Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Respublika Gənclər Kitabxanası “Zirvələrə ucalan Azərbaycanım” adlı tədbir təşkil edib

    C. Cabbarlı adına Respublika Gənclər Kitabxanası, AMEA-nın Elm Tarixi İnstitutunun Elmşünaslıq və elmin sosial problemləri şöbəsi və “Elin səsi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Zoom” proqramı üzərindən “Zirvələrə ucalan Azərbaycanım” adlı tədbir təşkil edilib.

    Kitabxanadan bildirilib ki, tədbirdə qonaqlarla yanaşı, ali təhsil ocaqlarının tələbələri, kitabxananın onlayn tədbirlərinin izləyiciləri və kitabxana əməkdaşları iştirak ediblər.

    Tədbirdə kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva 1918-ci il may ayının 28-də Məmməd Əmin Rəsulzadənin başçılığı altında yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə nəzər salaraq, onun İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi, dünyəvi dövlət nümunəsi olmasından danışıb.

    Kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil olmasını qeyd edərək, öz üzərinə götürdüyü çətin vəzifələri şərəflə yerinə yetirdiyini qeyd edib. XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycanın öz suverenliyini qoruyub saxlamağı bacarmasından danışıb.

    AMEA-nın Elm Tarixi İnstitutunun elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, “Milli Mənəvi Dəyərlərimizə Dəstək” ictimai birliyinin sədri, tədqiqatçı alim Elvin Talışınski böyük inamla bir gün tarixi torpaqlarımızın qaytarılacağını, Azərbaycanımızın daha da möhkəmlənəcəyini vurğulayaraq, Azərbaycanın milli-mənəvi dəyərləri, elmi cəmiyyətlərin fəaliyyətləri mövzusundan bəhs edib.

    Azərbaycan Milli Elmlər Akademiyası Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun Azərbaycanın orta əsrlər tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şahlar Şərifov çıxışının əvvəlində 28 may tarixinin hər bir Azərbaycan vətəndaşının hafizəsində və qəlbində böyük qürur hissi ilə xatırlandığı bir gün olduğunu qeyd edib. O, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə milli dövlət quruculuğumuzun bərpa olunması, Azərbaycan Milli Ordusunun əsasının qoyulması, himnimizin, gerbimizin təyin olunması, milli valyutanın dövriyyəyə buraxılması mövzusunda danışıb.

    Bakı Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Kazımi çıxışında “Bizim çox zəngin və böyük tariximiz var. Yalnız güclü və inamlı liderin rəhbərliyi altında idarə olunan ölkə bu cür güclü ola bilər” fikrini səsləndirməklə, Azərbaycan xalqının çox güclü və inamlı liderinin olmasını vurğulayıb. Sonradan Pərviz Kazımi çıxışında Azərbaycanda əlifba islahatı mövzusuna da toxunub.

    Bundan əlavə Respublika Gənclər Kitabxanası 28 may-Respublika Günü münasibətilə maraqlı videomateriallar da hazırlayıb.

  • Özbəkistan portalında Şuşa şəhəri haqqında məqalə yerləşdirilib

    Özbəkistanın “ishonch.uz” portalı qədim Şuşa haqqında özbək dilində məqalə yayıb.

    Materialda Şuşanın tarixi, məhəllələri, küçələri, bulaqları haqqında məlumat verilir.

    Bildirilir ki, Şuşa şəhəri Qarabağda orta əsr Azərbaycan mədəniyyətinin beşiklərindən biri olub. Bu şəhər əvvəllər Pənahabad, sonra Qala, daha sonralar isə Şuşa qalası adlanıb. XVIII əsrin 50-ci illərində Şuşa şəhəri Qarabağ xanlığının paytaxtı olub, Şuşada hətta “panabadi” adlanan pul da kəsilib.

    Qeyd edilir ki, Şuşada 17 məhəllə olub, hər məhəllənin də öz adı...

    Şuşada yaşayan böyük şair Molla Pənah Vaqif “Saatlı” məhəlləsi salıb, orada məktəb açıb və həmin məktəbdə uşaqlara dərs deyib. Məqalədə bu qədim şəhərin 1992-ci il mayın 8-də Ermənistan tərəfindən işğal olunduğu bildirilir.

