri nəqliyyat vasitələri üçün mövsümə uyğun şinlərdən istifadə etməyi tövsiyyə edirik".

  • Bakıda II Vergi və Mühasibatlıq Zirvəsi keçiriləcək

    “Rəqəmlərin ritmi” ilə başlayan yol

    2023-cü ildə ölkəmizdə ilk dəfə “Facemark” və “Good Finance” şirkətlərinin ortaq təşkilatçılığı ilə “Vergi və Mühasibatlıq Zirvəsi” (VMZ2023) keçirildi. Tədbirdə 600 nəfərə yaxın mühasib, maliyyəçi, vergi mütəxəssisi, sahibkar və digər bu sahədə maraqlı şəxslər iştirak etdilər. “Rəqəmlərin ritmi” sloqanı ilə keçirilmiş ilk “Vergi və Mühasibatlıq Zirvəsi” qarşısına qoyduğu məqsədlərə çatmış, təkcə mühasibatlıq və vergi ilə məhdudlaşmayan, həm də maliyyə, audit və idarəetmə kimi istiqamətlərin əhatə olunduğu, sahibkarlar, mühasiblər, maliyyəçilər və digər aidiyyəti şəxslər arasında təcrübə mübadiləsi, maariflənmə və şəbəkələşmənin ön plana çıxdığı bir tədbir olmuşdur. Eyni zamanda ilk “Vergi və Mühasibatlıq Zirvəsi”nin çıxışları, toxunulan mövzular üzrə hazırlanmış təkliflər ayrıca kitabça şəklinə salınaraq növbəti tədbirdə iştirakçılara təqdim ediləcəkdir.

    Tədbir həmin ərəfədə və sonrakı müddətdə böyük əks-səda doğurmuş, aparıcı media strukturlarında işıqlandırılmış, sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdur. “VMZ-2023”ün baş tutduğu 13 mart 2023-cü ildən indiyədək iştirakçılar, eləcə də zirvəni sosial media hesablarından izləyən şəxslərdən çoxlu müsbət rəylərlə yanışı təkliflər, bəzən isə iradlar daxil olmuşdur. Onlardan daxil olmuş fikirlər yeni zirvənin keçirilməsinə zəmin hazırlamış və maliyyə-mühasibat sektorunun növbəti tədbir üçün sosial sifarişi kimi qəbul olunmuşdur.

    “Düzgün hesab” konsept mesajı ilə VMZ2024

    Vergi ilə bağlı qanunlarının sürətli dəyişilməsi və tənzimləmələrin daha çox olması, şirkətlərin və mühasibat təşkilatlarının bu dəyişikliklərə sürətli və səmərəli şəkildə cavab vermələrini tələb edir. Vergi və mühasibat sahəsində dijital texnologiyaların və avtomatlaşdırmanın rolunda da artım müşahidə olunur. Hesabını düzgün aparanlar istənilən dəyişikliyə rəqiblərindən daha effektiv ayaq uydurmaq iqtidarında olacaqdır. Beləliklə, “Düzgün hesab” sloqanı ilə növbəti “Vergi və Mühasibatlıq Zirvəsi” (VMZ2024) 16 mart 2024-cü ilə təyin olunmuşdur. Niyə “Düzgün hesab”?! Biznesin inkişafı və risklərinin minimuma endirilməsi hərtərəfli ölçüb-biçməkdən, yəni düzgün hesab edə bilməkdən keçir. Biznesin daxilində “Düzgün hesab” edənlər isə mühasiblər və maliyyəçilərdir.

    Builki tədbir də özündən əvvəlki kimi xeyli sayda tanınmış ekspert və mütəxəssislərin iştirakı və bir sıra aparıcı şirkətlərin dəstəyi ilə baş tutacaq. Zirvədə maliyyə planlaması, şirkət büdcəsi, vergi sahəsindəki yeniliklər, risk idarəetməsi, hesabatlılıq, daxili nəzarət, audit, biznesin inkişafında uçotun əhəmiyyəti və mühasibat sektorunda karyera imkanları kimi vacib mövzular əhətə olunacaq.

    16 mart 2024-cü ildə “Baku Marriott Boulevard” hoteldə 2-ci dəfə Facemark və Good Finance şirkətlərinin təşkilatçılığı ilə “Vergi və Mühasibatlıq Zirvəsi”ndə “Düzgün hesab” etmək üçün toplanacağıq!

    Tədbir haqqında daha ətraflı məlumat almaq və iştirak üçün zirvənin rəsmi veb səhifəsindən və sosial media hesablarını ziyarət edə bilərsiniz.

  • “Uşaqlar üçün incəsənət tarixi” layihəsi davam edir

    Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə ərsəyə gətirilən “Uşaqlar üçün incəsənət tarixi” adlı layihə davam edir.

