Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Qırğızıstanda soydaşımızın rəhbərlik etdiyi “Türkel” Media Qrupu “Müstəqilliyin 30 ili” medalı ilə təltif olunub

    Qırğızıstanda fəaliyyət göstərən “Türkel” Media Qrupu “Müstəqilliyin 30 ili” medalı ilə təltif olunub.

    Medalı Qırğızıstanın “Piramida” dövlət teleradio şirkətinin baş direktoru Dooronbek Adaxanov “Türkel”in prezidenti, soydaşımız Hökumə Xəlilovaya təqdim edib.

    D.Adaxanov çıxışında bildirib ki, “Türkel” uzun illərdir Qırğızıstan media məkanında fəaliyyət göstərir. “Türkel” Orta Asiya ölkələri və Türkiyədə tanınan “Altın körpü” jurnalını, “Türkel” qəzetini və bir neçə populyar portalı özündə birləşdirən media qrupudur. Neçə illərdir ki, “Piramida” kanalında qrupun prezidenti Hökumə Xəlilova və baş redaktoru Ramiz Məşədihəsənli türk dünyasını əhatə edən “Dostluq körpüsü” adlı proqramı uğurla aparırlar. Verilişdə türk dünyasının, o cümlədən Azərbaycanın siyasi, iqtisadi, mədəni həyatı işıqlandırılır.

  • Kann festivalı müsabiqəsinə 61 film seçilib

    74-cü Kann festivalı iyulun 6-dan 17-dək keçiriləcək. Amerikalı Spayk Linin (Spike Lee) sədrlik edəcəyi münsiflər heyəti hələ açıqlanmayıb.

    Bu haqda Kann festivalının səlahiyyətli nümayəndəsi Tyeri Fremo mətbuat konfransında bildirib. Qeyd edib ki, “Kann premyeraları” (Cannes Premiers) adlı yeni seksiyanın yaradılması festival həyatında ilkdir. Bu seksiya artıq seçilmiş və təsdiqlənmiş kinorejissorlar uçun nəzərdə tutulur.

    Festivalda digər yenilik ətraf mühit məsələlərinə həsr edilmiş müvəqqəti xarakterli seksiya olacaq. Festival hələ aprelin ortalarında ətraf mühitə təsirlərin azaldılmasına yönələn bir sıra tədbirlər, eləcə də akkreditə olunmuş jurnalistlərin töhfələri ilə bağlı məlumat vermişdi.

    Logistika məsələlərinə gəldikdə isə festivalın səlahiyyətli nümayəndəsi bildirib ki, COVID-19 epidemiyasının öhdəsindən hələ gəlinməyib. Ona görə virusun yayılmasının qarşısını almağa və çox ehtiyatlı olmağa çağırış edib.

    Vurğulayıb ki, Kann festivalının “Qızıl Palma” ali mükafatı uğrunda mübarizəyə qatılacaq 24 filmdən 4-nün rejissoru qadındır.

    Festival Leos Karaksın “Annette” filmi ilə açılacaq, bağlanış üçün sürpriz film gözlənilir. Ümumiyyətlə, münsiflər heyətinə rəsmi olaraq 61 film təqdim olunacaq.

  • “Nizami Gəncəvi dünya ədəbiyyatında” adlı beynəlxalq elmi konfrans keçirilib

    Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması ilə əlaqədar olaraq, Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkil etdiyi silsilə tədbirlərin davamı olaraq “Nizami Gəncəvi dünya ədəbiyyatında” adlı beynəlxalq elmi praktik konfrans onlayn qaydada keçirilib. Konfrans Gəncə Şəhər İcra Hakimiyyəti, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, AMEA-nın Gəncə filialı və Gəncə Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə reallaşıb.

    Konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Əfqanistan, Tacikistan, Gürcüstan və başqa ölkələrdən dəvət olunan nizamişünaslar alimlər iştirak ediblər.

    Konfransı Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavini Fəridə Qədimova açaraq Nizaminin həyatı və yaradıcılığı haqqında danışıb.

    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli “Nizami Gəncəvi İli” ilə bağlı görülən işlərdən, Nizami irsinin öyrənilməsinə həsr olunmuş kitablardan, tədqiqatlardan danışıb. Akademik qeyd edib ki, bu işlər təkcə yubiley ilində deyil, bütün dövrlərdə davam etdirilib və etdiriləcək.