    Yazıda vurğulanır ki, Şuşa 28 ildən sonra 44 günlük Vətən müharibəsi nəticəsində ötən il noyabrın 8-də işğaldan azad edildikdən sonra Azərbaycan Prezidenti İlham Əliyev bu qədim şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edib. Şuşada geniş quruculuq işlərinə başlanıb, şəhərin tarixi görkəmi bərpa edilir, qədim Şuşanın yeni tarixi yazılır.

    Məqalə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap olunub.

  • Dövlət Kino-Foto Sənədləri Arxivinə 260 saxlama vahidi foto və kinosənəd təhvil verilib

    Daxili İşlər Nazirliyi tərəfindən 18 saxlama vahidi kinosənəd və 242 saxlama vahidi fotosənəd Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.

    Milli Arxiv İdarəsindən bildirilib ki, nazirliyin mətbuat xidməti tərəfindən daimi saxlanılmaq məqsədilə təqdim edilən tarixi əhəmiyyətli kino və fotosənədlər 2020 – 2021 – ci illərdə daxili işlər orqanlarının fəaliyyətini, beynəlxalq əlaqələrini, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Daxili Qoşunların yaranması günündə istifadəyə verilən yeni hərbi hissələrin açılışında iştirakını, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun yeni inşa edilmiş rayon, şəhər polis idarələrinin yeni inzibati binalarının açılışında iştirakını, Polis Akademiyasında tədrisin təşkili, tədris ilinin buraxılışlarına həsr olunmuş təntənəli mərasimləri və s. mövzuları özündə əks etdirir.

    Hazırda sözügedən sənədlərin qanunvericiliyin tələblərinə uyğun qeydiyyatı və arxiv fonduna qəbulu prosesi aparılır.

