Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Uşaqlar gələcəyimizin ümid açarıdır” adlı videoçarx hazırlanıb

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 nömrəli filialı Beynəlxalq Uşaqlar Günü münasibətilə “Uşaqlar gələcəyimizin ümid açarıdır” adlı videoçarx hazırlayıb.

    İdarədən bildirilib ki, videoçarx kitabxananın sosial media hesablarında yayımlanıb.

    Videoçarxda bu əlamətdar gün haqqında məlumat verilib. Ulu öndər Heydər Əliyevin uşaqlar barədə söylədiyi fikirlər yer alıb: “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə böyüdükcə ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır. Cəmiyyətin gələcək inkişafının əsasını uşaqlar təşkil edir”.

  • “Böyük qayıdış. Həsrətin sonu” adlı rəsm sərgisi açılacaq

    Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə iyunun 4-də saat 20:00-da “Böyük qayıdış. Həsrətin sonu” adlı virtual sərgi təşkil olunacaq.

    Qalereyadan bildirilib ki, sərgi işğaldan azad olunmuş ərazilərə Azərbaycan mədəniyyətinin qaytarılması hədəflərinə uyğun olaraq, torpaqlarımızın azad olunmasında Azərbaycan Ordusunun göstərdiyi rəşadət və qəhrəmanlığa həsr olunacaq.

    Sərginin virtual ekspozisiyasında Elçin Mustafayev, Şəhla Qəhrəmanlı, Fərhad Yalquzaq, Nərmin Hüseynova, Emin Seyidov, Lalə Hüseynova, Rahib Qarayev, Leyla Altunay və bir çox rəssamların işləri yer alacaq.

    Sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.

  • Virtuoz skripkaçı Sankt-Peterburq Filarmoniyasının səhnəsində çıxış edib

    Gənc virtuoz skripka ifaçısı, Prezident təqaüdçüsü, Əməkdar artist Elvin Hoca Qəniyev tanınmış musiqiçilərlə birgə D.Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasının səhnəsində çıxış edib.

    Türk bəstəkarı Fazıl Sayın skripka və orkestr üçün “Hərəmdə 1001 gecə” adlı əsərini səsləndirən ifaçının çıxışı maraqla qarşılanıb.

    Filarmoniyanın Akademik simfonik orkestrinin müşayiəti ilə violonçel ifaçısı Xaruma Sato (Yaponiya), pianoçu Daniil Xaritonov (Rusiya) və vokalçı Marina Viotti (İsveçrə) konsertdə çıxış ediblər.

    Konsertdən öncə Azərbaycanın Sankt-Peterburq şəhərindəki Baş konsulluğu Elvin Hoca Qəniyevin dünya şöhrətli dirijor, Mariinski Teatrının bədii rəhbəri Valeri Gergiyev ilə görüşünü təşkil edib.

    Maestro azərbaycanlı ifaçını dinləyərək ona yüksək qiymət verib. Valeri Gergiyev görkəmli bəstəkarlar Arif Məlikov, Fikrət Əmirov, Qara Qarayev ilə görüşlərini xatırlayıb, Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin dünyanın ən möhtəşəm balet əsərlərindən biri olduğunu vurğulayıb.

    Elvin Hoca Qəniyev gənc violin ifaçılarının K.Lipinski adına, P.İ.Çaykovski adına, D.Oystrax adına və digər nüfuzlu beynəlxalq müsabiqələrin laureatı olub, Berlində keçirilən Beynəlxalq musiqi müsabiqəsinin qızıl medalını qazanıb.

  • Ukraynanın Xarkov şəhərində Nizami Gəncəvinin abidəsinin ucaldılmasına dair memorandum imzalanıb

    Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsi ucaldılacaq.

    Bununla əlaqədar Azərbaycanın Ukraynadakı səfirliyi ilə Xarkov Şəhər Şurası arasında qarşılıqlı Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumunu Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova və Xarkov Şəhər Şurasının katibi, merin səlahiyyətlərini icra edən İqor Terexov imzalayıblar.

    Anlaşma Memorandumunun imzalanma mərasimindən əvvəl çıxış edən İqor Terexov bildirib ki, azərbaycanlı soydaşlarımız Xarkovun inkişafında, bu şəhərdə həyata keçirilən bir çox sosial əhəmiyyətli layihələrdə fəal iştirak edirlər. Belə layihələrdən biri də Ukraynanın Xalq rəssamı, azərbaycanlı heykəltəraş Katib Məmmədovun müəllifi olduğu Nizami Gəncəvinin abidəsinin ucaldılmasıdır.

