İçərişəhərdəki “Art Tower” qalereyasının qarşısında “Simurq” uşaq musiqi festivalının açılış mərasimi keçirilib. Festival “Arts Council Azerbaijan”ın layihəsi, Mədəniyyət, Təhsil nazirlikləri, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Paşa Holdinq” və Bakı Media Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.
Festivalın açılış mərasimində tədbirin layihə rəhbəri, beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə jurnalistlərin suallarını cavablandırıb.
Bildirib ki, ilk festival 2019-cu ildə keçirilib. Tanınmış sənət adamlarının qatıldığı festival P.İ.Çaykovski adına Moskva Konservatoriyasının nəzdində musiqi məktəbinin də iştirakı ilə reallaşmışdı.
Qeyd edilib ki, ötən il pandemiya səbəbindən festivalı keçirmək mümkün olmadı: “Bu il isə biz festivalın qaydalarında müəyyən dəyişikliklər etdik. Proqramı genişləndirdik. Fortepianodan əlavə, proqrama simli, nəfəs alətləri, hətta vokal ifaları da daxil etdik. Festivala seçimləri, həmçinin Azərbaycanın regionlarında – Gəncə, Sumqayıt və Qəbələdə də keçirməyə qərar verdik. Bu ildən festival təkcə konsertlərlə deyil, həm də təhsil və tədris yönlü layihələr də həyata keçirir. Festival çərçivəsində bu il, eyni zamanda, uşaqların rəsmlərindən ibarət sərgilər də təşkil ediləcək. Məqsəd istedadlı uşaqları festivala cəlb etməkdir”.
Festivalın ilk günü təqdim edilən konsert proqramında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Fikrət Əmirov adına 6 nömrəli Uşaq İncəsənət Məktəbi, Niyazi adına 22 nömrəli, Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli və Bülbül adına Orta İxtisas Musiqi məktəbləri şagirdlərinin ifaları təqdim olunub.
Həmçinin İçərişəhərdə yerləşən “Art Tower” qalereyasında “Simurq” festivalı çərçivəsində “Bolqarıstan uşaqların gözü ilə” adlı rəsm sərgisi də açılıb. Sərgi Azərbaycanla Bolqarıstan arasında diplomatik münasibətlərin yaranmasının 29-cu ildönümünə həsr edilib.
Xatırladaq ki, “Simurq” festivalının məqsədi Azərbaycanın istedadlı uşaq və gənc musiqiçilərini önə çıxarmaq və dəstək olmaq, eləcə də onlara ifaçılıq sənətində peşəkar bilik və bacarıqlar öyrətməkdir.
Parisdə yaradıcı uşaqlara həsr olunan “The Golden Festival İnternational” (Beynəlxalq Qızıl Festival) keçirilib. Avropa Elm, Mədəniyyət və İncəsənət Akademiyasının təşkilatçılığı ilə keçirilən, Avropada rəsmi beynəlxalq müsabiqə statusuna malik bu yarışmada dünyanın müxtəlif ölkələrindən uşaqlar onlayn iştirak ediblər.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən bildirilib ki, beynəlxalq festivalda Ə.Bədəlbəyli adına 23 nömrəli 11 illik musiqi məktəbinin skripka ixtisası üzrə şagirdləri Mədinə Məşədihüseynova “Qran-Pri” mükafatına və Humay Bayramzadə l yerə layiq görülüb. Hər iki məktəbli müvafiq diplomlarla təltif edilib.
Həmçinin uğurlu işlərinə, şagirdləri və gələcək musiqiçiləri yüksək peşəkarlıqla hazırladıqlarına və məhsuldar əməkdaşlığa görə ixtisas müəllimi N.Ələkbərova və konsertmeyster A.Malxazova münsiflər heyəti tərəfindən “Təşəkkür” diplomları ilə mükafatlandırılıblar.
Vətən müharibəsinə könüllü qoşularaq, qanı-canı bahasına Zəfər dolu qələbəmizi bizə bəxş edən qazilərimiz daim diqqət mərkəzindədir.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Mədəniyyət İşçilərinin Həmkarlar İttifaqının (MİHİ) Respublika Komitəsinin təşkilatçılığı ilə qəhrəman döyüşçülər Taleh Aşirov, Xəyal Qarayev, Seyidəkbər Xaliqov, Əliheydər Mayılov, Namiq Rufullayev ziyarət olunub, onların döyüş yolu və qayğıları ilə maraqlanaraq sovqat hədiyyə edilib.