  • “Nizamidən Yunusa: bir olmaq” mövzusunda videokonfrans keçirildi
    Məlum olduğu kimi, 2021-ci il Türk dünyasının bir neçə dahi şair və mütəfəkkirlərinin əlamətdar ildönümləri yadda qalacaq. Bu ilə dünya poeziyasının günəşi hesab edilən Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə Prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunub. Eyni zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı sənədə əsasən, Yunus Əmrənin vəfatının 700 illiyi münasibətilə qardaş ölkədə “Bizim Yunus İli” və türkcənin dünya dili kimi təbliğ edilməsi ili elan edilib. Hər iki əlamətdar mədəni hadisə münasibətilə müxtəlif ölkələrdə çeşidli tədbirlər keçirilir. Belə tədbirlərdən biri də mayın 25-də Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə gerçəkləşdi. “Nizamidən Yunusa: bir olmaq” mövzusunda keçirilən videokonfransda Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov, Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy və iki ölkənin tanınmış elm adamları iştirak edirdi. Konfransı açıq elan edən Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıç bildirdi ki, bu il mayın 7-də Bakıdakı Beynəlxalq Muğam Mərkəzində “Nizamidən Yunusa. Birlik ilə baxmaq” adlı tamaşa təqdim edilib. Bugünkü konfransda bu iki dahinin bəşəri ideyaları yenidən diqqət mərkəzinə çəkiləcək. Yunus Əmrə İnstitutunun (Türkiyə) rəhbəri, professor Şərəf Atəş çıxış edərək konfransı ortaq mədəni mirasımız olan şairlərimizin təbliği baxımından əlamətdar hadisə kimi dəyərləndirdi: “İnsanlığı sevmək, bəşəri ideyaları təbliğ etmək türk coğrafiyası alimləri üçün, mütəfəkkirlərinin hər zaman ilkin mövzusu olmuşdur. Azərbaycan adının özündə belə can sözü keçir və dolayısı ilə bu bizim dünyaya anlada biləcəyimiz önəmli bir dəyərdir. Yunus Əmrə və Nizami Gəncəvi bənzərsiz əsərləri və ideyaları ilə yaşadıqları dövrü adlayaraq böyük şair olduqlarını bir daha sübut ediblər. Nizami “Xəmsə”si ilə dünya ədəbiyyatına yeni bir səs gətirən şairdir. Hər iki mütəfəkkir bizim ortaq mirasımızdır”. “Yunus Əmrə Nizaminin mənəvi varisidir...” Konfransda çıxış edən Azərbaycanın mədəniyyət naziri Anar Kərimov iştirakçıları salamlayaraq mötəbər bir konfransın təşkilinə görə Bakı Yunus Əmrə İnstitutuna təşəkkürünü bildirdi. Türk xalqlarının mədəni birliyi və siyasi həmrəyliyi ideyasının böyük tərəfdarı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fikirlərini xatırladan nazir dedi ki, Nizami Gəncəvi və Yunis Əmrə kimi dahi söz-sənət adamlarının həyat və fəaliyyəti təsdiq edir ki, bu birlik təkcə siyasi, hərbi, iqtisadi deyil, mədəni sahədə də çoxəsrlik tarixə malikdir: “Xalqlarımız kimi şairlərimiz, şeirimiz, ümumən mədəniyyətlərimizin də taleyi bir-biri ilə qırılmaz tellərlə bağlıdır və çağımızda bu bağlılıq uğurlu gələcəyimizin əsasında dayanır. Nizami Gəncəvi və Yunis Əmrə yaradıcılığı təkcə ədəbi-bədii fakt olmayıb, həm də milli şüurun formalaşmasında bəlli bir mərhələnin göstəricisidir. Osmanlı dövləti Səlcuqlu dövlətinin varisi olduğu kimi, Yunus Əmrə də, əslində, Nizaminin mənəvi varisi idi”.  Nazir qeyd etdi ki, milli müəyyənliyin əsas göstəricilərindən biri dildir. Nizami dövrün ənənəsinə uyğun olaraq öz hikmətlər xəzinəsi olan “Xəmsə” və lirik şeirlərini fars dilində, Azərbaycan şairindən bir qədər sonra yaşamış Yunus Əmrə isə türk dilində yazsa da, türkçülük ruhu onların hər ikisinin bədii düşüncəsindən qızıl xətlə keçir: “Nizaminin tanınmış tədqiqatçılarından Yevgeni Bertelsin dili ilə desək, o, türkcə düşünüb, farsca yazırdı və məhz bu daxili dil amili onu türkcə yazıb-yaradan Yunus Əmrə ilə analoji düşüncə məkanına gətirirdi”. Nizami Gəncəvi və Yunus Əmrənin timsalında Azərbaycan-Türkiyə qardaşlığını önə çəkən Anar Kərimov bu ilin mart ayında Türkiyəyə rəsmi səfərində də bu qardaşlığın bir daha şahidi olduqlarını diqqətə çatdırdı: “Hörmətli mədəniyyət və turizm nazirinə qonaqpərvərliyə görə bir daha təşəkkürümü bildirirəm. İnanıram ki, bu konfrans, eləcə də bəlli istiqamətdə ilin sonuna qədər həyata keçiriləcək layihələr xalqlarımızın tarixi-mədəni birliyinin təsdiqi və möhtəşəm nümayişinə çevriləcək. Diqqətinizə görə hər birinizə minnətdarlığımı bildirir, konfransın işinə uğurlar diləyirəm”. “Nizami insanların könül memarıdır” Türkiyə Cümhuriyyətinin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Türk dünyası ədəbiyyatının dəyərli təmsilçilərinə həsr edilən konfransa qatıldığına görə məmnunluğunu ifadə etdi. Dedi ki, bu əlamətdar il bizi bizə anlatmaq üçün bir fürsət yaradıb. Bu konfrans həmin fürsəti dəyərləndirmək üçün atılan addımlardan biridir: “Bu gün geriyə baxsaq, türk dövlətlərinin idarəsi altında olan torpaqların genişliyi qədər mədəniyyətimizin izinin genişliyini də görə bilərik. Çünki biz millət olaraq hər zaman əxlaq, ədalət və firavanlıq kimi ənənələrimizi yaşatmışıq. Bizə elmi ilə, sənəti ilə bunun qapısını açanlar isə heç bir zaman unudulmayacaq qədər dərin fəlsəfi anlama malik mütəfəkkirlərdir. Onları yaşatmaq, təbliğ etmək və gələcək nəsillərə çatdırmaq məsuliyyətini hər birimiz vətəndaş olaraq daşıyırıq. Nizami insanların qəlbinə yol tapmış bir könül memarıdır. Bu gün, təəssüf ki, dünyanın hər yerində insanların qəlbinə kölgə salmaqda olan bir qaranlıq var. Nifrətdən, kindən bəslənən bir qaranlıq. Yunusda və Nizamidə əks etdirilən mədəniyyətimiz bu xəstəliyə daha əsrlər öncə qalib gələ bildi. Bizim ümumbəşəri hisslər aşılayan və sülhə səsləyən mədəniyyətimiz var. Sonda isə Azərbaycanın Mədəniyyət Nazirliyinə konfransa dəstəklərinə görə təşəkkürümü bildirirəm”. *** Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxışında dedi ki, Nizami və Yunus Əmrəyə həsr edilən illərin iki xalq olaraq bir arada qeyd edilməsi əlamətdar tarixdir. AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli Yunus Əmrə və Nizamini Türk dünyasının ortaq fəxrləri adlandırdı. Vurğuladı ki, Avropa Balzak, Şekspir, Homerlə fəxr etdiyi kimi, Türk dünyası da Nizami və Yunus Əmrə ilə fəxr edir. Türkiyəli ədəbiyyatşünas Mustafa Özçelik bildirdi ki, hər iki şairin ədəbi irsi insanları cəhalətdən elmə çağırır. Videokonfransın sonunda Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıç iştirakçılara öz təşəkkürünü bildirdi.
  • Almaz Ülvi “Qafur Qulam: Mən Şərqdənəm” adlı beynəlxalq konfransda iştirak edib