    “Adları dünya tarixinə qızıl hərflərlə yazılmış insanlar var. Belə şəxsiyyətlər arasında dahi mütəfəkkir Nizami Gəncəvi də var. Bu abidənin açılışı təkcə şəhər üçün deyil, həm də Ukrayna üçün əlamətdar bir hadisə olacaq”, - deyə İqor Terexov əlavə edib.

    Onun sözlərinə görə, abidə demək olar ki, hazırdır və sentyabrın 1-dək heykəlin açılışı gözlənilir.

    Səfir Elmira Axundova çıxışında qeyd edib ki, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamından irəli gələrək, Ukraynanın Xarkov şəhərində mütəfəkkirin heykəli ucaldılacaq.

    “Xarkov şəhərində dahi şair və mütəfəkkir Nizami Gəncəvinin abidəsinin ucaldılması Azərbaycan ilə Ukrayna arasında etibarlı tərəfdaşlığın bariz nümunəsidir. Bu dəstəyə görə Xarkov Şəhər Şurasına təşəkkürümü bildirirəm. Nizami Gəncəvinin abidəsinin Xarkovda ucaldılması tarixi hadisədir”, - deyə Elmira Axundova əlavə edib.

    Səfir vurğulayıb ki, Ukrayna atdığı addımlarla Azərbaycanın yanında olduğunu sübut edib. “Biz bunu Azərbaycanın 44 günlük Vətən müharibəsində də şahidi olduq. Ukrayna dövləti Azərbaycanın haqlı mübarizəsini dəstəklədi, Ukrayna mətbuatı müharibə haqqında obyektiv məlumatlar yaydı”, - deyə diplomat söyləyib.

    Elmira Axundova, həmçinin qeyd edib ki, Xarkov və Gəncə şəhərlərinin qardaşlaşması üçün müzakirələr aparılır. Yaxın gələcəkdə bununla bağlı sazişin imzalanması gözlənilir.

    Xatırladaq ki, bir neçə gün əvvəl Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzi hissəsində, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Nəbatat Bağında Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin ucaldılmasına dair Anlaşma Memorandumu imzalanıb.

  • Azərbaycan Aşıqlar Birliyi yeni audiodisk buraxıb

    Son zamanlar bir sıra uğurlu layihələrə imza atan, aşıq sənətinə və ustad aşıqlara dair dəyərli kitablar nəşr etdirməklə yanaşı, həm də klassik və çağdaş ustad aşıqların ifalarından ibarət video və audiodisklər hazırlayan Azərbaycan Aşıqlar Birliyinin (AAB) növbəti audiodiskində qadın aşıqlar arasında bənzərsiz və özünəməxsus ifa tərzi ilə seçilən Əməkdar mədəniyyət işçisi, “Çeşmə” folklor qrupunun rəhbəri Gülarə Azaflının ifaları yer alıb.

    Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, “Azaflı qızıyam” adlanan diskdə Gülarə Azaflının ifasında 40-a yaxın aşıq havası yer alıb.

    O, həmçinin qeyd edib ki, AAB tərəfindən ustad aşıqların yaradıcılığına diqqət bundan sonra da davam etdiriləcək.

  • “Uşaqlar gələcəyimizdir” adlı tədbir keçirilib

    Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Uşaqlar gələcəyimizdir” adlı tədbir keçirilib.

    Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və icra nümayəndələri, rayon məktəbliləri, II Qarabağ uğrunda döyüşlərdə canlarından keçən şəhid və qazi uşaqları, rayon ictimaiyyəti iştirak ediblər.

    Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hazırlanan tədbirin ssenarisinə uyğun olaraq uşaqlara hədiyyələr paylanılıb, müxtəlif oyunlar və kompozisiya təşkil edilib.

  • İşğal zonasında şəhər və kəndlərimizin yerlə-yeksan edilməsinə baxmayaraq, onlara yeni həyat verib canlandıracağıq

    Azərbaycan 2010-cu ildən UNESCO-nun Mədəni Özünüifadə və Müxtəlifliyin Qorunması və Təşviqi üzrə 2005-ci il Konvensiyasına qoşulub. Həmin ildən etibarən ölkədə mədəniyyət sahəsində bütün hüquqi və mədəniyyət siyasəti sənədlərində bu Konvensiyanın müddəalarının tətbiq edilməsi təmin edilir. Müxtəlif proqramlar və “Bakı Prosesi” kimi qlobal təşəbbüslər sayəsində bu sahədə uğurlar əldə edilib.

