Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Vəzir Sədiyevin 60 illiyi ilə əlaqədar videoçarx hazırlayıb.
İdarədən bildirilib ki, videoçarx kitabxananın sosial hesablarında paylaşılıb.
Videoçarxda qeyd edilir ki, Vəzir Sədiyev 1961-ci il iyunun 6-da Gürcüstan Respublikasının Marneuli rayonunun Aşağı Qullar kəndində dünyaya göz açıb. Orta təhsilini Qərbi Azərbaycanda alan Vəzir daha sonra Tbilisi Ali Hərbi Artilleriya Məktəbinə daxil olub. Vəzir Sədiyev Əfqanıstan müharibəsində iştirak edib. O, xidmətdə fərqləndiyinə görə mayor rütbəsi də alıb. Dəhşətli Xocalı soyqırımından sonra könüllü olaraq müharibəyə qoşulmağı qərara alıb.
Vəzir Sədiyev Laçın, Qubadlı, Füzuli, Ağdərə rayonlarında gedən döyüşlərdə iştirak edib. Milli Orduda artilleriya hissələrinin yaradılmasında onun böyük xidmətləri var.
Cəsur komandir Vəzir Sədiyev 1993-cü il fevralın 19-da Həsənriz kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.
Azərbaycanın Tacikistandakı səfirliyinin təşəbbüsü ilə Düşənbədə litvalı professor, tarixçi alim Alqimantas Liyekisin “XX əsrdə Qafqazda xalqların köçü” adlı kitabı tacik dilində çap olunub.
Düşənbədəki “Ər-qraf” nəşriyyatında çap edilən kitabda ermənilərin Azərbaycan ərazilərinə və bütövlükdə Cənubi Qafqaza iki əsr əvvəl Türkiyə və İrandan köçürüldüyü əks olunur, son yüz il ərzində erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilən terror aktlarından, etnik təmizləmə siyasətindən, kütləvi qırğınlardan, həmçinin Azərbaycan ərazilərinin işğalından bəhs edilir. Qeyd olunmalıdır ki, bu mövzuda litvalı tarixçi-alim tərəfindən yazılan ilk kitabdır.
Litva Elmşünaslıq İnstitutunun sifarişi ilə Alqimantas Liyekisin 2016-cı ildə ana dilində yazdığı kitab bundan əvvəl rus dilində də nəşr edilib.
A.Liyekisin bu kitabının rus dilində nəşri Tacikistanın bir sıra tanınmış ictimai-siyasi xadimlərinə təqdim edilib və maraqla qarşılanıb. Məhz buna görə də Tacikistanda daha da geniş oxucu auditoriyasına çatdırılması üçün kitab tacik dilinə tərcümə olunub.
Kitabın bir qisminin yerli kitabxanalara verilməsi, qalan hissəsinin isə Tacikistan siyasətçiləri, tarixçiləri və ictimai-siyasi xadimləri arasında paylanılması nəzərdə tutulub.
Xatırladırıq ki, müəllif 43 monoqrafiyanın, 1400-dən artıq məqalənin, 60-dan artıq kitabın müəllifidir.
İtaliya bu yay mövsümündə ölkəyə turist axınını gücləndirmək üçün turist səfərlərini asanlaşdıracaq.
Ölkənin turizm naziri Massimo Qaravalya pandemiya ilə əlaqədar tətbiq olunan bir sıra məhdudiyyətlərin turistlər üçün aradan qaldırılacağını elan edib. O bildirib ki, İtaliyaya səfər edən turistlərdə yay mövsümündə müddəti 48 saat deyil, 72 saat olan PCR testləri tələb olunacaq, bu da səfər öncəsi turistlərin gərginlik yaşamadan rahat testdən keçməsinə imkan verəcəkdir. Eyni zamanda, yay tətili mövsümünün müddəti də uzadılacaq və bu yolla ötən il turizm sektorunda itirilən vəsaitlərin bir hissəsinin bu il əldə olunacağına ümid edilir.