    Özbəkistanın Xalq şairi, tanınmış ədib və tərcüməçi, akademik Qafur Qulamın yaradıcılığına həsr edilmiş “Qafur Qulam: Mən Şərqdənəm” adlı beynəlxalq konfransda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova çıxış edib.

    Onlayn formatda keçirilən konfransın plenar iclasında alimin “Qafur Qulam və Azərbaycan” mövzusunda məruzəsi dinlənilib.

    Almaz Ülvi qeyd edib ki, Qafur Qulam XXI əsrdə də böyük şəxsiyyət və istedadlı şair kimi parlayacaq. Onun “Mən Şərqdənəm” adlı şeirindəki əzəmət, qürur milli iftixardan, milli hissiyyatdan doğur. Vətənə, xalqa məhəbbət onun yaradıcılığının əsasını təşkil edir. Qafur Qulamın əsərlərindən xeyli hissə Azərbaycan oxucusuna çatdırılıb. Xəlil Rza, Qabil, Qasım Qasımzadə, Məmməd Aslan, Səyavuş Sərxanlı, Əhəd Muxtar, Müzəffər Şükür və başqaları şairin şeirlərini ana dilimizə çeviriblər, müxtəlif mətbu orqanlarda, almanaxlarda dərc etdiriblər. Tərcümə olunan şeirlər Azərbaycanla bağlı yazılmış poeziya nümunələridir. Qafur Qulamın “Bir-birinə şagird, bir-birinə ustad”, “Səməd Vurğuna”, “Azərbaycanlı pambıqçı qardaşlara”, “Xəzər”... adlı şeirlərində Azərbaycana olan məhəbbəti səmimidir, uludur. Qafur Qulam özbək ədəbiyyatının Səməd Vurğunu kimi şöhrət qazanıb.

    Daha sonra digər məruzələr dinlənilib.

  • Özbəkistanın “Turan” kitabxanasında Azərbaycan fondu təşkil olunacaq

    Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov bu ölkənin qədim və böyük kitabxanalarından olan “Turan” İnformasiya Kitabxana Mərkəzinin direktoru Dildora Abduazizova ilə görüşüb.

    D.Abduazizova 2018-ci ildə mərkəzin 100 illiyinin geniş qeyd olunduğunu və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin göstərişi ilə ötən il Daşkəndin mərkəzi hissəsində kitabxana üçün müasir bina istifadəyə verildiyini bildirib. O, "Turan" kitabxanasında müasir informasiya texnologiyaları tətbiq olunduğunu, oxu zalında xüsusi avtomatlaşdırılmış sistemin oxucuların istifadəsinə verildiyini qeyd edib. D.Abduazizova qardaş ölkə olan Azərbaycanla münasibətlərə xüsusi önəm verildiyini, Mədəniyyət Mərkəzi ilə imzalanan memoranduma uyğun olaraq “Turan” kitabxanasında Qarabağ guşəsinin yaradıldığını deyib. O, Azərbaycan kitabxanaları ilə əlaqələrin qurulmasının və gələcəkdə bu istiqamətdə yeni-yeni layihələrin həyata keçirilməsinin əhəmiyyətindən danışıb.