    Bu fikirləri Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin beynəlxalq layihələr və innovasiyalar sektorunun müdiri Ramil Abbəkirov UNESCO-nun Mədəni Özünüifadə və Müxtəlifliyin Qorunması və Təşviqi üzrə 2005-ci il Konvensiyasının Tərəflərinin 8-ci sessiyasındakı çıxışında səsləndirib.

    Bildirib ki, yaradıcı sənayenin inkişafı ölkəmizin iqtisadiyyatının şaxələndirilməsi sahəsində strateji istiqamətlərdəndir. Prezident İlham Əliyevin 2021-ci ilin fevralında imzaladığı müvafiq Sərəncamı ilə yaradıcı sənayelər Azərbaycanın Strateji Prioritetləri çərçivəsində hazırlanan 2025-ci il Strateji Yol Xəritəsinə daxil edilib. Ölkə əhalisinin yaradıcı sənayelər haqqında məlumatlılığını artırmaq, eləcə də yerli istehsalın, yaradıcı məhsulların və xidmətlərin yayılması və ixracının təşviqi məqsədilə 2019-cu ildə “Kreativ Azərbaycan” adlı xüsusi portal yaradılıb.

    “Bizim üçün son bir il böyük dəyişikliklər ilə yadda qalıb. 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyü bərpa edilib, işğala son qoyulub. Nəhayət, inamla deyə bilərik ki, 2005-ci il Konvensiyası ölkəmizin bütün ərazisində həyata keçiriləcək. İşğal illərində bütün şəhər və kəndlərimizin tamamilə yerlə-yeksan edilməsinə baxmayaraq, ruhdan düşməmişik. Onlara yeni həyat verərək canlandıracağıq. Azərbaycan bu yerlərə yenidən qayıtmaq, həyat gətirmək və mədəni həyatı dirçəltmək üçün əlindən gələni edir”,-deyə R.Abbəkirov sessiya iştirakçılarının diqqətinə çatdırıb.

  • UNESCO: 2005-ci il Konvensiyası Konfransının sessiyasında Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının bəyanatı səsləndirilib

    UNESCO-nun mənzil-qərargahında Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə 2005-ci il Konvensiyasına üzv dövlətlərin Konfransının 8-ci sessiyası çərçivəsində Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının UNESCO yanında qrupunun bəyanatı səsləndirilib.

    Bəyanat UNESCO-dakı Daimi Nümayəndəliyimizin diplomatı Nigar Qurbanova tərəfindən təqdim edilib. Bildirilib ki, UNESCO yanında Qoşulmama Hərəkatı qrupu ölkələri UNESCO tərəfindən beynəlxalq ictimaiyyətə böyük töhfə olan Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi Konvensiyasının vacibliyini təsdiqləyir.

    Qoşulmama Hərəkatına üzv dövlətlər UNESCO-nun Baş Konfransının 2001-ci il noyabrın 2-də keçirilmiş 31-ci iclasında qəbul edilmiş Mədəni Müxtəliflik üzrə Ümumdünya Bəyannaməsində və Fəaliyyət Planında yer alan müddəaların yerinə yetirilməsinə sadiqliklərini ifadə edirlər. Üzv dövlətlər Mədəni Müxtəliflik naminə həyata keçirilmiş fəaliyyətlərin sinerjisini artırmaq məqsədilə UNESCO-nun Ümumdünya Bəyannaməsi və Fəaliyyət Planında təsbit olunmuş prinsiplərin təbliğində Birləşmiş Millətlər Sistemini UNESCO ilə əməkdaşlıq etməyə dəvət edirlər.

    2005-ci il Konvensiyasının preambulasında göstərildiyi kimi “Mədəni özünüifadəni inkişaf etdirən, eləcə də yeniləyən və bütövlükdə cəmiyyətin inkişafı naminə mədəniyyətin inkişafında iştirak edənlərin rolunu artıran mədəni qarşılıqlı fəaliyyət və yaradıcılığın əsas rolu”nu vurğulayan N.Qurbanova bildirib ki, Qoşulmama Hərəkatı UNESCO-nun bütün üzvlərini nəsildən-nəslə keçə bilən və sülh, dözümlülük, birgəyaşayış, insan hüquqlarına hörmət vasitəsi kimi dövlətlərin mədəni özünüifadəsinin etibarlılığının təmin edilməsi və xalqların kimliyi və mədəni müxtəlifliyinin təşviqi üçün dialoqa dəvət edir.