    AZƏRTAC xəbər verir ki, layihənin ikinci proqramı dünyanın ən zəngin sivilizasiyalarından biri olan Misirə həsr olunub.

    “Qədim Misir incəsənəti” proqramında misirlilərin mifoloji dünyagörüşü, dəfn mərasimi, təsviri sənətdə mövcud olan kanonlar, Sfinks heykəli, Giza piramidaları – Xeops, Xefren, Mikerin, Luksor və Karnak məbədlərindən bəhs edən mühazirə keçirilib. Daha sonra ustad dərslərində papirusun hazırlanma üsulu və üzərində piktoqrafik yazıların işlənmə qaydaları öyrədilib. Maarifləndirici viktorina, əyləncəli kvest oyunu uşaqların həftəsonu proqramını daha da yaddaqalan edib.

    "Uşaqlar üçün incəsənət tarixi" layihəsi hər həftənin şənbə və bazar günləri keçirilir.

  • Milli Xalça Muzeyində “Baharı salamlayan Əjdaha. Çin Yeni ili festivalı” təşkil ediləcək

    Yanvarın 23-də Azərbaycan Milli Xalça Muzeyində “Baharı salamlayan Əjdaha. Çin Yeni ili festivalı”nın açılışı keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Milli Xalça Muzeyi və Azərbaycan Dillər Universiteti nəzdində Konfutsi İnstitutunun təşkilatçılığı, Çinin Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil ediləcək.

    Yanvarın 28-dək davam edəcək festival iki ölkə arasında mədəni əlaqələrin inkişafına və möhkəmlənməsinə töhfə olacaq.

  • Gənclər Kitabxanasında görkəmli bəstəkar Şəfiqə Axundovanın 100 illiyi ilə əlaqədar silsilə materiallar hazırlanıb

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli bəstəkar, Xalq artisti, “Şöhrət” ordenli Şəfiqə Axundovanın 100 illiyi ilə əlaqədar silsilə materiallar istifadəçilərə təqdim edilib.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, hazırlanan virtual sərgi və videomateriallarda Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, xalqımız tərəfindən böyük rəğbətlə qarşılanan, əsərləri bu gün də sevilə-sevilə dinlənilən bəstəkarın həyat və yaradıcılığı, milli köklərə bağlı olan bəstəkarlıq fəaliyyəti haqqında geniş məlumat verilir.

    Xalq artistinin dəyərli operetta, böyük simfonik orkestr üçün süitalar, xor üçün silsilə əsərlər, yüzlərlə mahnı və romanslar yaratması, zəngin irsinin Azərbaycan musiqi sənəti salnaməsinin ən parlaq səhifələrindən biri olması təsvir edilir.

    Materialda dahi bəstəkara həsr olunmuş “Bəstəkar Şəfiqə Axundova”, “Nəğmədir həyat”, “Azərbaycanın solmayan lalələri”, “Uşaq mahnıları”, “Fəqan etməz idim”, “Ev bizim, sirr bizim”, “Ana, can ana”, “Mahnı və romanslar” kimi kitabların biblioqrafik təsviri təqdim edilir. Videomaterialda bəstəkarın müəllifi olduğu əsərlərdən parçalar, müsahibələri, foto və videogörüntüləri də yer alır.

    Materialla tanış olmaq istəyənlər https://ryl.az/multimedia/ linkindən istifadə edə bilərlər.

  • Əməkdar artist Niftulla Əsgərov vəfat edib

    Əməkdar artist Niftulla Fətulla oğlu Əsgərov uzun sürən xəstəlikdən sonra 2024-cü il yanvarın 22-si səhər saatlarında vəfat edib.

    Bu barədə AZƏRTAC-a Lənkəran Dram Teatrından məlumat verilib.

    Qeyd edək ki, Niftulla Əsgərov 5 iyul 1959-cu ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olub. 1995-ci ildən Lənkəran Dövlət Dram Teatrının aktyoru kimi çalışıb.

    Teatrda S.M.Qənizadənin “Xor-xor”əsərində Seyfulla, İ.Məlikzadənin “Gəl qohum olaq”ında Camal, H.Abbaszadənin “Həzi Aslanov”unda Bekişvilli, Ü.Hacıbəylinin “Olanlardan-keçənlərdən”ində Atamoğlan əmi, N.B.Vəzirovun “Hacı Qənbər”ində Qıdı Kirvə, E.İsgəndərzadənin “Qalxın, məhkəmə gəlir”ində Bəhruz, H. Mirələmovun “Vicdanın hökmü”ndə Aşot, B. Nuşiçin “Nazirin xanımı”nda Çeda, N.Nərimanovun “Nadir şah”ında Əliəşrəf bəy və s. obrazlara səhnə həyatı verib.