    Samir Abbasov Azərbaycanla Özbəkistan arasında dostluq və əməkdaşlığın yüksək səviyyədə olduğunu, dövlət başçılarının qarşılıqlı səfərlərinin bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də əməkdaşlığın inkişafında yeni imkanlar açdığını qeyd edib. O, bu il Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunması, Özbəkistanda Əlişir Nəvainin 580 illik yubileyi ilə əlaqədar hər iki şairin yaradıcılığına dair birgə konfransın, Xivə şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı”, Şuşa şəhərinin isə Azərbaycanın mədəniyyət paytaxtı elan olunması ilə əlaqədar tədbirlərin keçirilməsi təklifi ilə çıxış edib. O, “Turan” İnformasiya Kitabxana Mərkəzi ilə Azərbaycanın Şuşa şəhəri Mərkəzi Kitabxanası arasında “qardaşlaşmış müəssisələr” müqaviləsinin imzalanması və kitabxanalar arasında birbaşa əlaqənin yaradılması, gələcəkdə qarşılıqlı səfərlərin həyata keçirilməsi təklifini irəli sürüb. Ötən il Vətən müharibəsi nəticəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etdiyini bildirib, bu ərazilərdə bütün infrastrukturun, o cümlədən kitabxanaların Ermənistan ordusu tərəfindən tamamilə dağıdıldığını qeyd edib. Direktor hazırda bu ərazilərdə Azərbaycanın geniş quruculuq və bərpa işləri keçirdiyini vurğulayıb.

    S.Abbasov bu il Azərbaycanda “Molla Nəsrəddin” jurnalının 115 ilik yubileyinin qeyd olunduğunu və bu nəşrin Mərkəzi Asiya xalqlarının maariflənməsi, mədəni həyatındakı rolunu nəzərə alaraq “Turan” kitabxanasında “Molla Nəsrəddin” jurnalının maarifçilik və milli mətbuatımızın inkişafındakı rolu” adlı birgə beynəlxalq tədbirin keçirilməsini təklif edib. O, Türk Şurası ölkələri kitabxanaları arasında əlaqələrin daha da genişlənməsi, informasiya mübadiləsinin həyata keçirilməsi haqqında fikirlərini bölüşüb.

    Sonra S.Abbasov “Turan” kitabxanasındakı müasir oxu zalı, nadir nəşrlər fondu, ənənəvi çap nəşrlərinin elektron varianta çevrilməsi üçün yaradılan Resurs Mərkəzi, “Abdulla Qədiri – repressiya ədəbiyyatı muzeyi” ilə tanış olub.

  • Dövlət Film Fonduna yeni artefaktlar daxil olub

    Azərbaycan Dövlət Film Fonduna daxil olmuş yeni artefaktlar milli filmlərimizin afişalarından ibarətdir. Yeni afişalar indiyə qədər Film Fondunda mövcud olmamış və Əməkdar incəsənət xadimi Yusif Şeyxovun şəxsi arxivindən hədiyyə edilib.

    Dövlət Film Fondundan bildirilib ki, sözügedən afişaları arasında “Bakılılar”(1938), “Kölgələr sürünür”(1958), “Alma almaya bənzər”(1975), “Bir cənub şəhərində”(1969), “Bakıda küləklər əsir”(1974), “Qərib cinlər diyarında”(1977), “Arxadan vurulan zərbə”(1977), “Qızıl uçurum”(1980), “1001-ci qastrol”(1974), “Od içində”(1978) və sair 30- a yaxın milli filmlərimizə çəkilmiş kino plakatları yer alıb.

  • Quba xalçaçılıq ənənələrinin yarandığı və inkişaf etdiyi bölgələrdəndir

    “Azərxalça” ASC tərəfindən təşkil olunan mediaturun növbəti ünvanı Quba filialı olub.

    “Azərxalça” ASC-nin ilk filiallarından olan Qubadakı xalça istehsalı emalatxanası 2017-ci il dekabrın 7-də Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib.