    Vurğulanıb ki, Qoşulmama Hərəkatı üzvləri UNESCO Katibliyinin Beynəlxalq Mədəni Müxtəliflik Fondunun səmərəli icrasını təmin etməyə, 2005-ci il Konvensiyasının və incəsənət nümayəndələrinin statusuna dair 1980-ci il Tövsiyəsinin icrası və monitorinqində sinerjini gücləndirməyə, mədəniyyət sahəsində fəaliyyətləri inkişaf etdirməyə, münaqişədən sonrakı yenidənqurma və barış proseslərinin əsas elementləri olaraq yaradıcılığı və mədəni həyatın canlandırılmasını, rəqəmsal mühitdə mədəni özünüifadə müxtəlifliyini təşviq etmək üçün milli yol xəritələrinin statusunu, eləcə də mədəniyyət sahəsində gender bərabərliyini inkişaf etdirməyə, xüsusən inkişaf etməkdə olan kiçik ada dövlətlərində potensial yaradıcılıq və bilik-bacarıqların bölüşdürülməsi imkanlarını artırmağa yönəlmiş fəaliyyətləri təqdir edir.

    Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında elan edilmiş “Davamlı inkişaf üçün Beynəlxalq Yaradıcı İqtisadiyyat İli” çərçivəsində Qoşulmama Hərəkatına üzv dövlətlər ədalətli əməkhaqqı, sosial təhlükəsizlik və iqtisadi müdafiə sistemləri, eləcə də rəqəmsallaşdırmanın faydalarının ədalətli bölüşdürülməsi ilə bağlı ictimaiyyətin məlumatlandırılmasının vacibliyini vurğulayıblar. Beynəlxalq İlin yaradıcı ekosisteminin dayanıqlığı və davamlılığının inkişafı üçün zəmin yaratdığı bildirilib.

    “Bu kontekstdə Qoşulmama Hərəkatına üzv dövlətlər Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Hökumətlərarası Komitənin mühüm rol oynadığını vurğulayır”, -deyə bəyanatın sonunda diqqətə çatdırılıb.

  • Kitabxana “Nizami Gəncəvi 880 illik dəyər” adlı onlayn tədbir keçirib

    Mayın 31-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Nizami Gəncəvi 880 illik dəyər” adlı onlayn tədbir keçirib.

    İdarədən bildirilib ki, tədbir kitabxananın instaqram hesabı üzərindən canlı yayımlanıb. Tədbir dahi şairin həyatına həsr edilmiş "Nizami" filmindən qısa fraqmentlə başlayıb. Daha sonra kitabxananın əməkdaşı Alina İsmayılova Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında geniş məlumat verib. Bildirib ki, Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirib.

    Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoyub. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan verib.

  • Beynəlxalq Arxivlər Həftəsi çərçivəsində silsilə tədbirlər keçiriləcək

    Hər il olduğu kimi, Beynəlxalq Arxivlər Şurası ənənəyə sadiq qalaraq 7-11 iyun tarixlərini Beynəlxalq Arxivlər Həftəsi elan edib.

    Milli Arxiv İdarəsindən bildirilib ki, növbəti həftədə qeyd ediləcək beynəlxalq tədbir “Arxivlərin hüquq və imkanlarının genişləndirilməsi” şüarı altında keçirilmiş 2020-ci il Beynəlxalq Arxivlər Həftəsinin məntiqi davamı olaraq “Arxivlərin hüquq və imkanlarının genişləndirilməsi: Hesabatlılıq və şəffaflıq; Əməkdaşlıq şəbəkələrinin yaradılması; Müxtəliflik və inkluzivlik” şüarı altında qeyd ediləcək.

    Sözügedən şüar altında 5 gün müddətində keçiriləcək tədbirlər sırasına 40 mühazirəçinin çıxış edəcəyi 12 vebinar daxildir. Vebinarlar "Hesabatlılıq və şəffaflığın təmin edilməsində arxivlərin rolu", "Arxiv sənədlərinin rəqəmsallaşmasında, həmçinin arxiv işinin avtomatlaşdırılmasında dünya arxivlərinin təcrübəsi və arxivlərin bu istiqamətdə işinin daha da təkmilləşdirilməsi yolları", "Süni intellektin arxiv işində tətbiqi və s. mövzular üzrə təşkil ediləcək.

    Vebinarlar ingilis, fransız və ispan dillərində aparılacaq.