Həmçinin qeyd edilib ki, əgər İtaliyada tətil edən turistlərə vaksinasiya proqramı çərçivəsində peyvəndin ikinci komponenti tətbiq edilməli olarsa, bu zaman tətil bölgələrindəki tibbi mərkəzlər onlara bu xidməti təklif edəcəklər. Nazirin sözlərinə görə, hazırda səhiyyə sistemi peyvənd olunmaq arzusunda olan turistlərin immunizasiyasını həyata keçirmək iqtidarındadır.
Turizm mövsümünün müddətinin uzadılması və ölkədə vaksinasiya kampaniyasının sürətlə aparılması nəticəsində İtaliya hökuməti ötən il turizm sektorunda pandemiya nəticəsində itirilmiş 27 milyard avronun bu il ən azı üçdəbir hissəsi həcmində dövriyyəyə ümid edir.
Bu gün Xalq artisti Məlik Dadaşovun anadan olmasının 97-ci ildönümü tamam olur
Azərbaycanın Xalq artisti Məlik Dadaşov həm komediyalarda, həm dramatik və faciə xarakterli obrazlarda, həm də lirik-psixoloji rollarda böyük uğur qazanıb. Məlik Dadaşov Azərbaycan teatr və kino məktəbinin ən görkəmli nümayəndələrindəndir.
Bu gün Xalq artisti Məlik Dadaşovun anadan olmasının 97-ci ildönümü tamam olur.
Azərbaycan aktyor məktəbinin orta nəslinə mənsub olan Məlik Dadaşov teatrda onlarla obraza səhnə həyatı verib, elə kinoda da yaddaqalan, maraqlı rollar yaradıb. O, təkcə Azərbaycanda deyil, bütün dünyada xalqımızı təmsil edən nadir sənətkarlardan olub. Yüksək intellektə, mədəniyyətə malik, aktyor sənətinin yüksək texnikasına yiyələnmiş bu sənətkar bir-birindən maraqlı, bənzərsiz rollar yaradıb.
Məlik Dadaşovun Azərbaycan aktyorluq məktəbinin formalaşmasında xüsusi xidmətləri var. O, klassik və müasir aktyor sənətinin sintezindən yaranan bir ifa tərzi seçmişdi. “Axırıncı aşırım”dakı Qəmlo bütövlükdə kinomuzda yaddaqalan obrazlardandır. Bu obrazın bütün xarakterik cizgilərini ustalıqla açan aktyor filmin əsas dramatik yükünün daşıyıcısına çevrilir.
Tarixi keçmişimizdən bəhs edən “Dəli Kür” bədii filmində bir sıra canlı xarakterlər yaradılmış, qəhrəmanların daxili aləmi psixoloji dərinliklə açılıb göstərilmişdir. Belə canlı obrazlardan biri də sənətkarın böyük ustalıqla yaratdığı molla Sadıq surətidir. Molla Sadıq obrazından fərqli olaraq “Axırıncı aşırım” filminin personajı Qəmlo düşmənə qarşı açıq mübarizə aparır, heç kimə güzəştə getmir.
Görkəmli aktyor “Birisi gün, gecəyarısı”, “O dünyadan salam”, “Fəryad”, “Hacı Qara” kimi filmlərdə də yaddaqalan və maraqlı obrazlara ekran həyatı verib.
“Ölülər”dəki Şeyx Nəsrullah rolunu o dəfələrlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrın səhnəsində oynayıb. Çox vaxt deyirlər ki, M.Dadaşov mənfi tiplərin klassik ifaçısıdır. Şeyx Nəsrullah da, Qəmlo da, Molla Sadıq da mənfi tiplər idi. Amma siz bu rollarda aktyor məharətinə diqqət yetirin. Məlik Dadaşovun Şeyx Nəsrullahı özgə bir aləmdir. Bəlkə də, ona görə mərhum kinorejissor Tofiq Tağızadə “Ölülər” pyesi əsasında ekranlaşdırdığı "O dünyadan salam" filmində də Şeyx Nəsrullah rolunda Məlik Dadaşovu çəkmişdi.