    Quba qədim ticarət yollarının, o cümlədən Böyük İpək Yolunun kəsişməsində yerləşdiyi üçün tarixboyu ticarət və sənətkarlıq mərkəzi olub. Etnoqrafik cəhətdən çox zəngin olan Quba xalçaçılıq ənənələrinin də yarandığı və inkişaf etdiyi bölgələrdəndir. Burada ayrı-ayrı kəndlərdə xalçaçılıq sənəti uğurla davam etdirilərək nəsildən-nəslə ötürülüb. Zərif və parlaq yunlu, yüksək sıxlığı olan, orijinal bədii tərtibatlı xovlu və xovsuz xalçalar yerli əhalinin məişət həyatının ayrılmaz hissəsinə çevrilib. Tarixən dünya alimlərinin, səyyahların diqqətini cəlb etmiş Quba xalçaları sarayların, şəxsi kolleksiyaların, məşhur muzeylərin bəzəyi olub. Quba bölgəsində toxunan xalçaların üzərində öz əksini tapan müxtəlif formalı butalar, damğalar, gül, ağac, quş, əjdaha, nəzərlik, ulduz, ox kimi elementlər yerli əhalinin dünyagörüşünün, inanclarının təzahürü, bu yurdun tarixi keçmişinin yadigarıdır. Azərbaycan xalçalarının bütün qrupları üçün səciyyəvi olan ağ, qara, qırmızı, sürməyi, sarı, mavi, yaşıl və s. kimi rənglərin Quba qrupu xalçalarında yaratdığı rəng ahəngi xalça və xalça məmulatlarına təkrarsız gözəllik bəxş edir.

    Filialının direktoru Nəzakət Novruzova emalatxananın fəaliyyəti ilə bağlı məlumat verib.

    Bildirilib ki, filialda 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin fəaliyyəti üçün müasir iş şəraiti yaradılıb. Xalça istehsalı emalatxanası zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə, çeşnilərlə təmin edilib. Burada əsasən Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının kəndlərinə xas olan tarixi və orijinal çeşnilər əsasında xalçaların toxunmasına üstünlük verilir. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikanın ayrı-ayrı bölgələrindən toplanılan qədim xalçalar əsasında "Azərxalça"nın rəssamları tərəfindən hazırlanıb. Fəaliyyət göstərdiyi dövrdə Quba filialında qədim zamanlardan bu ərazidə yaradılmış Zeyvə, Pirəbədil, Qonaqkənd, Zeyxur, Çiçi, Qaraqaşlı, Şahnəzərli və başqa tarixi çeşnilər əsasında xalçalar toxunub.

    N.Novruzova deyib ki, istehsal emalatxanası öz fəaliyyətini günü-gündən genişləndirir. Filialda peşəkar toxucular tərəfindən keyfiyyətli xalçalar toxunur. Toxucular işə həvəslə, maraqla yanaşırlar. Hər kəs daha tez və daha yaxşı xalça toxumaq üçün çalışır, öz işinə yaradıcı yanaşır. "Azərxalça"nın digər filialları kimi, Qubada da çalışanların əksəriyyəti gənclərdir. Təcrübəli toxucular tərəfindən onlara xalçaçılıq sənəti öyrədilir.

    Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

  • Heydər Əliyev Fondunun dəstəyi ilə Pekində “Nizami Gəncəvi – bütün bəşəriyyətin şairi” adlı tədbir keçirilib

    Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki katibliyində “Nizami Gəncəvi – bütün bəşəriyyətin şairi” adlı tədbir keçirilib.

    “Nizami Gəncəvi İli” çərçivəsində Heydər Əliyev Fondunun, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) və Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huy, bir neçə ölkənin Pekindəki səfiri, diplomatik korpusun təmsilçiləri, Çin ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

    Əvvəlcə Heydər Əliyev Fondunun Şanxay Əməkdaşlıq Təşkilatının katibliyinin binasında daimi nümayiş olunmaq üçün hədiyyə etdiyi Nizami Gəncəvinin büstünün təqdimatı olub. Bu, ŞƏT-in katibliyində Çin mütəfəkkiri Konfutsidən sonra nümayiş olunan 2-ci büstdür.

    Qonaqlar dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinə çəkilmiş və dünyanın tanınmış muzeylərində nümayiş olunan illüstrasiyaların, habelə dahi şarinin poemalarındakı hadisələri əks etdirən xalçaların sərgisi ilə tanış olublar.

    Tədbirdə çıxış edən Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Vladimir Norov dahi Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə”sinin təkcə Şərqin deyil, bütünlükdə dünya ədəbiyyatının inkişafına böyük töhfə verdiyini bildirib. O, Şərq intibahının banisi hesab edilən Nizami Gəncəvinin yaradıcılığının ölməz və bəşəri olduğunu, məhz Nizaminin yaradıcılığı ilə Şərq poeziyasının başladığını vurğulayıb. Qeyd edib ki, ali ideyalara, bəşəri dəyərlərə, haqq-ədalətə xidmət edən Nizami Gəncəvi təkcə yaradıcılığı ilə deyil, həyat tərzi ilə də nümunəvi bir insan olub, heç vaxt doğma Gəncəni tərk etməyən şair böyük bir vətənpərvərlik nümayiş etdirib. Nizami Gəncəvi mənəvi zənginliyi hər şeydən üstün tutub.