Baş İdarə ilə MİHİ Respublika Komitəsi bundan sonra da xeyriyyə aksiyalarını davam etdirəcək, şəhid və qazi ailələrinin ömür yolunu işıqlandıracaq.
Təbii-coğrafi baxımdan respublikamızın zəngin bölgələrindən olan Ağdam - xalqımızın çoxəsrlik tarixini özündə əks etdirən müxtəlif abidələr diyarıdır. Belə ki, rayon ərazisində 4 dünya, 3 ölkə, 130 yerli əhəmiyyətli memarlıq və arxeoloji abidə vardır.
Ağdam şəhərində Üzərliktəpə abidəsi, Kəngərlidəki XIV əsrin yadigarı - daş abidələr, Papravənddəki Xanoğlu türbəsi, Cümə məscidi, Ağdamın məşhur Çörək muzeyi, Xaçındərbətli kəndindəki el arasında “Sarı Musa türbəsi” adlanan Xaçındərbətli abidəsi, Xan qızı Natəvanın və oğlunun şərəfinə tikilmiş türbə, Pənahəli xanın imarəti, Şahbulaq qalası... kimi tarixi-memarlıq abidələri Ağdamın işğalı zamanı dağıdılıb. Buradakı abidələr müxtəlif dövrləri əks etdirən nadir nümunələr idi. Bu maddi-mənəvi sərvət qruplaşdırılaraq “Azərbaycan Respublikasının ərazilərində dövlət mühafizəsinə götürülmüş daşınılmaz mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsü” adlı kitaba daxil edilib.
Lakin erməni vandalları tərəfindən bu şəhər o qədər dağıdılıb ki, xarici jurnalistlər bu gün Ağdamı “Qafqazın Xirosiması” adlandırır. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün “ruhlar şəhəri”nə çevrilib.
Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının Ölkəşünaslıq və milli ədəbiyyatın təbliği şöbəsi “Ağdam - Qafqazın Xirosiması” adlı tövsiyə biblioqrafiyası hazırlayıb.
Kitabxanadan bildirilib ki, geniş oxucu kütləsi üçün nəzərdə tutulan göstərici tövsiyə olunan 55 adda ədəbiyyat siyahısından ibarətdir. Girişdə mövzu haqqında ətraflı məlumat verilib.
Tövsiyə göstəricisində yer alan kitablarda məcmuə və dövri mətbuat səhifələrində dərc edilmiş materiallar öz əksini tapıb. Oxuculara vəsaitdə verilmiş ədəbiyyatların tam mətni ilə tanış olmaq imkanı da yaradılmışdır. Belə ki, vəsaitdə 38 kitab, məcmuə və dövri mətbuat səhifələrində dərc edilmiş materialların linkləri də verilib.
Bu gün görkəmli şair Nazim Hikmətin anım günüdür
XX əsr dünya ədəbiyyatının ən böyük şairlərindən olan Nazim Hikmət təkcə türk xalqının deyil, bütün Şərq xalqlarının poeziyasına misilsiz təsir göstərib, şeirdə yeni yollar açmış novator sənətkar, əsrin klassikidir. O, özünün romantik ruhlu, coşqun pafoslu, dərin məzmunlu əsərləri ilə müasir türk ədəbiyyatının inkişafına böyük təkan verib. Nazim Hikmət həm mübariz ictimai xadim, həm də istedadlı şair və dramaturq idi. Lakin poeziya onun yaradıcılığının ana xəttini, istedadının ən qüvvətli istiqamətini təşkil edirdi.
Bu gün türk inqilabi poeziyasının banisi, şair, dramaturq, ssenarist, Beynəlxalq Sülh Mükafatı laureatı Nazim Hikmətin vəfatından 58 il ötür.