Görkəmli aktyorun Azərbaycan mədəniyyətinə və incəsənətinə verdiyi dəyərli töhfələr onu hər zaman yaddaşlarda saxlayacaq, unudulmağa qoymayacaq.
Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, Dövlət mükafatı laureatı, kinorejissor Eldar Quliyevin şəxsi arxiv fondu yaradılıb.
Fonda görkəmli sənətkarın nadir fotoşəkilləri, əlyazmaları, ssenariləri və s. arxiv sənədləri daxil olub.
Xalq artisti Eldar Quliyevin şəxsi arxiv fondunun yaradılması sənətkarın anadan olmasının 80 illiyinə ithaf edilib.
Respublika Gənclər Kitabxanası ssenarist, dramaturq, Dövlət mükafatı laureatı, Xalq şairi Vaqif Səmədoğlunun əziz xatirəsinə həsr olunmuş videoçarx hazırlayıb.
Kitabxanadan bildirilib ki, videoçarxda Vaqif Səmədoğlunun həyat və yaradıcılığı haqqında məlumat verilib, müəllifi olduğu kitablardan nümunələr nümayiş olunub.
Qeyd edilir ki, Vaqif Səmədoğlunun yaradıcılığı müasir Azərbaycan ədəbiyyatında yeni poeziyanın xüsusi mərhələsini təşkil edib. V.Səmədoğlu yaradıcılığında həyat və zaman, dünya və insan haqqında lirik-fəlsəfi düşüncələrini özünəməxsus üslubda oxucuya, dinləyiciyə çatdırmaq istedadına malik şair olub. O, teatr və kino üçün yüksək sənətkarlıq keyfiyyətlərinə malik silsilə əsərlərin müəllifi idi.
Kitabxananın əməkdaşları tərəfindən hazırlanan videoçarxda Vaqif Səmədoğonun sağlığında qonaq olduğu televiziya verilişlərində verdiyi müsahibələrdən parçalar təqdim edilib. Videomaterialda görkəmli ədibin öz səsi ilə həyat, azadlıq, xoşbəxtlik anlayışlarına verdiyi təriflər, atası Səməd Vurğun haqqında söylədiyi xatirələr izləyicilərə təqdim olunub.
Videoçarxda Vaqif Səmədoğlunun şəxsi ailə fotoalbomundan görüntülər nümayiş etdirilib və Xalq artisti Fəxrəddin Manafovun ifasında şairin müəllifi olduğu şeir parçası da səsləndirilib. Ümumilikdə videoçarx sevimli şairin canlı görüntüləri və səs yazıları ilə zəngindir.
Sözügedən videoçarx kitabxananın sosial hesablarında izləyicilərə təqdim edilib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 5 nömrəli filialı türk inqilabi poeziyasının banisi, dramaturq, şair Nazim Hikmətin anım günü münasibətilə “Nazim Hikmət dünyası” adlı videoçarx hazırlayıb.
İdarədən bildirilib ki, videoçarx kitabxananın sosial hesablarında oxuculara təqdim edilib.
Videoçarxda qeyd edilir ki, Nazim Hikmət 1902-ci il yanvarın 15-də Selamik şəhərində dünyaya göz açıb. O, 1918-ci ildə İstanbulda Hərbi Dənizçilik məktəbinə daxil olub. Həmvətənlərinin acınacaqlı həyatını kiçik yaşlarından hiss edərək Türkiyənin xarici müdaxiləçilər tərəfindən işğalı əleyhinə şeirlər yazdığı, inqilabi hərəkata qoşulduğu üçün 1919-cu ildə məktəbdən xaric edilib. Bütün yaradıcılığını xalqının azadlığı, xoşbəxt həyatı uğrunda mübarizəyə həsr edən şair iztirablı, tufanlı, qasırğalı bir həyat yolu keçib, fasilələrlə ömrünü məhbəslərdə keçirib, qürbətdə yaşamağa məcbur olub.