    ŞƏT-in Baş katibi bir çox şairinin dahi Nizami Gəncəvinin ədəbiyyatda açdığı yolu ilə getdiyini, onun əsərlərinin təsiri altında yazıb-yaratdıqlarını deyib.

    Vladimir Norov 2004-cü ildə Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin təntənəli açılış mərasimini xatırlayıb. O, ŞƏT-in katibliyində dahi Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümünə həsr olunan tədbirin keçirilməsinə verdiyi dəstəyə və Nizami Gəncəvinin büstünü hədiyyə etdiyinə görə Heydər Əliyev Fonduna və Azərbaycan səfirliyinə təşəkkür edib. Əmin olduğunu bildirib ki, ədibin büstü onun tərənnüm etdiyi xeyirxahlıq, mərhəmət və digər yüksək insani dəyərlər kimi ŞƏT-in katibliyində çalışanları da ilhamlandıracaq.

    Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı bildirib ki, dünya ədəbiyyatının parlaq nümayəndəsi olan Nizami Gəncəvi özünü ölməz, bənzərsiz yaradıcılığını ülvi hisslərin, humanizm, xeyirxahlıq, ədalət kimi nəcib keyfiyyətlərin tərənnümünə həsr edib. Mübaliğəsiz demək olar ki, Nizami dünyanın ən böyük şairləri ilə bir sırada durur və onun əsərləri bizim üçün və gələcək nəsillər üçün daim ilham mənbəyi olacaq.

    Səfir Ə.Zeynallı bildirib ki, Nizami Gəncəvi öz ədəbi irsi ilə bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açan nadir şəxsiyyətlərdəndir. Əsərlərində müxtəlif xalqların həyatını təsvir edən Nizami Gəncəvinin ölməz “Xəmsə”si multikultural dəyərləri, elmi, sülh və tərəqqini təbliğ edib. Bu ideyalar Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətində də əksini tapır.

    Əkrəm Zeynallı Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasının fəaliyyətinin əsas istiqamətlərindən biri olan Heydər Əliyev Fondunun dahi şair Nizami Gəncəvinin irsinin təbliğinə də böyük diqqət ayırdığını vurğulayıb. Bu istiqamətdə şairin əsərləri bir neçə dilə tərcümə olunub, Paris, Strasburq, Roma, London, Moskva və başqa şəhərlərdə sərgi və təqdimatlar keçirilib.

    Səfir Əkrəm Zeynallı Nizami Gəncəvinin Pekinin Çaoyan parkındakı büstünün müəllifi, heykəltəraş-rəssam Yüen Sikunun Prezident İlham Əliyev tərəfindən Azərbaycan ilə Çin arasında mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edildiyini diqqətə çatdırıb, ordeni və onun vəsiqəsini Yüen Sikuna təqdim edib.

    Nizami Gəncəvinin bütün bəşəriyyətə xidmət etdiyini, ədibin fikirlərinin insanlara mənəvi qida olduğunu bildirən Yüen Sikun “Nizami Gəncəvi İli”ndə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Dostluq” ordeninə layiq görülməsindən qürur duyduğunu deyib və dövlətimizin başçısına bu yüksək mükafata görə təşəkkür edib. O, bundan sonra da iki ölkə arasındakı mədəni mübadiləyə töhfə vermək üçün əlindən gələni edəcəyini bildirib.

    Yüen Sikun Nizami Gəncəvinin Pekinin ən iri parklarından olan Çaoyanda qoyulmuş büstünü Azərbaycan ilə Çin arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümününün qeyd olunduğu 2012-ci ildə hazırlayıb.

    Sonra tədbirdə dahi şairin yaradıcılığına həsr olunan film nümayiş olunub, Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili ixtisası üzrə tələbələri Nizami Gəncəvinin əsərlərindən parçaları Azərbaycan və Çin dillərində oxuyublar.

    Çin Mərkəzi Musiqi Konservatoriyasının nəzdində fəaliyyət göstərən “Amber” kvartetinin ifasında Üzeyir Hacibəylinin, Qara Qarayevin, Fikrət Əmirovun və Tofiq Quliyevin əsərləri səslənib.