Nazim Hikmət 1902-ci il yanvarın 15-də Selamik şəhərində dünyaya göz açıb. O, 1918-ci ildə İstanbulda Hərbi Dənizçilik məktəbinə daxil olub. Həmvətənlərinin acınacaqlı həyatını kiçik yaşlarından hiss edərək Türkiyənin xarici müdaxiləçilər tərəfindən işğalı əleyhinə şeirlər yazdığı, inqilabi hərəkata qoşulduğu üçün 1919-cu ildə məktəbdən xaric edilib. Bütün yaradıcılığını xalqının azadlığı, xoşbəxt həyatı uğrunda mübarizəyə həsr etdiyi Vətənini, xalqını sevdiyinə görə şair iztirablı, tufanlı, qasırğalı bir həyat yolu keçib, fasilələrlə ömrünü məhbəslərdə keçirib, qürbətdə yaşamağa məcbur olub. Şair şeirlərinin birində bunu belə ifadə edib.
Bağlısan deyə ölkənə,
Dünyaya, insana,
Ya boğazdan asılarsan
Ya atılarsan zindana.
Şairin "Sərvlikdə” adlı ilk şeiri 1918-ci ildə "Yeni məcmuə” jurnalında dərc olunub. 1921-ci ildə Moskvaya gələrək Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində oxuyub. 1924-cü ildə Ankaraya qayıdıb və həbs edilib. Bir müddət sonra azadlığa çıxaraq qəzet və jurnalda çalışıb. 1925-ci ildə qiyabi olaraq 15 il həbsə məhkum edilən Nazim Hikmət 1927-ci ildə yenidən gizli yolla Moskvaya gəlib. Onun 1926-cı ildə yazdığı ilk poeması "Neft dünyasına səyahət” Bakı neftçilərinə həsr olunub. Bir il sonra ilk dəfə Bakıya gəlir. Bakını, Xəzəri görəndə ona elə gəlib ki, mühacirliyi yarıb öz doğma diyarına qayıda bilib. Özünə doğma bildiyi bu diyarda unudulmaz anlarını yaşayıb.
Şairin 1928-ci ildə ikinci Vətəni saydığı Azərbaycanda ilk kitabı - "Günəşi içənlərin türküsü” nəşr olunub. Nazimə həsr olunmuş ilk məqaləni də Bakıda dövrün görkəmli tənqidçisi Əli Nazim yazıb. Məqalə "Günəşi içirik... günəşlənirik” adlanırdı. Əli Nazim böyük türk şairinin çağdaş Azərbaycan şeirinə göstərdiyi təsiri xüsusi vurğulayıb.
Onun şeirləri içərisində xüsusi yer tutan "Bayram oğlu”, "Arpa çayının iki yanı”, "Xəzər”, "Neftə doğru” əsərlərinin mövzusu Azərbaycanla əlaqədardır. 1929-1932-ci illərdə yazdığı "835 misra”, "Baron-3”, "1+1=1”, "Səsini itirmiş şəhər” kitabları, "Jakonda” və "Berinci özünü niyə öldürdü” mənzum romanı ilə imperializmin müstəmləkə siyasətinə qarşı çıxıb. 1936-cı ildə yazmış olduğu "Alman faşizmi və irqçiləri” adlı məqaləsində şair faşizmin dünya azadlığı iddialarını ifşa edir, bütün mütərəqqi bəşəriyyəti insanlığın bu qəddar düşmənlərinə qarşı mübarizəyə çağırıb. Həmin il şairin Türkiyədə sonuncu şeirlər kitabı - "Şeyx Bədrəddin haqqında dastan” nəşr olunub. Dastanda orta əsrlərdə türk tarixində baş vermiş kəndli hərəkatından bəhs edir.
Nazim Hikmət 1938-ci ildə saxta bir ittihamla yenidən həbs olunub və 28 illik məhbəs cəzasına məhkum edilib. Həbsxanada məşhur "İnsan mənzərələri” epopeyasını, "Həbsxanadan məktublar” silsiləsini, "Məhəbbət əfsanəsi”, "Yusiflə Züleyxa” pyeslərini və başqa dəyərli əsərlərini yazıb. 1950-ci ildə əfv edilərək azadlığa buraxılan Nazim Moskvaya köçüb. Bu dövrlərdə "Türkiyədə”, "Qərib adam”, "İvan İvanoviç vardımı, yoxdumu” bir çox şeir və poemalarını, dramaturgiyaya dair məqalələrini qələmə alıb.