Şair həyatının son günlərində Vətəndə olmaq, öləndə Anadolu məzarlığında məzar daşı da istəməyərək, uca bir çinarın altında uyumaq arzulayıb. Ancaq şair doğulduğu torpaqdan çox uzaqlarda, qürbət diyarda, Moskvada 1963-cü il iyunun 3-də Vətən həsrəti ilə əbədiyyətə qovuşub.
Azərbaycanın Əməkdar artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Afaq Abbasova bir ilkə imza atıb. Musiqisi Ottorino Respiginə, librettosu Alberto Doninə məxsus olan “Al Mulino” operası CD formasında yazılıb. İtaliyanın Trieste şəhərində Cüzeppe Verdi adına Opera Teatrında yazılan əsərin baş rolu “Aniuska”nın ifaçısı Afaq Abbasova olub. Librettonun yeni quruluşunun müəllifi Paolo Rosato, məsləhətçi və dirijor isə Fabrizio Da Rosdur.
Əməkdar artist Afaq Abbasova açıqlamasında belə bir ilkə imza atdığı üçün çox sevincli olduğunu bildirib. Onun sözlərinə görə, pandemiyadan öncə dinləyici kimi teatra gedib və sonra bu rola dəvət alıb. “Aniuska” rolunun ifa etməyi böyük məmnuniyyətlə qəbul edib. Hazır olan CD hələ ki, satışa buraxılmayacaq və dünya teatrlarına təqdim olunacaq. Gələcəkdə “Al Mulino” teatrlarda ifa olunan zaman bu disk hazır material kimi istifadə olunacaq.
Tamaşa 2022-ci ildə ilk dəfə Triest Opera Teatrında səhnəyə qoyulacaq.
Türkiyənin Mardin vilayətində bir çox film və seriallara ev sahibliyi edən, müxtəlif din, dil və mədəniyyətlərin birləşdiyi Dereiçi məhəlləsi turizm sektoruna açılacaq.
Şəhərin Savur rayonunda yerləşən məhəllə özünəməxsus memarlıq üslubu, Katolik, Pravoslav və Protestant kilsələri, üç monastırı və məscidləri ilə bölgədə xüsusi yerə sahibdir.
Məhəllənin turizm sahəsinə açılması üçün Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, bir sıra digər aidiyyəti qurumlar tərəfindən birgə iş başladılıb. Bu məqsədlə on beş ailənin yaşadığı Dereiçi məhəlləsində yerləşən tikililərdə, o cümlədən restoran, kafe və qonaq evlərində yenidənqurma işləri başladılıb. Aparılan bu bərpa işlərinin əsas hədəfi bölgənin özünəməxsus xüsusiyyətlərinə xələl yetirmədən abadlaşdırılmasıdır.
Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzi hissəsində, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Nəbatat Bağında Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin ucaldılacaq heykəl kompozisiyasının eskizi hazırlanıb.
Bu barədə heykəl kompozisiyasının müəllifi, Ukraynanın Xalq rəssamı, heykəltəraş soydaşımız Katib Məmmədov məlumat verib.
Onun sözlərinə görə, heykəl kompozisiyada Nizami Gəncəvinin ayrıca abidəsi və yanında müəllifi olduğu “Xəmsə”yə aid əsərlərin qəhrəmanları olacaq. “Xəmsə”yə aid əsərlərin qəhrəmanlarından ibarət kompozisiya dairəvi şəkildə olacaq, yuxarıdan baxanda isə səkkizguşəli ulduz formasında görünəcək.
Nizami Gəncəvinin bürüncdən olan heykəlinin hündürlüyü 2 metr, “Xəmsə”yə aid əsərlərin qəhrəmanlarından ibarət kompozisiyanın hündürlüyü isə 3-3,5 metr olacaq.
Xatırladaq ki, mayın sonlarında Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsi ucaldılması ilə bağlı ölkəmizin Ukraynadakı səfirliyi ilə Taras Şevçenko adına Kiyev Milli Universiteti arasında qarşılıqlı Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumunu Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova və Taras Şevçenko adına Kiyev Milli Universitetinin rektoru, professor Vladimir Buqrov imzalayıblar.