    Daha sonra konfrans məruzələrin dinlənilməsi ilə davam edib.

  • Gəncədə “Nizami Gəncəvi və davamlı inkişaf” mövzusunda beynəlxalq konfrans keçiriləcək

    İyunun 4-də Gəncədə İqtisadiyyat və idarəetmə sahəsində magistr və doktorantların beynəlxalq elmi konfransı işə başlayacaq.

    "Nizami Gəncəvi ili” çərçivəsində keçirilən və iyunun 7-dək davam edəcək konfrans “Nizami Gəncəvi və davamlı inkişaf” mövzusuna həsr olunub.

    Dövlət qurumlarının əməkdaşlarının, elm xadimlərinin də qatılacağlı konfransda ABŞ-ın Princeton Universitetinin professoru Michael Barryn və ABŞ-ın Corc Vaşinqton Universitetinin Təhsil və Bəşəri İnkişaf Məktəbinin dekanı Michael Feuer videoçıxış edəcəklər.

    Açılışdan sonra konfrans işini “Ağıllı və Dayanıqlı Şəhərlər və İnfrastrukturlar” mövzusunda alt bölmədə davam etdirəcək. Bu panel üzrə konfrans UNEC-in rəsmi “facebook” və “youtube” səhifəsində yayımlanacaq.

    Qeyd edək ki, 2021-ci il ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə “Nizami Gəncəvi ili” elan edilib.

  • “Uşaqların gözü ilə dünya” adlı konsert təşkil edilib

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Hüseynqulu Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbi “Uşaqların gözü ilə dünya" adlı konsert keçirib.

    İdarədən bildirilib ki, konsertdə əsas məqsəd uşaqların hüquqlarının müdafiəsi, hər bir uşağın üzərinə düşən hüquq və vəzifələrdən xəbərdar olmasıdır.

    Konsertdə məktəbin müəllim və şagirdləri iştirak edib. Uşaqlar öz ifaları ilə həmyaşıdlarının bayramını təbrik ediblər. Konsert Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara uyğun olaraq, sanitar normalar gözlənilməklə şəhərimizin gözəl parklarından birində keçirilib.

  • Peru radiosunda Azərbaycan Xalq Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə musiqi proqramı yayımlanıb

    Perunun nüfuzlu “Radio Filarmonia” radio kanalında Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 103-cü ildönümünə həsr olunmuş musiqi proqramı efirə gedib.

    Proqramın əvvəlində Azərbaycanın dövlət himni səsləndirilib, sonra ölkəmizin Perudakı diplomatik nümayəndəliyinin əməkdaşı Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, inkişaf tarixi və dövlət quruculuğu sahəsindəki nailiyyətləri haqqında dinləyicilərə məlumat verib.

    Diplomat, həmçinin müasir Azərbaycanın iqtisadi uğurları, ötən il Vətən müharibəsindəki Qələbəsi və azad edilmiş ərazilərdə həyata keçirdiyi yenidənqurma işləri haqqında danışıb.

    Daha sonra dinləyicilərə ölkəmizin qədim mədəniyyət ənənələri, musiqisi, ədəbiyyatı və digər incəsənət sahələri haqqında məlumat verilib, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə bu ilin ölkədə “Nizami Gəncəvi İli” elan olunduğu qeyd edilib.

    Ardınca 28 il sonra işğaldan azad edilmiş, Azərbaycanın mədəniyyət beşiyi və hazırda rəsmi qaydada mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərinin ölkəmizin mədəniyyət tarixindəki müstəsna rolu haqqında məlumat verilib və bir neçə həftə öncə burada möhtəşəm beynəlxalq "Xarıbülbül" musiqi festivalının keçirildiyi söylənilib.

    Proqram ərzində və günboyu adıçəkilən mədəniyyət kanalında Azərbaycanın klassik musiqi nümunələri, müasir bəstəkarlarımızın kompozisiyaları, muğam və caz nömrələri, habelə Azərbaycan və Latın Amerikası musiqiçilərinin birgə ifaları səsləndirilib.

  • “Nizami Gəncəvinin əsərləri təsviri sənətdə” adlı elmi konfransa tezis qəbulu başa çatıb

    Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Nizami Gəncəvinin əsərləri təsviri sənətdə” adlı respublika elmi konfransına tezis qəbulu başa çatıb.