    Paralel olaraq "My name is İntiqam", "My name is İntiqam 2", "Bayram axşamı", "Bığ əhvalatı", "Vəziyyət rusca", "Elçilik" və başqa filmlərdə, "Bizim Əhməd haradadır?", "Xalxın evi" və s. seriallarında aktyor kimi çəkilib.

    2014-cü ildə teatrın inkişafında xidmətlərinə görə Mədəniyyət Nazirliyinin "Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub. 2018-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

    Allah rəhmət eləsin!

  • Milli Kitabxana “Şəfiqə Axundova – 100” adlı virtual sərgi təqdim edib

    Şəfiqə Axundovanın anadan olmasının 100 ili tamam olub. Şərqin ilk opera yazan qadın bəstəkarı kimi tanınan Şəfiqə Axundova bir çox instrumental əsərlərin, “Leyla”, “Bəxtiyar ellər”, “Zəfər marşı”, “Zəfər bizimdir”, “Ana Vətən” və s. mahnıların, Nizami Gəncəvinin sözlərinə “Nə gözəl” və “Cahanda”, Məhəmməd Füzulinin sözlərinə “Fəqan etmək idim” romanslarının müəllifidir.

    AZƏRTAC xəbər verir ki, bununla əlaqədar olaraq, Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Şəfiqə Axundova – 100” adlı virtual və eyniadlı ənənəvi sərgi hazırlanıb.

    Virtual sərgidə mövzu ilə əlaqədar fotolar, dövri mətbuat səhifələrində dərc edilən məqalələr, bəstəkarın kitabları, ənənəvi sərgidə bəstəkarın musiqi əsərlərinin notları, onun haqqında ədəbiyyatlar nümayiş olunur.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Sefiqe_Axundova_100/index.htm linkindən istifadə edə bilər. Ənənəvi sərgi 1 həftə davam edəcək.

  • Mədəniyyət Nazirliyi yanında Ekspert şurası yaradılıb

    Mədəniyyət Nazirliyi yanında Teatr-tamaşa müəssisələrinin illik repertuarlarının və dövlət sifarişi əsasında hazırlanan tamaşaların məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurası yaradılıb.

    "Report" bu barədə nazirliyə istinadən xəbər verir.

    Şura Mədəniyyət Nazirliyinin tabeliyində olan teatr-tamaşa müəssisələri tərəfindən təklif edilmiş illik repertuarların və dövlət sifarişi əsasında hazırlanan tamaşaların müvafiq teatrların profilinə, onların milli-mənəvi dəyərlərə, vətəndaş, cəmiyyət və dövlətin maraqlarına, sahə üzrə qabaqcıl təcrübəyə və keyfiyyət meyarlarına uyğunluğunun təmin edilməsinə nəzarəti həyata keçirir.

    Yanvarın 18-də Ekspert şurasının ilk iclası təşkil olunub. Qeyd edilib ki, repertuar üçün təqdim olunan layihələr müvafiq teatrların fəaliyyət istiqamətlərinə, vətəndaş, cəmiyyət və dövlətin maraqlarına uyğun olmaqla yanaşı, sahə üzrə qabaqcıl təcrübəyə əsaslanmalı, keyfiyyət amilinə diqqət yetirilməlidir. Layihələrin rejissor həllinin, rəssam şərhinin müasir dövrün tələblərinə cavab verməsi önəmli məsələdir. Repertuar seçimi zamanı Azərbaycan dilinin, mədəni dəyərlərimizin qorunması, inkişafı və zənginləşdirilməsi, cəmiyyətin bədii-estetik zövqünün formalaşdırılması, xüsusilə gənclərin maarifləndirilməsi və vətənpərvərlik ruhunda tərbiyəsi kimi məqamlar nəzərə alınmalıdır.

    İclasda həmçinin bildirilib ki, layihələr hazırlanarkən ideyanın düzgün əsaslandırılması, məqsəd və vəzifələrinin aydınlığı, habelə mövzusunun aktuallığı və mədəniyyətin inkişafı ilə bağlı prioritet istiqamətlərə uyğunluğu diqqət göstərilməli məqamlardır.

    Bildirək ki, Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə yaradılan Ekspert şurasına Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor, Türkdilli Xalqların Teatr Rəhbərləri Şurasının sədri İsrafil İsrafilov rəhbərlik edir.

    Şurada Əməkdar incəsənət xadimləri, professorlar Məryəm Əlizadə, Aydın Talıbzadə, Əli Əmirlinin də yer aldığı doqquz nəfər üzv təmsil olunur, həmçinin ekspertlərin sırasında sosioloq, psixoloq və teatr rəssamları da yer alıb.