Nazim Hikmət həm də istedadlı nasir idi. "Romantika” romanı onun çox qüvvətli nəsr əsəridir. Romanda Nazim Hikmətin inqilabi fəaliyyəti, Moskvada təhsil alması, yaşamağın gözəl olduğunu bilən və onun gözəlləşməsinə can atan insanların mübarizəsi əksini tapıb. Ədibin romanı əsasında "Yaşamaq gözəldir, qardaşım” filmi çəkilib.
Böyük ədibin yaradıcılığında dram əsərləri də mühüm yer tutur. Onun pyesləri dəfələrlə Azərbaycan teatr səhnəsində tamaşaya qoyulub.
Şair ikinci dəfə Bakıya 30 il sonra gəlib. Öz məmləkətindən sonra heç bir torpaq ona Azərbaycan qədər doğma olmayıb. Nazim Türkiyənin ətrini bizə yetirən, canımız qədər doğma olan türk dilini ölümsüz şeirləri ilə bizə çatdıran milli ruhlu, qüdrətli şairdir. Şair Bakını İzmirə bənzədirdi. Ona görə də Bakı, Xəzər haqqında təsirli şeirlər yazardı. Bakı həm də şairə ona görə doğma gəlirdi ki, burada onun şeirlərini saatlarla, doymadan dinləyəcək geniş dinləyici kütləsi, qiymət verə biləcək şair, yazıçı, bəstəkar, alim dostları, bütün Azərbaycan xalqı vardı.
Görkəmli bəstəkarımız Arif Məlikovun Nazim Hikmətin librettosu əsasında yaratdığı "Məhəbbət əfsanəsi” baleti dünyanın bir çox ölkələrində tamaşaya qoyulub. Heykəltəraş Münəvvər Rzayeva şairin büstünü, Toğrul Nərimanbəyov və başqa rəssamlar portretini yaradıblar.
Şair həyatının son günlərində Vətəndə olmaq, öləndə Anadolu məzarlığında - məzar daşı da istəməyərək, uca bir çinarın altında uyumaq arzulayıb. Ancaq şair doğulduğu torpaqdan çox uzaqlarda, qürbət diyarda - Moskvada 1963-cü il iyunun 3-də Vətən həsrəti ilə əbədiyyətə qovuşub.
Məşəqqətli, qasırğalı bir həyat yolu keçmiş Nazim Hikmət insan dünyasının zənginliyini, duyğu aləminin incəliklərini, həyatın mürəkkəbliyini, dünyanın təzadlarını bütün dolğunluğu ilə əks etdirə bilən və türk şeiri tarixində əbədiyaşar qalacaq korifey bir sənətkardır.
Türkiyənin Çukurova Universiteti Dövlət Konservatoriyasında yeni yaradılmış orkestr salonuna azərbaycanlı bəstəkar, skripka ifaçısı, Əməkdar artist, professor Fərhəng Hüseynovun adı verilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, bu barədə qərar universitetin senatında qəbul edilib. Təşəbbüsü həmvətənimiz Çukurova Universiteti Dövlət Konservatoriyasının müdiri, dosent Ülviyyə Aslanova Gülər irəli sürüb.
Çukurova Universitetində bəstəkarın xatirəsinin əbədiləşdirilməsi təsadüfi deyil. 1992-ci ildən Türkiyədə yaşayan F.Hüseynov Çukurova Universiteti Dövlət Konservatoriyasının simli alətlər kafedrasının müdir müavini vəzifəsində çalışıb. Burada yaradıcılıq və pedaqoji fəaliyyətlə məşğul olub. Tələbələrinə skripka alətinin sirlərini öyrədib, dəfələrlə Ankara, İzmir, Mersin, Bursa və başqa şəhərlərin konsert salonlarında uğurla çıxış edib. F.Hüseynov təkcə Universitetin deyil, həm də Türkiyə ictimaiyyətinin dərin məhəbbətini qazanıb.