    Dövlət Rəsm Qalereyasından bildirilib ki, konfrans mədəniyyətimizin müxtəlif sahələri üzrə mütəxəssislərin, tədqiqatçıların, eləcə də yeni mövzuların və tədqiqatların aşkara çıxarılması məqsədilə təşkil olunacaq.

  • Milli Kitabxanada Lütfi Zadəyə həsr edilmiş elektron məlumat bazası istifadəçilərə təqdim edilib

    Bu il dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, AMEA-nın fəxri üzvü, Kaliforniya Universitetinin mərhum professoru Lütfi Zadənin anadan olmasının 100 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı əsasında elm və texnologiyaların inkişafına misilsiz töhfələr vermiş məşhur alim Lütfi Zadənin anadan olmasının 100-cü ildönümünün qeyd olunması ölkəmizdə elmə, elm adamlarına yüksək dövlət qayğısının və diqqətin parlaq nümunəsidir.

    Hər zaman azərbaycanlı olması ilə fəxr edən, Azərbaycanı öz vətəni hesab edən, öz vətənində əbədi rahatlıq tapan Lütfi Zadə bütün mənalı ömrünü bəşəriyyətin inkişafına həsr edib.

    Lütfi Zadə fundamental nəzəriyyələri ilə elm tarixində ciddi dəyişikliklərə yol açmış görkəmli şəxsiyyətlərdəndir. Alimin ardıcıl tədqiqatlarının nəticəsi olaraq irəli sürdüyü qeyri-səlis məntiq nəzəriyyəsi müxtəlif elm sahələrinin müasir mərhələdə inkişafında dərin iz qoymuş və yeni yanaşma üsulları meydana gətirmişdir. Bu nəzəriyyə üstün intellektual texnologiyalara güclü təsir göstərmiş, müasir idarəetmə və informasiya-kommunikasiya sistemlərinin əsaslarının formalaşdırılmasında mühüm rol oynamışdır.

    Azərbaycan Respublikası Prezidentinin “Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Qeyri-səlis məntiq nəzəriyyəsinin banisi – Lütfi Zadə” adlı elektron məlumat bazası hazırlanıb.

    Kitabxanadan bildirilib ki, elektron məlumat bazası “Rəsmi sənədlər”, “Qeyri-səlis məntiq nəzəriyyəsinin banisi - Lütfi Zadə”, “Həyat və yaradıcılığının əsas tarixləri”, “Əsərləri”, “Haqqında”, “Mükafatları”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Dünya və universitet kitabxanalarında”, “Lütfi Zadənin sevimli aforizm və zarafatları”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir.

    Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/Lutfi-Zade/index.html linkindən istifadə edə bilərlər.

  • Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması Kiyevdə nəşr olunub

    Azərbaycanda elan olunmuş “Nizami Gəncəvi İli” ilə əlaqədar dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması Kiyevdə nəşr olunub.

    Azərbaycan Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, zəngin ənənəli “Yaroslavov Val” nəşriyyatında işıq üzü görən kitabı ukrain dilinə görkəmli Ukrayna şairi və mütərcimi Leonid Pervomayski tərcümə edib.

    Kitabın redaktoru Qriqori Quseynov, “Ön söz”ün müəllifi isə Aqafangel Krımskidir.

  • Dövlət Rəsm Qalereyası növbəti virtual sərgiyə hazırlaşır

    Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə bu gün saat 20:00-da “Böyük qayıdış. Həsrətin sonu” adlı virtual sərgi təşkil olunacaq.

    Qalereyadan bildirilib ki, sərgi işğaldan azad olunmuş ərazilərə Azərbaycan mədəniyyətinin qaytarılması hədəflərinə uyğun olaraq, torpaqlarımızın azad olunmasında Azərbaycan Ordusunun göstərdiyi rəşadət və qəhrəmanlığa həsr olunacaq.

    Sərginin virtual ekspozisiyasında Elçin Mustafayev, Şəhla Qəhrəmanlı, Fərhad Yalquzaq, Nərmin Hüseynova, Emin Seyidov, Lalə Hüseynova, Rahib Qarayev, Leyla Altunay və bir çox rəssamların işləri yer alacaq.

    Sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.