    Mərasim iştirakçılarına Heydər Əliyev Fondunun Azərbaycanın mədəni irsinə aid nəşrləri, o cümlədən Nizami Gəncəvinin əsərləri daxil edilən kitablar, bukletlər, CD-lər təqdim olunub.

    Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın iştirakı ilə yaradılan dövlətlərarası beynəlxalq təşkilatdır. 2017-ci ildə Hindistan və Pakistan ŞƏT-ə tamhüquqlu üzv qəbul edilib. Azərbaycan dünya əhalisinin təxminən yarısını, dünya üzrə ümumi daxili məhsulun (ÜDM) dördə birini, Avrasiya ərazisinin 80 faizini əhatə edən Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrə və əməkdaşlığa böyük əhəmiyyət verir. Ölkəmiz təşkilatda “Dialoq üzrə tərəfdaş” statusu ilə təmsil olunur.

  • “Azərbaycan-Türkiyə Gönül Elçiləri” layihəsinə start verilib

    Avrasiya İqtisadi Əlaqələr Birliyinin, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi, Həsən bəy Zərdabi İrs Mərkəzi və “Odlar Yurdu” Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə mayın 24-dən “Azərbaycan-Türkiyə Gönül Elçiləri” layihəsi start götürüb.

    Qonaqlar əvvəlcə Fəxri xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.

    Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva, Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər, tanınmış publisist, pedaqoq və təbiətşünas alim Həsən bəy Zərdabinin məzarı üzərinə də gül dəstələri düzülüb, xatirələri ehtiramla yad edilib.

    Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri qoyublar. Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış Türk şəhidliyi abidəsi də ziyarət olunaraq, önünə tər çiçəklər düzülüb.

    Layihənin əsas məqsədi Azərbaycan-Türkiyə arasındakı sosial, ictimai, iqtisadi sahələrdə əməkdaşlıq əlaqələrinin güclənməsinə, səmərəli iş birliklərinin yaradılmasına töhfə verməkdir. Layihə, həmçinin iki ölkə arasında vətəndaş cəmiyyəti və mətbuat nümayəndələri, ictimai, siyasi xadimlər, ziyalılar, eyni zamanda, kiçik və orta sahibkarlıq fərdlərinin bir-biri ilə geniş əlaqələrinin təşkilinə xidmət edir.

    “Azərbaycan-Türkiyə Gönül Elçiləri” layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan Avrasiya İqtisadi Əlaqələr Birliyinin İdarə Heyətinin sədri Hikmet Eren və rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda işgüzar görüşlər keçirəcək, deputatlar, ictimai xadimlər, media nümayəndələri və sahibkarlarla görüşəcəklər. Daha sonra Zərdab rayonuna, Ağdam və Gəncə şəhərlərinə də səfər edəcəklər. Səfər zamanı 44 günlük Vətən müharibəsindən zərər görmüş əhali ilə, yerli icra orqanları, deputatlar ilə görüşlərin keçirilməsi də planlaşdırılır.

    Qeyd edək ki, “Azərbaycan-Türkiyə Gönül Elçiləri” layihəsinin davamlı və uzunmüddətli həyata keçirilməsi nəzərdə tutulub.

    Xatırladaq ki, Həsən bəy Zərdabi İrs Mərkəzinin həmtəsisçiləri – deputat, Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, iqtisadçı alim, Həsən bəy Zərdabi irsinin nümayəndəsi Nüsrət Məlikov, gənc ictimai fəal Seymur Bayramov Avrasiya İqtisadi Əlaqələr Birliyinin İdarə Heyətinin sədri Hikmet Eren və rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin gələcək inkişafına xidmət etmək məqsədilə imzalanmış ikitərəfli əməkdaşlıq memorandumu çərçivəsində görüləcək işlər və reallaşdırılacaq layihələr geniş müzakirə olunub. Bu əməkdaşlıq artıq bir ildir ki, davam edir.

    Qeyd edək ki, “EkoAvrasya” beynəlxalq təşkilatı da Həsən bəy Zərdabi irsinin Türkiyə ictimaiyyətində təbliği istiqamətində uğurlu fəaliyyətlərini davam etdirir. Uğurlu əməkdaşlığa Zərdab rayonunun Türkiyə Respublikasının şəhərlərindən biri ilə qardaşlaşması, o cümlədən Türkiyədə Zərdabi adını daşıyan parkın salınması kimi layihələr daxildir.