Azərbaycanlı sənətkar 1949-cu ildə anadan olub, 1975-ci ildə P.İ.Çaykovcki adına Moskva Dövlət Konservatoriyasının ifaçılıq fakültəsini, 1982-ci ildə isə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsini bitirib. Bakı Musiqi Akademiyasının "Simli alətlər" kafedrasının dosenti olub. "Kiçik şahzadə", "Kodayu", "Zaman üzrə səyahət", "Mərasimlər", "Qoy dünyada sülh olsun!", "Kiçik kantata", "Stabat Mater" və digər əsərlərin müəllifidir. Yaponiya və ABŞ-da keçirilmiş "Böyük İpək Yolu" və "Xose Asunsyon Flores" adına beynəlxalq müsabiqələrin laureatı olub. Fərhəng Hüseynov 2010-cu ildə vəfat edib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai Rayon Mədəniyyət Mərkəzi Xəzər Rayon İcra Hakimiyyəti ilə birgə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşəbbüsü ilə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bayram konserti təşkil edib.
Bayram konsertində İkinci Qarabağ uğrunda döyüşlərdə canlarından keçən şəhid və qazi övladları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin üzvləri - "Meqas", "AS", "HürAy" qrupları, gənc müğənnilər Aynur Əliyeva, Orxan İsazadə, İradə Fərzəliyeva, Xədicə Əliyeva, Leyla İsmayılzadə öz musiqi töhfələri ilə qonaqlar qarşısında çıxış ediblər.
Rusiya Mədəniyyət Fondu və Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyi Uşaqların Beynəlxalq Müdafiəsi Günündə uşaqlar üçün bayram tədbiri təşkil ediblər.
Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Moskvadakı Rusiya Mədəniyyət Fondunda (RMF) uşaqlar üçün “Mı yedem, yedem, yedem... Ura – kanikulı!” adlı bayram səyahəti təşkil edilib.
RMF və Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyi bu bayramı “Bu gün uşaqlar, sabah xalq” layihəsi çərçivəsində təşkil ediblər. Tədbirin təşkilində “Lestnitsa” kinostudiyası, “Yunarmiya” Hərbi Vətənpərvərlik Tərbiyəsi Mərkəzi, habelə Moskva Musiqili Kadet Korpusunun “Deti kino” məktəb-studiyası da iştirak edib.
Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin humanitar proqramlarının rəhbəri, fəlsəfə elmləri doktoru Tamilla Əhmədova bildirib ki, artıq 71 ildir bütün dünyada yayın ilk günü Uşaqların Müdafiəsi Günü kimi qeyd edilir.
T.Əhmədova deyib: “Bu bayram bizə xatırladır ki, bizim balaca sakinlərimizin yaşamaq, təhsil almaq, müdafiə olunmaq hüququ var. Bir sözlə, onların xoşbəxt olmaq hüququ var! Bugünkü uşaqlar sabah ölkələrin, planetimizin, bütün bəşəriyyətin taleyini həll edəcəklər! Bugünkü görüşümüz “Bu gün - uşaqlar, sabah - xalq” şüarı altında keçirilir. Bu gün dünya yaşlı nəslə mənsubdur. Nə yaxşı ki, bu bayram günündə biz bütün problemlərimizi bir kənara qoyaraq ən başlıca vəzifəmizi yerinə yetirə - uşaqlarımızı dinləyə bilirik. Axı biz Yer kürəsini onlara miras qoymalıyıq. Uşaqlar planetimizin sabahıdır”.
Tamilla Əhmədova vurğulayıb ki, uşaqların problemləri heç vaxt Heydər Əliyev Fondunun diqqətindən kənarda qalmır. Bu, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Fondun fəaliyyətinin əsas istiqamətlərindən biridir.
T.Əhmədova daha sonra deyib: “Fondun vitse-prezidenti və onun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leylam xanım Əliyeva bütün ölkələrdə uşaqlara kömək etməyə, onların həyatını daha parlaq, daha xoşbəxt etməyə yönəlmiş layihələri həmişə dəstəkləyir. Biz səmimi-qəlbdən ümid edirik ki, Rusiya Mədəniyyət Fondunun və Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin bu ilk birgə təşəbbüsü sonuncu olmayacaq. Rusiya və Azərbaycan həmişə mehriban qonşular, siyasət, iqtisadiyyat, elm və mədəniyyət sahələrində tərəfdaşlar olublar və yenə belədir. Sevindirici haldır ki, ölkələrimizin və xalqlarımızın övladları dövlətin və cəmiyyətin etibarlı müdafiəsi, bir-birinə qarşılıqlı hörmət şəraitində böyüyürlər. Ən möhkəm və ən səmimi dostluq münasibətləri məhz uşaqlıq dövründə yaranır. Ona görə də biz “Bu gün - uşaqlar, sabah - xalq” deyiriksə, tamamilə haqlı olaraq “Bu gün - uşaqların dostluğu, sabah - xalqlar arasında dostluq” deyə bilərik.
“Kinolestnitsa” yaradıcılıq birliyinin prodüseri Nina Komarova belə bir məqama diqqəti cəlb edib ki, Sergey Mixalkov adına Rusiya Mədəniyyət Fondu və Azərbaycanın Heydər Əliyev Fondunun Moskvadakı nümayəndəliyi bu tədbiri birgə təşkil ediblər. O deyib: “Biz bu tədbiri keçirməklə gələcək səmərəli əməkdaşlığın təməlini qoyuruq. Bu gün biz necə istedadlı uşaqlar olduğunu gördük. Moskvadakı Qara Qarayev adına Musiqi Məktəbinin şagirdi, pianoçu Yeliseyin ifası bizə xüsusilə güclü təsir bağışladı. Onu bu tədbirə Heydər Əliyev Fondunun nümayəndəliyi dəvət edib”.
İyunun 1-də Rusiya Mədəniyyət Fondunun qonaqları 7-12 yaşlı uşaqlar idi. Tədbirin təşkilatçıları uşaqlar üçün “Dostluq qatarı”nda bayram səyahəti, gənc istedadların ifasında musiqili nömrələr hazırlamışdılar.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı tanınmış xoreoqraf soydaşımız, Rusiyanın Əməkdar incəsənət xadimi, Mariinski Teatrının Primorsk səhnəsinin (Vladivostok şəhəri) baş baletmeysteri Eldar Əliyevi Bakıya dəvət edib.
Teatrın mətbuat xidmətindən bildirilib ki, xoreoqraf iyunun 8-dən 17-dək teatrda ustad dərsləri keçəcək. Sənətkar eyni zamanda gələcəkdə teatrın populyar klassik balet tamaşalarının quruluşunu həyata keçirmək məqsədilə balet truppası və solistlərlə tanış olacaq.
Qeyd edək ki, Eldar Əliyev Bakıda doğulub, Bakı Xoreoqrafiya Məktəbini, daha sonra Rusiya Balet Akademiyasını bitirib. 1979-1992-ci illərdə Sankt-Peterburq şəhərindəki Mariinski Teatrın balet truppasının solisti olub. Bir çox klassik balet tamaşalarında əsas partiyaları uğurla ifa edib, dünyanın 40-dan çox ölkəsində qastrol səfərlərində olub. Bir müddət ABŞ-da çalışıb. 2016-cı ildən Mariinski Teatrı Primosrk səhnəsinin baş baletmeysteridir. 2021-ci ildə Rusiyanın “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.
“Arts Council Azerbaijan” təşkilatının layihəsi, Mədəniyyət Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə “Simurq” uşaq musiqi festivalı keçirilir.
“Arts Council Azerbaijan”dan verilən məlumata görə, əvvəlki illərdə festivala təkcə pianoçular cəlb edilirdisə, bu dəfə musiqinin bütün sahələri ilə məşğul olan uşaqlar özlərini sınaya biləcəklər. Tədbirdə uşaqların rəsmlərindən ibarət sərgi də təqdim olunacaq. Təşkilatçılar incəsənətin bütün sahələrində uşaqların istedadını nümayiş etdirməyə qərar veriblər. Festivalın ilk konserti bu gün İçərişəhərdə “Art Tower” qalereyasının qarşısında başlayacaq.
Müəllifi tanınmış pianoçu, beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə olan layihənin başlıca məqsədi Azərbaycanın gənc, istedadlı musiqiçilərini önə çıxarmaq və dəstək olmaq, eləcə də onlara ifaçılıq sənətində peşəkar bilik və bacarıqlar öyrətməkdir.